Allahın dinclik günü nədir?
«Allahın xalqını hələ şənbə istirahəti gözləyir» (İBR. 4:9).
1, 2. Yaradılış 2:3 ayəsindən biz hansı nəticəyə gəlirik və bununla əlaqədar hansı suallar meydana çıxır?
MUSANIN qələmə aldığı «Yaradılış» kitabının birinci fəslindən biz öyrənirik ki, Allah altı simvolik gün ərzində Yer kürəsini insanların yaşaması üçün hazırladı. Hər günün sonu haqqında Müqəddəs Kitabda deyilir: «Axşam oldu, səhər açıldı» (Yar. 1:5, 8, 13, 19, 23, 31). Yeddinci gün barədə isə Müqəddəs Kitabda yazılıb: «Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi, çünki gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət etdi» (Yar. 2:3).
2 Gördüyümüz kimi, yeddinci gün barədə «axşam oldu, səhər açıldı» sözləri deyilməyib. Bu göstərir ki, Musa bizim eradan əvvəl 1513-cü ildə «Yaradılış» kitabını yazanda yeddinci gün hələ bitməmişdi. Bəs bu gün Allahın dinclik günü davam edirmi? Əgər davam edirsə, biz ona necə yetişə bilərik? Bu sualların cavabını bilmək olduqca vacibdir.
Yehova hələ də istirahət edir?
3. Yəhya 5:16, 17 ayələrində yazılan İsanın sözləri yeddinci günün birinci əsrdə hələ bitmədiyini necə təsdiqləyir?
3 Yeddinci günün eramızın birinci əsrində bitmədiyinə dair iki sübut var. İlk sübutu İsanın düşmənlərinə dediyi sözlərdən görmək olar. İsa şənbə günləri insanları sağaltdığı üçün onlar onu tənqid edirdilər. Çünki onların fikrincə, şənbə günündə kiməsə şəfa vermək iş sayılırdı və Musanın Qanununa zidd idi. İsanın onlara verdiyi cavaba diqqət yetirək: «Mənim Atam indiyədək işləyir, mən də işləyirəm» (Yəh. 5:16, 17). İsa bununla nə demək istəyirdi? Onun: «Atam indiyədək işləyir», — sözləri düşmənlərinin ittihamlarına cavab idi. Bununla İsa, sanki, demişdi: «Atamla mən eyni işi görürük. Atam minilliklər ərzində davam edən Şənbə günü işləyirsə, mənim üçün də şənbə günü işləmək qəbahət deyil». Bu sözlərlə İsa göstərdi ki, Yehovanın böyük Şənbə günü, yəni dinclik günü olan yeddinci gün İsanın günlərində hələ bitməmişdia.
4. Yeddinci günün Pavelin günlərində bitmədiyinə dair hansı sübut var?
4 İkinci sübutu isə həvari Pavelin sözlərindən görmək olar. Allahın istirahəti barədə Yaradılış 2:2 ayəsindən sitat gətirərək Pavel yazmışdı: «İman edən bizlər dinclik gününə yetişəcəyik» (İbr. 4:3, 4, 6, 9). Gördüyümüz kimi, yeddinci gün Pavelin günlərində də bitməmişdi. Bəs o gün nə zaman bitəcək?
5. Yeddinci günün məqsədi nədir və Allahın niyyəti nə zaman tam yerinə yetəcək?
5 Bu sualın cavabını tapmaq üçün biz yeddinci günün məqsədini bilməliyik. Yaradılış 2:3 ayəsində həmin məqsəd izah olunur: «Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi». Allah həmin günü təqdis etmişdi, başqa sözlə, niyyətinin tam həyata keçməsi üçün onu xüsusi bir gün kimi ayırmışdı. Onun niyyəti isə ondan ibarətdir ki, yer üzündə bütün canlıların qayğısına qalan itaətkar insanlar yaşasınlar (Yar. 1:28). Yehova Allah və şənbə gününün Ağası olan İsa Məsih məhz bu niyyətin həyata keçməsi üçün birgə «indiyədək işləyir»lər (Mat. 12:8). Allahın dinclik günü Məsihin Minillik Hökmranlığının sonunda, yəni Allahın bu niyyəti tam həyata keçəndə sona yetəcək.
