TƏLİM MƏQALƏSİ 3
Böyük izdiham Allahı və Məsihi mədh edir
«Xilasımıza görə taxtda oturan Allahımıza və Quzuya borcluyuq» (VƏHY 7:10).
NƏĞMƏ 14 Yerin yeni Padşahını ucaldın
İCMALa
1. 1935-ci ildə toplantıda söylənilən məruzə bir oğlanın həyatında hansı rolu oynadı?
MÜQƏDDƏS KİTAB TƏDQİQATÇISI olan bir ailə var idi. (Həmin vaxt Yehovanın Şahidləri belə adlanırdı.) Onların üç oğlu, iki qızı var idi. Bu valideynlər uşaqlarına Yehovaya ibadət etməyi və Məsihdən örnək almağı aşılayırdı. Oğullarından biri 1926-cı ildə 18 yaşında vəftiz olunmuşdu. Bütün Müqəddəs Kitab Tədqiqatçıları kimi, bu oğlan da hər il Ağanın şam yeməyi mərasimində çörəkdən yeyir, şərabdan içirdi. Amma 1935-ci ildə Vaşinqtonda (ABŞ) keçirilən böyük toplantıdan sonra onun gələcəyə olan baxışı tamamilə dəyişdi. Həmin toplantıda Ruterford qardaş «Böyük izdiham» adlı tarixi məruzə söylədi. Bu məruzədə hansı həqiqət açıqlandı?
2. Ruterford qardaş öz məruzəsində hansı həqiqəti açıqlamışdı?
2 Bu məruzədə Ruterford qardaş Vəhy 7:9 ayəsində bəhs olunan böyük izdihamın kim olduğunu açıqladı. O vaxta qədər Müqəddəs Kitab Tədqiqatçıları elə hesab edirdi ki, bu qrup da göydə yaşayacaq, amma onlar daha az sadiq olduqları üçün İsa Məsihlə birgə padşahlıq etməyəcək. Ruterford qardaş ayələr vasitəsilə izah etdi ki, böyük izdiham göylər həyatı üçün seçilməyib, onlar Məsihin başqa qoyunlarıdırb və böyük müsibətdən sağ çıxıb, yer üzündə əbədi yaşayacaqlar (Vəhy 7:14). İsa vəd etmişdi: «Bu ağıldan olmayan başqa qoyunlarım da var. Mən onları da gətirməliyəm. Onlar səsimə qulaq asacaq. Hamısı bir sürüdə birləşəcək. Onların bir çobanı olacaq» (Yəh. 10:16). Bu qrupa daxil olan insanlar Yehovanın sadiq şahidləridir. Onların yerüzü Cənnətdə əbədi yaşamaq ümidi var (Mət. 25:31—33, 46). Gəlin görək bu həqiqətin açıqlanması, 18 yaşlı qardaşımız da daxil olmaqla, bir çox Yehovanın Şahidinin həyatını necə dəyişdi (Zəb. 97:11; Məs. 4:18).
YENİ İZAHAT MİNLƏRLƏ İNSANA YENİ ÜMİD VERDİ
3, 4. 1935-ci ildə keçirilən toplantıda minlərlə insan ümidləri ilə bağlı nəyi başa düşdü və nəyə görə?
3 Nəhayət, toplantının ən həyəcanlı anı yetişdi. Natiq auditoriyaya müraciət edərək dedi: «Yer üzündə yaşamaq ümidinə malik olanlar, zəhmət olmasa, ayağa qalxın». Hadisənin canlı şahidləri deyir ki, orada olan təxminən 20 000 insanın yarıdan çoxu ayağa qalxdı. Ruterford qardaş ucadan dedi: «Baxın! Böyük izdiham budur!» Bu sözləri hamı gurultulu alqışlarla qarşıladı. Ayağa qalxanlar başa düşdülər ki, onlar göydə yaşamaq üçün seçilməyiblər. Çünki onlar aydın anladılar ki, Allahın müqəddəs ruhu ilə məsh olunmayıblar. Toplantının növbəti günü 840 nəfər vəftiz olunaraq Yehovanın Şahidi oldu və onların əksəriyyəti başqa qoyunlara daxil idi.
