Yehovadan qorxun və Onun əmrlərini tutun
“Allahdan qorx və onun əmrlərini tut; çünki insanın bütün vəzifəsi budur” (VAİZ 12:13).
1, 2. a) Qorxu bizi fiziki cəhətdən necə qoruya bilər? b) Nə üçün hikmətli valideynlər övladlarına faydalı qorxunu aşılamağa çalışırlar?
“CƏSARƏT həyatı təhlükə altına alır, qorxu isə onu müdafiə edir” - deyə Leonardo da Vinçi qeyd etmişdir. Düşüncəsiz cəsarət ucbatından insan qarşıdakı təhlükəni görmür, amma qorxu ona ehtiyatlı olmağı xatırladır. Misal üçün, əgər biz uçurumun kənarına yaxınlaşıb, onun necə hündür olduğunu görsək, çoxumuz qeyri-ixtiyari olaraq geri çəkilərdik. Sağlam qorxu da belədir: əvvəlki məqalədən öyrəndiyimiz kimi, bu qorxu Allahla yaxşı münasibətə səbəb olmaqla bərabər, özümüzü zərərdən qorumağa da kömək edir.
2 Lakin müasir dünyada mövcud olan təhlükələrdən qorxmağı öyrənmək lazımdır. Uşaqlar elektrik cərəyanının və ya yol hərəkətinin nə dərəcədə təhlükəli olduğundan bixəbərdirlər, buna görə də onlarla bədbəxt hadisələr asanlıqla baş verə biləra. Hikmətli valideynlər, ətrafdakı təhlükələr barədə uşaqlarını dönə-dönə xəbərdarlıq edərək, onlara faydalı qorxunu aşılamağa çalışırlar. Valideynlər bilirlər ki, bu cür qorxu uşaqların həyatını xilas edə bilər.
3. Ruhani təhlükələr barədə Yehova bizi necə və nə üçün xəbərdar edir?
3 Yehova da bizim rifahımız üçün narahat olur. O, sevən bir Ata kimi, Kəlamı və təşkilatı vasitəsilə bizi xeyrimiz üçün öyrədir (İşaya 48:17). Allahın bu tə’liminə, ruhani tələlər haqqında “dönə-dönə” edilən xəbərdarlıqlar daxildir. Bu xəbərdarlıqların məqsədi - bu cür təhlükələr qarşısında faydalı qorxunu inkişaf etdirməkdə kömək göstərməkdir (2 Tarixlər 36:15, YD; 2 Peter 3:1). İnsanlar Allah qorxusuna malik olub, Onun əmrlərini tutmağa meylli ürəyə sahib olsaydılar, tarix ərzində baş verən bir çox ruhani faciə və əzablardan qaçınmaq olardı (Təsniyə 5:29). Bu “axır günlərdə” ürəyimizdə Allah qorxusu inkişaf etdirməyə və özümüzü ruhani təhlükələrdən qorumağa necə nail ola bilərik? (2 Timoteyə 3:1).
Pisliyə nifrət et
4. a) Məsihçilər hansı qorxunu inkişaf etdirməlidirlər? b) Yehova günahlı davranış tərzinə necə yanaşır? (Haşiyəyə baxın.)
4 Müqəddəs Kitabda izah edilir ki, “Rəbb qorxusu pisliyə nifrət etməkdir” (Süleymanın məsəlləri 8:13, MKŞ). Müqəddəs Kitaba dair bir lüğətdə belə nifrət “ədavət, kin, ikrah oyadan və heç bir oxşarlığı olmamaq arzusu doğuran insana və ya əşyaya qarşı emosional reaksiya” kimi təsvir edilir. Buna görə də Allah qorxusu, Yehovanın pislik hesab etdiyi hər şeyə dərin nifrət və ya ikrahı özünə daxil edirb (Məzmur 97:10). Qorxunun tə’siri altında uçurumun kənarından qeyri-ixtiyari çəkildiyimiz kimi, Allah qorxusu da bizi pisliyə nifrət etməyə təşviq edir. Müqəddəs Kitabda deyilir: “Rəbb qorxusuna görə insan dönər pislikdən” (Süleymanın məsəlləri 16:6, MKŞ).
