YEDDİNCİ FƏSİL
O, «Yehovanın önündə böyüyürdü»
1, 2. İşmuil İsrail xalqını Gilqala nə üçün toplayıb və onlara nəyi başa salmaq istəyir?
İŞMUİL uzun illərdir ki, İsraildə peyğəmbər və hakimdir. Allahın bu sadiq xidmətçisi xalqı Gilqal şəhərinə toplayıb. Quraqlıq mövsümüdür. Müasir təqvimlə may və ya iyun ayıdır. Zəmilər sarı-qızılı don geyinib, biçin vaxtı yetişib. İşmuil xalqın qarşısında durub bir-bir hamını nəzərdən keçirir. Ətrafa lal sükut çöküb. O, soydaşlarının ürəyinə yol tapmaq istəyir.
2 İsraillilər vəziyyətin nə qədər ciddi olduğunu başa düşmürlər. Bir müddət əvvəl onlar inadla özlərinə padşah istəmişdilər. Onlar anlamırlar ki, padşah istəməklə Yehova Allaha və onun elçisinə hörmətsizlik ediblər, padşahları Yehova Allahı rədd ediblər. Görəsən, İşmuil onlara bunu başa sala biləcək?
Balaca İşmuil natəmiz insanların arasında imanını qorumaqla bizə gözəl nümunə qoyub
3, 4. a) Nəyə görə İşmuil cavanlığından söz açır? b) Nəyə görə bu gün İşmuil kimi iman örnəyinə ehtiyacımız var?
3 İşmuil xalqa deyir: «Mən... artıq qocalmışam, başım ağarıb». Onun qar kimi ağ saçları bu sözlərə qüvvət verir. Sonra o deyir: «Gəncliyimdən bu günə qədər sizin önünüzdə getmişəm» (1 İşm. 11:14, 15; 12:2). O yaşa dolsa da, gəncliyini, o günləri çox gözəl xatırlayır. O vaxtlar verdiyi qərarlar ona Yehova Allaha bağlı, iman dolu həyat sürməyə kömək edib.
4 İşmuil uzun illər imansız və xain insanların arasında yaşasa da, əlindən gələni edirdi ki, imanını qoruyub-saxlasın. Bugünkü pozğun və allahsız dünyada da imanı qorumaq hələm-hələm asan iş deyil. (Luka 18:8 ayəsini oxu.) Odur ki, gəlin İşmuilin ömür kitabını vərəqləyək, görək o, bizə nə öyrədir.
Balaca İşmuil Yehovanın hüzurunda xidmət edir
5, 6. İşmuilin uşaqlığı necə keçib və nəyə görə valideynləri ona görə arxayın idilər?
5 İşmuilin uşaqlıq illəri qeyri-adi keçib. O, süddən ayrılandan bir qədər sonra, haradasa üç yaşından Yehova Allahın Şilodakı müqəddəs çadırında xidmətə başlayıb. Şilo onun Ramadakı ata evindən 30 kilometrdən artıq məsafədə yerləşirdi. Ata-anası Əlqənayla Hənnə əhd etdikləri kimi, oğullarını şərəfli xidmətə, ömürlük nəziriliyə həsr etmişdiləra. Kimsə fikirləşə bilər ki, yəqin valideynləri onu sevmirdi, ondan imtina etmişdi. Doğrudanmı bu, belə idi?
6 Xeyr! Onlar İşmuili müqəddəs çadıra aparanda arxayın idilər ki, orada onun qayğısına qalan olacaq. O, baş kahin Əlinin himayəsi altında idi, onlar birlikdə xidmət edirdilər. Çadırda müəyyən işləri görən qadınlar da xidmət edirdi (Çıx. 38:8; Hak. 11:34—40).
7, 8. a) İşmuilin valideynləri onu xidmət etməyə necə həvəsləndirirdilər? b) İşmuilin ata-anası bugünkü valideynlərə hansı sahədə örnəkdir?
7 Əlqənayla Hənnə əziz balalarını heç vaxt unutmurdular, axı bu körpə dualarının cavabı idi. Hənnə Allaha əhd etmişdi ki, oğlu olsa, onu ömürlük müqəddəs xidmətə həsr edəcək. Hər il bu qayğıkeş ana balasını görməyə gəlir və xidmət zamanı geyinməsi üçün ona öz əli ilə toxuduğu köynəyi gətirirdi. Təbii ki, balaca İşmuil anasını görəndə çox sevinirdi. Valideynləri hər gəlişlərində İşmuilə bu cür yerdə Yehova Allaha xidmət etməyin böyük şərəf olduğunu aşılayırdılar. Onların bu cür nəsihəti ona qol-qanad verirdi.
