Sonun yaxınlaşdığı vaxtda itaətkarlığı inkişaf etdir
“Millətlərin itaəti ona [Şiloya] olacaqdır” (TƏKVİN 49:10).
1. a) Yehovaya itaətkarlıq keçmiş zamanlarda çox vaxt nəyi nəzərdə tuturdu? b) İtaətkarlığa aid Yaqub hansı peyğəmbərliyi etmişdi?
YEHOVAYA itaətkarlıq çox vaxt Onun nümayəndələrinə itaətkarlığı nəzərdə tuturdu. Həmin nümayəndələr mələklər, tayfa başçıları, hakimlər, kahinlər, peyğəmbərlər və padşahlar idilər. Hətta İsrail padşahlarının taxtına Yehovanın taxtı deyilirdi (1 Tarixlər 29:23). Amma əfsuslar olsun ki, İsrail rəhbərlərinin bir çoxu Allaha itaətkar deyildilər və buna görə də həm özlərinin, həm də vətəndaşlarının başına bəla açırdılar. Yehova isə Ona sadiq qalanları ümidsiz qoymurdu. O, salehlərin üzərinə, onların məmnuniyyətlə tabe olacaqları əbədi bir Padşah qoyacağını və’d edərək təsəlli verirdi (İşaya 9:6, 7). Tayfa başçısı Yaqub ölüm yatağında ikən, gələcək rəhbər haqqında peyğəmbərlik etmişdir: “Şilo gəlincəyə qədər, Padşahlıq əsası Yəhudadan, hökmdarlıq əsası da ayaqlarının arasından getməyəcəkdir; və millətlərin itaəti ona olacaqdır” (Təkvin 49:10).
2. “Şilo” nə deməkdir və onun padşahlıq hakimiyyəti nə qədər geniş yayılmalı idi?
2 “Şilo” qədim ibrani sözüdür və mə’nası “Sahibi Odur” deməkdir. Bəli, Şilo Padşahlıq əsası ilə təmsil edilən hakimiyyət, hökmdarlıq əsası ilə təmsil edilən əmretmə haqqını miras alacaqdır. Bundan əlavə, onun padşahlıq hakimiyyəti yalnız Yaqubun nəslini deyil, bütün “millətləri” əhatə edəcəkdir. Bu, Yehovanın İbrahimə verdiyi və’də müvafiqdir: “Sənin zürriyyətin düşmənlərinin qapısına hakim olacaqdır; və zürriyyətində yerin bütün millətləri xeyir-dua alacaqlar” (Təkvin 22:17, 18). Eramızın 29-cu ilində Yehova İsanı müqəddəs ruhla məsh edərək, həmin “zürriyyətin” kim olduğunu təsdiq etdi (Luka 3:21-23, 34; Qalatiyalılara 3:16).
İsanın ilk Padşahlığı
3. İsa göyə qalxan zaman hansı hökmdarlığı aldı?
3 İsa göyə qalxdıqda ona dünya xalqları üzərində hökmdarlıq əsası dərhal verilmədi (Məzmur 110:1). Lakin ona itaət edəcək vətəndaşları üzərində hökm sürəcək bir “padşahlıq” verildi. Bu padşahlığın nə olduğunu həvari Pavel izah etmişdir: “[Allah] bizi [ruhla məsh edilmiş məsihçiləri] qaranlıq hakimiyyətindən xilas edib, Öz sevimli Oğlunun Padşahlığına köçürtdü” (Koloslulara 1:13, İ–93). Bu xilas eramızın 33-cü ilinin Pentikost günü, İsanın sadiq davamçılarının üzərinə müqəddəs ruh tökülən zaman başlandı (Həvarilərin işləri 2:1-4; 1 Peter 2:9).
4. İsanın ilk şagirdləri hansı sahələrdə itaətkarlıq göstərirdilər və İsa onları bir qrup kimi necə adlandırdı?
