Həyatınızda Allahın əlini görürsünüz?
«Yehovanın əli qullarına bəlli olacaq» (ƏŞY. 66:14).
1, 2. Bəzi insanlar Allah haqqında nə fikirləşir?
İNSANLARIN çoxu elə fikirləşir ki, onların əməlləri Allahı qətiyyən maraqlandırmır. Bəzilərinə isə elə gəlir ki, Allahın vecinə deyil insanların başına nə gəlir. 2013-cü ilin noyabr ayında Filippində Hayyan tayfunu ölkəni viran qoyanda böyük bir şəhərin meri demişdi: «Yəqin Allahın başı qarışıqdır, bunu görmür».
2 Bəzi insanlar elə davranırlar ki, sanki Allah onların əməllərini görmür (Əşy. 26:10, 11; 3 Yəh. 11). Onlar həvari Bulusun təsvir etdiyi adamlar kimi, Allahı tanımaq istəmirlər. Belələrinin «içi hər cür əyriliklə, günahla, tamahkarlıqla, pisliklə doludur» (Rom. 1:28, 29).
3. a) Allah barədə özümüzə hansı sualları verməliyik? b) Müqəddəs Kitabda çox vaxt Yehovanın əli deyildikdə nə nəzərdə tutulur?
3 Bəs bizim barəmizdə nə demək olar? Yuxarıda danışdığımız adamlardan fərqli olaraq, biz başa düşürük ki, Allah etdiyimiz hər şeydən agahdır. Bəs Allahın bizimlə maraqlandığını, bizə dayaq olduğunu hiss edirik? Üstəlik, İsa demişdi ki, bəzi insanlar Allahı görəcəklər (Mət. 5:8). Biz də həmin insanların sırasındayıq? Bəs Allahı necə görmək olar? Bunu bilmək üçün gəlin Müqəddəs Kitabda bəzi adamların nümunəsinə baxaq. Onlardan bəziləri Allahın əlini görmüşlər, digərləri isə onu görmək istəməmişlər. Həmçinin görək biz Yehovanın əlini öz həyatımızda necə görə bilərik? Bu məqamları nəzərdən keçirdikcə yadda saxlayın ki, Müqəddəs Kitabda Allahın əli deyiləndə çox vaxt Onun gücündən söhbət gedir. Allah Öz gücü ilə xidmətçilərinə kömək edir və düşmənlərini məğlub edir. (Qanunun təkrarı 26:8 ayəsini oxuyun.)
ONLAR ALLAHIN ƏLİNİ GÖRMƏDİLƏR
4. İsrailin düşmənləri Allahın əlini nə üçün görmədilər?
4 Qədim dövrdə insanlar Allahın İsrail xalqına necə kömək etdiyi barədə həm eşidir, həm də görürdülər. Yehova möcüzəvi şəkildə Öz xalqını Misirdən çıxartdı, çoxlu padşahları onların qarşısında məğlub etdi (Yuş. 9:3, 9, 10). İordan çayının qərb tərəfindəki padşahlar Yehovanın Öz xalqını xilas etdiyi barədə eşitmişdilər, hətta bunun şahidi də olmuşdular. Amma buna baxmayaraq, onlar «Yuşəyə və israillilərə qarşı çıxmaq üçün ittifaq bağladılar» (Yuş. 9:1, 2). Bu padşahlar döyüşə başlayandan sonra da Allahın əlini görə bilərdilər. Həmin vaxt Yehovanın əmrilə, «xalq düşmənlərdən qisasını alana qədər günəş dayandı, ay yerindən tərpənmədi» (Yuş. 10:13). Ancaq «onların inad edib israillilərlə döyüşməyi Yehovadan idi» (Yuş. 11:20). İsrailin düşmənləri heç cür başa düşmək istəmirdilər ki, Allah İsraillilər üçün döyüşür. Bu isə onların məğlub olmasına gətirib çıxardı.
5. Əhəb padşah nəyi qəbul etmirdi?
