“Siz hamınız qardaşsınız”
“Siz özünüzə “Rabbi” dedirtməyin; çünki sizin Müəlliminiz birdir... və siz hamınız qardaşsınız” (MATTA 23:8).
1. Hansı məsələ bizim diqqətimizə layiqdir?
ŞƏRQ ölkələrindən birində yaşayan məsihçi bir qadın, avstraliyalı bir missionerdən sadəlövhlüklə soruşdu: “Daha çox kimə hörmət etmək lazımdır - missionerə, yoxsa Beyt-eldə çalışana?” Həmin qadın bilmək istəyirdi ki, kimə daha çox hörmət göstərmək lazımdır: başqa ölkədən gələn missionerə, yoxsa Gözətçi Qülləsi Cəmiyyətinin filialında xidmət edən yerli məsihçiyə. Sinfi müxtəlifliyə böyük əhəmiyyət verən cəmiyyətin təfəkkürünü əks etdirən bu sadəlövh sual, missioner üçün gözlənilməz oldu. Ancaq nəzərə almaq gərəkdir ki, “kim daha böyükdür” sualı, kimin daha böyük vəzifəyə sahib olduğunu, kimdə daha çox səlahiyyət və nüfuz olduğunu bilmək istəyindən yaranır.
2. Biz iman qardaş-bacılarımıza necə yanaşmalıyıq?
2 Bu sual yeni deyil. Hətta İsanın şagirdləri də, aralarında kimin böyük olduğu barədə dəfələrlə mübahisə etmişdilər (Matta 20:20—24; Mark 9:33—37; Luka 22:24—27). Onlar da, birinci əsrdə ictimai siniflərə kifayət qədər böyük əhəmiyyət verən yəhudi cəmiyyətinə məxsus idilər. Belə cəmiyyəti nəzərdə tutaraq, İsa öz şagirdlərinə məsləhət verirdi: “Siz özünüzə “Rabbi” dedirtməyin; çünki sizin Müəlliminiz birdir, o da Məsihdir və siz hamınız qardaşsınız” (Matta 23:8). Müqəddəs Kitab sahəsində alim olan Albert Barnz qeyd edirdi ki, “müəllim” mə’nasını daşıyan, dini titul olan “rabbi” sözü “bu titulu alan adamda məğrurluq və üstünlük, bu titulu almayan şəxslərdə isə paxıllıq və özünü ikinci dərəcəli hesab etmək hissi yaradır; bu titulun mahiyyəti, “Məsihdə sadə olmağa” tamamilə ziddir”. Buna görə də məsihçi nəzarətçilərinə, “ağsaqqal” sözünü tə’rifli bir titul xüsusunda istifadə edərək, “filankəs ağsaqqal” deyə müraciət edilmir (Eyub 32:21, 22). Bununla bərabər, İsanın verdiyi məsləhətin ruhuna uyğun surətdə yaşayan ağsaqqallar, Yeqovanın öz sədaqətli xidmətçilərinə, İsanın isə öz davamçılarına hörmət göstərdikləri kimi, yığıncağın digər üzvlərinə hörmət edirlər.
Yeqovanın və İsanın nümunəsi
3. Yeqova özünün ruhani varlıqlarına necə hörmət göstərirdi?
3 Yeqova, “Haqq-Təala Allah” olduğuna baxmayaraq, yaratdığı varlıqları öz işlərində iştirak etməyə cəlb etməklə, ən başlanğıcdan onlara hörmət göstərmişdir (Məzmur 83:18, YD). Yeqova, ilk insanı yaradan zaman, Ona “mahir işçi” kimi xidmət edən vahid Oğlunu bu işə cəlb etmişdir (Süleymanın məsəlləri 8:27—30, YD; Təkvin 1:26). Qəddar padşah olan Ahabı məhv etmək qərarına gəldikdə isə, Yeqova öz mələklərinə buyurdu ki, bunu daha yaxşı etmək barədə öz fikirlərini söyləsinlər (1 Krallar 22:19—23).
4, 5. Yeqova insanlara necə hörmət göstərir?
