Yehova həqiqət Allahıdır
“Ya Rəbb, həqiqət Allahı, məni qurtardın” (MƏZMUR 31:5).
1. Yalan mövcud olmayan vaxt göydə və yerdə hansı şərait hökm sürürdü?
BİR ZAMANLAR yalan qətiyyən mövcud deyildi. Gözəgörünməz təbəqədə Yaradanları olan ‘həqiqət Allahına’ xidmət edən kamil ruhani varlıqlar məskunlaşmışdılar (Məzmur 31:5). Yalan və saxtakarlıq yox idi. Yehova Özünün ruhani oğullarına yalnız doğru mə’lumat verirdi. Bunu ona görə edirdi ki, onları sevir və rifahları ilə dərindən maraqlanırdı. Yer üzündəki vəziyyət də eyni cür idi. Yehova ilk kişi ilə qadını yaratdı və tə’yin etdiyi kanal vasitəsilə onlarla həmişə açıq, səmimi və dürüst söhbət edirdi. Ehtimal ki, bu olduqca gözəl idi!
2. Yalana ilk dəfə əl atan kim olmuşdur və nəyə görə?
2 Lakin nəticədə Allahın ruhani oğullarından biri allah olmaq istəyərək, təkəbbürlə Ona qarşı çıxdı. Şeytan və İblis kimi tanınan bu ruhani varlıq, başqalarının ona ibadət etmələrini istəyirdi. İblis, insanları öz nəzarəti altında saxlamaq niyyətilə yalana əl atan ilk şəxsiyyət oldu. Beləliklə də o, ‘yalançı və yalanın atası’ oldu (Yəhya 8:44).
3. Adəm və Həvva Şeytanın yalanına necə reaksiya göstərdilər və bu nə ilə nəticələndi?
3 Şeytan ilanın vasitəsilə ilk qadın olan Həvvaya söylədi ki, əgər Allahın əmrinə e’tinasız yanaşıb, qadağan olunmuş meyvəni yeyərsə ölməyəcək. Bu yalan idi. O, bundan əlavə onu da dedi ki, Həvva meyvəni yeyərək xeyir və şəri bilən Allah kimi olacaq. Bu da yalan idi. Bu vaxta qədər Həvvaya heç zaman yalan söyləməsələr də, o, başa düşürdü ki, ilanın sözləri Allahın onun əri Adəmə dediklərinə zidd gedir. Yenə də o, Yehovaya deyil, Şeytana inanmağı üstün tutdu. Bütünlüklə yalana təslim olaraq meyvəni götürdü və yedi. Bir qədər sonra həmin meyvədən Adəm də yedi (Təkvin 3:1-6). Həvva kimi, Adəm də heç zaman yalan eşitməmişdi, lakin Həvvadan fərqli olaraq o, aldadılmamışdı (1 Timoteyə 2:14). O, hərəkətləri ilə Yaradanını rədd etdiyini göstərdi. Bu hərəkətin sonu bəşər ailəsi üçün fəlakətli oldu. Adəmin itaətsizliyi ucbatından günah və ölüm, özü ilə çürüklük və saysız-hesabsız iztirablar gətirərək, onun bütün nəslinə keçdi (Romalılara 5:12).
4. a) Eden bağında söylənən yalanın məğzi nədən ibarət idi? b) Şeytan bizi aldatmasın deyə nə etməliyik?
4 Yalan yayılmağa başladı. Biz dərk etməliyik ki, Eden bağında söylənən yalan Yehovanın düzgünlüyünə xələl gətirdi. Şeytan iddia edirdi ki, Allah yalan danışaraq ilk insan cütünü nə isə yaxşı bir şeydən məhrum etmişdir. Bu, şübhəsiz ki, belə deyildi. İtaətsizlik Adəm və Həvvaya heç bir fayda gətirmədi. Yehovanın dediyi kimi, onlar öldülər. Buna baxmayaraq, Şeytan Yehovaya böhtan atmağa davam edirdi, yüzilliklər keçdikdən sonra isə həvari Yəhya Allahdan ilham alaraq Şeytanın ‘bütün dünyanı aldatdığını’ yazdı (Vəhy 12:9). Şeytan İblis bizi aldatmasın deyə, biz Yehovanın və Onun Kəlamının doğruluğuna bütünlüklə inanmalıyıq. Sən Yehovaya olan e’tibarını inkişaf etdirib möhkəmləndirmək, həmçinin Onun Düşməninin yalan və fırıldağından özünü qorumaq üçün nə edə bilərsən?
