Yehovanın Kəlamı canlıdır
«Yeremya» kitabından diqqətəlayiq fikirlər
YEREMYANIN xalqa e’lan etdiyi fəlakətlər necə də dəhşətli idi! Üç əsrdən artıq ibadətin mərkəzi olan əzəmətli mə’bəd yandırılacaq, daşı daş üstündə qalmayacaq. Yerusəlim və bütün Yəhuda viranə qalacaq, sakinləri əsir aparılacaq. Bu və digər hökmlər Müqəddəs Yazıların ikinci ən böyük kitabında, «Yeremya» kitabında yazılıb. Burada həm də Yeremyanın 67 il sədaqətlə xidmət etdiyi müddətdə başına gələnlər nəql edilir. Kitabdakı mə’lumat xronoloji ardıcıllıqla deyil, ayrı-ayrı hadisələr şəklində verilir.
Nəyə görə «Yeremya» kitabı bizim üçün əhəmiyyət kəsb edir? Burada yazılan peyğəmbərliklərin həyata keçməsi Yehovanın və’dlərini yerinə yetirməsinə imanımızı möhkəmləndirir (Yeşaya 55:10, 11). Yeremyanın peyğəmbər kimi xidmət etməsi, həmçinin xalqın onun bəyan etdiyi xəbərə münasibəti bizim günlərə çox oxşayır (1 Korinflilərə 10:11). Bundan əlavə, xalqı ilə rəftarından Yehovanın keyfiyyətləri görünür ki, bu da bizə dərin tə’sir bağışlamaya bilməz (İbranilərə 4:12).
«XALQIM İKİ PİS ƏMƏL ETDİ»
Yeremya Yerusəlimin b. e. ə. 607-ci ildə məhv edilməsindən 40 il əvvəl, Yəhuda padşahı Yoşiyanın hakimiyyətinin 13-cü ilində peyğəmbər kimi xidmət etməyə tə’yin olunur (Yeremya 1:1, 2). Əsasən Yoşiyanın hökmranlığının son 18 ilində söylədiyi xəbərdarlıqlarında o, Yəhudanın pis əməllərini ifşa edir və Yehovanın ona qarşı çıxardığı hökmləri bəyan edir: «“Yerusəlimi daş qalaqlarına, çaqqal yuvasına döndərəcəyəm. Yəhuda şəhərlərini sakinsiz bir xarabalığa çevirəcəyəm” deyir Rəbb» (Yeremya 9:11). Nə üçün? «Çünki xalqım iki pis əməl etdi» deyə Yehova cavab verir (Yeremya 2:13).
Yeremya həm də tövbə edən yəhudilərin geri qayıdacağını xəbər verir (Yeremya 3:14-18; 12:14, 15; 16:14-21). Təəssüf ki, xalq Yeremyanın xəbərlərini yaxşı qarşılamır. ‘Rəbbin mə’bədinin baş nəzarətçisi’ Yeremyanı döyür və bütün gecəni kündədə saxlayır (Yeremya 20:1-3).
Müqəddəs Kitab suallarına cavablar:
1:11, 12 — Nəyə görə Yehovanın sözünü yerinə yetirməkdə sayıqlığı ‘badam ağacının budağı’ ilə əlaqələndirilir? Badam ağacı yazda ən birinci çiçək açan ağaclardan biridir. Yehova, məcazi dildə desək, ‘hər gün erkən oyanıb peyğəmbərləri göndərirdi’ ki, çıxardığı hökmlərdən xalqı xəbərdar etsinlər və onları yerinə yetirənədək ‘sayıq’ qalırdı (Yeremya 7:25, KM).
2:10, 11 — Xain yəhudilərin hərəkəti nə üçün qeyri-adi idi? Qərbdə Kittimdə, şərqdə Qedarda yaşayan bütpərəst xalqlar başqa xalqların allahlarını qəbul etsələr də, elə bir şey olmamışdı ki, onlar ümumiyyətlə öz allahlarından imtina edib başqalarını qəbul etsinlər. Ancaq israillilər Yehovanı tərk etmiş, yaşayan Allahın izzətini cansız bütlərə dəyişmişdilər.
