‘Öz xahişlərinizi Allaha bildirin’
«Hər şeydə, duada və ricada, şükr ilə öz xahişlərinizi Allah qarşısında bildirin» (FİLİPİLİLƏRƏ 4:6, İ-93).
1. Bizim kiminlə ünsiyyətdə olmaq üstünlüyümüz vardır və nə üçün bu valehedicidir?
ƏGƏR sən öz ölkənin prezidentinin rəsmi qəbuluna düşməyi xahiş etsəydin, nə cavab alardın? Yəqin ki, onun idarəsindən xahişinə nəzakətlə cavab verərdilər, ancaq prezidentin özü ilə danışmağa, çox güman ki, icazə verilməzdi. Ancaq ən böyük Hökmdar, Kainatın Hökmdarı Yehova Allah ilə hər şey başqa cürdür. Biz Ona olduğumuz hər yerdən və seçdiyimiz hər vaxt müraciət edə bilərik. Məqbul dualar həmişə Ona çatacaq (Süleymanın məsəlləri 15:29). Bu, həqiqətən də çox möhtəşəmdir! Minnətdarlıq hissi bizi, münasib olaraq «duaları eşidən» adlanan Allaha müntəzəm dua etməyə təşviq etməməlidirmi? (Məzmur 65:2).
2. Dualarımızın Allaha məqbul olması üçün nə vacibdir?
2 Ancaq bə’ziləri soruşa bilərlər: «Hansı dualar Allaha məqbuldur?» Dualarımızın Yehovaya məqbul olması üçün Müqəddəs Kitab bir vacib şeyi izah edir: «İman etmədən Allaha məqbul olmaq isə qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan iman etməlidir ki, O var və Onu axtaranlara mükafat verir» (İbranilərə 11:6). Bəli, keçən məqalədə izah edildiyi kimi, Allaha yaxınlaşmaq üçün əsas amil imandır. Allah Ona müraciət edənlərin dualarını qəbul etməyə hazırdır, ancaq onlar da bunu imanla, səmimi və təmiz qəlblə etməli, yaxşı işlər görməlidirlər.
3. a) Qədimdə yaşayan sadiq xidmətçilərin dualarından göründüyü kimi duamıza nələri daxil edə bilərik? b) Dualarımız hansı formada ola bilər?
3 Həvari Pavel öz günlərində olan məsihçilərə nəsihət verirdi: «Heç nəyin qeydinə qalmayın, amma hər şeydə, duada və ricada, şükr ilə öz xahişlərinizi Allah qarşısında bildirin» (Filipililərə 4:6, 7, İ–93). Müqəddəs Kitabda qayğılarını Allahın üzərinə qoyan bir çox adamların nümunələri vardır. Onlardan bə’ziləri Xanna, İlyas, Xizqiya və Daniel idi (1 Şamuel 2:1-10; 1 Padşahlar 18:36, 37; 2 Padşahlar 19:15-19; Daniel 9:3-21). Biz onların nümunəsini izləməliyik. Həmçinin Pavelin sözlərindən görünür ki, dualar müxtəlif cür ola bilər. O, şükranı xatırlatdı. Şükran Allaha bizim üçün etdiklərinə görə minnətdarlığımızı bildirdiyimiz duadır. Bu duada Allaha həmd də edə bilərik. Rica təvazökar, səmimi yalvarışdır. Biz konkret bir şeyə görə də xahişlərimizi bildirə bilərik (Luka 11:2, 3). Səmavi Atamız bu cür etdiyimiz müraciəti sevinclə qəbul edir.
