«Ayıq durun»
«Hər şeyin axırı yaxındır. ...Dua etmək üçün ayıq durun» (1 PET. 4:7).
1. İsanın təlimlərinin başlıca mövzusu nə idi?
İSA MƏSİH yer üzündə yaşayanda onun təlimlərinin başlıca mövzusu Allahın Padşahlığı idi. Bu Padşahlıq vasitəsilə Yehova Öz ali hökmranlığına bəraət qazandıracaq və adını təqdis edəcək. Buna görə də İsa şagirdlərinə: «Səltənətin gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun»,— deyə Allaha dua etməyi öyrədirdi (Mat. 4:17; 6:9, 10). Bu səmavi hökumət çox tezliklə Şeytanın sistemini məhv edəcək, sonra isə Allahın iradəsinin bütün yer üzündə yerinə yetirilməsinin qayğısına qalacaq. Danielin peyğəmbərlik etdiyi kimi, Allahın Padşahlığı «bütün əvvəlki [bugünkü] padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq» (Dan. 2:44).
2. a) İsanın davamçıları onun Padşahlıq hakimiyyətində iştirak etdiyini necə sezə biləcəkdilər? b) Bu əlamət daha nəyə işarə edəcəkdi?
2 Allahın Padşahlığının gəlməsi İsanın davamçıları üçün böyük əhəmiyyət kəsb edirdi, buna görə ondan soruşdular: «Sənin gəlişinə [«iştirakına», YD] və dövrün sonuna əlamət nə olacaq?» (Mat. 24:3). İsanın Padşahlıq hakimiyyətində iştirakı yer üzünün sakinləri üçün gözəgörünməz olacaqdı, bu səbəbdən görünən əlamət təqdim olunmalı idi. Həmin əlamət Müqəddəs Yazılarda peyğəmbərlik edilmiş müxtəlif hadisələrdən ibarət olacaqdı. Buna görə İsanın həmin dövrdə yaşayacaq davamçıları onun göylərdə artıq hökmranlıq etməyə başladığını sezə biləcəkdilər. Həmçinin bu, hal-hazırda yer üzündə hökm sürən və Müqəddəs Kitabda bu pis sistemin ‘axır günləri’ adlanan dövrün başlanğıcına işarə edəcəkdi (2 Tim. 3:1-5, 13; Mat. 24:7-14).
Axır günlərdə ayıq durun
3. Nəyə görə məsihçilər ayıq durmalıdırlar?
3 Həvari Peter yazmışdır: «Hər şeyin axırı yaxındır. Beləliklə, ağlınızı başınıza yığın və dua etmək üçün ayıq durun» (1 Pet. 4:7). İsanın davamçıları onun Padşahlıq hakimiyyətində iştirak etdiyini göstərən dünya hadisələrini müşahidə edərək ayıq durmalı idilər. Bu pis sistemin sonu yaxınlaşdıqca onlar ayıq durmaq üçün daha çox səy göstərməli idilər. İsa şagirdlərinə demişdi: «Oyaq durun. Çünki ev sahibinin [Şeytan dünyasına hökm etmək üçün] nə vaxt gələcəyini... bilməzsiniz» (Mark 13:35, 36).
4. Şeytan dünyasına mənsub olan insanlarla Yehovanın xidmətçilərinin baxışları arasındakı fərqi göstərin. (Həmçinin çərçivəyə baxın.)
4 Ümumi götürdükdə, insanlar Şeytanın hakimiyyəti altındadırlar və onlar dünyada baş verən hadisələrin mənasına diqqət yetirmirlər. Onlar Məsihin Padşahlıq hakimiyyətində iştirak etdiyini anlamırlar. Lakin Məsihin həqiqi davamçıları ayıq qalmağın sayəsində son yüz il ərzində baş verən hadisələrin əsil mənasını başa düşə bilmişlər. 1925-ci ildə Yehovanın Şahidləri anladılar ki, Birinci Dünya müharibəsi və onun ardınca gələn hadisələr Məsihin 1914-cü ildən göylərdə padşahlıq etməyə başladığına əmin olmaq üçün kifayət qədər əsas verir. Beləliklə, Şeytanın hakimiyyəti altında olan bu pis sistemin axır günləri başladı. Bir çox diqqətcil insanlar, mənasını anlamasalar da, Birinci Dünya müharibəsindən öncə və ondan sonrakı dövrün kəskin fərqini aydın görürlər. («Səbatsızlıq dövrünün başlanğıcı» adlı çərçivəyə bax.)