5 Əhəb padşah da cərəyan edən hadisələrdə Allahın əlini görə bilərdi. İlyas peyğəmbər ona demişdi: «Mən deməyincə bu illər ərzində nə şeh olacaq, nə də yağış yağacaq!» (1 Pad. 17:1). Kor-kor, gör-gör, həmin sözlərin arxasında Yehova dururdu. Amma Əhəb bu həqiqəti görmək istəmədi. Sonra Əhəbin gözü qabağında İlyas peyğəmbərin duasına cavab olaraq, göydən od gəlib təqdiməni udmuşdu. Bundan sonra peyğəmbər Yehovanın quraqlığa son qoyacağını söyləyib Əhəbə demişdi: «Aşağı en ki, leysana düşməyəsən» (1 Pad. 18:22—45). Əhəb bütün bunları görsə də, qəbul etmək istəmirdi ki, bu, Allahın gücü sayəsində baş verir. Əhəbdən, eləcə də Kənan padşahlarından özümüzə belə bir dərs götürə bilərik: Yehovanın əli fəaliyyət göstərəndə biz onu görməliyik.
ONLAR ALLAHIN ƏLİNİ GÖRDÜLƏR
6, 7. Yuşənin dövründə bəzi insanlar nəyi başa düşmüşdülər?
6 Maraqlıdır ki, yuxarıda danışılan hadisələr vaxtı, həmin bədxah padşahlardan fərqli olaraq, bəzi insanlar Allahın əlini görmüşdü. Misal üçün, Yuşənin dövründə İsraillə döyüşən əksər xalqlardan fərqli olaraq, gibyonlular İsraillə sülh bağladılar. Bunun səbəbini isə belə izah etdilər: «Biz qullarını uzaq diyardan bura gətirən sənin Allahın Yehovanın adıdır. Onun şan-şöhrəti, Misirdə etdiyi işlərin sorağı qulağımıza çatıb» (Yuş. 9:3, 9, 10). Onlar ağıllı tərpənərək etiraf etmişdilər ki, israillilərin arxasında var olan Allah durur.
7 Rahab da öz dövründə baş verən hadisələrdə Allahın əlini görmüşdü. Yehovanın Öz xalqını Misirdən necə xilas etdiyi ona məlum idi. Buna görə də o, iki israilli kəşfiyyatçıya demişdi: «Bilirəm ki, Yehova bu ölkəni sizə verəcək». Rahab inanırdı ki, Yehova onu və ailəsini xilas edə bilər. O, özünü oda atıb Yehovaya olan imanını əməldə göstərdi (Yuş. 2:9—13; 4:23, 24).
8. Od təqdiməni yandıranda bəzi israillilər hansı qənaətə gəldilər?
8 Yehova İlyas peyğəmbərin duasına odla cavab verəndə mənfur padşah Əhəbdən fərqli olaraq, başqa israillilər həmin məsələdə Yehovanın əlini gördülər. Yehovanın göndərdiyi od təqdiməni yandıranda hamı üzüqoylu yerə döşənib dedi: «Allah Yehovadır! Yehovadır Allah!» (1 Pad. 18:39). Onlar üçün gün kimi aydın idi ki, bu məsələdə Yehovanın əli var!
9. Bu gün biz Yehovanı və Onun əlini necə görə bilərik?
9 Beləliklə, həm müsbət, həm də mənfi nümunələri nəzərdən keçirərək öyrəndik ki, Allahı görmək, yaxud da müəyyən məsələlərdə Allahın əlini hiss etmək nə deməkdir. Yehovanı tanıdıqca biz də Onun əlini görəcəyik, yəni qəlbimizin gözü ilə Onun keyfiyyətlərini və əməllərini görəcəyik (Efes. 1:18). Bu isə bizi təşviq edəcək ki, qədimdə və müasir dövrdə yaşayan sadiq, Yehovanın Öz xalqına dayaq olduğunu görən insanlara bənzəyək. Bəs doğrudanmı, Allah bu gün də insanlara kömək edir? Buna hansı sübutlar var?
İNSANLARA DAYAQ OLAN YEHOVA
10. Yehovanın bu gün də insanlara kömək etdiyinə hansı sübut var? (Məqalənin əvvəlindəki şəklə baxın.)
10 Yehovanın insanlara kömək etdiyinə çoxlu sübutlar var. Dönə-dönə belə hadisələr eşidirik ki, kimsə Allaha dua edib və duasına cavab alıb (Zəb. 53:2). Bir dəfə Alan adlı qardaş Filippinin kiçik adalarının birində ev-ev təbliğ edərkən bir qadınla rastlaşmışdı. Söhbət zamanı qadın ağlamağa başlamışdı. Alan deyir: «Qadın elə həmin səhər Yehovaya dua etmişdi ki, Yehovanın Şahidlərini tapa bilsin. O, yeniyetmə olanda Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənib, amma sonra ərə gedib bu adaya köçüb, elə bununla da Şahidlərlə əlaqəsi kəsilib. Allahın onun duasına belə tez cavab verməsi qadını əməlli-başlı mütəəssir etmişdi». Həmin qadın bir ilin içində həyatını Yehovaya həsr edib vəftiz olunmuşdu.
