Yehova qədimdə xidmətçilərini xilas edirdi
«Ey Allah, Sən Özünü tez yetir. Köməyim, xilaskarım Sənsən» (MƏZ. 70:5).
1, 2. a) Allahın xidmətçiləri nə zaman Ondan kömək diləyirlər? b) Hansı sual yaranır və onun cavabını haradan tapa bilərik?
MƏZUNİYYƏTDƏ olan bir ər-arvada xəbər çatır ki, onların 23 yaşlı gənc ailəli qızı müəmmalı şəkildə itib. Hər şey çox qəribə görünür. Onlar tez yığışıb evlərinə qayıdırlar və yol boyu Yehovadan kömək diləyirlər. 20 yaşlı Şahidə, əvvəl-axır onu tamamilə iflic edəcək xəstəliyə tutulduğu diaqnozu qoyulur. O bunu öyrəndikdən dərhal sonra duada Yehovaya üz tutur. Uşağını tək böyüdən ana özünü və 12 yaşlı qızını dolandırmaq üçün iş tapmaqda çətinlik çəkir. O, duada ürəyini Yehovaya boşaldır. Allahın xidmətçiləri şiddətli sınaq və çətinliklər zamanı kömək üçün adətən Yehovaya dua edirlər. Sən də çıxılmaz vəziyyətlərdə duada Yehovadan kömək diləmisənmi?
2 Vacib bir sual yaranır: Yehovanın kömək barədə dualarımıza cavab verəcəyinə ümid edə bilərikmi? Bu sualın imanımızı möhkəmləndirən cavabı 70-ci məzmurda verilir. Ürəyə təsir edən bu məzmuru Yehovanın sadiq xidmətçisi olub, həyatında bir çox sınaq və çətinliklərlə üzləşən Davud qələmə almışdı. Davud Yehovadan ilham alaraq Onun haqqında növbəti sözləri yazmışdı: «Ey Allah... köməyim, xilaskarım Sənsən!» (Məz. 70:5). Gəlin bu məzmuru araşdıraq və görək nə üçün dara düşəndə biz də Yehovaya dua edə və Onun bizim də ‘xilaskarımız’ olacağına tam əmin ola bilərik.
‘Xilaskar Sənsən’
3. a) Davud 70-ci məzmurda təkidlə nəyi xahiş edir? b) O bu məzmurda hansı əminliyi ifadə edir?
3 Davud qələmə aldığı 70-ci məzmurda əvvəldə və sonda təkidlə Yehovadan kömək diləyir. (Məzmur 70:1-5 ayələrini oxu.) O yalvarır ki, Yehova onun dadına «tez çat»sın və onu qurtarmaq üçün «Özünü tez yetir»sin. Davud 2-4-cü ayələrdə beş xahiş səsləndirir. İlk üçü onu qətlə yetirmək istəyənlər barədədir. Davud Yehovadan düşmənlərini məğlub etməyi və pislik törətdiklərinə görə onların rüsvay edilmələrini xahiş edir. 4-cü ayədəki növbəti iki xahiş Allahın xalqı ilə bağlıdır. Davud dua edir ki, Yehovanı axtaranlar daima sevinc içində yaşasın və öz Allahını ucaltsınlar. Davud məzmurun sonunda Yehovaya deyir: «Köməyim, xilaskarım Sənsən». Fikir verin ki, bu sözlər xahiş deyil. O, «Sənsən» deməklə Yehovanın ona kömək edəcəyinə tam əminliyini və inamını bildirir.
4, 5. Biz 70-ci məzmurdan Davud haqqında nə öyrənirik və nəyə əmin ola bilərik?
4 Biz 70-ci məzmurdan Davud haqqında nə öyrənirik? Davud onun həyatına son qoymağa can atanlarla üz-üzə gələndə işi öz əlinə götürməmək qərarına gəldi. O şübhə etmirdi ki, Yehova öz vaxtında və istəyinə müvafiq olaraq düşmənlərə qarşı tədbir görəcək (1 Şam. 26:10). Davud Yehovanın Onu axtaranlara kömək etdiyinə və onları bəlalardan qurtardığına əminliyini heç vaxt itirmirdi (İbr. 11:6). O inanırdı ki, Allahın həqiqi xidmətçilərinin Yehovanın əzəməti barədə danışmaqla Onu ucaltmağa və sevinməyə tam əsasları var (Məz. 5:11; 35:27).
