Valehedici işlərin Yaradanını dərk edin!
“Dur və Allahın valehedici işlərini düşün [“Allahın valehedici işlərinə qarşı diqqətli ol”, YD]” (EYUB 37:14).
1, 2. Min doqquz yüz iyirmi ikinci ildə hansı təəccüblü açılış edildi və bu açılış hansı reaksiyaya səbəb oldu?
ARXEOLOQ və ingilis lordu birlikdə, xəzinə axtarışına çox illər sərf etdilər. Nəhayət, 1922-ci il noyabrın 26-da arxeoloq Hovard Karterin və lord Karnarvonun göstərdikləri inadkarlıq müvəffəqiyyətlə nəticələndi: onlar misir fir’onlarının basdırıldığı məşhur Hökmdarlar vadisində fir’on Tutanxamonun məqbərəsini aşkar etdilər. Divara hörülmüş və qədim möhürlərlə möhürlənmiş qapını diqqətlə yoxladıqdan sonra, onlar qapıda deşik açdılar. Karter əlindəki şamı ehtiyatla deşiyə yaxınlaşdırıb, içəri baxdı.
2 Karter sonradan xatırlayırdı: “Susduğum üçün narahat olan lord Karnarvon səbirsizliklə soruşdu: “Siz nə isə görürsünüzmü?” Cavabında sadəcə olaraq: ”Bəli, valehedici şeylər” — deyə bildim”. Məqbərədə, minlərlə saysız-hesabsız cavahiratın arasında xalis qızıldan tabut da vardı. Ola bilsin, siz bu “valehedici əşyalardan” bə’zilərini şəkillərdə və ya muzeylərdə görmüsünüz. Lakin bu muzey eksponatları nə qədər valehedici olsalar da, hər halda onların sizin həyatınıza heç bir aidiyyəti yoxdur. Buna görə də, gəlin indi, bilavasitə həyatımıza aidiyyəti olan və bizim üçün xüsusi qiymət daşıyan valehedici işləri nəzərdən keçirək.
3. Bizim üçün həqiqətən də qiymətli olan valehedici işlər haqqında haradan öyrənə bilərik?
3 Hər hansı müasir kino və ya idman ulduzundan, siyasətçi və ya kral ailəsinin üzvündən daha çox diqqətəlayiq olan, çox əsrlər bundan əvvəl yaşamış bir insanı xatırlayaq. O, “şərq oğullarından... ən böyüyü” adlandırılmışdı. Onun adı bizə tanışdır; o, Eyubdur. Müqəddəs Kitabın bütöv bir kitabı ona həsr olunub. Eyubun müasirlərindən biri, Elihu adlı bir gənc, ona düzəliş verməyi özünə borc bilirdi. Elihu söylədi ki, Eyub özünə və ətrafındakılara həddindən artıq diqqət yetirir. Biz, “Eyub” kitabının 37-ci fəslində müdrik və hər birimiz üçün son dərəcə qiymətli olan məsləhətlər tapacağıq (Eyub 1:1—3; 32:1—33:12).
4. Eyub 37:14 ayəsində yazılan sözləri deməyə, Elihunu vadar edən nə oldu?
4 Eyubun düşüncə və ya əməllərində günah işlətdiyini sanan yalançı dostları uzun-uzadı danışdılar (Eyub 15:1—6, 16; 22:5—10). Elihu səbirlə söhbətin sonunu gözləyirdi. Sonra o, anlayış və hikmətlə söhbətə başladı. Elihunun dediklərinin çoxu olduqca qiymətlidir, ancaq siz ən vacib fikrə diqqət yetirin: “Buna qulaq ver, ey Eyub; dur və Allahın valehedici işlərini düşün [“Allahın valehedici işlərinə qarşı diqqətli ol”, YD]” (Eyub 37:14).