4 “Məsihin səfirləri” olan ruhla məsh edilmiş şagirdlər, həmin ruhani padşahlıqda onların həmvətənləri olacaq kəsləri itaətkarlıqla toplamağa başladılar (2 Korinflilərə 5:20; Efeslilərə 2:19; Həvarilərin işləri 1:8). Bundan əlavə, Padşahları İsa Məsihin lütfündən yararlanmaq üçün, onlar “bir fikirdə və eyni rə’ydə” qalmalı idilər (1 Korinflilərə 1:10). Bir qrup kimi onlar “sadiq və ağıllı qulu”, yaxud sadiq nökərbaşını təşkil edirdilər (Matta 24:45; Luka 12:42).
Allahın ‘nökərbaşısına’ itaətkarlığın gətirdiyi xeyir-dualar
5. Keçmiş zamanlardan bəri Yehova öz xalqını necə öyrədirdi?
5 Yehova heç zaman öz xalqını müəllimsiz qoymamışdır. Məsələn, yəhudilər Babildən qayıtdıqdan sonra, Ezra və digər bacarıqlı adamlar xalqa Allahın qanunlarını sadəcə oxumurdular, həmçinin onun ‘mə’nasını verirdilər və oxuduqlarını onlara anladırdılar’ (Nehemya 8:8).
6, 7. Qul sinfi özünün Rəhbərlik şurası vasitəsilə ruhani qidanı vaxtlı-vaxtında necə verir və bu qul sinfinə tabe olmaq nəyə görə vacibdir?
6 Eramızın 49-cu ilində sünnət məsələsi ortaya çıxan zaman qul sinfinin ilk rəhbərlik şurası bu məsələyə dua ilə yanaşdı və Müqəddəs Yazılara əsaslanan qərar qəbul etdi. Qərar məktub vasitəsilə bildirildikdə, yığıncaqlar verilən rəhbərliyə tabe oldular və Allahdan bol-bol xeyir-dualar aldılar (Həvarilərin işləri 15:6-15, 22-29; 16:4, 5). Eləcə də bizim dövrdə, sadiq qul özünün Rəhbərlik şurası vasitəsilə məsihçi bitərəfliyi, qanın müqəddəsliyi, narkotik maddələrdən və tütündən istifadə etmək kimi bir çox məsələləri aydın etdi (İşaya 2:4; Həvarilərin işləri 21:25; 2 Korinflilərə 7:1). Yehova, Kəlamına və sadiq qula itaət göstərən xalqına xeyir-dua verdi.
7 Qul sinfinə tabe olaraq, Allahın xalqı, həmçinin Ağaya, yə’ni İsa Məsihə də tabe olur. Bizim günlərdə bu tabeçilik daha geniş mə’na daşıyır, belə ki, Yaqubun ölüm yatağında söylədiyi peyğəmbərliyə əsasən İsanın səlahiyyəti indi daha böyükdür.
Şilo Yerin qanuni Hökmdarı olur
8. Məsihin hakimiyyəti necə və nə zaman genişləndi?
8 Yaqubun peyğəmbərliyində əvvəlcədən deyilir ki, “millətlərin itaəti” Şiloya olacaqdır. Buradan görünür ki, Məsihin hökmdarlığı yalnız ruhani İsraili əhatə etməyəcək. Bəs onun hökmdarlığı nə dərəcədə geniş olacaqdır? Vəhy 11:15 (İ–93) ayəsində deyilir: “Dünyanın padşahlığı Rəbbimizin və Onun Məsihinin Padşahlığı oldu; və O, əbədi olaraq şahlıq edəcəkdir”. Müqəddəs Kitabda açıqlanır ki, İsa bu hakimiyyəti peyğəmbərcəsinə deyilən “yeddi vaxt”ın — “digər xalqların vaxtı”nın sonunda, yə’ni 1914-cü ildə almışdıra (Daniel 4:16, 17; Luka 21:24). Həmin ildə Məsihin Xilaskar Padşah kimi gözə görünməz “gəlişi” başlandı və onun üçün “düşmənlərinin arasında padşahlıq” etməyin vaxtı çatdı (Matta 24:3; Məzmur 110:2).
9. İsa Padşahlığı aldıqda nə etdi və bu, bəşəriyyətə, xüsusilə də onun şagirdlərinə hansı dolayı tə’siri göstərdi?
