İblisə yer verməyin
«İblisə yer verməyin» (EFESLİLƏRƏ 4:27).
1. Hansı səbəbdən çoxları İblisin mövcudluğunu şübhə altına alır?
ƏSRLƏR boyu insanlar İblisi qırmızı libas geymiş, pis adamları yaba ilə odlu cəhənnəmə atan buynuzlu və qoşadırnaqlı məxluq kimi təsəvvür etmişlər. Müqəddəs Kitabda belə fikir yoxdur. Buna baxmayaraq, bu cür səhv təsəvvürlərə görə milyonlarla insanlar İblisin mövcudluğunu şübhə altına alır və yaxud da bu adın altında sadəcə şəri nəzərdə tuturlar.
2. Müqəddəs Kitab İblis haqqında hansı mə’lumatı verir?
2 Müqəddəs Kitabda İblisin real şəxsiyyət olması haqqında inandırıcı və aydın sübutlar var. İsa Məsih onu göydə, ruhani təbəqədə görmüşdü və yerdə olarkən onunla danışmışdı (Əyyub 1:6; Matta 4:4-11). Müqəddəs Yazılar bu məxluqun şəxsi adını açıqlamasa da, Yehovaya böhtan atdığına görə onu İblis (yə’ni «böhtançı») və müqavimət göstərdiyinə görə Şeytan (yə’ni «düşmən») adlandırır. Həvvanı aldatmaq üçün ilandan istifadə etdiyinə görə Şeytan İblisə «qədim ilan» adı da verilib (Vəhy 12:9; 1 Timoteyə 2:14). O, həmçinin «şərir» də adlanır (Matta 6:13, MK)a.
3. Bu məqalədə hansı sualı araşdıracağıq?
3 Yehovanın xidmətçiləri olduğumuz üçün, yeganə həqiqi Allahın baş düşməninə zərrə qədər də olsun bənzəmək istəməzdik. Ona görə də həvari Pavelin məsləhətinə qulaq asmalıyıq: «İblisə yer verməyin» (Efeslilərə 4:27). Gəlin Şeytanın xüsusiyyətlərindən bə’zilərini araşdıraq və onları nə üçün təqlid etməməli olduğumuzu nəzərdən keçirək?
Baş böhtançıya oxşamayın
4. «Şərir» Allaha necə böhtan atdı?
4 ‘Şərir’ böhtançılıq etdiyinə görə İblis adına layiqdir. Böhtan, bir insanı ləkələmək üçün nahaqdan onun ünvanına söylənilən yanlış sözlərdir. Allah Adəmə əmr etmişdi: «Xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən» (Yaradılış 2:17). Həvvanın bu əmrdən xəbəri vardı, lakin İblis, ilandan istifadə edərək, ona dedi: «Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız» (Yaradılış 3:4, 5). Şeytan Yehova Allaha kinlə qara yaxdı.
5. Diotref nə üçün Allahın xidmətçilərinə böhtan atdığına görə cavab verməli oldu?
5 Allah israillilərə əmr etmişdi: «Xalq arasında xəbərçilik etmə [böhtan atma]» (Levililər 19:16). Həvari Yəhya məsihçi yığıncaqlarından birində olan böhtançı haqqında yazırdı: «Mən cəmiyyətə bir şey yazdım, amma aralarında rəislik etməyi sevən Diotref bizi qəbul etmir. Buna görə, əgər gəlsəm onun gördüyü işləri yada salacağam. O, haqqımızda pis sözlər yayır» (3 Yəhya 9, 10). Diotref Yəhya haqqında pis sözlər yayırdı, yə’ni ona böhtan atırdı. Bu işinə görə o, cavab verməli oldu. Yəqin ki, heç bir sadiq məsihçi Diotrefə bənzəməklə mahir böhtançı olan İblisi təqlid etmək istəməz.
6, 7. Kiməsə böhtan atmaqdan özümüzü nə üçün gözləməliyik?
6 Yehovanın xidmətçilərini də çox zaman günahkar olmadıqları işlərdə təqsirləndirir və onlara qara yaxırlar. «Baş kahinlər və din alimləri isə durub Onu [İsanı] şiddətlə ittiham edirdilər» (Luka 23:10). Baş kahin Hananya və başqaları Pavelə qarşı yalan ittihamlar irəli sürürdülər (Həvarilərin işləri 24:1-8). Müqəddəs Kitabda Şeytan haqqında «qardaşlarımızın ittihamçısı, onları Allahımızın önündə gecə və gündüz ittiham edən» bir şəxs kimi danışılır (Vəhy 12:10). Bu ayədə haqqında danışılan və Şeytan tərəfindən ittiham edilən qardaşlarımız axır günlərdə yer üzündə yaşayan məsh edilmiş məsihçilərdir.
