Qaçmalı olduğumuz şeylər
«Ey gürzələr nəsli! Gələcək qəzəbdən qaçmağa sizi kim təlqin etdi?» (MAT. 3:7).
1. Müqəddəs Kitabda qaçmağa dair hansı nümunələr var?
«QAÇMAQ» sözünü eşidəndə ağlınıza nə gəlir? Bəzilərinin ağlına yaraşıqlı gənc Yusifin Potifarın arvadının əxlaqsız təkliflərindən qaçması gəlir (Yar. 39:7-12). Başqaları isə, İsanın «qoşunların Yerusəlimi mühasirə etdiyini gördüyünüz zaman... Yəhudeyada olanlar dağlara qaçsınlar; şəhərdə olanlar oradan çıxsınlar» xəbərdarlığına qulaq asaraq, eramızın 66-cı ilində Yerusəlimdən qaçan məsihçilər haqqında düşünə bilər (Luka 21:20, 21).
2, 3. a) Vəftizçi Yəhyanın din rəhbərlərini tənqid etməsinin əsl mənası nə idi? b) İsa Yəhyanın verdiyi xəbərdarlığı necə gücləndirdi?
2 Yuxarıda çəkdiyimiz nümunələrdə hərfi mənada qaçmaqdan danışılır. Bu gün, demək olar ki, dünyanın bütün ölkələrində yaşayan məsihçilər üçün məcazi mənada qaçmaq son dərəcə vacibdir. Vəftizçi Yəhya «qaçmaq» sözünü məhz bu mənada işlətmişdi. Yəhyanı görməyə gələnlər arasında tövbə etmək üçün heç bir səbəbləri olmadığını düşünən özlərindən razı yəhudi din rəhbərləri də var idi. Onlar tövbə etdiklərini vəftiz olmaqla göstərən sadə adamlara yuxarıdan aşağı baxırdılar. Yəhya mərdcəsinə həmin ikiüzlü rəhbərləri ifşa edirdi: «Ey gürzələr nəsli! Gələcək qəzəbdən qaçmağa sizi kim təlqin etdi? İndi, tövbəyə layiq səmərə yaradın» (Mat. 3:7, 8).
3 Yəhya hərfi mənada qaçmaqdan danışmırdı. O, gələcək hökm, qəzəb günü haqqında xəbərdarlıq edirdi və din xadimlərinin nəzərinə çatdırırdı ki, həmin gündən qurtulmaq istəyirlərsə, tövbə etdiklərini göstərən səmərə verməlidirlər. Sonralar İsa qorxmadan din rəhbərlərini ifşa etdi — onların qəddarlığı əslində atalarının İblis olduğunu göstərirdi (Yəh. 8:44). Yəhyanın əvvəlcədən dediyi xəbərdarlığı gücləndirərək, İsa onları «gürzələr nəsli» adlandırıb soruşdu: «Cəhənnəm [«Gehenna», YD] məhkumiyyətindən necə qaçacaqsınız?» (Mat. 23:33). İsa «Gehenna» deyəndə nəyi nəzərdə tuturdu?
4. İsa Gehenna sözünü işlətməklə nə demək istəyirdi?
4 Gehenna Yerusəlimin divarlarından kənarda yerləşən vadi idi. Orada zibilləri və ölü heyvanların cəsədlərini yandırırdılar. İsa Gehenna sözünü əbədi ölümün simvolu kimi işlədirdi. (27-ci səhifəyə bax.) Onun Gehennadan qaçmağa dair verdiyi sual göstərirdi ki, həmin din rəhbərləri bir sinif kimi əbədilik məhv olmağa layiqdirlər (Mat. 5:22, 29).
5. Tarix Yəhyanın və İsanın xəbərdarlığının yerinə yetdiyini necə sübut edir?
5 Yəhudi rəhbərləri İsanı və davamçılarını təqib etməklə günahlarının üstünə günah artırdılar. Yəhyanın və İsanın xəbərdarlıq etdiyi kimi, bir qədər sonra Allahın qəzəb günü gəldi. Həmin vaxtı ‘gələcək qəzəb’ yalnız bir yerə, Yerusəlimə və Yəhudeyaya yönəldildiyindən hərfi mənada qaçmaq mümkün ola bilərdi. Qəzəb eramızın 70-ci ilində Roma qoşunlarının Yerusəlimi və oradakı məbədi yerlə yeksan etdikləri zaman gəldi. Yerusəlimin başına hələ o cür «məşəqqət» gəlməmişdi. Çoxları qətlə yetirildi və ya əsir aparıldı. Bu, məsihçi olduqlarını iddia edənləri və başqa dinlərin üzvlərini gözləyən məhvə işarə edirdi (Mat. 24:21).
