TƏLİM MƏQALƏSİ 22
Mütaliənizi təkmilləşdirin!
«Daha vacib şeyləri ayırd etməyi [bacarın]» (FİLİP. 1:10).
NƏĞMƏ 35 Daha vacib şeyləri ayırd edək
İCMALa
1. Nəyə görə bəziləri mütaliə etməyə meyilli deyil?
İNDİKİ zəmanədə dolanmaq elə də asan deyil. Bacı-qardaşlarımızın çoxu ailələrini zəruri şeylərlə təmin etmək üçün saatlarla işləməli olur. Saysız-hesabsız dindaşımız işə gedib-gəlmək üçün yola xeyli vaxt sərf edir. Bir çoxları özlərini təmin etmək üçün ağır işdə işləyir. Günün sonunda bu zəhmətkeş bacı-qardaşlarımız o qədər yorulurlar ki, nə isə oxumağa halları qalmır.
2. Siz günün hansı vaxtında mütaliə edirsiniz?
2 Amma bir şey var ki, Allahın Kəlamının və nəşrlərimizin mütaliəsinə — düzgün mütaliəsinə vaxt tapmalıyıq. Yehova ilə münasibətlərimiz və əbədi həyatımız bundan asılıdır! (1 Tim. 4:15). Bəziləri hər gün sübh tezdən oyanıb, evdə sakitlik olanda, zehnin açıq vaxtı mütaliə edirlər. Digərləri axşamlar elə vaxt seçirlər ki, fikirləri yayınmadan bir qədər mütaliə edə bilsinlər.
3, 4. Aldığımız ruhani qida ilə bağlı hansı dəyişiklik edilib və nə üçün?
3 Yəqin razılaşarsınız ki, mütaliəyə vaxt ayırmaq vacibdir. Bəs nəyi mütaliə etməliyik? Bəlkə də, «oxunulası o qədər şey var ki, hamısını oxumağa vaxt tapmıram» deyəcəksiniz. Bəziləri bütün nəşrlərimizi oxuya, çıxan hər videoya baxa bilir. Lakin çoxlarına vaxt tapmaq çətindir. Rəhbərlik Şurası bunun fərqindədir. Odur ki, çap olunan və saytda dərc olunan materialların sayını azaltmaqla bağlı bu yaxınlarda qərar verib.
4 Məsələn, artıq «Yehovanın Şahidlərinin illik fəaliyyəti» kitabı nəşr edilmir. Səbəb jw.org® saytında və JW televiziyasındakı proqramlarda kifayət qədər ruhlandırıcı hadisələrin yer almasıdır. «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarının kütləvi nəşrləri isə artıq ildə üç dəfə nəşr olunur. Bütün bu dəyişikliklər digər işlərimizə daha çox vaxt ayırmağımız üçün edilməyib. Dəyişikliyin məqsədi odur ki, daha vacib şeylərə fikrimizi cəmləmək üçün vaxtımız olsun (Filip. 1:10). Gəlin prioritetlərimizi müəyyən etməyin və Müqəddəs Kitabın mütaliəsindən tam faydalanmağın yollarını araşdıraq.
PRİORİTETLƏRİNİZİ MÜƏYYƏN EDİN
5, 6. Hansı nəşrləri dərindən mütaliə etməliyik?
5 Mütaliə üçün prioritetimiz nə olmalıdır? Sözsüz ki, hər gün Allahın Kəlamını oxumağa vaxt ayırmalıyıq. Yığıncaqda Müqəddəs Kitabın həftəlik mütaliəsi üçün nəzərdə tutulan ayələrin sayı azaldılıb ki, oxuduqlarımızın üzərində dərindən düşünməyə və əlavə axtarış aparmağa vaxtımız olsun. Məqsədimiz sadəcə bu həftə üçün nəzərdə tutulan hissəni oxumaq yox, Allahın Kəlamının ürəyimizə təsir etməsi və bizi Yehovaya yaxınlaşdırması olmalıdır (Zəb. 19:14).
6 Daha nəyi dərindən mütaliə etməliyik? Əlbəttə ki, «Gözətçi qülləsi»nin təlim məqaləsini, həftəarası görüşdə keçirilən Müqəddəs Kitab dərsini və digər bəndləri. «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarının yeni saylarını da oxumaq zəruridir.