5. a) Biz Allah qorxusunu və hər cür pisliyə nifrəti necə gücləndirə bilərik? b) İsrail xalqının tarixi bu sahədə bizə nəyi öyrədir?
5 Günahın qaçılmaz zərərli nəticələri üzərində düşünməklə, Allah qarşısında sağlam qorxunu və hər cür pisliyə qarşı nifrəti gücləndirə bilərik. Müqəddəs Kitab bizi əmin edir ki, ruh üçün əkiriksə ruhdan, cismani təbiət üçün əkiriksə o təbiətdən də biçəcəyik (Qalatiyalılara 6:7, 8). Bu səbəbdən Yehova, Onun qanunlarına tabe olmamağın və həqiqi ibadəti rədd etməyin qaçılmaz nəticələrini aydın şəkildə təsvir etdi. Əgər Allahın köməyi olmasaydı, kiçik, müdafiəsiz İsrail xalqının aqibəti qəddar və güclü qonşu xalqların əlində qalardı (Təsniyə 28:15, 45-48). İsrailin göstərdiyi itaətsizlik ucbatından baş verən hadisələrin faciəli nəticələri Müqəddəs Kitabda təfsilatı ilə “məsləhət olaraq” yazılıbdır. Bu yazılanlar isə bizə ibrət dərsi olmalı və Allah qorxusunu inkişaf etdirməyimizə kömək etməlidir (1 Korinflilərə 10:11).
6. Allah qorxusuna öyrənmək üçün, Müqəddəs Kitabın hansı nümunələri üzərində düşünmək olar? (Haşiyəyə baxın.)
6 Müqəddəs Kitabda yalnız bütün İsrail xalqının tarixi deyil, həm də qısqanclıq, əxlaqsızlıq, tamahkarlıq və məğrurluğun qurbanı olan ayrı-ayrı şəxslərin həyatında baş vermiş real hadisələr də qələmə alınıbc. Bu insanların bə’ziləri Allaha uzun illər xidmət etmiş, lakin həyatlarının hansısa həlledici anında Allah qorxusu onlarda kifayət qədər möhkəm olmadığından bunun acı nəticəsini görmüşlər. Müqəddəs Kitabın belə nümunələri üzərində düşünərkən, onların səhvlərini təkrar etməmək qərarında möhkəmlənirik. Əgər Allahın məsləhətinə artıq faciəni daddıqdan sonra əhəmiyyət versəydik, bu necə də kədərli olardı! Hamı tərəfindən qəbul edilmiş fikrə zidd olaraq, təcrübə, xüsusən də öz istəklərinin qurbanı olmaq “təcrübəsi” heç də yaxşı müəllim deyil (Məzmur 19:7).
7. Yehova öz “məskəninə” kimləri də’vət edir?
7 Allah qorxusunu inkişaf etdirməyin digər inandırıcı səbəbi, Allahla olan münasibətimizi qorumaq istəyidir. Biz Yehova ilə dostluğumuzu yüksək qiymətləndirdiyimiz üçün, Onu kədərləndirməkdən qorxuruq. Yehova kimləri özünə dost sanır? Öz “məskəninə” kimləri də’vət edərdi? Yalnız “kamal ilə yeriyən və saleh iş görən” kəsləri (Məzmur 15:1, 2). Allahla olan dəyərli münasibətimizi qiymətləndiririksə, Onun qarşısında nöqsansız yeriməyə vicdanla çalışacağıq.
