Yehovaya ümid bağla və cəsarətli ol
«Rəbbə ümid bağla! Cəsarətli və möhkəm ol! Rəbbə ümid bağla!» (MƏZMUR 27:14).
1. Ümid nə dərəcədə vacibdir və bu söz Müqəddəs Kitabda necə istifadə edilir?
HƏQİQİ ümid parlaq işıq kimidir. O bizə sınaqlara tab gətirməyə, gələcəyə sevinclə və cəsarətlə baxmağa kömək edir. Yalnız Yehova bizə möhkəm ümid verə bilər və O, bunu Öz Kəlamı vasitəsilə edir (2 Timoteyə 3:16). Müqəddəs Kitabda «ümid» sözünə müxtəlif formalarda təxminən 160 dəfə rast gəlinir və yaxşı bir şeyi səbirsizliklə və inamla gözləməyə, həm də gözlənilən şeyə aid edilira. Belə ümid əsassız və ya yerinə yetəcəyinə heç bir zəmanət olmayan adi arzudan qat-qat üstündür.
2. Ümid İsanın həyatında hansı rolu oynayırdı?
2 Sınaq və çətinliklərlə üzləşəndə İsa gələcəyə baxır və ümidini Yehovaya bağlayırdı. «O, qarşısına qoyulan sevinc uğrunda, rüsvayçılığa e’tinasızlıq göstərib, çarmıxa təhəmmül etdi və Allahın taxtının sağında oturdu» (İbranilərə 12:2). İsa fikrini Yehovanın Ali hökmranlıq hüququna bəraət qazandıracağına və Onun adını izzətləndirəcəyinə cəmləşdirmişdi. Buna görə də o, nəyin bahasına olursa-olsun, heç vaxt Allahın itaətindən çıxmırdı.
3. Ümid Allahın xidmətçilərinin həyatında hansı rolu oynayır?
3 Padşah Davud ümidlə cəsarətin arasındakı bağlılığa işarə edərək yazmışdı: «Rəbbə ümid bağla! Cəsarətli və möhkəm ol! Rəbbə ümid bağla!» (Məzmur 27:14). Əgər cəsarətli olmaq istəyiriksə, heç vaxt yol verməməliyik ki, ümidimiz mücərrəd olsun, onu həmişə hafizəmizdə aydın saxlamalı və dərindən qiymətləndirməliyik. Belə etdikdə biz, İsanın şagirdlərinə tapşırdığı işi onun kimi sə’y və cəsarətlə yerinə yetirəcəyik (Matta 24:14; 28:19, 20). Bəli, Allahın xidmətçilərinə xas olan iman və məhəbbət kimi vacib keyfiyyətlərlə yanaşı, ümid də onların həyatında olduqca böyük rol oynayır (1 Korinflilərə 13:13).
‘Ümidlə dolub daşırsanmı’?
4. Məsh edilmiş məsihçilər və onların yoldaşları ‘başqa qoyunlar’ nəyi səbirsizliklə gözləyirlər?
4 Yehovanın xalqını parlaq gələcək gözləyir. Məsh edilmiş məsihçilər İsa ilə birgə göydə xidmət edəcəkləri vaxtı səbirsizliklə gözləyirlər, ‘başqa qoyunlar’ isə ‘çürüklüyə olan köləlikdən azad olunub Allahın [yerüzü] övladlarının izzətli azadlığına qovuşacaqlarına’ ümid bəsləyirlər (Yəhya 10:16; Romalılara 8:19-21; Filipililərə 3:20). ‘İzzətli azadlığa qovuşmaq’ günahdan və onun müdhiş nəticələrindən azad olunmaq deməkdir. Bəli, ‘hər bir yaxşı bəxşişi və hər kamil hədiyyəni’ verən Yehova sadiq xidmətçilərindən heç nəyi əsirgəməyəcək (Yaqub 1:17; Yeşaya 25:8).
5. ‘Ümidlə dolub daşmaq’ üçün nə etməliyik?