11, 12. a) Yehova Öz xidmətçilərinə necə kömək edir? b) Allahdan kömək alan bir nəfərin nümunəsini çəkin.
11 Allahın bir çox xidmətçiləri pis vərdişlərini, məsələn, siqareti, narkotiki, pornoqrafiyaya baxmağı tərgidərkən Onun köməyini hiss etmişlər. Onların bəziləri deyir ki, bu vərdişləri dəfələrlə öz güclərinə tərgitmək istəyiblər, amma heç nə alınmayıb. Ancaq Yehovaya üz tutanda Yehova onlara insan gücündən üstün olan güc verib və onlar bu vərdişlərindən əl çəkə biliblər (2 Kor. 4:7; Zəb. 37:23, 24).
12 Yehova xidmətçilərinə şəxsi problemlərində də kömək edir. Məsələn, Emi adlı bir bacı Sakit okean adalarının birində ibadət evinin və xüsusi təyinatlı müjdəçilər üçün yaşayış evinin tikintisinə dəvət olunanda çətinliklərlə üzləşmişdi. O deyir: «Biz balaca mehmanxanada qalırdıq. Hər gün gölməçələrlə dolu küçələrdən keçib tikintiyə gedirdik». Həmin yerdə tez-tez işıq, su olmurdu, üstəlik, o, yerli adət-ənənələrə də öyrəşə bilmirdi. Emi deyir: «Bu, azmış kimi, bir gün birlikdə işlədiyim bacının üstünə qışqırdım. Evə gələndə özümdən zəhləm gedirdi. İşıq da yox idi. Qaranlıqda oturub ürəyimi Yehovaya boşaltdım, Ondan kömək istədim». İşıq yananda Emi «Gözətçi qülləsi» jurnalından Gilad məktəbinin buraxılış proqramı barədə məqalə oxudu. Orada onun üzləşdiyi bütün problemlərdən, yeni mədəniyyətə öyrəşməkdən, ev üçün darıxmaqdan, adamlarla yola getməkdən danışılırdı. Emi deyir: «Mənə elə gəldi ki, həmin gecə Yehova mənimlə danışdı. Ürəyimdə xidmətimi davam etdirməyə həvəs oyandı» (Zəb. 44:25, 26; Əşy. 41:10, 13).
13. «Müjdənin müdafiəsində və qanuni tanınmasında» Yehovanın Öz xalqına dayaq olduğunu nə sübut edir?
13 Yehovanın Şahidləri «müjdənin müdafiəsində və qanuni tanınmasında» böyük nailiyyətlər əldə edirlər. Bu da Yehovanın Öz qüdrətli əli ilə xalqına dayaq olduğuna digər sübutdur (Filip. 1:7). Bəzi dövlətlər Allahın xalqının fəaliyyətini tamamilə dayandırmağa çalışmışlar. Ancaq Yehovanın Şahidləri ən azı 268 ali məhkəmədə qələbə qazanmışdır. Bunlardan 24-ü təkcə 2000-ci ildən bəri Avropa İnsan Hüquqları Məhkəməsində qazanılmış qələbələrdir. Bundan aydın şəkildə görünür ki, heç kim Yehovanın gücünün qarşısında dayana bilməz (Əşy. 54:17; Əşiya 59:1 ayəsini oxuyun).
14. Təbliğ işində və aramızdakı birlikdə Allahın əli necə görünür?
14 Müjdənin bütün dünyada təbliğ olunması yalnız Yehovanın köməyi sayəsində mümkündür (Mət. 24:14; Həv. 1:8). Bundan başqa, Yehovanın xalqı beynəlxalq, birlik içində olan bir qardaşlıqdır. Bu dünyada belə şey mümkün deyil. Məntiqəuyğundur ki, bunu görən kənar adamlar deyirlər: «Həqiqətən də, Allah sizinlədir» (1 Kor. 14:25). Beləliklə, Allahın Öz xalqının rifahı üçün çalışdığına çoxlu sübutlar var. (Əşiya 66:14 ayəsini oxuyun.) Bəs şəxsən sizin haqqınızda nə demək olar? Siz öz həyatınızda Yehovanın əlini görürsünüz?