Yehova həqiqəti bilir
5, 6. a) Yehova hansı biliklərə malikdir? b) Allahın biliyi ilə müqayisədə insanların biliyi barədə nə demək olar?
5 Müqəddəs Kitab dəfələrlə Yehova haqqında “hər şeyi yaradan” şəxs kimi bəhs edir (Efeslilərə 3:9). O, “göyü, yeri, dənizi və onların içindəki hər şeyi” Yaradandır (Həvarilərin işləri 4:24). Bir Yaradan kimi Yehova hər şey haqqında həqiqəti bilir. Məsələn, evini axırıncı detalına kimi layihələşdirən, sonra isə əvvəldən axıracan onu özü tikən adam haqqında nə demək olar? O, öz evini beş barmağı kimi tanıyacaq və bu evə aid hər bir şeyi kənar adamlardan daha yaxşı biləcək. Bəli, insanlar öz əlləri ilə yaratdıqları şeylər barədə hər şeyi bilirlər. Buna bənzər tərzdə, Yaradan da Öz yaratdıqları haqda hər şeyi bilir.
6 İşaya peyğəmbər Yehovanın biliyinin nə qədər geniş olduğunu çox gözəl təsvir etmişdir. Biz oxuyuruq: “Ovcunun çuxuru içində suları ölçən və qarışla göyləri ölçən və yerin torpağını ölçü içinə sığdıran və dağları yaylı əl tərəzisilə və təpələri tərəzi ilə çəkən kimdir? Rəbbin Ruhuna ölçü qoyan və öyüdçüsü olub ona öyrədən kimdir? Danışdığı adam, ona anlayış verən və ədalət yolunda ona dərs verən və ona bilgi öyrədən və anlayış yolunu ona bildirən kimdir?” (İşaya 40:12-14). Doğrudan da, Yehova ‘bilgi Allahıdır’ və ‘bilgidə kamildir’ (1 Samuel 2:3; Eyub 36:4; 37:16). Onunla müqayisədə biz necə də az bilirik! İnsan nəsli tərəfindən toplanmış dərin təəssürat doğuran biliklərə baxmayaraq, bizim maddi yaradılış barədəki anlayışımız Onun “yollarının ancaq kənarlarıdır”. Bu, Allahın “əzəmətinin gurultusu” ilə müqayisədə yalnız “kiçik bir fısıltıdır” (Eyub 26:14).
7. Yehovanın biliyinə dair Davud nəyi e’tiraf edirdi və bunu nəzərə alaraq biz nəyi e’tiraf etməliyik?
7 Yaradanımız olduğu üçün Yehova bizi daha yaxşı tanıyır. Davud padşah bunu e’tiraf edib deyirdi: “Ya Rəbb, məni sınadın və bildin. Oturuşumu və duruşumu sən bilərsən; düşüncəmi uzaqdan anlarsan. Yolumu və yatdığım yeri ayırd edərsən və bütün yolarımı yaxşı bilərsən. Çünki dilimdə bir söz yox ikən, budur, ya Rəbb, sən onu tamamən bilərsən” (Məzmur 139:1-4). Çox güman ki, Davud insanların iradə azadlığına malik olduqlarını və Allahın bizə, Ona qulaq asıb-asmamağı seçmək imkanı verdiyini başa düşürdü (Təsniyə 30:19, 20; Yeşu 24:15). Bununla belə, Yehova bizi, bizim özümüzdən yaxşı tanıyır. O, bizə ən yaxşı şeyləri arzu edir və yollarımıza istiqamət verməyə qadirdir (Yeremya 10:23). Heç bir müəllim, ekspert və ya məsləhətçi bizə həqiqəti Yehovadan yaxşı öyrədə bilməz və bizi hikmətli, yaxud xoşbəxt edə bilməz.
