Minnətdarlıqla qəbul et ürəkdən ver
SEVƏN səmavi Atamız Yehova bizə səmimi maraq göstərir. Onun Kəlamı bizi əmin edir ki, O, hər bir xidmətçisinin qayğısına qalır (1 Pet. 5:7). Allahın qayğısı Ona sədaqətlə xidmət etmək üçün bizə kömək təqdim etməsindən görünür (Yeşaya 48:17). Xüsusilə də üzücü problemlərlə üzləşəndə Yehova Onun təqdim etdiyi köməkdən yararlanmağımızı istəyir. Musanın Qanunu bunu aydın göstərir.
Bura Yehova ‘kasıb’ yetimlərin, dul qadınların və yadellilərin qayğısına qalmaqla bağlı qanunlar daxil etmişdi (Lev. 19:9, 10; Qanun. t. 14:29). O bilir ki, bu gün də Onun bəzi xidmətçiləri həmimanlılarının köməyinə ehtiyac duyur (Yaq. 1:27). Buna görə də Yehovanın heç bir xidmətçisi Onun kömək etməyə təşviq etdiyi insandan yardım qəbul etməyə çəkinməməlidir. Ancaq biz bunu düzgün əhval-ruhiyyə ilə etməliyik.
Eyni zamanda, Müqəddəs Kitab göstərir ki, Allahın xalqının vermək imkanı da var. İsanın Yerusəlimdəki məbəddə gördüyü ‘kasıb dul qadının’ nümunəsini xatırlayaq (Luka 21:1-4). Görünür, o, Yehovanın Qanunda dul qadınlar üçün nəzərdə tutduğu köməkdən istifadə edirdi. O, kasıb olmasına baxmayaraq, hər birimizin xatirində alan kimi yox, verən kimi qalıb. Şübhə yoxdur ki, həmin qadın bundan xoşbəxtlik duyurdu, çünki İsanın dediyi kimi, «vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir» (Həv. iş. 20:35). Xoşbəxt olmaq üçün dul qadının nümunəsini biz necə izləyə bilərik? (Luka 6:38).
«Yehovaya nə verə bilərəm?»
Məzmurçu soruşurdu: «Mənə etdiyi yaxşılıqların əvəzində Yehovaya nə verə bilərəm?» (Məz. 116:12). Yehovanın məzmurçuya comərdliklə verdiyi xeyir-dualar hansılar idi? «Dərd-bəlalar» içində olanda Yehova ona arxa olmuşdu. Üstəlik, ‘canını ölümdən qurtarmışdı’. İndi isə onun ürəyindən etdiyi yaxşılıqların əvəzində Yehovaya nəsə vermək arzusu keçirdi. Məzmurçu bunu necə edə bilərdi? O, «Yehovaya dediyim nəzirləri yerinə yetirərəm» deyir (Məz. 116:3, 4, 8, 10-14). O, Yehovaya verdiyi bütün vədləri və Yehovanın onun üzərinə qoyduğu bütün öhdəçilikləri yerinə yetirmək qətiyyətində idi.
Daim Allahın qanunlarına və prinsiplərinə uyğun həyat tərzi sürməklə biz də məzmurçu kimi davrana bilərik. Vaxtaşırı özümüzdən soruşmalıyıq: «Yehovaya ibadət həyatımda ən vacib yeri tuturmu? Allahın ruhunun etdiyim hər bir işdə mənə rəhbərlik etməsinə yol verirəmmi?» (Vaiz 12:13; Qalat. 5:16-18). Əlbəttə, Yehovanın bizim üçün etdiklərinin altından heç vaxt çıxa bilmərik. Buna baxmayaraq, Yehova bizim Ona sidq-ürəkdən xidmət etdiyimizi görəndə ‘qəlbi sevinir’ (Sül. məs. 27:11). Yehovanın ürəyini bu cür sevindirmək bizim üçün necə də böyük şərəfdir!
Yığıncağın rifahı naminə çalışın
Əlbəttə, məsihçi yığıncağının bizə çox faydası dəyib. Yehova yığıncaq vasitəsilə bol ruhani qida təqdim edir. Həqiqətin sayəsində biz yanlış dini fikirlərdən və ruhani zülmətdən azad olmuşuq (Yəh. 8:32). «Sadiq və ağıllı qul» tərəfindən təşkil olunan yığıncaq görüşlərində və konqreslərdə ağrı-acının olmayacağı əbədi həyata aparan bilik əldə etmişik (Mat. 24:45-47). Allahın yığıncağı vasitəsilə aldığımız və gələcəkdə alacağımız xeyir-duaları sadalamaqla qurtarmaq olmaz. Əvəzində yığıncağa biz nə verə bilərik?
Həvari Pavel yazmışdır: «Bütün bədən, hər bir buğumun yardımı ilə həmahəng olub, təşkil olunur və hər üzvün düzgün işləməsinə görə bədən qamətini artırır ki, məhəbbətlə inkişaf etsin» (Efes. 4:15, 16). Bu ayə əsas etibarilə məsh olunmuş məsihçilərə aid olsa da, oradakı prinsip bu gün bütün məsihçilərə də tətbiq olunandır. Bəli, yığıncağın hər bir üzvü onun rifahı və inkişafı naminə çalışa bilər. Necə?
Biz bunu başqalarını hər zaman ruhlandırmağa və ruhən təravətləndirməyə çalışmaqla edə bilərik (Rom. 14:19). Biz həmçinin həmimanlılarımızla münasibətdə ruhun səmərəsini inkişaf etdirməklə ‘bədənin inkişaf etməsi’ üçün əlimizdən gələni edə bilərik (Qalat. 5:22, 23). Bundan əlavə, biz ‘hamıya, xüsusən imanlılar ailəsinə yaxşılıq etmək’ üçün imkanlar axtara bilərik (Qalat. 6:10; İbr. 13:16). Yığıncaqda hamı — bacı və qardaşlar, gənclər və qocalar ‘bədənin məhəbbətlə inkişafında’ iştirak edə bilər.
