Gözün mükafatda olsun
«Mükafat üçün hədəfə doğru qaçıram» (FİLİP. 3:14).
1. Həvari Pavelə hansı mükafat təklif olunmuşdu?
TARSUSLU Şaul kimi tanınan həvari Pavel adlı-sanlı ailədə dünyaya göz açmışdı. O, məşhur Qanun müəllimi Qamliyel tərəfindən ata-babalarının dininə öyrədilmişdi (Həv. iş. 22:3). Çoxlarının fikrincə, Paveli qarşıda gözəl gələcək gözləyirdi, lakin o öz dinini tərk edib məsihçi oldu. Pavel ona təklif olunan əbədi həyat mükafatını — Allahın səmavi Padşahlığında ölməz padşah və kahin olacağı vaxtı səbirsizliklə gözləyirdi. Həmin Padşahlıq yerüzü Cənnəti idarə edəcək (Mat. 6:10; Vəhy 7:4; 20:6).
2, 3. Pavel göylərdə əbədi yaşamaq mükafatını nə dərəcədə qiymətləndirirdi?
2 Bu mükafatı nə qədər qiymətləndirdiyini göstərərək Pavel dedi: «Mənə üstünlük təmin edən hər şeyi Məsih naminə zərər saydım. Və hətta uğrunda hər şeyin zərərini çəkdiyim Rəbbim Məsih İsanı tanımağın üstün dəyəri yanında hər şeyi ziyan hesab edir və zibil sayıram» (Filip. 3:7, 8). Pavel Yehovanın bəşəriyyətə dair niyyətini öyrəndikdən sonra əksər insanların vacib saydığı mövqe, var-dövlət, karyera və nüfuz kimi şeyləri zibil saydı.
3 Həmin andan etibarən Pavel üçün ən vacibi Yehova və Məsih haqqında qiymətli bilik idi. Bu bilik haqqında İsa Allaha duasında demişdi: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəh. 17:3). Pavelin əbədi həyata nail olmaq arzusu Filipililərə 3:14 ayəsindəki sözlərindən görünür: «Allahın Məsih İsa vasitəsilə etdiyi yüksək dəvətə daxil olan mükafat üçün hədəfə doğru qaçıram». Bəli, onun gözü Allahın Padşahlığında İsa Məsihin hakimiyyət şəriklərindən biri kimi göydə əbədi yaşamaq mükafatında idi.
Yer üzündə əbədi həyat
4, 5. Bu gün Allahın iradəsini yerinə yetirən milyonlarla insanlara hansı mükafat təklif olunur?
4 Allahın iradəsini yerinə yetirmək qərarına gələn əksər insanların can atmalı olduqları mükafat Allahın yeni dünyasında əbədi həyatdır (Məz. 37:11, 29). İsa növbəti sözlərlə bu ümidin əsaslı olduğunu təsdiq etdi: «Həlimlər nə bəxtiyardırlar! Çünki yeri miras alacaqlar» (Mat. 5:5). Məzmur 2:8 ayəsinin göstərdiyi kimi, İsanın özü Yer kürəsinin əsas Varisidir və onun göylərdə 144 000 hakimiyyət şəriki olacaqdır (Dan. 7:13, 14, 22, 27). Yer üzündə yaşayacaq başqa qoyunlar ‘dünya yaranandan bəri onlar üçün hazırlanmış’ Padşahlığın yerüzü hissəsini «miras alacaqlar» (Mat. 25:34, 46). Bizə zəmanət verilir ki, bu sözlər gerçəkliyə çevriləcək, çünki onları vəd edən Allah ‘yalan danışmır’ (Tit. 1:2). Allahın vədlərinin yerinə yetməsinə dair israillilərə: «Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi»,— deyən Yeşuadakı əminliyə biz də malik ola bilərik (Yeşua 23:14).
5 Allahın yeni dünyasındakı həyat bugünkü kimi qeyri-qənaətbəxş olmayacaq. Həyat tamamilə fərqli olacaq: orada müharibə, cinayətkarlıq, yoxsulluq, ədalətsizlik, xəstəlik və ölüm olmayacaq. İnsanların mükəmməl sağlamlığı olacaq və onlar cənnətə çevrilmiş yer üzündə yaşayacaqlar. Həyat məmnunedici və gözlədiyimizdən də gözəl olacaq. Bəli, hər gündən zövq alacağıq. Necə də heyrətamiz mükafatdır!
6, 7. a) İsa Allahın yeni dünyasında nələr baş verəcəyini necə nümayiş etdirdi? b) Ölən insanlara yeni başlanğıc necə veriləcək?