Valehedici işlərin Yaradanı
5. Elihunun diqqət yetirdiyi Allahın valehedici işləri nə haqda şəhadət edir?
5 Fikir verin: Elihunun sözlərinə görə, Eyub nə özünə, nə Elihuya, nə də ki başqa bir insana diqqət yetirməli deyildi. Elihu Eyubu, həmçinin bizi də, Yeqova Allahın valehedici işlərinə qarşı diqqətli olmağa təşviq etdi. “Allahın valehedici işləri” ifadəsi altında nəzərdə tutulan nədir? Bundan əlavə, sağlamlığımız, maddi vəziyyətimiz və gələcəyimiz barədə düşünərkən, həmçinin ailəmiz, iş yoldaşlarımız və qonşularımızla maraqlanarkən Allahın işlərinə qarşı diqqətli olmağımız nəyə görə vacibdir? Yeqova Allahın valehedici işləri, Onun müdrikliyinə və bizi əhatə edən maddi varlıqlar üzərində olan hakimiyyətinə inandırıcı surətədə şəhadət edir (Nehemya 9:6; Məzmur 24:1; 104:24; 136:5, 6). Bunu aydın surətdə dərk etmək üçün, gəlin “Yeşu” kitabından bir parçanı qısaca nəzərdən keçirək.
6, 7. a) Yeqova, Musanın və Yeşunun günlərində hansı valehedici işləri etdi? b) Musanın və Yeşunun günlərində Allahın göstərdiyi mö’cüzələrdən birinin şahidi olsaydınız, hansı hissləri keçirərdiniz?
6 Yeqova Qədim Misiri bəlalara düçar etdi və daha sonra Qırmızı dənizin sularını ayırdı ki, Musa israilliləri köləlikdən çıxara bilsin (Çıxış 7:1—14:31; Məzmur 106:7, 21, 22). “Yeşu” kitabının 3-cü fəslində buna bənzər hadisə təsvir olunur. Musanın vərəsəsi Yeşu, Allahın xalqını, suyun törətdiyi başqa bir maneəni dəf etməyə və Və’d edilən diyara aparmağa hazırlaşarkən dedi: “Özünüzü təqdis edin; çünki sabah RƏB aranızda mö’cüzələr [“valehedici işlər”, YD] edəcəkdir” (Yeşu 3:5). Bu hansı valehedici işlərdir?
7 Müqəddəs Kitabda deyilir ki, Yeqova, suyun yaratdığı maneəni — bu dəfə isə İordan çayını — aşmağa yenidən imkan verdi və yüz minlərlə kişi, qadın və uşaqlar quru ilə keçə bildilər (Yeşu 3:7—17). Əgər biz çayın içindən yol açıldığını və bütün xalqın o biri taya keçdiyini görsəydik, yəqin ki, təəccübdən donub qalardıq! Axı, bu hadisə Allahın öz yaratdığı varlıqlar üzərində olan qeyri-adi hakimiyyətini göstərir. Hətta bu gün, gözlərimizin önündə bundan da təəccüblü işlər baş verir. Məhz nə baş verdiyini, həmçinin bizim bu işlərə nəyə görə diqqət yetirməli olduğumuzu, Eyub 37:5—7 ayələrini nəzərdən keçirərkən görəcəyik.
8, 9. Eyub 37:5—7 ayələrində hansı valehedici işlər haqqında danışılır və nəyə görə biz onların üzərində düşünməliyik?
8 Elihu dedi: “Allah səsilə valehedici surətdə guruldayar; anlaya bilmədiyimiz böyük işlər edər”. “Valehedici surətdə edər” dediyi zaman Elihu nəyi nəzərdə tutur? O, qar və yağış barədə xatırladır. Şiddətli yağış və ya qar yağanda fermer tarladakı işini dayandırmağa məcbur olur. Bu zaman onun, Allahın işləri haqqında düşünməyə həm vaxtı, həm də əsası olur. Biz kənd təsərrüfatı ilə məşğul olmasaq da, yəqin ki, qar və yağış, bizlərdən hər birimizin həyatına tə’sir göstərir. Yaşadığımız yerdən asılı olaraq, qar və yağış bizim də məşğuliyyətlərimizə mane ola bilər. O zaman bu mö’cüzələrin arxasında duran Şəxs haqqında və onların daşıdığı mə’na barədə dərindən düşünürükmü? Sən nə vaxtsa bunların üzərində düşünmüsənmi?
