Pis dünyada «müvəqqəti sakin»lər
«İmanla... onlar... o torpaqda qərib və müvəqqəti sakin olduqlarını bəyan etdilər» (İBR. 11:13).
1. İsa şagirdlərinin bu dünyaya qarşı tutacaqları mövqe barədə nə demişdi?
İSA şagirdləri barədə: «Onlar... dünyadadırlar», — demişdi. Lakin sonra əlavə etdi: «Mən dünyaya məxsus olmadığım kimi, onlar da dünyaya məxsus deyillər» (Yəh. 17:11, 14). Bununla İsa həqiqi davamçılarının Şeytan İblisin idarə etdiyi bu dünyaya qarşı hansı mövqe tutmalı olduqlarını açıq-aydın göstərdi (2 Kor. 4:4). Onlar bu pis dünyada yaşamalı olsalar da, onun bir hissi olmayacaqdılar. Onlar bu dünyada «qərib və müvəqqəti sakin» kimi yaşayacaqdılar (1 Pet. 2:11).
Onlar «müvəqqəti sakin» idilər
2, 3. Nəyə görə demək olar ki, Xanok, Nuh, İbrahim və Sara bu dünyada «qərib və müvəqqəti sakin» kimi yaşayırdılar?
2 Allahın sadiq xidmətçiləri bu allahsız dünyanın sakinlərindən hər zaman fərqləniblər. Daşqından əvvəl yaşamış Xanok və Nuh «Allahla bir yol gedirdi»lər (Yar. 5:22—24; 6:9). Onların hər ikisi də Yehovanın Şeytanın pis dünyasına qarşı çıxardığı hökmləri cəsarətlə bəyan edirdi. (2 Peter 2:5; Yəhuda 14, 15 ayələrini oxu.) Xanok Allahın rəğbətini qazanmışdı, Nuhu isə Allah həmin nəsil arasında qüsursuz adam hesab edirdi, çünki hər ikisi pis dünyada Onunla yeriyirdi (İbr. 11:5; Yar. 6:9).
3 Allahın əmrinə boyun əyərək İbrahimlə Sara xaldeylilərin Ur şəhərindəki rahat evlərini tərk edib yad yerdə köçəri həyat sürməyə razı oldular (Yar. 11:27, 28; 12:1). Həvari Pavel yazmışdı: «İbrahim, imanı sayəsində, Allah tərəfindən çağırılanda itaət edib miras alacağı torpağa yollandı. O, hara getdiyini bilməsə də, yola düşdü. O, imanı sayəsində vəd diyarında sanki qürbətdə imiş kimi, qərib tək ömür sürdü. Özü ilə eyni vədə varis olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı» (İbr. 11:8, 9). Yehovanın belə sadiq xidmətçiləri barəsində Pavel demişdi: «Bu adamların hamısı həyatı imanla başa vurdular. Onlar vəd edilən şeyləri almasalar da, onları uzaqdan gördülər və alqışladılar, həmçinin o torpaqda qərib və müvəqqəti sakin olduqlarını bəyan etdilər» (İbr. 11:13).
İsraillilərə xəbərdarlıq
4. İsraillilər Vəd edilmiş diyarda məskən salmamışdan əvvəl Yehova onlara hansı xəbərdarlığı vermişdi?
