Yehovanın ruhu ilə fəaliyyət göstərən Padşah sizə xeyir-dualar bəxş edəcək!
«Rəbbin Ruhu... onun üzərində olacaq» (YEŞAYA 11:2).
1. Dünyanın problemləri ilə əlaqədar hansı fikirlər söylənilmişdi?
«SİYASƏTDƏ, ictimai vəziyyətdə və ətraf mühitdə qatma-qarışıqlığın hökm sürdüyü bir dünyada bəşəriyyət daha 100 il mövcudluğuna davam edə bilərmi?» Bu sualı 2006-cı ildə astrofizik Stiven Hokinq vermişdi. Bir jurnalda deyilirdi: «Biz nə yoxsulluğu aradan qaldırmışıq, nə də ki dünyada sülh yaratmışıq. Demək olar ki, bunların əksinə nail olmuşuq. Amma bu, o demək deyil ki, biz heç çalışmamışıq. Kommunizmdən bazar iqtisadiyyatınadək, Millətlər Cəmiyyətindən nüvə vahiməsi siyasətinədək, bir sözlə, hər şeyi sınaqdan keçirmişik. Müharibələrə son qoymaq üçün o qədər müharibələr etmişik ki, artıq bir şey tamamilə aydındır: biz bunu etməyin yolunu bilmirik» («New Statesman»).
2. Yehova Yer Kürəsinin qanuni Hökmdarı olduğunu tezliklə necə göstərəcək?
2 Bu kimi sözlər Yehovanın xidmətçilərində təəccüb doğurmur. Müqəddəs Kitabda deyilir ki, insanlar özləri-özlərini idarə etmək bacarığı ilə yaradılmayıblar (Yer. 10:23). Yalnız Yehova qanuni Hökmdardır. Bu səbəbdən bizim üçün qanun qoymaq, həyatımızın məqsədini təyin etmək və bu məqsədə doğru bizi aparmaq səlahiyyəti yalnız və yalnız Ona məxsusdur. Bundan əlavə, tezliklə Yehova Öz səlahiyyətindən istifadə edərək bəşəriyyətin özü-özünü idarə etmək üçün göstərdiyi müvəffəqiyyətsiz cəhdlərinə son qoyacaq. Eyni zamanda, Yehovanın ali hökmranlığını rədd edərək bəşəriyyətin günahın, qeyri-kamilliyin və «bu dövrün allahı» olan Şeytan İblisin köləliyində qalmasını istədiklərini göstərən insanların hamısı məhv ediləcək (2 Kor. 4:4).
3. Məsih barədə Yeşaya hansı peyğəmbərliyi söyləmişdi?
3 Cənnətdə, yeni dünyada Yehova məhəbbət dolu hökmranlığını Padşahlığı vasitəsilə təzahür etdirəcək (Dan. 7:13, 14). Bu Padşahlığın Padşahı barədə Yeşaya peyğəmbərlik etmişdi: «Yesseyin kötüyündən yeni bir fidan çıxacaq, kökündən çıxan bir budaq bar verəcək. Rəbbin Ruhu, hikmət və anlayış ruhu, öyüd-nəsihət və qüdrət ruhu, bilik və Rəbb qorxusu ruhu onun üzərində olacaq» (Yeşaya 11:1, 2). Allahın müqəddəs ruhu «Yesseyin kötüyündən» çıxan «fidan»ı, yəni İsa Məsihi bəşəriyyəti idarə etmək üçün necə yararlı etmişdi? Onun rəhbərliyi hansı xeyir-duaları gətirəcək? Bu xeyir-duaları almaq üçün bizdən nə tələb olunur?
Allahın yararlı etdiyi Rəhbər
4-6. Hansı vacib biliklər İsanı müdrik və rəhmli Padşah, Baş Kahin və Hakim kimi xidmət etməyə yararlı edir?
