FƏSİL 12
İmanı möhkəmləndirmək üçün yaxşı söz söylə
«Qoy dilinizdən heç bir pis söz çıxmasın, ancaq... imanı möhkəmləndirmək üçün yaxşı söz söyləyin» (EFESLİLƏRƏ 4:29).
1—3. a) Yehova insana hansı bəxşişi verib və bəzən ondan necə istifadə edilir? b) Allahın məhəbbətini itirməmək üçün nitq bəxşişindən necə istifadə etmək lazımdır?
TƏSƏVVÜR ET Kİ, çox istədiyin bir adama hədiyyə vermisən. O, hədiyyədən pis istifadə etsəydi, sən buna necə baxardın? Tutalım, sən ona maşın bağışlamısan və bir də xəbər tutursan ki, o, maşını necə gəldi sürür, başqalarına xəsarət yetirir. Məgər buna görə məyus olmazdın?
2 Nitq qabiliyyəti «hər bir gözəl pay və hər bir kamil nemət» verən Yehova Allahın bizə hədiyyəsidir (Yaqub 1:17). İnsanı heyvandan fərqləndirən bu hədiyyənin sayəsində biz həm fikirlərimizi, həm də hisslərimizi ifadə edə bilirik. Təəssüf ki, bəzən nitq bəxşişi də pis məqsədlə işlədilir. Dildən düzgün istifadə edilməyəndə, başqalarına qəlb yarası vurulanda Yehova bərk kədərlənir.
3 Allahın məhəbbətini itirməmək üçün nitq bəxşişini Onun istədiyi kimi işlətməliyik. Müqəddəs Kitabda Yehovanın hansı danışığı xoşladığı aydın şəkildə bildirilir. «Qoy dilinizdən heç bir pis söz çıxmasın, ancaq zərurətə görə imanı möhkəmləndirmək üçün yaxşı söz söyləyin ki, sizi dinləyənlərə fayda gətirsin» (Efeslilərə 4:29). Gəl aşağıdakı sualları araşdıraq: danışığımıza nə üçün fikir verməliyik? Allah hansı danışığı bəyənmir? «İmanı möhkəmləndirmək üçün yaxşı söz»ləri necə söyləmək olar?
DANIŞIĞIMIZA NƏ ÜÇÜN FİKİR VERMƏLİYİK?
4, 5. Müqəddəs Kitab məsəllərində sözün güclü təsiri necə təsvir olunur?
4 Birinci səbəb: sözlər çox güclü təsirə malikdir. Məsəllər 15:4 ayəsində deyilir: «Sakit dil həyat ağacıdır, əyri sözlər ürək yaralar»a. Su ağacı canlandırdığı kimi, qəlbi ovunduran «sakit dil» də onu dinləyənlərə təravət gətirir. «Əyri sözlər» isə qəlbi sındırır. Doğrudan da, söz həm sağalda, həm də yaralaya bilər (Məsəllər 18:21).
5 Sözün qüvvəsi digər bir məsəldə belə təsvir olunur: «Düşünmədən deyilən söz qılınc zərbəsinə bənzər» (Məsəllər 12:18). Tələm-tələsik, düşünülmədən söylənilmiş söz ürəyi yaralamağa, münasibətləri korlamağa qadirdir. Yəqin sənin də başına gəlib: düşünmədən deyilən söz ürəyini xəncər kimi kəsib. Bu məsəlin ikinci hissəsində deyilir: «Hikmətli insanın dili isə məlhəmdir». İlahi hikmət təzahür etdirən insanın dilindən çıxan ölçülüb-biçilmiş sözlər yaralı ürəyə məlhəm vurur, korlanmış münasibətləri bərpa edir. Xoş sözlərin şəfaverici qüvvəsini öz üzərində yəqin ki, sən də hiss etmisən. (Məsəllər 16:24 ayəsini oxu.) Bəli, söz güclü təsirə malikdir. Buna görə də biz istəyirik ki, sözlərimiz insanları sağaltsın, heç vaxt yaralamasın.