6 İsa yer üzündə olanda Allah Öz müqəddəs ruhundan ona verdi ki, yeni dünyada bütün yer üzündə baş verəcək gözəl şeyləri nümayiş etdirsin. Məsələn, İsa ayaqları 38 il ərzində iflic olan adama durub yeriməyi əmr etdi. Müqəddəs Kitabda oxuduğumuz kimi, kişinin ayaqları açılır və o, yeriməyə başlayır. (Yəhya 5:5-9 ayələrini oxu.) Başqa bir vaxt isə İsa rast gəldiyi ‘anadangəlmə kor bir adamı’ sağaltdı. Bir qədər sonra həmin adamdan onu kimin sağaltdığını soruşanda o cavab verib dedi: «Əsla eşidilməmişdir ki, kimsə anadangəlmə kor bir adamın gözlərini açsın. Əgər bu Adam Allahdan olmasaydı, heç bir şey edə bilməzdi» (Yəh. 9:1, 6, 7, 32, 33). İsa bütün bunları Allahdan aldığı qüvvənin sayəsində edə bilirdi. O, getdiyi hər yerdə ‘şəfaya möhtac olanları sağaldırdı’ (Luka 9:11).
7 İsa nəinki xəstələri və şikəstləri sağalda, hətta ölüləri də dirildə bilirdi. Məsələn, 12 yaşlı qızın nümunəsinə baxaq. Onun ölümü valideynlərini böyük kədərə qərq etmişdi. Lakin İsa dedi: «Qızcığaz, sənə qalx deyirəm!» Və o qalxdı! Onun valideynlərinin və orada olan insanların sevincini təsəvvür edə bilərsənmi? (Mark 5:38-42 ayələrini oxu.) Allahın yeni dünyasında «həm saleh, həm də saleh olmayan» milyardlarla «ölülərin dirilməsi» olanda insanların sevincinin həddi-hüdudu olmayacaq (Həv. iş. 24:15; Yəh. 5:28, 29). Bu onlar üçün əbədi həyata yeni başlanğıc olacaq və onlar bir daha ölməyəcəklər.
8, 9. a) Məsihin Minillik Hökmranlığı zamanı Adəmdən miras alınan günahla nə baş verəcək? b) Ölülərə nəyin əsasında hökm ediləcək?
8 Dirilənlərin əbədi həyatı almaq imkanı olacaq. Bu insanlar ölməzdən qabaq etdikləri günahlara görə mühakimə edilməyəcəklər (Rom. 6:7). Məsihin Minillik Hökmranlığı zaman fidiyə qurbanlığının dəyəri tətbiq olunanda Padşahlığın itaətkar təbəələri tədricən kamilləşəcək və axırda Adəmin günahının bütün nəticəsindən tamamilə azad olacaqlar (Rom. 8:21). Yehova «ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək» (Yeşaya 25:8). Allahın Kəlamında həmçinin deyilir ki, ‘tumarlar açılacaq’, bu da həmin dövrdə yaşayan insanlara yeni məlumatın veriləcəyinə işarə edir (Vəhy 20:12). Yer kürəsi cənnətə çevrildikcə ‘dünyanın sakinləri doğruluğu öyrənəcəklər’ (Yeşaya 26:9).
9 Diriləcək insanlara Adəmdən aldıqları günaha əsasən yox, özlərinin verdikləri qərarlara əsasən hökm ediləcək. Vəhy 20:12 ayəsində deyilir: «Ölülər, kitablarda yazılanlara əsasən, öz əməllərinə görə», yəni diriləndən sonrakı əməllərinə əsasən mühakimə olunacaqlar. Bu, Yehovanın ədalətinə, mərhəmətinə və məhəbbətinə dair necə də gözəl nümunədir! Üstəlik, köhnə sistemin acı xatirələri «bir daha xatırlanmayacaq, heç yada düşməyəcək» (Yeşaya 65:17). Ruhlandırıcı yeni məlumatların və xoş şeylərlə dolu olan həyatın sayəsində keçmişdə baş vermiş pis şeylər artıq onları narahat etməyəcək. Bütün bunlar onların yaddaşından silinəcək (Vəhy 21:4). Har-Megidondan sağ çıxacaq ‘böyük izdiham’ haqqında da eyni şeyi demək olar (Vəhy 7:9, 10, 14).
10. a) Allahın yeni dünyasında həyat necə olacaq? b) Gözünü mükafatda saxlamaq üçün nə edə bilərsən?