7. JW televiziyasında, yaxud saytımızda yerləşdirilən bütün materialları nəzərdən keçirə bilməməyimiz bizi ruhdan salmalıdırmı?
7 Ola bilsin, deyəcəksiniz: «Tutaq ki, bütün bunları elədim, bəs jw.org saytında və JW televiziyasında yerləşdirilən yeni materiallar necə? O qədər məqalə və video var ki!» Gəlin bir nümunəyə baxaq. Restoranın menyusunda çeşid-çeşid ləziz yeməklər olur. Təbii ki, müştəri menyudakı yeməklərin hamısından yeyə bilməz. Buna görə də yalnız bir neçə yemək sifariş edəcək. Eynilə, əgər siz də saytda yerləşdirilən bütün materialları oxuya və ya bütün videolara baxa bilmirsinizsə, ruhdan düşməyin. Bacardığınız qədərini edin. Gəlin baxaq mütaliəyə nə daxildir və ondan maksimum fayda əldə etmək üçün nə edə bilərik.
MÜTALİƏ ZƏHMƏT TƏLƏB EDİR
8. «Gözətçi qülləsi»ni necə mütaliə etmək lazımdır və bunun sizə hansı faydası olacaq?
8 Mütaliə oxuduğumuz materialdan fayda əldə etmək məqsədi ilə bütün diqqətimizi ona yönəltməkdir. Mütaliə sadəcə mətnə göz gəzdirib sualların cavabını işarələmək deyil. Məsələn, «Gözətçi qülləsi»nin təlim məqaləsinə hazırlaşarkən ilk öncə icmalı oxuyun. Sonra məqalənin adı, yarımbaşlıqlar və təkrar üçün suallar üzərində düşünün. Daha sonra məqaləni tələsmədən və diqqətlə oxuyun. Hər abzasın əsas fikrini vurğulayan cümləsinə diqqət yetirin, çox vaxt bu, abzasın ilk cümləsi olur. Əsas cümlə sizə abzasın mahiyyətini anlamağa kömək edəcək. Oxuduqca hər abzasın yarımbaşlıqla və məqalənin əsas mövzu ilə necə bağlı olduğuna diqqət yetirin. Sizə tanış olmayan sözləri və fikirləri araşdırmaq istəyirsinizsə, bir yerə qeyd edin.
9. a) «Gözətçi qülləsi» məqaləsini mütaliə edərkən nə üçün ayələrə xüsusi diqqət yetirməliyik və bunu necə edə bilərik? b) Yuşə 1:8 ayəsində vurğulandığı kimi, ayələri oxumaqla yanaşı nə etməliyik?
9 «Gözətçi qülləsi»nin təlim nəşri Müqəddəs Kitabı anlamağımıza kömək edir. Buna görə də məqalədə gətirilən ayələrə, ən əsası da, yığıncaqda oxunacaq ayələrə xüsusilə fikir verin. Ayələrdəki söz və ya ifadənin abzasın əsas fikri ilə necə bağlı olduğuna xüsusi diqqət yetirin. Bundan əlavə, oxuduğunuz ayələrin dərinliyinə varmaq və onları həyatınızda necə tətbiq edə biləcəyiniz üzərində düşünmək üçün vaxt ayırın. (Yuşə 1:8 ayəsini oxuyun.)
10. İbranilərə 5:14 ayəsinə əsasən, nə üçün valideynlər ailəvi ibadət zamanı uşaqlarına mütaliə etməyin və araşdırma aparmağın yolunu öyrətməlidirlər?