5. Nəyə görə daim ayıq qalmağımız çox vacibdir?
5 Təxminən son yüz il ərzində dünyada baş verən dəhşətli hadisələr axır günlərdə yaşadığımızı göstərir. Yehovanın Məsihə güclü mələkləri ilə Şeytan sisteminə qarşı çıxmaq üçün əmr verməsinə çox az vaxt qalıb (Vəhy 19:11-21). Həqiqi məsihçilərə oyaq durmaq tapşırığı verilib. Beləliklə, bu sistemin sonunu səbirsizliklə gözlədiyimiz ərəfədə bunu daim etmək çox vacibdir (Mat. 24:42). Biz ayıq qalmalı və Məsihin rəhbərliyi altında bütün dünyada gördüyümüz xüsusi bir işi başa çatdırmalıyıq.
Ümumdünya işi
6, 7. Son günlər ərzində Padşahlığın təbliğ işi necə inkişaf etmişdir?
6 Peyğəmbərlik edilmişdi ki, Yehovanın xidmətçilərinin yerinə yetirməli olduqları iş bu pis sistemin son günlərində yaşadığımızı göstərən əlamətin bir hissəsi olacaq. İsa axır günlərdə baş verəcək müxtəlif hadisələri sadalayarkən bu ümumdünya işini təsvir etmişdi. O öz peyğəmbərliyinə növbəti vacib sözləri də daxil etmişdi: «Səmavi Səltənət haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir» (Mat. 24:14).
7 İsanın bu sözləri ilə bağlı olan bəzi faktları nəzərdən keçirək. 1914-cü ildə axır günlər başlayanda xoş xəbəri təbliğ edən insanların sayı olduqca az idi. Lakin indi onların sayı nəzərəçarpacaq dərəcədə artmışdır. Bütün dünyada xoş xəbəri təbliğ edən Yehovanın Şahidlərinin sayı 7 000 000-u aşmış və hal-hazırda 100 000-dən çox yığıncağı təşkil edirlər. 2008-ci ildə Məsihin ölümünün Xatirə Gecəsinə isə Yehovanın Şahidlərindən savayı 10 000 000 insan gəlmişdi. Ötən il ilə müqayisədə bu, böyük artımdır.
8. Nəyə görə müqavimətlər təbliğ işinin müvəffəqiyyətlə davam etməsinə mane ola bilməmişdir?
8 Şeytanın «bu əsrin tanrısı» olmasına baxmayaraq, pis sistemin sonu gəlməzdən öncə bütün xalqlar arasında Allahın Padşahlığı haqqında həqiqətən də əsaslı şahidlik verilir! (2 Kor. 4:4). Dünyanın siyasəti, dinləri, kommersiyası, eləcə də onların istifadə etdikləri təbliğat vasitələri Şeytanın təsiri altındadır. Onda şahidlik işinin böyük uğur qazanmasını nə ilə izah etmək olar? Onu dəstəkləyən Yehovadır. Buna görə də, Şeytanın bu işi dayandırmaq üçün göstərdiyi bütün cəhdlərə baxmayaraq, Padşahlığın təbliği möcüzəli şəkildə davam edir.
9. Nəyə görə demək olar ki, ruhani inkişafımız əsil möcüzədir?
9 Təbliğ işinin müvəffəqiyyəti, Yehovanın xalqının artımı və ruhani inkişafı, demək olar ki, bir möcüzədir. Allahın dəstəyi olmasaydı, yəni O Öz xalqına rəhbərlik verib, onu müdafiə etməsəydi, təbliğ işi qeyri-mümkün olardı. (Matta 19:26 ayəsini oxu.) Biz əmin ola bilərik ki, canla-başla xidmət edən və ayıq duran xalqın ürəyində fəaliyyət göstərən Allahın müqəddəs ruhu sayəsində təbliğ işi müvəffəqiyyətlə başa çatdırılacaq «və son o zaman gələcəkdir». Həmin gün sürətlə yaxınlaşır.