5 Məsihçi ümidi həyatımızda nə dərəcədə böyük rol oynamalıdır? Romalılara 15:13 ayəsində biz oxuyuruq: «Qoy ümid verən Allah iman həyatınızda sizi hər cür sevinc və sülhlə doldursun ki, siz Müqəddəs Ruhun qüdrəti vasitəsilə ümidlə dolub daşasınız». Bəli, ümidi qaranlıqda yanan şam işığı ilə yox, doğan günəşin parlaq şüaları ilə müqayisə etmək olar. Belə ümid həyatımızı sülh və xoşbəxtliklə doldurur, ona mə’na verir və bizi cəsarətləndirir. Diqqət yetirin, biz Allahın Kəlamında yazılanlara inananda və Onun müqəddəs ruhunu alanda, ‘ümidlə dolub daşırıq’. Romalılara 15:4 ayəsində deyilir: «Bundan əvvəl yazılanların hamısı bizə tə’lim olaraq yazıldı ki, təhəmmül və Müqəddəs Yazıların təsəllisi ilə ümidimiz olsun». Buna görə özündən soruş: «Müqəddəs Kitabı çalışqanlıqla tədqiq etməklə və onu hər gün oxumaqla ümidimi parlaq saxlayırammı? Allahın müqəddəs ruhunu almaq üçün tez-tez dua edirəmmi?» (Luka 11:13).
6. Ümidimizin parlaq olması üçün, özümüzü nədən qorumalıyıq?
6 Bizim üçün nümunə olan İsa Allahın Kəlamından qüvvət alırdı. Onun həyatı üzərində dərindən düşünsək, ‘canımız yorulmayacaq [və] taqətdən düşməyəcəyik’ (İbranilərə 12:3). Əgər ümidimiz zehnimizdə və ürəyimizdə zəifləyərsə və ya başımız başqa şeylərə, məsələn, var-dövlət yığmağa, yaxud dünyəvi məqsədlərə qarışarsa, biz tezliklə ruhən taqətdən düşə bilərik. O zaman bizdə Allahın əxlaq normalarına uyğun yaşamağa güc və cəsarət qalmayacaq. Belə əhval-ruhiyyə ilə ‘imanımız qəzaya uğrayan gəmi kimi bata’ da bilər (1 Timoteyə 1:19). Həqiqi ümid isə imanımızı möhkəmləndirir.
Ümid imandan ayrılmazdır
7. Nə üçün ümid imandan ayrılmazdır?
7 «İman... ümid edilən şeylərə e’timad, görünməyən həqiqətlərə inamdır» (İbranilərə 11:1). Buna görə də, ümid imanın ayrılmaz hissəsidir. İbrahimin nümunəsinə baxaq. Yehova İbrahim və Saranın varisi olacağını və’d edəndə insan nöqteyi-nəzərincə dünyaya uşaq gətirmək üçün onlar çox qoca idilər (Yaradılış 17:15-17). İbrahim Allahın və’dinə necə yanaşdı? «Bu hər nə qədər ümidsiz idisə də, İbrahim bir çox xalqların atası olacağına ümidlə iman etdi» (Romalılara 4:18). Bəli, Allahın İbrahimə verdiyi ümid onun nəsli olacağına imanını möhkəmləndirdi. İman isə, öz növbəsində, onun ümidini canlandırdı və möhkəm etdi. İbrahim və Sara cəsarətlə hətta ev-eşiklərini və qohum-əqrabalarını qoyub ömürlərinin qalan hissəsini yad torpaqda çadırlarda yaşadılar!
8. Dözümlülük ümidi necə möhkəmləndirir?
8 İbrahim, hətta çətin vaxtlarda da Yehovaya şərtsiz itaət etməklə ümidini möhkəm saxlayırdı (Yaradılış 22:2, 12). Əgər Yehovaya mətanətlə və itaətkarlıqla xidmət ediriksə, Onun bizi mükafatlandıracağına əmin ola bilərik. Həvari Pavel yazmışdı: «Dözümlülükdən təcrübə və təcrübədən ümid hasil olduğunu bilərək, sıxıntılarla da öyünürük. Və ümid utandırmaz» (Romalılara 5:4, 5). Pavel, həmçinin bu sözləri də yazmışdır: «Arzu edirik ki, hər biriniz, ümidin verdiyi tam e’timada nail olmaq üçün sona qədər eyni sə’yi göstərsin» (İbranilərə 6:11). Yehova ilə yaxın münasibətlərə əsaslanmış belə nikbin əhval-ruhiyyə hər bir çətinliyin öhdəsindən cəsarətlə, hətta sevinclə gəlməyə kömək edər.
