Birinci Padşahlar
18 Bir müddət sonra, üçüncü ildə+ İlyasa Yehovanın sözü nazil oldu: «Get Əhəbə görün. Mən yerə yağış yağdıracağam».+ 2 İlyas Əhəbin qarşısına getdi. Həmin vaxt Səməriyyədə aclıq tüğyan edirdi.+
3 Bu arada Əhəb eşikağası Əbdiyanı yanına çağırdı. Əbdiya Yehovadan çox qorxurdu. 4 İzəbil+ Yehovanın peyğəmbərlərini öldürəndə Əbdiya yüz peyğəmbəri əlli-əlli mağaralarda gizlətmişdi, onlara çörək və su vermişdi. 5 Əhəb Əbdiyaya dedi: «Get ölkənin bütün vadilərinə, bulaqlarına bax. Bəlkə, ot tapıb atları, qatırları saxlaya bildik ki, heyvanların hamısı tələf olmasın». 6 Beləcə, məmləkəti gəzmək üçün ölkəni iki yerə böldülər. Əhəb bir yolla, Əbdiya isə o biri yolla getdi.
7 Əbdiya yolda olanda İlyas onun qarşısına çıxdı. Əbdiya dərhal onu tanıdı və üzüstə yerə düşüb dedi: «Ağam İlyas, bu sənsən?»+ 8 O dedi: «Mənəm. Get ağana de ki, İlyas buradadır». 9 Əbdiya dedi: «Ağa, mən nə günahın sahibiyəm ki, məni Əhəbin əlinə ölümə verirsən? 10 Allahın Yehovaya and olsun, elə xalq, elə səltənət qalmayıb ki, ağam səni axtarmaq üçün ora adam göndərməsin. Onlar “o, burada yoxdur” deyəndə, o, həmin səltənətə və xalqa səni doğrudan tapmadıqları üçün and içdirirdi.+ 11 İndi sən mənə deyirsən “get ağana söylə İlyas buradadır”. 12 Mən səndən ayrılan kimi, Yehovanın ruhu səni buradan götürüb bilmədiyim yerə aparacaq.+ Mən Əhəbə deyəndə o, səni tapmayacaq, onda mütləq məni öldürəcək. Amma bu qulun gəncliyindən Yehovadan qorxur. 13 Ağa, məgər sənə deməyiblər ki, İzəbil Yehovanın peyğəmbərlərini öldürəndə mən Yehovanın yüz peyğəmbərini əlli-əlli mağaralarda gizlətmişdim, onlara çörək, su vermişdim?+ 14 Amma indi sən deyirsən: “Get, ağana söylə ki, İlyas buradadır”. O, məni öldürəcək». 15 İlyas dedi: «Qulluq etdiyim ordular Allahı Yehovaya and olsun, bu gün mən ona görünəcəyəm».
16 Əbdiya gedib Əhəbi tapdı və bu xəbəri ona çatdırdı. Əhəb İlyası görməyə getdi.
17 Əhəb İlyası görən kimi dedi: «Ey İsrailin bəlası, bu sənsən?»
18 İlyas dedi: «İsrailin bəlası mən deyiləm, sənsən və atanın evidir. Siz Yehovanın əmrlərindən çıxıb Baalların ardınca getdiniz.+ 19 İndi bütün İsraili Karmel dağına+, mənim yanıma topla. İzəbilin süfrəsində oturan 450 Baal peyğəmbərini, 400 Aşera+ peyğəmbərini də çağır». 20 Əhəb bütün İsrailə xəbər göndərdi və peyğəmbərləri Karmel dağına topladı.
21 İlyas camaata yaxınlaşıb dedi: «Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz?+ Əgər Yehova Allahdırsa, Onun dalınca gedin.+ Yox əgər Baal Allahdırsa, onda onun dalınca gedin!» Amma xalq bir kəlmə də olsun cavab vermədi. 22 Onda İlyas camaata dedi: «Yehovanın peyğəmbərlərindən təkcə mən qalmışam.+ Baalın isə 450 peyğəmbəri var. 23 Qoy bizə iki cavan buğa versinlər. Onlar buğalardan birini seçsinlər, kəsib-doğrasınlar və odunun üstünə qoysunlar, amma od vurmasınlar. Mən də o biri buğanı hazırlayıb odunların üstünə qoyacağam, amma od vurmayacağam. 24 Sonra siz öz allahınızın adını çağırın,+ mən isə Yehovanın adını çağırım. Hansı biri odla cavab verərsə, Allah odur».+ Xalq cavab verib dedi: «Lap yaxşı».
