Müqəddəs Kitabdakı bədii ifadələr. Onları başa düşürsünüzmü?
HƏRDƏN hansısa şəkli təsvir etmək üçün minlərlə söz belə kifayət etmir, lakin bəzən bir-iki sözlə insanların təsəvvüründə böyük mənzərə canlandırmaq olur. Müqəddəs Kitab bu cür bədii ifadələrlə zəngindira. Məsələn, bir hesablamaya görə, İsa təkcə Dağüstü təbliğində 50-dən artıq müxtəlif bədii ifadələrdən istifadə etmişdi.
Nəyə görə bu bədii ifadələr bizi maraqlandırmalıdır? Birincisi, onları başa düşəndə Müqəddəs Kitabı daha maraqla oxuyur və daha çox qiymətləndiririk. İkincisi, onları düzgün müəyyən etsək, Müqəddəs Kitabdakı xəbəri daha yaxşı anlayacağıq. Əks təqdirdə, nəinki onların mənasını başa düşməyəcək, hətta yanlış nəticəyə gələcəyik.
Bədii ifadələri necə anlamaq olar?
Bədii ifadələrin vasitəsilə bir anlayış digəri ilə müqayisə edilir. Müqayisə edilən anlayış mövzu, onun müqayisə edildiyi anlayış isə obraz adlanır. Bu anlayışların ümumi cəhətlərinə isə bənzərlik deyilir. Buna görə də bədii ifadəni düzgün başa düşmək üçün bu üç amilin hər birinə diqqət yetirmək lazımdır.
Bəzən mövzunu və obrazı müəyyən etmək asan, bənzərliyi tapmaq isə çətin olur, çünki onların bir neçə ümumi cəhəti ola bilər. Bənzərliyin nədə olduğunu düzgün müəyyən etməyə nə kömək edə bilər? Adətən bu işdə kontekst köməyə çatırb.
Məsələn, Sardisdəki yığıncağa müraciət edərkən İsa Məsih demişdi: «Əgər oyaq qalmasan, Mən üstünə bir oğru kimi gələcəyəm». İsa burada öz gəlişini (mövzu) oğrunun gəlişi ilə (obraz) müqayisə edirdi. Burada bənzərlik nədədir? Kontekstə nəzər salaq. İsa sözünə belə davam etmişdi: «Hansı saatda sənin üstünə gələcəyimi bilməyəcəksən» (Vəhy 3:3). Göründüyü kimi, bu müqayisə onun gəlişinin məqsədini vurğulamır. O, nə isə oğurlamaq üçün gələcəyini nəzərdə tutmurdu. Bənzərlik onun gəlişinin gözlənilməz olmasındadır.
Hərdən Müqəddəs Kitabın bir yerində yazılmış bədii ifadə onun başqa hissəsində yazılmış oxşar bədii ifadəni başa düşməyə kömək edir. Məsələn, bir dəfə həvari Pavel İsanın işlətdiyi bədii ifadədən istifadə edərək yazmışdı: «Siz özünüz dəqiq bilirsiniz ki, Rəbbin Günü oğru gecə gələn kimi gələcək» (1 Salonikililərə 5:2). Burada bənzərliyin nədə olduğu Pavelin sözlərinin kontekstindən aydın olmur. Ancaq Pavelin sözlərini İsanın Vəhy 3:3 ayəsində söylədikləri ilə müqayisə etsək, bunu başa düşəcəyik. Bədii ifadənin məğzi bundan ibarətdir — bütün həqiqi məsihçilər ruhani cəhətdən oyaq olmalıdır.
Allahın şəxsiyyətini açıqlayan bədii ifadələr
Heç bir insan Külli-İxtiyar Allahın şəxsiyyətinin bütün cəhətlərini və Onun nəyə qadir olduğunu sona qədər anlaya bilməz. Qədim zamanlarda Davud padşah yazmışdı ki, Yehovanın «əzəməti insan ağlına sığmaz» (Məzmur 145:3). Allahın əl işlərindən bə’ziləri haqda düşündükdən sonra Əyyub nida etmişdi: «Bunlar yalnız Onun etdiklərinin bir zərrəsidir, Ondan eşitdiyimiz çox zəif bir pıçıltıdır. Axı qüdrətli gurultusunu kim dərk edə bilər?» (Əyyub 26:14).