4 İbrahimin nəslindən olan israillilər xeyli çoxalıb bir xalq oldular; onların qanunları və öz torpaqları var idi (Yar. 48:4; Qanun. t. 6:1). İsrail xalqı heç vaxt unutmamalı idi ki, yaşadıqları torpaqların əsil Sahibi Yehovadır (Lev. 25:23). Onlar kirayəçi kimi, Sahibkarın qoyduğu qayda-qanunlara hörmətlə yanaşmalı idilər. Üstəlik, israillilər yadda saxlamalı idilər ki, «insan yalnız çörəklə» yaşamaz və həmçinin maddi firavanlıqlarının Yehovanı unutmalarına gətirib çıxarmasına yol verməməli idilər (Qanun. t. 8:1—3). Onlar Vəd edilmiş diyarda məskunlaşmazdan öncə, Yehova onlara xəbərdarlıq etmişdi: «Allahın Rəbb səni ata-babaların İbrahimə, İshaqa, Yaquba etdiyi anda görə verəcəyi torpağa aparacaq. Orada inşa etmədiyin böyük və gözəl şəhərlər, yığmadığın gözəl şeylərlə dolu evlər, zəhmətini çəkmədiyin qazılmış su quyuları, salmadığın üzümlüklər və zeytunluqlar var. Yeyib-doyanda isə diqqətli ol... Rəbbi unutma» (Qanun. t. 6:10—12).
5. Nəyə görə Yehova İsraili rədd etdi və hansı xalqa lütf göstərməyə başladı?
5 Bu xəbərdarlıq əsassız deyildi. Nehemyanın günlərində bir qrup levili israillilərin Vəd edilmiş diyara gəldikdən sonra etdikləri hərəkətləri xəcalətlə xatırlayırdı. Rahat evləri, bolluca qida və şərabları olduqdan sonra onlar «yeyib doydular [və] kökəldilər». İsraillilər Allaha qarşı üsyan qaldırırdılar, hətta onlara xəbərdarlıq etmək məqsədilə göndərilən peyğəmbərləri qətlə yetirirdilər. Buna görə də Yehova onları düşmən xalqlara təslim edirdi. (Nehemya 9:25—27 ayələrini oxu; Huşə 13:6—9.) Romalıların əsarəti altında olarkən isə imansız yəhudilər hətta vəd edilmiş Məsihi öldürməkdən belə çəkinmədilər! Yehova o xalqdan üz döndərib yeni xalqa — ruhani İsrailə lütf göstərməyə başladı (Mat. 21:43; Həv. iş. 7:51, 52; Qalat. 6:16).
«Siz dünyaya məxsus deyilsiniz»
6, 7. a) İsanın şagirdlərinin bu dünyaya qarşı tutduqları mövqeyə dair dediklərini necə izah edərdiniz? b) Nəyə görə həqiqi məsihçilər Şeytanın dünyasına qaynayıb-qarışmamalı idilər?
6 Bu məqalənin əvvəlində qeyd olunduğu kimi, məsihçi yığıncağının Başı İsa Məsih aydın göstərmişdi ki, onun davamçıları Şeytanın pis dünyasına qaynayıb-qarışmayacaqlar. Ölümündən bir qədər əvvəl o, şagirdlərinə bu sözləri demişdi: «Siz bu dünyaya məxsus olsaydınız, dünya sizi sevərdi. Mən sizi seçdiyim üçün siz dünyaya məxsus deyilsiniz. Buna görə də dünya sizə nifrət edir» (Yəh. 15:19).
7 Məsihçilik yayıldıqca İsanın davamçıları dünyanın əməllərini mənimsəyərək onun bir hissəsinə çevrilməli idilərmi? Xeyr! Harada yaşamalarından asılı olmayaraq, onlar Şeytanın dünyasından seçilməli idilər. Məsihin ölümündən təxminən 30 il sonra həvari Peter Roma imperiyasının müxtəlif yerlərində yaşayan məsihçilərə yazmışdı: «Əzizlərim, qərib və müvəqqəti sakin olan sizlərdən rica edirəm: canınızla savaşan cismani istəklərdən uzaq durun. Başqa millətlərin arasında bundan sonra da nümunəvi davranın» (1 Pet. 1:1; 2:11, 12).
