Nəyə görə nöqsansızlıq təzahür etdirməliyik?
«Mənə hökm et, ya Rəbb, salehliyimə, kamilliyimə [«nöqsansızlığıma», YD] görə» (MƏZ. 7:8).
1, 2. Hansı vəziyyətlərdə məsihçi nöqsansızlığı təhlükə altına alınır?
ÜÇ MÜXTƏLİF vəziyyəti təsəvvür et: bir oğlanı sinif yoldaşları lağa qoyurlar. Onlar onu özündən çıxmağa, ola bilsin, söyüş söyməyə və ya dava salmağa təhrik edirlər. O əvəzini çıxacaqmı, yoxsa özünü saxlayıb oradan uzaqlaşacaq? Ər evdə tək oturub İnternetdə müəyyən məlumat axtarır. Birdən monitorda ədəbsiz veb-sayta yönəldən bir pəncərə çıxır. O buna şirnikib həmin sayta girəcəkmi, yoxsa qətiyyətlə ondan qaçınacaq? Məsihçi qadın bir neçə bacı ilə söhbət edir və tədricən söhbət yığıncaqdan bir bacı barədə qeybətə çevrilir. O bu zərərli söhbətə qoşulacaqmı, yoxsa mövzunu dəyişməyə çalışacaq?
2 Bu üç vəziyyət bir-birindən fərqlənsə də, onların ümumi bir cəhəti var: bu vəziyyətin hər birində məsihçi nöqsansızlığını təzahür etdirmək üçün mübarizə aparmaq tələb olunur. Qayğıların, tələbatların və məqsədlərinlə bağlı məsələlərdə öz nöqsansızlığını düşünürsənmi? İnsanlar gündəlik həyatlarında xarici görünüşləri, sağlamlıqları, pul qazanmağın çətinliyi, dostluq, bəlkə də, romantik münasibətlərinin pis və yaxşı anları barədə düşünürlər. Biz bu kimi məsələlərə çoxlu vaxt sərf edə bilərik. Bəs Yehova ürəyimizi yoxlayanda əsasən nəyə fikir verir? (Məz. 139:23, 24). Bizim nöqsansızlığımıza.
3. Yehova hansı xüsusi seçimi öhdəmizə buraxıb və bu məqalədə nəyi müzakirə edəcəyik?
3 «Hər bir yaxşı bəxşiş və hər kamil hədiyyə» verən Yehova bizə müxtəlif ənamlar bəxş etmişdir (Yaq. 1:17). Məsələn, O bizə bədən, şüur, sağlamlıq və cürbəcür bacarıqlar verib (1 Kor. 4:7). Bununla belə, Yehova bizi nöqsansızlıq təzahür etdirməyə məcbur etmir. O bu xüsusiyyəti inkişaf etdirib-etdirməmək seçimini bizim öhdəmizə buraxır (Qanun. t. 30:19). Buna görə də nöqsansızlığın nə olduğunu araşdırmalıyıq. Biz həmçinin bu xüsusiyyətin nəyə görə çox vacib olduğunu göstərən üç səbəbi də nəzərdən keçirəcəyik.
Nöqsansızlıq nədir?
4. Nöqsansızlıq özünə nəyi daxil edir və Yehovanın heyvan qurbanlarına dair qanunundan nə öyrənirik?
4 Bir çox insanlar nöqsansızlığın nə olduğunu dəqiq bilmirlər. Məsələn, siyasətçilər öz nöqsansızlıqları ilə öyünəndə çox vaxt bu sözün altında dürüstlüyü nəzərdə tuturlar. Bu xüsusiyyət vacib olsa da, nöqsansızlığın yalnız bir hissəsidir. Müqəddəs Kitabda göstərildiyi kimi, nöqsansızlıq özünə əxlaqi bütövlüyü və qüsursuzluğu daxil edir. Nöqsansızlıq sözü ilə əlaqəli işlənən ibrani sözləri qüsursuz, tam, yaxud eyibsiz mənalarını verən sözün kökündən yaranıb. Bu sözlərdən biri Yehovaya təqdim olunan qurbanlara dair istifadə olunurdu. Yehova yalnız qüsursuz və ya eyibsiz heyvan qurbanlarını qəbul edirdi. (Levililər 22:19, 20 ayələrini oxu.) Yehova Onun göstərişinə məhəl qoymayıb topal, xəstə, yaxud kor heyvanlardan qurban gətirənləri ciddi mühakimə edirdi (Mal. 1:6-8).