HƏYATINIZDA ALLAHIN ƏLİNİ GÖRÜRSÜNÜZ?
15. Nəyə görə hərdən öz həyatımızda Allahın əlini görmürük?
15 Nəyə görə hərdən öz həyatımızda Allahın əlini görmürük? Bəzən problemlər başımızdan aşır. Belə olanda Yehovanın indiyədək bizə necə kömək etdiyini nəzərimizdən qaçırırıq. Bir dəfə məlikə İzəbil İlyas peyğəmbəri ölümlə hədələmişdi. Onda İlyas peyğəmbər də Allahın ona necə dayaq olduğunu bir anlıq unutmuşdu. Müqəddəs Kitabda deyilir ki, İlyas özünə ölüm diləmişdi (1 Pad. 19:1—4). İlyas cəsarətli olmaq və ruhlanmaq üçün gərək Yehovadan kömək diləyəydi (1 Pad. 19:14—18).
16. Yehovanı görmək üçün biz də Əyyub kimi nə etməliyik?
16 Allahın qulu Əyyubun bütün fikri-zikri öz dərd-sərində idi. Buna görə də o, öz vəziyyətinə Yehovanın gözü ilə baxmırdı (Əyy. 42:3—6). Əyyub kimi, bizə də dar günümüzdə Yehovanı görmək çətin ola bilər. Amma belə vaxtlarda öz vəziyyətimizə Müqəddəs Kitab işığında baxmalıyıq. Yehovanın bizə necə kömək etdiyini gördükcə O, bizim üçün daha da real olacaq. Onda Əyyub kimi biz də deyəcəyik: «Qulağım Sənin sorağını almışdı, indi isə Səni gözüm görür».
17, 18. a) Yehovanın köməyini necə hiss edə bilərik? b) Allahın bizə kömək etdiyini göstərən nümunə çəkin.
17 Bəs öz həyatımızda Yehovanın əlini necə görə bilərik? Bir neçə nümunəyə baxaq. Bəlkə də siz açıq-aydın hiss edirsiniz ki, həqiqətə gəlməyiniz Allahın işi olub. Heç elə olubmu ki, yığıncaqda hansısa fikri eşidəndə öz-özünüzə demisiniz: «Bu, elə mənim üçündür»? Yaxud duanıza cavab almısınız. Ola bilsin, xidmətinizi genişləndirmək qərarına gəlmisiniz və mat qalmısınız ki, Yehova sizə necə kömək edir. Yaxud ruhani məqsədlər naminə işdən çıxmısınız və Allahın «səni heç vaxt atmaram» vədinin həqiqiliyinin şahidi olmusunuz (İbr. 13:5). Ruhani cəhətdən oyaq olsaq, Yehovanın bizə nə qədər kömək etdiyini görəcəyik.
18 Kenyadan olan Sara adlı bacı başına gələn bir əhvalatı danışır: «Bir nəfərlə Müqəddəs Kitabı öyrənirdim. Mənə elə gəlirdi ki, o, öyrəndiklərinə ciddi yanaşmır. Dua edib Yehovadan soruşdum ki, görəsən, onunla öyrənməyi dayandırım, ya yox. “Amin” deyən kimi, telefon zəng çaldı. Danışan həmin adam idi. O, mənimlə yığıncağa getmək istəyirdi. Mən quruyub qalmışdım». Diqqətli olsanız, siz də Yehovanın əlini öz həyatınızda hiss edəcəksiniz. Asiyada yaşayan Ronna adlı bacı deyir: «Yehovanın rəhbərliyini duymaq üçün bir az təcrübə lazımdır. Bunu duymağı öyrənəndə isə adam heyran qalır ki, gör Yehova bizimlə nə qədər maraqlanır».
19. Allahı görən insanlar arasında olmaq üçün bizə daha nə lazımdır?
19 İsa demişdi: «Ürəyitəmizlər xoşbəxtdir, çünki onlar Allahı görəcəklər» (Mət. 5:8). Ürəyitəmiz olmaq üçün gərək fikirlərimizi təmiz saxlayaq və əməllərimizi düzəldək. (2 Korinflilərə 4:2 ayəsini oxuyun.) Ruhani cəhətdən möhkəmlənəndə və əməlisaleh yaşayanda biz də Allahı görən insanların arasında olacağıq. Yehovanı öz həyatımızda daha aydın görmək üçün bir şeyin rolu əvəzedilməzdir. Bu, imandır. Növbəti məqalədə məhz bu haqda danışacağıq.