7 Sözsüz, heç bir məsihçi kiməsə böhtan atmaq və ya kimisə yalandan ittiham etmək istəməzdi. Lakin, əgər biz bütün faktları araşdırmadan kiməsə qarşı şahidlik ediriksə, onda bu asanlıqla baş verə bilər! Musanın Qanununa görə, qəsdən yalan şahidlik etmək ölümlə nəticələnə bilərdi (Çıxış 20:16; Qanunun təkrarı 19:15-19). Bundan əlavə, Yehovanın ikrah etdiyi şeylərə «nəfəsini yalanla çıxaran yalançı şahid» də daxildir (Süleymanın məsəlləri 6:16-19). Bu səbəbdən, biz heç bir vəchlə baş böhtançı və ittihamçıya bənzəməyəcəyik.
İlk qatilin yollarından uzaq durun
8. İblis hansı mə’nada «başlanğıcdan insan qatili idi»?
8 İblis qatildir. İsa demişdi: «O, başlanğıcdan insan qatili idi» (Yəhya 8:44). Onun ilk qurbanları Adəmlə Həvva oldu. Şeytan onları Allahdan döndərdi. İlk insan cütünün və onların övladlarının ölümünə səbəb olan da İblis idi (Romalılara 5:12). Qeyd etmək lazımdır ki, bu hərəkəti sadəcə olaraq şər məfhumuna aid etmək olmaz, bunu yalnız şəxsiyyət edə bilər.
9. 1 Yəhya 3:15 ayəsində göstərildiyi kimi, biz hansı halda qatil ola bilərik?
9 İsrailə verilən On əmrdən birində belə deyilir: «Qətl etmə» (Qanunun təkrarı 5:17). Məsihçilərə müraciət edərək həvari Pavel yazırdı: «Qoy sizlərdən heç kim qatil... kimi əzab çəkməsin» (1 Peter 4:15). Deməli, Yehovanın xidmətçisi heç kəsi öldürməyəcək. Lakin əgər o, məsihçi bacı və ya qardaşına nifrət edib onun ölümünü arzularsa, onda Yehovanın qarşısında günaha batmış olar. Həvari Yəhya yazırdı: «Qardaşına nifrət edən hər kəs qatildir və siz bilirsiniz ki, heç bir qatil özündə qalan əbədi həyata malik deyildir» (1 Yəhya 3:15). İsraillilərə belə əmr verilmişdi: «Soydaşına qarşı ürəyində nifrət bəsləmə» (Levililər 19:17). Gəlin həmimanlımızla bizim aramızda hər hansı bir problem yarananda onu tə’xirə salmadan həll edək ki, qatil olan Şeytan məsihçi birliyimizi poza bilməsin (Luka 17:3, 4).
Baş yalançıya qarşı möhkəm durun
10, 11. Baş yalançı olan Şeytana qarşı möhkəm durmaq üçün bizdən nə tələb olunur?
10 İblis yalançıdır. İsa demişdir: «Yalan söylədiyi zaman, özündən söylər; çünki o, yalançıdır və yalanın atasıdır» (Yəhya 8:44). Şeytan Həvvaya yalan söylədi. Lakin İsa həqiqətə şəhadət etmək üçün dünyaya gəldi (Yəhya 18:37). Əgər biz Məsihin davamçıları kimi, İblisə qarşı möhkəm durmaq istəyiriksə, onda yalan danışmamalı və heç kimi aldatmamalıyıq. Biz ‘həqiqəti söyləməliyik’ (Zəkəriyyə 8:16; Efeslilərə 4:25). «Həqiqət Allahı» Yehova yalnız doğruluğu sevən Şahidlərinə xeyir-dua verir. Pislərin Onu təmsil etməyə haqqı yoxdur (Məzmur 31:5, KM; 50:16; Yeşaya 43:10).