3:11-22; 11:10-12, 17 — Baxmayaraq ki, Samariya b. e. ə. 740-cı ildə artıq süquta uğramışdı, Yeremya nə üçün onqəbiləli şimal padşahlığı haqqında da hökmlər bəyan edirdi? Çünki b. e. ə. 607-ci ildə Yerusəlimin məhv edilməsi Yehovanın təkcə Yəhuda deyil, bütün İsrail xalqı üzərində hökmünü icra etməsi demək idi (Yezekel 9:9, 10). Bundan əlavə, onqəbiləli padşahlığın süqutundan sonra da Yerusəlimdə onun yenidən dirçələcəyinə ümid itmədiyindən, Allahın peyğəmbərləri israillilər haqqında da peyğəmbərlik edirdilər.
4:3, 4 — Bu əmrin mə’nası nədir? Xəyanətkar yəhudilər ürəklərinin torpağını hazırlamalı, şumlamalı və təmizləməli idilər. Onlara ürəklərinin «sünnət ətini» kəsmək, yə’ni natəmiz fikirlərdən, hisslərdən və arzulardan təmizlənmək lazım idi (Yeremya 9:25, 26; Həvarilərin işləri 7:51). Bunun üçün yəhudilərə həyat tərzini dəyişmək, pis şeylərdən əl çəkib Allahın xoşuna gələn işləri görmək tələb olunurdu.
4:10; 15:18 — Hansı mə’nada Yehova xain xalqını aldatdı? Yeremyanın günlərində ‘yalandan peyğəmbərlik edən’ peyğəmbərlər var idi (Yeremya 5:31; 20:6; 23:16, 17, 25-28, 32). Yehova onların yalan xəbərlər yaymasının qarşısını almırdı.
16:16 — Yehovanın «çoxlu balıqçı», «çoxlu ovçu» göndərməsi nə deməkdir? Bu o demək ola bilər ki, Yehova cəzalandıracağı xəyanətkar yəhudiləri axtarmaq üçün düşmən qüvvələri göndərəcək. Ancaq Yeremya 16:15 ayəsini nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, burada tövbə edən yəhudilərin axtarılması nəzərdə tutulur.
20:7 — Yehova gücündən istifadə edərək Yeremyanı necə aldatdı? Yehovanın hökmlərini e’lan edərkən laqeydlik, e’tiraz və tə’qiblərlə üzləşdiyi üçün, Yeremyaya elə gələ bilərdi ki, xidmət etməyə artıq onun gücü yoxdur. Ancaq Yehova belə meyllərə üstün gəlib, bu işi davam etdirməsi üçün ona güc verdi. Yehova Yeremyaya onun fikrincə görə bilməyəcəyi işi gördürməklə onu aldatdı.
Bizim üçün ibrət dərsləri:
1:8. Yehova bə’zən qərəzsiz hakimlərdən istifadə etməklə, bədxah mə’murları alicənab mə’murlarla əvəz etməklə Öz xalqını tə’qiblərdən qurtara bilər və ya onlara tab gətirmək üçün güc verə bilər (1 Korinflilərə 10:13).
2:13, 18. Xəyanətkar israillilər iki pis əməl etdilər. Onlara xoşbəxtlik gətirən, rəhbərlik verən və müdafiə edən Yehovanı tərk etdilər. Onlar Misir və Assuriya ilə hərbi ittifaqa girərək məcazi mə’nada özləri üçün hovuzlar düzəltdilər. Bizim zəmanədə də insan fəlsəfəsi və tə’limlərinə, dünya siyasətinə görə həqiqi Allahdan üz döndərmək «axar suların mənbəyini» ‘çatlı hovuzlara’ dəyişmək deməkdir.
6:16. Yehova üsyan edən xalqını dayanıb, özlərini yoxlamağa və sadiq ulu babalarının ‘yoluna’ dönməyə çağırır. Hərdən dayanıb doğrudan da Yehovanın istədiyi yolla gedib-getmədiyimizi yoxlamalı deyilikmi?
7:1-15. Mə’bədin şərdən qoruyan qüvvəyə malik olmasına inam yəhudiləri xilas etmədi. Biz gözlə görülənə deyil, imana əsasən hərəkət etməliyik (2 Korinflilərə 5:7).