8 Bu gün valideynlər Hənnə ilə Əlqənadan çox şey öyrənə bilərlər. Əksər valideynlər övladlarını hər şeylə təmin etmək üçün dəridən-qabıqdan çıxırlar, amma onların ruhani tələbatlarını ödəmək üçün heç nə etmirlər. Lakin İşmuilin ata-anası ilk növbədə övladlarının ruhaniliyini düşünürdü. İşmuilin böyüyüb bu cür insan olmasında bunun əhəmiyyəti böyük olmuşdu. (Məsəllər 22:6 ayəsini oxu.)
9, 10. a) Müqəddəs çadırın quruluşu necə idi və İşmuil buradakı xidmətinə necə yanaşırdı? (Həmçinin haşiyəyə bax.) b) İşmuil müqəddəs çadırda hansı işi görürdü və gənclər ondan nə öyrənə bilərlər?
9 Gəlin İşmuilin uşaqlıq illərini təsəvvür edək: o, Şilonun ətrafındakı təpələri gəzib-dolaşır. Şəhəri, yamacdan aşağıdakı dərəni gözdən keçirir, Yehovanın çadırına baxıb sevinir, fərəhlənir. Çadır müqəddəs yer idib. Bu yer Yehova Allahın dünyadakı yeganə ibadətgahı idi. Çadır İşmuilin vaxtından təxminən 400 il əvvəl Musa peyğəmbərin rəhbərliyi altında düzəldilmişdi.
10 İşmuil böyüdükcə Allahın müqəddəs məskəninə məhəbbəti də böyüyürdü. O, özü haqda növbəti sözləri yazmışdı: «Balaca İşmuil isə əynində kətan döşlük Yehovanın hüzurunda xidmət edirdi» (1 İşm. 2:18). Bu sadə qolsuz paltar İşmuilin kahinlərə kömək etdiyini göstərirdi. İşmuil kahin nəslindən olmasa da, səhərlər həyətin qapılarını açır və qoca Əliyə baş çəkirdi. Çadırda xidmət etmək ona sevinc gətirirdi. Lakin hərdən Yehova Allahın evində elə şeylər baş verirdi ki, İşmuilin saf qəlbi sızlayırdı.
Natəmizlər arasında təmiz qaldı
11, 12. a) Hüfni ilə Fənhası ağır günahlara sürükləyən nə idi? b) Onlar müqəddəs çadırda hansı mənfur işləri törədirdilər? (Həmçinin haşiyəyə bax.)
11 Balaca İşmuil məbəddə çox murdarlıqların şahidi olurdu. Baş kahin Əlinin Hüfni və Fənhas adında iki oğlu var idi. Müqəddəs Kitabda deyilir: «Əlinin oğulları yaramaz adamlar idilər, Yehovaya hörmət etmirdilər» (1 İşm. 2:12). Bu ayədə yazılan iki fikir bir-biri ilə əlaqəlidir. Onlar Allaha hörmət etmədikləri üçün Müqəddəs Kitabda yaramaz adlanırlar. Bu adamlar Allahın adil hökm və qaydalarını heç sayırdılar. Bu, onların başqa ağır günahlar etməsinə səbəb olmuşdu.
12 Allahın Qanununda kahinlərin xidməti və qurbanları təqdim etməklə bağlı onlara verilən qaydalar yer alırdı. Bu qaydalar əbəs yerə verilməmişdi. Qurbanlar günahların bağışlanması üçün Allahın gördüyü işləri təmsil edirdi. Xalq gətirdiyi qurbanlar sayəsində Allahın gözündə təmiz olub Ondan xeyir-bərəkət və rəhbərlik ala bilərdi. Lakin Hüfni ilə Fənhas kahin yoldaşlarının qurbanlara hörmətsiz yanaşmasına bais olurduc.
13, 14. a) Müqəddəs çadırda törədilən murdarlıqlar səmimi qəlbli adamlara necə təsir edirdi? b) Nəyə görə deyə bilərik ki, Əli ata və baş kahin kimi üzərinə düşən vəzifəni yerinə yetirmirdi?
