«Kim Yehovanın əqlini dərk edib?»
«“Kim Yehovanın əqlini dərk edib ki, Ona yol göstərsin?” Biz isə Məsih kimi düşünürük» (1 KOR. 2:16).
1, 2. a) Bir çoxları hansı çətinliklə üzləşirlər? b) İnsanların və Yehovanın düşüncə tərzi ilə bağlı nəyi yadda saxlamalıyıq?
ELƏ olubmu ki, sən kimisə başa düşməkdə çətinlik çəkmisən? Ola bilsin, təzəlikcə ailə qurmusan və həyat yoldaşının düşüncə tərzini tam başa düşə bilmirsən. Həqiqətən də, kişilərin və qadınların düşüncə və hətta danışıq tərzi bir-birinkindən fərqlənir. Bəzi mədəniyyətlərdə kişilər və qadınlar eyni dildə, amma başqa-başqa ləhcələrdə danışırlar. Üstəlik, mədəniyyətlərin və dillərin fərqli olması insanların düşüncə və davranış tərzlərinin müxtəlif olmasına təsir göstərir. Ancaq başqaları ilə yaxından tanış olduqca onların düşüncə tərzini başa düşmək imkanların daha çox olacaq.
2 Buna görə də təəccüblənməli deyilik ki, Yehovanın düşüncə tərzi ilə bizim düşüncə tərzimiz arasındakı fərq böyükdür. Yehova peyğəmbəri Yeşaya vasitəsilə israillilərə demişdi: «Mənim fikirlərim sizin fikirləriniz deyil, sizin yollarınız Mənim yollarım deyil». O, sözünə davam edərək bu faktı əyani şəkildə belə izah etdi: «Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, yollarım da sizin yollarınızdan, fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir» (Yeşaya 55:8, 9).
3. Hansı iki üsulla Yehova ilə etibarlı münasibət qurmaq olar?
3 Bəs bu o deməkdirmi ki, Yehovanın düşüncə tərzini anlamağa cəhd etməyə dəyməz? Əlbəttə, yox. Biz Yehovanın düşüncələrini sonadək heç vaxt başa düşə bilməyəcəyik. Bununla belə, Müqəddəs Kitab bizi Onunla etibarlı münasibətlər qurmağa çağırır (Məz. 25:14; Sül. məs. 3:32). Yehovaya daha yaxın olmaq üçün Onun Kəlamında bəhs olunan işlərinə diqqət yetirməli və onlara hörmətlə yanaşmalıyıq (Məz. 28:5). Bundan əlavə, «gözəgörünməz Allahın inikası», yəni surəti olan Məsihin necə düşündüyünü öyrənməliyik (1 Kor. 2:16; Kolos. 1:15). Müqəddəs Kitabı araşdırmağa və öyrəndiklərimizin üzərində düşünməyə vaxt ayırsaq, Yehovanın necə şəxsiyyət olduğunu və Onun necə düşündüyünü yavaş-yavaş başa düşəcəyik.
Düzgün olmayan meyildən qaçın!
4, 5. a) Hansı yanlış meyildən qaçınmalıyıq? İzah edin. b) İsraillilərdə hansı yanlış düşüncə tərzi formalaşmışdı?
4 Yehovanın işləri üzərində düşünərkən Onun barəsində insan nöqteyi-nəzəri ilə mühakimə yürütmək meylindən qaçınmalıyıq. Yehova bu meyil haqda Məzmur 50:21 ayəsində deyir: «Məgər Məni özün kimi sanırsan?» Təxminən 175 il bundan əvvəl bir Müqəddəs Kitab alimi buna bənzər sözlər demişdi: «İnsanlar Allah haqqında öz meyarları əsasında mühakimə yürütməyə və özlərinin qoyduğu qayda-qanunlara Allahın da riayət etməli olduğunu düşünməyə meyillidirlər».