‘Ümidlə sevinin’
9. Bundan sonra da ‘ümidlə sevinmək’ üçün müntəzəm olaraq nə etməliyik?
9 Allahın verdiyi ümid dünyanın təklif edə biləcəyi hər bir şeydən qat-qat dəyərlidir. Məzmur 37:34 ayəsində deyilir: «Rəbbi gözlə, Onun yolunu tut, O sənə ölkəni mülk olaraq verəcək, səni yüksəldəcək. Pislərin kəsilib atılacağı zamanı görəcəksən». Bəli, ‘ümidlə sevinməyimizə’ bir çox səbəb var (Romalılara 12:12). Bunun üçün ümidimiz haqqında daima düşünməliyik. Bəs sən bunu edirsənmi? Özünü tam sağlam, qayğısız, sevdiyin adamların əhatəsində, mə’nalı və məmnunedici işlə məşğul olacağın Cənnətdə təsəvvür edirsənmi? Nəşrlərimizdə Cənnəti təsvir edən şəkillərin üzərində düşünürsənmi? Belə müntəzəm düşüncələri gözəl mənzərəyə açılan pəncərəni silməklə müqayisə etmək olar. Əgər şüşələr vaxtaşırı yuyulmasa, çirk üzündən mənzərə o qədər də aydın və cazibəli görünməyəcək. Onda diqqətimiz digər şeylərə yayına bilər. Buna heç vaxt yol vermə!
10. Nə üçün mükafata can atmağımız Yehova ilə münasibətimizə yaxşı tə’sir göstərir?
10 Əlbəttə, Yehovaya xidmət etməyimizə əsas səbəb Ona bəslədiyimiz məhəbbətdir (Mark 12:30). Bununla yanaşı, diqqətimizi alacağımız mükafatda möhkəm saxlamalıyıq, çünki bunu bizdən Yehova gözləyir! İbranilərə 11:6 ayəsində deyilir: «İman etmədən Allaha məqbul olmaq isə qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan iman etməlidir ki, O var və Onu axtaranlara mükafat verir». Nə üçün Yehova Ondan mükafat gözləməyimizi istəyir? Ona görə ki, bu, Yehovanı səxavətli və sevgi dolu səmavi Ata kimi yaxşı tanıdığımızı bəlli edir. ‘Ümidli gələcəyimiz’ olmasaydı, biz necə də bədbəxt olar və asanlıqla ruh düşkünlüyə qapılardıq! (Yeremya 29:11).
11. Allahın verdiyi ümid Musaya müdrik qərar qəbul etməkdə necə kömək etdi?
11 Musa, Allahın verdiyi ümidi göz qarşısında saxlamaqda gözəl nümunə qoymuşdur. Musa «Fir’onun qızının oğlu» kimi Misirdə hakimiyyət, nüfuz və var-dövlət sahibi idi. Bəs onun ürəyi bu şeylərə bağlı idi, yoxsa Yehovaya? O, Allaha xidmət etməyi daha üstün tutdu. Bu seçimi etmək üçün ona cəsarət lazım idi. Musa nə üçün bu yolu seçdi? «Çünki əvəzində alacağı mükafatı gözləyirdi» (İbranilərə 11:24-26). Bəli, Musa Yehovanın verdiyi ümidə qətiyyən biganə yanaşmırdı.
12. Nə üçün məsihçi ümidi dəbilqəyə oxşadılır?
12 Həvari Pavel ümidi qədimdə əsgərin başına taxdığı dəbilqə ilə müqayisə etdi. Bizim ruhani dəbilqəmiz ağlımızı qoruyaraq müdrik qərarlar qəbul etməyə, daha vacib şeylərə üstünlük verməyə və nöqsansızlığımızı qorumağa kömək edir (1 Saloniklilərə 5:8). Sənin dəbilqən həmişə başındadırmı? Belə təqdirdə sən, Musa və Pavel kimi, ‘güvənilə bilməyən var-dövlətə bel bağlamayacaq, lakin zövq almamız üçün bizə hər şeyi bolluqla verən yaşayan Allaha ümid bəsləyəcəksən’. Düzdür, xudbin məqsədlərdən imtina edərək axına qarşı getmək cəsarət tələb edir, amma bunu etməyə dəyər! Məgər Yehovaya ümid edən və Onu sevənləri gözləyən ‘həqiqi həyatdan’ nə isə gözəl bir şey ola bilərmi? (1 Timoteyə 6:17, 19, haşiyə).
