FƏSİL 6
Allahın bəyəndiyi əyləncə
«Hər şeyi elə edin ki, Allah şərəflənsin» (1 KORİNFLİLƏRƏ 10:31).
1, 2. Nəyə görə əyləncə seçərkən diqqətli olmalıyıq?
TƏSƏVVÜR ET Kİ, meyvə yemək istəyirsən. Amma görürsən ki, meyvədə çürük var. Belə halda nə edərdin? Onu yeyərdin, atardın, yoxsa çürük yerini kəsib qalanını yeyərdin?
2 Əyləncəni də bir növ belə meyvə ilə müqayisə etmək olar. Bəzi əyləncələr adama xoş gəlir, amma çoxu çürük olur, çünki onlarda əxlaqsızlıq, zorakılıq və ya cindarlıq nümayiş etdirilir. Əyləncə seçərkən nə düşünürsən? Deyirsənmi ki, «özüm bilərəm, hansı əyləncəni istəsəm, seçə bilərəm»? Bəlkə, fikirləşirsən ki, bütün əyləncə növləri pisdir? Yaxud da əyləncə növlərini saf-çürük edirsən, pis növlərindən uzaq durub, yaxşı əyləncələri seçirsən.
3. Əyləncə seçərkən nə haqda düşünməliyik?
3 Hamımıza aradabir dincəlmək, əylənmək lazımdır. Biz əyləncəni düzgün seçməliyik. Buna görə də özümüzdən soruşmalıyıq: «Seçdiyim əyləncə ibadətimə necə təsir edir?»
«HƏR ŞEYİ ELƏ EDİN Kİ, ALLAH ŞƏRƏFLƏNSİN»
4. Əyləncə seçimində bizə kömək edəcək Müqəddəs Kitab prinsiplərindən biri hansıdır?
4 Biz özümüzü Yehovaya həsr edəndə Ona söz veririk ki, həyatımızı xidmətə sərf edəcəyik. (Vaiz 5:4 ayəsini oxu.) Biz söz veririk ki, hər şeyi Allahın şərəflənməsi üçün edəcəyik (1 Korinflilərə 10:31). Bu o deməkdir ki, biz təkcə yığıncaqda və ya təbliğdə yox, dincələndə və əylənəndə də Allaha həsr olunmuş insanlarıq.
5. Biz Yehovaya necə ibadət etməliyik?
5 Həyatda etdiyimiz hər şey ibadətimizə təsir edir. Bulus məhz bu fikri izah etmək üçün demişdi: «Bədəninizi diri, müqəddəs və məqbul qurban kimi Allaha təqdim edin» (Romalılara 12:1). İsa da demişdi: «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, bütün ağlınla və var gücünlə sev» (Mark 12:30). Biz Yehovaya sahib olduğumuz şeylərin ən yaxşısını vermək istəyirik. Qədimdə israillilər Yehovaya sağlam heyvan qurban gətirməli idilər. Qurbanda qüsur olanda Yehova onu qəbul etmirdi (Lavililər 22:18—20). Bu gün də elə ola bilər ki, Yehova ibadətimizi qəbul etməsin. Buna nə səbəb ola bilər?
6, 7. Əyləncə ibadətimizə necə təsir edir?
6 Yehova deyir: «Müqəddəs olun, çünki Mən müqəddəsəm» (1 Butrus 1:14—16; 2 Butrus 3:11). İbadətimiz yalnız müqəddəs, yəni təmiz olduğu halda, Yehova onu qəbul edəcək (Qanunun təkrarı 15:21). Biz Yehovanın nifrət etdiyi, məsələn, əxlaqsız, zorakı və ya cindarlıqla bağlı əməllər ediriksə, ibadətimiz təmiz ola bilməz (Romalılara 6:12—14; 8:13). Həmçinin bu cür şeylərlə əylənsək, bu, Yehovaya ağır gedəcək. Belə şeylər ibadətimizi natəmiz edəcək. Yehova bu cür ibadəti qəbul etməyəcək. Nəticədə, Onunla münasibətlərimiz pozulacaq.
7 Düzgün əyləncəni necə seçə bilərik? Hansı prinsiplər əyləncənin düzgün olub-olmadığını müəyyən etməyə kömək edə bilər?
«PİSLİKDƏN İKRAH EDİN»
8, 9. Biz hansı əyləncədən uzaq durmalıyıq və nə üçün?
