Bioqrafiya
Atamı itirdim Ata tapdım
ATAM 1899-cu ildə Avstriyanın Qrats şəhərində anadan olub. Birinci Dünya müharibəsi zamanı o, hələ yeniyetmə idi. Ancaq 1939-cu ildə İkinci Dünya müharibəsi başlayandan bir qədər sonra onu alman ordusuna çağırdılar. 1943-cü ildə ruslarla döyüşdə o qətlə yetirildi. Atamı itirəndə cəmi iki yaşım vardı, onu heç tanıya bilmədim. Görəndə ki, sinif yoldaşlarımdan çoxunun atası var, daha çox ata xiffəti çəkirdim. Böyüyəndə isə həmişə var olan səmavi Atamı tanımaqla təsəlli tapdım (Hab. 1:12).
BOYSKAUT OLDUĞUM İLLƏR
Yeddi yaşımda boyskaut (hərbi-idman təşkilatının üzvü) oldum. Ümumdünya «Boyskaut» təşkilatı 1908-ci ildə Britaniya ordusunun general-leytenantı Robert Stivenson Smit Beydn-Pauel tərəfindən Böyük Britaniyada təsis edilib. 1916-cı ildə isə o, azyaşlı oğlan uşaqları üçün «Kab-skautlar» təşkil edib.
Orada ən çox xoşuma gələn həftəsonları kənd yerlərində düşərgə salmaq, çadırda gecələmək, forma geyinmək və barabanın müşayiəti ilə addımlamaq idi. Xüsusilə də axşamlar düşərgədəki uşaqlarla tonqalın ətrafında mahnı oxumaq, meşədə oyunlar oynamaq mənə ləzzət edirdi. Həmçinin biz təbiəti öyrənirdik və bunlar məni Yaradanın əl işinə heyran qoyurdu.
Ümumiyyətlə, boyskautlar hər gün yaxşı iş görməyə təşviq olunurlar. Bu onların şüarıdır. Biz bir-birimizi «Həmişə hazıram» sözlərilə salamlayırdıq. Bu mənə şövq verirdi. Bizim dəstədə 100-dən çox oğlan vardı, onların təxminən yarısı katolik, yarısı protestant, biri isə buddist idi.
1920-ci ildən etibarən bir necə ildən bir boyskautların beynəlxalq tədbiri keçirilməyə başladı. Mən onların 1951-ci ilin avqustunda Avstriyanın Bad-İşle şəhərində keçirilən yeddinci və 1957-ci ilin avqustunda İngiltərənin Birminhem şəhərinin yaxınlığında Sutton parkında keçirilən doqquzuncu ümumdünya tədbirində iştirak etmişdim. 1957-ci ildəki tədbirdə 85 ölkə və ərazidən təxminən 33 000 boyskaut iştirak etmişdi. Bu mərasimə İngiltərə şahzadəsi Elizabet də daxil olmaqla, təxminən 750 000 nəfər təşrif buyurmuşdu. Mən buranı ümumdünya qardaşlıq hesab edirdim. Lakin çox keçməmiş mən daha möhtəşəm — ruhani qardaşlıqla tanış oldum.
YEHOVANIN ŞAHİDLƏRİ İLƏ İLK GÖRÜŞÜM
1958-ci ilin yazında Avstriyanın Qrats şəhərində yerləşən Qrand hoteldə ofisiant kursunu bitirmək üzrə idim. Orada şirniyyat ustası olan iş yoldaşım Rudolf Çigerl mənə təbliğ etmişdi. O vaxtadək mən həqiqət barədə heç nə eşitməmişdim. Əvvəlcə o, mənə Üç üqnum təlimindən söz açdı və dedi ki, bu təlimin Müqəddəs Kitabla heç bir əlaqəsi yoxdur. Mən isə Üç üqnumun həqiqət olduğunu sübut etmək və onu səhv çıxartmaq istəyirdim. Rudolfa böyük hörmətim vardı, ona görə də onu Katolik kilsəsinə qayıtmağa razı salmağa çalışırdım.
