FƏSİL 12
«Onları... vahid xalq edəcəyəm»
MƏZMUN: Yehova xalqını bir yerə toplayacağını vəd edir; iki çubuq peyğəmbərliyi
1, 2. a) Sürgündə olan yəhudilər nəyə görə Hizqiyalı görəndə təlaş keçirir? b) Nəyə görə budəfəki peyğəmbərlik xalqı heyrətə salır? c) Bu fəsildə hansı suallar nəzərdən keçirilir?
HİZQİYAL indiyə kimi Yehovanın buyruğu ilə Babildəki əsirlərin qarşında bir neçə dəfə peyğəmbərlik səhnəsi göstərib. Birinci dəfə göstərdiyi səhnədə o, xalqa hökm xəbəri çatdırmışdı. İkinci, üçüncü və digər səhnələrdə də hökm xəbəri səslənmişdi (Hizq. 3:24—26; 4:1—7; 5:1; 12:3—6). Əslində, Hizqiyalın göstərdiyi bütün peyğəmbərlik səhnələrində yəhudilərə qarşı sərt hökm xəbərləri əks olunurdu.
2 Hizqiyal yenə peyğəmbərlik səhnəsi göstərmək üçün sürgündə olan yəhudilərin qarşısına çıxıb. Təsəvvür etmək olar, xalq onu görəndə necə təlaş keçirir. Yəqin bir anlıq onların ağlından belə bir sual keçir: «Görəsən, bu dəfə hansı fəlakət xəbəri eşidəcəyik?» Ancaq bu dəfəki peyğəmbərlik onları heyrətləndirəcək. Bu peyğəmbərlik səhnəsi əvvəlkilərdən çox fərqlidir. Bu səhnədə qara hökm xəbəri yox, parlaq ümid əks olunur (Hizq. 37:23). Maraqlıdır, Hizqiyal əsirlərə hansı xəbəri çatdırmışdı? Bu xəbər hansı mənanı daşıyırdı? Bu xəbərin Allahın müasir xidmətçilərinə hansı aidiyyəti var?
«Onlar Mənim əlimdə bir çubuq olacaqlar»
3. a) «Yəhuda... üçün» olan çubuq nəyi təmsil edirdi? b) Nəyə əsasən demək olar ki, «Əfraimin çubuğu» onqəbiləli padşahlığı təmsil edirdi?
3 Yehova Hizqiyala buyurdu ki, iki çubuq götürsün. Birinin üstünə «Yəhuda... üçün», o birinin üstünə «Əfraimin çubuğu Yusif üçün» sözlərini yazsın. (Hizqiyal 37:15, 16 ayələrini oxuyun.) Bu iki çubuq nəyi təmsil edirdi? «Yəhuda... üçün» olan çubuq Yəhuda və Binyamin qəbiləsindən ibarət olan padşahlığı təmsil edirdi. Bu padşahlıqda Yəhuda qəbiləsindən olan padşahlar hakimiyyət sürürdü. Həmçinin kahinlik də bu padşahlıqla bağlı idi, çünki kahinlər Yerusəlimdə yerləşən məbəddə xidmət edirdilər (2 Saln. 11:13, 14; 34:30). Beləliklə, Yəhuda padşahlığına Davud sülaləsindən olan padşahlar, eləcə də Lavi nəslindən olan kahinlər daxil idi. «Əfraimin çubuğu» onqəbiləli İsrail padşahlığını təmsil edirdi. Bu çubuğun Əfraimlə hansı əlaqəsi var idi? Onqəbiləli padşahlığın ilk padşahı Ərubam Əfraim qəbiləsindən idi. Zaman keçdikcə Əfraim İsrailin ən nüfuzlu qəbiləsi oldu (Qan. 33:17; 1 Pad. 11:26). Bir məqamı qeyd etmək lazımdır ki, onqəbiləli İsrail padşahlığına Davud sülaləsindən olan padşahlar və ya lavili kahinlər daxil deyildi.
4. Hizqiyalın iki çubuqla göstərdiyi peyğəmbərlik səhnəsi nəyi təsvir edirdi? (Fəslin əvvəlindəki şəklə baxın.)
4 Allah Hizqiyala buyurdu ki, iki çubuğu bir-birinə birləşdirib «əlində bir çubuq» etsin. Hizqiyalı təlaşla izləyən əsirlər bunun mənasını soruşdular. Peyğəmbər dedi ki, bu, şəxsən Yehovanın görəcəyi işi təsvir edir. Yehova bildirmişdi ki, O Özü bu iki çubuğu birləşdirəcək və əlavə etmişdi: «Onlar Mənim əlimdə bir çubuq olacaqlar» (Hizq. 37:17—19).