Yehova doğru Allahdır
8. Yehovanın doğru Allah olduğunu haradan bilirik?
8 Biri var ki, həqiqəti biləsən, biri də var ki, həmişə həqiqəti söyləyəsən, doğru olasan. Misal üçün, İblis öz iradəsilə “həqiqətə bağlı qalmadı” (Yəhya 8:44). Onun əksi olaraq, Yehova “həqiqəti çox olan”dır (Çıxış 34:6). Müqəddəs Yazılar dəfələrlə Yehovanın doğru Allah olduğuna şahidlik etmişdir. Həvari Pavel yazırdı ki, “Allahın yalan danışması qeyri-mümkün”dür və Yehova “yalan danışmayan Allah”dır (İbranilərə 6:18; Titusa 1:2). Doğruluq — Allahın şəxsiyyətinin zəruri hissəsidir. Biz Yehovaya bel bağlayıb, e’tibar edə bilərik, çünki O, doğru Allahdır; sadiq xidmətçilərini heç zaman aldatmır.
9. Yehovanın adı həqiqət və doğruluqla necə əlaqədardır?
9 Yehovanın adı Onun doğru Allah olduğuna şahidlik edir. Allahın adı — “olmasına səbəb Olan” deməkdir. Bu ad Yehovanı, tədricən bütün və’dlərinin İcraçısı kimi tanıdır. Bunu etməyə başqa heç kəs qadir deyil. Yehova Haqq-Təala olduğu üçün, Onun iradəsinin yerinə yetməsinə heç bir şey mane ola bilməz. Yehova doğru Allah olmaqla bərabər, Özünün bütün və’dlərini yerinə yetirmək üçün zəruri olan qüdrətə və hikmətə malik yeganə Şəxsdir.
10. a) Yeşu Yehovanın doğruluğunun şahidi necə oldu? b) Siz Yehovanın hansı peyğəmbərliklərinin icrasını müşahidə etmisiniz?
10 Yeşu, Yehovanın doğru Allah olduğunu təsdiq edən valehedici hadisələrin çoxsaylı şahidlərindən biri olmuşdur. Yehova misirlilər üzərinə qabaqcadan söylədiyi on bəlanı göndərəndə, Yeşu Misirdə idi. Başqa şeylərlə yanaşı Yeşu, Yehovanın Öz və’dlərini yerinə yetirərək israilliləri Misirdən azad etdiyini və müqavimət göstərən güclü Kən’an qoşunları üzərində onlara qələbə qazandıraraq, Və’d edilən diyara daxil etdiyini görmüşdür. Yeşu ömrünün sonuna yaxın İsrail ağsaqqallarına demişdir: “Bütün ürəklərinizdə və bütün canlarınızda bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda söylədiyi bütün yaxşı şeylərdən heç bir şey boşa çıxmadı; sizin üçün hamısı oldu, ondan heç bir şey boşa çıxmadı” (Yeşu 23:14). Sən Yeşunun gördüyü mö’cüzələri görməsən də, Yehovanın sənin həyatın boyu yerinə yetən və’dlərinin doğruluğunu təsdiq edə bilərsənmi?
Yehova həqiqəti aşkar edir
11. Yehovanın insanlarla həqiqəti bölüşmək istədiyi nədən görünür?
11 Geniş biliyə malik olan, lakin uşaqları ilə nadir hallarda söhbət edən valideynləri təsəvvür et. Məgər Yehovanın bu cür olmadığına görə minnətdar deyilsənmi? Məhəbbətlə təşviq olunaraq Yehova biliklərini insanlarla səxavətlə bölüşür. O, Müqəddəs Yazılarda “Dahi Tə’limatçı” (YD) adlanır (İşaya 30:20). Sevgi dolu inayətə malik olduğu üçün, Ona qulaq asmağa meylli olmayan insanlarla belə ünsiyyət saxlamağa hazırdır. Məsələn, Yehova Hezekieli, qulaq asmayacaqlarını əvvəlcədən bildiyi insanlara təbliğ etməyə göndərdi. Yehova dedi: “Adəm oğlu, haydı, İsrail evinə get və sözlərimi onlara söylə”. Sonra xəbərdarlıq etdi: “İsrail evi səni dinləmək istəməyəcək; çünki məni dinləmək istəmirlər; çünki bütün İsrail evinin alnı qatı və ürəyi sərtdir”. Bu çətin tapşırıq idi, lakin Hezekiel Yehovanın mərhəmətini əks etdirərək, bu tapşırığı sədaqətlə yerinə yetirdi. Əgər sən təbliğ xidmətində çətinliklərlə qarşılaşarkən Allaha güvənirsənsə, əmin ol ki, O, səni peyğəmbəri Hezekieli möhkəmlətdiyi kimi, möhkəmləndirəcək (Hezekiel 3:4, 7-9).
