TƏLİM MƏQALƏSİ 49
İşin və istirahətin «öz vaxtı var»
«Gəlin sakit bir yerə gedək, bir az dincinizi alın» (MARK 6:31).
NƏĞMƏ 143 İş başında ol, oyaq qal, gözlə
İCMALa
1. Bir çoxlarının işə münasibəti necədir?
YAŞADIĞINIZ ərazidəki insanların əksəriyyəti işə necə yanaşır? Bu gün bir çox ölkələrdə insanlar işə heç vaxt olmadığı qədər çox vaxt və güc sərf edir. Bəziləri o qədər işləyir ki, istirahət etməyə, ailələrinə vaxt ayırmağa, ruhani tələbatlarını ödəməyə vaxtları olmur (Vaiz 2:23). Bir başqaları isə ümumiyyətlə işləməyi sevmir və buna bəhanələr gətirirlər (Məs. 26:13, 14).
2, 3. Yehova və İsa Məsih işə dair hansı nümunəni qoyub?
2 Bəli, bu dünyanın işə münasibəti tarazlı deyil. Amma gəlin Yehovanın və İsa Məsihin işə necə yanaşdığına diqqət yetirək. Yehovanın əməksevər olduğuna heç bir şübhə yoxdur. İsa Məsih «mənim Atam indiyədək işləyir, mən də işləyirəm» sözləri ilə bunu aydın göstərmişdi (Yəh. 5:17). Saysız-hesabsız ruhani varlıqları və əngin Kainatı yaratmağın nə qədər zəhmət tələb etdiyini bir təsəvvür edin! Allahın yer üzündə yaratdığı gözəllikləri hələ demirik! Məzmurçu yaxşı demişdi: «Ey Yehova, gördüyün işlər necə də çoxdur! Hər birini hikmətlə görmüsən. Yer üzü xilqətinlə doludur» (Zəb. 104:24).
3 İsa Məsih Atasına bənzəyirdi. Yehova «göyləri hazırlayanda» hikmətin təcəssümü olan İsa Məsih Ona kömək edirdi. O, Yehovanın yanında «usta kimi» çalışırdı (Məs. 8:27—31). Çox sonralar İsa yer üzündə olanda heyrətamiz işlər görmüşdü. O, Yehovanın tapşırdığı işin onun üçün qida kimi olduğunu demişdi. Üstəlik, gördüyü bütün işlər İsanın Allah tərəfindən göndərildiyini sübut edirdi (Yəh. 4:34; 5:36; 14:10).
4. Yehova və İsa Məsih istirahət etməklə bağlı bizə hansı nümunəni qoyub?
4 Bəs Yehovanın və İsa Məsihin çox işləməsi o deməkdirmi ki, biz ümumiyyətlə istirahətə vaxt ayırmamalıyıq? Əlbəttə ki, yox. Müqəddəs Kitabda deyilir ki, Yehova göyü və yeri yaradandan sonra «əl saxlayıb istirahət» etmişdi (Çıx. 31:17). Nəzərə alsaq ki, Yehova heç vaxt yorulmur və fiziki istirahətə ehtiyac duymur, deməli, bu, Onun dayanıb yaratdıqlarını seyr edərək zövq aldığını bildirir. İsa Məsihə gəldikdə isə, baxmayaraq ki, o, yer üzündə olanda çox iş görmüşdü, bununla belə, istirahətə və dostları ilə bir süfrə arxasında əyləşməyə vaxt ayırırdı (Mət. 14:13; Luka 7:34).
5. Bir çoxları hansı çətinliklə üzləşir?
5 Müqəddəs Kitab Allahın xalqını zəhmətkeş olmağa səsləyir. Onun xidmətçiləri tənbəl yox, çalışqan olmalıdır (Məs. 15:19). Ola bilsin, ailənizin qeydinə qalmaq üçün işləyirsiniz. Üstəlik, Məsihin bütün davamçıları kimi, sizin də xoş xəbəri müjdələmək kimi öhdəçiliyiniz var. Bundan əlavə, siz kifayət qədər istirahət də etməlisiniz. İş, xidmət və istirahət arasındakı tarazlığı qorumaq hərdən sizə çətin gəlir? İşə və istirahətə nə qədər vaxt ayıracağınızı necə müəyyən edə bilərsiniz?