5. Hizqiyalın göstərdiyi səhnənin mənası nədir? («İki çubuq birləşir» adlı çərçivəyə baxın.)
5 Sonra Yehova iki çubuğun birləşməsinin mənasını izah etdi. (Hizqiyal 37:21, 22 ayələrini oxuyun.) İkiqəbiləli Yəhuda padşahlığından və onqəbiləli İsrail (Əfraim) padşahlığından olan əsirlər İsrail diyarına qayıdacaq və «vahid xalq» olacaqlar (Ərm. 30:1—3; 31:2—9; 33:7).
6. «Hizqiyal» kitabının 37-ci fəslində hansı peyğəmbərliklər yer alıb?
6 «Hizqiyal» kitabının 37-ci fəslində bir daha dirçəlişlə bağlı peyğəmbərliklərə rast gəlirik. Bu möhtəşəm peyğəmbərliklər göstərir ki, Yehova həm həyatı (1—14 ayələr), həm də birliyi (15—28 ayələr) bərpa etməyə qadirdir. Bu iki peyğəmbərlikdə ruhlandırıcı xəbər var: ölümün də, parçalanmanın da çarəsi var.
Yehova onları toplayacaq
7. 1 Salnamələr 9:2, 3 ayələrində yazılanlar necə təsdiq edir ki, «Allah üçün hər şey mümkündür»?
7 İnsan nöqteyi-nəzərindən əsirlərin azad edilib birləşməsi tamamilə mümkünsüz görünürdüa. Lakin «Allah üçün hər şey mümkündür» (Mət. 19:26). Yehova bu peyğəmbərliyi yerinə yetirdi. Babil əsarəti e. ə. 537-ci ildə bitdi. Bundan sonra hər iki padşahlıqdan olan insanlar pak ibadətin dirçəlməsinə töhfə vermək üçün Yerusəlimə qayıtdı. Müqəddəs Kitab bunu təsdiq edir: «Yəhuda, Binyamin, Əfraim və Mənəssə övladlarından da bəziləri Yerusəlimdə məskunlaşdılar» (1 Saln. 9:2, 3; Üzr. 6:17). Yehovanın qabaqcadan dediyi kimi, onqəbiləli İsrail padşahlığının təbəələri ikiqəbiləli Yəhuda padşahlığının təbəələri ilə birləşdi.
8. a) Əşiya nə haqda peyğəmbərlik etmişdi? b) Hizqiyal 37:21 ayəsində hansı iki məqam vurğulanır?
8 Təxminən 200 il əvvəl Əşiya peyğəmbər İsrail və Yəhuda əhli barədə peyğəmbərlik etmişdi. O demişdi ki, Yehova «İsrailin pərən-pərən düşmüş övladlarını yığacaq» və «Yəhudanın səpələnmiş övladlarını dünyanın dörd bir guşəsindən», eləcə də «Aşşurdan» toplayacaq (Əşy. 11:12, 13, 16). Doğrudan da, Yehova dediyini etdi. O, «israilliləri səpələndikləri xalqların arasından» topladı (Hizq. 37:21). Həmçinin Yehovanın Hizqiyala dediyi sözlərdə iki mühüm məqama diqqət yetirin: Yehova artıq əsirlərə «Yəhuda» və «Əfraim» deyə müraciət etmədi, bir qrup kimi, «israillilər» deyə müraciət etdi. Üstəlik, israillilər bir xalqın, babillilərin yox, bir neçə xalqın arasından toplanacaqdı, Allah onları «hər tərəfdən» yığacaqdı.
9. Yehova əsirlikdən qayıtmış xalqın arasında birliyi necə yaratdı?
9 Əsarətdə olanlar İsrailə qayıdandan sonra Yehova onları necə birləşdirdi? O, xalqa Zərubabil, baş kahin Yuşə, Üzeyir, Nəhəmya kimi ruhani çobanlar yetirdi, Həqqay, Zəkəriyyə, Məlaki kimi peyğəmbərlər göndərdi. Bu sadiq insanların hər biri var gücləri ilə çalışırdı ki, xalqı Allahın yolu ilə yeriməyə təşviq etsin (Nəh. 8:2, 3). Bundan başqa, Yehova düşmənlərin fitnə-fəsadlarını alt-üst etməklə xalqını qoruyurdu (Əst. 9:24, 25; Zək. 4:6).