8. Malakinin günlərində bə’zi israillilər Allahla dostluq münasibətini qiymətləndirmədiyini necə göstərirdilər?
8 Təəssüflər olsun ki, Malakinin günlərində bə’zi israillilər Allahla dostluq münasibətlərini qiymətləndirmirdilər. Yehovadan qorxub, Ona hörmət etmək əvəzinə, israillilər Allahın qurbangahına xəstə və topal heyvanları qurban gətirirdilər. Onlarda Allah qorxusunun kifayət qədər olmaması, nikaha qarşı münasibətlərində də əks olunurdu. Daha gənc qadınlarla evlənmək xatirinə, onlar cavanlıqda evləndikləri qadınları cüz’i şeylərin üstündə boşayırdılar. Malaki, Yehovanın “boşanmaya” nifrət etdiyini və xainlik ruhunun onları Allahdan uzaqlaşdırdığını söyləmişdir. Qurbangah, atılmış qadınların acı göz yaşları ilə məcazi mə’nada dolan zaman, Allah onların qurbanlarını iltifatla qəbul edə bilərdimi? Yehovanın qanunlarına qarşı belə qanqaraldıcı münasibət Onu: “Hanı məndən qorxu?” deyə, soruşmağa vadar etmişdir (Malaki 1:6-8; 2:13-16).
9, 10. Yehova ilə olan dostluq münasibətimizə qiymət verdiyimizi necə göstərə bilərik?
9 Yehova, ər və ataların, hətta qadın və anaların xudbin və əxlaqsız hərəkətləri ucbatından, günahsız həyat yoldaşların və uşaqların necə iztirab çəkdiklərini bu gün də görür. Bəli, bu Yehovanı çox kədərləndirir. Allahın dostu hər şeyə Allahın nöqteyi-nəzəri ilə baxacaq və öz nikahını möhkəmləndirməyə sə’ylə çalışacaqdır. O, nikah bağlarının əhəmiyyətini qiymətdən salan dünyəvi düşüncəni rədd edəcək və “cinsi əxlaqsızlıqdan” qaçınacaqdır (1 Korinflilərə 6:18).
10 Əgər biz, həyatımızın başqa sahələrində olduğu kimi, nikahda da Yehovanın gözündə pis olan hər şeyə nifrət edir, Onunla olan dostluq münasibətimizi yüksək qiymətləndiririksə, Yehova bizə qarşı xeyirxah olacaq və Onun lütfünə layiq görüləcəyik. Həvari Pavel əminliklə demişdir: “Doğrudan da dərk edirəm ki, Allah insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur” (Həvarilərin işləri 10:34, 35). Allah qorxusunun insanları müxtəlif çətin şəraitlərdə düzgün davranmağa necə təşviq etdiyinə dair Müqəddəs Kitabdan çoxlu nümunələr gətirmək olar.
Allah qorxusuna malik olan üç şəxs
11. İbrahim Allah qorxusuna malik olduğu hansı hadisədən sonra deyilmişdir?
11 Müqəddəs Kitabda, Yehovanın özünə dost adlandırdığı şəxsdən - tayfa başçısı olan İbrahimdən bəhs edilir (İşaya 41:8). İbrahim Allahın buyuruğuna görə oğlu İshaqı qurban gətirməli olduqda, onun malik olduğu Allah qorxusu sınağa mə’ruz qaldı. Allah İbrahimə və’d etmişdi ki, onun oğlunun vasitəsilə böyük millət əmələ gələcək (Təkvin 12:2, 3; 17:19). “Allahın dostu” bu cür əzablı sınağa tab gətirəcəkmi? (Yaqub 2:23). İbrahim oğlu İshaqın üzərinə bıçağı aparan məqamda Yehovanın mələyi dedi: “Uşağa əl qaldırma və ona bir şey etmə. İndi bildim ki, sən Allahdan qorxursan; öz yeganə oğlunu Məndən əsirgəmədin” (Yaradılış 22:10-12, MKŞ).