4 Məruzədən sonra məqalənin əvvəlində haqqında danışdığımız gənc qardaş və minlərlə digər insan anma mərasimi zamanı simvollardan qəbul etməyi dayandırdı. Bir qardaş təvazökarcasına çoxlarının da ürəyindən keçən növbəti sözləri demişdi: «1935-ci ildə keçirilən anma mərasimi simvollardan qəbul etdiyim sonuncu anma mərasimi oldu. Başa düşdüm ki, Yehova Allah Öz müqəddəs ruhu ilə mənim qəlbimdə göylərdə yaşamağa ümid oyatmayıb. Əksinə, mən ümid edirəm ki, yer üzündə yaşayacağam və oranı cənnətə çevirmək işində iştirak edəcəm» (Rom. 8:16, 17; 2 Kor. 1:21, 22). O vaxtdan böyük izdihamın sayı getdikcə artır, onlar hal-hazırda yer üzündə yaşayan məsh olunmuşlarla çiyin-çiyinə əməkdaşlıq edir.
5. Anma mərasimində simvollardan qəbul etməyi dayandıranlara Yehova necə yanaşır?
5 1935-ci ildən sonra anma mərasimində simvollardan qəbul etməyi dayandıranlara Yehova necə yanaşır? Bəs indiki dövrdə anma mərasimində simvollardan qəbul edib, sonra isə məsh olunmuş olmadığını başa düşən insanlara necə yanaşır? (1 Kor. 11:28). Onlardan bəziləri hansı ümidə malik olduqlarını düzgün müəyyən edə bilməmişdilər. Amma əgər onlar səmimi-qəlbdən səhvlərini başa düşürlərsə, daha simvollardan qəbul etmirlərsə və Yehovaya sədaqətlə xidmətlərini davam etdirirlərsə, şübhəsiz ki, Yehova onları başqa qoyunların arasına qəbul edəcək. Onlar simvollardan qəbul etməsələr də, anma mərasimində iştirak edirlər, çünki Yehovaya və İsaya hər şeyə görə minnətdardırlar.
MÖHTƏŞƏM ÜMİD
6. İsa mələklərə hansı əmri verib?
6 Tezliklə böyük müsibət başlayacaq. Ona görə də Vəhy 7-ci fəsli araşdırmaq bizim üçün ruhlandırıcı olar. Orada məsh olunmuş məsihilər və başqa qoyunlardan ibarət böyük izdiham haqda danışılır. İsa mələklərə əmr edib ki, yerin məhvedici dörd küləyini tutub saxlasınlar. Yer üzündə olan məsh olunmuşların hamısı möhürlənməyincə, yəni sonuncu dəfə Yehovadan razılıq almayınca mələklər bu dörd küləyi yer üzünə buraxmamalıdır (Vəhy 7:1—4). Məsihin bu məsh olunmuş qardaşları sadiq qalmalarının mükafatı kimi göydə onunla birgə padşah və kahin kimi xidmət edəcəklər (Vəhy 20:6). Yehova, İsa və mələklər 144 000 məsh olunmuşun göylər mükafatını aldığını görəndə çox sevinəcək.
7. Vəhy 7:9, 10 ayələrində Yəhya görüntüdə kimləri görür və onlar nə edir? (Üz qabığındakı şəklə baxın.)
7 Yəhya bu 144 000 padşah və kahin haqda danışandan sonra valehedici bir şey, Armageddondan sağ çıxan böyük izdihamı görür. Böyük izdiham 144 000-dən sayca çox-çox böyükdür, hətta onların sayı bəlli deyil. (Vəhy 7:9, 10 ayələrini oxuyun.) Onların əynində «ağ libas» var. Bu onu göstərir ki, onlar özlərini Şeytan dünyasında ləkəsiz saxlayıblar, Allaha və Məsihə sadiq qalıblar (Yaq. 1:27). Onlar ucadan deyirlər ki, xilaslarına görə Yehovaya və Onun Quzusu İsaya borcludurlar. Həmçinin onların əlində «xurma budaqları» var. Bununla onlar böyük sevinclə İsanın Yehovanın təyin etdiyi Padşah olduğunu qəbul etdiklərini göstərirlər. (Yəhya 12:12, 13 ayələri ilə əlaqələndirin.)