9 İsa padşahlıq səlahiyyətini aldıqda ilk növbədə, itaətsizliyin təcəssümü olan Şeytanı və onun cinlərini “yer üzünə” atdı. O gündən bəri bu pis ruhlar bəşəriyyətin başına görünməmiş fəlakətlər açırlar, bundan əlavə elə bir şərait yaradırlar ki, Yehovaya itaətkarlıq çox çətinləşir (Vəhy 12:7-12; 2 Timoteyə 3:1-5). Lakin Şeytanın ruhani müharibəsi ilk növbədə “Allahın əmrlərinə riayət edib, İsaya olan şəhadətlərinə bağlı qalan” məsh edilmişlərə, həmçinin onların yoldaşları olan “başqa qoyunlara” qarşı yönəldilib (Vəhy 12:17; Yəhya 10:16).
10. Müqəddəs Kitabın yerinə yetən hansı peyğəmbərlikləri, Şeytanın məsihçilərə qarşı apardığı müharibədə müvəffəqiyyətsiz olacağına zəmanət verir?
10 Lakin Şeytanın cəhdləri müvəffəqiyyətsizliyə məhkum edilib, çünki indi “Rəbbin günü”dür və İsanın qələbə çalmasına heç nə mane ola bilməyəcək (Vəhy 1:10; 6:2). Məsələn, o qayğı göstərəcək ki, 144 min ruhani israilli möhürlənsin. O, həmçinin “hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan, kimsənin saymağa qadir olmadığı böyük bir izdihamı” da müdafiə edəcəkdir (Vəhy 7:1-4, 9, 14-16). Lakin bu izdiham, məsh edilmiş həmkarlarından fərqli olaraq, İsanın yer üzündə yaşayan itaətkar vətəndaşları olacaqlar (Daniel 7:13, 14). Onların dünya səhnəsində görünmələri, Şilonun “dünyanın padşahlığı” üzərində hökmdarlıq etdiyinə aşkar əlamətdir (Vəhy 11:15, İ–93).
‘Müjdəyə itaət etməyin’ vaxtıdır
11, 12. a) İndiki dünya sisteminin sonunda yalnız kimlər sağ qalacaqdır? b) “Dünyanın ruhu”na uyan kəslərdə hansı xüsusiyyətlər yaranır?
11 Əbədi yaşamaq istəyənlərin hamısı itaətkarlığa öyrənməlidirlər, çünki Müqəddəs Kitabda aydın şəkildə deyilir ki, “Allahı tanımayan və Rəbbimiz İsa barəsindəki Müjdəyə itaət etməyənlər” Allahın qisas günündə sağ qalmayacaqlar (2 Saloniklilərə 1:8, İ–93). Lakin bu gün hər yanda mövcud olan pislik və Müqəddəs Kitabın qanunlarına və prinsiplərinə itaətsizlik ruhu xoş xəbərə itaət etməyi çox çətinləşdirir.
12 Müqəddəs Kitab Allaha qarşı olan bu ruhu “dünyanın ruhu” adlandırır (1 Korinflilərə 2:12). Bu ruhun insanlara necə tə’sir etdiyini izah edərək, həvari Pavel birinci əsrdə Efes şəhərində yaşayan məsihçilərə yazırdı: “Bir zamanlar bu günahlara görə hərəkət etdiniz, bu dünyanın gedişinə, havadakı hakimiyyətin, yə’ni indi itaətsiz insanlarda fəal olan ruhun hökmranına uydunuz. Bir zamanlar bizim hamımız da cismani təbiətimizin ehtiraslarına uyaraq, bədənin və əqlin istəklərini yerinə yetirərək bu cür insanların arasında yaşadıq və digərləri kimi təbiətən Allahın qəzəbinə mə’ruz idik” (Efeslilərə 2:2, 3).
13. Məsihçilər dünyanın ruhuna əsaslı surətdə necə müqavimət göstərə bilərlər və bu hansı faydalı nəticələri verir?
13 Xoşbəxtlikdən Efesdə yaşayan məsihçilər bu itaətsizlik ruhuna qul qalmadılar. Əksinə, onlar Allahın ruhuna tabe olaraq, Onun bol və xeyirli səmərələrini əldə edərək Allahın itaətkar övladları oldular (Qalatiyalılara 5:22, 23). Eləcə də bu gün, Kainatda ən qüdrətli qüvvə olan Allahın ruhu milyonlarla insanlara Yehovaya itaətkar olmaqda kömək edir. Bunun da sayəsində onlar sona qədər “ümidin verdiyi tam e’timada” nail olurlar (İbranilərə 6:11; Zəkarya 4:6).