10 Təbii ki, valideynlər hər həftə keçirdikləri ailəvi ibadətin uşaqlara xoş təsir bağışlamasını istəyir. Düzdür, onlar ailəvi ibadətdə nə araşdıracaqlarını həmişə əvvəlcədən müəyyənləşdirməlidirlər. Lakin bu o demək deyil ki, hər həftə xüsusi, yaxud qeyri-adi proqram tərtib etmək lazımdır. Ailəvi ibadət zamanı JW televiziyasının aylıq proqramına baxmaq, ara-sıra hansısa layihə üzərində işləmək, məsələn, Nuhun gəmisinin maketini düzəltmək olar. Bunlarla yanaşı, uşağa düzgün mütaliə etməyin yolunu da öyrətmək vacibdir. Onlar yığıncağa hazırlaşmağı, həmçinin məktəbdə hansısa sual yarananda bu haqda araşdırma aparmağı öyrənməlidirlər. (İbranilərə 5:14 ayəsini oxuyun.) İbadət görüşlərimizdə həmişə video nümayiş olunmur. Odur ki, uşaqlar evdə Müqəddəs Kitaba aid mövzuları araşdırmağa bir az vaxt ayırsalar, yığıncaqda və böyük toplantılarda diqqətlə qulaq asa biləcəklər. Təbii ki, valideynlərin mütaliəyə nə qədər vaxt ayıracaqları hər uşağın yaşından və xasiyyətindən asılıdır.
11. Müqəddəs Kitab dərsi keçdiyimiz insanlara səmərəli mütaliə etməyi öyrətmək nə üçün vacibdir?
11 Müqəddəs Kitab dərsi keçdiyimiz insanlar da mütaliə etməyi öyrənməlidirlər. Təzə-təzə onların ibadət görüşünə hazırlaşarkən cavabların altından necə xətt çəkdiyini görəndə sevinirik. Lakin biz onlara təkbaşına araşdırma aparmağın və dərindən mütaliə etməyin yolunu öyrətməliyik. Beləcə, problemləri olanda kömək üçün dərhal hansısa bacı və ya qardaşa yaxınlaşmayacaq, əksinə, nəşrlərimizdən araşdırma aparıb lazım olan məlumatı tapmağın yolunu biləcəklər.
MƏQSƏDYÖNLÜ MÜTALİƏ EDİN
12. Mütaliə edərkən hansı məqsədləri qoya bilərik?
12 Oxumağı sevən insan deyilsinizsə, bəlkə də, mütaliədən zövq almağın mümkün olmadığını düşünürsünüz. Lakin bu mümkündür. Az-az oxumaqdan başlayın və tədricən mütaliəyə ayırdığınız vaxtı artırın. Məqsədyönlü oxuyun. Təbii ki, mütaliəmizin əsas məqsədi Yehovaya daha da yaxınlaşmaq olmalıdır. Daha tez çatmaq istədiyimiz məqsəd isə üzləşdiyimiz hər hansı çətinliklə və ya verilən hansısa sualla bağlı araşdırma aparmaq ola bilər.
13. a) Məktəbdə oxuyan məsihi etiqadını müdafiə etmək üçün hansı addımları ata bilər? b) Koloslulara 4:6 ayəsindəki məsləhətə necə əməl edə bilərsiniz?
13 Misal üçün, əgər siz məktəblisinizsə, çox güman ki, sinif yoldaşlarınız ad günlərini qeyd edirlər. Yəqin siz onların ad günü şənliyində nə üçün iştirak etmədiyinizi izah etmək istəyərdiniz, amma bacarmayacağınızı düşünürsünüz. Deməli, mütaliə etməyin tam vaxtıdır! Qarşınıza iki məqsəd qoya bilərsiniz: 1) Allahın ad günü şənliklərini bəyənmədiyinə əminliyinizi artırmaq; 2) həqiqəti müdafiə etmək bacarığınızı yaxşılaşdırmaq (Mət. 14:6—11; 1 But. 3:15). Düşünün, sinif yoldaşlarınız ad gününü qeyd etməyin səbəblərini necə izah edirlər? Sinif yoldaşlarınız ad günü keçirməklə bağlı hansı əsasları gətirirlər? Sonra nəşrlərimiz vasitəsilə dərindən araşdırma aparın. Çünki çoxları ad gününü hamı qeyd edir deyə qeyd edir. Cəmi bir-iki əsas tapsanız, sualına doğrudan da cavab axtaran insana kömək etmiş ola bilərsiniz. (Koloslulara 4:6 ayəsini oxuyun.)