8. Vəhy 7:11, 12 ayələrindən Yehovanın səmavi ailəsi barədə nə öyrənirik?
8 Vəhy 7:11, 12 ayələrini oxuyun. Səmavi aləmdə olanlar bunu görəndə hansı hissləri keçirir? Yəhya görür ki, böyük izdiham peyda olanda Yehovanın bütün səmavi ailəsi sevinclə dolur və Allaha həmd edir. Onlar bu görüntünün yerinə yetdiyini, böyük izdihamın böyük müsibətdən sağ çıxdığını görəndə sevinib-şadlanacaqlar.
9. Vəhy 7:13—15 ayələrinə əsasən, böyük izdiham hal-hazırda nə edir?
9 Vəhy 7:13—15 ayələrini oxuyun. Yəhya böyük izdihamın «libaslarını Quzunun qanında yuyub» ağartdığını yazır. Bu o deməkdir ki, onların Yehovanın qarşısında təmiz vicdanı var və Yehova onlardan razıdır (Əşy. 1:18). Onlar həsr olunmuş və vəftiz olunmuş məsihilərdir, onların İsa Məsihin fidyə qurbanlığına güclü imanları var və Yehova ilə sıx münasibətə sahibdirlər (Yəh. 3:36; 1 But. 3:21). Elə buna görə də onlar Yehovanın taxtının qarşısında durmağa layiq görülürlər və ruhani məbədin yerüzü həyətində gecə-gündüz Ona qulluq edirlər. Onlar əzmlə təbliğ və şagird hazırlamaq işinin böyük qismini görürlər. Çünki Padşahlığın işini öz istəklərindən üstün tuturlar (Mət. 6:33; 24:14; 28:19, 20).
10. Böyük izdiham nəyə əmindir və onlar hansı vədin yerinə yetdiyinin şahidi olacaq?
10 Böyük izdiham böyük müsibətdən sağ çıxandan sonra da Allah onların qayğısına qalacağına əmindir. Çünki «taxtda oturan çadırını onların üzərinə çəkəcək». Nəhayət, başqa qoyunların böyük həsrətlə gözlədikləri vəd yerinə yetəcək: «[Allah] onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:3, 4).
11, 12. a) Vəhy 7:16, 17 ayələrinə əsasən, böyük izdihamı hansı nemətlər gözləyir? b) Anma mərasimində başqa qoyunlar nə edə bilər və bunu etməyə onları nə təşviq edir?
11 Vəhy 7:16, 17 ayələrini oxuyun. Hal-hazırda Yehovanın bəzi xidmətçiləri ağır iqtisadi vəziyyətə, ölkədaxili iğtişaşlar və müharibə ucbatından aclıq içindədir. Bəziləri isə imanlarına görə həbsdədir. Amma böyük izdihama daxil olan bütün bu kəslər çox xoşbəxtdir. Çünki bilirlər ki, bu şər dünyanın məhvindən xilas olacaqlar və həmişə bol ruhani və fiziki qidaları olacaq. Şeytan dünyasının məhvi zamanı Yehova «qızmar isti»yə bənzər qəzəbini xalqların üzərinə tökəndə böyük izdihamı qoruyacaq. Böyük müsibət bitəndən sonra İsa yer üzündə sağ qalan bu kəsləri əbədi «həyat suyu bulaqlarına aparacaq». Böyük izdihamın möhtəşəm ümidi var! İndiyə kimi yer üzərində yaşamış milyardlarla insandan fərqli olaraq, onlar heç vaxt ölməyə bilər! (Yəh. 11:26).
12 Başqa qoyunlar əsrarəngiz ümidlərinə görə Yehova və İsaya minnətdardır! Onlar göydə yaşamaq üçün seçilməsələr də, Yehovanın gözündə dəyərləri heç də məsh olunmuşlardan az deyil. Hər iki qrupa daxil olanların Allahı və Məsihi mədh etmək imkanı var. Məsələn, onlar Ağanın şam yeməyində iştirak etməklə bunu edirlər.