4 Yehovanın arzusu odur ki, xidmətçiləri rəhmli və əsil hikmətə sahib olan Padşahın, Baş Kahinin və Hakimin rəhbərliyi altında kamilliyə yetişsinlər. Buna görə də Yehova İsa Məsihi seçdi və müqəddəs ruhu ilə onu ən vacib vəzifələri icra etmək üçün yararlı etdi. Bəs nəyə görə biz əmin ola bilərik ki, İsa Allahın ona həvalə etdiyi vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və mükəmməl surətdə gələcək? Gəlin bir neçə səbəbi nəzərdən keçirək.
5 İsa Allahı hamıdan yaxşı tanıyır. Allahın yeganə Oğlu Atasını hamıdan çox — milyard illərdir ki tanıyır. Bu vaxt ərzində İsa Yehovanı o qədər yaxından tanıdı ki, onu «gözəgörünməz Allahın inikası», yəni surəti adlandırmaq olar (Kolos. 1:15). İsanın özü də demişdi: «Məni görən Atanı da görüb» (Yəh. 14:9).
6 Yehovadan sonra İsa, insanlar da daxil olmaqla, yaradılan hər şey barədə ən dərin və ətraflı biliyə malikdir. Koloslulara 1:16, 17 ayələrində deyilir: «Göydəki və yerdəki, görünən və görünməz hər şey... onun [Allahın Oğlunun] vasitəsilə yarandı... O, hər şeyin əzəlidir və qalan şeylər onun vasitəsilə mövcud olub». Bir təsəvvür edin, İsa Allahın «mahir usta»sı (YD) kimi hər bir şeyin yaradılmasında iştirak edib. Təəccüblü deyil ki, o, Kainatda mövcud olan xırda zərrəciklərdən tutmuş heyrətamiz insan beyninə qədər hər şeyə yaxşı bələddir. İsa, həqiqətən də, müdrikliyin təcəssümüdür! (Sül. məs. 8:12, 22, 30, 31).
7, 8. Allahın ruhu İsaya xidmətdə necə kömək edirdi?
7 İsa Allahın müqəddəs ruhu ilə məsh olub. İsa demişdi: «Yehovanın ruhu üzərimdədir, çünki O, məni yoxsullara xoş xəbəri bəyan etmək üçün məsh etdi. O, məni əsirlərə azadlığı və korlara işığı təbliğ etmək, məzlumlara qurtuluş vermək, Yehovanın iltifat ilini təbliğ etmək üçün göndərdi» (Luka 4:18, 19). Görünür, İsa vəftiz olanda müqəddəs ruh ona insan kimi doğulmazdan əvvəl malik olduğu bütün bilikləri yadına salmağa kömək etdi. Bu biliklərə yerüzü xidməti zamanı Allahın əmri ilə onun Məsih kimi icra etməli olduğu tapşırıqlar da daxil idi. (Yeşaya 42:1; Luka 3:21, 22; Yəhya 12:50 ayələrini oxu.)
8 İsanın üzərində müqəddəs ruh var idi və o, kamil bədənə və düşüncəyə malik idi. Buna görə də onun nəinki bəşər tarixində yaşamış ən böyük insan, həm də böyük Müəllim olması təəccüblü deyil. İsanı dinləyənlər ‘onun necə təlim verdiyinə heyran qalırdılar’ (Mat. 7:28). Çünki İsa başa düşürdü ki, bəşər problemlərinin kökündə günah, qeyri-kamillik və insanların Allahı tanımaması durur. Həmçinin o, insanların daxilən necə olduqlarını görür və onlarla buna uyğun tərzdə davranırdı (Mat. 9:4; Yəh. 1:47).
9. İsanın yerüzü xidməti üzərində düşünmək ona bir Rəhbər kimi olan etibarınızı necə artırır?