8. Bir tarixçi erkən məsihçilərin dünyaya qaynayıb–qarışmadıqları barədə nə yazıb?
8 Erkən məsihçilərin Roma imperiyasında «qərib və müvəqqəti sakin» kimi yaşadıqlarını təsdiq edən tarixçi Kennet Skott Laturet yazır: «Tarixi fakt kimi hamıya məlumdur ki, məsihçiləri ilk 300 il ərzində durmadan, bəzən isə amansızcasına təqib edirdilər... Onlara qarşı müxtəlif ittihamlar irəli sürülürdü. Məsihçilər bütpərəstlik ayinlərində iştirak etməkdən imtina etdikləri üçün onlara ateist damğası vurmuşdular. Onlar cəmiyyətin həyat tərzinə daxil olan çox şeylərdən — bütpərəst inanclarla, adət-ənənələrlə və əxlaqsızlıqla dolu olan bayramlardan və ictimai əyləncələrdən kənar dururdular, buna görə də onları ələ salaraq bəşəriyyətə nifrət edənlər adlandırırdılar».
Dünyadan tam şəkildə bəhrələnməyin
9. Həqiqi məsihçilərin insanları sevməsi nədən bəllidir?
9 Bəs bizim günlər barədə nə demək olar? Erkən məsihçilər kimi, biz də «bu pis» dünyadan uzaq dururuq (Qalat. 1:4). Bu səbəbdən çoxları bizi başa düşmür, bəziləri isə hətta bizə nifrətlə yanaşırlar. Bununla belə, biz «bəşəriyyətə nifrət edənlər» deyilik. İnsanlara məhəbbətdən irəli gələrək, biz evdən-evə təbliğ edirik və çalışırıq ki, «Padşahlıq haqqındakı» xoş xəbəri hər bir adama çatdıraq (Mat. 22:39; 24:14). Çünki biz əminik ki, Məsihin rəhbərliyi altında olan Yehovanın Padşahlığı tezliklə qeyri-kamil insan hökumətlərinə son qoyaraq ədalətli yeni dünya quracaq (Dan. 2:44; 2 Pet. 3:13).
10, 11. a) Biz bu dünyadan necə istifadə edirik? b) Hansı mənada ayıq-sayıq məsihçilər bu dünyadan tam şəkildə bəhrələnmirlər?
10 Bu pis dünyanın sonunun yaxın olduğunu nəzərə alaraq, Yehovanın xidmətçiləri olan bizlər dərk edirik ki, bu dünyada özümüz üçün rahat şərait qurmağın vaxtı deyil. Biz Pavelin nəsihətinə əməl edirik: «Qardaşlar, bunu da bilin ki, artıq vaxt azalıb. Buna görə də... mal alan malı olmayan kimi, bu dünyadan bəhrələnən, ondan tam şəkildə bəhrələnməyən kimi olsun, çünki bu dünyanın səhnəsi dəyişir» (1 Kor. 7:29—31). Bəs onda müasir məsihçilər bu dünyadan necə istifadə edirlər? Yüzlərlə dillərdə Müqəddəs Kitab həqiqətlərini yaymaq üçün müasir texnologiyalardan və əlaqə vasitələrindən yararlanmaqla. Məsihçilər dolanışıq üçün zəruri olan şeylərlə özlərini təmin etmək məqsədilə işləyirlər. Üstəlik, zəruri şeylər alırlar və xidmətlərdən istifadə edirlər. Bununla belə, onlar dünyadan tam istifadə etməkdən qaçınırlar, yəni yol vermirlər ki, pul, iş və əşyalar həyatlarında əsas yeri tutsun. (1 Timoteyə 6:9, 10 ayələrini oxu.)