14. İsa axır günlərdə yaşayan bütün məsihçilərin itaətini sınayacaq konkret problemlər haqqında necə xəbərdarlıq etdi?
14 Şilonun da böyük köməyini unutmayaq. O, atası ilə birlikdə yol verməyəcək ki, hansısa düşmənlər — cinlər, yaxud insanlar — bizim itaətkarlığımızı gücümüzdən artıq imtahan etsinlər (1 Korinflilərə 10:13). Bundan əlavə, İsa, ruhani müharibəni aparmaqda bizə kömək etmək üçün, axır günlərdə üzləşəcəyimiz bir sıra konkret problemləri təsvir etdi. O, bu problemləri həvari Yəhyaya rö’yada verdiyi yeddi məktubda təsvir etmişdir (Vəhy 1:10, 11). Bu məktublarda o dövrün məsihçiləri üçün olduqca vacib olan, lakin əsas e’tibarı ilə 1914-cu ildə başlanan “Rəbbin günü”nə aid edilən nəsihətlər verilmişdi. Bu səbəbdən, gəlin həmin məktublara diqqət yetirəkb.
Laqeydlikdən, əxlaqsızlıqdan və var-dövlət dalınca düşməkdən qaçının
15. Nəyə görə Efes yığıncağında mövcud olan problemlərdən qaçınmalıyıq və biz bunu necə edə bilərik? (2 Peter 1:5-8).
15 İsanın ilk məktubu Efesdəki yığıncağa ünvanlanıb. İsa təhəmmülünə görə yığıncağı tə’riflədikdən sonra dedi: “Ancaq səndən bir şikayətim vardır: sən ilk məhəbbətindən əl çəkmisən” (Vəhy 2:1-4). Bu gün, vaxtilə sə’y göstərən bə’zi məsihçilər də Allaha olan ilk coşğun məhəbbətlərini itiriblər. Bu itki Allahla olan münasibəti zəiflədə bilər və belə bir vəziyyət tə’cili olaraq diqqət tələb edir. İlk məhəbbəti necə qaytarmaq olar? Bu işdə Müqəddəs Kitabı müntəzəm öyrənmək, yığıncaq görüşlərində iştirak etmək, dua etmək və düşünmək kömək edə bilər (1 Yəhya 5:3). Bəli, bu, ‘bütün sə’yimizi’ tələb edir, ancaq, şübhəsiz ki, bütün bunlar əbəs olmayacaqdır (2 Peter 1:5-8). Əgər öz üzərində apardığın dürüst analiz məhəbbətinin soyuduğunu göstərirsə, İsanın məsləhətinə tabe olaraq vəziyyəti tezcə düzəltməyə çalış: “Haradan düşdüyünü yadda saxla, tövbə et və əvvəlcə etdiklərinə əməl et” (Vəhy 2:5).
16. Perqama və Tiatira yığıncaqlarında ruhani cəhətdən hansı təhlükəli tə’sirlər mövcud idi və İsanın onlara ünvanladığı sözlər nəyə görə indi də aktualdır?
16 Perqama və Tiatirada olan məsihçilər isə nöqsansızlıqlarına, təhəmmül etdiklərinə və sə’y göstərdiklərinə görə tə’rifə layiq görüldülər (Vəhy 2:12, 13, 18, 19). Lakin onlara qədim vaxtlarda İsrail xalqını cinsi əxlaqsızlıq və Baala ibadətlə parçalayan Balamın və İzebelin natəmiz ruhunu əks etdirən kəslər tə’sir edirdilər (Saylar 31:16; 1 Krallar 16:30, 31; Vəhy 2:14, 16, 20-23). Bəs bizim dövrümüz, “Rəbbin günü” haqqında nə demək olar? İndi də bu cür zərərli tə’sirlər mövcuddurmu? Bəli, çünki əxlaqsızlıq Allahın xalqı arasında yığıncaqdan kənar olunmağa ən çox səbəb olan amildir. Bu səbəbdən, yığıncağın içində, yaxud kənarda pozucu tə’sir göstərən kəslərlə ünsiyyət etməmək necə də vacibdir! (1 Korinflilərə 5:9-11; 15:33). Şilonun itaətkar vətəndaşları olmaq istəyənlər, həmçinin istər yazılı surətdə, istərsə də elektron formada verilən şübhə doğuran əyləncələrdən və pornoqrafiyalardan da qaçınacaqlar (Amos 5:15; Matta 5:28, 29).