İŞ VƏ İSTİRAHƏT ARASINDA TARAZLIQ
6. Mark 6:30—34 ayələri İsanın işə və istirahətə tarazlı yanaşdığını necə göstərir?
6 İş məsələsində tarazlığı qorumaq vacibdir. Süleyman padşah Allahın ilhamı ilə yazmışdı: «Hər işin öz vaxtı var». O, əkməyin, tikməyin, ağlamağın, gülməyin, oynamağın və digər şeylərin öz vaxtı olduğunu qeyd etmişdi (Vaiz 3:1—8). Aydındır ki, iş və istirahət həyatımızın iki əsas sahəsidir. İsa Məsih işə və istirahətə tarazlı yanaşırdı. Bir dəfə həvarilər təbliğdən qayıdırdılar. Onların başı o qədər qarışmışdı ki, «yemək yeməyə də macal» tapmamışdılar. İsa onlara demişdi: «Gəlin sakit bir yerə gedək, bir az dincinizi alın». (Mark 6:30—34 ayələrini oxuyun.) İsa və şagirdləri həmişə istədikləri vaxt dincələ bilməsələr də, o bilirdi ki, onların istirahətə ehtiyacı var.
7. Şənbə günü haqda qanunu araşdırmaq bizə nədə kömək edə bilər?
7 Hərdən insanın istirahətə, gündəlik işlərdən dincini almağa ehtiyacı olur. Bunu Yehovanın qədimdə xalqı üçün təsis etdiyi bir tədbirdən — şənbə gününə aid verdiyi qanundan görmək olar. Biz Musanın qanunu altında yaşamasaq da, şənbə günü haqda qanunu nəzərdən keçirmək bizim üçün faydalı ola bilər. Bu qanundan öyrəndiklərimiz işə və istirahətə olan münasibətimizi yoxlamağa kömək edəcək.
ŞƏNBƏ — İSTİRAHƏT VƏ İBADƏT GÜNÜ
8. Çıxış 31:12—15 ayələrinə əsasən, şənbə günü nə üçün idi?
8 Müqəddəs Kitabda deyilir ki, altı yaradılış günündən sonra Allah yer kürəsi ilə bağlı işlərinə fasilə verdi (Yar. 2:2). Amma Yehova işləməyi sevir və digər sahələrdə «indiyədək işləyir» (Yəh. 5:17). Yehova yeddinci gün istirahət etdiyi kimi, israillilərə də hər yeddinci gün istirahət etməyi buyurmuşdu. Allah şənbənin onunla israillilər arasında nişanə olduğunu bildirmişdi. Şənbə «istirahət üçün təyin olunan», «Yehovanın gözündə müqəddəs» gün idi. (Çıxış 31:12—15 ayələrini oxuyun.) Həmin gün iş görmək qadağan idi və bu, hər kəsə — uşaqlara, qullara, hətta ev heyvanlarına da aid idi (Çıx. 20:10). Bunun sayəsində xalq ibadətə daha çox vaxt ayıra bilirdi.
9. İsa Məsihin yaşadığı dövrdə şənbə ilə bağlı hansı yanlış düşüncə var idi?
9 Şənbə gününə dair qanun Allahın xalqının rifahına idi; amma Məsihin yaşadığı dövrdə bir çox din xadimləri bu məsələyə dair ifrat və sərt mövqe tuturdu. Onlar iddia edirdilər ki, şənbə günü hətta bir-iki sünbül dərib yemək, yaxud xəstəni sağaltmaq da qanuna ziddir (Mark 2:23—27; 3:2—5). Amma Allahın istədiyi bu deyildi və İsa Məsih onu dinləyənlərə bunu aydın izah etmişdi.