13 Təsəvvür edin, balaca İşmuilin gözü qarşısında nələr baş verir: kahinlər özbaşınalıq edir, heç kim onların qarşısını almır. İşmuil heç cür bunu ağlına sığışdıra bilmir. Çadıra rahatlıq tapmaq, imanını möhkəmləndirmək üçün gələn neçə-neçə insan, yoxsul, fağır, məzlum oradan kor-peşman, məyus, alçalmış halda çıxır. Hüfni ilə Fənhasın çadırda xidmət edən qadınlarla zina edib Yehovanın qanunlarını tapdaladığından xəbər tutanda İşmuilin keçirdiyi hissləri təsəvvür etmək çətin deyil (1 İşm. 2:22). Yəqin o ümid edirdi ki, Əli hər şeyi yoluna qoyacaq.
Əlinin oğullarının mənfur əməllərini görəndə İşmuilin ürəyi sızlayırdı
14 Baş kahin olduğu üçün çadırda baş verən şeylərə görə Əli cavabdeh idi. Buna görə də vəziyyəti düzəldə biləcək yeganə adam o idi. O həm də bir ata kimi oğullarının başına ağıl qoymalı idi. Onların hərəkəti təkcə özlərinin yox, bütün xalqın ziyanına idi. Amma Əli nə ata kimi, nə də baş kahin kimi üzərinə düşəni eləmədi. Oğullarını yüngülvarı məzəmmət etdi. (1 İşmuil 2:23—25 ayələrini oxu.) Əslində isə onlara çox ciddi töhmət verilməli idi. Onların əməlləri ölümə layiq idi!
15. Yehova Allah Əliyə hansı hökmü çatdırdı və Əli ilə oğulları buna necə yanaşdı?
15 Vəziyyət o yerə gəlib çıxdı ki, Yehova Allah Əliyə adı bizə məlum olmayan bir peyğəmbər vasitəsilə hökm xəbəri çatdırdı. Allah Əliyə dedi: «Nə üçün oğullarına Məndən çox hörmət qoyursan?» Yehova Allah ona bildirdi ki, yaramaz oğullarının ikisi də bir gündə öləcək, nəslindən bəla əskik olmayacaq, nəsli hətta kahinlikdən məhrum olacaq. Amma bu ağır hökm nə Əliyə, nə də oğullarına kar eləmədi (1 İşm. 2:27—3:1).
16. a) Bu əhvalatda balaca İşmuil barədə nə deyilir? b) İşmuil barədə nə düşünürsünüz?
16 Müqəddəs çadırda törədilən murdar hərəkətlər İşmuilə sirayət etdimi? Bu bədbin əhvalatda nikbin məqamlar da yer alıb. Məsələn, 1 İşmuil 2:18 ayəsində yazılıb: «Balaca İşmuil... Yehovanın hüzurunda xidmət edirdi». İşmuil hətta uşaqlıq illərini Allaha ibadətə həsr etmişdi. Həmin fəslin 21-ci ayəsində İşmuil haqqında daha da ürəkaçan sözlərə rast gəlirik: «Balaca İşmuil isə Yehovanın önündə böyüyürdü». Bəli, İşmuil böyüdükcə Yaradana daha da yaxınlaşırdı. Məhz Yehova Allahla yaxın münasibəti sayəsində o, natəmizlər arasında təmiz qaldı.
17, 18. a) Allahın gənc xidmətçiləri hansı sahədə İşmuildən örnək alırlar? b) Nədən görünür ki, İşmuil düz yol seçmişdi?
17 İşmuil deyə bilərdi ki, əgər baş kahin və oğulları ürəkləri istəyəni edirsə, mən niyə etməyim. Amma kiminsə, hətta səlahiyyət sahibinin günah etməsi heç kimə günah etməyə haqq vermir. Bu gün də Allaha xidmət edən uşaqlar, ətraflarında pis nümunələr olsa da, İşmuildən örnək alıb Yehovanın hüzurunda böyüyürlər.
18 Yehova Allaha sədaqəti İşmuilə hansı xeyri gətirdi? Müqəddəs Kitabda yazılıb: «Balaca İşmuil isə böyüyür, həm Yehovanın, həm də xalqın rəğbətini qazanırdı» (1 İşm. 2:26). İşmuil ən azından onun üçün dəyərli olan insanların məhəbbətini qazanmışdı. Ən vacibi isə sədaqəti ona Yehova Allahın rəğbətini qazandırmışdı. İşmuil əmin idi ki, ibadət etdiyi Allah Şiloda baş alıb gedən murdarlıqlara son qoyacaq. Bəs nə vaxt? Gecələrin birində İşmuil sualına cavab tapır.