Rudi deyə çağırdığımız Rudolf mənə Müqəddəs Kitab vermək istəyirdi. Mən isə israr edirdim ki, bu, Katolik kilsəsinin nəşri olmalıdır. Nəhayət, mən Müqəddəs Kitabı götürüb oxumağa başladım və çox keçməmiş kitabın arasında rastıma Gözətçi Qülləsi Cəmiyyətinin nəşr etdiyi bir traktat çıxdı. Burada yazılanlarla razı deyildim, çünki mənə elə gəlirdi ki, belə nəşrlər səhv bir şeyi bəzəyib düz kimi təqdim edirlər. Bununla belə, Rudi ilə Müqəddəs Kitab haqda söhbət edirdim. O, anlayış göstərib bir də mənə nəşr təklif etmədi. Təxminən üç ay ərzində çox vaxt gecəyarısına kimi Müqəddəs Kitab əsasında müzakirələr aparırdıq.
Doğma şəhərim Qratsda hoteldə keçdiyim təlim başa çatandan sonra anam təhsilimi davam etdirməyim üçün məni hotel idarəçiliyi üzrə peşə məktəbinə düzəltdi. Buna görə də Alp dağlarının ətəyindəki Bad-Hofqastin şəhərinə köçməli oldum. Bu məktəb Bad-Hofqastindəki Qrand hotellə əlaqəli idi və mən vaxtaşırı olaraq öyrəndiklərimi praktikada tətbiq etmək üçün orada işləyirdim.
İKİ XÜSUSİ TƏYİNATLI MÜJDƏÇİ İLƏ GÖRÜŞÜM
Rudi yeni ünvanımı Vyanadakı filiala göndərmişdi. Filial da ünvanımı xüsusi təyinatlı müjdəçi olan İlze Unterdörfer və Elfride Lör adlı iki bacıya vermişdi. Bir gün hotelin qəbul şöbəsindən məni çağırıb dedilər ki, maşında oturan iki xanım mənimlə söhbət etmək istəyir. Bu, mənə qəribə gəldi, çünki onları tanımırdım. Amma yenə də getdim, görüm onlar kimdir. Sonralar bildim ki, sən demə, bu bacılar İkinci Dünya müharibəsi zamanı fəaliyyətimizin qadağa altında olduğu bir vaxtda nasist Almaniyasında gizli şəkildə ədəbiyyatlarımızı qəbul edib ötürürdülər. Hətta müharibə başlamazdan əvvəl onlar gizli polis əməkdaşı (gestapo) tərəfindən tutulmuş və Liktenburq həbs düşərgəsinə göndərilmişdilər. Müharibə zamanı isə onları Berlinin yaxınlığında yerləşən Ravensbrükdakı düşərgəyə köçürmüşdülər.
Bacılar anam yaşında olduqları üçün onlara hörmət edirdim. Bu səbəbdən, mənimlə müzakirələrə boşuna vaxt itirmələrini istəmirdim. Bir müddətdən sonra onlara artıq davam etmək istəmədiyimi bildirdim. Ancaq onlardan xahiş etdim ki, mənə həvari xələfliyi ilə bağlı katolik ehkamına aid ayələri yazıb gətirsinlər. Bu ayələri keşişlə müzakirə etmək istəyirdim. Fikirləşirdim ki, yalnız bundan sonra həqiqəti tapacağam.
ƏSİL MÜQƏDDƏS ATA BARƏDƏ ÖYRƏNİRƏM
Həvari xələfliyi ilə bağlı Roma katolik ehkamına əsasən, həvari Peterlə papalar arasında qopmaz xələflik bağı var. (Kilsə İsanın Matta 16:18, 19 ayələrindəki sözlərini təhrif edir.) Katoliklər iddia edirlər ki, papa eks-katedra, yəni rəsmi mövqedən çıxış edən papa ehkamlar barədə səhv etmir. Mən buna inanır və düşünürdüm ki, katoliklərin «müqəddəs ata» adlandırdıqları papa ehkamlarla bağlı səhv etmir. Və onun həqiqət kimi bəyan etdiyi Üç üqnum təlimi elə həqiqətdir. Lakin nöqsansız olmadığı üçün o da yanıla bilər. Amma hər bir halda həvari xələfliyi ehkamı əksər katoliklər üçün buna əsaslanan təlimlərin səhv və ya düz olmasından asılı olmayaraq, ən vacib təlim hesab edilir.
Keşişin yanına gedəndə o, suallarıma cavab verə bilmədi, əvəzində isə həvari xələfliyi ilə bağlı bir kitab verdi. Məsləhət gördüyü kimi, mən bu kitabı aparıb evdə oxudum və daha çox sualla üstünə qayıtdım. Suallarıma cavab verə bilmədiyini görən keşiş axırda dilə gəldi: «Səninki səndə, mənimki məndə... Xoş getdin!» O, daha mənimlə bu barədə danışmaq istəmirdi.