11 Ayıq-sayıq məsihçilərin bu dünyadan tam istifadə etməkdən çəkinmələri ali təhsilə olan münasibətlərində də özünü büruzə verir. Bu dünyada bir çox insanlar ali təhsilə nüfuzlu və dəbdəbəli həyata nail olmağın ən əsas vasitəsi kimi baxırlar. Lakin bu dünyada müvəqqəti sakin olan biz məsihçilər tamamilə başqa məqsədlərə can atırıq və «çox şey» istəmirik (Yer. 45:5; Rom. 12:16). Biz İsanın davamçıları olduğumuz üçün onun söylədiyi xəbərdarlığa diqqət yetiririk: «Gözlərinizi dörd açın və özünüzü hər cür tamahkarlıqdan qoruyun, çünki insanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil» (Luka 12:15). Gənc məsihçilər yadda saxlamalıdırlar ki, Yehovaya xidmət bu həyatda ən vacib şeydir. Buna görə də onlar diqqətlərini Yehovaya bütün ürəkləri, canları, ağılları və var gücləri ilə xidmət etməyə yönəldərək zəruri tələbatlarını ödəməyə kömək edəcək lazımi təhsilə yiyələnməlidirlər (Luka 10:27). Belə etməklə onlar «Allahın gözündə» varlı olacaqlar. (Luka 12:21; Matta 6:19—21 ayələrini oxu.)
Özünüzü bu dövrün qayğıları ilə ağırlaşdırmayın
12, 13. İsanın Matta 6:31—33 ayələrində yazılan sözlərinə əməl etməyimiz bizi bu dünyanın insanlarından necə fərqləndirir?
12 Yehovanın xidmətçilərinin maddi şeylərə olan münasibəti də fərqlidir. Bununla əlaqədar İsa davamçılarına demişdi: «“Nə yeyəcəyik?”, “nə içəcəyik?” və ya “nə geyəcəyik?”, — deyə heç vaxt narahat olmayın. Çünki bütün bunların dalınca başqa millətlər qaçır. Sizin səmavi Atanız isə bütün bunlara ehtiyac duyduğunuzu bilir. Beləliklə, padşahlığı və Allahın salehliyini həyatınızda həmişə birinci yerə qoyun, onda bütün bunlar da sizə veriləcək» (Mat. 6:31—33). Həmimanlılarımızın bir çoxu öz şəxsi təcrübələrindən əmin olmuşlar ki, səmavi Ataları onların zəruri ehtiyaclarını ödəyir.
13 «Əlindəki ilə kifayətlənərək Allah yolu ilə yerimək... böyük qazancdır» (1 Tim. 6:6, «İncil», 1996). Bu dünyadakı insanların düşüncə tərzi isə tamamilə fərqlidir. Məsələn, bir çox gənclər ailə həyatı qurarkən hazıra nazir olmaq istəyirlər: onlar hər cür mebellə təchiz olunmuş rahat ev, gözəl maşın və ən son model texniki avadanlıqlar arzulayırlar. Lakin bu dünyada müvəqqəti sakin kimi yaşayan məsihçilər nəfslərinə hakim olaraq ayaqlarını yorğanlarına görə uzadırlar. Həmçinin tərifəlayiqdir ki, çoxları Yehovaya xidmətə daha çox vaxt və güc sərf etmək üçün rahat şəraitlərini qurban verirlər. Başqaları isə pioner, bet-elli, səyyar xidmətçi və ya missioner kimi xidmət edirlər. Biz hamımız həmimanlılarımızın ürəkdən Yehovaya etdikləri xidməti yüksək qiymətləndiririk!
14. İsanın əkinçi məsəlindən hansı ibrət dərsi götürə bilərik?
14 İsa əkinçi məsəlində demişdi ki, «bu dövrün qayğıları və var-dövlətin aldadıcı qüvvəsi» bizim ürəyimizdə Allahın sözünü boğa bilər və onda o bar verməyəcək (Mat. 13:22). Əgər biz bu dünyada müvəqqəti sakin olmağımızla kifayətlənsək, bu tələyə düşməyəcəyik. Əksinə, gözümüz tox olacaq, yəni diqqətimiz yalnız bir məqsədə — Allahın Padşahlığına yönələcək və Onun maraqları həyatımızda birinci yerdə duracaq (Mat. 6:22).