10. Mətta 12:9—12 ayələrinə əsasən, İsa Məsih şənbəyə necə yanaşırdı?
10 İsa Məsih və onun yəhudi davamçıları Musanın qanunu altında olduqları üçün şənbəyə riayət edirdib. Amma İsa həm sözü, həm də əməli ilə göstərdi ki, həmin gün xeyirxah, faydalı işlər görmək qəbahət deyil. O, açıq şəkildə demişdi: «Qanuna görə şənbə günü savab iş görmək olar». (Mətta 12:9—12 ayələrini oxuyun.) Bəli, o, şənbə günü savab işlər görməyin qanuna zidd olduğunu düşünmürdü. İsanın gördüyü işlər şənbənin mahiyyətini vurğulayırdı. Allahın xalqı həmin gün gündəlik işlərindən istirahət etdiyi üçün fikirlərini ibadətə cəmləyə bilirdi. İsanın böyüyüb boya-başa çatdığı ailə də şənbə gününü ibadətə həsr edirdi. Bunu haradan bilirik? Allahın Kəlamında yazılıb ki, o, doğma yurdu Nasirədə olarkən «adəti üzrə şənbə günü sinaqoqa girdi və Müqəddəs Yazıları oxumaq üçün ayağa qalxdı» (Luka 4:15—19).
İŞƏ MÜNASİBƏTİNİZ NECƏDİR?
11. İsa Məsihə zəhmətkeşliyi kim aşılamışdı?
11 Şübhəsiz, Yusif İsaya dülgərliyi öyrədərkən Allahın əməyə münasibətini də aşılayırdı (Mət. 13:55, 56). İsa Məsih Yusifin böyük bir ailəni dolandırmaq üçün hər gün zəhmətlə işlədiyini görürdü. Maraqlıdır ki, İsa sonralar şagirdlərinə demişdi: «Zəhmətkeş əməkhaqqına layiqdir» (Luka 10:7). Bəli, İsa Məsih zəhmətin nə olduğunu bilirdi.
12. Bulusun əməyə münasibətini hansı ayələrdən görmək olar?
12 Eyni şeyi həvari Bulus haqqında demək olar. Onun başlıca işi İsa Məsih və onun öyrətdikləri haqda şəhadət vermək idi. Bununla yanaşı, o, özünü dolandırmaq üçün işləyirdi. O, salonikililərə xatırlatmışdı ki, heç kəsə ağır yük olmamaq üçün «gecə-gündüz tər töküb zəhmət» çəkib (2 Salon. 3:8; Həv. 20:34, 35). Görünür, Bulus çadır tikmək işini nəzərdə tuturdu. Korinfdə olarkən o, Akvilasla Priskillanın evində qalırdı; onlar bir yerdə işləyirdilər, «peşələri çadır tikmək idi». Bulus gecə-gündüz işlədiyini deyərkən durmadan işlədiyini nəzərdə tutmurdu. O, istirahət də edirdi, məsələn, şənbə günü. Həmin gün yəhudilər də işləmədiyindən Bulusun onlara təbliğ etmək imkanı olurdu (Həv. 13:14—16, 42—44; 16:13; 18:1—4).
13. Həvari Bulusun nümunəsindən nə öyrənirik?
13 Həvari Bulus bizə yaxşı nümunə qoyub. O, işləməli olsa da, müntəzəm olaraq «Allahın müjdəsi ilə bağlı müqəddəs işi icra edir»di (Rom. 15:16; 2 Kor. 11:23). Bulus başqalarını da buna təşviq edirdi. Odur ki, Akvilasla Priskilla ona «Məsih İsanın işində» əməkdaş idi (Rom. 12:11; 16:3). Bulus korinfliləri də «Rəbbin işində çox çalışın» deyə səsləyirdi (1 Kor. 15:58; 2 Kor. 9:8). Hətta Yehovanın ilhamı ilə Bulus yazmışdı: «İşləmək istəməyən yemək də yeməsin» (2 Salon. 3:10).
14. İsa Məsihin Yəhya 14:12 ayəsində qeyd olunmuş sözlərinin mənası nədir?
14 Bu axırzamanda ən vacib iş təbliğ etmək və şagird hazırlamaq işidir. Belə ki, İsa Məsih şagirdlərinin ondan daha böyük işlər görəcəyini peyğəmbərlik etmişdi! (Yəhya 14:12 ayəsini oxuyun.) Bununla o, bizim də onun kimi möcüzələr göstərəcəyimizi nəzərdə tutmurdu. İsa davamçılarının ondan daha çox müddətdə, daha çox ərazidə və daha çox insana təbliğ edəcəyini və təlim verəcəyini nəzərdə tuturdu.