Buna baxmayaraq, Allahımızın möhtəşəm keyfiyyətlərini az da olsa dərk edə bilməyimiz üçün Müqəddəs Kitabda bədii ifadələrdən istifadə olunur. Orada Yehova ehtiramla yanaşmalı olduğumuz bir şəxs — Padşah, Qanunverən, Hakim və Cəngavər kimi təsvir olunur. Həmçinin O, sevilməyə layiq biri — Çoban, Nəsihətçi, Müəllim, Ata, Şəfaverən və Xilaskar kimi təsvir olunur (Məzmur 16:7; 23:1; 32:8; 71:17; 89:26; 103:3; 106:21; Yeşaya 33:22; 42:13; Yəhya 6:45). Bu metaforaların hər biri zehnimizdə bizə tanış olan obrazları yaradaraq, Yehova ilə həmin obrazlar arasındakı bənzərlikləri görməyə kömək edir. Bu cür bədii ifadələr çoxlu sözdən daha böyük gücə malikdir.
Həmçinin Müqəddəs Kitab Yehovanı cansız cisimlərə də bənzədir. O, «İsrailin Qayası», ‘qala’, ‘qüllə’ adlanır (2 Şamuel 23:3; Məzmur 18:2; Qanunun təkrarı 32:4). Burada bənzərlik nədədir? Böyük qaya yerində möhkəm durduğu, sarsılmaz olduğu kimi, Yehova Allah da bizim üçün məhz bu cür e’tibarlı Sığınacaq ola bilər.
«Zəbur» kitabı Yehovanın şəxsiyyətinin müxtəlif yönlərini təsvir edən bədii ifadələrlə zəngindir. Məsələn, Yehova həyat, işıq, qüvvə mənbəyi olduğu və müdafiə təqdim etdiyi üçün Onun haqqında Məzmur 84:11 ayəsində ‘günəş və sipər’ kimi danışılır. Digər tərəfdən isə Məzmur 121:5 ayəsində deyilir ki, Yehova «sağ tərəfindədir, sənə kölgədir». Kölgə insanı qızmar günəşdən qoruduğu kimi, Yehova da Öz xidmətçilərini fəlakət vaxtı ‘əlinin’ və ya «qanadlarının» kölgəsində müdafiə edə bilər (Yeşaya 51:16; Məzmur 17:8; 36:7).
İsa Məsihi təsvir edən bədii ifadələr
İsa Məsihə Müqəddəs Kitabda dəfələrlə «Allahın Oğlu» deyə müraciət edilir (Yəhya 1:34; 3:16-18). Allah insan olmadığı və həqiqi mənada arvadı olmadığı üçün məsihçi olmayanlara bu ifadəni anlamaq çətindir. Təbii ki, Allahın ata olması insanların ata olmasından fərqlənir. Beləliklə, Allahın Oğlu sözü bədii ifadədir. Bu, oxucuya İsa ilə Allah arasında ata-oğul münasibətinin olduğunu anlamağa kömək edir. Həmçinin bu ifadə göstərir ki, İsa həyatını Yehovadan almış, yəni Onun tərəfindən yaradılmışdır. İlk insan olan Adəm də məhz bu mənada «Allahın oğlu idi» (Luka 3:38, YD).
İsa Allahın niyyətinin həyata keçməsində öz rolunu təsvir edərkən bədii ifadələrdən istifadə edirdi. Məsələn, o demişdi: «Mən həqiqi Meynəyəm, Atam da Bağbandır». Sonra İsa öz şagirdlərini meynənin budaqları ilə müqayisə etmişdi (Yəhya 15:1, 4). Bu bədii ifadədən hansı mühüm fikri öyrənirik? Təravətli qalıb bar verməsi üçün budaqlar meynənin üstündə olmalıdır. Buna bənzər tərzdə şagirdləri də Məsihlə vəhdətdə qalmalıdırlar. İsa demişdir: «Mənsiz heç bir şey edə bilməzsiniz» (Yəhya 15:5). Bundan əlavə, əkinçi məhsul gözlədiyi kimi, Yehova da Onun Oğlu ilə vəhdətdə olanlardan ruhani bar gətirmələrini gözləyir (Yəhya 15:8).
