Yeqovanın xeyir–duası bizi zənginləşdirir
“Rəbbin bərəkəti sərvət gətirər insana, artıq qüssə verməz ona” (SÜLEYMANIN MƏSƏLLƏRİ 10:22, MKŞ).
1, 2. Xoşbəxtlik nəyə görə zənginlikdən asılı deyil?
BU GÜN milyonlarla insanlar, həyatını var– dövlət yığmağa həsr edirlər. Bəs maddi ne’mətlər xoşbəxtlik gətirirmi? Bir jurnalda deyilir: “İnsanların öz talelərindən bu qədər narazı olduqları bir zəmanəni xatırlamıram” (“The Australian Women’s Weekly”). Həmin mənbədə əlavə edilir: “Bu inanılmaz şeydir. Bizə deyirlər ki, Avstraliyada gözəl iqtisadi şəraitlər var və insanların yaşayışı heç vaxt belə yaxşı olmamışdır. [...] İnsanlar arasında isə bədbinlik hökm sürür. Kişi və qadınlar öz həyatlarında çatışmazlıq hiss edirlər, ancaq nəyin çatışmadığını konkret anlaya bilmirlər”. Doğrudan da, Müqəddəs Kitab haqlı olaraq qeyd edir ki, insanın xoşbəxtliyi və həyatı, onun əldə etdiyi şeylərdən asılı deyil! (Vaiz 5:10; Luka 12:15).
2 Müqəddəs Kitab göstərir ki, Allahın xeyir–duaları insanlara böyük xoşbəxtlik gətirir. Bu haqda Süleymanın məsəlləri 10:22 ayəsində deyilir: “Rəbbin bərəkəti sərvət gətirər insana, artıq qüssə verməz ona” (MKŞ). Çox vaxt qüssə, zənginliyə acgözlüklə can atmaq nəticəsində yaranır. Həvari Pavel əbəs yerə xəbərdarlıq etmirdi: “Varlanmaq istəyənlər isə yoldan çıxır və tora düşürlər və insanları fəlakətə və həlaka aparan bir çox mə’nasız və ziyanverici ehtiraslara qapılırlar. Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Buna qapılan bə’ziləri iman yolundan uzaqlaşıb, özlərinə bir çox əzablar çəkdirdilər” (1 Timoteyə 6:9, 10).
3. Allahın xidmətçiləri nəyə görə sınaqlara mə’ruz qalırlar?
3 “Rəbbin sözünü dinləyən” kəslər isə, qüssə gətirməyən xeyir–dualara nəsib olurlar (Təsniyə 28:2). Lakin kim isə soruşa bilər: “Əgər Yeqovanın xeyir–duası qüssə gətirmirsə, onda bəs nəyə görə Onun xidmətçilərindən bir çoxu iztirab çəkir?” Müqəddəs Kitabın göstərdiyi kimi, Allah sınaqlara yalnız yol verir, həmin sınaqların əsl səbəbkarı isə, Şeytan, onun pis əşyalar sistemi və bizim qeyri–kamilliyimizdir (Təkvin 6:5; Təsniyə 32:4, 5; Yəhya 15:19; Yaqub 1:14, 15). Yeqova, “hər bir yaxşı bəxşiş və hər kamil hədiyyə” mənbəyidir (Yaqub 1:17). Buna görə də Onun xeyir–duaları heç zaman qüssə gətirmir. Gəlin Allahın kamil hədiyyələrindən bə’zilərini nəzərdən keçirək.
Allahın Kəlamı qiymətəgəlməz hədiyyədir
4. “Sonun vaxtında” Allahın xalqı hansı nadir hədiyyə və xeyir–duaya malikdir?