17. Sardisdə və Laodikiyada olan məsihçilərin öz ruhani vəziyyətlərinə dair fikirləri və əhval-ruhiyyələri İsanın onlara qarşı nöqteyi-nəzərindən necə fərqlənirdi?
17 Bir neçə nəfəri çıxmaq şərti ilə, Sardisdəki yığıncaq ümumiyyətlə tə’rifə layiq deyildi. Onun sağ olduğunu göstərən “adı”, yə’ni zahiri görünüşü vardı, lakin onda ruhaniliyə qarşı e’tinasızlıq o qədər kök salmışdı ki, İsa onu “ölü” hesab edirdi. Müjdəyə itaət etmək tamamilə rəsmi xarakter daşıyırdı. Sardis yığıncağı necə də ciddi töhmət almışdı! (Vəhy 3:1-3). Laodikiyadakı yığıncaqla da vəziyyət təxminən eyni idi. Bu yığıncaq “zənginəm” deyərək öz maddi sərvəti ilə öyünürdü, lakin o, Məsihin nöqteyi-nəzərindən “zavallı, yazıq, yoxsul, kor və çılpaq” idi (Vəhy 3:14-17).
18. Allahın gözündə ruhən “ilıq” olmaqdan necə qaçınmaq olar?
18 Bu gün, bir vaxtlar sədaqətini qoruyan bə’zi məsihçilər də itaətsizlik yolu ilə gedirlər. Ola bilsin ki, onlar bu dünyanın ruhunun tə’siri altında hansı zəmanədə yaşadığımızı unutmuş və Müqəddəs Kitabı öyrənməyə, duaya, məsihçi yığıncaqlarına və xidmətə qarşı ruhən “ilıq” münasibət göstərməyə başlamışlar (2 Peter 3:3, 4, 11, 12). Bu cür insanlara Məsihə itaət edərək ruhani sərvət toplamaq, yə’ni “[Məsihdən] odla təmizlənmiş qızıl” almaq necə də vacibdir! (Vəhy 3:18). Bu cür həqiqi sərvətə sahib olan insan ‘yaxşı işlərlə varlı olur, əliaçıqdır və öz malını digərləri ilə bölüşməyə hazırdır’. Bu cür həqiqi dəyərli işləri görərək, biz ‘gələcək üçün yaxşı təməl olacaq bir xəzinə toplayırıq ki, əbədi həyata nail olaq’ (1 Timoteyə 6:17-19).
İtaətkarlıqlarına görə tə’rifəlayiq görülüblər
19. İsa İzmirlə Filadelfiyada olan məsihçiləri nəyə görə tə’rifləyir və onları nəyə çağırır?
19 İzmirdə və Filadelfiyada olan yığıncaqlar itaətkarlığın gözəl nümunəsi idilər, belə ki, İsa onlara ünvanladığı məktubunda həmin məsihçiləri nəyəsə görə məzəmmət etmir. O, İzmirdəki məsihçilərə dedi: “Sənin əməllərindən, əzabından və yoxsulluğundan (amma sən zənginsən) xəbərdaram” (Vəhy 2:9). Bu məsihçilər, dünyəvi sərvətləri ilə lovğalanan, əslində isə yoxsul vəziyyətində olan laodikiyalılardan necə də fərqlənirdilər! Əlbəttə ki, kiminsə Məsihə sədaqət və itaətkarlıq göstərməsi İblisə sərf etmirdi. Buna görə də İsa xəbərdarlıq etmişdir: “Çəkəcəyin ələmlərdən qorxma. Budur, iblis sizlərdən bə’zilərini zindana atacaq ki, imtahan olunasınız. Və siz on gün əzab içində olacaqsınız. Ölüm bahasına da olsa sadiq qal, Mən sənə həyat tacını verəcəyəm” (Vəhy 2:10). İsa filadelfiyalıları da tə’riflədi: “Mənim sözümə riayət etdin [yə’ni sözümə itaət etdin] və Mənim adımı inkar etmədin. Budur, tezliklə gəlirəm! Malik olduğuna möhkəm sarıl ki, kimsə tacını çalmasın” (Vəhy 3:8, 11).
