Ürəyinizi qoruyun
“Tutduğun hər şeydən ziyadə öz ürəyini qoru; çünki həyatın qaynaqları ondandır” (SÜLEYMANIN MƏSƏLLƏRİ 4:23).
1, 2. Ürəyimizi nəyə görə qorumalıyıq?
KARİB dənizi adalarından birində yaşayan ahıl bir kişi, tufan keçəndən sonra, gizləndiyi yerdən çıxdı. Ətrafına göz gəzdirib, on illərlə evinin həyətində duran böyük ağacı tufanın yıxdığını gördü. Kişi fikirləşdi: “Qəribədir, axı nəyə görə bu ağac yıxılıb, balaca ağaclar isə durur?” O, ağacın kötüyünə diqqət yetirən kimi dərhal hər şey aydın oldu. Sağlam görünən bu ağac içərisindən çürümüşdü. Əvvəllər daxildə gizlənən çürüklüyü, tufan sadəcə olaraq üzə çıxarmışdı.
2 Allahın, məsihçi yolunda möhkəm dayanırmış kimi görünən xidmətçisinin iman sınağına tab gətirməməsi çox acınacaqlı olur. Müqəddəs Kitabda haqlı olaraq deyilir ki, “cavanlığından bəri insan ürəyinin fikirləri” pisdir (Yaradılış 8:21, MKŞ). Bu o deməkdir ki, əgər sayıqlıq itirilərsə, onda hər bir, hətta ən yaxşı ürək belə, pisliyə meyl edə bilər. Qeyri-kamil insanların heç birinin ürəyi pozğunluğa qarşı immunitetə malik deyil. Buna görə də, “tutduğun hər şeydən ziyadə öz ürəyini qoru” məsləhətinə çox ciddi yanaşmalıyıq (Süleymanın məsəlləri 4:23). Simvolik ürəyimizi necə qoruya bilərik?
Özümüzü müntəzəm olaraq yoxlamalıyıq
3, 4. a) Fiziki ürəyimizə aid hansı sualları vermək olar? b) Simvolik ürəyimizi yoxlamaqda bizə nə kömək edər?
3 Əgər müayinədən keçmək üçün həkimin yanına getsəniz, o, ilk növbədə, ürəyinizi yoxlayacaqdır. Səhhətiniz, o cümlədən ürəyinizin vəziyyəti, kifayət qədər qidalı maddələr qəbul etdiyinizi göstərirmi? Təzyiqiniz necədir? Ürəyiniz normal döyünür, yoxsa güclü? Fiziki işlə kifayət qədər məşğul olursunuzmu? Ürəyiniz həddindən artıq stressə mə’ruz qalmır ki?
4 Əgər fiziki ürəyimizi müntəzəm yoxlamaq lazımdırsa, onda simvolik ürək barədə nə demək olar? Yehova bu ürəyi sınayır (1 Tarixlər 29:17). Onu biz də yoxlamalıyıq. Necə? Özümüzə növbəti suallar verməklə: Ürəyimin kifayət qədər ruhani qida alması üçün, Müqəddəs Kitabı müntəzəm surətdə öyrənir və yığıncaq görüşlərinə gedirəmmi? (Məzmur 1:1, 2; İbranilərə 10:24, 25). Yehovanın xəbərini, “sümüklərimin içinə gizlədilmiş yanar bir atəş kimi”, məni təbliğ etməyə və şagirdlər hazırlamağa təşviq edə biləcək dərəcədə ürəkdənmi qəbul edirəm? (Yeremya 20:9; Matta 28:19, 20; Romalılara 1:15, 16). İmkan daxilində tammüddətli xidmət etmək üçün var qüvvəmi sərf etməyə hazırammı? (Luka 13:24). Simvolik ürəyim hansı tə’sirə mə’ruz qalır? Həqiqi ibadətə ürəkdən sadiq olan kəslərlə ünsiyyətdə olmağa sə’y göstərirəmmi? (Süleymanın məsəlləri 13:20; 1 Korinflilərə 15:33). Gəlin, çatışmayan cəhətlərimizi tezcə nəzərə almağa və onları dərhal düzəltməyə cəhd göstərək.