12. Allah qorxusuna malik olmağa İbrahimi nə təşviq etdi və həmin əhval-ruhiyyəni biz necə göstərə bilərik?
12 Baxmayaraq ki, İbrahim Allah qorxusuna malik olduğunu əvvəllər də sübut etmişdi, lakin bu dəfə o, Allah qorxusunu həqiqətən də qeyri-adi şəkildə təzahür etdirdi. İshaqı qurban gətirməyə hazır olması, sadəcə ehtiramlı itaətkarlıqdan daha artıq idi. İbrahimi belə davranmağa, onun səmavi Atasının verdiyi və’di yerinə yetirəcəyinə, əgər lazım gələrsə, İshaqı dirildəcəyinə olan sarsılmaz imanı təşviq etmişdir. Həvari Pavelin yazdığı kimi, İbrahim “tamamilə əmin idi ki, Allah Öz və’d etdiyini yerinə yetirməyə də qadirdir” (Romalılara 4:16-21). Allahın iradəsi bizdən böyük qurbanlar tələb etsə də, onu yerinə yetirməyə hazırıqmı? Yehovanın, “Onu axtaranlara mükafat” verdiyinə və bu cür itaətkarlığın uzun müddət fayda gətirəcəyinə tam əminikmi? (İbranilərə 11:6). Əsl Allah qorxusu məhz budur (Məzmur 115:11).
13. Nə üçün Yusifin “mən Allahdan qorxuram” deməyə tam haqqı vardı?
13 Allah qorxusunu əməldə göstərməyə dair başqa bir nümunəni - Yusifin nümunəsini nəzərdən keçirək. Potifərin evində qul işləyən Yusif, zina etmək təklifi ilə hər gün qarşılaşırdı. Göründüyü kimi, Yusif, ağasının onu günah işlətməyə tə’kidlə dilə tutan arvadı ilə görüşdən qaçına bilmirdi. Bir gün elə oldu ki, qadın “onun paltarından tutdu”, o isə “paltarını onun əlində qoyub qaçdı”. Yusifi pislikdən dərhal qaçınmağa təşviq edən nə oldu? Şübhəsiz ki, ilk növbədə Allah qorxusu və “bu böyük pisliyi edib, Allahın önündə günaha batmamaq” istəyi olmuşdur (Yaradılış 39:7-12, MKŞ). Yusifin “mən Allahdan qorxuram” deməyə tam haqqı vardı (Yaradılış 42:18, MKŞ).
14. Yusifin mərhəmətində əsl Allah qorxusu necə əks olunur?
14 Çox illər keçdikdən sonra Yusif, bir zaman onu rəhmsizcəsinə qul kimi satan qardaşları ilə üz-üzə gəldi. O, intiqam almaq üçün, onların qidaya olan ehtiyaclarından asanlıqla istifadə edə bilərdi. Lakin insanlarla qəddar davranış Allah qorxusunu əks etdirmir (Levililər 25:43). Buna görə də, qardaşlarının ürəyinin dəyişdiyinə əmin olduqdan sonra, Yusif onları mərhəmətlə bağışladı. Əgər bizdə Allah qorxusu varsa, Yusif kimi biz də pisliyə yaxşılıqla qalib gəlib, sınaqları dəf edəcəyik (Təkvin 45:1-11; Məzmur 130:3, 4; Romalılara 12:17-21).
15. Nə üçün Eyubun davranışı Yehovanın ürəyini sevindirirdi?
15 Allah qorxusuna malik olmağa dair başqa bir gözəl nümunə - Eyubun nümunəsidir. Yehova İblisə dedi: “Qulum Eyuba yaxşıca baxdınmı? Çünki dünyada onun kimisi yox; kamil və doğru adam; Allahdan qorxar və pislikdən çəkinər” (Eyub 1:8). Eyubun nöqsansız davranışı, uzun illər onun səmavi Atasının ürəyini sevindirirdi. Eyub Allahdan qorxurdu, çünki bunun doğru və hər şeydən yaxşı olduğunu bilirdi. Eyub dedi: “Bax, Rəbb qorxusu, hikmət budur; və pislikdən çəkilmək anlayışdır” (Eyub 28:28). Eyub evli idi, buna görə də gənc qadınlara yersiz diqqət yetirmir və ürəyində əxlaqsızlıq barədə düşünmürdü. Eyub zəngin olsa da, var-dövlətinə güvənmir və bütpərəstliyin hər bir növündən qaçınırdı (Eyub 31:1, 9-11, 24-28).