5 Ehtiyatlı olmalıyıq ki, Yehova haqqında təsəvvürlərimiz şəxsi meyarlarımız və arzularımız əsasında formalaşmasın. Bundan qaçınmaq nəyə görə vacibdir? Müqəddəs Yazıları araşdıran zaman məhdud və qeyri-kamil nöqteyi-nəzərə malik olan bizlərə elə gələ bilər ki, Yehovanın bəzi işləri bir o qədər də düzgün deyil. Qədimdə israillilər bu cür düşünməyə başlamış və Yehovanın onlara münasibəti ilə bağlı yanlış nəticəyə gəlmişdilər. Görün Yehova onlara nə demişdi: «Siz “Xudavəndin yolu düz deyil” deyirsiniz. Ey İsrail nəsli, indi qulaq asın: Mənimmi yolum düz deyil? Düz olmayan sizin yollarınız deyilmi?» (Yez. 18:25).
6. Əyyub hansı ibrətamiz dərs aldı və onun nümunəsindən biz nə öyrənə bilərik?
6 Yehova haqda şəxsi meyarlarımız əsasında mülahizə yürütmək tələsinə düşməmək üçün baxışlarımızın məhdud, bəzən isə tamamilə səhv olduğu faktını qəbul etməliyik. Əyyub da bunu öyrənməli idi. Bəlalarla üzləşən Əyyub məyusluqla mübarizə aparmalı olmuşdu. Diqqətini müəyyən mənada özünə cəmlədiyindən daha vacib olan məsələlər onun nəzərindən qaçmışdı. Buna baxmayaraq, Yehova məhəbbətdən irəli gələrək Əyyuba hərtərəfli baxışa yiyələnməyə kömək etdi. Yehova Əyyuba bir-birindən fərqli 70-dən çox sual verməklə ona hər şeyi tam başa düşmədiyini göstərdi. Bu sualların birinə də olsun cavab verə bilməyən Əyyub təvazökarlıq göstərib düşüncə tərzini dəyişdi. (Əyyub 42:1—6 ayələrini oxu.)
‘Məsih kimi’ düşünməyi öyrənin
7. Nəyə görə İsanın yer üzündə gördüyü işləri araşdırmaq bizə Yehovanın düşüncə tərzini başa düşməyə kömək edəcək?
7 İsa Atasını həm sözdə, həm də əməldə mükəmməl surətdə təqlid edirdi (Yəh. 14:9). Buna görə də onun yer üzündə olarkən gördüyü işləri öyrənmək bizə Yehovanın düşüncə tərzini başa düşməyə kömək edəcək (Rom. 15:5; Filip. 2:5). Gəlin Müjdələrdə qələmə alınan iki hadisəni nəzərdən keçirək.
8, 9. Yəhya 6:1—5 ayələrinə əsasən, hansı vəziyyət İsanı Filipə: «Bu adamlar üçün haradan çörək alaq?» — sualını verməyə təşviq etdi və onun məqsədi nə idi?
8 Belə bir səhnəni təsəvvür edək. Eramızın 32-ci ilidir. Pasxa bayramına çox az qalıb. İsanın həvariləri Qalileyadan, təbliğdən təzəcə qayıdıblar. Onlar çox yorğundurlar. Buna görə də İsa onları Qalileya gölünün şimal-şərq sahilində yerləşən uzaq və sakit bir yerə aparır. Lakin minlərlə insan onların ardınca gedir. İsa xəstələri sağaldandan və onlara çox şey öyrədəndən sonra bir çətinlik yaranır. Axı belə uzaq bir yerdə bu qədər insan yeməyi haradan tapa bilərdi? Bunu görən İsa həmin bölgədən olan Filipdən soruşur: «Bu adamlar üçün haradan çörək alaq?» (Yəh. 6:1—5).
9 Nəyə görə İsa Filipə bu sualı verdi? Məgər o, nə edəcəyini bilmirdi? Bilirdi. Bəs onda fikri nə idi? Orada olan həvari Yəhya izah edir: «İsa bunu Filipi sınamaq üçün dedi, çünki özünün nə edəcəyini bilirdi» (Yəh. 6:6). İsanın həmin sualı verməkdə məqsədi şagirdlərinin ruhani vəziyyətinin nə yerdə olduğunu yoxlamaq idi. Bununla İsa onların diqqətini cəlb etdi və imkan verdi ki, onlar onun yaranan çətinliyi aradan qaldırmaq iqtidarında olduğuna inandıqlarını göstərsinlər. Lakin şagirdlər bu fürsəti əldən verdilər və anlayışlarının əslində məhdud olduğunu göstərdilər. (Yəhya 6:7—9 ayələrini oxu.) Bundan sonra İsa onların heç ağıllarına belə gətirmədikləri işi etməyə qadir olduğunu göstərdi. O, möcüzəli şəkildə o boyda camaatı doyurdu (Yəh. 6:10—13).