9 Maraqlıdır ki, “Eyub” kitabının 38-ci fəslinin sözlərinə əsasən, Eyuba mə’nalı suallar verərkən, Yeqova Allah özü də bu cür mühakimə yürüdür. Yaradanımız bu suallarla Eyuba müraciət etsə də, həmin suallar eyni zamanda bizim də həyata olan nöqteyi-nəzərimizə, mövcudluğumuza və gələcəyimizə aiddir. Beləliklə, Allahın nə haqda soruşduğuna diqqət yetirək və Onun bununla nə demək istədiyi üzərində düşünək. Bəli, gəlin Eyub 37:14 ayəsindəki müdrik sözlərə riayət edək.
10. “Eyub” kitabının 38-ci fəsli bizə nəyi öyrədir və bununla əlaqədar hansı suallar yaranır?
10 Kitabın 38-ci fəsli belə sözlərlə başlanır: “O zaman RƏB qasırğanın içindən Eyuba cavab verib dedi: “Bilgisiz sözlərlə təqdiri qaraldan bu adam kim? İndi qurşağını belinə vur, kişi kimi; səndən soruşum və mənə anlat”” (Eyub 38:1—3). Bu sözlər — deyiləcək növbəti sözlərə bir növ giriş idi. Eyub onları eşidəndə, Kainatı Yaradanın qarşısında durduğunu və Ona hesabat verdiyini dərk etməli idi. Bu sözlər bu gün necə bizim, eləcə də müasirlərimiz üçün faydalıdır. Sonra Allah, Elihunun dediklərinə toxunaraq soruşdu: “Mən dünyanın təməllərini qoyarkən, sən harada idin? Bildir, əgər səndə anlayış varsa. Madam ki, bilirsən, onun ölçülərini kim qoydu? Yaxud ipi onun üzərinə kim çəkdi? Onun təməlləri nəyin üzərinə bərkidildi? Yaxud onun guşə daşını kim qoydu?” (Eyub 38:4—6).
11. Eyub 38:4—6 ayələrini oxuyarkən, bizim üçün nə aydın olur?
11 Həqiqətən də, Yer yaradılan zaman Eyub və bizim hamımız harada idik? Bizlərdən kim isə, Yerin layihəsi hazırlanan zaman arxitektor və ya onun köməkçisi kimi iştirak edibmi? Xətkeşlə onun ölçülərini qeyd edibmi? Təbii ki, yox. O vaxt insanlar hələ mövcud deyildilər. Yaşadığımız Yer kürəsini nəhəng evlə müqayisə edərək, Allah soruşur: “Onun guşə daşını kim qoydu?” İnsanların əksəriyyəti bilir ki, Yer kürəsi ilə Günəş arasında olan məsafə, insanların yer üzərində yaşaya bilmələri üçün əlverişli şərait yaradır. Bundan əlavə, o, düzgün ölçülərə malikdir. Əgər planetimiz xeyli böyük olsaydı, hidrogen atmosferdə toplanar və Yer kürəsində yaşamaq mümkün olmazdı. Ancaq kim isə “guşə daşını” məhz lazımi yerə qoymuşdur. Buna görə izzətə kim layiqdir? Eyubmu, bizmi, yoxsa hər halda Yeqova Allahmı? (Süleymanın məsəlləri 3:19; Yeremya 10:12).
İnsanlardan kim cavab verə bilər?
12. Eyub 38:6 ayəsində yazılan sual bizə nə haqda xatırladır?
12 Allah həmçinin soruşur: “Onun təməlləri nəyin üzərinə bərkidildi?” Yaxşı sualdır. Eyuba tanış olmayan “cazibə” termini, gərək ki, bizə yaxşı mə’lumdur. Biz hamımız bilirik ki, Yer kürəsi öz yerində, yə’ni “təməlləri” üzərində böyük kütləyə malik olan Günəşin cazibə qüvvəsi sayəsində dayanır. Bəs cazibənin, yə’ni qravitasiyanın nə demək olduğunu axıra kimi başa düşən varmı?
13, 14. a) Qravitasiya ilə əlaqədar insan nəyi e’tiraf etməyə məcburdur? b) Eyub 38:6 ayəsində yazılan sözlər bizi nəyə təşviq etməlidir?