‘Böyük məşəqqət’
10. Böyük məşəqqətin başlanğıcını İsa necə təsvir etmişdi?
10 İndiki pis sistemin sonu ‘böyük məşəqqətlə’ başlayacaq (Vəhy 7:14). Müqəddəs Kitabda həmin hadisənin nə qədər davam edəcəyi yazılmayıb, amma İsa demişdir: «O zaman elə böyük məşəqqət olacaqdır ki, beləsi dünyanın başlanğıcından indiyədək olmamışdır və heç olmayacaqdır» (Mat. 24:21). Orta hesabla 50-60 milyon insanın həyatına son qoymuş İkinci Dünya müharibəsi kimi məşəqqətlə müqayisədə üzümüzə gələn ‘böyük məşəqqət’ daha dəhşətli olacaq. O öz yüksək zirvəsinə Har-Megidon müharibəsində çatacaq. O zaman Yehova Şeytan sisteminin qalıqlarını yer üzündən tamamilə silmək üçün mələklərdən ibarət ordusuna hücuma keçməyi əmr edəcək (Vəhy 16:14, 16).
11, 12. Böyük məşəqqətin başlanğıcına işarə nə olacaq?
11 Müqəddəs Kitab peyğəmbərliyində böyük məşəqqətin birinci mərhələsinin nə zaman başlayacağı haqda deyilmir. Lakin orada onun başlanğıcını göstərən qeyri-adi hadisədən — yalan dinin siyasi qüvvələr tərəfindən tamamilə məhv edilməsindən danışılır. Yalan din Müqəddəs Yazıların «Vəhy» kitabının 17 və 18-ci fəsillərində yer üzündəki siyasi sistemlərlə əxlaqsızlıq edən fahişəyə bənzədilir. Vəhy 17:16 ayəsi göstərir ki, siyasi qüvvələrin ‘fahişəyə nifrət edib, onu pərişan edib, çılpaq qoyacaqları, ətini yeyəcəkləri və onu odla yandıracaqları’ vaxt tezliklə gələcək.
12 Bu hadisələrin vaxtı çatanda Allah bütün yalan dinləri məhv etmək niyyətini siyasi rəhbərlərin ürəyinə salacaq (Vəhy 17:17). Buna görə də demək olar ki, onların məhv edilməsi Allahdan olacaq. Allahın bu hökmü Onun iradəsinə zidd gedən təlimləri uzun müddət ərzində öyrədən və Onun xidmətçilərini təqib edən saxta dinə qarşı yönəlib. Yehovanın sadiq xidmətçilərindən fərqli olaraq, yalan dinin məhvi ümumilikdə dünya üçün gözlənilməz olacaq. Son günlər ərzində Yehovanın Şahidləri insanları bu haqda xəbərdar edirlər.
13. Yalan dinin sürətlə məhv olacağına nə işarə edir?
13 Yalan dinin məhvini görən insanlar üçün bu, əsil şok olacaq. Müqəddəs Kitab peyğəmbərliyində deyilir ki, hətta «yerin hökmdarları» belə deyəcəklər: «Vay, vay sənə... Çünki sənin məhkəmən bir saatın içində gəldi» (Vəhy 18:9, 10, 16, 19). Burada istifadə olunan ‘bir saat’ ifadəsi həmin hadisənin sürətlə baş verəcəyini göstərir.
14. Yehovanın düşmənləri sonuncu dəfə Onun xidmətçilərinə hücum edən zaman Allah onların cavabını necə verəcək?
14 Biz bilirik ki, yalan dinin məhvindən az sonra Yehovanın hökmlərini bəyan edən xidmətçilərin üzərinə hücum olacaq (Yez. 38:14-16). Düşmənlər hücuma keçəndə sadiq xalqını müdafiə edəcəyinə söz verən Yehova ilə üz-üzə gəlməli olacaqlar. O demişdir: ‘Qısqanclığımla və şiddətli qəzəbimlə deyəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm’. (Yezekel 38:18-23 ayələrini oxu.) Yehovanın Kəlamında deyilir: «Sizə [sadiq xidmətçilərinə] toxunan Onun göz bəbəyinə toxunmuş olur» (Zək. 2:8). Beləliklə, düşmənləri bütün dünyada Onun xidmətçilərinə qarşı hücuma keçəndə Yehova onların cavabını verəcək. O hərəkətə keçəndə böyük məşəqqətin son mərhələsi olan Har-Megidon başlayacaq. Məsihin başçılığı altında qüdrətli mələklər ordusu Yehovanın Şeytanın dünyasına qarşı hökmlərini həyata keçirəcək.
