‘Xoş sözlərlə’ ailənizi ruhlandırın
VAXT keçdikcə Deyvidin qanı bir az da qaralırdı. Maşında arvadını gözləyərkən, gözü saatda qalmışdı. Nəhayət ki, arvadı Diana evdən çıxanda, Deyvid aşıb-daşan hirsini saxlaya bilmədi.
«Səni nə qədər gözləmək olar?» — deyə o qışqırdı. «Hər dəfə gecikirsən! Bir dəfə də olsun vaxtında hazır ola bilməzsən?»
Diana tutuldu. Ağlaya-ağlaya evə qaçdı. Deyvid kobud səhv buraxdığını başa düşdü. O özündən çıxmaqla işləri daha da korlamışdı. İndi nə etsin? Mühərriki söndürdü, dərindən nəfəs alıb, yavaş-yavaş arvadının arxasınca evə getdi.
Yəqin razılaşarsınız ki, bu nümunədəki vəziyyətə həyatda tez-tez təsadüf olunur. Heç elə olubmu ki, sözlərinizi geri götürmək istəyəsiniz? Düşünmədən danışanda çox vaxt dediyimiz sözlərə görə sonradan peşmançılıq çəkirik. Buna görə də, Müqəddəs Kitabda yerində olaraq deyilir: «Saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər» (Süleymanın məsəlləri 15:28).
Ancaq bəzən danışmazdan əvvəl fikirləşmək çətin olur, xüsusilə də hirsli olanda, nədənsə qorxanda və ya kimdənsə inciyəndə. Xüsusən də ailə üzvlərinə öz hisslərimizi bildirməyə çalışanda, söhbət asanlıqla qarşı tərəfi günahlandırmağa və ya tənqid etməyə yönələ bilər. Bu da öz növbəsində, qarşı tərəfin hisslərinə toxuna bilər və ya mübahisəyə səbəb olar.
Vəziyyəti düzəltmək üçün nə etmək olar? Hisslərimizi necə cilovlaya bilərik? Gəlin Müqəddəs Kitabı yazanlardan biri olan Süleymanın faydalı məsləhətlərinə nəzər salaq.
Nəyi necə deyəcəyinizi fikirləşin
«Vaiz» kitabını yazan Süleyman padşah həyat haqqında hansı nəticələrə gəldiyi barədə yazarkən, görünür, çox mütəəssir olmuşdu. O deyirdi: «Həyata nifrət etdim». Bir dəfə isə o, həyatın ‘tamam puç’ olduğunu demişdi (Vaiz 2:17; 12:8). Ancaq «Vaiz» kitabında Süleyman yalnız ümidlərinin puça çıxması barədə yazmır. Çünki o, həyatın yalnız pis tərəfləri haqqında danışmağın düzgün olduğunu düşünmürdü. Kitabın sonunda Süleyman açıqlayır ki, o, «xoş sözləri və doğruluqla yazılmış olanı, həqiqət sözlərini tapmağa çalışdı» (Vaiz 12:10).
Görünür, Süleyman hisslərini idarə etməli olduğunu başa düşürdü. Mahiyyət etibarilə, o özündən soruşurdu: «Demək istədiyim şey nə dərəcədə həqiqətəuyğun və dəqiqdir? Əgər bu sözləri işlətsəm, başqalarına “xoş” gələcəkmi?» Həqiqətə uyğun olan «xoş sözləri» axtardığı üçün, o, hisslərinin ağlına üstün gəlməsinə yol verməmişdi.
Nəticədə, təkcə şah əsər deyil, həm də həyatın mənası haqqında Allahdan ilham almış müdrikliklə dolu olan bir kitab yazıldı (2 Timoteyə 3:16, 17). Süleymanın bu cür həssas mövzuya yanaşma tərzi doğmalarımızla ünsiyyəti yaxşılaşdırmağa kömək edə bilərmi? Bir nümunəyə nəzər salaq.
Hisslərinizi cilovlamağı öyrənin
Tutaq ki, uşaq əlində qiymət cədvəli, kefsiz halda məktəbdən evə qayıdır. Ata qiymətlərə baxır və görür ki, oğlu fənlərin birindən aşağı qiymət alıb. Onun ev tapşırıqlarını çox vaxt sonraya saxladığı atanın yadına düşür, o, dərhal hirslənib özündən çıxır: «Tənbəl! Belə getsə, səndən heç nə çıxmayacaq!»