«Dünya... keçib gedir»
15. Həvari Yəhyanın hansı sözləri həqiqi məsihçilərin bu dünyaya qarşı baxışlarını və davranışını müəyyənləşdirir?
15 Həqiqi məsihçi olan bizlərin bu dünyada özümüzü «qərib və müvəqqəti sakin» hesab etməyimizin əsas səbəblərindən biri yaşadığımız sistemin məhvinə az qalmasına dair əminlikdir (1 Pet. 2:11; 2 Pet. 3:7). Bu əminlik qərar, arzu və məqsədlərimizi müəyyən edir. Həvari Yəhya həmimanlılarına məsləhət görürdü ki, bu dünyanı və onda olan şeyləri sevməsinlər, çünki «dünya öz istəkləri ilə bərabər keçib gedir, Allahın iradəsini yerinə yetirən isə əbədi yaşayır» (1 Yəh. 2:15—17).
16. Biz bir xalq kimi başqalarından fərqləndiyimizi necə göstərə bilərik?
16 Yehova israillilərə demişdi ki, itaətkar olduqları təqdirdə bütün xalqlar arasından Ona məxsus xalq olacaqlar (Çıx. 19:5). İsraillilər Allaha sadiq olanda onların ibadəti və həyat tərzi ətraf xalqlarınkından fərqlənirdi. Eynilə bu gün də Yehova Özü üçün Şeytan dünyasından olduqca fərqlənən bir xalq təşkil edib. Müqəddəs Kitabda bizə deyilir: «Pisliyi və bu dünyaya xas istəkləri rədd edib bu zəmanədə sağlam düşüncə, salehlik və Allaha sədaqətlə həyat [sürün]... Böyük Allahın və Xilaskarımız Məsih İsanın şanlı zühurunu və səadət dolu ümidimizin həyata keçəcəyini gözləyərkən belə yaşamalıyıq. Məsih özünü uğrumuzda fəda etdi ki, bizi hər cür qanunsuzluqdan qurtarıb təmizləyərək özü üçün bir əmlak kimi, yaxşı işlərə can yandıran bir xalq təşkil etsin» (Tit. 2:11—14). Bu xalq məsh olunmuş məsihçilərdən və onlara kömək edən və dəstək olan İsanın milyonlarla başqa qoyunlarından ibarətdir (Yəh. 10:16).
17. Nəyə görə məsh olunmuş məsihçilər və onların əməkdaşları bu pis dünyada müvəqqəti sakin kimi yaşadıqlarına görə heç vaxt peşman olmayacaqlar?
17 Məsh olunmuş məsihçilərin «səadət dolu [ümidi]» Məsihlə birlikdə göydə padşahlıq etməkdən ibarətdir (Vəhy 5:10). Başqa qoyunlar isə yer üzündə əbədi yaşamağa ümid edirlər. Onların bu ümidi gerçəkləşəndə artıq onlar bu pis dünyada müvəqqəti sakin olmayacaqlar. Onların gözəl evləri, bol qidaları olacaq (Məz. 37:10, 11; Yeşaya 25:6; 65:21, 22). İsraillilərdən fərqli olaraq, onlar bu bəxşişlərin «bütün dünyanın Allahı» olan Yehovadan olduğunu heç vaxt unutmayacaqlar (Yeşaya 54:5). Nə məsh olunmuşlar, nə də başqa qoyunlar bu pis dünyada müvəqqəti sakin kimi yaşadıqlarına görə heç vaxt peşman olmayacaqlar.
Necə cavab verərdiniz?
• Hansı mənada qədimdə yaşamış Allahın sadiq xidmətçiləri müvəqqəti sakin idilər?
• Erkən məsihçilər dünyaya necə yanaşırdılar?
• Həqiqi məsihçilər hansı mənada bu dünyadan tam bəhrələnmirlər?
• Nəyə görə biz bu pis dünyada müvəqqəti sakin kimi yaşadığımıza görə heç vaxt peşman olmayacağıq?
[18–ci səhifədəki şəkil]
Erkən məsihçilər zorakılıqdan və əxlaqsız əyləncələrdən uzaq dururdular