5. İmanın sınaqları hansı faydanı gətirə bilər?
5 Biz tez-tez imanımızın sınağı ilə toqquşuruq. Bu, ürəyimizin necə vəziyyətdə olduğunu öyrənməyimizə imkan verir. Musa, Və’d edilən diyara daxil olmağa hazırlaşan israillilərə dedi: “Səni alçaltmaq, səni sınamaq, əmrlərini tutacaqsanmı yoxsa tutmayacaqsanmı deyə ürəyində olanı bilmək üçün, Allahın Rəbbin səni bu qırx il çöldə gəzdirdi” (Təsniyə 8:2). Gözlənilmədən hər hansı şəraitlərə və ya imtahanlara düşəndə, çox vaxt öz hisslərimizə, istək və reaksiyalarımıza təəccüblənmirikmi? Yehovanın yol verdiyi sınaqlar, zəif yerlərimizi görməkdə bizə kömək edir və özümüzdə düzəlişlər etmək imkanımız yaranır (Yaqub 1:2-4). Gəlin, imtahanlara olan münasibətimiz haqqında həmişə dua edərək düşünək!
Sözlərimiz nəyə şəhadət edir?
6. Etdiyimiz söhbətlərdən ürəyimizin vəziyyəti barədə nə öyrənmək olar?
6 Ürəyimizdə qoruduğumuz şeyləri necə müəyyən etmək olar? İsa deyirdi: “Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır; və pis adam ürəyinin pislik xəzinəsindən pis şeylər çıxarır; çünki onun ağzı ürəyindən gələni söyləyir” (Luka 6:45). Ürəyin meyli, adətən etdiyimiz söhbətlərdə əks olunur. Maddi firavanlığımız, təhsildə və işdə qazandığımız nailiyyətlər haqqında tez-tezmi danışırıq? Yoxsa, söhbətlərimiz ruhani mövzular və teokratik məqsədlər ətrafında dövr edir? Başqalarının səhvlərini danışmamağa, əksinə, məhəbbətlə onların üstünü örtməyə çalışırıqmı? (Süleymanın məsəlləri 10:11, 12). İnsanlar və onların həyatlarında baş verən hadisələr barədə çox danışarkən ümumiyyətlə ruhani və əxlaqi məsələlərdən danışırıqmı? Bu, yaraşmayan tərzdə başqalarının şəxsi işinə qarışdığımıza şəhadət etmirmi? (1 Peter 4:15).
7. Yusifin on qardaşı ilə bağlı əhvalatdan, ürəyi qorumağın vacibliyi haqda necə ibrət dərsi almaq olar?
7 Böyük bir ailədə baş verən hadisəni nəzərdən keçirək. Yaqubun on oğlu özlərinin kiçik qardaşları Yusiflə “yaxşı rəftar” edə bilmirdilər. Nəyə görə? Atasının sevimli oğlu olduğuna görə ona paxıllıq edirdilər. Sonradan Yusif, Yehovanın ona lütf göstərdiyini sübut edən yuxular görəndə, qardaşları “ona daha çox nifrət etməyə başladılar” (Yaradılış 37:4, 5, 11, MKŞ). Onlar, Yusifi qul kimi satmaqla amansızcasına davrandılar. Öz cinayətlərini gizlətməyə çalışaraq, qardaşlar atalarını aldatdılar və Yusifi vəhşi heyvan parçaladığına inandırdılar. Bu hadisədə Yusifin on qardaşı öz ürəklərini qorumadılar. Əgər başqalarını tənqid etməyə meylliyiksə, buna səbəb, ürəyimizdə həsəd və ya nifrət hissinin məskən salması deyilmi? Biz ağzımızdan çıxan sözlərə diqqət yetirməkdə sayıq olmalı və hər hansı pis meylləri ləngimədən aradan qaldırmalıyıq.
8. Əgər yalan danışmışıqsa, ürəyimizi araşdırmaqda bizə nə kömək edər?
