«Allahın salehliyini həyatınızda həmişə birinci yerə qoyun»
«Allahın salehliyini həyatınızda həmişə birinci yerə qoyun, onda bütün bunlar da sizə veriləcək» (MAT. 6:33).
1, 2. Allahın salehliyi nədir və o, nəyə əsaslanır?
«PADŞAHLIĞI... həmişə birinci yerə qoyun» (Mat. 6:33). İsa Məsihin Dağüstü təbliğdə verdiyi bu göstəriş Yehovanın Şahidlərinə yaxşı tanışdır. Həyatımızın bütün sahələrində həmin Padşahlığı sevdiyimizi və ona sadiq qalmaq istədiyimizi göstərməyə çalışırıq. Lakin bu ayənin ikinci hissəsini, Allahın «salehliyini» həyatımızda birinci yerə qoymağı da yaddan çıxarmamalıyıq. Allahın salehliyi nədir və onu həyatımızda birinci yerə qoymaq nə deməkdir?
2 Orijinal mətndə salehliyə aid edilən sözləri «ədalət» və ya «dürüstlük» kimi də tərcümə etmək olar. Deməli, Allahın salehliyi Onun qoyduğu norma və dəyərlər baxımından düzgündür. Bir Yaradan kimi, Onun nəyin yaxşı, nəyin pis, nəyin isə düzgün, yaxud səhv olduğunu müəyyən etməyə haqqı var (Vəhy 4:11). Bununla belə, Allahın salehliyi sərt qanunlar toplusu ya da saysız-hesabsız qaydalar siyahısı deyil. Əksinə, Onun salehliyi ədalətə və digər əsas keyfiyyətləri olan məhəbbət, müdriklik və qüvvəyə əsaslanır. Allahın salehliyi Onun iradəsi və niyyəti ilə sıx bağlıdır. Buraya Ona xidmət etmək arzusunda olanların qarşısına qoyduğu tələblər də daxildir.
3. a) Allahın salehliyini birinci yerə qoymaq nə deməkdir? b) Biz nəyə görə Allahın salehlik normalarına riayət edirik?
3 Allahın salehliyini həyatımızda birinci yerə qoymaq nə deməkdir? Sadə sözlərlə desək, bu, Allahı razı salmaq üçün Onun iradəsini yerinə yetirmək deməkdir. Buraya özümüzün yox, Onun dəyərlərinə və mükəmməl normalarına uyğun yaşamaq daxildir. (Romalılara 12:2 ayəsini oxu.) Belə həyat tərzi Yehova ilə münasibətlərimizlə birbaşa əlaqəlidir. Bu o demək deyil ki, biz Allahın qanunlarına Onun bizə cəza verəcəyindən qorxduğumuza görə tabe oluruq. Əksinə, Allahı sevdiyimiz üçün öz normalarımızı təsis etmirik, Onun normalarına riayət edərək Onu razı salmaq istəyirik. Biz dərk edirik ki, bu cür davranmaq düzgündür, çünki məhz bunun üçün yaradılmışıq. Allahın Padşahlığının Padşahı olan İsa Məsih kimi, biz salehliyi sevməliyik (İbr. 1:8, 9).
4. Nəyə görə Allahın salehliyini həyatımızda birinci yerə qoymaq çox vacibdir?
4 Yehovanın salehliyini həyatımızda birinci yerə qoymaq nə dərəcədə vacibdir? Gəlin bir faktı nəzərdən keçirək. Eden bağındakı ilk sınaq Adəmlə Həvvanın Yehovanın normalar təsis etmək hüququnu qəbul edib-etməyəcəkləri ilə bağlı idi (Yar. 2:17; 3:5). Ulu valideynlərimizin bu sınaqdan keçməməsi onların övladları olan bizlərə əzab-əziyyət və ölüm gətirdi (Rom. 5:12). Lakin Allahın Kəlamında deyilir ki, «salehlik və sədaqətin ardınca gedən həyat, salehlik və şərəf tapar» (Sül. məs. 21:21). Bəli, Allahın salehliyini həyatımızda birinci yerə qoymağın sayəsində Onunla gözəl qarşılıqlı münasibətimiz olacaq, bu da bizi xilasa doğru aparacaq (Rom. 3:23, 24).