Qaçmalı olduğumuz gələcək qəzəb
6. Erkən məsihçi yığıncağında nə baş qaldırdı?
6 Erkən məsihçilərdən bəziləri dönük çıxdılar və bir çoxlarını öz arxalarınca apardılar (Həv. iş. 20:29, 30). Nə qədər ki, İsanın həvariləri sağ idilər, belə dönüklüyə ‘maneçilik törədirdilər’, ancaq onlar öləndən sonra çoxlu məsihçi təriqətləri yarandı. Bu gün Xristian dünyasında bir-birinə zidd olan yüzlərlə din mövcuddur. Müqəddəs Kitab xristian ruhanilərini bir qrup şəklində «qanunsuz adam» və ‘Rəbb İsanın öldürəcəyi və Öz gəlişinin izharı ilə məhv edəcəyi’ «həlak olacaq şəxs» kimi təsvir edərək, onların baş qaldıracağına işarə etmişdi (2 Salon. 2:3, 6-8).
7. «Qanunsuz adam» ifadəsi nə üçün Xristian dünyasının ruhanilərinə müvafiqdir?
7 Xristian dünyası o mənada qanunsuzdur ki, Müqəddəs Kitaba zidd olan təlimləri, bayramları və davranış tərzini yayaraq, milyonlarla insanı aldatmışdır. İsanın mühakimə etdiyi din rəhbərləri kimi, «həlak olacaq şəxs»in bir hissəsi olan müasir ruhanilər sinfi də, dirilməyə ümidləri olmadan məhv ediləcəklər (2 Salon. 1:6-9). Bəs belə isə, Xristian dünyasının və ya başqa yalan dinlərin rəhbərləri tərəfindən aldadılan insanları nə gözləyir? Bu suala cavab vermək üçün gəlin b. e. ə. 607-ci ildə Yerusəlimin ilk dəfə məhv edilməsindən sonra baş verən hadisələrə nəzər salaq.
«Babilin içindən qaçın»
8, 9. a) Yeremyanın Babildə əsarətdə olan yəhudilər üçün hansı peyğəmbərlik xəbəri var idi? b) Babilin midiyalılar və farslar tərəfindən zəbt edilməsindən sonra yəhudilər üçün hansı mənada qaçmaq mümkün oldu?
8 Yeremya peyğəmbər Yerusəlimin b. e. ə. 607-ci ildə baş verən məhvini qabaqcadan xəbər vermişdi. O demişdi ki, Allahın xalqı əsir aparılacaq, ancaq ‘yetmiş il bitəndə’ vətənə qaytarılacaq (Yer. 29:4, 10). Babildə əsarətdə olan yəhudilər üçün Yeremyanın vacib xəbəri var idi: onlar Babildə yayılan yalan dinlərlə özlərini ləkələməməli idilər. Beləliklə onlar Yehovanın təyin etdiyi vaxtda Yerusəlimə dönməyə və təmiz ibadəti bərpa etməyə hazır olacaqdılar. Bu, midiyalıların və farsların b. e. ə. 539-cu ildə Babili zəbt etməsindən az sonra baş verdi. Fars padşahı II Kir yəhudilərin vətənlərinə dönüb, Yerusəlimdə Yehovanın məbədini bərpa etmələri haqda fərman verdi (Ezra 1:1-4).
9 Minlərlə yəhudi bu fürsətdən istifadə edib vətənə qayıtdı (Ezra 2:64-67). Belə davranmaqla onlar Yeremyanın peyğəmbərlik əmrini yerinə yetirdilər: onların vəziyyətində qaçmaq başqa yerə getmək demək idi. (Yeremya 51:6, 45, 50 ayələrini oxu.) Şərait bütün yəhudilərə Yerusəlimə və Yəhudaya uzaq səfərə yollanmağa imkan vermirdi. Yaşlı Daniel peyğəmbər kimi, Babildə qalanlar, Yerusəlimdə mərkəzləşən təmiz ibadəti ürəkdən dəstəklədikləri və Babilin yalan dinlərindən uzaq durduqları təqdirdə Allahdan xeyir-dua ala bilərdilər.