10-12. a) Nəyə görə İsa yunan qadının xahişini dərhal yerinə yetirmədi? İzah edin. b) İndi biz nəyi araşdıracağıq?
10 Bu hadisə bizə İsanın digər vəziyyətdə necə düşündüyünü başa düşməyə kömək edə bilər. Minlərlə insanı doyurandan sonra İsa həvariləri ilə birgə şimala doğru — İsrailin sərhədlərindən kənarda yerləşən Sur və Sidon bölgələrinə yollandı. Orada onlar İsadan qızını sağaltmasını xahiş edən bir yunan qadınla rastlaşdılar. Əvvəlcə İsa onun xahişinə məhəl qoymadı. Lakin onun israr etdiyini görəndə dedi: «Qoy əvvəlcə uşaqlar doysunlar. Çörəyi uşaqların əlindən alıb küçüklərin qabağına atmaq düzgün deyil» (Mark 7:24—27).
11 Nəyə görə İsa qadının xahişini dərhal yerinə yetirmədi? Onun məqsədi Filipi sınadığı kimi, onu da mı sınamaq idi? İsa qadına imanını təzahür etdirməyə imkan verməklə onun nə edəcəyini görməkmi istəyirdi? Onun qadınla danışarkən səsinin tonunun necə olduğu barədə Müqəddəs Kitabda heç nə deyilməsə də, bu, qadını fikrindən daşındırmadı. İsanın istifadə etdiyi «küçüklər» sözü həmin dildə kobud səslənmirdi, əksinə, müqayisəni yumşaldırdı. Beləliklə, ola bilsin, İsa uşağının xahişini yerinə yetirmək istəyən, ancaq onun istəyinin nə dərəcədə güclü olduğunu yoxlamaq üçün bunu büruzə verməyən valideyn kimi davrandı. Hər nə olursa olsun, İsa qadının imanını görəndə xahişini yerinə yetirdi. (Mark 7:28—30 ayələrini oxu.)
12 Müjdələrdə yazılan bu iki hadisədən Məsihin necə düşündüyünü görmək olar. İndi isə görək bu hadisələr bizə Yehovanın düşüncə tərzini daha yaxşı başa düşməyə necə kömək edə bilər.
Yehovanın Musa ilə rəftarı
13. İsanın necə düşündüyünü bilmək bizə nədə kömək edəcək?
13 İsanın necə düşündüyünü bilmək Müqəddəs Kitabın çətin başa düşülən hissələrini anlamaqda kömək edəcək. Nümunə üçün israillilərin ibadət etmək məqsədilə qızıl dana düzəltdikdən sonra Yehovanın Musaya dediyi sözlərə nəzər salaq: «Görürəm ki, bu xalq dikbaş xalqdır. Qoy Mən xalqa qarşı qəzəblənib onu yox edim, səndən isə böyük millət əmələ gətirim» (Çıx. 32:9, 10).
14. Yehovanın dediyi sözlərə Musanın münasibəti necə oldu?
14 Sonra Müqəddəs Kitabda deyilir: «Musa Allahı Rəbbə yalvarıb dedi: “Ya Rəbb, nə üçün Öz xalqına qarşı qəzəbin alovlansın? Sən onları Misirdən böyük qüdrətinlə və qüvvətli əlinlə qurtarmadınmı? Axı nə üçün Misirlilər ‘Onları pis niyyətlə, dağlarda öldürüb yer üzündən yox etmək üçün çıxartdı’ desinlər? Yalvarıram, qəzəbini yatır və Öz xalqına bəla gətirmək niyyətindən dön. Qulların İbrahimi, İshaqı, və İsraili xatırla və Özün naminə onlara and edərək ‘nəslinizi göydəki ulduzlar qədər çoxaldacağam, vəd etdiyim bu ölkənin hamısını nəslinizə verəcəyəm və onlar əbədilik oraya sahib olacaqlar’ dedin”. Beləliklə, Rəbb Öz xalqına bəla gətirmək niyyətindən döndü» (Çıx. 32:11—14)a.