10. Şeytan nəyə nail oldu?
10 Yehovanın məhəbbətlə xalqına kömək etməsinə baxmayaraq, israillilərin əksəriyyəti pak ibadətə bağlı qalmadı. Onların əməlləri barədə yetmiş illik sürgündən sonra yazılmış Müqəddəs Kitab bölmələrində oxumaq olar (Üzr. 9:1—3; Nəh. 13:1, 2, 15). Sürgündən qayıdandan sonra israillilər bir əsrin içində pak ibadətdən o qədər uzaqlaşdılar ki, Yehova dedi: «Mənə tərəf dönün» (Məl. 3:7). İsa Məsih yer üzünə gələndə artıq yəhudilərin dini təriqətlərə parçalanmışdı və bu təriqətlərin başında xəyanətkar çobanlar dururdu (Mət. 16:6; Mark 7:5—8). Şeytan tam birliyin əldə olunmasına aman vermədi. Bununla belə, Yehovanın vədi mütləq gerçəkləşəcəkdi. Necə?
«Onların padşahı qulum Davud olacaq»
11. a) Yehova xalqının birləşəcəyi vaxtla bağlı nəyi açıqladı? b) Şeytan göydən qovulandan sonra bir daha nəyə cəhd etdi?
11 Hizqiyal 37:24 ayəsini oxuyun. Yehova bildirdi ki, xalqının birləşəcəyi ilə bağlı peyğəmbərlik «qulu Davud», yəni İsa Məsih padşah taxtına çıxandan sonra tam mənada yerinə yetəcək və bildiyimiz kimi, İsa 1914-cü ildə padşah oldub (2 İşm. 7:16; Luka 1:32). Həmin vaxt artıq İsrail xalqının yerini ruhani İsrail, yəni məsh olunmuş məsihilər tutmuşdu (Ərm. 31:33; Qal. 3:29). Şeytan, xüsusilə də, göydən qovulandan sonra yenidən Allahın xalqının birliyini pozmağa çalışdı (Vəhy 12:7—10). Məsələn, 1916-cı ildə Rassel qardaş vəfat etdi. Bundan sonra Şeytan dönüklərin əli ilə məsh olunmuşlar arasına parçalanma salmağa çalışdı. Lakin çox keçməmiş həmin dönüklər təşkilatdan uzaqlaşdılar. Şeytan həmçinin həmin vaxt təşkilata rəhbərlik edən qardaşların həbsə atılmasına nail oldu. Amma yenə də Allahın xalqının axırına çıxa bilmədi. Yehovaya sadiq qalan məsh olunmuş məsihilər aralarındakı birliyi qorudular.
12. Nəyə görə Şeytan ruhani İsraili parçalaya bilmir?
12 İsrail xalqından fərqli olaraq, ruhani İsrail Şeytanın fitnələrinə qarşı durmağa müvəffəq oldu. Bəs, görəsən, nəyə görə Şeytan ruhani İsraili parçalaya bilmir? Çünki məsh olunmuş məsihilər var gücləri ilə Yehovanın qayda-qanunlarına riayət edirlər. Buna görə də onların Padşahı, Şeytan üzərində zəfərini davam etdirən İsa Məsih onları hifz edir (Vəhy 6:2).
Yehova Allah xidmətçilərini birləşdirəcək
13. İki çubuğun birləşməsi peyğəmbərliyindən hansı vacib həqiqəti öyrənirik?
13 İki çubuğun birləşməsi peyğəmbərliyi bizim dövr üçün hansı mənanı kəsb edir? Yadınızdadırsa, bu peyğəmbərlik iki qrup insanın necə birləşəcəyini təsvir edirdi. Ən əsası, peyğəmbərlik vurğulayırdı ki, bu vəhdəti ərsəyə gətirən Yehova Özü olacaq. Beləliklə, iki çubuğun birləşməsi peyğəmbərliyi pak ibadət haqqında vacib bir həqiqəti vurğulayırdı. Sadə dillə desək, xidmətçilərini birləşdirən Yehova Özü olacaqdı (Hizq. 37:19).