«İtaətsizlik yoluna» düşməyək
6. Hansı nümunələr bizim üçün xəbərdarlıqdır və onlardan biz nə öyrənə bilərik?
6 Allah Adəmlə Həvvaya Öz niyyətini aydın izah etmişdi, lakin onlar Allahın niyyətinə uyğun davranmadılar. Ulu valideynlərimiz itaətsizlik yoluna qədəm qoyan ilk insanlar idi. Onlardan sonra dünyaya gələn milyonlarla insanlar da eyni yolu tutdular. Hətta Allahın seçilmiş xalqı olan israillilər belə itaətsizlik yolu ilə getdilər. Pavel birinci əsrdə yaşayan məsihçilərə xəbərdarlıq etmişdi ki, onlardan bəziləri, qədim israillilər kimi, itaətsizlik yoluna düşə bilərlər. O yazmışdı: «Buna görə də gəlin bu dinclik gününə yetişmək üçün var gücümüzlə çalışaq və diqqətli olaq ki, heç kəs günah işləyib onlar kimi, itaətsizlik yoluna düşməsin» (İbr. 4:11). Pavelin sözlərindən aydın görünür ki, itaətsiz insanlar Allahın dinclik gününə yetişməyəcəklər. Bəs bizim üçün bu, hansı mənanı kəsb edir? Əgər biz Allahın niyyətinə zidd davransaq, Onun dinclik gününə yetişmək imkanımızı itirəcəyik? Bu sualın cavabı olduqca vacibdir və biz onu sonra müzakirə edəcəyik. Gəlin əvvəlcə israillilərin pis nümunəsinə baxaq və görək Allahın dinclik gününə yetişmək barədə biz daha nə öyrənə bilərik.
«Onlar dinclik günümə yetişməyəcəklər»
7. Yehova hansı məqsədlə israilliləri Misir köləliyindən azad etmişdi və onlardan nə gözlənilirdi?
7 Eramızdan əvvəl 1513-cü ildə Yehova saleh bəndəsi olan Musaya israillilərə dair Öz niyyətini söylədi. O demişdi: «Mən ona görə gəldim ki, onları Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, nemətli bir diyara, süd və bal axan torpağa... aparım» (Çıx. 3:8). İsrailliləri «Misirlilərin əlindən» qurtarmaqda Yehovanın məqsədi o idi ki, onların ulu babası İbrahimə verdiyi vədi yerinə yetirsin, yəni onlardan bir xalq təşkil etsin (Yar. 22:17). Allah israillilərə qanunlar verdi və bu qanunların sayəsində xalq Allahla sülh münasibətində ola bilərdi (Yeşaya 48:17, 18). O, israillilərə demişdi: «Əgər sözümə [Qanunda deyildiyi kimi] diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir» (Çıx. 19:5, 6). Deməli, israillilər yalnız Allaha itaətkar olduqları təqdirdə Onunla yaxşı münasibətdə ola bilərdilər.
8. İsraillilər Allahın sözünə qulaq assaydılar, necə yaşayacaqdılar?
8 Təsəvvür edirsiniz, israillilər Allaha itaət etsəydilər, necə yaşayardılar? Yehova onların tarlalarına, üzüm bağlarına və sürülərinə xeyir-dua verəcəkdi. Düşmənləri onların üzərində ağalıq etməyəcəkdi. (1 Padşahlar 10:23—27 ayələrini oxu.) Məsih gələndə isə onlar romalıların əsarəti altında yox, müstəqil xalq olardı. Yehova istəyirdi ki, İsrail xalqı qonşu dövlətlər üçün nümunə olsun və hər kəs başa düşsün ki, həqiqi Allaha itaət etmək həm ruhani, həm də maddi xeyir-dualar gətirir.
9, 10. a) Nəyə görə israillilərin Misirə qayıtmaq istəmələri çox böyük səhv idi? b) Əgər israillilər Misirə qayıtsaydılar, bu, onların ibadətlərinə necə təsir edəcəkdi?
9 İsrail xalqı Yehovaya imkan verə bilərdi ki, niyyətini həyata keçirmək üçün onlardan istifadə etsin. Bu, onlara, gələcəkdə isə yer üzündə yaşayacaq bütün ailələrə xeyir-dua gətirəcəkdi (Yar. 22:18). Lakin üsyankar israillilər, bir xalq kimi, Allahın teokratik rəhbərliyi altında nümunəvi xalq olmaq fürsətinə qətiyyən maraq göstərmədilər. Onlar hətta Misirə qayıtmaq fikrinə düşdülər. (Saylar 14:2—4 ayələrini oxu.) Amma əgər israillilər Misirə qayıtsaydılar, bütpərəst və zülmkar ağaları onlara Musanın Qanununa riayət etməyə imkan verməyəcəkdi və onda onlar ətraf xalqlar üçün nümunə olmayacaqdılar. Üstəlik, günahlarının bağışlanması üçün Yehovanın təsis etdiyi quruluşdan faydalana bilməyəcəkdilər. Ruhani şeylərə önəm verməyən israillilər necə də düşüncəsiz idilər! Yehovanın bu üsyankar xalq barədə növbəti sözləri deməsi bizi təəccübləndirmir: «Ürəyim o nəsildən ikrah etdi və dedim: “Onların ürəyi həmişə yolumdan dönür, onlar Mənim yollarımı tanımırlar”. Mən qəzəblənib and içdim: “Onlar dinclik günümə yetişməyəcəklər”» (İbr. 3:10, 11; Məz. 95:10, 11).