15:16, 17. Əgər Allahın Kəlamını diqqətli araşdırsaq, xidmət etməklə Yehovanın adını izzətləndirsək və pis dostluqdan uzaq dursaq, Yeremya kimi biz də ruh düşkünlüyü ilə mübarizə apara bilərik.
17:1, 2. Yəhudilərin gətirdikləri qurbanlar günahları ucbatından Yehovada ikrah doğurur. Yehova mə’nəvi cəhətdən natəmiz insanların həmd qurbanlarını qəbul etmir.
17:5-8. İnsanlar və təşkilatlar ancaq Allahın iradəsinə və Müqəddəs Kitabın prinsiplərinə uyğun davrandıqları təqdirdə e’tibara layiqdirlər. Xilas, əsl sülh və təhlükəsizliyə gəldikdə isə yalnız Yehovaya e’tibar etməliyik (Məzmur 146:3).
20:8-11. İnsanların laqeyd münasibətinin, müqavimət və ya tə’qiblərin Padşahlığın təbliği işində sə’yimizi zəiflətməsinə yol verməməliyik (Yaqub 5:10, 11).
«BABİL PADŞAHININ BOYUNDURUĞUNA GİRİN»
Yeremya Yəhudanın sonuncu dörd padşahına, yalançı peyğəmbərlərə, məs’uliyyətsiz başçılara və pozğun kahinlərə qarşı Yehovanın çıxardığı hökmləri bəyan edir. Sağ qalan sadiq yəhudiləri yaxşı əncirlə müqayisə edərək Yehova deyir: «Yaxşı yaşasınlar deyə gözlərim onların üzərində olacaq» (Yeremya 24:5, 6). Sonrakı fəsillərdə ətraflı yazılmış hökmlər 25-ci fəsildə üç peyğəmbərlik vasitəsilə yığcam şəkildə xülasə edilir.
Kahinlər və peyğəmbərlər Yeremyanı öldürmək üçün plan cızırlar. Yeremya onların Babil padşahına xidmət etməli olduqlarını söyləyir. O, Sidqiya padşaha deyir: «Babil padşahının boyunduruğuna girin» (Yeremya 27:12). Ancaq «İsraili səpələyən onu bir yerə toplayacaq» (Yeremya 31:10). Allah Rekavlılara xeyir-dua və’d edir. Yeremyanı «keşikçilər həyətində» saxlayırlar (Yeremya 37:21). Yerusəlim dağıdılır, əhalinin əksəriyyəti isə əsir aparılır. Yeremya mirzəsi Barukla birlikdə ölkədə qalır. Yeremyanın xəbərdarlığına baxmayaraq, qorxuya düşmüş xalq Misirə üz tutur. 46-dan 51-dək fəsillərdə Yeremyanın başqa xalqlara aid söylədiyi xəbərlər yazılıb.
Müqəddəs Kitab suallarına cavablar:
22:30 — Bu qərar İsa Məsihin Davudun taxtına çıxmaq hüququnu ləğv etdimi? (Matta 1:1, 11). Xeyr. Bu qərara əsasən, Yehoyakinin nəslindən heç kim ‘Davudun taxtında oturub, Yəhudada’ padşahlıq etməyəcəkdi. İsa Yəhudada taxta çıxmayıb, o, göylərdən idarə edir.
23:33 — ‘Rəbbin yükü’ nədir? Yeremyanın günlərində peyğəmbərin Yerusəlimin viranəliyi haqqında söylədiyi ciddi hökmlər onun həmvətənləri üçün ağır yük idi. Heç bir xəbərdarlığa məhəl qoymayan xalq da, öz növbəsində, Yehova üçün elə ağır yük idi ki, O onları atacaqdı. Bu gün Xristian dünyası üçün tezliklə məhv ediləcəyi xəbəri yük olduğu kimi, bu xəbərə hay verməyən insanlar da Allah üçün ağır yükdür.
31:33 — Allahın Kəlamı ürəklərdə necə yazılır? İnsan Yehovanın qanunlarını çox sevdiyi üçün Onun iradəsini yerinə yetirməyi arzu edirsə, onda demək olar ki, Allahın Kəlamı onun ürəyində yazılıb.