25 İlyas Baal peyğəmbərlərinə dedi: «Siz çoxsunuz, özünüz üçün buğa seçin və birinci siz hazırlayın. Sonra allahınızın adını çağırın. Amma od vurmayın». 26 Baal peyğəmbərləri onlara verilən buğanı hazırladılar və səhərdən günortaya kimi: «Baal, bizə cavab ver!» — deyib Baalı çağırdılar. Lakin səs-soraq olmadı.+ Onlar düzəltdikləri qurbangahın dövrəsində hoppanıb-düşürdülər. 27 Günorta İlyas onları ələ salmağa başladı: «Bərkdən çığırın! Axı o, allahdır.+ Bəlkə, fikrə dalıb, yaxud ayaqyoluna gedib*. Ya da yatır, durğuzmaq lazımdır!» 28 Onlar var gücləri ilə bağırır, adətləri üzrə bədənlərini xəncərlə, nizə ilə yaralayır, özlərini qana boyayırdılar. 29 Günorta keçdi. Onlar axşam taxıl təqdiməsi gətirilən vaxta qədər coşub dəlilik etdilər, amma nə bir səs-səmir gəldi, nə də hay verən oldu.+
30 Axırda İlyas xalqa dedi: «Yanıma gəlin». Hamı ona yaxınlaşdı. O, Yehovanın uçurulmuş qurbangahını düzəltdi.+ 31 İlyas Yehovanın «adın İsrail olacaq» dediyi Yaqubun+ oğullarından törəyən qəbilələrin sayına müvafiq on iki daş götürdü. 32 Daşlardan Yehovanın adına qurbangah düzəltdi.+ Sonra qurbangahın dövrəsində xəndək qazdı. Ümumi sahə iki sea* toxum səpilən yer boyda idi. 33 Bundan sonra o, odunları sıra ilə düzdü, buğanı doğrayıb odunların üstünə qoydu+ və dedi: «Dörd iri küpü su ilə doldurun, yandırma qurbanı ilə odunların üstünə tökün». 34 Sonra dedi: «Bir də edin». Onlar bir də etdilər. O yenə dedi: «Üçüncü dəfə tökün». Onlar üçüncü dəfə tökdülər. 35 Su qurbangahın ətrafına axdı. O, xəndəyi də su ilə doldurdu.
36 Axşam taxıl təqdiməsi gətirilən vaxt+ İlyas peyğəmbər irəli çıxıb dedi: «Ey İbrahimin, İshaqın və İsrailin Allahı Yehova,+ qoy bu gün məlum olsun ki, İsraildə Allah Sənsən, mən Sənin qulunam və bütün bunları Sənin buyruğunla edirəm.+ 37 Cavab ver mənə, ey Yehova! Yehova, cavab ver ki, bu xalq Sənin Allah olduğunu, onları Özünə tərəf döndərdiyini bilsin».+
38 Onda Yehova göydən od göndərdi. Od yandırma qurbanını, odunları, daşları, torpağı yandırdı, xəndəkdəki suyu uddu.+ 39 Camaat bunu görəndə üzüqoylu yerə döşənib dedi: «Allah Yehovadır! Yehovadır Allah!» 40 İlyas onlara dedi: «Baal peyğəmbərlərini tutun! Qoymayın bir nəfəri də qaçsın!» Onları tutdular. İlyas onları Qişon+ çayına endirib orada hamısını öldürdü.+
41 İlyas Əhəbə dedi: «Dur, ye-iç. Çünki leysan səsi gəlir!»+ 42 Əhəb yeyib-içməyə getdi. İlyas isə Karmel dağının başına çıxıb diz çökdü, əyilib üzünü dizləri arasına qoydu.+ 43 Sonra nökərinə dedi: «Qalx, dəniz tərəfə bax». O qalxıb baxdı və «heç nə yoxdur» dedi. İlyas yeddi dəfə «get bax» deyərək onu göndərdi. 44 Yeddinci dəfə nökər dedi: «Dənizdən əl boyda bulud qalxır». İlyas dedi: «Dur, get Əhəbə de: “Arabanı hazırla. Aşağı en ki, leysana düşməyəsən”». 45 Bu vaxt göyün üzünü qara buludlar aldı, külək əsdi, şiddətli leysan başladı.+ Əhəb arabasını sürüb Yizrailə+ üz tutdu. 46 Yehovanın əli İlyasın üstünə endi. O, paltarının ətəklərini belinə dolayıb Yizrailə qədər Əhəbin qabağınca qaçdı.