10 Yolunu azmış və Misirə qayıtmaq fikrinə düşən israillilər ruhani xeyir-duaları qiymətləndirmirdilər. Misirdə yedikləri kəvər, soğan və sarımsaq onlar üçün daha vacib idi (Say. 11:5). Naşükür Esav kimi, bu üsyankarlar qiymətli ruhani xeyir-dualarını dadlı xörəklərə dəyişməyə hazır idilər (Yar. 25:30—32; İbr. 12:16).
11. Musanın dövründəki israillilərin dönük çıxması Allahın niyyətinə necə təsir etmişdi?
11 Misirdən çıxartdığı nəslin dönük çıxmasına baxmayaraq, Yehova səbirlə niyyətini həyata keçirməyə davam edirdi. Lakin bu dəfə O, diqqətini israillilərin növbəti nəslinə yönəltdi. Yeni nəsil, atalarından fərqli olaraq, daha itaətkar idi. Yehovanın göstərişilə onlar Vəd edilmiş diyara daxil olub onu zəbt etdilər. Yeşua 24:31 ayəsində deyilir: «Yeşuanın bütün ömrü boyu və ondan sonra sağ qalan, Rəbbin İsrail üçün etdiyi bütün işləri bilən ağsaqqalların ömrü boyu İsrail xalqı Rəbbə qulluq etdi».
12. Bu gün Allahın dinclik gününə yetişməyin mümkün olduğunu haradan bilirik?
12 İtaətkar nəsil ölüb atalarına qovuşdu. «Bundan sonra Rəbbin İsrail üçün etdiyi işləri bilməyən başqa bir nəsil törədi». «İsrail övladları Rəbbin gözündə pis olan işlər görərək» Baal bütlərinə qulluq etməyə başladılar (Hak. 2:10, 11). Vəd edilmiş diyar onlar üçün əsil dinclik yeri olmadı. İtaətsizlikləri ucbatından Allahla münasibətləri korlanmışdı. Pavel bu israillilər barədə yazmışdı: «Yeşua onları [israilliləri] dinclik yerinə gətirsəydi, Allah artıq başqa bir gün haqqında danışmazdı. Deməli, Allahın xalqını hələ şənbə istirahəti gözləyir» (İbr. 4:8, 9). Pavel «Allahın xalqı» dedikdə məsihçiləri nəzərdə tuturdu. Bu o deməkdirmi ki, məsihçilər üçün Allahın dinclik gününə yetişmək mümkün idi? Bəli, bu nəinki yəhudilərdən olan məsihçilərə, həm də digər xalqlardan olan məsihçilərə də aid idi.
Bəziləri Allahın dinclik gününə yetişmədilər
13, 14. Allahın dinclik gününə yetişmək üçün a) Musanın günlərində, b) birinci əsrdə israillilərdən nə tələb olunurdu?
13 Pavel ibranilərdən olan məsihçilərə məktub yazanda bəzilərinin Allahın niyyətinə zidd davrandıqları ilə əlaqədar öz narahatçılıqlarını söylədi. (İbranilərə 4:1 ayəsini oxu.) Həmin məsihçilərin səhvi nədə idi? Nə qədər qəribə səslənsə də, bu, onların Musanın Qanununa riayət etmələri ilə bağlı idi. 1500 il bundan əvvəl Allahın niyyətinə uyğun yaşamaq istəyən hər bir israillidən Qanuna riayət etmək tələb olunurdu. İsanın ölümündən sonra isə Qanuna heç bir ehtiyac qalmadı. Lakin bəzi məsihçilər bunu anlaya bilmirdilər və buna görə də onlar elə düşünürdülər ki, Musanın müəyyən qanunlarına riayət etmək hələ də vacibdirb.
14 Qanuna riayət etməyin vacib olduğunu düşünən məsihçilərə Pavel izah etmişdi ki, ən yaxşı Baş kahin İsadır, yeni əhd köhnə əhddən daha yaxşıdır və ruhani məbəd əllə tikilən məbəddən daha möhtəşəmdir (İbr. 7:26—28; 8:7—10; 9:11, 12). Pavel Musanın Qanunundakı şənbə gününü nümunə kimi istifadə edərək məsihçilərin Yehovanın dinclik gününə necə yetişə biləcəklərini izah etdi: «Allahın xalqını hələ şənbə istirahəti gözləyir. Allah bütün işlərindən dincəldiyi kimi, Allahın dinclik gününə yetişmiş adam da bütün işlərindən dincəlir» (İbr. 4:8—10). İbranilərdən olan bu məsihçilər düşünməməli idilər ki, Allahın rəğbətini qazanmaq üçün Musanın Qanununa riayət etmək lazımdır. Eramızın 33-cü ilinin Əllinci gün bayramından sonra Allah İsa Məsihə iman gətirənlərə lütf göstərməyə başladı.