«Danış, qulun Səni eşidir»
19, 20. a) Gecəyarısı İşmuilin başına gələn vaqiəni nəql edin. b) İşmuil Əliyə necə yanaşır? c) İşmuil haradan bilir ki, onunla danışan Yehova Allahdır?
19 Səhərin açılmasına az qalıb. Hava hələ işıqlaşmayıb. Çıraqdanın titrək işığı çadırı işıqlandırır. Hər yan sükunət içindədir. Qəflətən bir səs bu sükutu pozur, kimsə İşmuili çağırır. İşmuil elə fikirləşir ki, onu çağıran qocalmış, gözləri zəifləmiş Əlidir. O, yerindən qalxıb tez onun yanına qaçır. Bir təsəvvür edin, balaca oğlan ayaqyalın qaça-qaça Əlinin yanına gedir ki, görsün nə istəyir. İşmuilin Əliyə ehtiram bəsləməsi, ona qarşı qayğıkeş olması təqdirəlayiqdir. Bütün günahlarına baxmayaraq, Əli hələ ki, Yehova Allaha baş kahin kimi xidmət edir (1 İşm. 3:2—5).
20 İşmuil Əlini oyadıb deyir: «Bəli, ağam. Məni çağırdın?» Əli isə onu çağırmadığını deyib yatmağa göndərir. Bu vəziyyət bir neçə dəfə təkrarlanır. Sonda Əli işin nə yerdə olduğunu anlayır. O vaxtlar çox nadir hallarda Yehova Allahdan vəhylər və xəbərlər gəlirdi, səbəbi isə məlumdur. Əli başa düşür ki, İşmuillə danışan Yehova Allahdır. Əli İşmuili yatağına göndərir və deyir ki, Yehova Allah bir də onu çağıranda nə cavab versin. İşmuil onun sözünə baxıb gedir. Bir azdan həmin səs: «İşmuil! İşmuil!» — deyə onu çağırır və İşmuil cavab verir: «Danış, qulun Səni eşidir» (1 İşm. 3:1, 5—10).
21. Bu gün Yehova Allah bizimlə necə danışır və nəyə görə biz Onu dinləməliyik?
21 Nəhayət Şiloda Yehova Allaha qulaq asan bir adam tapıldı. Bu, İşmuildir. O, ömrü boyu Yehova Allaha qulaq asdı. Bəs siz necə, həmişə Yehova Allaha qulaq asırsınız? Biz gözləməməliyik ki, gecə yarısı qeybdən Allah bizimlə danışacaq. Amma bu gün biz müəyyən mənada Allahın səsini eşidirik. O, bizimlə Müqəddəs Kitabın səhifələrindən danışır. Əgər Yehova Allahı diqqətlə dinləsək və Onun sözünə əməl etsək, imanımız get-gedə möhkəmlənəcək. Bunu İşmuilin nümunəsindən görmək olar.
22, 23. a) İşmuilin çatdırdığı xəbər necə həyata keçir? b) Nəyin sayəsində İşmuil hörmət qazanırdı?
22 Həmin gecə İşmuilin həyatında dönüş nöqtəsi olur, onun Yehova Allahla münasibəti yeni şəkil alır. Allah onu peyğəmbəri və elçisi seçir. Əvvəlcə İşmuil Yehova Allahdan aldığı xəbəri Əliyə çatdırmağa qorxur. Çünki Yehova Allah tezliklə Əlinin ailəsinə çıxardığı hökmü həyata keçirəcək və bu, Onun son sözüdür. Lakin İşmuil cəsarətini toplayıb bu ilahi hökmü Əliyə söyləyir, Əli də bu hökmə boyun əyir. Bir müddət sonra Allahın sözləri həyata keçir. İsraillilər filiştlilərlə döyüşə çıxır və Hüfni ilə Fənhas eyni gündə həlak olur. Əli isə Yehova Allahın müqəddəs sandığının düşmən əlinə keçdiyini eşidəndə kətildən yıxılıb ölür (1 İşm. 3:10—18; 4:1—18).
23 İşmuilə gəldikdə isə, o, insanların qarşısında Allahın sadiq peyğəmbəri kimi hörmət qazanmağa davam edir. Müqəddəs Yazılarda deyilir ki, Yehova Allah İşmuillə idi və onun vasitəsi ilə söylədiyi peyğəmbərliklərin hamısını həyata keçirirdi. (1 İşmuil 3:19 ayəsini oxu.)