4 Danielin “sonun vaxtı” haqda söylədiyi peyğəmbərlikdə “bilik artacaqdır” deyilir. Lakin bu zəmanət növbəti sözlərlə bağlıdır: “Pislərdən heç biri [bunu] anlamayacaq, fəqət anlayışı olanlar anlayacaqlar” (Daniel 12:4, 10). Təsəvvür edin! Allahın Kəlamı — xüsusən də peyğəmbərliklər — Allahın elə müdrikliyi ilə yazılıb ki, pis adamlar onun əsl mə’nasını anlaya bilmirlər, amma Yeqovanın xalqı anlayır. Allahın Oğlu duasında dedi: “Ey göyün və yerin Rəbbi olan Ata, şükür edirəm Sənə ki, bu şeyləri müdriklərdən və ağıllılardan gizlədib körpələrə açdın” (Luka 10:21). Qiymətəgəlməz hədiyyəyə — Allahın yazılmış Kəlamı Müqəddəs Kitaba malik olmaq və Yeqovanın ruhani anlayış bəxş etdiyi insanlar arasında olmaq, doğrudan da böyük xeyir– duadır! (1 Korinflilərə 1:21, 27, 28; 2:14, 15).
5. Müdriklik nədir və biz onu necə əldə edə bilərik?
5 “Yuxarıdan nazil olan hikməti” almasaydıq, ruhani anlayış bizim üçün əlçatmaz olardı (Yaqub 3:17). Müdriklik — problemləri həll etmək, təhlükələrdən qaçınmaq və ya onların qarşısını almaq, məqsədlərə nail olmaq və ağıllı məsləhətlər vermək üçün əldə edilən bilik və anlayışı istifadə etmək qabiliyyətidir. Biz, Allahın müdrikliyini necə əldə edirik? Süleymanın məsəlləri 2:6 ayəsində deyilir: “Rəbb hikmət verir; ağzından bilik və anlayış çıxar”. Əgər müdriklik haqqında durmadan dua ediriksə, Yeqova, Süleyman padşaha “hikmətli və anlayışlı ürək” verdiyi kimi, bizə də müdriklik verəcəkdir (1 Krallar 3:11, 12; Yaqub 1:5—8). Müdriklik əldə etmək üçün, Yeqovanın Kəlamını müntəzəm tədqiq edərək və öyrəndiklərimizi həyata keçirərək, Ona qulaq da asmalıyıq.
6. Nə üçün Allahın qanun və prinsipləri əsasında yaşamaq ağıllı davranışdır?
6 Allahın müdrikliyinə dair ən gözəl nümunələr, Müqəddəs Kitabda yazılmış qanun və prinsiplərdə öz əksini tapır. Onlar bütün sahələrdə — fiziki, zehni, emosional və ruhani sahədə faydalıdır. Məzmurçu yerində demişdir: “Rəbbin şəriəti kamildir; canı təzələr; Rəbbin şəhadəti sadiqdir; təcrübəsiz adama hikmət verər. Rəbbin nəsihəti doğrudur; ürəyi sevindirir; Rəbbin əmri pakdır; gözləri aydınladır. Rəbb qorxusu təmizdir; əbədiyyən durar; Rəbbin hökmləri haqdır; hamısı doğrudur. Qızıldan, çox saf qızıldan da ziyadə arzulanır” (Məzmur 19:7—10; 119:72).
7. Allahın salehlik normalarına xor baxmağın nəticəsi nə olur?
7 Allahın salehlik normalarına xor baxan adamlar isə, can atdıqları xoşbəxtlik və azadlığa nail ola bilmirlər. Onlar əvvəl–axır əmin olurlar ki, Allaha rişxənd etmək olmaz və hər kəs öz əkdiyini biçir (Qalatiyalılara 6:7). Müqəddəs Kitab prinsiplərini inkar edən milyonlarla adamlar, arzu olunmayan hamiləlik, dəhşətli xəstəliklər, eləcə də sağlamlıq üçün məhvedici olan meyllər kimi acı bəhrələr biçirlər. Belə adamlar tövbə edib, həyat tərzlərini dəyişməzlərsə, onları yalnız ölüm gözləyir, bəlkə də bu ölüm Allahın əli ilə olacaqdır (Matta 7:13, 14).