8 Bu gün çoxlu əyləncə növləri var. Onlardan bəziləri məsihilər üçün məqbuldur, çoxu isə qeyri-məqbuldur. Əvvəlcə, gəl görək hansı əyləncə növlərindən uzaq durmalıyıq.
9 Bir çox filmlərdə, veb-saytlarda, televiziya proqramlarında, video oyunlarda, mahnılarda əxlaqsızlıq, zorakılıq və cindarlıq əks olunur. Pis əməllər çox vaxt zərərsiz, hətta gülməli şey kimi təqdim olunur. Amma məsihilər diqqətli olmalı, Yehovanın təmiz normalarını əks etdirməyən əyləncəni rədd etməlidirlər (Həvarilərin işləri 15:28, 29; 1 Korinflilərə 6:9, 10). Biz bu cür əyləncələri rədd edəndə pislikdən ikrah etdiyimizi Yehovaya göstəririk (Zəbur 34:14; Romalılara 12:9).
10. Əyləncəni düzgün seçməməyin nəticəsi nə ola bilər?
10 Bəzilərinin fikrincə, zorakı, əxlaqsız və cindarlıqla əlaqəli əyləncədə pis heç nə yoxdur. Onlar düşünür ki, «bunun nə ziyanı var? Mən özüm ki, heç vaxt belə şey etmərəm». Əgər biz də belə düşünürüksə, özümüzü aldadırıq. Müqəddəs Kitabda deyilir: «Ürək ən böyük xaindir, xatakardır» (Ərəmya 17:9). Yehovaya xoş getməyən əməllərlə əyləndiyimiz halda, necə deyə bilərik ki, bu şeylərə nifrət edirik? Bu şeylərlə əyləndikcə onlar bizim üçün adiləşəcək. Sonra vicdanımız kütləşəcək və yanlış addım atmaq istəyəndə bizə xəbərdarlıq etməyəcək (Zəbur 119:70; 1 Timutiyə 4:1, 2).
11. Qalatiyalılara 6:7 ayəsi əyləncə seçimində bizə necə kömək edə bilər?
11 Allahın Kəlamında deyilir: «İnsan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7). Əgər biz pis əməllərlə əylənsək, gələcəkdə özümüz də onları edəcəyik. Bu, qaçılmazdır. Məsələn, bəzi məsihilər əxlaqsız əyləncələrə elə aludə olublar ki, özləri də əxlaqsızlıq ediblər. Amma Yehova bizə düzgün əyləncə seçməyə kömək edir.
PRİNSİPLƏRƏ ƏSASƏN ƏYLƏNCƏ SEÇ
12. Bizə əyləncə ilə bağlı düzgün qərarlar verməyə nə kömək edə bilər?
12 Bəzi əyləncələrin Yehovaya xoş getmədiyi aydındır və biz bilirik ki, bunlardan uzaq durmalıyıq. Bəs əyləncənin Yehovaya xoş gedib-getmədiyi aydın olmayanda nə etməliyik? Yehova bizə siyahı verməyib ki, nəyə baxmaq, nəyə qulaq asmaq, nəyi oxumaq olar, nəyi olmaz. O istəyir ki, biz Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanımızı işlədək. (Qalatiyalılara 6:5 ayəsini oxu.) Yehova bizə prinsiplər verir. Bildiyimiz kimi, prinsiplər Onun məsələlərə baxışını əks etdirən əsas həqiqətlərdir. Bu prinsiplər bizə vicdanımızı tərbiyə etməyə kömək edir. Onların sayəsində Yehovanın iradəsini bilirik və Onun xoşuna gələn seçimlər edirik (Efeslilərə 5:17).
13. Nəyə görə məsihilərin əyləncə ilə bağlı etdiyi seçimlər bir-birindən fərqlənir? Bəs bütün məsihilər üçün nə vacibdir?
13 Çox vaxt məsihilərin əyləncə ilə bağlı etdiyi seçimlər bir-birindən fərqlənir. Nəyə görə? Çünki hərə bir şeyi xoşlayır. Həmçinin birinə məqbul görünən bir şey o birinə məqbul görünmür. Bununla belə, düzgün qərar vermək üçün bütün məsihilər Müqəddəs Kitab prinsiplərini rəhbər tutmalıdırlar (Filippililərə 1:9). Bu bizə Allahın bəyəndiyi əyləncələri seçməyə kömək edəcək (Zəbur 119:11, 129; 1 Butrus 2:16).