13 Bu yaxınlarda işıq üzü görən “İzah edilmiş Kainat” (“The Universe Explained”) adlı kitabın müəllifi e’tiraf edir ki, “qravitasiya — ən tanış, lakin eyni zamanda da ən az anlaşılan təbii hadisədir”. Sonra bu kitabda əlavə edilir: “Elə təəssürat yaranır ki, qravitasiya boş fəzada bir anda, özü də anlaşılmaz bir tərzdə yayılır. Lakin son illərdə fiziklər, qravitasiyanın qraviton adlanan zərrəciklərdən təşkil olunmuş dalğalar şəklində yayılması fərziyyəsini irəli sürmüşlər... Ancaq onların mövcudluğuna heç kim əmin deyil”. Müəllifin sözləri üzərində düşünək.
14 Yeqovanın Eyuba bu sualları verdiyi vaxtdan, elm 3 000 il ərzində inkişaf etmişdir. Lakin insanların yaşaya bilməsi üçün, Yeri lazımi orbitdə saxlayan qravitasiyanı nə biz, nə də fizika mütəxəssisləri tam izah edə bilmirik (Eyub 26:7; İşaya 45:18). Bununla biz sizi, qravitasiyanın bütün sirlərini anlamağa təşviq etmirik. Ancaq Allahın valehedici işlərindən birinə diqqət yetirsək, artıq Ona başqa cür yanaşmağa başlayacağıq, elə deyilmi? Allahın müdrikliyi və biliyi Ona olan ehtiramımızı daha da gücləndirmirmi? Onun haqqında daha çox öyrənməyə təşviq olunmuruqmu?
15-17. a) Eyub 38:8—11 ayələrində nəyə diqqət yetirilir və bununla əlaqədar hansı suallar yaranır? b) Okeanlar və onların Yer kürəsinin səthi üzərində paylanması haqqında biliklərimizlə əlaqədar nəyi e’tiraf etməli oluruq?
15 Bununla Yaradanın sualları bitmir. O davam edir: “Yaxud dənizi qapılarla kim qapadı; ana bətnindən çıxıb fışqırdığı zaman; ona buludları paltar və qatı qaranlığı qundaq etdiyim zaman və ona məhdudiyyətimi qoyduğum, qapıları və kilidləri qoyduğum zaman və: buraya qədər gələcəksən və o biri tərəfə keçməyəcəksən, məğrur dalğaların burada duracaq, dediyim zaman?” (Eyub 38:8—11).
16 Burada xatırladılan dənizlərin “qapanmasına” qit’ələr, okeanlar, həmçinin qabarma və çəkilmələr də daxildir. Bütün bunları insan hansı müddət ərzində müşahidə edib, araşdırır? Bu araşdırmalar min illərdir ki, davam edir, açılışların əksəriyyəti isə son yüz il ərzində edilmişdir. Elə təəssürat yarana bilər ki, bu gün bu haqda artıq hər şey mə’lum olmalıdır. Lakin siz, 2001-ci il ərzində bu sualla ciddi surətdə məşğul olsaydınız və son mə’lumatları əldə etmək üçün dünyanın ən böyük kitabxanalarının geniş vəsaitlərindən və İnternetdən istifadə etsəydiniz, nə aşkar edə bilərdiniz?
17 Geniş yayılmış bir arayış kitabçasında deyilir: “Kontinental platformaların və okean hövzələrinin Yer kürəsinin səthi üzərində paylanması, həmçinin qurunun ümumi şəkli, artıq uzun müddətdir ki, elmi tədqiqlər və nəzəri məsələlər üçün maraqlı sual olaraq qalır”. Bundan sonra ensiklopediyada mümkün olan dörd izahat verilir, lakin deyilir ki, bunlar sadəcə “çoxsaylı fərziyyələrdən bir neçəsidir”. Lüğətdə isə, fərziyyə sözü — “bir şey haqqında təxmini mülahizə, güman, ehtimal” kimi izah olunur.