8. Allahın Kəlamını sevənlər nə üçün xoşbəxtdirlər?
8 Allahın Kəlamını sevən və ona əsasən yaşayan kəsləri həm indi, həm də gələcəkdə bol– bol xeyir–dualar gözləyir. Bu cür insanlar haqlı olaraq, Allahın qanunu altında özlərini azad hiss edirlər. Onlar əsl mə’nada xoşbəxtdirlər. Onlar, günahdan və onun məhvedici nəticələrindən azad olacaqları vaxtı səbirsizliklə gözləyirlər (Romalılara 8:20, 21; Yaqub 1:25). Onların ümidi möhkəmdir, çünki bu ümidin təməlini Allahın bəşər övladlarına bəxş etdiyi hədiyyə — vahid Oğlu İsa Məsihin fidiyə qurbanlığı təşkil edir (Matta 20:28; Yəhya 3:16; Romalılara 6:23). Bu ə’la hədiyyə Yeqovanın insanlara dərin məhəbbətini sübut edir və Ona qulaq asmağa davam edən kəslərin sonsuz xeyir–dualara malik olacağına əminlik verir (Romalılara 8:32).
Müqəddəs ruh ən’amı üçün minnətdarıq
9, 10. Yeqovanın təqdim etdiyi müqəddəs ruh ən’amı hansı faydanı gətirir? Nümunə gətirin.
9 Allahın məhəbbətlə verdiyi daha bir ən’am, Onun müqəddəs ruhudur və buna görə biz minnətdar olmalıyıq. Eramızın 33–cü ilinin Pentikost günündə həvari Pavel Yerusəlimdə toplaşan izdihama çağırışla müraciət etdi: “Günahlarınızın bağışlanması üçün tövbə edin və hər biriniz İsa Məsihin adı ilə vəftiz olsun. Və Müqəddəs Ruhun ən’amını alacaqsınız” (Həvarilərin işləri 2:38). Bu gün Yeqova müqəddəs ruhunu, bu ruha malik olmaq üçün dua edib, Allahın iradəsini yerinə yetirmək istəyərək özünü Ona həsr edən kəslərə verir (Luka 11:9—13). Kainatdakı bu qüdrətli qüvvə — Allahın müqəddəs ruhu, yə’ni Onun fəal qüvvəsi — qədim dövrlərdə yaşayan imanlı kişi və qadınlara, o cümlədən ilk məsihçilərə valehedici qabiliyyətlər bəxş edirdi (Zəkarya 4:6; Həvarilərin işləri 4:31). Yeqovanın xalqı olaraq böyük maneələr və çətinliklərlə qarşılaşsaq belə, həmin qabiliyyətləri müqəddəs ruh bizə də verə bilər (Yoel 2:28, 29).
10 Misal üçün, poliomielit xəstəliyinə tutulan və 37 il “dəmir ağ ciyərlər aparatında” yaşayan Lorel adlı qadının nümunəsini nəzərdən keçirəka. Həddindən artıq ağır vəziyyətdə olmasına baxmayaraq, Lorel ölənə qədər Allaha sədaqətlə xidmət etdi. Yaşadığı illər ərzində Yeqova ona bol–bol xeyir–dualar verdi. Məsələn, Lorel sutkanın 24 saatını aparatda keçirdiyinə baxmayaraq, onun köməkliyi sayəsində 17 adam Müqəddəs Kitab həqiqətinin dəqiq biliyini əldə etdi! Lorelin nümunəsi həvari Pavelin “zəif olduğum zaman qüvvətliyəm” sözlərini xatırladır (2 Korinflilərə 12:10). Bəli, xoş xəbərin təbliğində əldə etdiyimiz hər bir nailiyyət, bizim qabiliyyət və qüvvəmizin yox, Allahın öz müqəddəs ruhu vasitəsilə verdiyi köməyin nəticəsidir. Allah öz müqəddəs ruhunu, Onun səsini dinləyən kəslərə bəxş edir (İşaya 40:29—31).
11. Allahın ruhu “yeni mənliyi geyinən” kəslərdə hansı keyfiyyətləri hasil edir?
11 Allaha itaətkar olarıqsa, müqəddəs ruh bizdə məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq kimi keyfiyyətlər hasil edəcəkdir (Qalatiyalılara 5:22, 23). “Ruhun səmərəsi”, ehtimal ki, məsihçilərin keçmişdə doymaq bilməyən vəhşi heyvanlar kimi davranmalarına səbəb olan xüsusiyyətləri özündən kənar edərək geyindikləri “yeni mənliyin” ayrılmaz hissəsidir (Efeslilərə 4:20—24; İşaya 11:6—9). Ruhun səmərəsi arasında — “kamil birliyin bağı olan” məhəbbət çox vacibdir (Koloslulara 3:14).