Buna görə də İzle və Elfride ilə Müqəddəs Kitabı öyrənməyə razılaşdım. Onlar mənə əsil Müqəddəs Ata, Yehova Allah barədə çox şey öyrətdilər (Yəh. 17:11). Orada hələ yığıncaq olmadığı üçün bu iki bacı görüşləri həqiqətlə maraqlanan bir ailənin evində keçirirdilər. Görüşlərə az adam gəlirdi. Vəftiz olunmuş qardaş olmadığı üçün bu bacılar görüşü növbələşərək aparırdılar. Hərdənbir haradansa bir qardaş gələr, icarəyə götürülmüş bir yerdə açıq məruzə söyləyərdi.
XİDMƏTƏ BAŞLAYIRAM
Beləliklə, 1958-ci ilin oktyabrında Müqəddəs Kitabı öyrənməyə başladım və cəmi üç ay sonra, 1959-cu ilin yanvarında vəftiz olundum. Hələ vəftizimdən qabaq mən bu bacılardan xahiş etmişdim ki, təbliğ işinin necə həyata keçirildiyini görüm deyə məni də evdən-evə xidmətə aparsınlar (Həv. iş. 20:20). Elə ilk əməkdaşlığımdan sonra onlardan özüm üçün sahə istədim. Onlar məni bir kəndə təyin etdilər. Mən ora tək gedir və evdən-evə təbliğ edir, maraqlananlara təkrar baş çəkirdim. Evdən-evə təbliğdə əməkdaşlıq etdiyim ilk qardaş bir qədər sonra bizə baş çəkən rayon nəzarətçisi olmuşdu.
1960-cı ildə hotelçilik təhsilimi bitirdikdən sonra doğma şəhərimə qayıtdım ki, qohumlarıma da Müqəddəs Kitab həqiqətlərini çatdırım. Bəziləri aradabir maraqlansa da, bu günə kimi onlardan heç biri həqiqətə gəlməyib.
TAMMÜDDƏTLİ XİDMƏTDƏ KEÇƏN ÖMÜR
1961-ci ildə yığıncaqda filialdan gələn məktub oxundu, məktubda təbliğçilər pioner xidmətinə təşviq olunurdular. Mən subay və turp kimi oğlan idim və düşündüm ki, niyə də pioner olmayım. Rayon nəzarətçisi Kurt Kün qardaşa dedim ki, bəlkə, bir neçə ay işləyib özümə maşın alım, sonra pioner xidmətinə başlayım. Heç bilirsiniz o, mənə nə dedi? «Məgər tammüddətli xidmətdə olmaq üçün İsaya və həvarilərə maşın gərək idi?» Mən sözü göydə tutdum! Planlaşdırdım ki, vaxt itirmədən pioner xidmətinə başlayım. Amma hotelin restoranında həftədə 72 saat işlədiyim üçün bəzi dəyişikliklər etməli idim.
Müdirimdən iş vaxtımı 60 saata qədər azaltmasını xahiş etdim. O, sözümü yerə salmadı, maaşımı isə olduğu kimi saxladı. Çox keçməmiş müdirimlə bir də danışdım, dedim ki, həftədə cəmi 48 saat işləyə bilərəm. O, yenə razılaşdı və maaşımı azaltmadı. Daha sonra isə həftədə 36 saat, yəni gündə 6 saat olmaqla 6 gün işləməyi təklif etdim, o, bu dəfə də razılaşdı. İnanılmaz səslənsə də, maaşım olduğu kimi qaldı! Görünür, müdirim məni əlindən buraxmaq istəmirdi. Elə bu qrafiklə mən daimi pioner xidmətinə başladım. O vaxtlar pionerin aylıq təbliğ norması 100 saat idi.
Dörd ay sonra mən xüsusi pioner və Karinti əyalətinin Şpittal-an-der-Drau şəhərindəki balaca yığıncağa yığıncaq xidmətçisi təyin edildim. O vaxtlar xüsusi pioner norması aya 150 saat idi. Pioner əməkdaşım yox idi, lakin yığıncaq xidmətçisinin köməkçisi təyin olunmuş Qertrud Lobner adlı bacı xidmətdə mənə dəstək olurdua.