12, 13. Allah həqiqəti insanlara necə çatdırır?
12 Yehova arzu edir ki, “bütün insanlar xilas olub, həqiqəti dərk etsinlər” (1 Timoteyə 2:4). O, peyğəmbərləri, mələkləri və hətta sevimli Oğlu İsa Məsih vasitəsilə də danışmışdır (İbranilərə 1:1, 2; 2:2). İsa Pilata demişdir: “Mən bunun üçün doğulmuşam və bunun üçün dünyaya gəlmişəm ki, həqiqətə şəhadət edim. Həqiqət tərəfdarı olan hər kəs Mənim səsimi eşidir”. Pilat, Yehovanın insanların xilası üçün nəzərdə tutduğu niyyəti barədəki həqiqəti birbaşa Allahın Oğlundan eşitmək kimi qiymətli imkana malik idi. Lakin Pilat həqiqət tərəfdarı deyildi və İsadan öyrənmək arzusu da yox idi. Bunun əvəzinə Pilat abırsızcasına soruşdu: “Həqiqət nədir?” (Yəhya 18:37, 38). Necə də acınacaqlı haldır! Buna baxmayaraq, İsanın təbliğ etdiyi həqiqətə çoxları qulaq asırdılar. O, öz şagirdlərinə dedi: “Sizin... gözləriniz nə bəxtiyardır, çünki görürlər; qulaqlarınız da, çünki eşidirlər” (Matta 13:16).
13 Yehova həqiqəti Müqəddəs Kitabda qoruyub saxlamış və onu bütün dünyadakı insanlar üçün əlçatan etmişdir. Müqəddəs Kitab bizə hər şeyi olduğu kimi aşkar edir. O, Allahın xüsusiyyətlərini, niyyətlərini və əmrlərini, o cümlədən dünyadakı şeylərin həqiqi vəziyyətini təsvir edir. İsa duasında Yehovaya dedi: “Sənin sözün həqiqətdir” (Yəhya 17:17). Bu, Müqəddəs Kitabı nadir kitab edir. Yalnız o hər şeyi bilən Allahın ilhamı altında yazılmışdır (2 Timoteyə 3:16). Müqəddəs Kitab Allahın insanlara olan qiymətli hədiyyəsidir və Allahın xidmətçiləri onu xəzinə kimi qiymətləndirirlər. Biz onu hər gün oxuyuruqsa, müdrik davranırıq.
Həqiqətdən möhkəm yapışın
14. Yehova nə edəcəyini və’d edir və Ona nəyə görə inanmalıyıq?
14 Yehovanın bizə Öz Kəlamında dediklərinə ciddi yanaşmalıyıq. O, həqiqətən də Özünü təsvir etdiyi kimidir və həqiqətən də və’dlərini yerinə yetirəcəkdir. Yehovaya e’tibar etmək üçün tam əsasımız var. Biz inana bilərik ki, Yehova Özünün dediyi kimi həqiqətən də “Allahı tanımayan və Rəbbimiz İsa barəsindəki Müjdəyə itaət etməyənlərə cəza verəcəkdir” (2 Saloniklilərə 1:8). Həm də həqiqət yolunda yeriyənləri sevdiyini, iman gətirənlərə əbədi həyat verəcəyini və ağrını, göz yaşını və hətta ölümü aradan qaldıracağını söyləyəndə də Yehovanın sözlərinə inana bilərik. Yehova bu və’dlərin e’tibarlı olduğunu vurğulayaraq, həvari Yəhyaya tapşırdı: “Yaz, çünki bu sözlər həqiqi və e’timada layiqdir” (Vəhy 21:4, 5; Süleymanın məsəlləri 15:9; Yəhya 3:36).
15. Şeytan insanlara hansı yalan təsəvvürləri aşılamağa çalışır?