9 İsa yer üzündə insan kimi yaşayıb. Yer üzündə insan kimi yaşaması və qeyri-kamil insanlarla sıx münasibətdə olması İsanı Padşah kimi daha yararlı etdi. Həvari Pavel yazmışdı: «İnsanların günahını örtən barışıq qurbanı təqdim etmək və Allaha xidmətdə mərhəmətli və sadiq baş kahin olmaq üçün o, [İsa] hər şeydə “qardaşlarına” oxşamalı idi. O, sınaq vaxtı əzab çəkdiyi üçün sınaqlarla üzləşənlərin də imdadına yetişməyə qadirdir» (İbr. 2:17, 18). İsa sınaqlarla üzləşdiyi üçün belə vəziyyətdə olan insanların halına acıya bilir. İsanın şəfqətli olması yer üzündə xidmət edən zaman özünü aydın büruzə verirdi. Xəstə, əlil, zülm altında olanlar və hətta uşaqlar ona sərbəst yaxınlaşa bilirdilər (Mark 5:22—24, 38—42; 10:14—16). Həlim və ruhən ac olanlar da onun yanına gəlirdi. Amma məğrur, təkəbbürlü və ‘qəlblərində Allaha məhəbbət olmayan’ insanlar onu qəbul etmirdilər, əksinə, ona nifrət edir və müqavimət göstərirdilər (Yəh. 5:40—42; 11:47—53).
10. İsanın bizə olan məhəbbətinin ən böyük sübutu nədir?
10 İsa öz həyatını bizim uğrumuzda qurban verdi. İsanın münasib Rəhbər olduğuna ən böyük sübut bizim uğrumuzda ölməyə hazır olması idi. (Məzmur 40:6—10 ayələrini oxu.) Məsih demişdi: «Dostları uğrunda canını fəda edən insanın məhəbbətindən böyük məhəbbət yoxdur» (Yəh. 15:13). Bəli, çox vaxt təbəələrin vəsaiti hesabına kef-damaq içində yaşayan qeyri-kamil insan rəhbərlərindən fərqli olaraq, İsa bəşəriyyət üçün öz canını belə əsirgəmədi (Mat. 20:28).
Fidyənin dəyərini tətbiq etmək səlahiyyətini alıb
11. Nəyə görə biz şübhə etməməliyik ki, İsa fidyə qurbanlığının dəyərini bizim faydamız üçün tətbiq edəcək?
11 İsanın Baş Kahin kimi fidyə qurbanlığının dəyərini bizə tətbiq etmək səlahiyyətini alması necə də münasibdir! İsa yer üzündə xidmət edərkən fidyəni ödəyən bir şəxs kimi Minillik Hökmranlığı ərzində nələr edəcəyini göstərdi. Sadiq qalsaq, o xeyir-duaları biz də görəcəyik. İsa əlillərə və xəstələrə şəfa verirdi, ölüləri dirildirdi, minlərlə insanları yedizdirirdi və hətta təbiət qüvvələrini idarə etmək səlahiyyətinə malik idi (Mat. 8:26; 14:14—21; Luka 7:14, 15). Üstəlik, o, bu möcüzələri gücü və səlahiyyətləri ilə öyünmək üçün yox, insanları sevdiyi və onlara yazığı gəldiyi üçün edirdi. Bir cüzamlı İsaya yaxınlaşıb şəfa diləyəndə o dedi: «İstəyirəm. Təmizlən» (Mark 1:40, 41). İsa Minillik Hökmranlığı zamanı da eyni şəfqət göstərəcək, lakin daha böyük miqyasda.
12. Yeşaya 11:9 ayəsindəki sözlər necə yerinə yetəcək?
12 Bundan əlavə, Məsih 2 000 il bundan əvvəl başladığı ruhani təlim proqramını hakimiyyət şərikləri ilə birgə davam etdirəcək. Onda Yeşaya 11:9 ayəsindəki sözlər yerinə yetəcək: «Sular dənizi bürüdüyü kimi dünya Rəbbin [Yehovanın] biliyi ilə dolacaq». Şübhə yoxdur ki, bu ilahi təlimə Yer kürəsinin və üzərində yaşayan saysız-hesabsız məxluqların qayğısına necə qalmağa dair göstərişlər də daxil olacaq. Vaxtilə Adəm də belə tapşırıq almışdı. Minilliyin sonunda Yaradılış 1:28 ayəsində yazılan Allahın niyyəti yerinə yetəcək və fidyə qurbanlığının dəyəri tam tətbiq olunacaq.
