Mənim sözümə sadiq qalın
“Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən Mənim şagirdlərimsiniz” (YƏHYA 8:31).
1. a) Göyə qayıdarkən, İsa özündən sonra nə qoyub getdi? b) Hansı sualları nəzərdən keçirəcəyik?
MƏSİHÇİLİYİN banisi olan İsa Məsih göyə qayıdarkən, yer üzündə onun tərəfindən yazılmış kitablar, tikilmiş abidələr və ya toplanmış xəzinələr qoyub getmədi. O, özündən sonra şagirdlər, həmçinin şagird olmaq arzusunda olanlar üçün xüsusi tələblər qoyub getdi. Yəhyanın Müjdəsindən öyrənirik ki, İsa, onun şagirdi olmaq istəyənlər üçün üç zəruri tələbi qeyd etmişdir. Bunlar hansı tələblərdir? Bu tələblərə müvafiq olmaq üçün nə etmək lazımdır? Və sözün əsl mə’nasında Məsihin şagirdləri olduğumuza necə əmin ola bilərik?a
2. Yəhyanın Müjdəsində şagirdlər üçün yazılan vacib tələblərdən biri hansıdır?
2 Ölümündən təxminən altı ay əvvəl İsa Yerusəlimə gəldi və Çardaqlar bayramını qeyd etməyə toplaşan xalqa təbliğ etdi. Bir həftə davam edən bayramın ortalarına yaxın “xalqdan bir çoxu Ona” iman etdi. İsa təbliğini davam etdirdi və bayramın son günündə yenidən “bir çoxları Ona iman etdi” (Yəhya 7:10, 14, 31, 37; 8:30). Belə olduqda, İsa diqqətini iman gətirən şəxslərə yönəltdi və şagirdlər üçün həvari Yəhya tərəfindən yazılan vacib bir tələbi bildirdi: “Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən Mənim şagirdlərimsiniz” (Yəhya 8:31).
3. İsanın sözünə sadiq qalmaq üçün insana hansı keyfiyyət lazımdır?
3 İsa bu sözlərlə demək istəmirdi ki, ona iman edən yeni insanların imanı əksik idi. Əksinə, o qeyd etmək istəyirdi ki, həmin insanların onun həqiqi şagirdləri olmaq imkanları var — bunun üçün onlar onun sözünə sadiq qalmalı və səbr etməli idilər. Onlar İsanın sözünü qəbul etdilər, ancaq onun sözünə sadiq qalmağa davam etmələri vacib idi (Yəhya 4:34; İbranilərə 3:14). İsa səbr etməyi şagirdləri üçün o qədər zəruri keyfiyyət sayırdı ki, həvariləri ilə, Yəhyanın Müjdəsində yazılan sonuncu söhbəti zamanı “mənim ardımca gəl” çağırışını iki dəfə təkrar etdi (Yəhya 21:19, 22). İlk məsihçilərin əksəriyyəti bu cür davranırdı (2 Yəhya 4). Səbr etməkdə onlara nə kömək edirdi?
4. İlk məsihçilər nəyin sayəsində səbr edə bilirdilər?
4 Təxminən 70 il ərzində Məsihin sadiq şagirdi olan həvari Yəhya mühüm bir amili vurğuladı. O, sadiq məsihçiləri tə’rifləyərək dedi: “Siz güclüsünüz və Allahın sözü sizdə yaşayır və siz pis olana qalib gəldiniz”. Məsihin həmin şagirdləri Allahın sözünə sadiq qalaraq səbr edirdilər, çünki Allahın sözü onlarda yaşayırdı. Həmin məsihçilər Allahın sözünü yüksək qiymətləndirirdilər (1 Yəhya 2:14, 24, İ–93). Eyni tərzdə bu gün də ‘axıra qədər səbr etmək’ üçün, Allahın sözünün bizdə yaşadığına əmin olmalıyıq (Matta 24:13). Bunu necə etmək olar? Cavabı İsanın söylədiyi məsəldə tapırıq.
Sözü eşidənlər
5. a) Məsəllərindən birində İsa torpağın hansı növlərini xatırlatdı? b) İsanın məsəlindəki toxum və torpaq nəyi təmsil edir?