Məsihçi məhəbbəti, yüksək qiymətləndiriləsi ən’amdır
12. Tabita və birinci əsrin digər məsihçiləri məhəbbəti necə təzahür etdirirdilər?
12 Məsihçi məhəbbəti də Yeqovanın verdiyi gözəl ən’amdır — biz onu yüksək qiymətləndiririk. Bu məhəbbət prinsiplərə əsaslanır, amma o dərəcədə nəcib və qüvvətlidir ki, imanlıları bir–birinə qohumluq tellərindən də möhkəm bağlayır (Yəhya 15:12, 13; 1 Peter 1:22). Misal üçün, eramızın birinci əsrində yaşamış Tabita adlı məsihçinin nümunəsinə baxaq. Bu qadının, xüsusən də yığıncaqdakı dul qadınlara “etdiyi xeyirli işlər və verdiyi sədəqələr lap çox idi” (Həvarilərin işləri 9:36). Bəlkə də həmin dulların qohumları vardı, ancaq onlara kömək etmək və dəstək olmaq üçün Tabita əlindən gələni etməyə çalışırdı (1 Yəhya 3:18). Tabita necə də gözəl nümunə verdi! Priskila və Akila, qardaşlıq məhəbbəti ilə hərəkətə gətirilərək, Pavelin uğrunda “özlərini təhlükəyə saldılar”. Məhəbbət, Epafranı, Lukanı, Onisiforu və başqa məsihçiləri, Romada həbsxanada olan həvariyə kömək etməyə təşviq etdi (Romalılara 16:3, 4; 2 Timoteyə 1:16; 4:11; Filimona 23, 24). Bu cür əhval–ruhiyyə göstərən bugünkü məsihçilər arasında da məhəbbət var. Bu məhəbbət, Allahın gözəl ən’amıdır və İsanın həqiqi şagirdlərini buna əsasən tanımaq olar (Yəhya 13:34, 35).
13. Məsihçi qardaşlığımızı qiymətləndirdiyimizi necə göstərə bilərik?
13 Siz, məsihçi yığıncağında göstərilən məhəbbəti qiymətləndirirsinizmi? Ümumdünya ruhani qardaşlığa malik olduğumuza görə minnətdarsınızmı? Axı bu da sevinc gətirir və Yeqovanın bizi zənginləşdirən ən’amıdır. Bəs onları qiymətləndirdiyimizi necə göstərə bilərik? Allaha müqəddəs xidməti icra etməklə, məsihçi görüşlərində iştirak etməklə, həmçinin məhəbbəti və Allahın ruhunun digər səmərələrini təzahür etdirməklə (Filipililərə 1:9; İbranilərə 10:24, 25).
“İnsanlar timsalında hədiyyələr”
14. Əgər bir məsihçi, ağsaqqal və ya xidməti köməkçi kimi xidmət etmək istəyirsə, ona hansı keyfiyyətlər xas olmalıdır?
14 Əgər məsihçi həmimanlılarına ağsaqqal və ya xidməti köməkçi kimi xidmət etmək istəyirsə, bu gözəl məqsəddir (1 Timoteyə 3:1, 8). Belə bir tə’yinat almaq üçün, həmin qardaş ruhən yetkin olmalı, Müqəddəs Yazıları yaxşı bilməli və təbliğ xidmətində sə’ylə iştirak etməlidir (Həvarilərin işləri 18:24; 1 Timoteyə 4:15; 2 Timoteyə 4:5). O, təvazökar, həlim və səbirli olmalıdır, çünki özünə güvənən, məğrur və şöhrətpərəst insanlara Allah xeyir–dua vermir (Süleymanın məsəlləri 11:2; İbranilərə 6:15; 3 Yəhya 9, 10). Qardaş evlidirsə, ailə başçısı kimi, öz ailə üzvlərinin hamısına məhəbbətlə qayğı göstərməli və onlara yaxşı rəhbərlik etməlidir (1 Timoteyə 3:4, 5, 12). Ruhani zənginliyi qiymətləndirdiyi üçün, belə qardaş mütləq Yeqovanın xeyir–duasını əldə edəcəkdir (Matta 6:19—21).