4 Yeqova, Kainatın ali Hökmdarıdır (Təsniyə 3:24). Onun insanlarla məsləhətləşməyə ehtiyacı yoxdur. Buna baxmayaraq Yeqova, onlara diqqət yetirmək üçün, demək olar ki, aşağı əyilirdi. Məzmurçu oxuyurdu: “Göylərdə və yerdə olanlara baxmağa əyilən, yüksəklərdə yaşayan, Allahımız Rəb kimi kim var? Düşkünü torpaqdan qaldırır” (Məzmur 113:5—8).
5 Yeqova, Sodom və Homorranı məhv etməzdən əvvəl, İbrahimin suallarını dinləmiş və onun ədalət hissini tə’min etmişdir (Təkvin 18:23—33). Yeqova əvvəlcədən bilirdi ki, İbrahimin xahişləri vəziyyəti dəyişməyəcək, ancaq yenə də onu səbrlə dinlədi və onun fikirlərini nəzərə aldı.
6. Yeqova, Habakkukun sualına cavab verməklə ona hörmət etdikdə, Habakkukuk nə hiss etdi?
6 Yeqova həmçinin: “Ya Rəb, nə vaxta qədər imdada çağıracağam da sən eşitməyəcəksən?” deyə soruşan Habakkuku da dinləmişdir. Yeqova bu sualı öz hakimiyyətinə qarşı bir təcavüz kimi qəbul etdimi? Xeyr, Yeqova Habakkukun çaşıb qalmasını əsaslı sandı və Öz hökmünü yerinə yetirsinlər deyə “kildaniləri ayağa” qaldırmaq niyyətində olduğunu ona aşkar etdi. O, peyğəmbəri əmin etdi ki, qabaqcadan bildirdiyi məhkəmə “mütləq gələcək” (Habakkuk 1:1, 2, 5, 6, 13, 14; 2:2, 3). Yeqova, narahat olan Habakkukun sözlərinə ciddi yanaşmaqla və cavab verməklə, ona hörmət göstərmiş oldu. Nəticədə, ümidsiz qalan peyğəmbər ürəkləndi, sevinclə doldu və xilaskarı olan Allaha tam e’tibar hissi duydu. Bu, Yeqovaya bu gün olan e’tibarımızı möhkəmləndirən Habakkukun Allahdan ilham almış kitabında əks edilir (Habakkuk 3:18, 19).
7. Eramızın 33-cü ili Pentikost günü Peterin iştirakında diqqətəlayiq olan nə idi?
7 Başqalarına hörmət göstərməkdə İsa Məsih də gözəl nümunə vermişdir. İsa öz şagirdlərinə deyirdi: “Kim Məni insanlar qarşısında inkar edərsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edərəm” (Matta 10:32, 33, ƏC—93). Amma ələ verilən gecə şagirdlərinin hamısı onu tərk etdilər, həvari Peter isə üç dəfə onu inkar etdi (Matta 26:34, 35, 69—75). Lakin İsa, üzdə olanı görməklə bərabər, Peterin gizli hisslərinə, yə’ni onun dərindən peşman olduğuna da diqqət yetirdi (Luka 22:61, 62). Cəmi 51 gündən sonra Məsih, peşman olan həvariyə hörmət göstərərək, Pentikost günündə 120 şagirdin adından çıxış etməyə və “Göylər Padşahlığının” ilk “açarını” istifadə etməyə ona icazə verdi (Matta 16:19, ƏC—93; Həvarilərin işləri 2:14—40). “Dönüb öz qardaşlarına qüvvət” vermək üçün Peterə fürsət verildi (Luka 22:31—33).
Ailə üzvlərinə hörmət göstərmək
8, 9. Ər, öz arvadına hörmət göstərərək, Yeqovadan və İsadan necə nümunə götürə bilər?