5 Davud kimi biz də tam əmin ola bilərik ki, Yehova bizim Köməkçimiz və Xilaskarımızdır. Buna görə, sınaqlara məruz qalanda, yaxud köməyə son dərəcə ehtiyac duyanda Yehovanın dadımıza tez çatması üçün dua edə bilərik (Məz. 71:12). Yehova kömək üçün dualarımıza necə cavab verir? Bunu növbəti məqalədə müzakirə edəcəyik. Hələlik isə gəlin görək üç müxtəlif vəziyyətdə Yehova Davuda kömək edərək onu necə xilas etdi.
Düşmənlərin əlindən qurtuluş
6. Davud Yehovanın salehləri xilas etdiyini haradan bilirdi?
6 Davud Müqəddəs Yazıların o vaxt mövcud olan hissələrindən bilirdi ki, saleh insanlar Yehovanın köməyinə arxalana bilərlər. Yehova allahsız dünyanı Daşqınla məhv edəndə Ondan qorxan Nuhu və ailəsini xilas etmişdi (Yar. 7:23). Yehova Sodom və Homorranın pis sakinlərinin üzərinə göydən od və kükürd yağdıranda saleh Luta və iki qızına qaçıb canlarını qurtarmağa kömək etmişdi (Yar. 19:12-26). Yehova özündən çox razı olan fironu ordusu ilə birgə Qırmızı dənizdə batıranda Öz xalqını acı aqibətdən qurtarmışdı (Çıx. 14:19-28). Buna görə də, Davudun başqa məzmurda Yehovanı ‘azad edən Allah’ kimi izzətləndirməsi heç də təəccüblü deyil (Məz. 68:20).
7-9. a) Davudun Yehovanın onu xilas etməyə qadir olduğuna inanmaq üçün hansı tutarlı əsasları vardı? b) Davud qurtuluşuna görə kimi izzətləndirdi?
7 Davudun Yehovanın onu xilas etməyə qadir olduğuna inanmağa tutarlı əsasları vardı. O, şəxsən əmin olmuşdu ki, Yehovanın ‘əbədi əlləri’ xidmətçilərini qurtara bilər (Qanun. t. 33:27, KM). Yehova dəfələrlə Davudu azğın düşmənlərinin əlindən qurtarmışdı (Məz. 18:17-19, 48). Bir nümunəyə nəzər salaq.
8 İsrail qadınları Davudu döyüş şücaətinə görə mədh edəndə padşah Şaulun elə bərk paxıllığı tutdu ki, iki dəfə Davudu nizə ilə vurmağa cəhd göstərdi (1 Şam. 18:6-9). Lakin Davud hər iki halda canını qurtara bildi. O, təcrübəli və çevik döyüşçü olduğuna görəmi ölümdən qaçdı? Xeyr. Müqəddəs Kitabda deyilir ki, Yehova «onunla idi». (1 Şamuel 18:11-14 ayələrini oxu.) Bir qədər sonra, Şaulun Davudu filiştlilərin əli ilə öldürmək planı baş tutmayanda o, «Rəbbin Davudla olduğunu görüb başa düşdü» (1 Şam. 18:17-28).
9 Davud qurtuluşuna görə kimi izzətləndirdi? 18-ci məzmurun giriş sözlərində deyilir ki, Davud bu ilahini ‘Rəbb onu Şaulun əlindən qurtaranda’ söyləmişdi. O, hisslərini mahnıda ifadə edərək dedi: «Rəbb qayam, qalam, xilaskarımdır, Allahım qayamdır, Ona pənah gətirəcəyəm» (Məz. 18:2). Məgər Yehovanın Öz xalqını qurtarmağa qadir olduğunu bilmək imanımızı möhkəmləndirmirmi? (Məz. 35:10).
Yatağa düşəndə Yehova dayaq oldu
10, 11. Davudun 41-ci məzmurda xatırlanan xəstəliyinin nə zaman baş verdiyini necə müəyyən edə bilərik?
10 Biz 41-ci məzmurda padşah Davudun bərk xəstələndiyini oxuyuruq. Davudun halı o qədər pis idi ki, düşmənlər onun ‘daha qalxmayacağını’ düşünürdülər (7, 8-ci ayələr). Davud nə zaman yatağa düşmüşdü? Məzmurda xatırlanan vəziyyətdən fərz etmək olar ki, bu, həyatının ən çətin anlarından birində, yəni oğlu Avşalom taxt-tacı ələ keçirməyə cəhd etdiyi günlərdə baş vermişdi (2 Şam. 15:6, 13, 14).