Hökm etmək səlahiyyətini alıb
13. İsa salehliyi sevdiyini necə göstərdi?
13 Allah Məsihi ‘dirilərin və ölülərin hakimi təyin edib’ (Həv. iş. 10:42). Necə də təsəllivericidir ki, İsa rüşvətxor deyil; o, salehliyi və sədaqəti kəmər kimi belinə möhkəm bağlayıb (Yeşaya 11:5). İsa tamahkarlığa, ikiüzlülüyə və bu kimi digər pis xüsusiyyətlərə nifrət etdiyini göstərib. Həmçinin o, başqalarının iztirablarına qarşı laqeyd olanları mühakimə edirdi (Mat. 23:1—8, 25—28; Mark 3:5). Üstəlik, İsa insanların zahiri görünüşünə aldanmırdı, «çünki o, adamların ürəyinə bələd idi» (Yəh. 2:25).
14. İsa salehliyi və ədaləti sevdiyini bu gün necə göstərir və biz özümüzə hansı sualları verməliyik?
14 İsa bəşər tarixində ən böyük təlim və təbliğ kampaniyasına nəzarət etməklə salehliyi və ədaləti sevdiyini göstərməyə davam edir. Bu işin Allahın istədiyi kimi yerinə yetirilməsinə heç bir insan, heç bir hökumət, heç bir pis ruhani varlıq mane ola bilməz. Buna görə də biz tam əmin ola bilərik ki, Har-Magedonda Allahın ədaləti zəfər çalacaq. (Yeşaya 11:4; Matta 16:27 ayələrini oxu.) Özündən soruş: «Məsihin insanlara olan münasibətini xidmətdə əks etdirirəmmi? Xəstəlik və ya digər səbəb Yehovaya xidmətimi məhdudlaşdırırsa, şəraitim yol verdiyi qədər Ona tam xidmət edirəmmi?»
15. Yehovaya canla-başla xidmət etmək üçün nəyi yadda saxlamalıyıq?
15 Təbliğ işinin Yehovanın işi olduğunu yadda saxlasaq, Ona canla-başla xidmət edəcəyik. Bu iş Onun əmri ilə həyata keçirilir; O, Oğlu vasitəsilə ona nəzarət edir; və bu işdə iştirak edənlərə müqəddəs ruhu ilə güc-qüvvə verir. Müqəddəs ruhla fəaliyyət göstərən İsa ilə birgə Yehova ilə əməkdaşlıq etmək şərəfini qiymətləndirirsənmi? Əksəriyyətinin «savadsız, sadə adam» sayıldığı yeddi milyondan çox adamı Yehovadan başqa kim 236 ölkə və ərazidə Padşahlıq haqqında xoş xəbəri təbliğ etməyə təşviq edə bilər? (Həv. iş. 4:13).
Məsih vasitəsilə xeyir-dualara can at
16. Yaradılış 22:18 ayəsində Allahın xeyir-duaları barədə nə deyilir?
16 Yehova İbrahimə demişdi: «Dünyanın bütün millətləri sənin nəslinin [nəslindən olan övlad] vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın» (Yar. 22:18). Bu o deməkdir ki, Allaha və Onun Oğluna xidmət etməyi özlərinə şərəf bilənlər Məsih olan Övladın onlara xeyir-dualar bəxş edəcəyinə tam əmin ola bilərlər. Və bu xeyir-duaları yadda saxlayaraq onlar bu gün fəal şəkildə xidmət edirlər.
17, 18. Qanunun təkrarı 28:2 ayəsində Yehovanın hansı vədi yazılıb və bu, bizim üçün hansı mənanı kəsb edir?