15 Şeytan — Yehovanın tam əksidir. Həqiqəti söyləmək əvəzinə, yalan danışır. Öz məqsədinə nail olmağa, insanları təmiz ibadətdən döndərməyə çalışaraq çox vaxt yalana əl atır. Məsələn, Şeytan bizi inandırmaq istəyərdi ki, Allah yer üzündəki iztirablara e’tinasız yanaşır və heç bir tədbir görmür. Lakin Müqəddəs Kitab göstərir ki, Yehova Öz yaratdıqlarına heç də e’tinasız yanaşmır: O, pisliyə nifrət edir və onun gətirdiyi iztirabları mühakimə edir (Həvarilərin işləri 17:24-30). Şeytan həm də insanları inandırmağa çalışır ki, ruhani işlərlə məşğul olmaq — vaxtı boş yerə itirmək deməkdir. Müqəddəs Yazılar isə əksinə olaraq bizi inandırır: “Allah haqsız deyildir ki, sizin... Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun”. Üstəlik aydın izah edir ki, Allah “Onu axtaranlara mükafat verir” (İbranilərə 6:10; 11:6).
16. Məsihçilər nəyə görə oyaq qalmalı və həqiqətdən möhkəm yapışmalıdırlar?
16 Həvari Pavel Şeytan haqqında yazırdı: “Bu əsrin tanrısı imansızların zehinlərini kor etmişdir ki, görünməz Allahın surəti olan Məsihin izzəti haqqındakı Müjdənin nuru onları aydınlatmasın” (2 Korinflilərə 4:4). Həvvaya bənzər tərzdə bə’ziləri Şeytan İblisin yalanına tamamilə təslim olmuşlar. Digərləri, aldadılmayan, lakin bilərəkdən itaətsizlik yolunu seçən Adəmin izləri ilə gedirlər (Yəhuda 5, 11). Buna görə də məsihçilərin oyaq qalıb, həqiqətdən möhkəm yapışmaları vacibdir.
Yehova “riyasız iman” tələb edir
17. Yehovanın lütfünə malik olmaq üçün nə etməliyik?
17 Yehova bütün yollarında doğru Allah olduğu üçün, xidmətçilərindən də bu cür olmalarını gözləyir. Məzmurçu yazırdı: “Ya Rəbb, çadırında kim qalacaq? Müqəddəs dağında kim oturacaq? Kamal ilə yeriyən və saleh iş görən və ürəyindən həqiqəti söyləyən” (Məzmur 15:1, 2). Yehovanın müqəddəs dağ haqqındakı xatırlatmaları bu məzmuru oxuyan yəhudilərə, şübhəsiz ki, Davudun çadır salaraq əhd sandığını köçürdüyü Sion dağını xatırladırdı (2 Samuel 6:12, 17). Dağ və çadır, Yehovanın simvolik mə’nada məskun olduğu yer kimi xidmət edirdi. Orada insanlar Allaha yaxınlaşıb, lütf etməsi barədə Ona yalvara bilərdilər.
18. a) Allahın dostu olmaq üçün nə tələb olunur? b) Növbəti məqalədə nə müzakirə ediləcək?
18 Allahın dostu olmaq istəyən hər bir kəs, yalnız dildə deyil, ‘ürəyindən həqiqəti söyləməlidir’. Allahın əsl dostları ürəklərində doğru olmalı və “riyasız imana” malik olmalıdırlar, çünki doğruluq ürəkdən izhar olur (1 Timoteyə 1:5; Matta 12:34, 35). Allahın dostu ikiüzlü və ya yalançı olmalı deyil, çünki “hiyləgər adamdan Rəbb ikrah edər” (Məzmur 5:6). Bütün dünyada yaşayan Yehovanın Şahidləri öz Allahlarını təqlid etməyə və doğru olmağa çalışırlar. Bu barədə növbəti məqalədə bəhs ediləcək.
Siz necə cavab verərdiniz?
• Nəyə görə Yehova hər şey haqqında həqiqəti bilir?
• Yehovanın doğru Allah olduğu nədən görünür?
• Yehova həqiqəti necə aşkar edir?
• Bizdən həqiqətə hansı nöqteyi-nəzərlə yanaşmaq tələb olunur?
[21-ci səhifədəki şəkillər]
Həqiqət Allahı yaratdıqları barədə hər şeyi bilir.
[23-cü səhifədəki şəkillər]
Yehovanın və’dləri yerinə yetəcək.