8 “Allahın yalan danışması qeyri-mümkün”dür, kamil olmayan insanlar isə yalana meyllidirlər (İbranilərə 6:18). Məzmurçu, “bütün insanlar yalançıdır” - deyə, gileylənirdi (Məzmur 116:11). Hətta həvari Peter də üç dəfə yalan danışaraq, İsanı tanıdığını inkar etdi (Matta 26:69-75). Aydındır ki, biz yalan danışmamağa çalışmalıyıq, çünki Yehova “yalan danışan dilə” nifrət edir (Süleymanın məsəlləri 6:16-19). Əgər nə vaxtsa yalan danışmışıqsa, bunun səbəbini araşdırmaq müdrik davranış olardı. Bunu insanlardan qorxduğumuza görəmi etmişik? Bəlkə, cəzalanmaq qorxusuna görə? Mövqeyimizi qorumaq istədiyimizə, yoxsa açıq-aşkar xudbinliyimizə görə? Səbəb hər nə olursa-olsun, baş verən hadisə üzərində dərindən düşünmək, səhvimizi təvazökarlıqla e’tiraf etmək, bu zəifliyimizlə mübarizədə Yehovanın köməyini əldə etməyə can ataraq, Ondan əfv diləmək lazımdır. Bu işdə bizə “imanlılar cəmiyyətinin ağsaqqalları” da yaxşı kömək göstərə bilərlər (Yaqub 5:14).
9. Etdiyimiz dualardan ürəyimiz barədə nəyi öyrənmək olar?
9 Gənc padşah Süleyman Yehovadan müdriklik və bilik xahiş edəndə, O cavab verdi: “Madam ki ürəyində bu vardı və sən zənginlik, mal və şərəf... istəmədin... hikmət və bilik sənə verildi; və mən sənə... zənginlik və mal və şərəf verəcəyəm” (2 Tarixlər 1:11, 12). Süleymanın xahişindən, Yehova onun ürəyində olanları bildi. Bəs Allaha etdiyimiz dualar bizim ürəyimiz barədə nəyi göstərir? Dualarımız bilik, hikmət və ayırd etmək qabiliyyətinə malik olmaq istəyimizi aşkar edirmi? (Süleymanın məsəlləri 2:1-6; Matta 5:3). Ürəyimizdə Padşahlığın mənafeyinə vacib yer veririkmi? (Matta 6:9, 10). Dualarımızı düşünmədən söyləyiriksə, onda Yehovanın işləri üzərində dərindən fikirləşmək üçün vaxt ayırmalıyıq (Məzmur 103:2). Bütün məsihçilər, necə dua etdiklərinə diqqət yetirməlidirlər.
Əməllərimiz nəyə şəhadət edir?
10, 11. a) Əxlaqsızlıq və zina öz başlanğıcını haradan alır? b) Ürəyimizdə zina etməməkdə bizə nə kömək edər?
10 Adətən deyirlər ki, əməllər sözlərdən daha tə’sirli olur. Əməllərimizə əsasən, daxilən necə insan olduğumuz barədə çox şey demək olar. Məsələn, söhbət əxlaqdan getdikdə, ürəyi qorumaq, sadəcə əxlaqsızlıq və ya zina etməmək mə’nasını daşımır. İsa Dağüstü təbliğində dedi: “Bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur” (Matta 5:28). Hətta ürəyimizdə belə, zina etməkdən necə qaçına bilərik?
11 Tayfa başçısı sadiq Eyub, nikahda olan məsihçi kişi və qadınlara, nümunə verdi. Şübhəsiz ki, Eyub gənc qadınlarla ünsiyyətdə olur, hətta köməyə ehtiyacları olanda, xoş niyyətlə onlara kömək də edirdi. Amma nöqsansız olan bu adam həmin qadınlardan heç birinə romantik maraq göstərmək fikrinə düşmürdü. Nə üçün? Çünki qadınlara şəhvətlə baxmamağı qəti qərara almışdı. Eyub demişdi: “Gözlərimlə bir əhd kəsdim və mən qıza necə göz ataram?” (Eyub 31:1). Gəlin, biz də öz gözlərimizlə belə əhd kəsək və ürəyimizi qoruyaq.