Sakit dil insanı təravətləndirir
6. Nə üçün dili cilovlamaq əsil mübarizədir?
6 Biz nə qədər çalışsaq da, dilimizi tam cilovlaya bilməyəcəyik. Buradan ikinci səbəb doğur: günah və qeyri-kamillik bizi dilimizdən pis istifadə etməyə sövq edir. Söz ürəyin məhsuludur, insanın ürəyi isə ağlı kəsəndən pisliyə meyilli olur (Yaradılış 8:21; Luka 6:45). Bu səbəbdən dili yüyənləmək çox müşkül məsələdir. (Yaqub 3:2—4 ayələrini oxu.) Biz dilimizə mükəmməl şəkildə nəzarət edə bilməsək də, onu həmişə təkmilləşdirməyə çalışmalıyıq. Suyun axınına qarşı üzən üzgüçü bütün qüvvəsini toplayıb irəliyə hərəkət etdiyi kimi, biz də dilimizi cilovlamaq üçün qeyri-kamil təbiətimizlə mübarizə aparmalıyıq.
7, 8. Nitq bəxşişindən necə istifadə etməyimiz Yehovanın gözündə nə dərəcədə ciddidir?
7 Üçüncü səbəb: sözlərimizə görə Yehovanın önündə məsuliyyət daşıyırıq. Danışığımız yalnız insanlarla deyil, həmçinin Yehova ilə münasibətimizə də təsir edir. Yaqub 1:26 ayəsində deyilir: «Əgər kimsə dindar olduğunu düşünür, amma dilini cilovlamırsa, o, öz-özünü aldadır və onun dindarlığı boşdur»b. Keçən fəsildən gördüyümüz kimi, danışıq ibadətlə sıx bağlıdır. Əgər biz dilimizi yüyənləmiriksə, dilimizdən acı, zəhərli sözlər çıxırsa, müqəddəs xidmətlə bağlı gördüyümüz bütün işlər Allahın gözündə puç ola bilər. Bu, çox ciddi məsələdir (Yaqub 3:8—10).
8 Bəli, nitq bəxşişindən necə istifadə etdiyimizə fikir vermək üçün səbəb çoxdur. Gəl əvvəlcə məsihiyə yaraşmayan danışıq növlərini, sonra isə imanı möhkəmləndirən nitq növlərini müzakirə edək.
QƏLBİ YARALAYAN NİTQ
9, 10. a) Bu gün dünyada nə cür danışıq adi hala çevrilib? b) Nə üçün biz nalayiq danışığı rədd etməliyik? (Haşiyəyə də bax.)
9 Nalayiq danışıq. Bu gün insanlar üçün ədəbsiz söz demək, lənət yağdırmaq və digər nalayiq sözlər danışmaq adi haldır. Çoxları diqqət mərkəzində olmaq üçün və yaxud söz kasadlığı ucbatından bu cür danışırlar. Bəzi «gülüş ustaları» camaatı əyləndirmək üçün səhnədən şit, əxlaqsız zarafatlar edirlər. Amma nalayiq danışıqda gülməli heç nə yoxdur. Təxminən 2000 il bundan əvvəl həvari Bulus Allahdan ilham alaraq Kolos şəhərində yaşayan məsihilərə tövsiyə etmişdi ki, dillərinə «nalayiq sözlər» gətirməsinlər (Koloslulara 3:8). Bulus Efesdəki yığıncağa da yazmışdı ki, məsihilər ədəbsiz zarafatların adını belə, çəkməsinlər (Efeslilərə 5:3, 4).
10 Nalayiq danışıq Yehovada və Onu sevənlərdə ikrah oyadır. Doğrudan da, Yehovanı sevdiyimiz üçün biz nalayiq sözləri rədd edirik. Bulus günahlı bədənin əməllərini sadalayarkən «natəmizliyin» də adını çəkir. Buraya həmçinin ədəbsiz danışıq da daxildir (Qalatiyalılara 5:19—21). Bu, çox ciddi məsələdir. Dönə-dönə verilmiş məsləhətləri qulaqardına vuran və son dərəcə əxlaqsız, pozğun, təhqiramiz sözlər danışan məsihi yolundan dönüb tövbə etmirsə, yığıncaqdan xaric oluna bilərc.
11, 12. a) Adi söhbət nə vaxt qeybətə çevrilir? b) Yehovanın xidmətçiləri nəyə görə böhtanı rədd etməlidirlər?
