Lukanın yazdığı müjdə
15 Vergiyığanların və günahlıların hamısı ona qulaq asmağa gəlirdi.+ 2 Fərisilər və mirzələr isə deyinirdilər: «Bu adam günahlılarla oturub-durur, onlarla çörək kəsir». 3 Onda İsa onlara bu məsəli çəkdi: 4 «Sizdən kiminsə yüz qoyunu olsaydı və onlardan biri itsəydi, məgər doxsan doqquzunu çöldə qoyub itmiş qoyunu tapana kimi gedib onu axtarmazdı?+ 5 Onu tapanda çiyninə qoyub sevinə-sevinə 6 evinə qayıdar, qonum-qonşunu çağırıb deyərdi: “Mənimlə birgə sevinin, çünki itmiş qoyunumu tapmışam”.+ 7 Bunu bilin ki, göydə tövbə edən bir günahkardan+ ötrü tövbəyə ehtiyacı olmayan doxsan doqquz salehdən daha çox sevinəcəklər.
8 Yaxud on gümüş pulu* olan hansı qadın pulun birini itirərsə, çırağı yandırıb evi süpürməz və onu tapana qədər diqqətlə axtarmaz? 9 Pulu tapanda rəfiqələrini və qonşularını çağırıb deyər: “Mənimlə birgə sevinin, çünki itirdiyim gümüş pulu tapmışam”. 10 Bunu bilin ki, Allahın mələkləri də tövbə etmiş bir günahkardan ötrü belə sevinirlər».+
11 Sonra o, sözünə davam etdi: «Bir adamın iki oğlu vardı. 12 Kiçik oğul atasına dedi: “Ata, əmlakından mənə düşən payı ver”. Onda ata öz malını iki oğulun arasında böldü. 13 Çox keçmədi ki, kiçik oğul hər şeyini yığıb uzaq ölkəyə yollandı. Orada eyş-işrətə qurşanıb bütün malını puç etdi. 14 Hər şeyini xərcləyib qurtarmışdı ki, o ölkədə möhkəm aclıq oldu və oğlan korluq çəkməyə başladı. 15 O, həmin ölkənin sakinlərindən birinin yanına gedib ətəyindən yapışdı. O da oğlanı otlaqlarına donuz+ otarmağa göndərdi. 16 Oğlan donuzların yediyi keçibuynuzu ağacının meyvəsi ilə qarnını doydurmağa şad olardı, amma heç kim ona heç nə vermirdi.
17 Ağlı başına gələndə oğlan özü-özünə dedi: “Atamın evində muzdla işləyən neçə-neçə adamın doyunca yeməyə çörəyi var, mən isə burada acından ölürəm! 18 Atamın yanına qayıdıb deyəcəyəm: “Ata, mən göydəki Allaha və sənə qarşı günah eləmişəm. 19 Artıq sənin oğlun adlanmağa layiq deyiləm. İcazə ver, muzdla işləyən adamlarına qoşulum”. 20 O durub atasının yanına getdi. Hələ uzaqda ikən atası oğlunu görüb ona ürəyi yandı, qabağına qaçıb onun boynuna sarıldı və nəvazişlə öpdü. 21 Oğlan atasına dedi: “Ata, mən göydəki Allaha və sənə qarşı günah eləmişəm.+ Artıq sənin oğlun adlanmağa layiq deyiləm”. 22 Atası isə nökərlərinə əmr etdi: “Tez olun! Ən gözəl xələti gətirib oğluma geyindirin. Barmağına üzük taxın, ayaqlarına səndəl geyindirin. 23 Bəslənmiş dananı gətirib kəsin, yeyək-içək şadlanaq. 24 Çünki mənim bu oğlum ölmüşdü dirildi,+ itmişdi tapıldı”. Onlar şənliyə başladılar.
25 Bu zaman böyük oğul tarlada idi. Geri qayıdarkən evə yaxınlaşanda musiqi və rəqs sədaları eşitdi, 26 nökərlərdən birini yanına çağırıb ondan nə baş verdiyini soruşdu. 27 Nökər dedi: “Qardaşın qayıdıb, atan da onun sağ-salamat qayıtdığına görə bəslənmiş dana kəsib”. 28 Böyük oğul qəzəbləndi və evə girmək istəmədi. Onda atası çıxıb ona yalvarmağa başladı. 29 O, cavabında atasına dedi: “Neçə ildir sənə nökərçilik edirəm, heç vaxt sənin sözündən çıxmamışam. Sən isə mənə dostlarımla şənlik etmək üçün bir çəpiş də verməmisən. 30 Amma sənin malını fahişələrə xərcləyib puç edən bu oğlun gələn kimi onun üçün bəslənmiş dana kəsdin”. 31 Onda atası dedi: “Oğlum, sən həmişə yanımdasan, nəyim varsa, sənindir. 32 Amma biz ona görə sevinib-şadlanırıq ki, qardaşın ölmüşdü dirildi, itmişdi tapıldı”».