12. Luka 16:10 ayəsi ürəyi qorumaqla necə bağlıdır?
12 Allahın Oğlu dedi: “Ən balaca bir işdə sadiq olan, böyük işdə də sadiqdir, lakin ən balaca bir işdə sadiq olmayan, böyük işdə də sadiq deyil” (Luka 16:10). Biz, gündəlik həyatımızda adi görünən işlərdə, xüsusilə də evdə tək qalanda necə davrandığımıza diqqət yetirməliyik (Məzmur 101:2). Televizor qarşısında oturarkən və ya İnternetə qoşularkən, Müqəddəs Kitabın: “Cinsi əxlaqsızlığın və hər cür natəmizliyin, yaxud tamahın qoy aranızda adı belə çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz. Ədəbsizlik və boşboğazlıq, yaxud kobud zarafat da olmasın - bunlar münasib deyildir; əksinə, şükran olsun” məsləhətini xatırlayırıqmı? (Efeslilərə 5:3, 4). Televizordakı və ya video oyunlardakı qəddarlığa necə yanaşırıq? Məzmurçu deyirdi: “Rəbb salehi sınayır, fəqət pisdən və zorbalığı sevəndən canı diksinir” (Məzmur 11:5).
13. Ürəyimizdə olanların üzərində düşünərkən, hansı xəbərdarlığı nəzərə almalıyıq?
13 Yeremya xəbərdarlıq edirdi: “Ürək hər şeydən ziyadə aldadıcıdır və çox çürükdür” (Yeremya 17:9). Ürəyin aldadıcı olması onunla izah oluna bilər ki, biz səhvlərimizə haqq qazandırır, nöqsanlarımızı kiçildir, zəifliklərimizə izahat verməyə çalışır və ya nailiyyətlərimizi şişirdirik. Çürük ürək də ikiüzlülüyə gətirib çıxara bilər; belə olduqda, dilimiz riyakarcasına bir şey, əməlimiz isə başqa şey deyəcək (Məzmur 12:2; Süleymanın məsəlləri 23:7). Ürəyimizdə olanları yoxlayarkən düzgün olmağımız necə də vacibdir!
Gözümüz sadədirmi?
14, 15. a) “Sadə göz” nədir? b) Sadə göz ürəyimizi qorumağa necə kömək edir?
14 İsa dedi: “Bədənin çırağı gözdür”. Sonra əlavə etdi: “Deməli, əgər gözün sadə olarsa, bütün bədənin nurlu olacaqdır” (Matta 6:22, YD). Göz sadədirsə, bir məqsədə cəmləşdirilir və ondan yayınmır. Bizim gözümüz, əlbəttə ki, “Padşahlığı və Onun [Allahın] salehliyini” axtarmağa cəmlənməlidir (Matta 6:33). Gözümüz sadə olmazsa, simvolik ürəyimizlə nə baş verə bilər?
15 Qazanc məsələsini düşünək. Məsihçi öz ailəsinin qeydinə qalmalıdır (1 Timoteyə 5:8). Bəs əgər biz ən yeni, ən bahalı və ən dəbdə olan - paltar, mənzil, qida və başqa şeyləri əldə etmək istəyiriksə, onda necə? Məgər bu, bizi Allaha ibadətə e’tinasız edərək, ürək və ağlımızı əsarət altına salmırmı? (Məzmur 119:113; Romalılara 16:18). Məgər fiziki tələbatların qayğısına o dərəcədə aludə olmalıyıqmı ki, bütün həyatımız yalnız ailə, iş və maddi rifah ətrafında dövr etsin? Allahdan ilham almış məsləhəti xatırlayaq: “Diqqətli olun ki, ürəkləriniz qarınqululuq və sərxoşluqla, bu həyatın qayğıları ilə ağırlaşmasın və o Gün sizi qəflətən yaxalamasın. Çünki o Gün bir tor kimi yer üzündə yaşayanların hamısına rast gələcəkdir” (Luka 21:34, 35).
16. İsa gözə aid nəyi məsləhət etdi və nəyə görə?
16 Göz - ağıl ilə ürəyi bir-birinə bağlayan çox vacib kanaldır. Gözlərin mərkəzləndiyi şey, düşüncələrimizə, hisslərimizə və əməllərimizə güclü tə’sir göstərir. İsa, görünən sınağın qüvvəsi haqda təşbihlərlə söylədi: “Əgər sağ gözün səni pis yola çəksə onu çıxar və özündən xaric et; çünki sənin üçün üzvlərindən birinin yox olması, bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır” (Matta 5:29). Gözün, nalayiq bir şeyə diqqətlə baxmasına yol vermək olmaz. Misal üçün, göz, yolverilməz hiss və istək oyatmaq məqsədilə yaradılan şeylərə diqqətlə baxmalı deyil.