Öz gözündə saleh olmağın arxasında duran təhlükə
5. Biz hansı təhlükədən qaçmalıyıq?
5 Həvari Pavel Romadakı məsihçilərə yazdığı məktubunda hər birimizin qaçmalı olduğu təhlükə barədə xəbərdarlıq edir. Allahın salehliyini həyatımızda birinci yerə qoymaq istəyiriksə, onun bu xəbərdarlığını qulaqardına vurmamalıyıq. Soydaşları olan yəhudilər haqda danışaraq Pavel deyir: «Allahın qeyrətini çəkdiklərinə özüm şahidəm, ancaq bunu dəqiq biliyə əsaslanaraq etmirlər. Onlar Allahın salehlik yollarına tabe olmadılar, çünki Onun salehlik yollarını dərk etmədilər, əvəzində öz salehlik normalarını təsis etmək istədilər» (Rom. 10:2, 3). Pavelin dediyi kimi, onların başı öz salehlik normalarını təsis etməyə o qədər qarışmışdı ki, Allahın salehliyini anlamırdılara.
6. Biz hansı meyildən qaçınmalıyıq və nəyə görə?
6 Allaha xidmətimizə bir yarış kimi baxaraq özümüzü başqaları ilə müqayisə etsək, bu tələyə düşə bilərik. Öz gözümüzdə saleh olmaq asanlıqla bacarıqlarımıza arxayın olmağımıza gətirib çıxara bilər. Həqiqətən də, bu cür davranmaq Yehovanın salehliyini unutmağımızla nəticələnəcək (Qalat. 6:3, 4). Düzgün olanı etməyə bizi Yehovaya məhəbbət təşviq etməlidir və bu ən düzgün niyyətdir. Öz salehliyimizi sübut etməyə çalışdığımız halda Allahı sevdiyimizi iddia etmək boşdur. (Luka 16:15 ayəsini oxu.)
7. İsa öz gözündə saleh olmaq məsələsinə necə toxundu?
7 İsa «öz gözündə saleh olan və heç kəsi saymayan adamlar» üçün narahat idi. O çəkdiyi bir məsəldə bu problemə toxundu: «İki adam dua etmək üçün məbədə girdi. Onlardan biri fərisey, digəri vergiyığan idi. Fərisey durub ürəyində belə dua etdi: “Şükür Sənə, İlahi! Mən qalan adamlar kimi — soyğunçu, haqsız, zinakar və ya bu vergiyığan kimi deyiləm. Həftədə iki dəfə orucumu tuturam, aldığım hər şeyin onda birini verirəm”. Vergiyığan isə uzaqda durub gözlərini də göyə qaldırmağa cürət etmirdi, amma peşmançılıqdan sinəsinə vurub deyirdi: “Ya Allah, mən günahkara rəhmin gəlsin”». İsa sözlərinə belə yekun vurdu: «Bunu bilin ki, bu adam Allahın gözündə o birisindən daha saleh çıxdı. Çünki özünü yüksəldən alçaldılacaq, özünü alçaldan isə yüksəldiləcək» (Luka 18:9—14).
Digər təhlükə — «həddən artıq saleh» olmaq
8, 9. «Həddən artıq saleh» olmaq nə deməkdir və bu, nəyə gətirib çıxara bilər?
8 Qaçmalı olduğumuz digər təhlükə barədə isə Vaiz 7:16 ayəsində oxuyuruq: «Həddən artıq saleh olma, həddən artıq müdrik olma. Nə üçün özünü üzəsən?» Allahdan ilham alaraq bu sözləri qələmə alan yazıçı həmin fəslin 20-ci ayəsində bunun səbəbini açıqlayır: «Yer üzündə elə saleh adam yoxdur ki, yalnız yaxşılıq edib heç bir günah etməsin». «Həddən artıq saleh» olan insan öz salehlik normalarını təsis edir və insanlar barədə onların əsasında mühakimə yürüdür. Lakin o, belə etməklə öz normalarını Allahınkından üstün tutduğunu və bununla da Allahın gözündə günah işlətdiyini nəzərdən qaçırır.