15, 16. “İnsanlar timsalında hədiyyələr” kimlərdir? Nümunələr çəkin.
15 Yığıncağın ağsaqqalları yaxşı təbliğçi, nəzarətçi və müəllim olmağa çalışırlarsa, onda bu kimi “insanlar timsalında hədiyyələri” yüksək qiymətləndirməyə hər bir əsasımız var (Efeslilərə 4:8, 11, YD). Sadiq ağsaqqalların məhəbbətli xidmətindən faydalanan kəslər, olsun ki, onlara öz təşəkkürlərini həmişə bildirmirlər. Lakin bu ağsaqqalların bütün işlərini Yeqova görür. Onun xalqına xidmət edərək, isminə bəslədikləri məhəbbəti Yeqova unutmayacaq (1 Timoteyə 5:17; İbranilərə 6:10).
16 Məsələn, bir qayğıkeş ağsaqqal, beynindən operasiya olunacaq məsihçi qıza baş çəkdi. Həmin qızın ailəsinin bir rəfiqəsi yazırdı: “Gələn ağsaqqal çox xeyirxah, diqqətli və qayğıkeş idi. O, bizimlə birlikdə Yeqovaya dua etməyə icazə istədi. Ağsaqqal dua etdikdə, qızın atası [Yeqovanın Şahidi deyildi] hönkür–hönkür ağladı, onunla bərabər otaqda olanların hamısı ağladı. O, necə də məhəbbətlə dua etdi! Onu belə bir məqamda yanımıza göndərməklə, Yeqova doğrudan da məhəbbət göstərmiş oldu!” Ağsaqqalların xəstəxanada baş çəkdikləri başqa bir Şahid qadın deyirdi: “İntensiv terapiya palatasında onlar mənim çarpayıma yaxınlaşanda anladım ki, necə olsa da hər şeyə tab gətirəcəyəm. Özümdə qüvvət və qəlbimdə rahatlıq hiss etdim”. Bu cür məhəbbət və qayğını satın almaq mümkündürmü? Əsla! Bu, Allahın verdiyi ən’amdır və onu yalnız məsihçi yığıncağında almaq olar (İşaya 32:1, 2).
Təbliğ xidməti ən’amı
17, 18. a) Yeqova öz xidmətçilərinin hamısına hansı xidmət ən’amını verdi? b) Xidmətimizi yerinə yetirə bilməyimiz üçün, Allah hansı köməyi təqdim edir?
17 İnsan, Küll–İxtiyar Yeqova Allaha xidmət etməkdən üstün şərəfə layiq görülə bilməz (İşaya 43:10; 2 Korinflilərə 4:7; 1 Peter 2:9). Bununla belə, təbliğ xidmətində iştirak etmək imkanı hamı üçün — gənclərə və yaşlılara, kişi və qadınlara — səmimi qəlbdən Allaha xidmət etmək istəyənlərin hamısına mümkündür. Siz bu dəyərli ən’amdan istifadə edirsinizmi? Bə’ziləri təbliğ etmirlər, çünki özlərini bu işə yararlı sanmırlar. Ancaq unutmayaq ki, Yeqova öz xidmətçilərinə müqəddəs ruh verir, bu ruh isə bizim bütün çatışmazlığımızı ödəyir (Yeremya 1:6—8; 20:11).
18 Yeqova, Padşahlıq haqqındakı xəbərin təbliğini məğrur və özünə güvənən insanlara deyil, təvazökar xidmətçilərinə e’tibar edir (1 Korinflilərə 1:20, 26—29). Təvazökar, həlim insanlar öz məhdudiyyətlərini e’tiraf edir və təbliğ xidmətində Allahın köməyinə güvənirlər. Onlar, “sadiq... nökərbaşı” vasitəsilə təqdim edilən ruhani köməyi də qiymətləndirirlər (Luka 12:42—44; Süleymanın məsəlləri 22:4).
