Sən necə ruh təzahür etdirirsən?
«Qoy Ağamız İsa Məsih öz lütfü ilə ovqatınıza [ruhunuza] xeyir-dua versin» (FİLİM. 25).
CAVAB VERƏ BİLƏRSƏNMİ?
Nəyə görə göstərdiyimiz ruha diqqət yetirməliyik?
Biz hansı əhval-ruhiyyədən özümüzü gözləməliyik və bunu necə etmək olar?
Yığıncaqda yaxşı ruhu necə təzahür etdirə bilərik?
1. Yığıncaqlara yazdığı məktublarında Pavel dəfələrlə nəyi qeyd etmişdi?
HƏVARİ PAVEL yığıncaqlara yazdığı məktublarda Allahın və Məsihin bu yığıncaqların təzahür etdirdiyi ruhdan razı qaldığına ümid etdiyini dəfələrlə qeyd etmişdi. Məsələn, «Qalatiyalılara məktub»unda o yazmışdı: «Qoy Ağamız İsa Məsih öz lütfü ilə ovqatınıza [ruhunuza] xeyir-dua versin. Amin» (Qalat. 6:18). Burada istifadə olunan ovqat, yəni ruh sözünün mənası nədir?
2, 3. a) Pavel məktublarında tez-tez işlətdiyi «ovqat», yəni «ruh» sözü altında nəyi nəzərdə tuturdu? b) Təzahür etdirdiyimiz ruhla əlaqədar özümüzə hansı sualları verə bilərik?
2 Pavel bu kontekstdə istifadə etdiyi «ovqat», yəni «ruh» sözü altında bizi müəyyən tərzdə danışmağa və ya hərəkət etməyə təşviq edən qüvvəni nəzərdə tuturdu. Məsələn, insan nəzakətli, diqqətli, mülayim, səxavətli və ya bağışlayan ola bilər. Müqəddəs Kitabda sakit və həlim ruh barədə müsbət tərzdə danışılır (1 Pet. 3:4, haşiyə; Sül. məs. 17:27). Elə insanlar da var ki, onlar kinayəli, pulpərəst, küsəyəndirlər və hətta müstəqillik ruhu təzahür etdirirlər. İnsanın natəmizlik, itaətsizlik, ələlxüsus da üsyankarlıq ruhuna qapılması daha təhlükəlidir.
3 Beləliklə, Pavel «qoy Ağamız sənin ovqatına [ruhuna] xeyir-dua versin» kimi ifadələr işlətməklə qardaşları Allahın iradəsinə uyğun və Məsihin şəxsiyyətinə bənzər ruh təzahür etdirməyə təşviq edirdi (2 Tim. 4:22; Koloslulara 3:9—12 ayələrini oxu). Yaxşı olardı ki, biz özümüzdən soruşaq: «Mən nə cür ruh təzahür etdirirəm? Allaha məqbul olan ruhu daha dolğun şəkildə necə təzahür etdirə bilərəm? Yığıncağın müsbət əhval-ruhiyyəsinə verdiyim töhfəni yaxşılaşdıra bilərəmmi?» Bir nümunəyə baxaq: günəbaxan tarlasında bitən hər bir günəbaxanın şölə saçan səbəti tarlanın ümumi gözəlliyinə rəng qatır. Bizi yığıncağın ümumi gözəlliyinə rəng qatan belə bir çiçəyə bənzətmək olarmı? Əlbəttə ki, hər birimiz buna can atmalıyıq. Gəlin görək Allaha məqbul olan ruh təzahür etdirmək üçün nə edə bilərik.
DÜNYANIN RUHUNDAN ÖZÜNÜ GÖZLƏ
4. «Dünyanın ruhu» nədir?