5 İsa, toxum səpən əkinçi barədə məsəl söylədi. Bu məsəl Mattanın, Markın və Lukanın Müjdəsində yazılıb (Matta 13:1-9, 18-23; Mark 4:1-9, 14-20; Luka 8:4-8, 11-15). Müqəddəs Kitabın bu parçalarını oxuyarkən diqqət yetirəcəksən ki, məsəlin məğzi ondadır ki, eyni çeşid toxumlar müxtəlif növ torpağa düşür və bu zaman fərqli məhsul verirlər. Birinci halda torpaq tapdalanmış, ikinci halda dayaz, üçüncüdə isə tikanlarla dolu idi. Dördüncü halda isə, hər üçündən fərqli olaraq “yaxşı torpaq” idi. İsanın özünün izah etdiyi kimi, toxum — Allahın Sözündə yazılan Padşahlıq haqqındakı xəbəri, torpaq isə, ürəkləri müxtəlif vəziyyətdə olan insanları təmsil edirdi. Müxtəlif növ torpaqla təmsil edilən insanların hamısında ümumi bir şey olsa da, yaxşı torpaq kimi təmsil olunan insanların, onları başqalarından fərqləndirən bir səciyyəvi xüsusiyyəti var.
6. a) İsanın söylədiyi məsəldəki dördüncü növ torpaq digər üçündən nə ilə fərqlənir və bu növ kimlərə işarə edir? b) Məsihin şagirdlərinə layiq tərzdə səbr təzahür etdirmək üçün nə lazımdır?
6 Luka 8:12-15 (İ–93) ayələrindən görürük ki, hər dörd halda insanlar ‘sözü eşidirlər’. Lakin ‘sadiq və təmiz ürəyi’ olanlar, sözü sadəcə olaraq eşitməklə kifayətlənmirlər. Onlar onu “sadiq və təmiz ürəkdə saxlayırlar və səbrlə səmərə verirlər”. Torpaq yaxşı — yumşaq və dərin — olduğundan, toxum kök buraxır, böyüyür və nəticədə məhsul verir (Luka 8:8). Buna bənzər tərzdə, sadiq ürəkli insanlar Allahın sözünü başa düşür, onu qiymətləndirməyə və bütün həyatlarını ona cəmləşdirməyə başlayırlar (Romalılara 10:10; 2 Timoteyə 2:7). Allahın sözü onlarda yaşayır. Nəticədə onlar səbr edərək məhsul verirlər. Beləliklə, Məsihin şagirdlərinə layiq tərzdə səbr etmək üçün, Allahın Sözünü bütün ürəklə yüksək qiymətləndirmək olduqca vacibdir (1 Timoteyə 4:15). Bəs Allahın Sözünü bütün ürəklə qiymətləndirməyi necə öyrənə bilərik?
Ürəyin vəziyyəti və dərindən düşünmək
7. Hansı fəaliyyət növü sadiq ürəklə sıx bağlıdır?
7 Diqqət yetirək görək, Müqəddəs Kitabda sadiq və təmiz ürək dəfələrlə hansı növ fəaliyyətlə müqayisə edilir. “Salehin ürəyi cavab vermək üçün dərin düşünür” (Süleymanın məsəlləri 15:28). “Ağzımın sözləri və ürəyimin düşüncəsi sənin önündə məqbul olsunlar, ya Rəbb” (Məzmur 19:14). “Ürəyimin düşüncəsi anlayış olacaqdır” (Məzmur 49:3).
8. a) Müqəddəs Kitabı oxuyarkən nədən qaçınmaq və əksinə olaraq, nəyi etmək lazımdır? b) Allahın Sözü üzərində dua edərək düşünəndə hansı faydanı əldə edirik? (“Həqiqətdə sabit olanlar” adlı çərçivədən fikirləri daxil edin.)