14. a) Vaxtımızı nəyə sərf etdiyimizə nə üçün fikir verməliyik? b) Bulus məsihilərə hansı məsləhəti vermişdi?
14 Həmçinin əyləncəyə nə qədər vaxt sərf etdiyimizi də nəzərə almalıyıq. Bu, əyləncənin bizim üçün nə qədər vacib olduğunu göstərir. Məsihilər üçün Yehovaya xidmət etmək həyatda ən vacib şeydir. (Mətta 6:33 ayəsini oxu.) Amma elə ola bilər ki, özümüz də bilmədən əyləncə get-gedə vaxtımızın çoxunu ala bilər. Bulus məsihilərə məsləhət vermişdi: «Diqqətli olun, düşüncəsizlər kimi yox, müdriklər kimi hərəkət edin və... vaxtınızın qədrini bilin» (Efeslilərə 5:15, 16). Deməli, biz əyləncəyə sərf etdiyimiz vaxta məhdudiyyət qoymalıyıq və həmişə xidməti həyatımızda hər şeydən üstün tutduğumuza əmin olmalıyıq (Filippililərə 1:10).
15. Hansısa bir əyləncə barədə şübhəmiz varsa, nə etməliyik?
15 Aydındır ki, biz Yehovanın bəyənmədiyi əyləncəni rədd etməliyik. Bəs əgər hansısa bir əyləncə barədə şübhəmiz varsa, onda nə edək? Yenə də ehtiyatlı olmalıyıq? Belə bir nümunəyə baxaq. Tutaq ki, dağ yolu ilə gedirsən, yolun qırağı da uçurumdur. Yolun qırağı ilə gedəcəksən? Əlbəttə ki, yox. Həyatın sənə əzizdirsə, təhlükədən uzaq duracaqsan. Əyləncə seçimi də belədir. Allahın Kəlamında deyilir: «Ayağını pislikdən çək» (Məsəllər 4:25—27). Beləliklə, biz nəinki pis olduğunu bildiyimiz əyləncəni rədd edirik, həmçinin bizə və Yehova ilə münasibətlərimizə zərər vuracağından şübhələndiyimiz hər bir əyləncədən uzaq dururuq.
YEHOVANIN BAXIŞINI MƏNİMSƏ
16. a) Yehovanın nədən zəhləsi gedir? b) Yehovanın nifrət etdiyi şeylərə nifrət etdiyimizi necə göstərə bilərik?
16 Bir məzmurda yazılıb: «Ey Yehovanı sevənlər, pisliyə nifrət edin» (Zəbur 97:10). Müqəddəs Kitabdan Yehovanın düşüncə tərzini və hisslərini öyrənirik. Özünə sual ver ki, öyrəndiklərin hər məsələyə Yehova kimi baxmağa necə kömək edə bilər. Məsələn, biz öyrənmişik ki, Yehovanın yalan danışan dildən, günahsız qan tökən əllərdən, fitnə quran ürəkdən, şər üçün tələsən ayaqdan zəhləsi gedir (Məsəllər 6:16—19). Bilirik ki, «əxlaqsızlıq,.. bütpərəstlik, cindarlıq,.. kin, qəzəb,.. paxıllıq, sərxoşluq, kef məclisləri» və sairə işlərdən uzaq durmalıyıq (Qalatiyalılara 5:19—21). Bu prinsiplər əyləncə seçimində sənə kömək edə bilər. Biz istəyirik ki, həyatın hər sahəsində, istər başqalarının yanında, istərsə də tək olanda Yehovanın normaları ilə yaşayaq (2 Korinflilərə 3:18). Əslində, tək olanda etdiyimiz seçimlər bizim necə insan olduğumuzu üzə çıxarır (Zəbur 11:4; 16:8).
17. Əyləncə seçməzdən əvvəl özümüzə hansı sualları verməliyik?
17 Beləliklə, əyləncə seçəndə özündən soruş: mənim seçimim Yehova ilə münasibətlərimə necə təsir edəcək? Bəs vicdanıma necə təsir edəcək? Gəl əyləncə məsələsində seçim etməyə bizə kömək edən digər prinsipləri nəzərdən keçirək.
18, 19. a) Bulus məsihilərə hansı məsləhəti vermişdi? b) Əyləncə seçərkən hansı prinsiplər bizə kömək edə bilər?