10. «Böyük Babil» hansı ‘iyrəncliklərə’ görə məsuliyyət daşıyır?
10 Hal-hazırda milyardlarla insan əsasını qədim Babildən götürmüş yalan dinin müxtəlif növlərinə cəlb edilmişdir (Yar. 11:6-9). Həmin dinlər ümumilikdə «Böyük Babil, dünyanın fahişələrinin və iyrəncliklərinin anası» kimi damğalanıb (Vəhy 17:5). Ta qədimdən yalan din bu dünyanın siyasi rəhbərlərini dəstəkləyir. Onun məsuliyyətini daşıdığı ‘iyrəncliklərin’ arasında çoxsaylı müharibələr vardır ki, onların da nəticəsində yüz milyonlarla insan ‘yer üzündə qətl edilmişdir’ (Vəhy 18:24). Digər ‘iyrəncliklərə’ ruhanilər tərəfindən törədilən və kilsənin səlahiyyətli şəxslərinin göz yumduğu azyaşlı uşaqların zorlanması və cinsi əxlaqsızlığın başqa formaları daxildir. Bütün bunları nəzərə alsaq, Yehova Allahın tezliklə yeri yalan dinlərdən təmizləyəcəyinə şübhə etmək olarmı? (Vəhy 18:8).
11. Böyük Babil məhv edilənə kimi həqiqi məsihçilərin üzərinə hansı məsuliyyət düşür?
11 Bunu bilən həqiqi məsihçilərin üzərinə Böyük Babilin üzvlərini xəbərdar etmək məsuliyyəti düşür. Bunu etməyin bir üsulu Müqəddəs Kitabı və İsanın «vaxtlı-vaxtında» ruhani yemək vermək üçün təyin etdiyi ‘sadiq və ağıllı qulun’ Müqəddəs Kitab əsasında nəşr etdiyi ədəbiyyatları paylamaqdır (Mat. 24:45). İnsanlar Allahın Kəlamındakı xəbərə maraq göstərəndə Müqəddəs Kitab öyrənməsi vasitəsilə onlara kömək edilir. Ümidvarıq ki, onlar nə qədər ki gec deyil, ‘Babilin içindən qaçmağın’ vacibliyini başa düşəcəklər (Vəhy 18:4).
Bütpərəstlikdən qaçın
12. Allah surətlərə və bütlərə sitayiş edilməsinə necə yanaşır?
12 Böyük Babildə yayılan iyrənc əməllərdən biri də surətlərə və bütlərə sitayişdir. Allah onları ‘iyrənc şeylər’ və ‘iyrənc bütlər’ adlandırır (Qanun. t. 29:17). Allahı razı salmaq istəyən hər kəs Onun: «Mən Yehovayam, ismim odur; və izzətimi bir başqasına və həmdimi oyma bütlərə verməyəcəyəm» sözlərinə müvafiq olaraq bütpərəstlikdən qaçmalıdır (Yeşaya 42:8, KM ).
13. Bizə bütpərəstliyin hansı gizlin formalarından qaçmaq lazımdır?
13 Allahın Kəlamında bütpərəstliyin gizli növləri də ifşa edilir. Məsələn, orada tamahkarlıq «bütpərəstlik» adlandırılır. Tamahkarlıq qadağan olunmuş bir şeyi, məsələn, başqasına məxsus olan şeyi arzulamaq deməkdir (Çıx. 20:17). Sonralar Şeytan İblis olan mələk Haqq-Taala kimi olmağı və özünə ibadət edilməsini acgözlüklə arzuladı (Luka 4:5-7). Bunun da nəticəsində, Şeytan Yehovaya qarşı üsyan qaldırdı və Həvvanı Allahın qadağan etdiyi şeyə tamah salmağa sövq etdi. Həmçinin Adəm öz xudbin ehtirasını — arvadı ilə birlikdə olmağı onu sevən səmavi Atasına tabe olmaqdan üstün tutduğu üçün müəyyən mənada bütpərəstlik etdi. Bunun əksinə olaraq, Allahın qəzəb günündən qaçmaq istəyən hər bir kəs Ona son dərəcə sadiq qalmalı və bu cür tamahkarlıqdan özünü gözləməlidir.