Bundan əlavə, biz öz qabiliyyətlərimizi, qüvvətimizi və maddi imkanlarımızı yığıncağın həyata keçirdiyi xilasedici işdə də istifadə edə bilərik. İsa Məsih demişdir: «Müftə aldınız, müftə verin» (Mat. 10:8). Bu səbəbdən Padşahlığın təbliği və şagird hazırlamaq kimi vacib işdə tam iştirak et (Mat. 24:14; 28:19, 20). Bu işdə sənə mane olan və ya məhdudiyyətlər qoyan hər hansı problemin varmı? İsanın haqqında danışdığı yoxsul dul qadını yadına sal. Onun ianə etdiyi məbləğ çox az idi. Ancaq İsanın sözlərinə görə, bu qadın hamıdan çox pul salmışdı. O, imkanının yol verdiyi qədər ianə etmişdi (2 Kor. 8:1-5, 12).
Düzgün əhval-ruhiyyə ilə qəbul edin
Bəzən isə biz yığıncağın köməyinə ehtiyac duya bilərik. Bu gün dünyanın göstərdiyi təzyiqlərlə mübarizədə heç vaxt yığıncağın bizə göstərdiyi köməyi qəbul etməyə çəkinməməliyik. Yehova səriştəli və qayğıkeş qardaşları təyin etmişdir ki, ‘cəmiyyəti güdsünlər’, yəni çətinliklərlə və sınaqlarla üzləşəndə bizə kömək etsinlər (Həv. iş. 20:28). Yığıncaqdakı ağsaqqallar və başqaları çətin anlarda bizə təsəlli vermək, dəstək olmaq və müdafiə etmək istəyirlər (Qalat. 6:2; 1 Salon. 5:14).
Lakin ehtiyac duyduğumuz köməyi alarkən diqqətli olmalıyıq ki, bunu düzgün əhval-ruhiyyə ilə edək. Biz hər bir köməyi minnətdarlıqla qəbul etməliyik. Həmimanlılarımızın göstərdiyi köməyə Allahın lütfünün təzahürü kimi baxmalıyıq (1 Pet. 4:10). Bu nəyə görə vacibdir? Çünki biz, bu dünyanın adamları kimi, naşükür olmaq istəmirik.
Tarazlı və dərrakəli olun
Pavel Filipidəki yığıncağa məktubunda Timotey haqqında yazırdı: «Barənizdə Timotey qədər həqiqətən qayğı çəkən həmfikir başqa adamım yoxdur». Amma sonra əlavə edir: «Hər kəs Məsih İsaya məxsus olanı deyil, öz mənfəətini güdür» (Filip. 2:20, 21). Pavelin bu sözlərini yadda saxlayaraq həddən artıq ‘öz mənfəətimizin’ qayğısına qalmaqdan necə qaçına bilərik?
Biz heç vaxt həmimanlılarımızdan problemlərimizin həllində kömək etmək üçün vaxtlarını və diqqətlərini bizə ayırmasını tələb etməməliyik. Nəyə görə? Özün fikirləş: əlbəttə, son dərəcə çətin anlarımızda bizə müəyyən maddi köməklik göstərən qardaşa çox minnətdar olacağıq. Bəs ondan bizə maddi köməklik göstərməsini tələb edərdikmi? Əlbəttə, yox. Buna bənzər tərzdə, sevən bacı-qardaşlarımız hər zaman kömək etməyə hazır olsalar da, tarazlı və dərrakəli olmalıyıq ki, onlardan bizə həddən artıq vaxt sərf etmələrini gözləməyək. Həmimanlılarımız çətin anlarda bizə kömək etmək üçün hər nə etsələr də, biz onların bunu könüllü etmələrini istəyirik.
Şübhəsiz, məsihçi bacı-qardaşlarımız hər zaman bizə səmimi-qəlbdən yardım əli uzatmağa hazırdırlar. Amma elə anlar ola bilər ki, onların bizə kömək etmək imkanı olmasın. Bununla belə, əmin ola bilərik ki, üzləşdiyimiz sınaqlardan asılı olmayaraq, Yehova məzmurçunu darda qoymadığı kimi, bizi də darda qoymayacaq (Məz. 116:1, 2; Filip. 4:10-13).
Buna görə də Yehovanın bizə xüsusilə də kədərli və sarsıntılı anlarımızda təqdim etdiyi köməkliyi minnətdarlıqla qəbul etməyə çəkinməməliyik (Məz. 55:22). Yehova bunu belə etməyimizi istəyir. Həmçinin O istəyir ki, biz «gülər üzlə» verməyi bacaraq. Buna görə də gəlin imkanımızın yol verdiyi qədər həqiqi ibadəti dəstəkləməkdə qəti qərarlı olaq (2 Kor. 9:6, 7). Onda biz minnətdarlıqla almağı və ürəkdən verməyi bacaracağıq.
[31-ci səhifədəki çərçivə/şəkil]
«Mənə etdiyi comərdliyə görə Rəbbin borcunu necə qaytara bilərəm?» (Məz. 116:12)
▪ ‘Hamıya yaxşılıq etmək’ üçün imkanlar axtar
▪ Hər zaman başqalarını ruhlandır və ruhən təravətləndir
▪ Bacardığın qədər şagird hazırlamaq işində tam iştirak et