14. Çubuqların birləşməsi peyğəmbərliyi 1919-cu ildən etibarən daha geniş miqyasda necə yerinə yetir?
14 1919-cu ildə Allahın xalqı ruhani cəhətdən təmizləndi və ruhani cənnətə daxil olmağa başladı. Həmin vaxtdan etibarən, iki çubuğun birləşməsi peyğəmbərliyi daha geniş miqyasda yerinə yetməyə başladı. Həmin vaxt vəhdət halına gələnlərin əksəriyyəti göydə padşah və kahin olmaq ümidinə sahib olan məsh olunmuşlar idi (Vəhy 20:6). Onlar rəmzi mənada Yəhuda üçün olan çubuq kimi idilər, çünki Yəhuda xalqı özünə Davud sülaləsindən olan padşahları və lavili kahinləri daxil edirdi. Lakin vaxt keçdikcə bu ruhani yəhudilərə qoşulanlar, əsas etibarilə, yer üzündə yaşamağa ümid edənlər oldu. Onlar «Əfraimin çubuğu» kimi idilər, çünki Əfraim xalqına Davud sülaləsindən olan padşahlar və Lavi nəslindən olan kahinlər daxil deyildi. Bu iki qrup birlikdə Yehovanın xalqını təşkil edir və Padşahları İsa Məsihin hakimiyyəti altında vəhdət içində xidmət edir (Hizq. 37:24).
«Onlar Mənim xalqım olacaq»
15. Bu gün Hizqiyal 37:26, 27 ayələrindəki peyğəmbərlik necə yerinə yetir?
15 Hizqiyalın peyğəmbərliyi göstərir ki, çoxlu adam pak şəkildə ibadət etmək üçün məsh olunmuşlara qoşulmalıdır. Yehova Öz xalqı barədə demişdi: «Saylarını artıracağam... Çadırım onlarla olacaq» (Hizq. 37:26, 27). Bu sözlər bizə Hizqiyaldan təxminən 700 il sonra həvari Yəhyaya nazil olan vəhyi xatırladır: «Taxtda oturan çadırını onların [böyük izdihamın] üzərinə çəkəcək» (Vəhy 7:9, 15). Bu gün Allah məsh olunmuşları və böyük izdihamı vahid bir xalq kimi çadırı altında hifz edir.
16. Ruhani İsrailin yer üzündə yaşamağa ümid edənlərlə birləşməsi barədə Zəkəriyyə hansı peyğəmbərliyi söyləmişdi?
16 Ruhani yəhudilərin yer üzündə yaşamağa ümid edənlərlə birləşəcəyini sürgündən qayıtmış Zəkəriyyə peyğəmbər də demişdi. O yazmışdı ki, «bütün xalqlardan olan... on adam bir yəhudinin ətəyindən yapışıb deyəcək: “Biz də səninlə gedirik, çünki eşitmişik, Allah sizinlədir”» (Zək. 8:23). «Bir yəhudi» sözü bir nəfərə yox, bir qrup insana, yəni bu gün yer üzündə qalan məsh olunmuşlara, yaxud ruhani yəhudilərə aiddir (Rom. 2:28, 29). «On adam» yer üzündə yaşamağa ümid edənləri təmsil edir. Onlar məsh olunmuşların «ətəyindən yapışıb» onlarla gedirlər (Əşy. 2:2, 3; Mət. 25:40). «Ətəyindən yapışıb» və «səninlə gedirik» sözləri bu iki qrupun tam vəhdət təşkil etdiyini vurğulayır.
17. Bu gün aramızda hökm sürən birliyi İsa Məsih necə təsvir etmişdi?
17 İsa Məsih özünü çoban adlandırıb demişdi ki, qoyunlarını (məsh olunmuşlar) və «başqa qoyunları» (yer üzündə yaşamağa ümid edənlər) «bir sürüdə» birləşdirəcək. Bəlkə də, o, Hizqiyalın xalqın birləşəcəyi barədə peyğəmbərliyini nəzərdə tutaraq bu sözləri demişdi (Yəh. 10:16; Hizq. 34:23; 37:24, 25). İsanın və qədimdə yaşamış digər peyğəmbərlərin sözləri sahib olduğumuz bu möhtəşəm ruhani birliyi necə də gözəl təsvir edir! Yalan dinlərin saysız-hesabsız cərəyanlara bölündüyünü nəzərə alsaq, bizim aramızda hökm sürən birlik əsl möcüzədir!