11 Qeybət, böhtan. Kiminsə özü və yaşayışı barəsində danışmaq hamımıza xasdır. Burada pis bir şey varmı? Xeyr, əgər müsbət, faydalı bir məlumatla bölüşürüksə, məsələn, təzəcə vəftiz olunanlar və ya mənəvi dayağa ehtiyacı olanlar barəsində söhbət ediriksə, burada pis bir şey yoxdur. Birinci əsrdə yaşayan məsihilər bacı-qardaşlarının güzaranı ilə səmimi qəlbdən maraqlanır və münasib məlumatı bir-birinə söyləyirdilər (Efeslilərə 6:21, 22; Koloslulara 4:8, 9). Qeybət isə başqa şeydir. Qeybət zamanı məlumat təhrif edilir və ya kiminsə şəxsi həyatı ilə bağlı məsələlər ortalığa tökülür. Ən pisi isə qeybət böhtana gətirib çıxara bilər. Azərbaycan dilinin izahlı lüğətinə görə böhtan «birini ləkələmək üçün nahaqdan ona pis bir şey isnad etmə; iftira, şər» deməkdir. Böhtan həmişə zərərlidir. Məsələn, fərisilər İsanı hörmətdən salmaq və çirkin məqsədlərini həyata keçirmək üçün ona şər atırdılar (Mətta 9:32—34; 12:22—24). Böhtan çox vaxt dava-dalaşa səbəb olur (Məsəllər 26:20).
12 Yehova nitq bəxşişindən başqalarını gözdən salmaq, nifaq yaratmaq üçün istifadə edənlərə barmaqarası baxmır. O, «qardaşlar arasına nifaq salan kəs»lərə nifrət edir (Məsəllər 6:16—19). «Böhtançı» sözü yunanca diabolos kimi səslənir. Bu söz həm də Şeytanın titullarından biridir. Allaha böhtan atdığı üçün Şeytan «İblis» adlanır (Vəhy 12:9, 10). Əlbəttə, biz böhtanı rədd edirik, çünki İblisə bənzəmək istəmirik. Yığıncaqda «nifaq» və «parçalanma» kimi günahlı bədənin əməllərinə səbəb olan böhtana yer yoxdur (Qalatiyalılara 5:19—21). Ona görə də kiminsə barəsində danışmazdan əvvəl özündən soruş: «Bu məlumat doğrudur? Bu xəbəri danışmaqla, o adama qarşı xeyirxahlıq göstərirəm? Bu xəbəri kiməsə danışmaq nə dərəcədə vacib və münasibdir?» (1 Salonikililərə 4:11 ayəsini oxu.)
13, 14. a) Təhqiramiz danışıq insana necə təsir edir? b) Təhqiramiz danışan adam özünü hansı təhlükə qarşısına qoyur?
13 Təhqiramiz danışıq. Qeyd etdiyimiz kimi, söz insanın qəlbini yaralaya bilər. Düzdür, hərdən qeyri-kamillik ucbatından elə söz deyirik ki, sonra onun peşmançılığını çəkirik. Lakin Müqəddəs Kitabda xəbərdarlıq edilir ki, müəyyən danışığa məsihi evində və yığıncağında qətiyyən yol verilməməlidir. Bulus məsihilərə nəsihət edirdi: «Hər cür kini, hirsi, qəzəbi, qışqırığı, təhqiri... kənara qoyun» (Efeslilərə 4:31). Təhqiramiz danışıq, o cümlədən, söyüş, alçaldıcı sözlər, kobud və amansız tənqid insanın ləyaqətini tapdalayır, təhqirə məruz qalan insan özünü bivec, gərəksiz hiss edir. Təhqiramiz sözlər xüsusən uşaqların incə və saf qəlbinə güclü zərbə vurur (Koloslulara 3:21).
14 Müqəddəs Kitabda, təhqiramiz danışmaq, yəni alçaldan, mənliyi tapdalayan danışıq vərdişi son dərəcə ciddi mühakimə edilir. Bu cür danışan adam özünü böyük təhlükə qarşısında qoyur: kömək məqsədilə edilən cəhdlərə hay verməyəndə o, yığıncaqdan kənar edilə bilər. Əgər o, vərdişini tərgitməsə, Padşahlığın mükafatından da məhrum olacaq (1 Korinflilərə 5:11—13; 6:9, 10). Deməli, əgər biz nalayiq, təhrifedici, bədxah və xəncər kimi kəsən danışıq vərdişindən əl çəkmiriksə, heç bir vəchlə Allahın məhəbbətini qoruyub-saxlaya bilmərik.