11 Misal üçün, Davud deyir ki, etibarlı saydığı, onunla çörək kəsdiyi ən yaxın dostu ona xəyanət etmişdi (9-cu ayə). Bu onun həyatından olan bir hadisəni yadımıza salır. Davudun etibar etdiyi məsləhətçisi Axitofel ona xəyanət edib Avşalomun padşaha qarşı qaldırdığı qiyama qoşuldu (2 Şam. 15:31; 16:15). Pis niyyətlərini həyata keçirmək üçün ona ölüm arzulayan düşmənlərlə əhatə olunduğunu bilən və qalxmağa belə halı olmayan xəstələnmiş padşahı təsəvvürünüzə gətirin (5-ci ayə).
12, 13. a) Davud nəyə şübhə etmirdi? b) Ehtimala görə, Allah Davudu necə möhkəmləndirdi?
12 Davudun Xilaskar olan Yehova Allaha etibarı sarsılmadı. O, Yehovanın xəstəlikdən əzab çəkən sadiq xidmətçiləri barədə demişdi: «Rəbb dar günündə onu qurtarar, yatağa düşəndə Rəbb ona dayaq olar, onu bütün xəstəlikdən sağaldar» (Məz. 41:1, 3). Fikir verin ki, Davud bu ayələrdə də öz əminliyini ifadə edir. Davud Yehovanın onu qurtaracağına şübhə etmirdi. Yehova onu necə qurtardı?
13 Padşah Davud Yehovanın ona möcüzəli şəkildə şəfa verəcəyini gözləmirdi. Əksinə, Yehovanın ‘ona dayaq olacağına’, yəni xəstəliyinə tab gətirə bilsin deyə, ona güc-qüvvə verəcəyinə tam əmin idi. Əlbəttə, Davudun belə köməyə ehtiyacı vardı. O, üzücü xəstəlikdən əlavə, barəsində pis şeylər danışan düşmənlərlə əhatə olunmuşdu (5, 6-cı ayələr). Ola bilsin, Yehova Davudu möhkəmləndirmək üçün yadına təsəlliverici fikirlər salırdı. Onun növbəti sözlərinə fikir verin: «Kamil [«nöqsansız», YD] olduğum üçün məndən möhkəm yapışdın» (12-ci ayə). Yəqin, Davudu möhkəmləndirən fikirlərdən biri də o idi ki, xəstəliyinə görə əldən düşməsinə və düşmənlərinin onun haqqında pis danışmalarına baxmayaraq, Yehova onu nöqsansız insan sayırdı. Axırda Davud sağaldı. Məgər Yehovanın yatağa düşmüş xidmətçilərinə həmişə dayaq olduğunu bilmək bizə təsəlli vermirmi? (2 Kor. 1:3).
Qida ilə təmin olundu
14, 15. Davud və onun adamlarının ərzağa ehtiyacları nə zaman yarandı və onlar hansı köməyi aldılar?
14 Davud İsrailin padşahı olanda ən ləziz təamlardan və içkilərdən dadırdı və hətta bir çoxlarını süfrəsinə qonaq edirdi (2 Şam. 9:10). Amma o, qıtlığın nə olduğunu da bilirdi. Oğlu Avşalom hakimiyyəti ələ keçirmək üçün qiyam qaldıranda Davud bəzi sadiq tərəfdarları ilə birgə Yerusəlimi tərk etdi. Onlar İordan çayının şərqinə, yəni Gileada qaçdılar (2 Şam. 17:22, 24). Qaçaq kimi yaşamaq məcburiyyətində qalan Davud çox keçməmiş adamları ilə birlikdə yemək-içməyə, eləcə də istirahətə böyük ehtiyac duydu. Bəs onlar burada ərzağı haradan tapa bilərdilər?
15 Davud adamları ilə birgə Maxanayim şəhərinə gəlib çatdı. Burada onlar Şovi, Makir və Barzillaya rast gəldilər. Bu üç mərd adam Allah tərəfindən təyin edilən padşaha kömək etmək üçün həyatlarını təhlükəyə atmağa hazır idi, çünki Avşalom hakimiyyəti tam ələ keçirsəydi, Davuda kömək edən hər kəsi sərt cəzalandırardı. Onlar Davudun və tərəfdarlarının dara düşdüklərini anlayaraq onlara ehtiyac duyduqları azuqə və digər ləvazimatları — döşəklər, buğda, arpa, qovurğa, paxla, mərcimək, bal, və qoyun gətirdilər. (2 Şamuel 17:27-29 ayələrini oxu.) Şübhə yoxdur ki, bu üç adamın son dərəcə sadiqliyini və qonaqpərvərliyini görən Davud onlara ürəkdən minnətdarlıq etdi. Davud onların bu yaxşılığını unuda bilərdimi?
16. Əslində Davudu və onun adamlarını ərzaqla təmin edən kim idi?