18. Eyub 38:8—11 ayələrini nəzərdən keçirərkən, hansı nəticəyə gəlirsiniz?
18 Bu, Eyub 38:8—11 ayələrində oxuduğumuz sualların vaxtında verildiyini qeyd etmirmi? Qit’ələr və okeanlar Yer üzündə bizim əməyimiz sayəsində yerləşdirilməyib. Ayın cazibə qüvvəsi qabarma və çəkilmələrə səbəb olur, həm də nəzərə almaq lazımdır ki, qabarma zamanı su, bir qayda olaraq, insanlar yaşayan əraziləri basmır; bunun belə olması üçün Ayı quraşdıran da biz deyilik. Amma biz, bütün bu valehedici işlərin Yaradanının kim olduğunu bilirik (Məzmur 33:7; 89:9; Süleymanın məsəlləri 8:29; Həvarilərin işləri 4:24; Vəhy 14:7).
Yeqovaya, layiq olduğu izzəti verin
19. Eyub 38:12—14 ayələrindəki fiziki hadisələr hansı şairanə üsulla təsvir olunur?
19 Yerin fırlanmasını da insan əməyinin nəticəsi adlandırmaq olmaz. Bunun sayəsində səhər çox vaxt valehedici gözəlliklə açılmağa başlayır — bu haqda Eyub 38:12—14 ayələrində deyilir. Gün çıxanda yerin relyefi daha aydın görünür. Bu, möhürün tə’siri ilə gilin öz formasını dəyişməsinə bənzəyir. Yerin fırlanması haqqında bir qədər düşündükdən sonra, bizə onun həddindən artıq tez dövr etmədiyinə yalnız təəccüblənmək qalır, əks təqdirdə, bizə mə’lum olduğu kimi, bütün bunlar fəlakətlə nəticələnərdi. Lakin Yer həddindən artıq asta da fırlanmır, yoxsa günlər və gecələr daha uzun olardı. İstidən və soyuqdan insan həyatı qeyri-mümkün olardı. Nə yaxşı ki, Yer kürəsinin fırlanmasının sür’ətini insanlar yox, Allah tə’yin etmişdir! (Məzmur 148:1—5).
20. Eyub 38:16, 18 ayələrində qaldırılan suallara siz necə cavab verərdiniz?
20 İndi isə təsəvvür edin ki, Allah sizə bir sıra yeni suallar verir: “Dənizin qaynaqlarına qədər endinmi? Yaxud dəryaların diblərində gəzdinmi?” Bu suallara hətta okeanoqraf belə tam cavab verə bilməzdi! “Dünyanın genişliyini anladınmı? Əgər bunun hamısını bilirsənsə, bildir” (Eyub 38:16, 18). Bizlərdən kimsə, bütün yer üzünü gəzdiyini və onun hər yerini — yaxud çox hissəsini tədqiq etdiyini söyləyə bilərmi? Yer kürəsinin bütün gözəl mənzərələrinə və mö’cüzələrinə diqqət yetirmək üçün neçə insan ömrü yaşamaq lazımdır? Bu cür keçən ömür necə də gözəl olardı!
21. a) Eyub 38:19 ayəsində yazılan təbiət hadisələrini elm necə izah edir? b) Günəş işığı haqqındakı biliklərimiz bizi nəyə təşviq etməlidir?