8 Allahın verdiyi səlahiyyəti həyata keçirərək, ərlər və valideynlərin, Yeqovadan və İsa Məsihdən nümunə götürmələri düzgün olardı. Peter belə nəsihət verirdi: “Ey ərlər, həmçinin siz də arvadlarınızla iltifatlı davranın. Onlar zəif cins... olduqlarından onlara hörmət göstərin” (1 Peter 3:7). Taxta qabdan daha zərif olan çini qabla davranışınızı təsəvvür edin. Siz onu çox ehtiyatla götürərsiniz, elə deyilmi? Buna görə də ər, Yeqovadan nümunə götürərək, ailə işlərinin həllində arvadının fikrinə qulaq asmalıdır. Unutmayaq ki, İbrahimlə söhbət etməyə Yeqova vaxt ayırdı. Qeyri-kamil insan olan ər, müəyyən bir şeyi nəzərdən qaçıra bilər. Bu səbəbdən, arvada hörmət göstərmək, yə’ni onun fikrini səmimiliklə nəzərə almaq müdriklik olmazdımı?
9 Kişinin arvad üzərində ağalıq etməsi adət olan ölkələrdə, ər yadda saxlamalıdır ki, özünün ən gizli hisslərini söyləmək, bəlkə arvad üçün bir o qədər də asan deyil. Yer üzündə olarkən, gələcəkdə özünün “gəlin” sinfinə məxsus olacaq şagirdləri ilə İsa Məsihin necə davrandığından nümunə götürün. İsa onların qədrini bilirdi, onların fiziki və ruhani məhdudiyyətlərini nəzərə alırdı, hətta şagirdləri söyləməzdən qabaq onların təlabatlarını tə’min edirdi (Mark 6:31; Yəhya 16:12, 13; Efeslilərə 5:28—30). Bundan başqa, arvadınızın sizin və ailəniz üçün etdiyi işlərə fikir verin, söz və əməlinizlə ona minnətdarlığınızı bildirin. Unutmayın ki, Yeqova Allah və İsa ləyaqətli adamları qiymətləndirir, tə’rifləyir və xeyir-dua verirdilər (1 Krallar 3:10—14; Eyub 42:12—15; Mark 12:41—44; Yəhya 12:3—8). Şərqdən olan məsihçi bir qadın, əri, Yeqovanın Şahidi olduqdan sonra deyir: “Əvvəllər ərim üç-dörd addım məndən qabaqda gedirdi, hər şeyi isə mən daşıyırdım. Amma indi, çantaları o götürür və evdə gördüyüm işlər üçün mənə minnətdarlığını bildirir!” Səmimi minnətdarlıq sözləri, özünün dəyərli sayıldığını hiss etməkdə arvadınıza əhəmiyyətli dərəcədə kömək edir (Süleymanın məsəlləri 31:28).
10, 11. Yeqovanın üsyankar İsrail xalqı ilə rəftarından valideynlər nə öyrənə bilərlər?
10 Uşaqlarla rəftar edəndə, xüsusən də məzəmmət tələb olunanda, valideynlər Allahdan nümunə götürməlidirlər. Yeqova, “İsrailə və Yəhudaya” xəbərdarlıq etdi ki, pis yollarından dönsünlər, amma onlar “boyunlarını... sərtləşdirdilər (2 Krallar 17:13—15). İsraillilər hətta “ağızları ilə ona yaltaqlandılar və dilləri ilə ona yalan söylədilər”. Valideynlərin çoxu hesab edə bilərlər ki, övladları bə’zən özlərini buna bənzər surətdə aparırlar. İsraillilər “Allahı... sınayırdılar”, Onu incidib, təhqir edirdilər. Ancaq Yeqova mərhəmətli oldu, “günahı bağışladı” və onları “həlak etmədi” (Məzmur 78:36—41).
11 Yeqova, hətta israillilərə müraciət etdi: “İndi gəlin... davamızı görək [“aramızda olan məsələləri müzakirə edək”, YD]; günahlarınız qırmızı kimi olsa da, qar kimi ağ olar” (Yeşaya 1:18). Yeqovanın haqlı olduğuna baxmayaraq, O, üsyankar xalqı, hər şeyi öz yoluna qoymağa də’vət edirdi. Bu, uşaqları ilə rəftar etməkdə valideynlər üçün necə də gözəl nümunədir! Ciddi problem yarananda, uşaqlarınızı dinləməklə, onlara öz fikirlərini söyləməyə imkan verin və nəyə görə düzəlmək lazım olduğuna dair sübutlar söyləyin, bununla da onların mənliklərinə hörmət etdiyinizi göstərmiş olarsınız.