4 Müqəddəs Yazılarda deyilir: «Biz dünyanın ruhunu yox, Allahdan gələn ruhu aldıq» (1 Kor. 2:12). «Dünyanın ruhu» nədir? Bu, Efeslilərə 2:2 ayəsində xatırlanan elə həmin ruhdur. Orada yazılıb: «Bir zamanlar təqsir və günahlarınız içində bu dövrə uyğunlaşıb yaşayırdınız, havadakı hakimiyyətin hökmdarına, hal-hazırda itaətsiz adamlarda fəaliyyət göstərən ruha uymuşdunuz». «Hava» dünyanın ruhu, yəni dünyanın kökləndiyi əhval-ruhiyyədir. Bu ruh hava kimi bizi əhatə edir. Çox vaxt dünyanın ruhu «heç kəsin mənə nə etməli olduğumu deməyə ixtiyarı yoxdur» və ya «öz hüquqların uğrunda mübarizə apar» kimi düşünən bir çox insanlarda özünü büruzə verir. Şeytan dünyasında yaşayan belə adamları Müqəddəs Kitab itaətsiz adlandırır.
5. İsrail icmasında bəziləri necə ruh təzahür etdirirdilər?
5 Belə əhval-ruhiyyə bu gün meydana çıxmayıb. Hələ Musanın günlərində Qorah İsrail icmasının səlahiyyətli şəxslərinə qarşı üsyan qaldırmışdı. Onun əsas hədəfi kahin kimi xidmət edən Harun və onun oğulları idi. Güman ki, Qorah onların qüsurlarını görürdü. Yaxud da, ola bilsin, o düşünürdü ki, Musa bu imtiyazlı vəzifəni onlara qohumları olduğu üçün verib. Səbəb nə olursa-olsun, tamamilə aydındır ki, Qorahın yürütdüyü mühakimələr insan düşüncələri idi və o, Yehovanın təyin etdiyi şəxslərə qarşı çıxmışdı. Qorah kobudcasına onlara dedi: «Artıq bəsdir!.. Nə üçün siz özünüzü Rəbbin camaatından üstün tutursunuz?» (Say. 16:3). Tərəfdarları Datan və Aviram da Musadan giley-güzar edirdilər və onun üzünə deyirdilər ki, guya o, onların üzərində ağalıq etmək fikrinə düşüb. Musa üsyankarları çağırtdıranda onlar saymazyana: «Gəlməyəcəyik!» — deyə cavab verdilər (Say. 16:12—14). Aydındır ki, Yehova onların təzahür etdirdikləri ruhdan narazı idi. O, üsyankarların hamısını məhv etdi (Say. 16:28—35).
6. Birinci əsrdə bəzilərinin pis ruha yoluxduqları nədən bəlli idi və bunun səbəbi, ehtimal ki, nə idi?
6 Birinci əsrdə də bəziləri yığıncaqda məsuliyyət həvalə olunan qardaşlara tənqidi yanaşırdılar, başqa sözlə, «hakimiyyəti saymır»dılar (Yəhuda 8). Çox güman ki, həmin adamlar yığıncaqdakı vəzifələrindən narazı idilər. Üstəlik, onlar başqalarını da Allahın həvalə etdiyi səlahiyyətlərini vicdanla icra edən təyin olunmuş qardaşlara qarşı üsyana təhrik edirdilər. (3 Yəhya 9, 10 ayələrini oxu.)
7. Yığıncaqda özümüzü hansı əhval-ruhiyyədən gözləməliyik?
7 Aydındır ki, bu cür ruha məsihçi yığıncağında yer yoxdur. Buna görə də belə əhval-ruhiyyəyə yoluxmaqdan özümüzü gözləməliyik. Musanın və həvari Yəhyanın günlərində olduğu kimi, bugünkü ağsaqqallar da kamil deyillər. Ağsaqqallar şəxsən bizə təsir edən səhvlər buraxa bilərlər. Əgər belə hallar baş verirsə, yığıncağın istənilən üzvünün dünyanın ruhuna uyğun şəkildə davranması, yəni şiddətlə «ədalətin» bərqərar olunmasını və ya «qardaş barədə ölçü götürməyi» tələb etməsi necə də böyük səhv olardı! Ola bilsin, Yehova xırda səhvlərə göz yummağa üstünlük versin. Biz də Onun kimi davrana bilərikmi? Yığıncaqda ciddi günah törədən bəzi şəxslər ağsaqqallarda qüsur kimi qiymətləndirdikləri şeylərə görə onlara kömək etməyə təyin olunan komitə qarşısına gəlməkdən imtina etmişlər. Bunu sadəcə həkimdən xoşu gəlmədiyi üçün müalicədən imtina edən xəstənin vəziyyətinə bənzətmək olar.