«İşmuil Yehovaya yalvardı»
24. İsraillilər İşmuildən nə tələb etdilər və nəyə görə bu, ağır günah idi?
24 Bəs israillilər İşmuil kimi, Allaha sadiq qaldılarmı? Xeyr! Bir müddət sonra onlar bildirdilər ki, daha peyğəmbərin onlara hakimlik etməsini istəmirlər, başqa xalqlarda olduğu kimi padşah istəyirlər. Yehova Allahın buyruğu ilə İşmuil onların istəyini yerinə yetirdi. Amma xalqa necə ağır günaha yol verdiklərini başa salmaq lazım idi. Çünki padşah istəməklə, əslində, onlar İşmuili yox, Yehova Allahı rədd edirdilər! Məhz bu səbəbə İşmuil camaatı Gilqala toplayıb.
25, 26. İşmuil xalqa günahının ağırlığını necə başa salır?
25 Gəlin birinci abzasda təsvir etdiyimiz səhnəyə qayıdaq. Yaşlı İşmuil üsyankar israillilərə müraciət edir. Onlara ömrü boyu Allaha sadiq qaldığını söyləyir. Sonra üz tutub Yehovaya yalvarır, Ondan şimşək çaxdırmasını diləyir (1 İşm. 12:17, 18).
26 Heç quraqlıq vaxtı şimşək çaxar?! Belə şeyi nə görən olub, nə eşidən. Ola bilsin, İşmuilin diləyi camaatın arasından kiməsə qəribə gəlir, kiminsə gülməyi tutur. Amma bu, çox çəkmir. Qəflətən göyün üzünü qara buludlar alır. Külək qalxıb zəmidəki sünbülləri yerə yatırır. Şimşək guruldayıb nərə çəkir, gurultudan qulaq batır. Və budur, yağış yağır. Bunu görən xalqı Yehova Allahın və İşmuilin zəhmi basır. Nəhayət ki, onlar günahlarının nə qədər ağır olduğunu başa düşürlər (1 İşm. 12:18, 19).
27. Yehova Allah İşmuil kimi imanlı insanlara necə yanaşır?
27 Bu üsyankar xalqın ürəyinə İşmuil yox, Yehova Allah yol tapdı. İşmuil uşaqlıqdan ta qocalanadək Yehova Allaha sadiq qaldı və Allah onu mükafatsız qoymadı. Yehova Allah dəyişməzdir. O, bu gün də İşmuil kimi iman sahibi olan hər kəsə arxa və dayaqdır!
a Nəziri əhdi verən adam dilinə içki vurmamalı və saçını kəsməməli idi. Əksər hallarda bu əhd müəyyən müddətə, bəzən isə ömürlük verilirdi. Şimşon, İşmuil və Vəftizçi Yəhya ömürlük nəziri idilər.
b Müqəddəs çadır düzbucaq şəklində idi, onun çərçivələri taxtadan düzəldilmişdi. Onun düzəldilməsində ən keyfiyyətli materiallardan — suiti dərisindən, naxışlı parçalardan, bahalı ağacdan hazırlanmış, üstü qızıl və gümüşlə örtülmüş taxtalardan istifadə olunmuşdu. Çadırın həyəti də düzbucaq şəklində idi. Həyətdə böyük qurbangah yerləşirdi. Sonralar həyətdə kahinlər üçün otaqlar da tikilmişdi. Yəqin ki, İşmuil bu otaqların birində yaşayırdı.
c İşmuilin əhvalatında bunu göstərən iki məqam qələmə alınıb. Birincisi, yaramaz kahinlər Qanunda qurbanlarla bağlı verilən göstərişi pozurdular. Qanunda qurbanın hansı hissəsinin kahinlərə çatacağı yazılmışdı (Qan. 18:3). Onlar isə öz bildiklərini edirdilər. Kimsə qurban gətirəndə onlar xidmətçilərini göndərirdilər ki, çəngəli qazana salıb, çəngələ keçən ən yaxşı tikəni götürüb gətirsinlər. Bundan başqa, camaat qurbanlarını qurbangahda yandırmağa gətirəndə bu yaramaz kahinlər xidmətçilərini göndərirdilər ki, qurbanın piyi hələ Yehova Allaha təqdim olunmamış hədə-qorxu gəlib onlardan çiy ət alsınlar (Lav. 3:3—5; 1 İşm. 2:13—17).