11 Əgər biz Şeytanın yalanlarından uzaqlaşaraq əldə etdiyimiz ruhani azadlığı qiymətləndiririksə, Məsihin yolundan, yə’ni ‘həqiqət yolundan’ dönməyəcəyik (2 Peter 2:2; Yəhya 8:32). Məsihçi tə’limləri bütövlükdə ‘Müjdənin həqiqətini’ təşkil edir (Qalatiyalılara 2:5, 14). Hətta bizim xilasımız da ‘həqiqətə görə hərəkət etməyimizdən’ — həqiqətə sadiq qalmağımızdan və ‘yalanın atasına’ qarşı möhkəm durmağımızdan asılıdır (3 Yəhya 3, 4, 8).
İlk dönüyə müqavimət göstərin
12, 13. Biz dönüklərlə necə rəftar etməliyik?
12 Sonradan İblis olan ruhani məxluq vaxtilə həqiqətdə olmuşdu. Lakin İsanın sözlərinə görə, o, «həqiqətə bağlı qalmadı; çünki onda həqiqət yoxdur» (Yəhya 8:44). Bu ilkin dönük minilliklərdir ki, ‘həqiqət Allahına’ qarşı inadlı müqavimət göstərir. Birinci əsrdə yaşayan məsihçilərdən bə’ziləri ‘İblisin toruna’ düşmüşdülər, belə ki, İblisin onları həqiqətdən yayındırmasına və aldatmasına yol verərək onun qurbanı oldular. Bu məsihçilər ruhani cəhətdən sağalsınlar və Şeytanın tələsindən azad olsunlar deyə, Pavel əməkdaşı Timoteyi onlara həlimliklə öyüd-nəsihət verməyə təşviq edirdi (2 Timoteyə 2:23-26). Əlbəttə, həqiqətə bağlı qalıb, dönüklərin fikirlərini rədd ediriksə, onda biz onların tələsinə düşməyəcəyik.
13 İlk insan cütü İblisə qulaq asdığı və onun yalanlarını rədd etmədiyi üçün həqiqətdən döndü. Biz necə, dönüklərə qulaq asmalıyıqmı? Onların ədəbiyyatlarına və yaxud İnternet səhifələrinə maraq göstərməliyikmi? Əgər biz Allahı və həqiqəti seviriksə, bunları etməyəcəyik. Biz dönükləri evimizə buraxmayacaq, onları heç salamlamayacağıq da, çünki belə etsək, onların ‘pis əməllərində iştirak etmiş olarıq’ (2 Yəhya 9-11). Gəlin heç vaxt İblisin kələklərinə uymayaq, ortaya «yıxıcı bid’ətlər» salan və bizi «uydurma sözlərlə istismar» edən yalançı müəllimlərə qulaq asmayaq. Əks halda Məsihin davamçısı olduğumuzu unudar və ‘həqiqət yolundan’ dönərik (2 Peter 2:1-3).
14, 15. Pavel efesli ağsaqqalları və əməkdaşı Timoteyi nədən xəbərdar edirdi?
14 Pavel Efesdə xidmət edən məsihçi ağsaqqallarına demişdi: «Özünüzə və bütün sürüyə diqqət edin. Müqəddəs Ruh sizi o sürünün içində nəzarətçi tə’yin etmişdir ki, Rəbbin və Allahın cəmiyyətini, Öz qanı bahasına əldə etdiyi cəmiyyəti güdəsiniz. Bilirəm ki, mən getdikdən sonra, sürüyə rəhmi gəlməyən azğın qurdlar aranıza girəcəkdir. Və şagirdləri ardlarınca çəkmək üçün yanlış sözlər danışan adamlar öz aranızdan çıxacaqlar» (Həvarilərin işləri 20:28-30). Doğrudan da, vaxt keçdi və yığıncaqlarda dönüklər peyda olaraq ‘yanlış sözlər danışmağa’ başladılar.
15 Eramızın 65-ci ilində həvari Pavel Timoteyi ‘həqiqət sözünü doğruluqla öyrətməyə’ təşviq edirdi. Həvari deyirdi: «Murdar boşboğazlıqlardan uzaq ol, çünki onlar, Allaha daha çox hörmətsizliyə səbəb olacaqdır. Boşboğazların sözü də xərçəng xəstəliyi kimi yayılacaqdır; onların arasında İmeney və Filit vardır. Bu adamlar həqiqətdən üz döndərib deyirlər ki, ölülərin dirilməsi artıq baş vermişdir və bə’zilərinin imanını bu yolla alt-üst edirlər». Bəli, dönüklük başlamışdı! Pavel əlavə edirdi: «Lakin Allahın möhkəm təməli... durur» (2 Timoteyə 2:15-19).