8. Hansı ayələr yığıncaqda nəzarətçi təyin edilən qardaşlara düzgün gözlə baxmağa kömək edəcək?
8 Bu cür ruha yoluxmamaq üçün nə etməliyik? Biz yadda saxlamalıyıq ki, Müqəddəs Kitaba əsasən, İsa «sağ əlində yeddi ulduz» saxlayır. «Ulduz»lar məsh olunmuş nəzarətçiləri, geniş mənada isə yığıncaqdakı bütün nəzarətçiləri təmsil edir. İsa əlindəki «ulduz»ları münasib bildiyi səmtə yönəltmək iqtidarındadır (Vəhy 1:16, 20). Deməli, məsihçi yığıncağının Başı kimi, İsa bütün ağsaqqallar şuralarına tam nəzarət edir. Əgər onlardan kiminsə düzəlişə, həqiqətən də, ehtiyacı varsa, «gözləri alov [saçan]» İsa bunun öz vaxtında və münasib bildiyi tərzdə yoluna qoyulmasının qayğısına qalacaq (Vəhy 1:14). Bizdən isə müqəddəs ruhla təyin edilənlərə ehtiram bəsləmək tələb olunur, çünki Pavel yazmışdı: «Sizə rəhbərlik edənlərə itaət edin və tabe olun, axı onlar hesabat verəcək adamlar kimi gecə-gündüz sizin rifahınızı düşünürlər. Qoyun onlar bunu ah-zarla yox, sevinclə etsinlər ki, sizə zərər dəyməsin» (İbr. 13:17).
9. a) Məsihçiyə düzəliş və ya məsləhət verilərkən nə üzə çıxa bilər? b) Məzəmmətə qarşı göstərilən ən yaxşı reaksiya hansıdır?
9 Məsihçinin hansı ruha sahib olduğu ona düzəliş verildiyi və ya məsuliyyətləri əlindən alındığı zaman da bəlli olur. Ağsaqqallar zorakı videooyunlar oynayan bir gənc qardaşa nəzakətlə məsləhət vermişdilər. Əfsuslar olsun ki, o, məsləhəti qulaqardına vurdu və artıq Müqəddəs Kitabdakı tələblərə uyğun gəlmədiyi üçün xidməti köməkçi kimi fəaliyyəti dayandırıldı (Məz. 11:5; 1 Tim. 3:8—10). Bundan sonra qardaş hamıya qərardan narazı olduğunu deməyə başladı; filiala ağsaqqallar barədə tənqidi məktublar yazırdı və hətta yığıncağının digər üzvlərini də buna təhrik edirdi. Həqiqətən də, əməllərimizə bəraət qazandırmaq məqsədilə yığıncaqda sülhü pozmaq bizim özümüz üçün əks nəticələr gətirir. Məgər məzəmmətə nəzərdən qaçırdığımız səhvə gözümüzü açan bir şey kimi baxmalı deyilikmi? Sonra da sakitcə verilən məsləhətləri tətbiq etmək daha yaxşı olmazdımı? (Mərsiyələr 3:28, 29 ayələrini oxu.)
10. a) Yaqub 3:16—18 ayələrindən yığıncaqda yaxşı və pis ruh barədə nə öyrənirik? İzah et. b) «Yuxarıdan nazil olan hikmət»ə əsasən davranmaq hansı bəhrələri gətirir?
10 Yaqub 3:16—18 ayələrindən yığıncaqda düzgün və düzgün olmayan əhval-ruhiyyə barədə öyrənirik. Biz oxuyuruq: «Paxıllıq və höcət olan yerdə qarmaqarışıqlıq və hər cür pislik hökm sürür. Lakin yuxarıdan nazil olan hikmət ilk növbədə safdır, sonra sülhpərvər, aqil, itaətkardır, mərhəmətli və faydalı bəhrələrlə doludur. O, ayrı-seçkilik etməz, onda riyakarlıq yoxdur. Salehlik bəhrəsinin toxumu isə sülhpərvərlər üçün əmin-amanlıq şəraitində əkilir». Əgər biz «yuxarıdan nazil olan hikmət»ə uyğun davransaq, Allahın xüsusiyyətlərini təzahür etdirəcəyik. Bu isə bizi yığıncağın yaxşı əhval-ruhiyyəsinə töhfə verməyə təşviq edəcək.