12. a) Nəyə görə biz övladlarımıza Yeqovaya etdiyimizdən artıq “hörmət” etməməliyik? b) Uşaqları danladığımız zaman, şəxsi ləyaqətlərinə hörmət etdiyimizi onlara necə göstərmək olar?
12 Əlbəttə ki, bə’zən uşaqlara ciddi surətdə nəsihət vermək lazım gəlir. Valideynlər, “öz oğullarına” Yeqovaya etdiyindən artıq “hörmət edən” Eli kimi olmamalıdırlar (1 Samuel 2:29). Gənclər isə anlamalıdırlar ki, islahedici tədbirlərin əsas səbəbi məhəbbətdir. Gənclər, valideynlərinin onları sevdiklərini hiss etməlidirlər. Pavel atalara nəsihət verir: “Ey atalar, siz də uşaqlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün” (Efeslilərə 6:4). Burada əsas fikir ondan ibarətdir ki, ata öz səlahiyyətini həyata keçirərkən, uşaqların ləyaqətinə hörmət etməli və həddindən artıq sərt davranışla onları qəzəbləndirməməlidir. Bəli, uşağın şəxsi ləyaqətini nəzərə alaraq davranmaq üçün, vaxt və qüvvə tələb olunur, amma valideyn cəhdinin səmərəsi hər bir fədakarlığa dəyər.
13. Müqəddəs Kitaba əsasən, ailənin yaşlı üzvlərinə necə münasibət göstərmək lazımdır?
13 Ailə üzvlərinə hörmət etmək, arvadın və uşaqların ləyaqətinə ehtiram etməkdən daha artıq şeyi özünə daxil edir. Yaponların belə bir atalar sözü var: “Qocalanda uşaqlarına qulaq as”. Bu atalar sözündəki fikir onu göstərir ki, yaşa dolmuş ata və ana öz valideynlik səlahiyyətlərindən kənara çıxmamalı və yetkin yaşlı övladlarının fikrini nəzərə almalıdırlar. Uşaqları diqqətlə dinləmək və bununla da onlara hörmət göstərmək Müqəddəs Yazılara əsaslanır, uşaqlar da, öz növbələrində ailənin yaşa dolmuş üzvlərinə hörmətsizlik göstərməli deyillər. Süleymanın məsəlləri 23:22 deyilir: “İxtiyar olduğu zaman ananı xor görmə”. Süleyman padşah bu məsələ uyğun yaşayırdı və anası onun yanına xahişlə gəldiyi zaman anasına hörmət göstərmişdi. Anası Batşeba otursun deyə, Süleymanın oturduğu taxtın sağ tərəfinə daha bir taxt qoydular və Süleyman, yaşa dolmuş anasının sözlərini diqqətlə dinlədi (1 Krallar 2:19, 20).
14. Biz, yığıncağın yaşlı üzvlərinə necə hörmət göstərə bilərik?
14 Bizim ruhani ailəmizdə isə, yığıncağın yaşlı üzvlərini “hörmətdə qabaqlamağa” həmişə imkanımız var (Romalılara 12:10). Bəlkə də indi onlar, əvvəllər etdikləri qədər iş görə bilmirlər və bu onları kədərləndirir (Vaiz 12:1—7). Müalicəxanada yataq xəstəsi olan, məsh edilmiş yaşlı bir Şahid qadın özünün acı hisslərini belə ifadə etdi: “Mən nə zaman öləcəm ki, işimi göylərdə davam edə bilim?” Yaşa dolmuş iman qardaş-bacılarımızın xidmətlərini e’tiraf etməyimizlə və hörmət göstərməyimizlə onlara kömək edə bilərik. İsraillilərə əmr edilirdi: “Ağ saçlının qarşısında ayağa qalxacaqsan və qocaya hörmət edəcəksən” (Levililər 19:32). Yaşlılara diqqət göstərərək, özlərinin gərəkli və dəyərli olduqlarını onlara hiss etdirin. “Ayağa qalxmaq” ifadəsi, onlarla bərabər oturmaq və çox illər qabaq onların nəyə nail olduqları barədə etdikləri söhbətə qulaq asmaq mə’nasını verə bilər. Biz belə etməklə, yaşlılara hörmət göstərərik və öz ruhani həyatımızı zənginləşdirərik.