16. a) Eyub hansı sahələrdə inayətlə davrandı? b) Bağışlamağa hazır olduğunu Eyub necə göstərdi?
16 Lakin Allahdan qorxmaq yalnız pislikdən qaçınmağı deyil, həmçinin yaxşılıq etməyi də özünə daxil edir. Məsələn, Eyub kor, topal və kasıb insanlara mərhəmətlə qayğı göstərirdi (Levililər 19:14; Eyub 29:15, 16). O anlayırdı ki, “ürəyi əriməkdə olana dostundan inayət gərək, Qadirin qorxusunu buraxsa belə” (Eyub 6:14). İnayət göstərməyən insan bağışlamaq istəmir və ya kin bəsləyir. Allahın göstərişinə görə Eyub, ona bir çox iztirablar gətirən üç dostu üçün dua etdi (Eyub 42:7-10). Xətrimizə dəyən həmimanlımızı bağışlamaqla, həmin ruhu biz də əks etdirə bilərikmi? Bizi incidən kəs barədə ürəkdən edilən dua, hirsimizin soyumasına kömək edə bilər. Eyubun Allah qorxusuna malik olması sayəsində aldığı xeyir-dualar, bizdə Yehovanın Ondan qorxanlar üçün saxladığı yaxşılığın zənginliyi haqda təsəvvür yaradır (Məzmur 31:19; Yaqub 5:11).
Allah qorxusu və insan qorxusu
17. İnsan qorxusu bizə nə edə bilər və nə üçün belə qorxu uzağıgörməzlikdir?
17 Allah qorxusu bizi düzgün davranmağa təşviq edir, insan qorxusu isə imanımızı sarsıda bilər. Bu səbəbdən, İsa həvarilərini xoş xəbəri sə’ylə təbliğ etməyə təşviq edərək demişdir: “Bədəni öldürüb canı öldürə bilməyənlərdən də qorxmayın; ancaq daha artıq cəhənnəmdə həm bədəni, həm canı həlak etməyə qadir Olandan qorxun” (Matta 10:28). İsanın izah etdiyi kimi, insanlardan qorxmaq uzağıgörməzlikdir, çünki insanlar bizi gələcək həyata olan ümiddən məhrum etməyə qadir deyillər. Bundan əlavə, biz, Allahdan ona görə qorxuruq ki, Onun heyrətləndirici qüvvəsini dərk edirik; bütün xalqların qüvvəsi Allahın gücü ilə müqayisədə heçdir (İşaya 40:15). İbrahim kimi, biz də tam əminik ki, Yehova öz sadiq xidmətçilərini diriltməyə qadirdir (Vəhy 2:10). Ona görə də əminliklə deyirik: “Əgər Allah bizimlədirsə, kim bizə qarşı ola bilər?” (Romalılara 8:31).
18. Yehova, Ondan qorxanları necə mükafatlandırır?
18 Bizə qarşı çıxan kəs istər yaxın qohum, istər də məktəbdəki dəcəl uşaq olsun, biz, “Rəbb qorxusunda qüvvətli e’timad” olduğunu görəcəyik (Süleymanın məsəlləri 14:26). Allahın bizi eşidəcəyini bilərək, biz, qüvvət əldə etmək üçün Ona dua edə bilərik (Məzmur 145:19). Yehova, Ondan qorxanları heç zaman unutmur. Yehova, Malaki peyğəmbərin vasitəsilə bizi əmin edir: “O zaman Rəbdən qorxanlar bir-birləri ilə söyləşdilər; və Rəbb yaxşı dinlədi və eşitdi və Rəbdən qorxub ismini düşünənlər üçün onun önündə bir anılma kitabı yazıldı” (Malaki 3:16).