8 “Süleymanın məsəlləri” və “Məzmur” kitabını yazanlar kimi, biz də dua edərək minnətdarlıq hissi ilə Allahın Sözü və işləri üzərində dərindən düşünməliyik. Müqəddəs Kitabı və ya ona əsaslanan nəşrləri oxuyarkən, bir mənzərəli yerdən başqa mənzərəli yerə qaçan, hər şeyi foto-lentə alan, həqiqətdə isə gözü ilə az şey görən turistlərə bənzəməməliyik. Bunun əvəzinə, Müqəddəs Kitabı tədqiq edərkən vaxt ayırmalıyıq ki, belə demək mümkünsə, dayanaq və oxuduğumuz hissələrdən həzz alaqb. Oxuduqlarımızın üzərində tələsmədən düşünəndə, Allahın Sözü ürəyimizə tə’sir edir, hisslərimizi riqqətə gətirir və düşüncəmizi formalaşdırır. Həmçinin bizi, ən gizli fikirlərimizi belə, duada Allahla bölüşməyə təşviq edir. Nəticədə, Yehovaya bağlılığımız daha da möhkəmlənir və Ona olan məhəbbətimiz bizi, hətta çətin anlarda belə İsanın ardınca yeriməyi davam etdirməyə təşviq edir (Matta 10:22). Bəli, əgər axıra qədər sadiq qalmaq istəyiriksə, Allahın dedikləri üzərində dərindən düşünmək çox vacibdir (Luka 21:19).
9. Ürəklərimizin Allahın Sözünə qarşı həssas olduğuna necə əmin ola bilərik?
9 İsanın söylədiyi məsəldə həmçinin göstərilir ki, toxumun — Allahın sözünün — böyüməsinə nə isə mane ola bilər. Buna görə də, İsanın sadiq şagirdləri olaraq qalmaq üçün biz, 1) məsəldə pis torpaq kimi təqdim edilən maneələri müəyyən etməli və 2) onların öhdəsindən gəlmək və ya onlardan qaçınmaq üçün addımlar atmalıyıq. Belə halda əmin ola bilərik ki, ürəklərimiz Padşahlıq toxumuna qarşı həssasdır və məhsul gətirməyə davam edir.
Başları qarışıq olanlar — yol kənarındakı torpağa bənzəyirlər
10. İsanın söylədiyi məsəldəki birinci növ torpağı təsvir edin və bunun nə demək olduğunu izah edin.
10 Birinci halda toxumlar “yol kənarına” düşür və elə oradaca ‘ayaq altında tapdalanır’ (Luka 8:5). Taxıl tarlasının yanından keçən yolun kənarındakı torpaq piyadaların daimi hərəkətindən tapdalanaraq sərtləşmişdir (Mark 2:23). Buna bənzər tərzdə, vaxtlarını və qüvvələrini bu dünyanın boş işlərinə sərf edən insanların Allahın sözünə görə səmimi minnətdarlıq hissi inkişaf etdirmək üçün başları qarışıq olur. Onlar sözü eşidir, lakin üzərində düşünmürlər. Buna görə də ürəklərində heç bir hiss oyanmır. Onlar sözü sevməyə macal tapmırlar, çünki “iblis gəlir və iman etməyib, xilas olmasınlar deyə, Sözü onların ürəyindən alıb aparır” (Luka 8:12, İ–93). Bunun qarşısını almaq mümkündürmü?
11. Ürəyimizin tapdalanmış sərt torpağa bənzəməməsi üçün nə etmək olar?
11 Ürək yol kənarındakı səmərəsiz torpağa bənzəməsin deyə çox şey etmək olar. Tapdalanmış sərt torpaq, əgər onu belləyib, üzərində bir daha gəzilməsinə yol verilməzsə, yumşaq və səmərəli ola bilər. Buna bənzər tərzdə, Allahın Sözünün öyrənilməsinə və üzərində düşünülməsinə vaxt ayrılarsa, ürək də yaxşı, səmərəli torpaq kimi ola bilər. Əsas odur ki, dünyəvi işlərə həddindən artıq aludə olmayaq (Luka 12:13-15). Əmin ol ki, həyatdakı “ən üstün dəyərlər” üzərində düşünməyə vaxtın var (Filipililərə 1:9-11).
Qorxuya təslim olanlar — daşlıq yerdəki torpağa bənzəyirlər
12. İsanın məsəlindəki ikinci növ torpaqda cücərən bitkinin qurumasına əsas səbəb nədir?