16. İlk dönüyün kələklərinə baxmayaraq, biz Allaha və Kəlamına necə sadiq qalırıq?
16 Şeytan təmiz ibadəti ləkələmək üçün dönüklərdən çox istifadə etsə də, heç vaxt istədiyi səmərəni əldə edə bilməmişdir. 1868-ci ildə Çarlz Teyz Rassel xristian kilsələrinin əsrlər boyu qəbul edilmiş ehkamlarını diqqətlə tədqiq etməyə başladı və nəticədə kilsələrdə Müqəddəs Kitab tə’limlərinin təhrif edilmiş şəkildə öyrədildiyini aşkar etdi. Rassel və bir neçə başqa həqiqət axtarışında olanlar ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində Müqəddəs Kitabı öyrənmək üzrə sinif təşkil etdilər. O vaxtdan təxminən 140 il keçib. Yehovanın xidmətçiləri həm bilikdə, həm də Allaha və Kəlamına olan məhəbbətdə tərəqqi etmişlər. İlk dönüyün kələklərinə baxmayaraq, «sadiq və ağıllı qul» sinfinin ruhani ayıqlığı sayəsində bu məsihçilər Yehovaya və Kəlamına sadiq qalmaqda davam edirlər (Matta 24:45).
Dünyanın rəisinin sizə tə’sir etməsinə yol verməyin
17-19. Dünyanın İblisin hakimiyyəti altında olması nə deməkdir və nəyə görə biz onu sevməməliyik?
17 Şeytanın bizi öz tələsinə salmaq üçün istifadə etdiyi üsullardan biri bizə bu dünyanı — Allahdan uzaqlaşmış saleh olmayan insan cəmiyyətini sevdirməsidir. İsa İblisi «bu dünyanın rəisi» adlandıraraq belə demişdi: «Onun Mənə heç bir tə’siri yoxdur» (Yəhya 14:30). Şeytanın bizə tə’sir etməsinə əsla yol verməyək! Əlbəttə, dərk edirik ki, ‘bütün dünya şəririn hakimiyyəti altındadır’ (1 Yəhya 5:19). İblis «dünyanın bütün ölkələrini» İsaya təklif etdi və əvəzində, İsadan sadəcə olaraq ona baş əyməsini istədi. Lakin Allahın Oğlu bu cür təklifi aydın və qətiyyətlə rədd etdi (Matta 4:8-10). Şeytanın idarə etdiyi dünya Məsihin davamçılarına nifrət edir (Yəhya 15:18-21). Buna görə, həvari Yəhyanın bizi dünyanı sevməkdən çəkindirməsi təəccüblü deyil.
18 Yəhya yazırdı: «Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevərsə, onda Atanın məhəbbəti yoxdur. Çünki dünyada olan hər şey, yə’ni cismani ehtiras, gözlərin ehtirası və həyatın təkəbbürü Atadan deyil, dünyadandır. Dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır» (1 Yəhya 2:15-17). Biz dünyanı sevməməliyik, çünki onun təqdim etdiyi həyat tərzi bizim günahlı bədənimizin arzularına göz yummaqla yanaşı, Yehova Allahın normalarına tamamilə zidd gedir.
19 Bəs əgər ürəyimizdə hələ də bu dünyaya qarşı məhəbbət mövcuddursa, onda nə edək? Onda gəlin bu sevgini və onun doğurduğu cismani ehtirasları dəf etmək üçün duada Allahdan kömək diləyək (Qalatiyalılara 5:16-21). Əlbəttə, biz var gücümüzlə çalışacağıq ki, ‘özümüzü dünyadan ləkəsiz saxlayaq’. Əgər saleh olmayan insan cəmiyyətini ‘pis ruhi qüvvələrin’, yə’ni gözəgörünməz ‘hökmranların’ idarə etdiyini unutmuruqsa, bunu etmək bizə asan olacaq (Yaqub 1:27; Efeslilərə 6:11, 12; 2 Korinflilərə 4:4).