17. Koloslulara 3:5 ayəsi ürəyimizi qorumaqda bizə necə kömək edir?
17 Görmə qabiliyyəti bizi xarici aləmlə bağlayan yeganə hiss üzvü deyil. Həyatımızda başqa, məsələn, toxunma və eşitmə hissləri də öz rolunu oynayır. Bu səbəbdən, bədənimizin bu hisslərlə bağlı olan üzvlərinə də diqqət yetirməliyik. Həvari Pavel də’vət edirdi: “Daxili varlığınızın dünyəvi yönlərini - cinsi əxlaqsızlıq, natəmizlik, şəhvət, pis ehtiras və bütpərəstlik olan tamahkarlığı - öldürün” (Koloslulara 3:5).
18. Səhv fikirlərlə necə mübarizə aparmalıyıq?
18 Səhv istək, ağlımızın gizli guşələrində baş qaldıra bilər. Əgər belə istəklərə qapılarıqsa, bu istək güclənir və ürəyə öz tə’sirini göstərir. “Ehtiras isə boylu qalıb günah doğurur” (Yaqub 1:14, 15). Çoxları e’tiraf edir ki, məhz elə bu onanizmə gətirib çıxarır. Ağlımızı ruhani dəyərlərlə doldurmaq necə də vacibdir! (Filipililərə 4:8). Ağlımıza pis fikirlər gələndə isə, onu qovmağa çalışmaq lazımdır.
Yehovaya ürəkdən xidmət edin
19, 20. Yehovaya ürəkdən xidmət etmək üçün necə nailiyyət qazana bilərik?
19 İxtiyar olan Davud padşah oğluna dedi: “Oğlum Süleyman, atanın Allahını tanı və bütün ürəklə və istəkli canla ona qulluq et; çünki Rəbb ürəklərin hamısını araşdırır və düşüncələrin bütün istəklərini anlayır” (1 Tarixlər 28:9). Süleyman duasında Allahdan “anlayışlı [“itaətkar”, YD] ürək” dilədi (1 Krallar 3:9). Ancaq o, belə ürəyi ömrü boyu qorumalı idi.
20 Bu sahədə nailiyyət qazanmağımız üçün, Yehovaya məqbul ürəyə yalnız malik olmaq yox, həmçinin onu qorumaq da lazımdır. Bunun üçün, Allahın Kəlamındakı xatırlatmaları “ürəyin içində” qorumalıyıq (Süleymanın məsəlləri 4:20-22). Bundan əlavə, ürəyimizi yoxlamağı vərdiş etməli, sözümüzün və əməllərimizin nəyə şəhadət etdiyi üzərində dua ilə dərindən düşünməliyik. Lakin aşkar etdiyimiz zəiflikləri aradan qaldırmaq üçün Yehovanın köməyini əldə etməyə sə’y göstərmiriksə, bu haqda düşünməyin əhəmiyyəti olarmı? Hisslərimizə nəyin tə’sir göstərdiyinə daima diqqət yetirmək, doğrudan da vacibdir! Əgər siz bütün bunlara əməl etsəniz, onda “Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə ürəklərinizi və düşüncələrinizi qoruyacaqdır” (Filipililərə 4:6, 7). Beləliklə, gəlin hər şeydən ziyadə ürəyimizi qoruyaq və ürəkdən Yehovaya xidmət edək.
Xatırlayırsınızmı?
• Ürəyi qorumaq nə üçün vacibdir?
• Sözlərimizi yoxlamaq, ürəyimizi qorumaqda bizə necə kömək edir?
• Nəyə görə gözümüzü sadə saxlamalıyıq?
[27-ci səhifədəki şəkillər]
Təbliğ xidmətində, yığıncaq görüşlərində və evdə adətən nə barədə danışırıq?
[29-cu səhifədəki şəkillər]
Sadə göz başqa yerə yayınmır.