Mövzu və obraz arasındakı bənzərlik
Mövzu və obraz arasındakı bənzərlik müəyyən edilməsə, bədii ifadə səhv başa düşülər. Nümunə üçün götürək Romalılara 12:20 ayəsini. Orada yazılıb: «Əgər düşmənin acdırsa, onu yedizdir; əgər susuzdursa, onu içirt. Çünki sən bunu etməklə, onun başına yanan kömür yığırsan». İnsanın başına yanan kömür yığmaq intiqam almağımı göstərir? Xeyr, əgər bənzərliyin nədə olduğunu düzgün müəyyən etsək, bu aydın olacaq. Bu bədii ifadə qədimdə istifadə edilən metaləritmə üsulu ilə bağlıdır. Filizi kürəyə atanda təkcə altına deyil, üstünə də kömür yığırdılar. Bunun sayəsində filiz əriyir və saf metal qatışıqlardan ayrılırdı. Eynilə, biz də insana yaxşılıq etməklə, onun özümüzə qarşı münasibətini yumşaldır və yaxşı keyfiyyətlərinin üzə çıxmasına yol veririk.
Bədii ifadələri düzgün başa düşmək təkcə deyilənlərin məğzini anlamağa yox, həmçinin onların ürəyimizə təsir etməsinə kömək edir. Məsələn, günah borcla müqayisə olunduqda, biz onun nə dərəcədə ağır olduğunu hiss edirik (Luka 11:4). Lakin Yehova bizim borcumuzu bağışlayanda, yəni günahımızdan keçəndə necə də yüngüllük hiss edirik! Əks təqdirdə, bu bizim çiyinlərimizdə ağır yük kimi qalardı. Müəllim lövhədəki yazını sildiyi kimi, Yehova da bizə ‘günahımızı sildiyini’ deyəndə günahlarımızı bir daha yadına salmayacağına bizi əmin edir (Məzmur 32:1, 2; Həvarilərin işləri 3:19). Yehovanın qıpqırmızı və ya tünd qırmızı parçaya bənzəyən günahlarımızı bağışlayaraq onları qar kimi ağappaq edəcəyini bilmək bizə necə də təsəlli verir! (Yeşaya 1:18).
Bunlar Allahın Kəlamı olan Müqəddəs Kitabdakı yüzlərlə bədii ifadədən yalnız bir neçəsi idi. Beləliklə, hər dəfə Müqəddəs Kitabı oxuyanda bədii ifadələrə xüsusi diqqət yetirin. Mövzu ilə obraz arasındakı bənzərlikləri müəyyən etməyə çalışın və onların üzərində düşünün. Belə etsəniz, Müqəddəs Yazıları daha dərindən anlayacaq və onu daha çox qiymətləndirəcəksəniz.
[Haşiyələr]
a Bu məqalədə «bədii ifadə» dedikdə, ümumiyyətlə bütün bədii ifadə vasitələri — metafora, bənzətmə və obrazlı dilə daxil olan digər vasitələr nəzərdə tutulur.
b Yehovanın Şahidləri tərəfindən dərc edilmiş iki cildli «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasında (ing.) bir çox bənzərlikləri başa düşməyə kömək edən ətraflı məlumat tapmaq olar.
[15-ci səhifədəki şəkil]
«Rəbb mənim çobanımdır, möhtac olmaram» MƏZMUR 23:1
[13-cü səhifədəki çərçivə]
Bədii ifadələrin gücü
Bədii ifadələr böyük gücə malikdir. Belə ki, onların köməyi ilə sadə şeyin nümunəsində qəliz fikri izah etmək mümkündür. Bir anlayışın müxtəlif yönlərini açıqlamaq üçün bir neçə bədii ifadədən istifadə etmək olar. Bədii ifadələr vacib fikirləri vurğulayır, yaxud onları daha maraqlı təqdim edir.
[14-cü səhifədəki çərçivə]
Bədii ifadələrin tərkib hissələri
BƏDİİ İFADƏ: «Siz Yer kürəsinin duzusunuz» (Matta 5:13)
MÖVZU: Siz (İsanın şagirdləri)
OBRAZ: Duz
BƏNZƏRLİK: Qorumaq xüsusiyyəti
DƏRS: İsanın şagirdləri insanların həyatını qoruya biləcək xəbəri çatdırırdılar