Həvarilərin işləri
24 Beş gündən sonra baş kahin Hənənya+ bir neçə ağsaqqalı və Tertull adında bir natiqi* yanına alıb ora gəldi. Onlar Bulusla bağlı şikayətlərini valiyə bildirdilər.+ 2 Tertulla söz veriləndə o, Bulusu ittiham etməyə başladı:
«Zati-aliləri cənab Feliks! Sənin sayəndə ölkədə böyük əmin-amanlıq hökm sürür, uzaqgörənliyin sayəsində bu xalqın arasında islahatlar aparılır. 3 Biz həmişə və hər yerdə bütün bunlar barədə böyük minnətdarlıq hissi ilə danışırıq. 4 Amma vaxtını çox almamaq üçün qısa danışacağam. Rica edirəm, lütfən bizi dinlə. 5 Bu adam cəmiyyət üçün bir bəladır.+ O, yer üzündə yaşayan bütün yəhudiləri qiyama qaldırır,+ özü də nəsrani+ təriqətinin başçısıdır. 6 Biz onu məbədi murdarlamaq istəyəndə tutduq.+ 7 *—— 8 Onu sorğu-suala çək, özün də görəcəksən ki, bizim ittihamlarımız doğrudur».
9 Yəhudilər də bu ittihamların doğru olduğunu iddia edərək Bulusa qarşı hücuma keçdilər. 10 Vali başıyla işarə edib Bulusa söz verdi. Bulus dedi:
«Uzun illərdir ki, sən bu xalqa hakimlik edirsən. Bunu bildiyim üçün qarşında özümü müdafiə etməyə hazıram.+ 11 Sən özün də öyrənə bilərsən ki, ibadət üçün Yerusəlimə getməyimdən heç on iki gün keçməmişdi.+ 12 Heç kəs mənim məbəddə kiminləsə mübahisə etdiyimi, sinaqoqda ya da şəhərdə camaatı qızışdırdığımı görməyib. 13 Onlar indi mənə qarşı sürdükləri ittihamları da sənin qarşında sübut edə bilməzlər. 14 Amma bunu boynuma alıram ki, mən onların “təriqət” adlandırdıqları yola əsasən ata-babalarımın Allahına+ qulluq edir, Tövratda* və Peyğəmbərlərin kitablarında yazılmış hər şeyə inanıram,+ 15 Allahın həm salehləri, həm də qeyri-salehləri+ dirildəcəyinə+ ümid edirəm. Onların özləri də buna ümid edirlər. 16 Bu səbəbdən həmişə çalışıram ki, həm Allahın, həm də insanların qarşısında vicdanımı təmiz saxlayım.+ 17 Mən uzun illərdən sonra Yerusəlimə gəldim ki, toplanmış ianələri+ xalqıma çatdırım və Allaha qurban təqdim edim. 18 Mən məbəddə idim və artıq paklanmışdım,+ dediyim işlərlə məşğul olduğum zaman onlar gəldilər. Mən nə başıma adam toplamışdım, nə də hay-küy qaldırmışdım. Orada Asiya əyalətindən olan yəhudilər də var idi. 19 Əgər onların mənə qarşı şikayəti varsa, özləri gəlib məni sənin qarşında ittiham etməlidirlər.+ 20 Ya da Sinedrion qarşısında durduğum zaman məndə hansı günahı tapdıqlarını qoy bu adamlar burada desinlər. 21 Onların qarşısında durarkən: “Məni bu gün ölülərin dirilməsinə inandığım üçün qarşınızda ittiham edirlər”, — sözlərindən başqa heç nə deməmişəm».+
22 Feliks bu yol+ haqqında hər şeyi yaxşı bilsə də, məsələni təxirə salıb dedi: «Sərkərdə Lisi gələndə məsələnizi həll edərəm». 23 O, yüzbaşıya əmr etdi ki, Bulusu həbsdə saxlasın, ona bir az sərbəstlik versin və dostlarının yanına gəlib ona qulluq etməsinə mane olmasın.
24 Bir neçə gündən sonra Feliks arvadı Drusilla ilə gəldi. Bu qadın yəhudi idi. Feliks Bulusu yanına çağırtdırdı və Məsih İsaya olan iman haqqında dediklərinə qulaq asdı.+ 25 Bulus salehlik, təmkin və gələcəkdəki hökm+ haqqında danışdığından Feliks bərk qorxub dedi: «Sən hələlik get, imkan tapan kimi səni yenə çağırtdıraram». 26 O, bir yandan da Bulusdan pul umurdu. Buna görə də onu yanına tez-tez çağırtdırıb onunla söhbət edirdi. 27 İki ildən sonra Feliksin yerinə Porsi Fest keçdi. Feliks yəhudilərin gözündən düşməmək üçün+ Bulusu dustaq saxlamışdı.