«Məbədim həmişəlik onların arasında olacaq»
18. Hizqiyal 37:28 ayəsinə əsasən, nəyə görə Allahın xalqı dünyaya məxsus olmamalıdır?
18 Hizqiyalın peyğəmbərliyinin son sözləri aramızdakı birliyin pozulmayacağına nəyin zəmanət verdiyini vurğulayır. (Hizqiyal 37:28 ayəsini oxuyun.) Yehovanın xalqı arasındakı birliyə səbəb odur ki, Allahın məbədi, yəni pak ibadət onların arasındadır. Nə qədər ki, onlar öz müqəddəsliklərini qoruyurlar, yəni Şeytan dünyasından ayrı qalırlar Allahın məbədi onların arasında olacaq (1 Kor. 6:11; Vəhy 7:14). İsa dünyaya məxsus olmamağın nə qədər vacib olduğunu şagirdləri üçün dua edərkən vurğulamışdı. O demişdi: «Müqəddəs Atam,.. gözün onların üstündə olsun ki,.. onlar da bir olsunlar. Onlar... dünyaya məxsus deyillər. Onları həqiqət vasitəsilə müqəddəs et» (Yəh. 17:11, 16, 17). Fikir verin ki, İsa bir olmağı dünyaya məxsus olmamaqla əlaqələndirmişdi.
19. a) Allaha bənzəmək istədiyimizi necə göstərə bilərik? b) İsa ölümündən əvvəlki gecə birliklə bağlı hansı vacib fikri vurğulamışdı?
19 Bu ayə yeganə ayədir ki, İsa Məsihin Allaha «Müqəddəs Atam» sözləri ilə müraciət etdiyi yazılıb. Yehova mütləq mənada pak və haqq Allahdır. O, İsrail xalqına əmr etmişdi: «Mən müqəddəsəm, buna görə siz də müqəddəs olmalısınız» (Lav. 11:45). Allaha bənzəməyə çalışdığımız üçün hər bir davranışımızda bu əmri rəhbər tutmalıyıq (Efes. 5:1; 1 But. 1:14, 15). «Müqəddəs» sözü insana aid olanda «ayırmaq» mənasında işlənir. Beləliklə, İsa ölümündən əvvəlki gecə vacib fikri vurğulamışdı: nə qədər ki şagirdləri bu dünyadan və bu dünyadakı parçalanmadan ayrı qalacaqlar onlar arasında birlik hökm sürəcək.
«Xahiş edirəm ki, onları Şərirdən qoruyasan»
20, 21. a) Yehovanın bizi qoruduğuna əminliyimizi nə artırır? b) Bizdən nə gözlənilir?
20 İsa duasında şagirdləri ilə bağlı Yehovaya demişdi: «Xahiş edirəm ki, onları Şərirdən qoruyasan». Yehovanın Şahidləri arasındakı birlik göstərir ki, Yehova İsanın bu xahişinə cavab verib. (Yəhya 17:14, 15 ayələrini oxuyun.) Şeytan aramızdakı birliyi məhv edə bilmir. Bu, bizi əmin edir ki, Allah bizi qoruyur. Yehova Hizqiyal vasitəsilə demişdi ki, iki çubuq Onun əlində bir çubuq olacaq. Beləliklə, Yehova Özü möcüzəvi surətdə xalqını birləşdirib elə bir yerdə qoruyur ki, oraya Şeytanın əli çata bilməz. Bu yer Yehovanın əlinin himayəsidir.
21 Bəs bizdən nə gözlənilir? Bu birliyi qorumaq üçün hər birimiz öz tərəfimizdən əlimizdən gələni etməliyik. Bunun üçün ən vacibi Yehovanın ruhani məbədində pak şəkildə ibadət etməkdir. Növbəti fəsillərdə bu ibadətə nəyin daxil olduğu təhlil edilir.
a Hizqiyal bu peyğəmbərliyi almazdan təxminən iki əsr əvvəl onqəbiləli padşahlığın sakinləri (Əfraimin çubuğu) aşşurlular tərəfindən əsir aparılmışdı (2 Pad. 17:23).
b Bu peyğəmbərlik bu nəşrin 8-ci fəslində ətraflı araşdırılır.