21 Eyub 38:19 ayəsində verilən çətin suallara diqqət yetirək: “İşığın oturduğu yer, onun yolu harada, bəs qaranlıq, onun yeri haradır ki?” (Eyub 38:19). Alimlərin fikri yəqin ki, sizə mə’lumdur. Onlar uzun müddət hesab edirdilər ki, ləpələrin nohurda yayıldığı kimi, işıq da dalğalar şəklində yayılır. Sonra 1905-ci ildə Albert Eynşteyn, işığın enerji zərrəcikləri şəklində hərəkət etməsi fərziyyəsini irəli sürdü. Eynşteynin izahatını həqiqətin son mərhələsi adlandırmaq olarmı? Bu yaxınlarda dərc olunmuş ensiklopediyada belə bir sual verilir: “İşıq dalğadırmı, yoxsa zərrəcik?” Və qeyd olunur: “Göründüyü kimi, [işıq] eyni zamanda həm dalğa, həm də zərrəcik ola bilməz, çünki bu iki forma [dalğalar və zərrəciklər] arasında fərq olduqca böyükdür. Daha qəti desək, işıq nə dalğadır, nə də zərrəcik”. Beləliklə, insan bu cəhətdən Allahın işlərini tam mə’nada izah edə bilmir. Bununla belə, Günəş işığı — bilavasitə və dolayısı ilə — bizi isitməyə davam edir. Bitkilərin Günəş işığına reaksiya göstərməsi sayəsində, qida ilə tə’min olunur və oksigenlə nəfəs alırıq. Biz oxuya bilir, bizə əziz olan insanların üzünü görür, günün batmasına baxıb həzz alırıq və s. Biz bütün bunlarda Allahın valehedici işlərini görməli deyilikmi? (Məzmur 104:1, 2; 145:5; İşaya 45:7; Yeremya 31:35).
22. Vaxtilə Davud Allahın valehedici işlərinə necə hay verdi?
22 Bəs Allahın valehedici işləri üzərində düşünmək, bizdə yalnız hörmətkar qorxu, heyrət və Onun calalı qarşısında valehlik hissimi oyatmalıdır? Heç də elə deyil. Keçmişdə məzmurçu Davud e’tiraf edirdi ki, Allahın bütün işlərini dərk etmək qeyri-mümkündür. O yazırdı: “Ya RƏB Allahım, yaratdığın xariqələr və bizim üçün düşüncələrin çoxdur; sənə bənzəyən yoxdur. Onları e’lan edib söyləmək istəsəm, saya gəlməz” (Məzmur 40:5). Əlbəttə ki, Davud Allahın valehedici işləri haqqında susacağını nəzərdə tutmurdu. Buna Davudun, Məzmur 9:1 ayəsində ifadə olunan qətiyyətli əhval-ruhiyyəsi şəhadət edir: “Bütün ürəyimlə RƏBBƏ şükr edəcəyəm; bütün mö’cüzələrini anladacağam”.
23. Allahın valehedici işləri sizdə hansı hissləri oyadır və siz başqalarına hansı köməyi göstərə bilərsiniz?
23 Məgər bu bizim də ürəyimizə tə’sir etmirmi? Məgər əhatəsində olduğumuz, Allahın yaratdıqlarının calalı Yaradan haqqında, Onun valehedici işləri və gələcəkdə həyata keçirmək istədiyi niyyətləri haqqında danışmağa bizi təşviq etmirmi? Cavab aydındır: biz “Onun izzətini millətlər arasında, valehedici işlərini bütün xalqlar arasında e’lan” etməliyik (Məzmur 96:3—5). Yaradan haqqında öyrəndiklərimizi başqaları ilə bölüşərkən, Allahın valehedici işlərinə görə dərin minnətdarlığımızı təzahür etdiririk. Hətta bu insanlar ateist cəmiyyətində tərbiyə almış olsalar belə, bizim şüurlu və inandırıcı dəlillərimiz, onları Allahın mövcud olduğunu qəbul etməyə təşviq edə bilər. Bundan əlavə, ehtimal ki, onlar “hər şeyi” Yaradan barədə daha çox öyrənmək və valehedici işlərin Yaradanı Yeqovaya xidmət etmək istəyəcəklər (Vəhy 4:11).
Siz necə cavab verərdiniz?
• Eyub 37:14 ayəsində yazılan çağırışı oxuyarkən, siz Allahın yaratdığı hansı işlər barədə düşünürsünüz?
• “Eyub” kitabının 37-ci və 38-ci fəsillərində təsvir olunan hansı hadisələri elm dəqiq izah edə bilmir?
• Siz, Allahın valehedici işləri barədə düşünərkən hansı hissləri keçirirsiniz və bu cür düşüncələr sizi nəyə təşviq edir?
[7-ci səhifədəki şəkil]
Dənizi qapayan və onun sularını saxlayan kimdir?
[7-ci səhifədəki şəkil]
Yer kürəsinin bütün guşələrini gəzərək, Allahın yaratdıqlarının gözəlliyindən kim həzz alıb?