12 İkinci növ torpağa düşən toxum, birincidə olduğu kimi, torpağın üzərində qalmır. O kök atır və böyüyür. Günəş çıxanda bitki istidən quruyur. Lakin vacib bir amilə diqqət yetir. Bitkinin qurumasının əsas səbəbi isti deyil. Axı yaxşı torpaqda böyüyən bitki də günəş şüalarının tə’sirinə mə’ruz qalır, lakin qurumur, əksinə, daha yaxşı inkişaf edir. Onların arasında nəyə görə bu qədər fərq var? İsanın izah etdiyi kimi, bitki “torpağın dərinliyi” və “rütubəti” olmadığından quruyur (Matta 13:5, 6; Luka 8:6). Torpağın üst qatının altında olan daşlıq yer, bitkiyə dərin kök salmağa imkan vermir və bitki rütubət tapıb, torpaqda möhkəmlənə bilmir. Torpağın dərinliyi olmadığı üçün quruyur.
13. Hansı insanlar dərinliyi olmayan torpağa bənzəyirlər və onların bu cür davranmalarının əsl səbəbi nədir?
13 Məsəlin bu hissəsi, “Sözü eşitdikdə sevinclə” qəbul edən və “bir müddət” sə’ylə İsanın ardınca gedən insanlara aiddir (Luka 8:13, İ–93). “Sıxıntı və ya əziyyət” günəşinin qızmar şüaları altına düşəndə, onlar qorxuya o dərəcədə təslim olurlar ki, sevinclərini itirir, əlləri yanlarına düşür və artıq Məsihin ardınca yeriməyə davam etmirlər (Matta 13:21). Lakin onların qorxularının əsl səbəbi əziyyətlər deyil. Axı İsanın milyonlarla şagirdləri müxtəlif cür sıxıntı və əziyyətlərlə qarşılaşır, lakin sədaqətlərini qoruyurlar (2 Korinflilərə 2:4; 7:5). Bə’zilərinin qorxuya təslim olmalarının və həqiqətdən uzaqlaşmalarının səbəbi ondadır ki, daşlıq yerə bənzəyən sərt ürəkləri onlara, inkişafetdirici ruhani həqiqətlərin üzərində kifayət qədər dərindən düşünməyə imkan vermir. Nəticədə, onların Yehovaya və Onun sözünə bəslədikləri məhəbbət, müqavimətlərə tab gətirmək üçün olduqca səthi və zəif olur. Bunun qarşısını necə almaq olar?
14. Hansı addımları atmaq lazımdır ki, ürək dərinliyi olmayan torpaq kimi olmasın?
14 İnsan əmin olmalıdır ki, onun ürəyində dərin kədər, eqoizm və ya buna bənzər digər gizli mənfi hisslər ucbatından daşlaşma əmələ gəlməyib. Əgər bu cür daşlaşma artıq baş veribsə, Allahın Sözü öz qüvvəsi ilə onu parçalaya bilər (Yeremya 23:29; Efeslilərə 4:22; İbranilərə 4:12). Dua edərək dərindən düşünmək isə ona səbəb olur ki, “əkilən söz” insanın ürəyində kök atır (Yaqub 1:21, İ–93). Bu isə düşkünlük vaxtlarına tab gətirmək üçün güc, sınaqlara baxmayaraq sadiq qalmaq üçün isə cəsarət verəcək.
Ürəyi bütöv olmayanlar — tikanlar arasındakı torpağa bənzəyirlər
15. a) İsanın xatırlatdığı üçüncü növ torpaq nəyə görə xüsusi diqqətə layiqdir? b) Nəticədə üçüncü növ torpaqla nə baş verir və nəyə görə?