9 «Həddən artıq saleh» olmaq hətta Yehovanın işlərini şübhə altına almağımıza gətirib çıxara bilər. Lakin yaddan çıxarmamalıyıq ki, əgər biz Yehovanın qərarlarının ədalətli və ya düzgün olduğuna şübhə ediriksə, deməli, öz salehlik normalarımızı Yehovanın normalarından üstün tutmağa başlayırıq. Bununla, sanki, Yehovanı sınağa çəkir, eləcə də pisliyə və yaxşılığa dair şəxsi normalarımız əsasında Onu mühakimə edirik. Lakin salehlik normalarını təsis etmək hüququ bizə yox, yalnız Yehovaya məxsusdur (Rom. 14:10).
10. Əyyubun hadisəsində olduğu kimi, Allahı mühakimə etməyimizə nə səbəb ola bilər?
10 Düzdür, heç birimiz Allahı qəsdən mühakimə etmək istəməzdik. Ancaq qeyri-kamil olduğumuzdan bu, asanlıqla bizimlə də baş verə bilər. Necə? Ola bilsin, hansısa bir şeyin ədalətsiz olduğunu düşünürük və ya çətin vəziyyətdəyik. Hətta Allahın sadiq xidmətçisi Əyyub da bu cür səhvə yol vermişdi. Müqəddəs Kitabda əvvəlcə «o, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adam» kimi təsvir olunur (Əyy. 1:1). Lakin sonralar o, bir sıra bədbəxtliklərlə üzləşir. Bunların ədalətsiz olduğunu düşünən Əyyub nəticədə ‘özünü Allahdan da saleh sayır’ (Əyy. 32:1, 2). Ona düşüncə tərzini dəyişmək gərək idi. Biz də hərdən belə vəziyyətlərlə qarşılaşanda təəccüblənməməliyik. Belə olan halda bizə düşüncə tərzimizi dəyişməyə nə kömək edə bilər?
Biz bütün faktları həmişə bilmirik
11, 12. a) Əgər hansısa işin ədalətsiz olduğunu düşünürüksə, nəyi yadda saxlamalıyıq? b) Nəyə görə kiməsə elə gələ bilər ki, İsanın üzümlükdə çalışan işçilər məsəlindəki mülkədar ədalətsiz davranır?
11 Hər şeydən əvvəl onu yadda saxlamalıyıq ki, bütün faktlar həmişə bizə məlum olmur. Bunu Əyyubun hadisəsindən görmək olar. O, mələklərin Allahın hüzurunda toplaşdıqlarından və Şeytanın orada ona qarşı ittihamlar irəli sürdüyündən xəbərsiz idi (Əyy. 1:7—12; 2:1—6). Əyyub başına gələnlərin əsil səbəbkarının Şeytan olduğundan bixəbər idi. Ümumiyyətlə, biz Şeytanın kim olduğundan Əyyubun xəbəri olub-olmadığını dəqiq bilmirik! Buna görə də o, yanlış olaraq belə bir qənaətə gəldi ki, bütün bu bəlaları onun başına gətirən Allahdır. Bütün faktlar bizə məlum olmayanda, həqiqətən də, yanlış qənaətə gəlmək çox asandır.
12 Nümunə üçün İsanın üzümlükdə çalışan işçilər məsəlini götürək. (Matta 20:8—16 ayələrini oxu.) Bu məsəldə İsa bütün günü və ya bir saat işləmələrindən asılı olmayaraq, işçilərin hamısına eyni əmək haqqı verən bir mülkədardan bəhs edir. Necə fikirləşirsən, onun bu hərəkətini ədalətli hesab etmək olar? Yəqin, səhərdən-axşama kimi qızmar günəş altında əlləşib-vuruşan işçilərə yazığın gəlir və onların daha yüksək əmək haqqına layiq olduqlarını düşünürsən. Məsələyə bu tərəfdən baxanda mülkədarın qəddar və ədalətsiz olduğunu fikirləşə bilərik. Hətta narazılıqlarını bildirən işçilərə verdiyi cavabdan onun öz mövqeyindən sui-istifadə etdiyi qənaətinə də gəlmək olar. Amma gəl fikirləşək: bütün faktlar bizə məlumdur?