«Səni heç buraxmayacağam»
13. Yehova sadiq xidmətçilərini nəyə əmin edir?
13 Bu dünyanın ‘ağrıları’ get-gedə çoxaldıqca ümidlərini indiki dünyaya bağlayanlar gələcəkləri haqqında ciddi düşünməlidirlər (Matta 24:8). Yehovaya ümid edənlər isə qorxmurlar. Onlar bundan sonra da «əmin-amanlıqda yaşayacaq, rahatlıq tapacaq, pislikdən qorxmayacaq»lar (Süleymanın məsəlləri 1:33). Onlar ümidlərini bu dünyaya bağlamadığından Pavelin məsləhətinə məmnuniyyətlə riayət edirlər: «Həyatınız pulpərəstlikdən azad olsun, özünüzdə olan şeylərlə kifayətlənin; çünki O Özü demişdir: “Səni heç buraxmayacağam və əsla tərk etməyəcəyəm”» (İbranilərə 13:5).
14. Nəyə görə məsihçilər gündəlik tələbatlarına görə həddindən artıq narahat olmamalıdırlar?
14 Ayədə işlənən «heç» və «əsla» sözləri Yehovanın bizim qayğımıza qalacağına şübhə qoymur. İsa, Allahın məhəbbətlə qayğımıza qaldığına bizi əmin edərək dedi: «Əvvəlcə Allahın Səltənətini [Padşahlığını] və Onun salehliyini axtarın; və bunların hamısı [ehtiyac duyduğumuz maddi şeylər] sizə əlavə olaraq veriləcəkdir. Buna görə, sabah üçün qayğı çəkməyin; ona görə ki, sabahkı gün özü üçün qayğı çəkəcəkdir» (Matta 6:33, 34). Yehova bilir ki, Onun Padşahlığını sə’ylə təbliğ etmək və eyni zamanda fiziki tələbatlarımızı ödəməyin ağır məs’uliyyətini daşımaq asan deyil. Gəlin Yehovanın bizim tələbatlarımızın qayğısına qalmağa qadir olduğuna və bunu arzuladığına heç vaxt şübhə etməyək (Matta 6:25-32; 11:28-30).
15. Məsihçilər ‘gözlərini’ necə sağlam saxlayırlar?
15 ‘Gözümüzü sağlam’ saxlamaqla Yehovaya bel bağladığımızı göstəririk (Matta 6:22, 23). ‘Gözünü sağlam’ saxlayan insanın niyyətləri təmiz və səmimidir, o, tamahkar və xudbin istəklərdən azaddır. Gözü sağlam saxlamaq kasıblıq içində yaşamaq və ya məsihçi məs’uliyyətlərimizə laqeyd yanaşmaq demək deyil. Bu, Yehovaya xidmətimizi hər şeydən üstün tutaraq ‘sağlam düşüncəli’ olmaq deməkdir (2 Timoteyə 1:7, YD).
16. Gözü sağlam saxlamaq üçün nəyə görə cəsarət və iman tələb olunur?
16 Gözü sağlam saxlamaq üçün cəsarət və iman tələb olunur. Məsələn, müdir səndən görüşlər keçirilən saatlarda müntəzəm surətdə işləməyi tələb etsə, ruhani işlərə cəsarətlə üstünlük verəcəksənmi? Kimsə Yehovanın Öz xidmətçilərinin qayğısına qalacağı və’dinə şübhə edirsə, belə adama Şeytanın öz təzyiqini bir az gücləndirməsi bəsdir ki, görüşləri tamamilə atsın. Bəli, imanımız zəifdirsə həyatda nəyə üstünlük verməyimizi Yehova deyil, Şeytan müəyyən edəcək. Bu necə də acınacaqlı olardı! (2 Korinflilərə 13:5).
Yehovanı ümidlə gözlə
17. Yehovaya güvənənlərin hal-hazırda hansı xeyir-duaları var?
17 Müqəddəs Yazılarda, Yehovaya ümid edən və güvənənlərin uğurlu olduğu dönə-dönə vurğulanır (Süleymanın məsəlləri 3:5, 6; Yeremya 17:7). Düzdür, hərdən onlar az şeylərlə kifayətlənməli olsalar da, bunu gələcəkdə alacaqları xeyir-dualarla müqayisədə kiçik qurban hesab edirlər. Bununla onlar Yehovanı ümidlə gözlədiklərini və Onun sadiq xidmətçilərinin ürəklərindəki bütün saleh arzularını həyata keçirəcəyinə əmin olduqlarını göstərirlər (Məzmur 37:4, 34). Onlar hətta bu gün də sözün əsl mə’nasında xoşbəxtdirlər. «Salehləri sevinc gözlər, şər insanların ümidi boşa çıxar» (Süleymanın məsəlləri 10:28).