«İMANI MÖHKƏMLƏNDİRMƏK ÜÇÜN YAXŞI SÖZ»
15. Necə danışıq imanı möhkəmləndirir?
15 Nitq bəxşişindən Yaradanın istədiyi kimi necə istifadə edə bilərik? Allahın Kəlamı bizi «imanı möhkəmləndirmək üçün yaxşı söz» söyləməyə təşviq edir (Efeslilərə 4:29). Bizim könül açan, insanı ruhlandıran və möhkəmlədən söhbətlərimiz Allahın xoşuna gəlir. Amma belə danışmaq üçün əvvəl yaxşıca düşünmək lazımdır. Müqəddəs Kitab danışıq qaydaları üzrə kitab deyil, orada «təmiz» sözlərin siyahısı verilmir (Titusa 2:8). «İmanı möhkəmləndirmək üçün yaxşı söz» söyləməkdən ötrü belə danışığı xarakterizə edən üç sadə, amma olduqca vacib amili yadda saxlamaq lazımdır: faydalı, doğru və xeyirxah. Bu amilləri nəzərə alaraq, imanı möhkəmləndirən nitqin bəzi nümunələrinə diqqət yetirək. («Danışığım başqalarını ruhlandırır?» adlı çərçivəyə bax.)
16, 17. a) Biz başqalarını nə üçün tərifləməliyik? b) Yığıncağın və ailəmizin üzvlərini necə tərifləyə bilərik?
16 Səmimi tərif. Həm Yehova, həm İsa tərifin və ruhlandırmağın zəruriliyini yaxşı bilirlər (Mətta 3:17; 25:19—23; Yəhya 1:47). Biz məsihilər də başqalarını səmimi-qəlbdən tərifləməliyik. Məsəllər 15:23 ayəsində deyilir: «Yerində deyilən söz nə gözəldir». Özündən soruş: «Kimsə məni səmimi-qəlbdən tərifləyəndə bu, mənə necə təsir edir? Məgər mən ruhlanmıram?» Doğrudan da, səmimi tərif göstərir ki, insan diqqətdən kənarda, nəvazişsiz qalmayıb və əbəs yerə çalışmır. Tərif insanın özünə inamını gücləndirir, onu gələcəkdə daha da həvəslə çalışmağa sövq edir. Təriflənmək sənə xoş olduğu kimi, sən də başqalarını təriflə. (Mətta 7:12 ayəsini oxu.)
17 Başqalarının yaxşı cəhətlərini görməyə çalış və sonra onları təriflə. Məsələn, qardaş yaxşı məruzə söylədi, gənc bir məsihi pillə-pillə ruhani məqsədlərinə doğru irəliləyir, yaşlı məsihi nə qədər çətin olsa da, yığıncaq görüşlərindən qalmır. Səmimi tərif onların ürəyini şad edir, ruhani cəhətdən möhkəmləndirir. Ailədə ər-arvad bir-birindən xoş sözlər və minnətdarlıq eşitməlidir (Məsəllər 31:10, 28). Uşaqlar da bilməlidirlər ki, onlar ailədə artıq deyillər, əksinə, valideynləri üçün çox qiymətlidirlər. Günəş və su bitkini canlandırdığı kimi, tərif və ruhlandırıcı sözlər də uşağa qol-qanad verir. Əziz atalar və analar, uşaqlarınızı təqdirəlayiq keyfiyyətləri və göstərdikləri səy üçün tərifləməyi unutmayın. Tərif uşaqlarda cəsarət, özünəinam yaradır və onları yaxşı işlərə daha da həvəsləndirir.
18, 19. Həmimanlılarımıza təsəlli vermək, onları ruhlandırmaq üçün nəyə görə əlimizdən gələni etməliyik və bunu necə edə bilərik?
18 Təsəlli. Yehova fağır və zülm çəkən insanlarla dərindən maraqlanır, onların qeydinə qalır (Əşiya 57:15). Onun Kəlamı bizi bir-birimizə təsəlli verməyə və qəmginlərə təskinlik verməyə çağırır (1 Salonikililərə 5:11, 14). Əmin ola bilərik ki, Allah kədərli bacı-qardaşlarımıza təsəlli vermək üçün göstərdiyimiz səyi görür və qiymətləndirir.
19 Bəs ruhdan düşmüş, kədərli həmimanlılarımızı hansı sözlərlə ruhlandıra bilərik? Elə düşünmə ki, sən onların problemlərini həll etməlisən. Çox vaxt sadə sözlərin köməyi daha güclü olur. Ruhdan düşmüş adamı əmin et ki, sən ona qarşı biganə deyilsən. Onunla birgə dua et. Duada xahiş et ki, bu həmimanlı Yehovanın və başqalarının onu nə qədər çox sevdiyini görə bilsin (Yaqub 5:14, 15). Onu yığıncağın lazımlı və dəyərli üzvü olduğuna əmin et (1 Korinflilərə 12:12—26). Müqəddəs Kitabdan Yehovanın şəxsən onun qayğısına qaldığını göstərən bir ayə oxu (Zəbur 34:18; Mətta 10:29—31). Kifayət qədər vaxt ayırıb ruhdan düşmüş adama ürəkdən «xoş söz» de. Bu, onu mütləq ruhlandıracaq, lazımlı və dəyərli adam olduğuna əmin edəcək. (Məsəllər 12:25 ayəsini oxu.)