15 Tikanlar bitən üçüncü növ torpaq, bir çox cəhətdən yaxşı torpağa oxşadığı üçün xüsusi diqqətə layiqdir. Yaxşı torpaqda olduğu kimi, tikanlar bitirən torpaqda da toxum kök atır və böyüyür. Bu iki növ torpaqda bitkilər əvvəlcə eyni səviyyədə inkişaf edir. Sonradan elə vəziyyət yaranır ki, bitki boğulur. Yaxşı torpaqdan fərqli olaraq, bu torpaqda tikanlar bitir. Bu torpaqda cavan bitki baş qaldıranda, ‘onunla bərabər böyüyən’ tikanlarla rəqabət aparmalı olur. Bitkilər bir müddət qida, işıq və ərazi uğrunda mübarizə aparır, lakin nəhayətdə tikanlar bitkiyə qalib gəlir və ‘onu boğurlar’ (Luka 8:7).
16. a) Hansı insanlar tikan basmış torpağa bənzəyir? b) Üç Müjdədən götürülmüş parçalara əsasən tikanlar nəyi təmsil edir? (Haşiyəyə baxın.)
16 Hansı insanlar tikan basmış torpağa bənzəyir? İsa izah edir: “[Bu o insanlardır ki,] Sözü eşidirlər, lakin get-gedə bu həyatın qayğıları, zənginliyi, zövqlərilə boğulur və yetkin səmərə vermirlər” (Luka 8:14, İ–93). Əkinçinin səpdiyi toxumun və dəlicənin torpaqda eyni vaxtda bitməsinə bənzər tərzdə, bə’zi insanlar da Allahın Sözünü və ‘həyatın zövqlərini’ bir araya sığışdırmağa çalışırlar. Allahın Sözündən olan həqiqət onların ürəyinə səpilir, lakin həmin həqiqət orada başqa istəklərlə mübarizə etməli və insanın həyatında yer tutmaq uğrunda onlarla rəqabət aparmalı olur. Bu cür insanların simvolik ürəyi bütöv deyildir (Luka 9:57-62). Bunun ucbatından onların Allahın Sözü üzərində dua edərək dərindən düşünməyə kifayət qədər vaxtları yoxdur. Bütün həyatlarını Allahın Sözünə cəmləşdirmədikləri üçün, onu bütün ürəkləri ilə qiymətləndirmirlər. Bu isə, səbr etmək üçün vacibdir. Ruhani olmayan məqsədlər tədricən onların ruhani maraqlarına o qədər güc gəlir ki, bu insanlar bütünlüklə ‘boğulurlar’c. Yehovanı bütün ürəyi ilə sevməyənlər üçün vəziyyət necə də kədərli olur! (Matta 6:24; 22:37).
17. İsanın məsəlindəki simvolik tikanlar bizi boğmasınlar deyə nə etməliyik?
17 Əgər ruhani şeyləri maddi şeylərdən üstün tuturuqsa, dünyanın mə’yusluqları və zövqləri bizi boğa bilməyəcək (Matta 6:31-33; Luka 21:34-36). Müqəddəs Kitabı oxumağa və onun üzərində dərindən düşünməyə heç zaman e’tinasız yanaşmamalıyıq. Həyatımızı bacardığımız qədər sadələşdirməklə, dua edib diqqətlə düşünmək üçün xeyli vaxt taparıq (1 Timoteyə 6:6-8). Allahın bunu etməyi bacaran xidmətçiləri — təşbehlərlə desək, məhsul gətirən bitkinin daha çox qidası, işığı və ərazisi olsun deyə, tikanları torpaqdan kökü qarışıq çıxaranlar — Yehovanın xeyir-dualarını əldə edirlər. 26 yaşlı Sandra bu sözləri deyir: “Həqiqətdə aldığım xeyir-dualar üzərində düşünəndə dərk edirəm ki, dünya buna bənzər heç bir şey təklif edə bilməz!” (Məzmur 84:11).
18. Məsihçilərə layiq tərzdə Allahın sözünə necə sadiq qalaraq, səbr edə bilərik?
18 Aydın şəkildə görürük ki, Allahın sözü bizlərdən hər birimizdə — gənclərdə və yaşlılarda — yaşadığımız müddətdə, Onun sözünə sadiq qalacaq və Məsihin şagirdlərinə layiq tərzdə səbr edəcəyik. Buna görə də gəlin diqqət yetirək ki, simvolik ürəyimizin torpağı heç zaman sərt, dayaz və ya tikan basmış yox, yumşaq və dərin olsun. Belə olan halda bütün həyatımızı Allahın Sözünə cəmləşdirə bilər və ‘səbrlə səmərə verərik’ (Luka 8:15).