SÜRƏTLƏ DƏYİŞƏN TƏYİNATLARIM
1963-cü ildə mən rayon nəzarətçisi kimi xidmət etməyə başladım. Hərdən mən ağır yük çantamla yığıncaqdan-yığıncağa qatarla səyahət etməli olurdum. Əksər qardaşların maşını olmadığı üçün məni dəmiryol vağzalında qarşılamağa imkan olmurdu. Özümü göstərmək kimi çıxmasın deyə qalacağım evə taksi ilə yox, piyada getməli olurdum.
1965-ci ildə, hələ subay ikən, məni Gilead məktəbinin 41-ci sinfinə dəvət etdilər. Sinif yoldaşlarımın əksəriyyəti də subay idi. Buraxılış günü təzədən vətənim Avstriyada səyyar xidmətə təyin edildiyimi eşidəndə çox təəccübləndim. Lakin Birləşmiş Ştatlardan getməzdən öncə məndən xahiş etdilər ki, dörd həftəlik bir rayon nəzarətçisi ilə əməkdaşlıq edim. Xidmətini sevən və bu işdə səriştəli olan Etoni Konte qardaşla əməkdaşlıq etmək mənim üçün çox xoş idi. Biz Nyu-York ştatının şimalında yerləşən Kornuoll ərazisində xidmət etdik.
Avstriyaya qayıdanda təyinat aldığım ərazidə Tove Merete adlı qəşəng subay bir bacı ilə tanış oldum. O, beş yaşından həqiqətdədir. Qardaşlar bizdən necə tanış olduğumuzu soruşanda zarafatla deyirik: «Filial sağ olsun!» Bir ildən sonra, 1967-ci ilin aprelində evləndik və birlikdə səyyar xidmətini davam etdirdik.
Növbəti il dərk etdim ki, Yehovanın lütfü sayəsində Onun tərəfindən ruhani oğulluğa götürülmüşəm. Beləcə, səmavi Atamla və Romalılara 8:15 ayəsinə əsasən, «Atacan, Ata!» deyə çağıranlarla xüsusi münasibət qurmağa başladım.
Merete ilə birlikdə rayon və vilayət nəzarətçisi kimi xidmətimi 1976-cı ilə qədər davam etdirdim. Qış vaxtı bəzən mənfi temperaturda buz kimi yataq otağında gecələyirdik. Bir dəfə yuxudan duranda gördük ki, yorğanımızın ucu soyuq nəfəsimizdən qaxaca dönüb. Sonra qərara gəldik ki, gecə otağın temperaturunu normal dərəcəyə çatdırmaq üçün özümüzlə balaca elektrik sobası daşıyaq. Bəzi yerlərdə isə axşamlar çimmək üçün qarlı və şaxtalı havada çölə çıxıb hamama getməli olurduq. Qalmağa şəxsi mənzilimiz olmadığı üçün həftə ərzində xidmət etdiyimiz ərazidəki evdə bazar ertəsi də qalırdıq. Sonra çərşənbə axşamı səhər tezdən durub baş çəkəcəyimiz növbəti yığıncağa gedirdik.
Çox xoşbəxtəm ki, bu illər ərzində sevimli həyat yoldaşım həmişə mənə dayaq olub. O, təbliğ etməyi çox sevir və onu təbliğə təşviq etməyimə heç vaxt ehtiyac olmayıb. O həmçinin dostsevər və qayğıkeş insandır. O, mənim dayağımdır.
1976-cı ildə bizi Vyanadakı Avstriya filialına dəvət etdilər və mən filial komitəsinin üzvü təyin olundum. O vaxtlar Avstriya filialı Şərqi Avropa ölkələrinə nəzarət edir, habelə ədəbiyyatların həmin ölkələrə təhlükəsiz idxalını təşkil edirdi. Yurqen Rundel qardaş bu işə rəhbərlik edirdi. O, təşəbbüskar insan idi. Onunla əməkdaşlıq etmək mənə xoş idi. Sonradan mənə Şərqi Avropanın 10 dilinə tərcümə işinə nəzarət etməyi tapşırdılar. Yurqen və arvadı Qertruda xüsusi pioner xidmətini Almaniyada davam etdirdilər. 1978-ci ildən etibarən Avstriya filialında jurnalların fotoyığısı və balaca çap maşınında altı dildə çap edilməsi başlanıldı. Ədəbiyyatlar həmçinin sifariş edən digər ölkələrə də göndərilirdi. Hal-hazırda Almaniya filialında arvadı İnqridlə birgə xidmət edən Oto Kuqliç qardaş bu iş üçün can qoyub.