‘Əxlaqsızlıqdan qaçın’
14-16. a) Nə üçün Yusif gözəl əxlaq nümunəsidir? b) Ürəyimizdə natəmiz cinsi arzular baş qaldırarsa, nə etməliyik? c) Əxlaqsızlıqdan necə qaça bilərik?
14 1 Korinflilərə 6:18 ayəsini oxua. Potifarın arvadı Yusifi yoldan çıxarmaq istəyəndə Yusif hərfi mənada ondan qaçdı. Həm subay, həm də evli məsihçilər üçün necə də gözəl nümunədir! Aydındır ki, Yusifin vicdanı əvvəllər Allahın əxlaqsızlığa münasibətini göstərən hadisələr əsasında formalaşmışdı. ‘Əxlaqsızlıqdan qaçın’ əmrinə tabe olmaq istəyiriksə, həyat yoldaşımızdan başqa bir şəxsə qarşı ehtiras oyada bilən şeylərdən uzaq duracağıq. Müqəddəs Kitabda deyilir: «Daxili varlığınızın dünyəvi yönlərini — cinsi əxlaqsızlıq, natəmizlik, şəhvət, pis ehtiras və bütpərəstlik olan tamahkarlığı — öldürün. Bunlardan ötrü Allahın qəzəbi itaətsiz insanlar üzərinə gəlir» (Kolos. 3:5, 6).
15 Diqqət yetirin ki, «Allahın qəzəbi... gəlir». Bu dünyada çoxları özündə düzgün olmayan cinsi arzular inkişaf etdirir və onların quluna çevrilir. Buna görə də, natəmiz cinsi arzular bizə hakim kəsilməsin deyə, dua edib Allahdan kömək və müqəddəs ruh istəməliyik. Bundan başqa, Müqəddəs Kitabı öyrənmək, məsihçi görüşlərinə getmək, eləcə də xoş xəbəri insanlarla bölüşmək ‘ruha görə hərəkət etməmizə’ kömək edəcək. Beləliklə, biz ‘cismani təbiətin arzusunu əsla icra etməyəcəyik’ (Qalat. 5:16).
16 Sözsüz ki, əgər pornoqrafiyaya baxırıqsa, ‘ruha görə hərəkət etməyəcəyik’. Hər bir məsihçi ehtiras oyadan materialı oxumaqdan, ona baxmaq və ya qulaq asmaqdan özünü qorumalıdır. Buna bənzər tərzdə, Allahın ‘müqəddəslərinə’ belə mövzuda zarafat etmək və ya öz aralarında onları müzakirə etmək yaraşmaz (Efes. 5:3, 4). Belə etməklə, bizi sevən səmavi Atamıza göstəririk ki, həqiqətən də onun gələn qəzəbindən qurtulmaq və salehliyin hökm sürəcəyi yeni dünyada yaşamaq istəyirik.
‘Pulpərəstlikdən’ qaçın
17, 18. ‘Pulpərəstlikdən’ nə üçün qaçmalıyıq?
17 Timoteyə birinci məktubunda Pavel məsihçi qulların rəhbər tutmalı olduqları prinsipləri vurğulayırdı. Ola bilsin, onların bəziləri məsihçi ağalarından maddi mənfəət umurdular, digərləri isə məsihçi qardaşlığından xudbin məqsədləri üçün istifadə etməyə çalışırdılar. Pavel «Allah yolunun [maddi] qazanc mənbəyi olduğunu» düşünməyin təhlükəsi haqda xəbərdarlıq edirdi. Problemin kökü hər bir kəsə, həm varlıya, həm də kasıba pis təsir göstərən ‘pulpərəstlik’ ola bilərdi (1 Tim. 6:1, 2, 5, 9, 10).