32:10-15 — Nə üçün bir işə görə iki yazılı müqavilə tərtib olundu? Açıq müqavilə kağızı lazım gələndə baxmaq üçün, möhürlənmiş satış qəbzi isə açığın dəqiqliyini yoxlamaq üçün saxlanılırdı. İş gördüyü adam həm qohumu, həm də həmimanlısı olsa da, Yeremyanın məsələyə hüquqi tərəfdən belə ağıllı yanaşması bizim üçün nümunədir.
33:23, 24 — Burada haqqında danışılan ‘iki tayfa’ hansı tayfalardır? Onlardan biri hökmdar Davudun nəslindən olan padşah ailəsi, digəri isə Harunun nəslindən olan kahinlər idi. Yerusəlim və Yehovanın mə’bədi dağıdılanda elə təəssürat yaranmışdı ki, Yehova bu iki tayfadan imtina edib və artıq yer üzündə nə Allahın padşahlığı mövcud olacaq, nə də həqiqi ibadət bərpa olunacaq.
46:22 — Misirin səsi nə üçün ilanın fışıltısına bənzədilir? Bu, həm məğlub olduğu üçün Misir xalqının səsinin geri çəkilən ilanın fışıltısına bənzəməsinə, həm də onun müsibətə düçar olduğuna görə alçaldılmasına aid ola bilər. Buradan həmçinin görünür ki, Misir fir’onlarının ilan ilahəsi Uatxitin onları müdafiə etməsi üçün baş geyimlərinə müqəddəs ilanın surətini taxmaları nə dərəcədə əbəs idi.
Bizim üçün ibrət dərsləri:
21:8, 9; 38:19. Hətta ən son saatda belə, Yehova Yerusəlimin ölümə layiq, tövbə etməyən sakinlərinin qarşısına seçim qoydu. Bəli, «Onun rəhmi çoxdur» (2 Şamuel 24:14; Məzmur 119:156).
31:34. Necə də təsəllivericidir ki, Yehova insanı bağışlayanda, ona cəza vermək üçün günahlarını bir də yada salmır.
38:7-13; 39:15-18. Yehova bizim sədaqətlə etdiyimiz xidməti, o cümlədən, ‘müqəddəslərə xidmət etməyimizi’ unutmur (İbranilərə 6:10).
45:4, 5. Yəhuda padşahlığının son günlərində olduğu kimi, indiki sistemin sonunda da «çox şey», məsələn, var-dövlət, ad-san, maddi tə’minat istəməyin vaxtı deyil (2 Timoteyə 3:1; 1 Yəhya 2:17).
YERUSƏLİM ALOV İÇİNDƏDİR
Eramızdan əvvəl 607-ci ildir. Sidqiya on bir ildir ki, hökmranlıq edir. Babil padşahı Navuxodonosor son on səkkiz ay ərzində Yerusəlimi mühasirədə saxlayıb. Navuxodonosorun hakimiyyətinin on doqquzuncu ilinin beşinci ayının yeddinci günündə keşikçilər rəisi Nevuzaradan Yerusəlimə gəlib çatır (2 Padşahlar 25:8). O, çox güman ki, şəhər divarlarından kənarda yerləşən düşərgəsində vəziyyəti təhlil edir və plan cızır. Üç gün sonra onuncu ayda o, Yerusəlimə girir, bütün şəhərə od vurur (Yeremya 52:12, 13).
Yeremya Yerusəlimin süqutunu bütün təfərrüatı ilə təsvir edir. Bunu oxuyanda göz yaşlarını saxlamaq mümkün deyil. Müqəddəs Yazıların növbəti kitabı olan «Mərsiyələr» kitabında bu hadisə ilə əlaqədar ağılar yazılıb.
[8-ci səhifədəki şəkil]
Yeremya Yerusəlimə qarşı Yehovanın hökmlərini bəyan edirdi.
[9-cu səhifədəki şəkil]
Yehova gücündən Yeremyaya qarşı necə istifadə etdi?
[10-cu səhifədəki şəkil]
«Yəhuda əsirlərini bu yaxşı əncirlər kimi yaxşı hesab edəcəyəm» (Yeremya 24:5).