Həmçinin Şərqi Avropadakı qardaşlar da ədəbiyyatları öz ölkələrində ya mimeoqraf maşınlarından istifadə etməklə, ya da kadrdan sürətini çıxarmaqla çap edirdilər. Amma yenə də onlara xaricdən kömək lazım idi. Yehova onlara dayaq idi. Biz filialdakılar uzun illər çətin şəraitdə və qadağalar altında xidmət edən bu qardaşlara heyran qalmışdıq.
RUMINİYAYA ƏLAMƏTDAR SƏFƏR
Rəhbərlik Şurasının üzvü olan Teodor Yaraç qardaşla 1989-cu ildə Rumıniyada əməkdaşlıq etmək mənə nəsib oldu. Məqsəd bir çox qardaşlara təşkilata qayıtmağa kömək etmək idi. 1949-cu ilin əvvəllərində onlar müxtəlif səbəblərdən təşkilatla əlaqələrini kəsmiş və öz yığıncaqlarını təşkil etmişdilər. Lakin onlar təbliğ edir və vəftiz etməyə davam edirdilər. Onlar da, təşkilatımıza bağlı qalan qardaşlar kimi, məsihçi bitərəfliklərini qoruduqları üçün həbs olunurdular. Rumıniyada fəaliyyətimiz hələ də qadağa altında olsa da, biz Pamfil Albu qardaşın evində gizlicə olaraq dörd əsas ağsaqqalla və ölkə komitəsinin nümayəndələri ilə görüşdük. Həmçinin tərcüməçi qismində özümüzlə Avstriyadan Rolf Kelneni də götürmüşdük.
Söhbətimizin ikinci gecəsində Albu qardaş bu dörd ağsaqqalı yenidən bizimlə birləşməyə təşviq etdi. O dedi: «Əgər bunu indi etməsək, bir də əlimizə belə bir imkan düşməyəcək». Beləliklə, təxminən 5000 nəfər təşkilata qayıtdı. Bu, Yehovanın zəfəri, Şeytanın isə məğlubiyyəti idi!
1989-cu ilin sonlarında, Şərqi Avropa ölkələrində kommunizm dağılmazdan öncə, Rəhbərlik Şurası həyat yoldaşımla məni Nyu–Yorkdakı baş idarəyə dəvət etdi. Bu, bizim üçün böyük sürpriz oldu. Beləcə, 1990-cı ilin iyulundan Bruklindəki Bet-Eldə xidmət etməyə başladıq. 1992-ci ildə Rəhbərlik Şurasının Xidmət Komitəsinə köməkçi təyin edildim və 1994-cü ilin iyulundan bəri Rəhbərlik Şurasının üzvü kimi xidmət edirəm.
KEÇMİŞİ YADIMA SALIB GƏLƏCƏYƏ BAXIRAM
Hoteldə ofisiant işlədiyim illər keçmişdə qaldı. İndi ümumdünya qardaşlığımız üçün ruhani qidanın hazırlanmasında və paylanmasında iştirak edirəm (Mat. 24:45—47). Xüsusi tammüddətli xidmətdə olduğum 50 ildən çox olan müddətə nəzər salanda Yehovanın ümumdünya qardaşlığımızı xeyir-dualandırmasına minnətdarlığımı və sevincimi yalnız sözlərlə ifadə edə bilirəm. Səmavi Atamız Yehova və Müqəddəs Kitab həqiqətləri barədə təlim aldığımız beynəlxalq konqreslərdə iştirak etməyi çox sevirəm.
Dua edirəm ki, indən belə də milyonlarla insan Müqəddəs Kitabı araşdırıb həqiqəti qəbul etsin və ümumdünya məsihçi qardaşlığımızla birgə Yehovaya xidmət etsin (1 Pet. 2:17). Həmçinin göydən yer üzündə baş verəcək dirilməni, ələlxüsus da atamı görməyin həsrətindəyəm. Ümid edirəm ki, anamı və digər qohumlarımı Cənnətdə Yehovaya xidmət edən görəcəyəm.
Göydən yer üzündə baş verəcək dirilməni, ələlxüsus da atamı görməyin həsrətindəyəm
a İndi yığıncaq xidmətçisi və yığıncaq xidmətçisinin köməkçisi ağsaqqallar şurasının koordinatoru və katib termini ilə əvəz olunub.