15. Əgər biz Allahın dinclik gününə yetişmək istəyiriksə, nəyə görə itaətkar olmağımız vacibdir?
15 Musanın günlərindəki israillilərə Vəd edilmiş diyara daxil olmağa nə mane oldu? İtaətsizlik. Bəs Pavelin günlərindəki bəzi məsihçilər nəyə görə Allahın dinclik gününə yetişmədilər? Çünki onlar da itaətsizlik göstərdilər. Onlar heç cür başa düşə bilmirdilər ki, indi Yehova Öz xalqından Ona başqa cür ibadət etməyi və Musanın Qanununa riayət etməməyi tələb edir.
Biz Allahın dinclik gününə necə yetişə bilərik?
16, 17. a) Bu gün biz Allahın dinclik gününə necə yetişə bilərik? b) Növbəti məqalədə nəyi müzakirə edəcəyik?
16 Yəqin ki, aramızda xilasa nail olmaq üçün Musanın Qanununa riayət etməyin vacib olduğunu düşünən məsihçi tapılmaz. Pavelin efeslilərə yazdığı sözlər heç bir şübhə yeri qoymur: «Siz bu lütf sayəsində iman vasitəsilə xilas oldunuz, amma buna özünüz nail olmadınız, bu, Allahın ənamıdır. Bəli, heç kəsin öyünməyə səbəbi olmasın deyə, xilas əməllərdən asılı deyil» (Efes. 2:8, 9). Belə isə, bu gün məsihçilər Allahın dinclik gününə necə yetişə bilərlər? Bildiyimiz kimi, Yehova yeddinci günü istirahət günü təyin etdi ki, Yer kürəsi ilə bağlı şanlı niyyəti yerinə yetsin. Deməli, Allahın dinclik gününə yetişmək üçün təşkilatı vasitəsilə açıqlanan niyyəti ilə ayaqlaşmalıyıq.
17 Lakin əgər biz sadiq və ağıllı nökər vasitəsilə aldığımız Müqəddəs Kitab məsləhətlərinin bir o qədər də vacib olmadığını düşünərək öz yolumuzla getsək, Allahın niyyətində bizim yerimiz olmayacaq. Biz Allahla yaxşı münasibətlərimizi təhlükə altına atmış olacağıq. Növbəti məqalədə Allaha itaətkar olduğumuzu göstərmək imkanını verən bəzi vəziyyətləri nəzərdən keçirəcəyik. Bu vəziyyətlərdə qəbul etdiyimiz qərarlar Allahın dinclik gününə yetişib-yetişmədiyimizi göstərəcək.
[Haşiyə]
a Kahinlər və levililər şənbə günlərində məbəddə iş görsələr də, «günahkar» sayılmırdılar. Buna görə də Allahın böyük ruhani məbədinin baş kahini olan İsa üçün Yehovanın ona tapşırdığı işi şənbə günündə yerinə yetirmək qəbahət deyildi (Mat. 12:5, 6).
b İbranilərdən olan məsihçilərdən kiminsə 33-cü ildə keçirilən Əllinci gün bayramından sonra Kəffarə günündə, yəni günahların bağışlanması günündə qurbanlar təqdim edib-etmədiyini dəqiq bilmirik. Amma əgər belə edənlər var idisə, onların bu hərəkəti Məsihin fidyə qurbanlığına böyük hörmətsizlik idi. Lakin məlumdur ki, ibranilərdən olan bəzi məsihçilər Musanın Qanununun bir hissəsi olan ənənələrə riayət etməyə davam edirdilər (Qalat. 4:9—11).
Düşünmək üçün suallar
• Yeddinci günün məqsədi nə idi?
• Yeddinci günün hələ də bitmədiyinə dair hansı sübutlar var?
• Musanın günlərindəki israillilərə və birinci əsrdəki bəzi məsihçilərə Allahın dinclik gününə yetişməyə nə mane olmuşdu?
• Bu gün Allahın dinclik gününə yetişmək necə mümkündür?
[27 səhifədəki şəkil]
Allahın dinclik gününə yetişmək üçün təşkilatı vasitəsilə açıqlanan niyyəti ilə ayaqlaşmalıyıq
[26 səhifədəki şəkil]
Allahın xalqı Onun dinclik gününə necə yetişə bilər?