13. İsanın üzümlükdə çalışan işçilər barədə çəkdiyi məsələ daha hansı tərəfdən baxmaq olar?
13 Ancaq gəl bu məsələ digər tərəfdən baxaq. Şübhəsiz, mülkədar başa düşürdü ki, bu işçilər öz ailələrini dolandırmalıdırlar. İsanın günlərində tarlada çalışan işçilər gündəlik əmək haqqına işləyirdilər. Onların ailələri gözlərini gündəlik qazanılan pula dikmişdi. İndi isə bunu yadda saxlayaraq mülkədarın günün sonunda tutduğu və bu səbəbdən cəmi bir saat işləyən işçilərin vəziyyəti barədə düşünək. Çox güman ki, onlar bir saata qazandıqları pulla ailələrini dolandıra bilməzdilər; lakin onlar işləməyə hazır idilər və kiminsə onları işə götürməsi üçün bütün günü gözləməli olmuşdular (Mat. 20:1—7). Onların nə günahı var idi ki, bütün günü yox, bir saat işləmişdilər? Onların işləməkdən boyun qaçırmalarını düşünməyimizə heç bir əsas yoxdur. Tutalım, ailən sənin gündəlik qazandığın əmək haqqından asılıdır. Buna görə də bütün günü kiminsə səni işə götürəcəyini gözləmək məcburiyyətindəsən. Kimsə gəlib səni işə götürəndə nə qədər sevindiyini və ailəni bir gün dolandırmağa kifayət edən pul alanda nə qədər təəccübləndiyini bir təsəvvür et!
14. Bu məsəldən özümüzə hansı vacib dərsi götürürük?
14 Mülkədarın hərəkətinə yenidən nəzər salaq. O, heç kəsin pulunu kəsmədi. O başa düşürdü ki, onlar ailələrini dolandırmalıdırlar. Mülkədar fəhlə bazarında işçilərin çox olmasından istifadə edərək ucuz işçi tuta bilərdi, ancaq belə etmədi. Bütün işçiləri evlərinə gündəlik çörək pulu ilə qayıtdı. Bu əlavə təfsilatlar mülkədarın hərəkəti barədə fikirlərimizi dəyişə bilər. Əslində, o, öz mövqeyindən heç də sui-istifadə etmədi; o, məhəbbətlə davrandı. Buradan biz nə öyrənirik? Yalnız bəzi faktları nəzərə almaqla səhv nəticəyə gələ bilərik. Bu məsəl Allahın salehliyinin üstün olduğunu vurğulayır və göstərir ki, Onun salehliyi sadəcə qanunlara əsaslanmır və insanın buna layiq olub-olmadığına baxmır.
Baxışlarımız təhrif oluna və ya məhdud ola bilər
15. Ədalətlə bağlı baxışlarımızın təhrif və ya məhdud olmasına nə səbəb ola bilər?
15 Gözümüzdə ədalətsiz görünən vəziyyətlərlə qarşılaşanda onu da yadda saxlamalıyıq ki, baxışlarımız təhrif oluna və ya məhdud ola bilər. Baxışlarımız qeyri-kamillik, qabaqcadan yaranmış mənfi rəy və ya mənsub olduğumuz mədəniyyət ucbatından təhrif oluna bilər. Onun məhdud olmasına səbəb isə insanların niyyətlərini və ürəyindəkiləri görə bilməməyimizdir. Bizdən fərqli olaraq, bu kimi məhdudiyyətlər nə Yehovada, nə də İsada var (Sül. məs. 24:12; Mat. 9:4; Luka 5:22).
16, 17. Davud Bat-Şeva ilə günah işlədəndə nəyə görə Yehova əxlaqsızlığa dair qanununu icra etmədi?