5, 6. a) Hansı nümunələr göstərir ki, biz adətən qüsursuz və ya bütöv olan şeyləri qiymətləndiririk? b) Qeyri-kamil insanlara aid edildikdə nöqsansızlıq kamillik deməkdirmi? İzah et.
5 Qüsursuz və ya bütöv olan şeyləri axtarmaq və qiymətləndirmək təbiidir. Təsəvvür edək ki, bir kitab kolleksiyaçısı uzun sürən axtarışlardan sonra çox qiymətli bir kitab tapır, amma onun bəzi vacib səhifələrinin çatışmadığını aşkar edir və məyus olub onu yerinə qoyur. Digər nümunəni təsəvvür edək: bir qadın dəniz sahilində gəzə-gəzə dalğaların sahilə gətirdiyi balıqqulaqlarını toplayır. Onların gözəlliyinə və müxtəlifliyinə valeh olan bu qadın yaxından baxmaq üçün onlardan birini götürməyə əyilir. Onlardan hansını götürəcək? Təbii ki, bütöv, yəni zədəsiz olanı. Eynilə Allah da qüsursuz insanları axtarır (2 Saln. 16:9).
6 Bəlkə, sən düşünürsən ki, yalnız kamil insan nöqsansız ola bilər. Biz günahlı və qeyri-kamil olduğumuz üçün bir neçə səhifəsi çatışmayan kitab, yaxud zədələnmiş balıqqulaqları kimi olduğumuzu düşünməyə meylli ola bilərik. Sən də özünü bəzən belə hiss edirsənmi? Biz əmin ola bilərik ki, Yehova bizdən tam kamillik və heç vaxt gücümüz çatmayan şeyləri gözləmira (Məz. 103:14; Yaq. 3:2). Lakin O, nöqsansızlıq təzahür etdirəcəyimizi gözləyir. Kamillik və nöqsansızlıq arasında fərq varmı? Bəli, var. Nümunə üçün: bir gənc oğlan bir qızı sevir və onunla evlənməyə hazırlaşır. Onun qızdan kamillik gözləməsi ağılsızlıq olardı. Amma qızdan onu bütün ürəklə sevməsini, yəni yalnız ona romantik sevgi bəsləməsini gözləmək müdriklik olardı. Buna bənzər tərzdə, Yehova da «xüsusi sədaqət tələb edən» Allahdır (Çıx. 20:5, YD). Yehova bizdən kamillik yox, Onu bütün ürəklə sevməyimizi, yəni yalnız Ona ibadət etməyimizi gözləyir.
7, 8. a) İsa nöqsansızlığa dair hansı nümunəni qoymuşdu? b) Müqəddəs Kitaba əsasən, nöqsansızlıq sözünün əsl mənası nədir?
7 İsadan qanunlardan hansının ən vacib olduğunu soruşanda verdiyi cavabı xatırlaya bilərik. (Mark 12:28-30 ayələrini oxu.) İsa cavabında dediyi sözlərə uyğun yaşayırdı. O, Yehovanı bütün ürəklə, canla, düşüncə və qüvvətlə sevməkdə ən böyük nümunəni qoymuşdu. İsa göstərmişdir ki, nöqsansızlıq sadəcə sözdə yox, təmiz niyyətlərdən irəli gələn əməllərdə təzahür olunur. Nöqsansızlıq təzahür etdirmək İsanın izləri ilə getməyimizi tələb edir (1 Pet. 2:21).
8 Beləliklə, Müqəddəs Kitaba əsasən, nöqsansızlıq sözü səmavi Atamız olan Yehova Allaha, Onun iradəsi və niyyətinə bütün ürəkdən sadiq qalmaq mənasını verir. Nöqsansızlıq təzahür etdirmək gündəlik həyatımızda ilk növbədə Yehova Allahı razı salmaq deməkdir. Onun ən vacib saydığı şeylər bizim üçün də ən vacib olacaq. Gəlin bunun nə üçün əhəmiyyətli olduğunun üç səbəbini nəzərdən keçirək.