18, 19. a) Yehova bizi məhəbbətlə nəyə əmin edir? b) Yehovanın ‘sağımızda’ dayanmasına necə yol veririk?
18 Balaca oğlan atası ilə əl-ələ gəzəndə özünü təhlükəsiz hiss edir. Biz də səmavi Atamızla yeriyəndə özümüzü bu cür hiss edirik. Yehova İsrailə demişdi: «Qorxma, çünki Mən səninləyəm... Sənə kömək edəcəyəm... Çünki sənin sağ əlindən tutub “Qorxma, sənə kömək edəcəyəm” deyən Allahın Rəbb Mənəm» (Yeşaya 41:10, 13).
19 Bu necə də riqqət doğuran mənzərədir — Yehova Öz xidmətçisinin əlindən tutur! Davud yazmışdı: «Rəbbə əbədilik üz tutmuşam, sağımda olduğu üçün sarsılmaram» (Məzmur 16:8). Biz Yehovanın ‘sağımızda’ dayanmasına necə yol veririk? Bunun üçün ən azı iki üsul var. Birincisi, Onun Kəlamına həyatımızın hər sahəsində rəhbərlik göstərməyə imkan veririk. İkincisi, Yehovanın və’d etdiyi gözəl ən’amı gözümüzün qarşısında saxlayırıq. Məzmurçu Asəf oxuyurdu: «Daim Səninlə olmuşam, mənim sağ əlimdən tutmusan. Nəsihətinlə mənə yol göstərirsən, sonra məni şərəfə çatdıracaqsan» (Məzmur 73:23, 24). Buna əmin olduğumuz üçün gələcəyə inamla baxırıq.
«Qurtuluşunuz yaxınlaşır»
20, 21. Yehovaya ümid bağlayanları hansı gələcək gözləyir?
20 Yehovanın ‘sağımızda’ dayanması gündən-günə zəruriləşir. Tezliklə Şeytan dünyası bu vaxtadək misli görünməmiş məşəqqətlə üzləşəcək və bu, yalan dinin məhvi ilə başlayacaq (Matta 24:21). İmansız bəşəriyyəti qorxu bürüyəcək. O qarışıq vaxtda Yehovanın cəsarətli xidmətçiləri ümidlərinə sevinəcəklər! İsa demişdir: «Bu işlər yerinə yetməyə başladıqda yuxarı baxın və başınızı qaldırın, çünki qurtuluşunuz yaxınlaşır» (Luka 21:28).
21 Gəlin Allahın bizə verdiyi ümidə sevinək və Şeytanın kələklərinə və hiyləgərliklə qurduğu tələlərinə uymayaq. Həm də, gəlin iman, məhəbbət və Allah qorxumuzu möhkəmləndirək. Belə etsək, müxtəlif şəraitlərdə Yehovaya itaət etmək və İblisə qarşı durmaq üçün cəsarətimiz olacaqdır (Yaqub 4:7, 8). «Ey Rəbbə ümid bağlayan bütün insanlar, cəsarətli, möhkəm olun!» (Məzmur 31:24).
[Haşiyə]
a Yunanca Müqəddəs Yazılarda «ümid» sözü tez-tez məsh edilmiş məsihçilərin alacaqları səmavi mükafatla əlaqədar işlədilir. Amma bu məqalədə onun geniş mə’nası müzakirə ediləcək.
Cavab verə bilərsinizmi?
• İsanın ümidi onu necə cəsarətləndirirdi?
• İman və ümid bir-biri ilə necə bağlıdır?
• İman və ümid məsihçilərə həyatda vacib şeyləri üstün tutmağa necə cəsarət verir?
• Yehovaya ümid bağlayanlar nə üçün gələcəyə əminliklə baxırlar?
[30-cu səhifədəki şəkil]
Yaşlılar və gənclər, özünüzü Cənnətdə görürsünüzmü?