17 Bir dəfə Allah İbrahimdən törəyən qədim İsrail xalqına demişdi: «Allahınız Rəbbin sözünü dinləsəniz, bütün bu xeyir-dualar sizə gələcək və üzərinizdə qalacaq» (Qanun. t. 28:2). Eyni şeyi Allahın müasir xidmətçilərinə də şamil etmək olar. Əgər Yehovanın xeyir-dualarını almaq istəyiriksə, Onun ‘sözünü dinləməliyik’. Onda Onun xeyir-duaları ‘bizə gələcək və üzərimizdə qalacaq’. Yehovanın ‘sözünü dinləmək’ özünə nəyi daxil edir?
18 Allahı ‘dinləməyə’ Onun Kəlamına və təqdim etdiyi ruhani qidaya ciddi yanaşmaq daxildir (Mat. 24:45). Bu həmçinin Allaha və Onun Oğluna itaət etməyi nəzərdə tutur. İsa demişdir: «Mənə: “Ağam, Ağam”, — deyən hər kəs səmavi padşahlığa girməyəcək, yalnız göydəki Atamın iradəsini yerinə yetirən ora girəcək» (Mat. 7:21). Üstəlik, Allahı ‘dinləmək’ Onun təsis etdiyi quruluşa — «insanlar timsalında hədiyyələr» olan ağsaqqallar başda olmaqla, məsihçi yığıncağına sidq-ürəkdən tabe olmaq mənasını daşıyır (Efes. 4:8).
19. Allahın xeyir-dualarını necə ala bilərik?
19 «İnsanlar timsalında hədiyyələr» arasında bütün məsihçi yığıncağının təmsilçiləri olan Rəhbərlik Şurasının üzvləri də var (Həv. iş. 15:2, 6). Məsihin ruhani qardaşlarına olan münasibətimiz üzümüzə gələn böyük müsibətdə bizə qarşı hansı hökmün çıxarılacağına təsir göstərəcək əsas amillərdən biridir (Mat. 25:34—40). Buna görə də əgər xeyir-dualar almaq istəyiriksə, Allahın məsh olunmuşlarına həmişə dəstək olmalıyıq.
20. a) «İnsanlar timsalında hədiyyələr» olan nəzarətçilərinin əsas vəzifələrindən biri hansıdır? b) Bu qardaşları qiymətləndirdiyimizi necə göstərə bilərik?
20 «İnsanlar timsalında hədiyyələr» arasında filialların komitə üzvləri, səyyar nəzarətçilər və yığıncaq ağsaqqalları da var. Onların hamısı müqəddəs ruh vasitəsilə təyin olunurlar (Həv. iş. 20:28). Bu qardaşların əsas vəzifələrindən biri ‘hamımız imanda birliyə və Allahın Oğlu haqqındakı dəqiq bilikdə vəhdətə, yetkin insan səviyyəsinə, Məsihə məxsus dolğunluğun inkişaf dərəcəsinə yetişənədək’ Allahın xalqını möhkəmləndirməkdən ibarətdir (Efes. 4:13). Bizim kimi, bu qardaşlar da qeyri-kamildirlər. Lakin onların rəhbərliyinə bütün ürəkdən riayət edəndə xeyir-dualar alacağımıza ümid edə bilərik (İbr. 13:7, 17).
21. Nəyə görə Allahın Oğluna tabe olmaq olduqca vacibdir?
21 Tezliklə Məsih Şeytanın pis sistemini məhv etmək üçün hərəkətə keçəcək. Bu baş verəndə həyatımız İsanın əlində olacaq, çünki Allah ona ‘böyük izdihamı’ ‘həyat suyu bulaqlarına aparmağı’ tapşırıb (Vəhy 7:9, 16, 17). Buna görə də gəlin Yehovanın ruhu ilə fəaliyyət göstərən Padşaha könüllü surətdə və minnətdarlıqla tabe olaq.
Növbəti ayələrdən nə öyrəndiniz?
[17-ci səhifədəki şəkil]
İsa Yairin qızını dirildəndə onun nə qədər şəfqətli olduğu aydın göründü
[18-ci səhifədəki şəkillər]
İsa Məsih bəşər tarixində ən böyük təbliğ kampaniyasına nəzarət edir