1. Nöqsansızlığımız və hökmranlığa dair mübahisəli məsələ
9. Bizim şəxsi nöqsansızlığımız ali hökmranlıq məsələsi ilə necə bağlıdır?
9 Yehovanın hökmranlıq hüququ bizim nöqsansızlığımızdan asılı deyil. Onun hökmranlığı ədalətli və əbədidir, həmçinin bütün kainatı əhatə edir. Bu, hər hansı bir varlığın sözündən və hərəkətindən asılı olmayaraq, həmişə belə olacaq. Lakin Allahın hökmranlığına həm göydə, həm də yerdə böhtan atılmışdır. Buna görə Onun hökmranlığına bəraət qazandırılmalıdır, yəni bütün şüurlu varlıqların qarşısında onun qanuni, ədalətli və məhəbbət dolu olduğu sübut edilməlidir. Yehovanın Şahidləri olan bizlərə qulaq asmaq istəyən hər bir insanla Allahın ali hökmranlığı barədə söhbət etmək xoşdur. Bu məsələdə Allahın tərəfini necə tuta bilərik? Hökmdarımızın Yehova olduğunu necə göstərə bilərik? Nöqsansızlıq təzahür etdirməklə.
10. Şeytan insanların nöqsansızlığına dair nəyi iddia etdi və sən buna necə cavab vermək istərdin?
10 Gəl görək, sənin nöqsansızlığın bu məsələyə necə cəlb olunub. Şeytan iddia edirdi ki, heç bir insan Allahın hökmranlığını dəstəkləməyəcək və heç kim Allaha təmənnasız məhəbbətlə xidmət etməyəcək. İblis çoxsaylı ruhani varlıqların qarşısında Yehovaya dedi: «Dəri əvəzinə dəri! İnsan canına görə hər şeyini verər» (Əyy. 2:4). Fikir ver ki, Şeytan bu böhtanı yalnız saleh Əyyuba yox, bütün bəşəriyyətin ünvanına demişdi. Buna görə də Müqəddəs Kitab Şeytanı «qardaşlarımızın ittihamçısı» adlandırır (Vəhy 12:10). O, sən də daxil olmaqla, məsihçilərin sadiq qalmayacaqlarını iddia edərək Yehovaya istehza edir. Şeytan iddia edir ki, sən öz canını xilas etmək üçün Yehovaya xəyanət edəcəksən. Sənə qarşı irəli sürülən bu ittiham barədə nə düşünürsən? Şeytanın yalançı olduğunu sübut etmək fürsətindən istifadə etməzdinmi? Bunu nöqsansızlıq təzahür etdirməklə göstərə bilərsən.
11, 12. a) Hansı nümunələr göstərir ki, gündəlik qərarlarımız nöqsansızlığımıza dair mübahisəli məsələ ilə bağlıdır? b) Nöqsansızlıq təzahür etdirmək nə üçün şərəfdir?
11 Beləliklə, sənin nöqsansızlığına dair mübahisəli məsələyə görə gündəlik davranışın və seçimlərin mühüm əhəmiyyət kəsb edir. Yuxarıda gətirilən üç vəziyyətə yenidən nəzər salaq. Nöqsansızlıqlarını qorumaq üçün onlar nə etməlidir? Sinif yoldaşları tərəfindən istehzaya məruz qalan oğlanda öz qəzəbini onların üstünə tökmək istəyi yaransa da, «ey sevimlilər, qisas almayın, ancaq Allahın qəzəbinə yol verin. Çünki yazılmışdır: “Rəbb deyir: Qisas Mənimdir, əvəzini Mən verəcəyəm”» nəsihətini yadına salır və oradan uzaqlaşır (Rom. 12:19). İnternetdən istifadə edən ər erotik materiallara baxa bilərdi, amma Əyyubun sözlərində əks olunan prinsipi xatırlayır: «Gözlərim üçün əhd etmişəm, gözüm bir qıza baxarmı?» (Əyy. 31:1). O, zəhərli bir şey imiş kimi, əxlaqı pozan şəkillərə baxmaqdan imtina edir. Bir neçə bacı ilə söhbət edən bacımız söhbətin qeybətə çevrildiyini görüb, «hər birimiz yaxşılıq naminə öz qonşumuzun qayğısına qalmalıyıq ki, o ruhən inkişaf etsin» göstərişini yadına salaraq mövzunu dəyişir (Rom. 15:2). Onun bu söhbəti başqasına danışması ruhən inkişafetdirici olmazdı. Bu onun məsihçi bacısının adına ləkə gətirər və səmavi Atasına xoş gəlməzdi. Buna görə o, dilini cilovlayır və mövzunu dəyişir.