ANMA MƏRASİMİNDƏ MƏDHLƏR UCALDIN
13, 14. Nəyə görə Məsihin ölümünü anma mərasimində hər kəs iştirak etməlidir?
13 Son illər anma mərasimində iştirak edənlərin təxminən hər 1000 nəfərdən 1-i simvollardan qəbul edir. Əksər yığıncaqlarda bir nəfər də olsun simvollardan qəbul etmir. Anma mərasimində iştirak edənlərin böyük əksəriyyəti yer üzündə yaşamaq ümidinə sahibdir. Bəs onda nəyə görə onlar bu mərasimdə iştirak edir? Belə bir nümunəyə baxaq. Ailə quran cütlüyün toyuna dostları nəyə görə gəlir? Sevgilərini göstərmək, dəstək olmaq üçün. Başqa qoyunlar da eyni məqsədlə anma mərasiminə qatılır. Onlar Məsihə və onun məsh olunmuş qardaşlarına sevgilərini göstərmək, dəstək olmaq istəyirlər. Həmçinin Məsihin fidyə qurbanlığına minnətdarlıqlarını ifadə etmək istəyirlər. Çünki bu qurbanlıq sayəsində onların yer üzündə əbədi yaşamaq imkanı var.
14 Başqa qoyunlar anma mərasimində bir vacib səbəbə görə də iştirak edirlər. Bununla İsanın əmrinə itaət edirlər. İsa sadiq həvariləri ilə birgə bu mərasimi təsis edəndə onlara belə demişdi: «Xatirəmi yad etmək üçün bunu həmişə edin» (1 Kor. 11:23—26). Buna görə də hələ ki yer üzündə bəzi məsh olunmuşlar var və anma mərasimi qeyd olunur, başqa qoyunlar bu mərasimdə iştirak etməyə davam edirlər. Üstəlik, onlar başqalarını da bu mərasimə dəvət edirlər.
15. Anma mərasimində hər birimiz şəxsən Allahı və Məsihi necə mədh edə bilərik?
15 Anma mərasimində bizim həm Allahı, həm də Məsihi nəğmələrdə və duada mədh etmək imkanımız var. Bu il anma mərasimində söyləniləcək məruzə «Allahın və İsa Məsihin sizin üçün etdiklərini qiymətləndirin» adlanır. Məruzə Yehovaya və İsaya minnətdarlığımızı artıracaq. Çörək və şərab ötürüldükcə onların İsanın bədənini və qanını təmsil etdiyi haqda düşünəcəyik. Xatırlayacağıq ki, biz yaşayaq deyə Yehova Oğlunu qurban verdi (Mət. 20:28). Səmavi Atamızı və Onun Oğlunu sevən hər bir kəs Məsihin ölümünü anama mərasimində iştirak etmək istəyəcək.
BƏXŞ ETDİYİ ÜMİDƏ GÖRƏ YEHOVAYA ŞÜKÜR EDİN
16. Məsh olunmuşlarla başqa qoyunlar hansı mənada eynidir?
16 Məsh olunmuşlarla başqa qoyunlar arasındakı fərq birinin digərindən daha dəyərli olduğunu göstərmir. Hər iki qrup Yehovanın gözündə eyni dərəcədə qiymətlidir. Axı Yehova həm məsh olunmuşları, həm də başqa qoyunları satın almaq üçün eyni dəyəri ödəyib, sevimli Oğlunun həyatını qurban verib. Bu iki qrup arasındakı fərq sadəcə onların ümidlərinin fərqli olmasındadır. Hər iki qrup Allaha və Məsihə sadiqliyini qorumalıdır (Zəb. 31:23). Bir məqamı da qeyd etmək lazımdır ki, insanın hansı qrupa aid olmasından asılı olmayaraq, Yehova müqəddəs ruhundan hər kəsə ehtiyacı olduğu qədər verir.