“Hörmətdə qabaqlayın”
15. Ağsaqqallar yığıncağın üzvlərinə necə hörmət edə bilərlər?
15 Ağsaqqallar yaxşı nümunə olanda, yığıncağın üzvləri ruhən inkişaf edirlər (1 Peter 5:2, 3). Ağsaqqalların işləri çox olsa da, təşəbbüsü öz üzərlərinə götürərək, problemlərinin olub olmadığına baxmayaraq uşaqlara və yeniyetmələrə, ailə başçılarına, tənha analara, evdar qadınlara və yaşlılara qayğı göstərirlər. Ağsaqqallar yığıncağın üzvlərini dinləyirlər və gördükləri işlər üçün onları tə’rifləyirlər. Ruhani qardaş və ya bacının etdiyi işlərə tə’riflə cavab verən diqqətli ağsaqqal, özünün yer üzündəki varlıqlarını qiymətləndirən Yeqovadan nümunə götürür.
16. Biz nəyə görə hesab etməliyik ki, ağsaqqallar yığıncağın digər üzvləri ilə eyni hörmətə layiqdirlər?
16 Yeqovadan nümunə götürərək, ağsaqqallar, Pavelin: “Qardaşlıq sevgisi ilə bir-birinizi şəfqətlə sevin; bir-birinizi hörmətdə qabaqlayın” sözlərini icra etməkdə gözəl ibrət dərsi verirlər (Romalılara 12:10). İnsanları təbəqələrə ayırmaq qəbul olunan ölkələrdə yaşayan ağsaqqallara belə davranmaq çətin ola bilər. Məsələn, Şərq ölkələrindən birində “qardaş” mə’nasını verən iki söz var: biri hörmət, digəri isə adi mə’nada. Bu yaxın vaxtlara qədər yığıncağın üzvləri, ağsaqqallara və yaşlı nəslin nümayəndələrinə müraciət edərkən hörmət bildirən sözdən, yığıncağın digər üzvlərinə müraciət etdikdə isə adi sözdən istifadə edirdilər. Lakin onları təşviq etdilər ki, adi sözdən istifadə etsinlər, çünki öz davamçıları barədə İsa demişdir: “Siz hamınız qardaşsınız” (Matta 23:8). Bəlkə də, başqa ölkələrdə belə fərqləndirici söz yoxdur, amma hamımız yadda saxlamalıyıq ki, insanlarda ayrı-seçkilik etmək meyili var (Yaqub 2:4).
17. a) Ağsaqqallar nəyə görə sadə olmalıdırlar? b) Yığıncağın üzvləri ilə rəftar etməkdə ağsaqqallar Yeqovadan necə nümunə götürə bilərlər?
17 Doğrudur, Pavel bizi bə’zi ağsaqqallara “ikiqat hörmət” etməyə təşviq edir, amma onlar yenə də qardaş olaraq qalırlar (1 Timoteyə 5:17). Əgər biz, Kainatın Hökmdarı olan “lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşa” biliriksə, məgər Yeqovadan nümunə alan ağsaqqallara yaxınlaşa bilmərikmi? (İbranilərə 4:16; Efeslilərə 5:1). Ağsaqqallar, özlərinin nə dərəcədə sadə olduqlarını, məsləhət üçün və ya bir təkliflə onlara nə qədər çox müraciət olunduğundan müəyyən edə bilərlər. Ağsaqqallar, Yeqovanın başqalarını öz işlərinə cəlb etmək üsulundan nümunə almalıdırlar. Yeqova, tapşırıq verməklə, başqalarına hörmət göstərir. Hətta digər Şahidin təklifi əlverişli olmasa da, ağsaqqallar göstərilən marağa minnətdar olduqlarını bildirməlidirlər. İbrahimin tə’kidli suallarına və Habakkukun fəryadına Yeqovanın necə münasibət göstərdiyini xatırlayın.