4. Yehova tələbatlarımızı bilsə də, xahişlərimizi Ona nə üçün bildiririk?
4 Bə’ziləri soruşa bilərlər: «Məgər Yehova nəyə ehtiyacımız olduğunu bilmir?» Bəli, O bunlardan xəbərdardır (Matta 6:8, 32). Belə isə nə üçün xahişlərimizi Ona söyləməyimizi istəyir? Bir nümunəyə diqqət yetirək: mağaza sahibi müştərilərinə hədiyyə təklif edir. Ancaq bu hədiyyəni əldə etmək üçün müştəri sahibin yanına gəlib, onu istəməlidir. Hədiyyəni almağa cəhd göstərməyənlər, əslində onu qiymətləndirmədiklərini göstərəcəklər. Əgər biz də duada xahişlərimizi bildirmiriksə, bu, Yehovanın təqdim etdiklərinə görə minnətdar olmadığımızı göstərir. İsa demişdi: «İstəyin və alarsınız» (Yəhya 16:24). Bu yolla biz Allaha e’tibar etdiyimizi göstəririk.
Allaha necə dua etməliyik?
5. Nə üçün İsanın adı ilə dua etməliyik?
5 Dua etməyə dair Yehova çoxlu sərt qanunlar tərtib etməyib. Buna baxmayaraq, Müqəddəs Kitabda izah edildiyi kimi, Allaha düzgün müraciət etməyi öyrənməliyik. Məsələn, İsa davamçılarına öyrətmişdi: «Atadan Mənim adımla hər nə istəyərsinizsə, onu sizə verəcəkdir» (Yəhya 16:23). Beləliklə, biz Allahın bəşəriyyətə yalnız İsa Məsih vasitəsilə xeyir-dua verdiyini e’tiraf edərək, onun adı ilə dua etməliyik.
6. Dua edərkən hansı duruş tərzi almalıyıq?
6 Dua edərkən hansı duruş tərzi almalıyıq? Müqəddəs Kitabda dualarımızın eşidilməsi üçün heç bir duruş tərzi müəyyən edilməyib (1 Padşahlar 8:22; Nehemya 8:6; Mark 11:25; Luka 22:41). Ən vacibi Allaha səmimi və təmiz qəlblə dua etməkdir (Yoel 2:12, 13).
7. a) «Amin» sözünün mə’nası nədir? b) Münasib olaraq bu söz duada necə istifadə edilir?
7 Bəs duanın sonunda deyilən «amin» sözü haqqında nə demək olar? Müqəddəs Yazılar göstərir ki, bu, dualarımıza, xüsusilə də hamı qarşısında edilən duaya münasib yekundur (Məzmur 72:19; 89:52). İbrani sözü olan «amen»in əsas mə’nası «doğrudur» deməkdir. Mak-Klintok və Stronqun ensiklopediyasının izahına görə, duanın sonunda «amin» demək «duada deyilənləri təsdiq etməyi və onların yerinə yetməsini diləməyi» bildirir. Beləliklə, səmimi qəlbdən «amin» deməklə, dua edən şəxs indicə dediklərinə dair əminliyini ifadə edir. Yığıncağı duada təmsil edən məsihçi sonda «amin» deyəndə, dinləyicilər deyilənlərlə ürəkdən razı olduqlarını bildirmək üçün ürəklərində və ya eşidilən tərzdə «amin» söyləyə bilərlər (1 Korinflilərə 14:16).
8. Bə’zi dualarımız Yaqub və İbrahimin dualarına necə bənzəyə bilər və bu bizim haqqımızda nəyi göstərəcək?
8 Bə’zən Allah, haqqında dua etdiyimiz məsələlərin bizim üçün nə dərəcədə vacib olduğunu göstərməyimizə yol verə bilər. Elə ola bilər ki, bizə xeyir-duaları almaq üçün bütün gecəni mələklə mübarizə aparan qədimdə yaşayan Yaqub kimi olmaq lazım gəlsin (Yaradılış 32:24-26). Yaxud bə’zən, Lut və Sodomda ola biləcək başqa saleh adamlar üçün təkrar-təkrar Yehovaya müraciət edən İbrahim kimi davranmalı olarıq (Yaradılış 18:22-33). O cümlədən, Yehovanın ədalət, məhəbbət və mərhəmətinə sığınıb, bizim üçün qiymətli olan şeylər üçün də Ona yalvara bilərik.