20, 21. Hansı amillər məsləhəti təsirli edir?
20 Təsirli məsləhət. Qeyri-kamil olduğumuz üçün, hamımız vaxtaşırı məsləhətə ehtiyac duyuruq. Müqəddəs Kitab bizi səsləyir: «Məsləhətə qulaq as, tərbiyəni qəbul et, axırda hikmətli olarsan» (Məsəllər 19:20). Məsləhət vermək təkcə ağsaqqalların işi deyil. Valideynlər uşaqlara öyüd-nəsihət, məsləhət verir (Efeslilərə 6:4). Yetkin məsihi qadınlar gənc bacılara məsləhət verə bilərlər (Titusa 2:3—5). Biz də həmimanlılarımızı pərt etmədən onlara məhəbbətlə məsləhət vermək istəyirik. Belə məsləhəti necə vermək olar? Gəl bununla bağlı üç amili nəzərdən keçirək: məsləhət verənin münasibəti və niyyəti, məsləhət nəyə əsaslanmalıdır və məsləhətin verilmə tərzi. Məsləhətçi bu amilləri nəzərə alanda onun sözləri daha təsirli olur.
21 Məsləhətçi ilk növbədə özündən başlamalıdır. Özündən soruş: «Mən məsləhəti nə vaxt məmnuniyyətlə qəbul edirəm?» Biləndə ki, məsləhət verən adam sənin qeydinə qalır, öz ümidlərinin puça çıxdığına görə sənə məsləhət vermir, gizli motivi yoxdur, onda məsləhəti qəbul etmək daha asandır. Yaxşı əhval-ruhiyyə və düzgün niyyətlə məsləhət verməyə çalış. Yaxşı məsləhət həm də Allahın Kəlamına əsaslanmalıdır (2 Timutiyə 3:16). Verilən hər bir məsləhət birbaşa Müqəddəs Kitabdan oxuna və yaxud şifahi deyilə bilər, lakin o, Müqəddəs Yazılara əsaslanmalıdır. Buna görə də ağsaqqallar ehtiyatlı olmalıdırlar ki, öz fikirlərini zorla başqalarına qəbul etdirməsinlər. Onlar Müqəddəs Kitab pərdəsi altında öz şəxsi baxışlarını yürütməkdən çəkinməlidirlər. Məsləhət mülayim tərzdə deyiləndə daha təsirli olur. Xeyirxahlıqla duzlanmış məsləhəti qəbul etmək daha asandır, belə məsləhət insanın mənliyinə xələl gətirmir (Koloslulara 4:6).
22. Nitq bəxşişini necə istifadə edəcəksən?
22 Sözsüz ki, nitq Yehovanın verdiyi misilsiz bəxşişdir. Yehovaya qarşı məhəbbət bizi dilimizdən düzgün istifadə etməyə təşviq edəcək. Unutmayaq ki, sözlər çox güclü təsirə malikdir. Onlar insanı həm yaralaya, həm də sağalda bilər. Ona görə də gəlin bu bəxşişdən Allahın istədiyi kimi — başqalarının imanını möhkəmləndirmək üçün istifadə edək. Belə halda bizim danışığımız insanları ruhlandırıb təravətləndirəcək və bizə Allahın məhəbbətini qorumağa kömək edəcək.
a Məsəllər 15:4 ayəsindəki «əyri» sözünün ibrani dilində «pozğun» mənası da var.
b «Boş» kimi tərcümə olunan yunan sözü həm də mənasız kimi tərcümə olunur (1 Korinflilərə 15:17).
c Müqəddəs Yazılarda işlənən «natəmizlik» ifadəsi çox geniş termindir və ona bir sıra günahlar daxildir. Hər bir natəmiz əmələ görə intizam komitəsi tərəfindən ölçü götürülməsə də, insan tövbə etmədən kobud natəmizliyə yol verirsə, yığıncaqdan xaric edilə bilər (2 Korinflilərə 12:21; Efeslilərə 4:19; «Gözətçi qülləsi» jurnalının 2006-cı il 15 iyul sayının «Oxucuların sualları» rubrikasına (rus.) bax).