19. Hansı qorxu hissləri keçmişdə qalacaq və hansı qorxu əbədiyyən olacaq?
19 Yer üzündə yaşayan insanların hər birinin Yehovaya ibadət edəcəyi və insan qorxusunun yox olacağı zaman yaxındır (İşaya 11:9). Aclıq, xəstəlik, cinayət və müharibə qorxusu keçmişdə qalacaq. Amma Allah qorxusu əbədiyyən olacaq, çünki Allahın göydə və yerdə olan sadiq xidmətçiləri Ona hörmət etməyə, itaətkar olmağa və ehtiram bəsləməyə davam edəcəklər (Vəhy 15:4). Hələlik isə, qoy bizlərdən hər birimiz Süleymanın ilham almış məsləhətini ürəkdən qəbul etsin: “Ürəyin günahkarlara qibtə etməsin; ancaq bütün günü Rəbb qorxusunda ol; çünki gerçəkdən bir son vardır; və ümidin boşa çıxmayacaqdır” (Süleymanın məsəlləri 23:17, 18).
[Haşiyələr]
a Əgər böyüklər, həyatı və sağlamlığı daima təhlükə altına alan işlə məşğuldurlarsa, onlar təhlükə qarşısında qorxunu itirirlər. Nə üçün bir çox dülgərlərin barmağı yoxdur sualına, təcrübəli bir usta belə cavab vermişdir: “Onlar elektrik mişarları qarşısında qorxunu itirirlər”.
b Yehova özü bu cür nifrət bəsləyir. Məsələn, Efeslilərə 4:29 ayəsində nalayiq sözlər ümumiləşdirilərək “çürük sözlər” adlanır. Burada “çürük” kimi tərcümə olunmuş yunan sözü əsasən xarab olmuş meyvə, balıq və ya ətə aid edilir. Bununla bizim nalayiq və ədəbsiz söhbətlərə bəsləməli olduğumuz münasibət aydın təsvir olunur. Bundan əlavə, “Yeni Dünya Tərcüməsi”ndə bütlər çox vaxt “peyinli” adlanırlar (Təsniyə 29:17; Hezekiel 6:9). Peyinə, yə’ni nəcisə qarşı olan təbii iyrənclik hissi, bütpərəstliyin istənilən növünə Allahın nə dərəcədə nifrət etdiyini anlamağa kömək edir.
c Nümunə üçün, Müqəddəs Kitabda Qabil (Təkvin 4:3-12); Davud (2 Samuel 11:2-12:14); Gehazi (2 Krallar 5:20-27) və Azarya (2 Tarixlər 26:16-21) haqqında verilən mə’lumatları nəzərdən keçirmək olar.
Xatırlayırsınızmı?
• Pisliyə nifrət etməyi necə öyrənirik?
• Malakinin günlərində bə’zi israillilər Yehova ilə dostluq münasibətini qiymətləndirmədiklərini necə göstərirdilər?
• İbrahim, Yusif və Eyubun nümunəsindən Allah qorxusu haqqında nə öyrənirik?
• Hansı qorxu əbədiyyən olacaq və nə üçün?
[13-cü səhifədəki şəkil]
Hikmətli valideynlər uşaqlarına faydalı qorxunu aşılayırlar.
[14-cü səhifədəki şəkil]
Qorxu bizi təhlükədən qaçınmağa, Allah qorxusu isə pisliyə nifrət etməyə təşviq edir.
[17-ci səhifədəki şəkil]
Üç yalançı dostunun təzyiqinə baxmayaraq, Eyub Allah qorxusunu itirmədi.
[İcazə ilə]
Müqəddəs Kitabın “Vulgata Latina” tərcüməsindən, 1795.