Nə haqda xahiş etmək olar?
9. Dualarımızın əsas mövzusu nə olmalıdır?
9 Pavel demişdi: «Hər şeydə... öz xahişlərinizi Allah qarşısında bildirin» (Filipililərə 4:6). Beləliklə, həyatımızın hər sahəsi haqqında dua edə bilərik. Ancaq dualarımızda əsas yeri Yehovanın maraqları tutmalıdır. Daniel bunda bizə gözəl nümunə qoymuşdur. İsrail günahlarına görə cəzasını çəkəndə, Daniel Yehovaya mərhəmət göstərməsi üçün yalvararaq deyirdi: «Ey Allahım, Öz adın naminə gecikmə» (Daniel 9:15-19). Bəs bizim dualardan görünürmü ki, Yehovanın adının müqəddəs tutulması, iradəsinin yerinə yetməsi bizim üçün ən başlıca əhəmiyyəti kəsb edir?
10. Haradan bilirik ki, şəxsi məsələlər barədə dua etmək münasibdir?
10 Şəxsi məsələlər haqqında da xahişlərimizi bildirmək münasibdir. Məsələn, məzmurçu kimi biz də Allahın dərin düşüncələrini başa düşmək üçün dua edə bilərik. O dua edirdi: «Mənə ağıl ver, qanununa görə yaşayım, bütün qəlbimlə ona bağlanım» (Məzmur 119:33, 34; Koloslulara 1:9, 10). İsa ‘Onu ölümdən xilas etməyə qadir olan Allaha dualar və xahişlər etmişdi’ (İbranilərə 5:7). Belə etməklə o göstərmişdir ki, təhlükə və ya sınaqlarla üzləşərkən Allahdan güc istəmək münasibdir. Şagirdlərinə nümunəvi duanı söyləyərkən İsa ona günahların bağışlanması, gündəlik qidanın əldə edilməsi kimi şəxsi məsələləri də daxil etdi.
11. Şirnikdirici təkliflərə uymamaq üçün dua bizə necə kömək edə bilər?
11 Həmin nümunəvi duaya İsa bir xahiş də daxil etmişdir: «Bizi imtahana çəkmə, lakin bizi şərdən xilas et» (Matta 6:9-13). Sonralar o, məsləhət verdi: «Oyaq durub dua edin ki, imtahana uğramayasınız» (Matta 26:41). İmtahanlarla üzləşəndə dua etmək xüsusilə vacibdir. Ola bilsin ki, işdə və ya məktəbdə yaranan vəziyyət bizi Müqəddəs Kitab prinsiplərini pozmağa şirnikləndirsin. Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamayan tanışlarımız şübhəli işlərdə onlara qoşulmağı təklif edə bilərlər. Bizdən saleh normalara zidd gedən işi görməyi xahiş edə bilərlər. Belə vaxtlarda yaxşı olardı ki, İsanın məsləhətinə əməl edərək, həm qabaqcadan, həm də imtahanla üzləşəndə məğlub olmamaq üçün Allaha dua edib Ondan kömək istəyək.
12. Hansı məsələlərlə bağlı narahatlıqlarımızı duada söyləyə bilərik və Yehova buna necə münasibət göstərir?
12 Bu gün Allahın xidmətçilərinin həyatında müxtəlif təzyiqlər və narahatlıqlar olur. Bir çoxlarının əsas narahatlığı xəstəlik və emosional gərginliklə bağlıdır. Ətrafımızdakı zorakılıqlar həyatımızı gərginləşdirir. İqtisadi çətinlik ucbatından çörək pulu qazanmaq gündən-günə çətinləşir. Yehovanın bu məsələlər barədə dua edən xidmətçilərini dinlədiyini bilmək necə də təsəllivericidir! Məzmur 102:17 ayəsi Yehova haqqında deyir: «Yoxsulların duasına qulaq asacaq, yalvarışlarına xor baxmayacaq».