[Haşiyələr]
a Bu məqalədə üç tələbdən birincisini müzakirə edəcəyik. Qalan iki tələbi növbəti məqalələrdə nəzərdən keçirəcəyik.
b Oxuduğun Müqəddəs Kitab parçaları üzərində dua edərək düşünmək üçün sən, məsələn, özündən soruşa bilərsən: “Bu hissədə Yehovanın hansısa xüsusiyyətləri açıqlanırmı? Bu, Müqəddəs Kitabın mövzusu ilə necə bağlıdır? Bunu həyatımda və ya başqalarına kömək etmək üçün necə tətbiq edə bilərəm?”
c İsanın söylədiyi məsəli təsvir edən üç Müjdədən götürülmüş parçalara əsasən, toxum bu dünyanın mə’yusluqları və zövqləri ilə — “dünyanın qayğıları”, “zənginliyin aldadıcılığı”, “başqa şeylərə həvəsi”, “həyatın... zövqlərilə” boğulur (Mark 4:19; Matta 13:22; Luka 8:14; Yeremya 4:3, 4).
Siz necə cavab verərdiniz?
• Nəyə görə İsanın ‘sözünə sadiq qalmalıyıq’?
• Allahın sözü ürəyimizdə yaşasın deyə nə etməliyik?
• İsanın xatırlatdığı dörd növ torpaq hansı insanları təmsil edir?
• Allahın sözü üzərində dərindən düşünmək üçün vaxtı necə tapa bilərdiniz?
[20-ci səhifədəki çərçivə/şəkil]
HƏQİQƏTDƏ SABİT DURANLAR
ARTIQ uzun illər Məsihin şagirdi olanların əksəriyyəti ‘həqiqətdə sabit’ durduqlarını ildən-ilə sübut edirlər (2 Peter 1:12). Sabitliklərini qorumaqda onlara nə kömək edir? Onların dediklərinə diqqət yetirək.
“Hər günümü Müqəddəs Kitabı oxumaqla və dua etməklə başa vururam. Sonra oxuduğumun üzərində düşünürəm” (Cin, vəftiz olunma tarixi 1939-cu il).
“Yüksək mövqeyə sahib olan Yehovanın bizi bu qədər dərindən sevdiyini düşünəndə, rahatlıq duyur və sadiq qalmaq üçün güc əldə edirəm” (Patrisiya, vəftiz olunma tarixi 1946-cı il).
“Müqəddəs Kitabı çalışqanlıqla öyrənmək və diqqətimi ‘Allahın dərin düşüncələrinə’ cəmləşdirmək, Yehovaya ibadət etməkdə mənə güc verir” (1 Korinflilərə 2:10) (Anna, vəftiz olunma tarixi 1939-cu il).
“Mən Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri oxuyuram ki, ürəyimi və məni hərəkətə gətirən hissləri tədqiq edim” (Zelda, vəftiz olunma tarixi 1943-cü il).
“Gəzinərək duada Yehova ilə söhbət edə bildiyim — sadəcə olaraq Ona hisslərimi söyləyə bildiyim vaxtlar mənim üçün ən gözəl vaxtlardır” (Ralf, vəftiz olunma tarixi 1947-ci il).
“Günümü, gündəlik ayəni nəzərdən keçirməklə və Müqəddəs Kitabı oxumaqla başlayıram. Bu mənə, gün ərzində üzərində düşünəcəyim yeni fikirlər verir” (Mari, vəftiz olunma tarixi 1935-ci il).
“Müqəddəs Kitabın hansısa kitabı ayəbəayə müzakirə olunanda, əsl mə’nada möhkəmləndiyimi hiss edirəm” (Daniel, vəftiz olunma tarixi 1946-cı il).
Allahın Kəlamı üzərində dua edərək düşünməyə sən nə zaman vaxt ayırırsan? (Daniel 6:10b; Mark 1:35; Həvarilərin işləri 10:9).
[22-ci səhifədəki şəkil]
Ruhani şeylərə üstünlük verməklə, ‘səbrlə səmərə verə’ bilərik.