Bu bizə necə təsir etməlidir?
15. Bu sistemin sonunun yaxın olduğunu bilmək bizə necə təsir göstərməlidir?
15 Pis sistemin sonunun sürətlə yaxınlaşdığını bilmək bizə necə təsir etməlidir? Həvari Peter yazmışdı: «Əgər bütün bunlar bu cür məhv ediləcəksə, siz necə insanlar olmalısınız? Allahın Gününün zühurunu gözləyib, onu sürətləndirərək müqəddəs və Allaha ixlaskar bir həyat yaşamalısınız» (2 Pet. 3:11). Bu sözlər göstərir ki, davranışımızın Allahın tələblərinə uyğun olduğuna əmin olmaq üçün daima oyaq durmalı və Yehovaya məhəbbətimizi əks etdirən işlər görməliyik. Bura son gəlməzdən öncə Padşahlıq haqqında xoş xəbərin təbliğ işində əlimizdən gələni etmək daxildir. Peter həm də yazmışdı: «Hər şeyin axırı yaxındır. ...Dua etmək üçün ayıq durun» (1 Pet. 4:7). Duada Yehovadan yığıncağı və müqəddəs ruhu vasitəsilə bizə rəhbərlik verməsini xahiş edəndə Ona yaxınlaşır və məhəbbətimizi təzahür etdiririk.
16. Nəyə görə Allahın məsləhətinə ciddi surətdə əməl etməliyik?
16 Yaşadığımız təhlükəli zəmanədə Allahın Kəlamındakı növbəti məsləhətə ciddi surətdə əməl etməliyik: «Nə cür hərəkət etdiyinizə çox diqqət verin, hikmətsiz kimi yox, hikmətli kimi yaşayın. Hər fürsətdən istifadə edin, çünki yaşadığımız günlər şərdir» (Efes. 5:15, 16). Bəşər tarixində hələ heç vaxt bu qədər pislik olmayıb. Şeytan insanları Yehovanın iradəsini yerinə yetirməkdən yayındırmaq üçün əlindən gələn hər şeyi edir. Biz, Allahın xidmətçiləri kimi, bundan xəbərdarıq və yol vermək istəmirik ki, nə isə bizi Allah qarşısında sədaqətimizdən döndərsin. Biz həmçinin tezliklə nə baş verəcəyini bilir, Yehovaya arxalanır və Onun niyyətlərinə şübhə etmirik. (1 Yəhya 2:15-17 ayələrini oxu.)
17. Har-Megidondan sağ çıxanların dirilmə zamanı hansı hissləri keçirəcəklərini təsvir edin.
17 O zaman Allahın ölüləri diriltmək vədi həyata keçəcəkdir, çünki «həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır» (Həv. iş. 24:15). Müqəddəs Kitabda aydın deyilir: «Ölülərin dirilməsi olacaqdır»! Biz buna şübhə etmirik, çünki bu sözlərin arxasında duran Yehovanın Özüdür! Yeşaya 26:19 ayəsində vəd edilir: «Sənin ölülərin yaşayacaq. ...Ey torpaq altında yatanlar, oyanın, sevinc nəğməsini oxuyun... Rəbb də torpaqdakı ölüləri belə dirçəldəcək». İlk növbədə Allahın qədim xalqının vətəninə geri dönməsinə aid olunan bu peyğəmbərlik bizə əminlik verir ki, yeni dünyada bu sözlər həqiqi mənada yerinə yetəcək. Dirilmiş insanlar əzizlərinə qovuşanda necə də böyük sevinc olacaq! Bəli, Şeytan dünyasının sonu yaxındır və biz Allahın yeni dünyasının astanasındayıq. Buna görə də ayıq qalmağımız necə də vacibdir!
Yadınızdadırmı?
• İsanın təlimlərinin başlıca mövzusu nə idi?
• Padşahlığın təbliğ işi nə dərəcədə vüsət alıb?
• Ayıq durmaq nəyə görə olduqca vacibdir?
• Həvarilərin işləri 24:15 ayəsindəki vəd səni necə ruhlandırır?