12 Bu vəziyyətlərin hər birində məsihçi etdiyi seçimlə sanki belə deyir: «Yehova mənim Rəhbərimdir. Bu məsələdə Onun istədiyi kimi davranmağa çalışacağam». Seçim edəndə və qərar qəbul edəndə sən də Yehovanı razı salmağa çalışırsanmı? Əgər belədirsə, Süleymanın məsəlləri 27:11 ayəsindəki fərəhləndirici sözlərə doğrudan da əməl edirsən: «Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin, onda məni utandırana cavab verə bilərəm». Allahın ürəyini sevindirmək necə də böyük şərəfdir! Məgər bu, nöqsansızlıq təzahür etdirmək üçün göstərdiyimiz hər bir səyə dəyməzmi?
2. Yehova nöqsansızlığımız əsasında hökm edir
13. Əyyubun və Davudun sözləri necə göstərir ki, Yehova bizə nöqsansızlığımızın əsasında hökm edir?
13 Biz görürük ki, nöqsansızlıq Yehovanın hökmranlığının tərəfini tutmağımıza kömək edir. Yehova məhz bunun sayəsində bizə hökm edir. Əyyub bu həqiqəti yaxşı dərk edirdi. (Əyyub 31:6 ayəsini oxub.) O bilirdi ki, bütün bəşəriyyət Allahın «haqq tərəzisində»dir və O, nöqsansızlığımızı yoxlamaq üçün mükəmməl ədalət prinsiplərindən istifadə edir. Davud da buna oxşar fikri söyləmişdi: «Rəbb xalqlar üzərində hakimlik edir; mənə hökm et, ya Rəbb, salehliyimə, kamilliyimə [«nöqsansızlığıma», YD] görə mənə haqq qazandır! [...] Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən» (Məz. 7:8, 9). Allahın daxili varlığımızın dərinliklərini, yəni ‘düşüncə və hisslərimizi’ gördüyünü bilirik. Buna görə də, Allahın bizdə nə axtardığını yadda saxlamalıyıq. Davudun dediyi kimi, Yehova bizə nöqsansızlığımızın əsasında hökm edir.
14. Nəyə görə biz heç zaman fikirləşməməliyik ki, qeyri-kamil və günahlı olmağımız nöqsansızlıq təzahür etdirməyimizə əngəldir?
14 Bu gün də Yehova Allahın milyardlarla insanın ürəyini araşdırdığını təsəvvür et (1 Saln. 28:9). O, məsihçi nöqsansızlığını təzahür etdirən kəsləri tez-tezmi tapır? Bu, doğrudan da, nadir haldır! Amma biz nöqsansızlığı qorumaq üçün çox qüsurlu olduğumuzu düşünməli deyilik. Əksinə, qeyri-kamilliyimizə baxmayaraq, Davud və Əyyub kimi, bizim də əmin olmağa tutarlı səbəblərimiz var ki, Yehova nöqsansızlığımızı qoruduğumuzu görəcək. Yadda saxla ki, kamillik nöqsansızlıq təzahür etdirəcəyimizə zəmanət vermir. Yer üzündə yalnız üç kamil insan yaşamışdı və onların ikisi — Adəm və Həvva nöqsansızlığını qorumadı. Amma milyonlarla qeyri-kamil insanlar bunu bacarmışdı. Bunu sən də edə bilərsən.