16 Gəl Davudla Bat-Şevanın hadisəsinə nəzər salaq (2 Şam. 11:2—5). Musanın Qanununa əsasən, onların hər ikisi etdikləri əxlaqsızlığa görə öldürülməli idi (Lev. 20:10; Qanun. t. 22:22). Yehova onları cəzalandırsa da, Öz qanununu icra etmədi. O, ədalətsizmi davrandı? Bu, Onun ayrı-seçkilik etdiyini və salehlik normalarını pozduğunumu göstərir? Müqəddəs Kitabı oxuyan insanların bəziləri məhz bu qənaətə gəlmişlər.
17 Əxlaqsızlığa dair bu qanunun əsasında hökm çıxarmaq səlahiyyətini Yehova insanların ürəklərini görə bilməyən qeyri-kamil hakimlərə həvalə etmişdi. Bu kimi məhdudiyyətlərə baxmayaraq, bu qanun onlara belə günah işlədən hər kəs barədə eyni hökmü çıxarmaq hüququnu verirdi. Ancaq Yehova ürəkləri görür (Yar. 18:25; 1 Saln. 29:17). Buna görə də biz fikirləşməli deyilik ki, O, qeyri-kamil hakimlərə verdiyi qanunlar çərçivəsində hərəkət etməli idi. Əgər belə düşünürüksə, onda elə çıxmırmı ki, biz yaxşı görən insanı görmə qabiliyyəti zəif olanlar üçün nəzərdə tutulan eynəyi taxmağa məcbur edirik? Yehova Davudla Bat-Şevanın ürəyindəkiləri və onların səmimi-qəlbdən tövbə etdiklərini görmüşdü. Onlar barədə hökm çıxararkən Yehova bunu nəzərə alıb hər ikisi ilə mərhəmətlə və məhəbbətlə davrandı.
Yehovanın salehliyini həmişə birinci yerə qoyun
18, 19. Nəyin sayəsində biz Yehovanı heç vaxt öz salehlik normalarımız əsasında mühakimə etməyəcəyik?
18 Beləliklə, istər Müqəddəs Kitabı oxuyarkən, istərsə də hansısa hadisə ilə üzləşərkən Yehovanın ədalətsiz davrandığı qənaətinə gəliriksə, gəl Allahı öz salehlik normalarımız əsasında mühakimə etməyək. Bütün faktların həmişə bizə məlum olmadığını, eləcə də baxışlarımızın bəzən təhrif olunduğunu və ya məhdud olduğunu daima yadda saxlayaq. Heç vaxt unutma ki, «insanın qəzəbi onu Allahın tələb etdiyi salehliyə aparmır» (Yaq. 1:19, 20). Onda biz ‘ürəyimizdə Rəbbə hiddətlənməyəcəyik’ (Sül. məs. 19:3).
19 İsa kimi, gəlin biz də Yehovanın yaxşılıq və salehlik normalarını təsis etmək hüququnu həmişə qəbul edək (Mark 10:17, 18). Onun normalarına dair «dəqiq biliyə», yaxud başqa bir tərcümədə deyildiyi kimi, «həqiqi biliyə» yiyələnməyə çalışaq (Rom. 10:2; 2 Tim. 3:7). Bunu qəbul etməklə və Yehovanın iradəsinə uyğun yaşamaqla biz Onun ‘salehliyini həyatımızda həmişə birinci yerə qoyduğumuzu’ göstərəcəyik (Mat. 6:33).
[Haşiyə]
a Bir alimin təbirincə, «təsis etmək» kimi tərcümə edilən sözün orijinal dildə «abidə ucaltmaq» mənası da var. Məcazi dillə desək, həmin yəhudilər Allahı deyil, özlərini izzətləndirmək məqsədilə «abidə» ucaltmaqla məşğul idilər.
Yadınızdadırmı?
• Yehovanın salehliyini həyatımızda birinci yerə qoymaq nəyə görə vacibdir?
• Hansı iki təhlükədən qaçmalıyıq?
• Allahın salehliyini həyatımızda birinci yerə qoyduğumuzu necə göstərə bilərik?
[9-cu səhifədəki şəkil]
Məbəddə dua edən iki nəfər haqda İsanın danışdığı məsəldən nə öyrənirik?
[10-ci səhifədəki şəkil]
Səncə, bir saat işləyən işçilərin bütün günü işləyənlərlə eyni əmək haqqı alması ədalətlidir?