13. a) Hansı şəxsi məsələlər barədə dua etmək münasibdir? b) Belə duaya dair nümunə gətirin.
13 Xidmətimizə və Yehova ilə münasibətimizə aidiyyəti olan hər bir şey duamızın mövzusu ola bilər (1 Yəhya 5:14). Əgər sən nikah, iş və ya xidmətini genişləndirmək barədə bir qərara gəlməlisənsə, Allaha bunları söyləyərək ondan rəhbərlik istəməyə çəkinmə. Filippində yaşayan cavan bacı tammüddətli xidmət etmək istəyirdi. Ancaq onun özünü tə’min etmək üçün işi yox idi. O danışır: «Bir şənbə mən Yehovaya konkret olaraq pioner xidməti barədə dua etdim. Həmin günü təbliğdə bir yeniyetməyə kitab təklif etdim. Gözlənilmədən qız dedi: “Bazar ertəsi siz mütləq mənim oxuduğum məktəbə gedin”. Səbəbini soruşanda qız cavab verdi ki, orada iş var və mümkün qədər tez işçi tapmaq istəyirlər. Mən ora getdim və dərhal işə qəbul oldum. Hər şey elə sür’ətlə baş verdi ki». Bütün yer üzündə olan çox sayda şahidlərlə belə hadisələr baş verib. Beləliklə, öz səmimi xahişlərini Allaha duada bildirməyə çəkinmə!
Günah işlədəndə
14, 15. a) Nə üçün günah işlətdəndə də dua etməyi dayandırmaq olmaz? b) İnsana ruhani cəhətdən sağalmağa şəxsi dualardan başqa nə kömək edə bilər?
14 Günah edən zaman dua necə kömək edə bilər? Xəcalət çəkdiklərindən, günah işlədənlərin bə’ziləri dua etmirlər. Ancaq bu heç də ağıllı hərəkət deyildir. Misal üçün, təyyarəçilər bilirlər ki, əgər onlar azsalar, kömək almaq üçün hava nəqliyyatı dispetçerilə əlaqə saxlaya bilərlər. Bəs əgər təyyarəçi azdığı üçün utanıb, dispetçerlə əlaqə saxlamasa, onda necə? Bu, fəlakətlə nəticələnə bilər! Günah işlətdiyi üçün Allaha dua etməyə utanan insan özünə daha çox zərər vura bilər. İşlədilən günaha görə xəcalət hissi Yehova ilə ünsiyyətə son qoymamalıdır. Ciddi günah edənləri Allah dua etməyə çağırır. Yeşaya peyğəmbər o dövrdə yaşayan günahkarları Yehovaya müraciət etməyə təşviq edirdi: «Onun əfvi boldur» (Yeşaya 55:6, 7). Əlbəttə, günah işlədən əvvəlcə günahdan dönüb, səmimi qəlbdən tövbə etməli, sonra Yehovaya yalvarmalıdır (Məzmur 119:58; Daniel 9:13).
15 Günah işlədən zaman dua etmək başqa bir səbəbdən də vacibdir. Şagird Yaqub ruhani köməyə ehtiyacı olan kəs haqqında deyir: «Qoy imanlılar cəmiyyətinin ağsaqqallarını çağırtsın... Onlar da onun üçün dua etsinlər... Rəbb onu ayağa qaldırar» (Yaqub 5:14, 15). Bəli, insan şəxsən özü duada Yehovaya günahını e’tiraf etməlidir, lakin o, ağsaqqallardan da onun üçün dua etmələrini xahiş edə bilər. Bu ona ruhani cəhətdən sağalmağa kömək edəcəkdir.
Duaların cavabları
16, 17. a) Yehova dualara necə cavab verir? b) Hansı nümunə göstərir ki, dua və təbliğ işi bir-biri ilə sıx bağlıdır?