15, 16. a) Yehovanın sözləri Musanın qarşısında hansı imkanı açdı? b) Yehova hansı mənada «peşman oldu»? (Haşiyəyə baxın.)
15 Yehovanın düşüncə tərzinə Musanın düzəliş verməsinə ehtiyac var idimi? Əlbəttə ki, yox! Yehova nə etmək fikrində olduğunu bildirsə də, bu, Onun son qərarı deyildi. Bu hadisədən əsrlər sonra İsanın Filipi və yunan qadını sınadığı kimi, Yehova da Musanı sınayırdı. Allah Musaya nöqteyi-nəzərini bildirmək imkanını verdib. Onu İsrail xalqı ilə Özü arasında vasitəçi təyin etmişdi və onun bu mövqeyinə hörmətlə yanaşırdı. Bəs Musa məyusluğun davranışına təsir etməsinə yol verəcəkdimi? Bu fürsətdən istifadə edərək Yehovanı İsrail xalqını məhv edib onun nəslindən böyük millət törətməyə təşviq edəcəkdimi?
16 Musanın cavabı onun Yehovanın ədalətli olduğuna inandığını üzə çıxardı. Onun reaksiyasından görmək olar ki, o, xudbin məqsədlər güdmürdü, əksinə, Allahın adına görə narahat idi. Musa Onun adının rüsvay olmasını istəmirdi. Bununla o, ‘Yehovanın əqlini dərk etdiyini’, yəni bu məsələ ilə əlaqədar Onun nə fikirləşdiyini başa düşdüyünü göstərdi (1 Kor. 2:16). Bəs bu işin axırı necə oldu? Yehova hələ qəti qərarını vermədiyi üçün, Müqəddəs Kitabda deyildiyi kimi, ‘niyyətindən döndü’c.
Yehovanın İbrahimlə rəftarı
17. Sodoma görə narahatçılıq keçirən İbrahimə qarşı Yehovanın çox səbirli olduğu nədən görünür?
17 Xidmətçilərinə Ona inandıqlarını və etibar etdiklərini göstərmələrinə Yehovanın necə imkan verdiyini İbrahimin nümunəsindən də görmək olar. İbrahim Yehovaya Sodomdan ötrü xahiş etdi. Yehova İbrahimin səkkiz dəfə Ona sualla müraciət etməsinə izin verməklə çox səbirli olduğunu göstərdi. Hətta İbrahim: «Axı Sən bunu eləməzsən, saleh adamı günahkarla birgə öldürməzsən. Saleh adamın aqibətini günahkarınkı kimi etməzsən, Sən bunu eləməzsən. Bütün dünyanın Hakimi belə ədalətsizlik etməz», — deyə Ona yalvar-yaxar etdi (Yar. 18:22—33).
18. Yehovanın İbrahimlə rəftarından biz nə öyrənirik?
18 Müqəddəs Kitabda bəhs edilən bu hadisədən Yehovanın düşüncə tərzi barədə nə öyrənirik? Düzgün qərar vermək üçün Allahın İbrahimlə məsləhətləşməsinə ehtiyacı var idimi? Sözsüz ki, yox. Əlbəttə, Yehova İbrahimlə söhbətinin əvvəlində verdiyi qərarın səbəbini sadəcə açıqlaya bilərdi. Lakin İbrahimə suallar verməyə izin verməklə Yehova qərarının səbəbini və düşüncə tərzini başa düşməsi üçün ona vaxt verdi. Həmçinin bu, İbrahimə Yehovanın nə qədər şəfqətli və ədalətli olduğunu görməyə kömək etdi. Bəli, Yehova İbrahimlə bir dost kimi rəftar etdi (Yeşaya 41:8; Yaq. 2:23).