ÖYRƏNMƏK HƏVƏSİNİZİ ARTIRIN
14—16. a) Müqəddəs Kitabın sizə yaxşı tanış olmayan bölməsi haqda daha çox məlumatı necə ala bilərsiniz? b) Gətirilən ayələr Amus kitabını daha yaxşı başa düşməyə necə kömək edə bilər? («Müqəddəs Kitabı canlandırın!» adlı çərçivəyə baxın.)
14 Tutaq ki, növbəti ibadət görüşündə kiçik peyğəmbərlik kitablarından biri araşdırılacaq. Ola bilsin, həmin peyğəmbər haqda o qədər də məlumatınız yoxdur. Odur ki, özünüzdə onun yazdığı kitabla tanış olmaq marağı yaradın. Bunu necə etmək olar?
15 Əvvəlcə düşünün: «Kitabın yazarı haqda nələri bilirəm? O kim olub, harada yaşayıb, nə işlə məşğul olub?» Yazarı daha yaxşı tanıyanda onun istifadə etdiyi söz və nümunələrin haradan qaynaqlandığını başa düşəcəksiniz. Müqəddəs Kitabı oxuyan zaman yazarın necə insan olduğunu göstərən ifadələrə fikir verin.
16 Kitabın nə vaxt yazıldığını bilmək də faydalı olacaq. Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin arxa hissəsində yerləşən «Kitablar haqqında məlumat cədvəli» sayəsində bunu asanlıqla müəyyən edə bilərsiniz. Həmçinin A6 əlavəsindəki padşahlar və peyğəmbərlər haqda sxemə nəzər sala bilərsiniz. Mütaliənizdə araşdırdığınız kitabın peyğəmbərlik kitabı olduğunu nəzərə alsaq, yaxşı olar ki, onun yazıldığı dövrdə hansı şəraitin hökm sürdüyünü araşdırasınız. Peyğəmbər insanların hansı düşüncə və davranışlarına düzəliş etmək üçün göndərilmişdi? Onun müasirləri kimlər idi? Geniş təsəvvürünüzün olması üçün bir neçə mənbədən axtarış aparmaq lazım gələ bilər. Məsələn, Amus peyğəmbərin yaşadığı dövrdə hökm sürən vəziyyəti tam anlamaq üçün Amus 1:1 ayəsinin çarpaz istinadlarında göstərilən 2 Padşahlar və 2 Salnamələr kitablarındakı məlumatlardan yararlanmaq olar. Bundan əlavə, Amusla eyni dövrdə yaşadığı ehtimal olunan Huşə peyğəmbərin kitabına da nəzər sala bilərsiniz. Bütün bu mənbələr Amus peyğəmbərin yaşadığı dövrü təsəvvürümüzdə daha yaxşı canlandırmağa kömək edəcək (2 Pad. 14:25—28; 2 Saln. 26:1—15; Huşə 1:1—11; Ams. 1:1).
DETALLARA FİKİR VERİN
17, 18. Müqəddəs Kitabı oxuyarkən ilk baxışdan gözə çarpmayan məqamlara fikir vermək mütaliəni necə maraqlı edir? Abzasdan, yaxud özünüzdən nümunə çəkin.
17 Müqəddəs Kitabı daha çox şey öyrənmək həvəsi ilə oxumaq faydalıdır. Deyək ki, siz Zəkəriyyə kitabının 12-ci fəslindən Məsihin ölümü ilə bağlı peyğəmbərliyi araşdırırsınız (Zək. 12:10). Bu fəslin 12-ci ayəsinə çatanda «Natan evi»nin Məsihin ölümünə görə yas tutacağını oxuyursunuz. Bu məqamın üstündən ötüb keçmirsiniz, dayanıb düşünürsünüz: «Natan evi ilə Məsih arasında hansı əlaqə var? Bu haqda daha çox haradan məlumat ala bilərəm?» Beləcə, siz axtarış işinə başlayırsınız. Çarpaz istinad sizi 2 İşmuil 5:13,14 ayələrinə yönəldir. Buradan öyrənirsiniz ki, Natan Davud padşahın oğullarından biri idi. Çarpaz istinadda gətirilən ikinci ayəni, Luka 3:23, 31 ayələrini oxuyanda aydın olur ki, İsa Məsih Məryəmin ulu babası Natanın nəslindən gəlibb. Budur, artıq maraq oyandı! Siz bilirdiniz ki, İsa Məsihin Davudun nəslindən gələcəyi peyğəmbərlik olunub (Mət. 22:42). Lakin Davud peyğəmbərin 20-dən çox oğlu var idi. Odur ki, Zəkəriyyə peyğəmbərin İsanın ölümünə görə məhz Natanın evinin yas saxlayacağını vurğulaması, həqiqətən də, maraqlı faktdır!