20. Nədən irəli gələrək demək olar ki, biz ‘dünyadan deyilik’?
20 İsa öz şagirdləri barəsində demişdi: «Mən dünyadan olmadığım kimi, onlar da dünyadan deyillər» (Yəhya 17:16). Məsh edilmiş və digər məsihçilər özlərini ruhani və əxlaqi cəhətdən təmiz və dünyadan ayrı saxlamaqdan ötrü əllərindən gələni edirlər (Yəhya 15:19; 17:14; Yaqub 4:4). Biz bu dünyadan özümüzü ayrı saxladığımız və ‘salehliyi təbliğ etdiyimiz’ üçün saleh olmayan dünya bizə nifrət edir (2 Peter 2:5). Düzdür, bizi əxlaqsızlar, zinakalar, qəsbkarlar, bütpərəstlər, oğrular, yalançılar və sərxoşlarla dolu insan cəmiyyəti əhatə edir (1 Korinflilərə 5:9-11; 6:9-11; Vəhy 21:8). Buna baxmayaraq, biz «dünyanın ruhu» ilə nəfəs almırıq, onun günah dolu qüvvəsinin bizi hərəkətə təşviq etməsinə yol vermirik (1 Korinflilərə 2:12).
İblisə yer verməyin
21, 22. Pavelin Efeslilərə 4:26, 27 ayələrindəki məsləhətini həyatında necə tətbiq edə bilərsən?
21 «Dünyanın ruhu» ilə hərəkət etmək əvəzinə, Allahın ruhunun bizdə məhəbbət və özünə hakim olmaq kimi keyfiyyətlər yetişdirməsinə yol veririk (Qalatiyalılara 5:22, 23). Bu keyfiyyətlərin köməyi ilə biz İblisin imanımıza vurduğu zərbələrin önündə möhkəm dura bilirik. İblis istəyir ki, biz özümüzdən çıxaraq şər işlər görək. Allahın ruhu isə, ‘qəzəbi atmağımıza və hiddətdən çəkinməyimizə’ kömək edir (Məzmur 37:8). Düzdür, elə vaxtlar olur ki, qəzəbimizə haqq qazandırmaq olar, lakin görün Pavel bizə hansı məsləhəti verir: «Qəzəblənəndə günah işləməyin; qoy siz qəzəblənirkən günəş batmasın... iblisə yer verməyin» (Efeslilərə 4:26, 27).
22 Əgər əsəbi haldayıqsa, qəzəbimiz hətta günaha gətirib çıxara bilər. Belə vəziyyətdə qalmağa davam etməklə, İblisin bizi şər əməllərə təhrik etməsinə və yığıncağımıza fikir ayrılığı salmasına şərait yaradırıq. Ona görə, başqası ilə aramızda anlaşılmazlıq yarananda problemi cəld və Allaha məqbul şəkildə həll etmək lazımdır (Levililər 19:17, 18; Matta 5:23, 24; 18:15, 16). Bu səbəbdən, gəlin Allahın ruhu ilə hərəkət edərək özümüzə hakim olaq və heç vaxt haqlı qəzəbin belə, acığa, kinə və yaxud da nifrətə gətirib çıxarmasına yol verməyək.
23. Növbəti məqalədə hansı sualları araşdıracağıq?
23 Biz sizinlə İblisin bə’zi xüsusiyyətlərini araşdırdıq. Gəlin var qüvvəmizlə çalışaq ki, onları əks etdirməyək. Lakin oxucularımızdan bə’ziləri soruşa bilər: bəs Şeytandan qorxmaq lazımdırmı? O, insanları nə üçün məsihçiləri tə’qib etməyə təhrik edir? Özümüzü Şeytanın kələklərindən necə qoruya bilərik?
[Haşiyə]
a 2005-ci ilin 15 noyabr (rus.) saylı «Gözətçi Qülləsi»nin «İblis həqiqətən də mövcuddurmu?» giriş məqalələrinə baxın.
Necə cavab verərdiniz?
• Biz nə üçün qətiyyən böhtan atmamalıyıq?
• 1 Yəhya 3:15 ayəsinə əsasən, biz hansı mə’nada qatil ola bilərik və bu baş verməsin deyə, necə hərəkət etməliyik?
• Biz dönüklərə necə münasibət bəsləməliyik və nəyə görə?
• Biz dünyanı nə üçün sevməməliyik?
[9-cu səhifədəki şəkil]
İblisin məsihçi birliyimizi pozmasına heç vaxt yol verməyəcəyik.