Qəzəbini büruzə verməzdən əvvəl, yaxşı olardı ki, ata özündən soruşsun: «Fikirləşdiyim şey həqiqətən də belədirmi?» Bu sual ona reallığı hissləri ilə qarışdırmamağa kömək edəcək (Süleymanın məsəlləri 17:27). Təkcə bir fəndən zəiflədiyi üçün, doğrudanmı, oğlundan heç nə çıxmayacaq? O, hər şeydəmi tənbəldir, yoxsa sadəcə bu fənni çətin başa düşdüyü üçün ev tapşırıqlarını sonraya saxlayır? Müqəddəs Kitab mülayim olmağın, hər şeyə real gözlə baxmağın vacibliyini dönə-dönə vurğulayır (Titusa 3:2; Yaqub 3:17). Uşağı ruhlandırmaq üçün valideyn gərək «həqiqət sözlərini» söyləsin.
Düzgün sözlər seçmək
Ata nə deyəcəyini qərara almazdan əvvəl özündən soruşa bilərdi: «Bunu necə deyim ki, oğluma xoş getsin?» Əlbəttə, düzgün sözlər seçmək asan deyil. Valideynlər yadda saxlamalıdırlar ki, yeniyetmələr nəyi isə mükəmməl edə bilməyəndə özlərinin yararsız olduqlarını düşünməyə meyllidirlər. Onlar öz zəif cəhətlərinin və ya uğursuzluqlarının ciddiliyini elə şişirdirlər ki, bu onların özlərinə olan münasibətinə təsir edir. Valideyn həddən artıq kəskin münasibət göstərərsə, uşağın özünə qarşı mənfi hisslərini gücləndirər. Koloslulara 3:21 ayəsində deyilir: «Övladlarınızı hirsləndirməyin ki, onlar məyus olmasınlar».
«Həmişə», «heç vaxt» kimi sözlər, adətən, faktları ümumiləşdirir və ya şişirdir. Əgər valideyn uşağa «səndən heç vaxt adam çıxmaz» deyirsə, uşaq öz mənliyini necə qorusun? Uşağa tez-tez belə tənqidi sözlər deyildikdə, o özünü tamamilə faydasız hesab etməyə başlaya bilər. Əlbəttə, bu, təkcə ruhdan salan deyil, həm də yanlış sözlərdir.
Adətən hər bir vəziyyətdə müsbət cəhətləri görmək daha yaxşı nəticə verir. Nümunədəki ata belə deyə bilərdi: «Oğlum, görürəm ki, aşağı qiymət aldığına görə məyus olmusan. Ancaq bilirəm ki, tapşırıqlarını yerinə yetirmək üçün, adətən çox çalışırsan. Gəl görək qiymətini düzəltmək üçün nə etmək olar». Oğluna daha yaxşı kömək etmək üçün ata suallar verə bilərdi ki, bunun kökündə başqa problemin olub-olmadığını öyrənsin.
Belə mülayim və düşünülmüş yanaşma üsulu özündən çıxmaqdan daha effektivdir. Müqəddəs Kitab bizi əmin edir: «Xoş sözlər... cana şirinlik, sümüklərə şəfadır» (Süleymanın məsəlləri 16:24). Uşaqlar, əslində isə ailənin bütün üzvləri, məhəbbət və əmin-amanlıq içində çiçəklənirlər.
«Ağız ürəkdən gələni söyləyir»
Gəlin məqalənin əvvəlindəki nümunəyə qayıdaq. Yaxşı olmazdımı ki, ər hirsini arvadının üzərinə tökmək əvəzinə, həqiqətə uyğun olan ‘xoş sözlər’ seçməyə çalışsın? Belə vəziyyətdə ər özündən soruşmalı idi: «Tutaq ki, bu məsələdə arvadıma öz üzərində işləmək lazımdır, ancaq doğrudanmı, o, həmişə gecikir? İndi onun səhvini üzə vurmağın heç yeridirmi? Acıqlı, tənqidi sözlər onu düzəlməyə təşviq edəcəkmi?» Bu kimi sualların üzərində düşünmək bizə kömək edəcək ki, sevdiyimiz adamları bilmədən incitməyək (Süleymanın məsəlləri 29:11).