10 Allahın yeni dünyasında artıq insanlar bir daha xəstələnməyəcək və ölməyəcəklər. Heç kim «“xəstəyəm” deməyəcək» (Yeşaya 33:24). Nəhayət, yeni yerin sakinləri hər səhər oyananda özlərini tam sağlam hiss edəcək və növbəti gözəl günün açılmasını səbirsizliklə gözləyəcəklər. Onlar məmnunedici işlə məşğul olacaq və təmiz niyyətli insanlarla ünsiyyətdən həzz alacaqlar. Belə həyat həqiqətən də heyrətamiz mükafatdır! Nəyə görə Müqəddəs Kitabdan Yeşaya 33:24 və 35:5-7 ayələrindəki peyğəmbərlikləri oxuyub üzərində düşünməyəsən? Özünü həmin mühitdə təsəvvür etməyə çalış. Bu sənə gözünü mükafatda saxlamağa kömək edəcək.
Gözlərini mükafatdan çəkənlər
11. Süleymanın hökmranlığının gözəl başlanğıcını təsvir edin.
11 Mükafat haqqında öyrəndikdən sonra səylə çalışmalıyıq ki, gözümüzü ondan çəkməyək, əks halda biz bu mükafatı nəzərdən qaçıra bilərik. Məsələn, qədim İsrail padşahı Süleyman taxta oturanda təvazökarlıqla duasında Allahdan anlayış və dərrakə istədi ki, Onun xalqına düzgün hökm edə bilsin. (1 Padşahlar 3:6-12 ayələrini oxu.) Müqəddəs Kitabda deyildiyi kimi, duasına cavab olaraq ‘Allah Süleymana bol hikmət və dərrakə verdi’. «Süleymanın hikməti bütün şərq xalqlarının və Misirlilərin hikmətindən üstün idi» (1 Pad. 4:29-32).
12. Yehova İsrail padşahlarına hansı xəbərdarlıqları vermişdi?
12 Yehova xəbərdarlıq vermişdi ki, padşah olan hər kəs ‘özü üçün at çoxaltmamalı’ və ürəyi haqq yoldan dönməsin deyə ‘çox arvad almamalıdır’ (Qanun. t. 17:14-17). Atları çoxaltmaq padşahın xalqın Müdafiəçisi olan Yehovaya yox, ordunun gücünə arxalandığını göstərərdi. Çox arvad almaq isə ona görə təhlükəli idi ki, onların bəziləri İsrailin ətrafında yaşayan bütpərəst xalqlardan ola bilər və padşahı Yehovaya həqiqi ibadətdən döndərə bilərdi.
13. Necə oldu ki, Süleyman ona verilmiş şeyləri nəzərdən qaçırdı?
13 Süleyman bu xəbərdarlıqlara məhəl qoymadı. O, Yehovanın dediklərinin tam əksinə davrandı. Onun minlərlə atı və atlıları oldu (1 Pad. 4:26). Həmçinin o, çoxu qonşu bütpərəst xalqlardan olan 700 arvad və 300 kəniz aldı. «Onlar... onun ürəyini başqa allahlara tərəf azdırdılar və onun ürəyi... Allahı Rəbbə sadiq deyildi». Süleyman yadelli arvadlarının təsiri altına düşərək bütpərəst xalqların allahlarına iyrənc ibadətdə iştirak etməyə başladı. Buna görə Yehova ‘padşahlığı [onun] əlindən çəkib alacağını’ dedi (1 Pad. 11:1-6, 11).
14. Süleymanın və İsrail xalqının itaətsizliyi nəyə gətirib çıxardı?
14 Süleyman həqiqi Allahın təmsilçisi olmağın böyük şərəf olduğunu unutdu. Padşah tamamilə yalan ibadətə qapıldı. Sonra bütün İsrail xalqı Allahdan üz döndərdi, nəticədə b. e. ə. 607-ci ildə onun bir xalq kimi mövcudluğuna son qoyuldu. Müəyyən vaxtdan sonra yəhudilər həqiqi ibadəti bərpa etsələr də, əsrlər sonra İsa ‘Allahın Səltənətinin onlardan alınıb, onun meyvələrini yetişdirəcək bir xalqa veriləcəyini’ bəyan etdi. Məhz belə də oldu. «Budur, eviniz boş qalır»,— deyə İsa bildirdi (Mat. 21:43; 23:37, 38). Sədaqətsizliyi ucbatından xalq həqiqi Allahın təmsilçisi olmaq kimi böyük bir şərəfi itirdi. Eramızın 70-ci ilində Roma ordusu Yerusəlimi və məbədi viran etdi və sağ qalan yəhudilərin çoxunu köləliyə apardı.