18 Biz əyləncə seçəndə, əslində, zehnimizi nə ilə dolduracağımıza qərar veririk. Bulus yazmışdı: «Nəhayət, qardaşlarım, doğru, vacib, saleh, pak, sevilməli, şərəfli, nəcib, tərifəlayiq nə varsa, bunlar haqda düşünün» (Filippililərə 4:8). Biz zehnimizi bu cür yaxşı şeylərlə dolduranda deyə bilərik: «Qoy ağzımdan çıxan sözlər, qəlbimdəki düşüncələr Səni məmnun etsin, ey Yehova» (Zəbur 19:14).
19 Özündən soruş: «Mən zehnimi nə ilə doldururam? Hansısa bir filmə, yaxud verilişə baxandan sonra ağlımda xoş, təravətləndirici fikirlər olur? Ürəyim rahat, vicdanımız təmiz olur? (Efeslilərə 5:5; 1 Timutiyə 1:5, 19). Yehovaya dua etməyə üzüm gəlir? Yoxsa özümü pis hiss edirəm? Əyləncədən sonra ağlıma zorakı və ya əxlaqsız fikirlər gəlir? (Mətta 12:33; Mark 7:20—23). Seçdiyim əyləncə məni «bu zəmanəyə» uyğunlaşdırmır? (Romalılara 12:2). Bu suallara dürüst cavabımız göstərəcək ki, Yehova ilə münasibətlərimizi möhkəm saxlamaq üçün nə etməliyik. Biz məzmurçu kimi dua etmək istəyirik: «Qoyma gözüm puç şeylərə baxsın» (Zəbur 119:37)a.
QƏRARLARIMIZ BAŞQALARINA TƏSİR EDİR
20, 21. Əyləncə seçərkən nəyə görə başqalarının vicdanını nəzərə almalıyıq?
20 Bir vacib prinsipi də yadda saxlamalıyıq: «Hər şeyə izin var, ancaq hər şey insanı ruhən möhkəmləndirmir. Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün» (1 Korinflilərə 10:23, 24). Nəyisə etməyə ixtiyarımız çatırsa, o demək deyil ki, onu etməliyik. Biz qərarlarımızın bacı-qardaşlara necə təsir edəcəyi barədə düşünməliyik.
21 Hamının vicdanı eyni deyil. Məsələn, ola bilsin, vicdanın sənə müəyyən televiziya verilişinə baxmağa icazə verir. Amma sonra xəbər tutursan ki, dindaşının vicdanı ona həmin verilişə baxmağa yol vermir. Nə edəcəksən? Ona baxmağa haqqın olsa da, bəlkə də, ona baxmamaq qərarına gələcəksən. Çünki sən qardaşına qarşı, xüsusilə də «Məsihə qarşı» günah etmək istəmirsən (1 Korinflilərə 8:12). Biz dindaşımızın vicdanını narahat edən heç nə etmək istəmirik (Romalılara 14:1; 15:1; 1 Korinflilərə 10:32).
22. Dindaşlarımızın seçimlərinə gəldikdə dərrakəli olduğumuzu necə göstərə bilərik?
22 Digər tərəfdən, əgər dindaşının oxuduğu, baxdığı, yaxud etdiyi bir şeyi etməyə vicdanın yol vermirsə, onda necə davranmalısan? Sən dindaşını sevdiyin və ona hörmət etdiyin üçün onu da özün kimi davranmağa məcbur etməməlisən. Məsələn, maşın sürən adam başa düşür ki, başqa sürücülər ondan sürətli və ya yavaş sürsələr də, bu o demək deyil ki, onlar yaxşı sürücü deyillər. Eynilə, sən də, dindaşın da Müqəddəs Kitabdakı prinsiplərə riayət edirsiniz, sadəcə, düzgün əyləncəyə dair baxışlarınız cüzi olaraq bir-birindən fərqlənir (Vaiz 7:16; Filippililərə 4:5).
23. Düzgün əyləncə seçməyə bizə nə kömək edə bilər?
23 Beləliklə, düzgün əyləncə seçməyə bizə nə kömək edəcək? Biz Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanımızı işlədəndə və bacı-qardaşların rifahını düşünəndə düzgün seçim edəcəyik. Üstəlik, hər işdə Allahı şərəfləndirdiyimiz üçün sevinəcəyik.
a Məsəllər 3:31; 13:20; Efeslilərə 5:3, 4 və Koloslulara 3:5, 8, 20 ayələrində əyləncə seçimində kömək edəcək digər prinsiplər yazılıb.