15. Özümüzə hansı sualları verməliyik və nə üçün?
15 Əgər haradasa işləyirsinizsə, özünüzdən soruşun: «İşdə yaxşı işçi kimi tanınıram? Mənə tapşırılan işi vaxtında bitirirəm? Onu maksimum dərəcədə yaxşı görməyə çalışıram?» Əgər cavabınız «bəli»dirsə, çox yəqin ki, müdirinizin etibarını qazanacaqsınız. Üstəlik, iş yoldaşlarınız xoş xəbəri eşitməyə daha istəkli olacaq. Təbliğ və təlim işi ilə bağlı isə özünüzə bu sualları verin: «Məni çalışqan təbliğçi kimi tanıyırlar? Təkrar söhbətlərə yaxşı hazırlaşıram? Maraq göstərən insanları yubanmadan ziyarət edirəm? Xidmətin müxtəlif növlərində müntəzəm iştirak edirəm?» Əgər bu suallara «bəli» deyə cavab verirsinizsə, təbliğdən zövq duyacaqsınız.
İSTİRAHƏTƏ MÜNASİBƏTİNİZ NECƏDİR?
16. İsadan və şagirdlərindən fərqli olaraq, bu gün insanların istirahətə münasibəti necədir?
16 İsa Məsih bilirdi ki, bəzən onun da, şagirdlərinin də istirahətə ehtiyacı olur. Amma həm keçmişdəki, həm də bugünkü insanların bir çoxunu İsanın məsəlindəki varlı adama bənzətmək olar. Varlı adam özünü arxayınlaşdırıb deyirdi: «Canım, dincəl, ye, iç, kef elə» (Luka 12:19; 2 Tim. 3:4). Bu insanın fikri-zikri istirahətdə, zövq-səfada idi. Bunun əksinə olaraq, İsa və şagirdləri öz rahatlıqlarını birinci yerə qoymurdular.
17. İşdən kənar vaxtımızı necə istifadə edirik?
17 Bu gün biz İsa Məsihdən nümunə götürməyə çalışırıq. İşdən kənar vaxtımızı təkcə istirahətə yox, həmçinin xoş xəbərin təbliğinə və yığıncaqlarda iştirak etməyə ayırırıq. Şagird hazırlamaq və yığıncaqda iştirak etmək bizim üçün o qədər vacibdir ki, bu müqəddəs xidmətdə iştirak etmək üçün əlimizdən gələni edirik (İbr. 10:24, 25). Hətta məzuniyyətdə olanda da ruhani fəaliyyətimizi dayandırmırıq: olduğumuz yerdə yığıncağa qatılır və rastlaşdığımız insanlara təbliğ etmək üçün fürsət axtarırıq (2 Tim. 4:2).
18. Padşahımız İsa Məsih bizim nə etməyimizi istəyir?
18 Çox şadıq ki, Padşahımız İsa Məsih anlayışlıdır və bizə işə və istirahətə tarazlı yanaşmağı öyrədir (İbr. 4:15). O istəyir ki, biz həm istirahət edək, həm fiziki tələbatlarımızı ödəmək üçün işləyək, həm də şagird hazırlamaq işində iştirak edək. Növbəti məqalədən öyrənəcəyik ki, İsa Məsih bizi hansı ağır quldarlığın əsarətindən azad edib.
NƏĞMƏ 38 Allah səni güclü edəcək
a Müqəddəs Kitab işə və istirahətə tarazlı yanaşmağı öyrədir. Qədimdə israillilərin hər həftə riayət etməli olduğu şənbə haqqındakı qanun işə və istirahətə necə yanaşdığımızı yoxlamağa kömək edəcək.
b Şagirdlər şənbə qanununa o qədər ciddi yanaşırdılar ki, İsanın dəfni ilə bağlı hazırlıqları şənbədən sonraya saxlamışdılar (Luka 23:55, 56).
c ŞƏKLİN İZAHI: Yusif şənbə günü ailəsini sinaqoqa aparır.
d ŞƏKLİN İZAHI: Ailə başçısı ailəsini dolandırmaq üçün işləyir. Bununla yanaşı, o, işdən kənar vaxtını ruhani işlərə ayırır, hətta istirahət zamanı da ruhani fəaliyyətdən qalmır.