20. Bu gün milyonlarla insanlar necə və hansı vəziyyətlərə baxmadan İsanın sözlərinə riayət edirlər?
20 “Rəbbin günü”ndən, yə’ni 1914-cü ildən başlayaraq sadiq qalıq və onun yoldaşları olan milyonlarla başqa qoyunlar da xidmətdə sə’ylə iştirak edərək və nöqsansızlıqlarında möhkəm duraraq İsanın sözlərinə riayət edirlər. Bə’zi məsihçilər birinci əsrdə yaşamış qardaşları kimi, Məsihə itaət etdiklərinə görə iztirab çəkmişlər; hətta onları zindana salır və həbs düşərgələrinə yollayırdılar. Başqaları, İsanın sözlərinə tabe olaraq, hər yanda onları tamahkarlıq və cah-calal əhatə etsə də ‘gözlərini sadə’ (YD) saxlayırlar (Matta 6:22, 23). Bəli, hər cür vəziyyətdə və istənilən şəraitdə İsanın həqiqi davamçıları itaətkarlıqları ilə Yehovanın ürəyini sevindirməyə davam edirlər (Süleymanın məsəlləri 27:11).
21. a) Qul sinfi hansı ruhani vəzifəni yerinə yetirməyi davam etdirəcək? b) Şiloya həqiqətən də itaətkar olmaq istəyimizi necə göstərə bilərik?
21 Böyük fəlakət yaxınlaşdıqca “sadiq və ağıllı qul” bundan sonra da Ağaları Məsihə dəyişməz itaət göstərməyi davam etdirməkdə qəti qərarlıdırlar. Bu, Allahın xalqı üçün vaxtlı-vaxtında qida hazırlamağı özünə daxil edir. Gəlin, Yehovanın gözəl teokratik təşkilatını və təşkilatın təqdim etdiklərini bundan sonra da qiymətləndirək. Beləliklə biz göstərəcəyik ki, öz vətəndaşlarını əbədi həyatla mükafatlandıracaq Şiloya tabe oluruq (Matta 24:45-47; 25:40; Yəhya 5:22-24).
[Haşiyələr]
a “Yeddi vaxt” haqqında əlavə mə’lumatı Yehovanın Şahidləri tərəfindən dərc edilən “Əbədi həyata aparan bilik” kitabının 10-cu fəslində tapa bilərsiniz.
b Yeddi məktub haqqında ətraflı mə’lumatı Yehovanın Şahidləri tərəfindən dərc edilən “Vəhy. Möhtəşəm zirvəsi yaxındır!” (rus.) kitabının 33-cü səhifəsindən e’tibarən tapa bilərsiniz.
Xatırlayırsınızmı?
• Yaqubun ölüm yatağında söylədiyi peyğəmbərliyə əsasən İsa hansı rolu oynamalıdır?
• İsanı Şilo kimi qəbul etdiyimizi necə göstəririk və biz hansı ruhdan qaçınmalıyıq?
• “Vəhy” kitabında yeddi yığıncağa ünvanlanmış məktublarda bu günkü günə aid hansı məsləhətlər var?
• İzmir və Filadelfiya kimi qədim şəhərlərdə yaşamış məsihçiləri hansı sahələrdə təqlid edə bilərik?
[26-cı səhifədəki şəkillər]
Yehova sadiq “nökərbaşı”ya itaət edən xalqına xeyir-dua verir.
[27-ci səhifədəki şəkil]
Şeytanın göstərdiyi tə’sirin ucbatından Allaha itaətkar olmaq çox çətindir.
[29-cu səhifədəki şəkillər]
Yehova ilə olan sıx münasibətlər Ona itaətkar olmağa kömək edir.