16 Bəs əslində Davudu və onun adamlarını ərzaqla təmin edən kim idi? Davud Yehovanın Öz xalqının qayğısına qaldığına əmin idi. Əlbəttə, Yehova xidmətçilərinə «təkan verə», yəni təşviq edə bilər ki, onlar ehtiyac içində olan həmimanlılarına kömək etsinlər. Davud Gileaddakı hadisələr üzərində düşünəndə, şübhəsiz, həmin üç adamın xeyirxahlığının Yehovanın qayğısının təzahürü olduğunu gördü. O, həyatının sonuna yaxın yazmışdı: «Gəncliyimdən qocalığımadək salehin [özü də daxil olmaqla] tərk edildiyini, nəslinin çörək üçün diləndiyini görməmişəm» (Məz. 37:25). Məgər Yehovanın əlinin qısa olmadığını bilmək təsəlliverici deyilmi? (Sül. məs. 10:3).
Yehova insanları «necə xilas etməyi... bilir»
17. Yehova dəfələrlə nəyi göstərib?
17 Davud Yehovanın qədim zamanlarda xilas etdiyi yeganə xidmətçisi deyildi. Davudun günlərindən bəri Allah həvari Peterin yazdığı sözlərin həqiqiliyini dəfələrlə göstərib: «Rəbb Ona ixlas edənləri [sadiq olanları] imtahandan necə xilas etməyi... bilir» (2 Pet. 2:9). Daha iki nümunəni nəzərdən keçirək.
18. Yehova Xizqiyanın günlərində xidmətçilərini necə xilas etdi?
18 Eramızdan əvvəl səkkizinci əsrdə qüdrətli Aşşur ordusu Yəhudaya soxulub Yerusəlimi mühasirəyə almışdı. Padşah Xizqiya duada Yehovaya üz tutub dedi: «Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi... qurtar və bütün dünya padşahlıqları bilsin ki, Rəbb yalnız Sənsən!» (Yeşaya 37:20). Xizqiyanı ən çox Yehovanın adı narahat edirdi. Yehova onun səmimi duasını cavabsız qoymadı. Bir gecədə bir mələk çıxıb Aşşur ordugahında 185 000 nəfəri qırdı və bununla Yehovanın sadiq xidmətçilərini qurtardı (Yeşaya 37:32, 36).
19. Birinci əsrin məsihçiləri İsanın hansı xəbərdarlığına qulaq asmaları sayəsində dəhşətli aqibətdən qurtardılar?
19 İsa ömrünün sonuna bir neçə gün qalmış Yəhudeyada yaşayan şagirdlərinə kömək edəcək bir peyğəmbərlik söyləyib xəbərdarlıq etdi. (Luka 21:20-22 ayələrini oxu.) Onilliklər ötdü. Eramızın 66-cı ilində yəhudilərin qiyamını yatırmaq üçün Sestiy Qallın başçılıq etdiyi Roma ordusu Yerusəlimi mühasirəyə aldı. Onlar məbədin divarını altından qazmağa müvəffəq olsalar da, qəflətən geri çəkildilər. Məsihçilər gördülər ki, bununla İsanın peyğəmbərliyi yerinə yetir və fürsətdən istifadə edərək dağlara qaçdılar. Eramızın 70-ci ilində Roma legionları geri qayıtdı və Yerusəlimi yerlə yeksan etməyincə geri çəkilmədilər. İsanın xəbərdarlığını qulaq ardına vurmayanlar dəhşətli aqibətdən qurtardılar (Luka 19:41-44).
20. Nəyə görə Yehovaya Xilaskarımız kimi etibar edə bilərik?
20 Yehovanın Öz xalqına necə kömək etdiyi üzərində düşünəndə imanımız möhkəmlənir. Allahın keçmişdə etdikləri Ona bel bağlamağımıza tam əsas verir. Həmçinin bu bizi əmin edir ki, istər indi, istərsə də gələcəkdə olsun, üzləşdiyimiz hər bir çətinlikdən Yehova həmişə bizi xilas edəcək. Bəs Yehova bunu necə edə bilər? Bu məqalənin əvvəlində xatırlanan üç adam haqda nə demək olar? Onların aqibəti necə oldu? Gəlin bunu növbəti məqalədən öyrənək.
Yadınızdadırmı?
• 70-ci məzmur bizi nəyə əmin edir?
• Yehova yatağa düşmüş Davuda necə dayaq oldu?
• Hansı nümunələr göstərir ki, Yehova xalqını düşmənlərindən qurtarmağa qadirdir?
[6-cı səhifədəki şəkil]
Yehova Xizqiyanın duasını cavabsız qoymadı