16 Allah dualarımıza necə cavab verir? Bə’ziləri dualarına dərhal və aydın şəkildə cavab ala bilərlər (2 Padşahlar 20:1-6). Başqaları isə bir qədər gec cavab alar və ya cavab çətin başa düşülə bilər. Yaxud İsanın nümunəsində hakimin yanına gəlməyə davam edən dul qadın kimi, bizə də Allaha dəfələrlə müraciət etmək lazım gələ bilər (Luka 18:1-8). Ancaq əmin ola bilərik ki, Yehovanın iradəsinə uyğun tərzdə dua edəndə O, heç vaxt bizə: «Məni narahat etmə» deməyəcək (Luka 11:5-9).
17 Yehovanın bir çox xidmətçiləri öz təcrübələri əsasında əmin olmuşlar ki, Allah onların dualarına cavab verir. Bu, çox vaxt təbliğ xidməti zamanı aydın görünür. Məsələn, Filippində iki məsihçi bacı uzaq ərazidə Müqəddəs Kitaba əsaslanan ədəbiyyat paylayırdı. Bir qadına traktat verəndə onun gözləri yaşardı. O dedi: «Keçən gecə Allaha dua edirdim ki, Müqəddəs Kitabı öyrənmək üçün yanıma adam göndərsin, indi mənə elə gəlir ki, bu mənim duama cavabdır». Az sonra qadın Padşahlıq Zalında keçirilən görüşlərə gəlməyə başladı. Cənub-şərqi Asiyanın digər hissəsində bir qardaş mühafizə edilən yaşayış kompleksində təbliğ etməkdən qorxurdu. Lakin o, Yehovaya dua etdi, cəsarətini toplayaraq binaya girdi. Bir mənzilin qapısını gənc qadın açdı. Qardaş gəlişinin səbəbini izah edəndə o, ağlamağa başladı, Yehovanın Şahidlərini axtardığını və onları tapmaq üçün dua etdiyini söylədi. Qardaş Yehovanın Şahidlərinin yerli yığıncağı ilə əlaqə yaratmağa sevinclə ona kömək etdi.
18. a) Dualarımıza cavab alanda nə etməliyik? b) Əgər hər fürsət yarananda dua ediriksə, nəyə əmin ola bilərik?
18 Dua həqiqətən də Allahın ən’amıdır. Yehova dualara qulaq asmağa və cavab verməyə hazırdır (Yeşaya 30:18, 19). Ancaq biz də diqqətli olmalıyıq ki, Yehovanın dualarımıza verdiyi cavabı duyaq. Cavab həmişə gözlədiyimiz kimi olmur. Amma Onun rəhbərliyini hiss edəndə heç vaxt minnətdarlığımızı bildirməyi və Onu izzətləndirməyi unutmamalıyıq (1 Salonikililərə 5:18). Bundan başqa, həvari Pavelin bu nəsihətini həmişə yadda saxlayın: «Hər şeydə, duada və ricada, şükr ilə öz xahişlərinizi Allah qarşısında bildirin». Bəli, Allahla danışmaq üçün hər fürsətdən istifadə edin. Bu yolla siz Pavelin, dualarına cavab alanlar haqqında yazdığı sözlərin həqiqiliyini öz üzərinizdə hiss edəcəksiniz: «Hər cür ağıldan üstün olan Allahın sülhü ürəklərinizi və düşüncələrinizi qoruyacaqdır» (Filipililərə 4:6, 7, İ–93).
Cavab verə bilərsinizmi?
• Dualarımız hansı formada ola bilər?
• Biz necə dua etməliyik?
• Dualarımıza nəyi daxil etməliyik?
• Günah işlədən zaman duanın rolu nədən ibarətdir?
[29-cu səhifədəki şəkillər]
Səmimi dua bizə şirnikdirici təkliflərə uymamağa kömək edir.
[31-ci səhifədəki şəkillər]
Minnətdarlığımızı, qayğı və xahişlərimizi Allaha duada bildiririk.