18. Ehtiyacı olan şəxsləri islah edəndə, ağsaqqallar Yeqovadan necə nümunə götürə bilərlər?
18 Bə’zən məsihçilərin islah olunmağa ehtiyacları olur (Qalatiyalılara 6:1). Lakin bununla bərabər, həmin məsihçilər Yeqovanın gözündə dəyərli qalırlar və layaqətli münasibətə layiqdirlər. Bir Şahid deyir: “Əgər mənə nəsihət verən şəxs mənə hörmətlə yanaşırsa, ona müraciət etmək mənim üçün asan olur”. İnsanların əksəriyyəti, onlarla ləyaqətli rəftar ediləndə, aldıqları məsləhətə cavab verirlər. Əgər imandan uzaqlaşan şəxsi dinləyirlərsə - buna isə çox vaxt gedə bilər - lazım gələn hər bir məsləhəti qəbul etmək ona asan olacaq. Şəfqət hissindən irəli gələrək, Yeqovanın israillilərə dönə-dönə müraciət etdiyini yada salın (2 Tarixlər 36:15; Titusa 3:2). Köməyə ehtiyacı olanlara şəfqət və anlayışla məsləhət veriləndə, bu həmin adamlara dərin tə’sir bağışlayır (Süleymanın məsəlləri 17:17; Filipililərə 2:2, 3; 1 Peter 3:8).
19. Biz, məsihçi əqidəmizə şərik olmayan insanlara necə münasibət göstərməliyik?
19 Biz, ola bilsin, gələcəkdə ruhani qardaş-bacılarımız olacaq şəxslərə də hörmət göstərməliyik. Hətta həmin insanlar bizim söylədiyimiz müjdəyə indi cavab vermirlərsə də, biz onlara qarşı səbirli olmalı və onların mənliyinə hörmət etməliyik. Yeqova “istəyir ki, hamı tövbəyə gəlsin və kimsə həlak olmasın” (2 Peter 3:9). Məgər biz, Yeqovanın nöqteyi-nəzərinə şərik olmalı deyilikmi? Biz, ətrafımızdakı insanlara qarşı həmişə dostcasına münasibət göstərməyə çalışmaqla, şəhadətlik etməyə şərait yarada bilərik. Əlbəttə ki, ruhani cəhətdən təhlükəli olan ünsiyyətdən çəkinməliyik (1 Korinflilərə 15:33). Bununla bərabər, əqidəmizə şərik olmayan insanlara xor baxmadan, “insanpərvərlik” göstərə bilərik (Həvarilərin işləri 27:3).
20. Yeqovanın və İsa Məsihin nümunəsi bizi nəyə təşviq etməlidir?
20 Bəli, Yeqova və İsa Məsih bizim hər birimizi hörmətə layiq hesab edirlər. Gəlin, onların necə davrandıqlarını həmişə yadda saxlayaq və onlar kimi, hörmət göstərməkdə bir-birimizi qabaqlayaq. Gəlin Rəbbimiz İsa Məsihin dediyi: “Siz hamınız qardaşsınız” sözlərini unutmayaq (Matta 23:8).
Siz necə cavab verərdiniz?
• İman qardaş-bacılarımıza necə münasibət göstərməliyik?
• Yeqovanın və İsanın nümunəsi, başqalarına hörmət göstərməyə bizi necə təşviq edir?
• Ərlər arvadlarına, valideynlər isə övladlarına necə hörmət edə bilərlər?
• Məsihçilərə öz qardaş-bacıları kimi yanaşan ağsaqqallar necə davranacaqlar?
[15-ci səhifədəki şəkil]
Minnətdarlığınızı bildirərək, arvadınıza hörmət göstərin
[15-ci səhifədəki şəkil]
Uşaqlarınızı dinləməklə onların ləyaqətinə hörmət edin
[15-ci səhifədəki şəkil]
Yığıncaq üzvlərinin ləyaqətinə hörmət edin