17. Məsh olunmuşların yerdə qalan hissəsi nəyi səbirsizliklə gözləyir?
17 Məsh olunmuşlar göylər ümidi ilə doğulmur. Onların ürəyinə bu ümidi Yehova qoyur. Onlar bu ümidləri barədə düşünürlər, dua edirlər və göylər həyatı mükafatını alacaqlarını həsrətlə gözləyirlər. Ruhani bədənlərinin necə olacaqlarına dair heç bir təsəvvürləri olmasa da, Yehovanı, İsanı, mələkləri və digər məsh olunmuşları görməyin həsrətindədirlər (Filip. 3:20, 21; 1 Yəh. 3:2). Onlar səmavi Padşahlıqda öz yerlərini tutmağı səbirsizliklə gözləyirlər.
18. Başqa qoyunlar nəyi səbirsizliklə gözləyir?
18 Başqa qoyunlar yer üzündə əbədi yaşamaq ümidlərinin gerçəkləşməsini gözləyirlər. Bu, insana xas təbii istəkdir. (Vaiz 3:11). Onlar bütün planeti cənnətə çevirəcəkləri günün həsrətindədirlər. Onlar öz evlərini tikəcəkləri, öz bağlarını salacaqları, sağlam övladlar böyüdəcəkləri və özlərinin də sağlam olacaqları günü səbirsizliklə gözləyirlər (Əşy. 65:21—23). Onlar bütün dünyanı gəzib dolaşıb dağları, meşələri, okeanları kəşf etməyin, Yehovanın yaratdığı bütün şeyləri tədqiq etməyin həsrətindədirlər. Onları ən çox sevindirən isə gələcəkdə Yehova ilə münasibətlərinin daha sıx, daha möhkəm olacağıdır.
19. Anma mərasimi hər birimiz üçün hansı imkanı açır və bu il anma mərasimi nə vaxt keçiriləcək?
19 Yehova hər bir həsr olunmuş xidmətçisinə gələcəyə dair möhtəşəm ümid verib (Ərm. 29:11). Anma mərasimində xüsusi imkanımız olacaq: Yehovanın və İsa Məsihin bizim sonsuz həyata sahib olmağımız üçün etdiklərinə görə onları mədh edə biləcəyik. Bəli, anma mərasimi məsihilər üçün ilin ən xüsusi görüşüdür. Bu görüş 2021-ci il 27 mart şənbə günü gün batandan sonra olacaq. Çoxları elə ərazilərdə yaşayır ki, bu görüşü nisbətən azad şəkildə keçirə biləcək. Bir başqaları təqiblərə rəğmən, görüşlərdə iştirak edəcək. Elələri də olacaq ki, anma mərasimini həbsdə qeyd edəcək. Hansı şəraitdə keçirməyimizdən asılı olmayaraq, gəlin unutmayaq ki, Yehovanın, İsanın, mələklərin və göydə olan məsh olunmuşların nəzəri bu mərasimin üzərində olacaq. Hər bir yığıncağın, hər bir qrupun və hər bir kəsin gözəl anma mərasimi keçirməsi diləyi ilə!
NƏĞMƏ 150 Xilas üçün Yehovaya sığın
a 27 mart 2021-ci il Yehovanın Şahidləri üçün xüsusi gündür. Həmin axşam biz Məsihin ölümünü anma mərasimini qeyd edəcəyik. Mərasimdə iştirak edənlərin əksəriyyəti İsanın «başqa qoyunlar» adlandırdığı qrupa daxil olan insanlar olacaq. Bəs 1935-ci ildə bu qrupla bağlı hansı möhtəşəm həqiqət açıqlandı? Bu qrupa daxil olan insanlar böyük müsibətdən sonra hansı mükafatı alacaqlarını həsrətlə gözləyirlər? Onlar anma mərasimində iştirak edərkən Allahı və Məsihi necə mədh edə bilərlər?
b BƏZİ İFADƏLƏRİN İZAHI: Başqa qoyunlara axırzaman ərzində yığılan kəslər daxildir. Onlar Məsihin izləri ilə gedir və yer üzündə əbədi yaşamaq ümidinə sahibdirlər. Böyük izdihamı başqa qoyunlardan olan insanlar təşkil edir. Onlar Məsih böyük müsibətdə bəşəriyyətə hökm çıxararkən sağ olacaq və böyük müsibətdən xilas olacaq kəslərdir.