Biz nə öyrəndik?
19. Əyyubun nümunəsini necə izləyə bilərik?
19 ‘Yehovanın əqli’ barədə nə öyrəndik? Biz yol verməliyik ki, Yehovanın düşüncə tərzi barədə təsəvvürlərimizi Onun Kəlamı formalaşdırsın. Biz heç vaxt Yehova barədə məhdud baxışlarımız, meyarlarımız və anlayışımız əsasında mühakimə yürütməməliyik. Əyyub demişdi: «O [Allah] mənim kimi insan olmadığına görə Ona cavab verə bilmirəm, məhkəməyə birgə gedə bilmirəm» (Əyy. 9:32). Yehovanın əqlini dərk etdikcə, Əyyub kimi, bizim də ürəyimizdən bu sözləri demək keçəcək: «Bunlar yalnız Onun etdiklərinin bir zərrəsidir, Ondan eşitdiyimiz çox zəif bir pıçıltıdır. Axı qüdrətli gurultusunu kim dərk edə bilər?» (Əyy. 26:14).
20. Müqəddəs Kitabda başa düşmədiyimiz ayələrə rast gələndə nə etməliyik?
20 Müqəddəs Yazıları oxuyarkən çətin, xüsusilə də Yehovanın düşüncə tərzi ilə əlaqəli olan ayələri başa düşməyəndə nə etməliyik? Araşdırma apardıqdan sonra da nə isə bizim üçün qaranlıq qalırsa, onda buna Yehovaya etibarımızın sınanması kimi baxmalıyıq. Yadda saxla: bəzi Müqəddəs Kitab parçaları bizə Yehovaya və Onun işlərinə etibar etdiyimizi göstərməyə imkan verir. Etiraf etməliyik ki, biz Onun işlərini sonadək başa düşmək iqtidarında deyilik (Vaiz 11:5). Belə etdiyimiz təqdirdə həvari Pavelin növbəti sözlərinə şərik olduğumuzu göstərəcəyik: «Allahın xeyir-duası necə də boldur, hikməti və biliyi dərin bir ümmandır! Onun hökmləri ağlasığmaz, yolları tədqiqolunmazdır! Axı “kim Yehovanın əqlini dərk edib, yaxud kim Ona məsləhətçi olub?” Ya da “kim Ona birinci verdi ki, indi O geri qaytarmalıdır?” Çünki hər şey Ondandır, Onun sayəsindədir və Onun üçündür. Ona əbədiyyən eşq olsun! Amin» (Rom. 11:33—36).
[Haşiyələr]
a Eyni hadisə Saylar 14:11—20 ayələrində də yazılıb.
b Bəzi alimlərin fikrincə, Çıxış 32:10 ayəsində Azərbaycan dilinə «qoy» kimi tərcümə olunan ibrani frazeoloji birləşməsini bir dəvət, təklif kimi də başa düşmək olar. Yəni Allah Musaya xalqı müdafiə etməyə, Onunla xalqı arasında yaranan ‘dəliklərin önündə dayanmağa’ icazə verdi (Yez. 22:30; Məz. 106:23, Kitabı Mukaddes). Hər necə olsa da, görünür, bundan sonra Musa fikrini Yehovaya sərbəst şəkildə söyləyə bildi.
c Orijinal mətnə əsasən, Yehova «peşman oldu». Bu, sadəcə olaraq Yehovanın bütün xalqın üzərinə bəla gətirmək fikrindən daşındığı mənasını verir.
Yadınızdadırmı?
• Yehova barədə şəxsi meyarlarımız əsasında mühakimə yürütmək meylindən qaçınmağa bizə nə kömək edə bilər?
• İsanın gördüyü işləri başa düşmək Yehova ilə etibarlı münasibətlər qurmaqda bizə necə kömək edə bilər?
• Yehovanın Musa və İbrahimlə münasibətindən şəxsən sən nə öyrəndin?
[5-ci səhifədəki şəkil]
Musa və İbrahimlə rəftarından Yehovanın düşüncə tərzi barədə nə öyrənirik?