18 Başqa bir nümunəyə nəzər salaq. Lukanın Müjdəsinin birinci fəslində oxuyuruq ki, Cəbrayıl mələk Məryəmin yanına gəlib ona dünyaya gətirəcəyi oğul barədə növbəti sözləri deyir: «O, böyük olacaq, Haqq-Taalanın Oğlu adlanacaq. Yehova Allah ona atası Davudun taxtını verəcək. O, Yaqubun evi üzərində əbədiyyən hökmranlıq edəcək» (Luka 1:32, 33). Çox vaxt bu ayəni oxuyanda mələyin ilk sözləri diqqətimizi çəkir, «Haqq-Taalanın Oğlu adlanacaq». Lakin Cəbrayıl mələk İsanın həmçinin «hökmranlıq» edəcəyini də peyğəmbərlik etmişdi. Bu zaman düşünə bilərik, Məryəm bu sözləri eşidəndə nə düşünmüşdü? Bəlkə, o düşündü ki, İsa Hirodun, ya da onun varislərinin yerinə İsrailin padşahı olacaq? Əgər İsa padşah olacaqdısa, Məryəm padşah anası olub ailəsilə birgə sarayda yaşayacaqdı. Lakin Müqəddəs Kitabda Məryəmin Cəbrayıla belə bir fikir söylədiyi, yaxud İsanın iki şagirdi kimi Padşahlıqda yüksək mövqe istəməsi barədə bir kəlməyə də rast gələ bilmərik (Mət. 20:20—23). Bu kiçik məlumat Məryəmin düşündüyümüzdən də təvazökar bir qadın olduğunu görməyə kömək edir.
19, 20. Yaqub 1:22—25 və 4:8 ayələrinə əsasən, mütaliə zamanı məqsədimiz nə olmalıdır?
19 Gəlin unutmayaq ki, Allahın Kəlamını və nəşrlərimizi mütaliə etməkdə əsas məqsədimiz Yehovaya daha da yaxınlaşmaqdır. Biz həmçinin mütaliə vasitəsilə necə insan olduğumuzu daha aydın görməyə və Allahı razı salmaq üçün lazımi dəyişikliklər etməyə çalışmalıyıq. (Yaqub 1:22—25; 4:8 ayələrini oxuyun.) Buna görə də hər dəfə mütaliədən öncə Yehovadan müqəddəs ruh diləməliyik. Ona yalvarmalıyıq ki, oxuyacağımız materialdan tam faydalanmağa və Onun bizdə gördüyü nöqsanları görməyə kömək etsin.
20 Gəlin hər birimiz məzmurçunun təsvir etdiyi Allah adamına bənzəməyə çalışaq: «O, Yehovanın qanunundan həzz alır, gecə-gündüz Onun qanununun dərinliyinə varır... [Belə adam] hər işində uğur qazanar» (Zəb. 1:2, 3).
NƏĞMƏ 88 Mənə yollarını öyrət
a Yehova oxumağımız, baxmağımız, mütaliə etməyimiz üçün bizə bol-bol vəsait verib. Bu məqalə mütaliə üçün material seçməyə kömək edəcək və mütaliədən maksimum fayda əldə etməyin yollarını göstərəcək.
c ŞƏKLİN İZAHI. Valideynlər övladlarına «Gözətçi qülləsi»nin təlim məqaləsinə hazırlaşmağı öyrədir.
d ŞƏKLİN İZAHI. Qardaş Müqəddəs Kitab yazarı olan Amus peyğəmbər haqda araşdırma aparır. Arxa fondakı şəkillərdə isə qardaşın Müqəddəs Kitabı mütaliə edib üzərində düşünərkən xəyalında canlandırdığı səhnələr təsvir olunub.