Xoşbəxt ailə həyatı gözəl hədiyyədir
19. Uşaqların tərbiyəsində nailiyyət qazanmağa kömək edən nədir?
19 Nikah və xoşbəxt ailə həyatı, Allahdan olan hədiyyədir (Rut 1:9; Efeslilərə 3:14, 15). Uşaqlar da “Rəbbdən mirasdır” və onlar, Allaha məqbul xüsusiyyətləri öyrədən valideynlərinə böyük sevinc bəxş edirlər (Məzmur 127:3). Övladınız varsa, Yeqovanı dinləyin və onları Onun Kəlamına müvafiq olaraq tərbiyə edin. Bu cür davrananlar Yeqovanın köməyi və xeyir–dualarından kənar qalmayacaqlar (Süleymanın məsəlləri 3:5, 6; 22:6; Efeslilərə 6:1—4).
20. Övladları həqiqi ibadəti tərk edən valideynlərə nə kömək ola bilər?
20 Bə’zən, Allah qorxusu olan valideynlərin vicdanlı cəhdlərinə baxmayaraq, uşaqlar böyüyərkən həqiqi ibadəti tərk etməyi qərara alırlar (Təkvin 26:34, 35). Bu qərar valideynlərə emosional cəhətdən dərin yara vura bilər (Süleymanın məsəlləri 17:21, 25). Amma valideynlər ümidsizliyə qapılmaq əvəzinə, yaxşı olar ki, İsanın qeyb olmuş oğul haqqında söylədiyi məsəli xatırlasınlar. Bu oğul evdən gedib əxlaqsız həyat sürsə də, sonradan atasının yanına qayıtdı, ata isə onu sevinc və məhəbbətlə qəbul etdi (Luka 15:11—32). Hər nə baş versə də, sadiq məsihçi valideynlər əmin ola bilərlər ki, Yeqova onları anlayır, məhəbbətlə qayğılarına qalır və daima kömək edir (Məzmur 145:14).
21. Kimə qulaq asmalıyıq və nəyə görə?
21 Gəlin hər birimiz, həyatımızda əslində nəyin vacib olduğunu özümüz üçün müəyyən edək. Özümüzə və ya ailəmizə ziyan vuraraq, var gücümüzlə zənginləşməyəmi çalışırıq? Yoxsa, “nurlar Atasından” gələn “hər bir yaxşı bəxşiş və hər kamil hədiyyəni” axtarırıq? (Yaqub 1:17). “Yalanın atası” olan Şeytan istəyir ki, bütün qüvvəmizi var–dövlət toplamağa sərf edək və nəticədə həm xoşbəxtlikdən, həm də həyatdan məhrum olaq (Yəhya 8:44; Luka 12:15). Yeqova isə, əksinə, əsl mə’nada qayğımıza qalır və bizim firavan olmağımızı istəyir (İşaya 48:17, 18). Beləliklə gəlin, məhəbbətli səmavi Atamız Yeqovaya qulaq asaq və təsəllimizi həmişə Ondan alaq (Məzmur 37:4). Belə davranarıqsa, Yeqovanın qiymətsiz ən’amları və bol xeyir–duaları, qüssə gətirmədən, bizi zəngin edəcəkdir.
[Haşiyə]
a “Oyanın!” jurnalının 1993–cü il, 22 yanvar nömrəsində 18—21 səhifələrə baxın (ing.).
Yadınızdadırmı?
• Ən böyük xoşbəxtliyi necə tapmaq olar?
• Yeqova öz xalqına hansı ən’amları verir?
• Təbliğ xidməti nəyə görə hədiyyədir?
• Valideynlər, uşaqlarını tərbiyə edərkən, Allahın xeyir–duasına malik olmaq üçün nə edə bilərlər?
[14-cü səhifədəki şəkil]
Allahın hədiyyəsinə — Onun yazılı Kəlamına görə minnətdarsınızmı?
[15-ci səhifədəki şəkil]
Həddindən artıq çətin vəziyyətinə baxmayaraq, Lorel Nizbet Allaha sədaqətlə xidmət etdi.
[16-cı səhifədəki şəkillər]
Müasir məsihçilər də, Tabita kimi, öz xeyirxah işlərilə tanınırlar.
[17-ci səhifədəki şəkil]
Məsihçi ağsaqqalları həmimanlılarına məhəbbətlə qayğı göstərirlər.