YIĞINCAQDA HÖRMƏTCİL DAVRAN
11. a) Düzgün ruha sahib olmaq bizə nədən qaçmağa kömək edəcək? b) Davudun nümunəsindən nə öyrənirik?
11 Biz yaddan çıxartmamalıyıq ki, Yehova ağsaqqalları «sürüyə nəzarət etmək üçün təyin edib» (Həv. iş. 20:28; 1 Pet. 5:2). Buna görə biz dərk edirik ki, ağsaqqal olub-olmamağımızdan asılı olmayaraq, Allahın quruluşuna hörmətlə yanaşmaq müdrik hərəkətdir. Əgər düzgün ruha malik olsaq, hakimiyyət və ya məsuliyyət sahibi olub-olmamağımız bizim üçün bir o qədər də əhəmiyyətli olmayacaq. İsrailin padşahı Şaul Davudun onun hakimiyyəti üçün təhlükə yaratdığını hiss edəndə ona «çəp-çəp baxmağa başladı» (1 Şam. 18:9). Padşahda pis ruh yarandı və o hətta Davudu öldürmək fikrinə düşdü. Vəzifəsini itirəcəyindən narahat olan Şaul kimi olmaq əvəzinə, Davud kimi olmaq daha yaxşıdır. Üzləşdiyi haqsızlığa görə əziyyət çəkməsinə baxmayaraq, bu gənc Allahdan səlahiyyət alan insanlara həmişə hörmətlə yanaşırdı. (1 Şamuel 26:23 ayəsini oxu.)
12. Yığıncaqda birliyin qorunmasına öz töhfəmizi necə verə bilərik?
12 Fikirlərin müxtəlifliyi bəzən yığıncaqda, hətta ağsaqqallar arasında əsəblərin gərilməsinə səbəb olur. Belə vaxt Müqəddəs Kitabdakı növbəti məsləhətlər dadımıza çata bilər: «Bir-birinizə hörmətdə həmişə təşəbbüs göstərin... Öz gözünüzdə ağıllı olmayın» (Rom. 12:10, 16). Yalnız bizim fikrimizin düz olduğuna israr etmək əvəzinə, biz dərk etməliyik ki, adətən, bir neçə düzgün nöqteyi-nəzər olur. Başqalarının baxışlarını anlamağa çalışanda yığıncağın birliyinə töhfə vermiş oluruq (Filip. 4:5).
13. Şəxsi fikrimizə necə yanaşmalıyıq və bunu hansı Müqəddəs Kitab nümunəsindən görmək olar?
13 Bu o deməkdirmi ki, yığıncaqda nəyi isə dəyişməyə ehtiyac olduğunu görəndə fikrimizi söyləmək düzgün deyil? Xeyr. Birinci əsrdə çox mübahisəli bir məsələ qalxmışdı. «Buna görə də belə qərara alındı ki, Pavel, Barnaba və bir neçə... başqa qardaş bu məsələ ilə əlaqədar Yerusəlimə, həvarilərin və ağsaqqalların yanına getsinlər» (Həv. iş. 15:2). Şübhə yoxdur ki, hər qardaşın bu məsələyə və onu necə həll etməyə dair şəxsi fikri vardı. Lakin hər biri öz fikrini söylədikdən və ruhun rəhbərliyinə uyğun qərar qəbul edildikdən sonra artıq onlar fikirlərini yeritməyə çalışmırdılar. Qərar barədə məktub yığıncaqlara çatanda qardaşlar «ruhlandırıcı sözlərə sevindilər» və onların imanı möhkəmləndi (Həv. iş. 15:31; 16:4, 5). Biz də hansısa məsələni məsul qardaşların diqqətinə çatdırdıqdan sonra onu onların öhdəsinə buraxmalıyıq.