18 ‘Pulpərəstliyə’, yaxud pulla alınan əhəmiyyətsiz şeyləri sevdiklərinə görə Allahla münasibətlərini pozan Müqəddəs Kitab personajlarını yadına sala bilərsənmi? (Yeşua 7:11, 21; 2 Pad. 5:20, 25-27). Pavel Timoteyi təşviq edirdi: «Sən isə, ey Allah bəndəsi, bunlardan uzaq qaç, salehlik, Allah yoluna bağlılıq, iman, məhəbbət, təhəmmül, həlimlik yolunu izlə» (1 Tim. 6:11). Qarşıdan gələn qəzəb günündən qurtulmaq istəyən hər kəs üçün bu məsləhətə qulaq asmaq olduqca vacibdir.
‘Gənclik ehtiraslarından qaçın’
19. Hər bir gəncin nəyə ehtiyacı var?
19 Süleymanın məsəlləri 22:15 ayəsini oxu. Gəncin ürəyindəki səfehlik onu asanlıqla düz yoldan sapdıra bilər. Bunun öhdəsindən yalnız Müqəddəs Kitaba əsaslanan tərbiyə gələ bilər. Valideynləri Yehovanın Şahidi olmayan bir çox gənc məsihçilər Allahın prinsiplərini Müqəddəs Kitabdan özləri tapıb tətbiq etməyə çalışırlar. Digərləri isə, yığıncaqdakı ruhən yetkin həmimanlılardan müdrik məsləhətlər alırlar. Müqəddəs Kitaba əsaslanan məsləhəti kimin verməsindən asılı olmayaraq, buna əməl etmək həm indi, həm də gələcəkdə xoşbəxtlik gətirə bilər (İbr. 12:8-11).
20. Gənclər düzgün olmayan arzulardan qaçmaq üçün haradan kömək tapa bilərlər?
20 2 Timoteyə 2:20-22 ayələrini oxu. Lazımi tərbiyəni almadıqları üçün səfehliyin, yəni rəqabətin, tamahın, əxlaqsızlığın, pulpərəstliyin və zövq dalınca qaçmağın qurbanı olan gənclər çoxdur. Bu kimi şeylər Müqəddəs Kitabın bizi qaçmağa təşviq etdiyi ‘gənclik ehtiraslarını’ əks etdirir. Qaçmaq o deməkdir ki, zərərli təsirlərin haradan gəlməsindən asılı olmayaraq, məsihçi gənc özünü onlardan qoruyur. «Rəbbi çağıranların hamısı ilə birlikdə» Allaha məqbul keyfiyyətlərə can atmaq məsləhəti xüsusilə faydalıdır.
21. İsa Məsih davamçıları haqqında hansı möhtəşəm vədi vermişdir?
21 İstər gənc olaq, istər yaşlı bizi yoldan çıxarmaq istəyən insanlara qulaq asmamağımız göstərəcək ki, biz İsanın ‘yadların səsindən qaçan’ davamçıları arasında olmaq istəyirik (Yəh. 10:5). Ancaq Allahın qəzəb günündən qurtulmaq üçün bizdən təkcə zərərli şeylərdən qaçmaq tələb olunmur. Biz həm də yaxşı keyfiyyətlərə can atmalıyıq. Növbəti məqalədə onlardan yeddisini araşdıracağıq. Onları daha dərindən araşdırmağa bizim tutarlı səbəblərimiz var, çünki İsa möhtəşəm bir vəd vermişdir: «Mən onlara [qoyunlarıma] əbədi həyat verirəm. Onlar əsla həlak olmazlar; və kimsə onları əlimdən oğurlaya bilməz» (Yəh. 10:28).
[Haşiyə]
a 1 Korinflilərə 6:18 (İ–93): «Əxlaqsızlıqdan qaçının: insanın etdiyi bütün günahlar bədənin xaricindədir, əxlaqsız isə, öz şəxsi bədəninə qarşı günah işlədir».
Necə cavab verərdiniz?
• İsa din rəhbərlərinə hansı xəbərdarlığı verdi?
• Bu gün milyonlarla insan hansı təhlükə qarşısındadır?
• Bütpərəstliyin hansı gizli formalarından qaçmalıyıq?
[8 və 9-cu səhifələrdəki şəkillər]
«Qaçmaq» sözünü eşidəndə ağlınıza nə gəlir?