15. Əsil dəyərli olan şeydən gözlərini çəkən insanlardan nümunə gətirin.
15 Yəhuda İskaryot İsanın 12 həvarisindən biri idi. O, İsanın gözəl nitqlərini eşitmiş və onun Allahın müqəddəs ruhunun köməyi ilə göstərdiyi möcüzələrini görmüşdü. Amma Yəhuda öz ürəyini qorumadı. Ona İsaya və 12 həvariyə mənsub olan pul qutusu etibar olunmuşdu. Ancaq Yəhuda oğru olduğundan qutudan pul götürürdü (Yəh. 12:6). O, ikiüzlü baş kahinlərlə əlbir olub İsanı 30 gümüş pula satanda onun tamahkarlığı həddini aşdı (Mat. 26:14-16). Gözünü mükafatdan çəkən başqa bir nəfər isə Pavelin əməkdaşı olan Dimasdır. Dimas ürəyini qorumadı. Pavel onun haqqında dedi: «Dimas indiki dövrü sevib, məni tərk etdi». (2 Tim. 4:10; Süleymanın məsəlləri 4:23 ayəsini oxu.)
Hər birimiz üçün ibrət dərsi
16, 17. a) Bizə göstərilən müqavimət nə dərəcədə şiddətlidir? b) Şeytanın nə etməsindən asılı olmayaraq, biz ona nəyin sayəsində qarşı dura bilərik?
16 Allahın bütün xidmətçiləri Müqəddəs Kitabdakı nümunələr üzərində ciddi düşünməlidirlər, çünki bizə deyilmişdir: «Bütün bunlar ibrət olaraq onların başına gəlirdi; son əsrlərə çatan bizlər üçün də məsləhət olaraq qeyd edildi» (1 Kor. 10:11). Biz hal-hazırda bu pis sistemin axır günlərində yaşayırıq (2 Tim. 3:1, 13).
17 «Bu əsrin tanrısı» olan Şeytan İblis «vaxtının az olduğunu» bilir (2 Kor. 4:4; Vəhy 12:12). Yehovanın xidmətçilərini nöqsansızlıqlarından döndərmək üçün hər şeyə əl atır. Şeytan, kütləvi informasiya vasitələri də daxil olmaqla, bu dünyanı idarə edir. Amma Yehovanın xalqı daha böyük qüvvəyə — ‘ən üstün qüdrətə malikdir’ (2 Kor. 4:7). Tam əmin ola bilərik ki, Şeytan bizə qarşı nə edirsə-etsin, Yehovanın verdiyi qüdrət sayəsində ona qarşı dura bilərik. Buna görə Allahın Kəlamı bizi təşviq edir ki, Ondan «diləyənlərə Müqəddəs Ruhu verəcəyi»nə tam əminliklə və durmadan Yehovaya dua edək (Luka 11:13).
18. Bu sistemə münasibətimiz necə olmalıdır?
18 Şeytanın pis sisteminin tezliklə məhv ediləcəyini, həqiqi məsihçilərin isə sağ qalacağını bilmək bizi möhkəmləndirir. «Dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır» (1 Yəh. 2:17). Buna görə Allahın xidmətçilərindən kiminsə dünyanın bizə Yehova ilə münasibətlərdən daha qiymətli bir şey təklif edə biləcəyini düşünməsi necə də ağılsızlıq olardı! Şeytanın idarə etdiyi bu dünya batmaq üzrə olan bir gəmiyə bənzəyir. Yehova məsihçi yığıncağını sadiq xidmətçilərinə «xilasedici qayıq» kimi verib. Yeni dünyaya istiqamət alanlar əmin ola bilərlər ki, «şər adamlar kəsilib atılacaq, Rəbbə ümid bağlayanlar ölkəni [«dünyanı», KM] mülk olaraq alacaq» (Məz. 37:9). Buna görə də gözünü bu gözəl mükafatdan çəkmə!
Yadınızdadırmı?
• Pavel ona təklif olunan mükafata necə yanaşırdı?
• Yer üzündə əbədi yaşayacaq insanlara nəyin əsasında hökm ediləcək?
• Necə davranmağımız müdriklik olardı?
[12 və 13-cü səhifələrdəki şəkil]
Müqəddəs Kitabı oxuyanda mükafatı necə aldığını təsəvvür edirsənmi?