BAŞQALARI İLƏ MÜNASİBƏTDƏ YAXŞI RUH TƏZAHÜR ETDİR
14. Başqaları ilə münasibətdə yaxşı ruh necə təzahür etdirə bilərik?
14 Başqaları ilə münasibətdə yaxşı ruh təzahür etdirməyimiz üçün çoxlu imkanlar var. Xətrimizə dəyən insanları bağışlayanda çox gözəl davranmış oluruq. Allahın Kəlamı bizə deyir: «Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olarsa, bir-birinizi ürəkdən bağışlayın. Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlayın» (Kolos. 3:13). «Birinizin digərindən şikayəti olarsa» ifadəsi göstərir ki, başqalarına əsəbiləşmək üçün bizim tutarlı səbəblərimiz ola bilər. Lakin onların qüsurlarına görə həddən artıq narahatçılıq keçirmək və yığıncaqda sülhü pozmaq əvəzinə, biz xidmətimizi birgə davam etdirməyimiz üçün Yehovanı təqlid edərək ürəkdən bağışlamağa çalışırıq.
15. a) Bağışlamaqla əlaqədar biz Əyyubdan nə öyrənə bilərik? b) Dua bizə xoş ruh təzahür etdirməyə necə kömək edir?
15 Əyyub bağışlamaqla əlaqədar bizə gözəl nümunə qoyub. «Təsəlli vermək» üçün ona baş çəkən üç dostunun acı sözləri onu yaralamışdı. Buna baxmayaraq, Əyyub onları bağışladı. Necə? O, «dostları üçün dua [etdi]» (Əyy. 16:2; 42:10). Başqaları üçün dua etmək bizim onlara qarşı münasibətimizi dəyişə bilər. Bütün həmimanlılarımız üçün dua etmək bizə Məsihə xas olan ruh inkişaf etdirməyə kömək edəcək (Yəh. 13:34, 35). Bacı-qardaşlarımız üçün dua etməkdən savayı, biz Allahdan müqəddəs ruh da diləməliyik (Luka 11:13). Allahın ruhu bizə başqaları ilə münasibətdə əsil məsihçi xüsusiyyətlərini təzahür etdirməyə kömək edəcək. (Qalatiyalılara 5:22, 23 ayələrini oxu.)
ALLAHIN TƏŞKİLATINDA SAĞLAM RUHU QORU
16, 17. Təzahür etdirdiyimiz ruhla əlaqədar şəxsən sən nə etməyə qərarlısan?
16 Hər bir məsihçi yığıncaqda sağlam ruhun qorunması üçün öz töhfəsini verəndə bu necə də gözəl bəhrələr gətirir! Yəqin ki, bu məqalə sənə sağlam ruh təzahür etdirməyin üçün hansı sahələrdə püxtələşməli olduğunu görməyə kömək etdi. Əgər belədirsə, qoy Allahın Kəlamı sənə hansı dəyişiklikləri etməli olduğunu göstərsin (İbr. 4:12). Yığıncaqda hərəkətlərinə fikir verən Pavel demişdi: «Vicdanım hər cəhətdən rahatdır. Amma bu məni saleh etmir. Yehova məni mühakimə edir» (1 Kor. 4:4).
17 Yuxarıdan nazil olan hikmətə uyğun davransaq, özümüz barədə həddən artıq yüksək fikirdə olmasaq və səlahiyyət məsələsinə düzgün yanaşsaq, yığıncaqda sağlam ruhun qorunmasına öz töhfəmizi vermiş olacağıq. Əgər başqalarını bağışlasaq və digərləri haqda yaxşı fikirləşsək, həmimanlılarımızla sülhdə olacağıq (Filip. 4:8). Belə davransaq, əmin ola bilərik ki, Yehova və İsa təzahür etdirdiyimiz ruhdan razı qalacaqlar (Filim. 25).
[14–cü səhifədəki şəkil]
İsanın rolu üzərində düşünmək verilən məsləhətlərə dair münasibətinə necə təsir edir?