Bəs əgər ailəvi söhbətlərimiz çox vaxt mübahisə ilə bitirsə, onda necə? Ola bilsin, bizə məsələyə səthi yanaşmamaq, seçdiyimiz sözlərin arxasında duran hisslərə diqqət yetirmək lazım gələcək. Narahatçılıq keçirəndə və ya sıxıntı içində olanda dediyimiz sözlər, əslində daxilən necə adam olduğumuz haqda çox şey deyə bilər. İsa demişdi: «Ağız ürəkdən gələni söyləyir» (Matta 12:34). Başqa sözlə desək, bizim danışığımız çox vaxt gizli düşüncələrimizi, arzularımızı və əhval-ruhiyyəmizi üzə çıxarır.
Biz həyata real, nikbin və ümidlə baxırıqmı? O zaman, səsimizin tonu və nə haqda danışmağımız onu əks etdirəcək. Sərt, bədbin və ya tənqidi olmağa meylliyikmi? Belə olan halda, biz sözlərimizlə və ya danışıq tərzimizlə başqalarını ruhdan sala bilərik. Düşüncə tərzimiz və söhbətlərimiz heç özümüzün də xəbəri olmadan pisliyə doğru dəyişə bilər. Hətta bizə elə gələ bilər ki, nöqteyi-nəzərimiz düzgündür. Ancaq ehtiyatlı olmalıyıq ki, özümüzü aldatmayaq (Süleymanın məsəlləri 14:12).
Nə yaxşı ki, əlimizdə Allahın Kəlamı var. Müqəddəs Kitab bizə düşüncələrimizi yoxlamağa, hansının düzgün, hansının isə düzəlişə ehtiyacı olduğunu görməyə kömək edə bilər (İbranilərə 4:12; Yaqub 1:25). Xasiyyətimizdən və ya aldığımız tərbiyədən asılı olmayaraq, istəsək, hamımız düşüncə və davranış tərzimizi dəyişə bilərik (Efeslilərə 4:23, 24).
Danışıq tərzimizi yoxlamağın daha bir üsulu da var. Başqalarının fikrini öyrənin. Məsələn, qoy həyat yoldaşınız və ya uşaqlarınız sizin bu sahədə necə olduğunuza dair öz fikirlərini səmimi bildirsinlər. Bu haqda sizi yaxşı tanıyan yetkin dostunuzla danışın. Onların dediklərini qəbul edib, lazımi düzəlişləri etmək üçün təvazökar olmaq gərəkdir.
Danışmazdan əvvəl fikirləşin!
Ən nəhayət, əgər biz, doğrudan da, öz sözlərimizlə başqalarını incitmək istəmiriksə, Süleymanın məsəlləri 16:23 ayəsində yazılmış sözlərə əməl etməliyik: «Ağıllı [müdrik] adamlar danışmazdan əvvəl düşünürlər; o zaman onların sözləri daha inandırıcı olur» («Today’s English Version»). Hisslərimizi idarə etmək həmişə asan olmur. Əgər biz başqalarını ittiham etməyə və ya alçaltmağa deyil, başa düşməyə çalışırıqsa, onda fikrimizi bildirmək üçün düzgün sözlər tapmaq daha asan olacaq.
Əlbəttə, heç birimiz kamil deyilik (Yaqub 3:2). Hərdən hər birimiz düşünmədən danışırıq (Süleymanın məsəlləri 12:18). Lakin Allahın Kəlamının köməyi ilə danışmazdan əvvəl düşünməyi və başqalarının hisslərini və maraqlarını özümüzünkündən üstün tutmağı öyrənə biləcəyik (Filipililərə 2:4). Gəlin hər zaman, ələlxüsus ailə üzvlərimizlə danışarkən, həqiqətə uyğun olan ‘xoş sözlər’ seçməyə çalışaq. Belə olduqda, bizim danışığımız sevdiklərimizi incidib ağlatmayacaq, əksinə, onları ruhlandıracaq (Romalılara 14:19).
[12-ci səhifədəki şəkil]
Sonradan peşmançılığını çəkəcəyiniz sözləri deməkdən necə qaça bilərsiniz?