3. Nöqsansızlıq ümidimiz üçün vacibdir
15. Davud nöqsansızlığın gələcək ümidimiz üçün vacib olduğunu necə göstərdi?
15 Yehova bizə nöqsansızlığımız əsasında hökm etdiyinə görə nöqsansızlıq gələcəyə ümidimiz üçün vacibdir. Davud bunun həqiqət olduğunu bilirdi. (Məzmur 41:12 ayəsini oxuc.) O, Allahın ona əbədi lütf göstərəcəyinə ümid bəsləyirdi. Müasir həqiqi məsihçilər kimi, Davud əbədi yaşayacağına və Yehova Allaha xidmət etməklə Ona yaxınlaşacağına ümid edirdi. Davud bilirdi ki, bu ümidin gerçəkləşməsini görmək istəyirsə, öz nöqsansızlığını qoruyub saxlamalıdır. Eynilə, əgər biz nöqsansızlığımızı qoruyuruqsa, Yehova bizə dayaq olur, təlim, rəhbərlik və xeyir-dua verir.
16, 17. a) Sən nəyə görə nöqsansızlığını qorumağa qəti qərarlısan? b) Növbəti məqalədə hansı suallar araşdırılacaq?
16 Ümid indi xoşbəxt olmağımız üçün çox vacibdir. Ümid çətin zamanlara tab gətirmək üçün bizə lazım olan sevinci verə, üstəlik, düşüncə tərzimizi də qoruya bilər. Unutma, Müqəddəs Kitab ümidi dəbilqəyə bənzədir (1 Salon. 5:8). Dəbilqə döyüşdə əsgərin başını qoruduğu kimi, ümid də bizim zehnimizi məhvə doğru gedən bu köhnə dünyada Şeytanın yaydığı mənfi, bədbin fikirlərdən mühafizə edəcək. Ümidimiz olmayanda həyat mənasız görünür. Biz özümüzü dürüstlüklə nəzərdən keçirməli, nöqsansızlığımızın və onunla bağlı ümidimizin hansı vəziyyətdə olduğunu diqqətlə araşdırmalıyıq. Yaddan çıxarma ki, nöqsansızlıq təzahür etdirməklə sən Yehovanın ali hökmranlığını dəstəkləyir və gələcəyə olan qiymətli ümidini qoruyursan. Daima nöqsansızlığını qoru!
17 Nöqsansızlıq bu qədər vacib olduğu üçün növbəti sualları nəzərdən keçirməliyik. Nöqsansızlığa necə yiyələnə bilərik? Onu necə qorumaq olar? Və əgər kimsə nöqsansızlığını itiribsə, nə edə bilər? Bu suallar növbəti məqalədə araşdırılacaq.
[Haşiyələr]
a İsa demişdi: «Səmavi Atanız kamil olduğu kimi, siz də kamil olun» (Mat. 5:48). İsa aydın şəkildə göstərdi ki, hətta qeyri-kamil insanlar belə müəyyən mənada qüsursuz və ya kamil ola bilərlər. Biz başqalarını ürəkdən sevmək əmrinə riayət edə, bununla da Allahı razı sala bilərik. Yehovaya gəldikdə isə, O, mütləq mənada kamildir. «Nöqsansızlıq» sözü Ona aid edildikdə kamilliyi də özünə daxil edir (Məz. 18:30).
b Əyyub 31:6: «Qoy Allah məni haqq tərəzisində çəksin, kamil [«nöqsansız», YD] olduğumu görsün».
c Məzmur 41:12: «Kamil [«nöqsansız», YD] olduğum üçün məndən möhkəm yapışdın, məni hüzurunda əbədilik dayandırdın».
Necə cavab verərdiniz?
• Nöqsansızlıq nədir?
• Nöqsansızlıq ali hökmranlıq məsələsi ilə necə bağlıdır?
• Nöqsansızlıqla ümidimiz arasında hansı bağlılıq var?
[5-ci səhifədəki şəkillər]
Gündəlik həyatımızda nöqsansızlığımız üçün çoxlu təhlükələr yaranır