[16 və 17-ci səhifədəki şəkil və çərçivə]
SƏBATSIZLIQ DÖVRÜNÜN BAŞLANĞICI
«Səbatsızlıq dövrü: yeni dünyadakı avantüra» («The Age of Turbulence: Adventures in a New World»). Bu, Alan Qrinspenin 2007-ci ildə buraxdığı kitabın adıdır. O, demək olar ki, 20 il müddətində dövlətin mərkəzi bank sisteminə nəzarət edən Birləşmiş Ştatların Federal Ehtiyatlar Sisteminin rəhbəri olmuşdur. Qrinspen dünyanın 1914-cü ildən əvvəl və sonrakı vəziyyətinin nəzərəçarpan fərqini təhlil edir:
«1914-cü ildən əvvəl mövcud olan bütün məlumatlardan belə nəticəyə gəlmək olar ki, bu ilə qədər insanlar və xalqlar bir-biri ilə ümumilikdə hörmətlə davranır, həmçinin mədəni və texnoloji nailiyyətlər edirdi; elə təəssürat yaranırdı ki, bəşəriyyət kamilliyə çata bilər. XIX əsr dəhşətli qul alverinə son qoymuşdu. Adama elə gəlirdi ki, törədilən vəhşiliklərin sayı get-gedə azalır. [...] XIX əsr boyunca bütün dünyada elmi-texnoloji ixtiralar sayəsində dəmiryolları, telefon, elektrik işığı, kinematoqrafiya, minik avtomobili və saymaqla qurtarmaq bilməyən saysız-hesabsız müxtəlif məişət avadanlıqları ərsəyə gəldi. Tibbin inkişafı, daha keyfiyyətli qida və içməli suyun əksəriyyət üçün əlçatan olması insan ömrünü uzatdı... Hamı elə düşünürdü ki, inkişafın sonu olmayacaq».
Lakin... «Birinci Dünya müharibəsi, çoxlu dağıntılara səbəb olan İkinci Dünya müharibəsi ilə müqayisədə, ədəb-ərkan və sivilizasiya baxımından daha viranedici oldu: həmin müharibə insanların düşüncəsini alt-üst etdi. Birinci Dünya müharibəsinə qədər, yəni bəşəriyyətin gələcəyinin azad və məhdudiyyətsiz göründüyü zaman yaşayan insanların baxışları yaxşı yadımdadır. Bu gün bizim baxışlarımız bir əsr öncə yaşamış insanların baxışlarından kəskin surətdə fərqlənir, həm də reallığı əks etdirir. Birinci Dünya müharibəsi o dövrdə yaşayan insanların düşüncə tərzini alt-üst etdiyi kimi, terrorizm, qlobal istiləşmə və populizmin dirçəlişi həyat keyfiyyətini yaxşılaşdıran qlobalizasiya dövründə yaşayan bizlərin də düşüncə tərzini alt-üst edəcəkmi? Bu sualın dəqiq cavabını heç kim bilmir».
Qrinspen universitetdə oxuyanda iqtisadiyyat professoru Bencamin Andersonun (1886-1949) dediyi sözləri xatırlayır: «Birinci Dünya müharibəsindən öncəki dünyanın necə olduğunu görən və xatırlayan insanlar o zamanı dərin nostalji hissi ilə yada salırlar. Həmin dövrdə artıq mövcud olmayan təhlükəsizlik hissi hökm sürürdü» («Economics and the Public Welfare»).
2006-cı ildə nəşr etdiyi «Dünyanın məhvi» adlı kitabında Cerald Mayer eyni qənaətə gəlir: «Adətən deyirlər ki, tarixi hadisələr “hər şeyi dəyişir”. Böyük müharibəyə [1914-1918] gəldikdə, bu, doğrudan da belə oldu. Müharibə həqiqətən də hər şeyi: təkcə sərhədləri, hökumətləri və xalqların müqəddaratını deyil, həmçinin o vaxtdan etibarən insanların dünyaya və özlərinə olan baxışını dəyişdi. Bu da əvvəlki kimi təhlükəsiz olmayan müasir dünyanın yaranmasına gətirib çıxardı» («A World Undone»).
[18-ci səhifədəki şəkil]
Har-Megidonda mələklərdən ibarət ordu Yehovanın hökmlərini icra edəcək