FƏSİL 11
Axır günlərdə yaşayırıq!
NARAHATÇILIQLARLA dolu dünyamız bu vəziyyətə necə gəlib çıxdı? Gələcəkdə bizi nə gözləyir? Heç özünüzə bu kimi suallar vermisinizmi? Dünyanın bugünkü vəziyyətini görəndə çoxları çaşqınlığa düşürlər. Ətrafda ancaq müharibələrin, xəstəliklərin və cinayətin mövcud olduğu halda gələcək bizə nə gətirəcək? Hökumət başçılarına da ümid azdır. Lakin Allah Öz Kəlamında bu fəlakətli günlərin əsl mə’nasını izah edir. Müqəddəs Kitab e’tibarlı bir mənbə kimi hansı zəmanədə yaşadığımızı görməkdə bizə kömək edir. O göstərir ki, biz indiki sistemin ‘axır günlərində’ yaşayırıq (2 Timoteyə 3:1).
2 Misal üçün, şagirdlərin sualına İsanın verdiyi cavabı nəzərdən keçirək. İsanın ölümünə üç gün qalmış onlar soruşdular: “Sənin gəlişinə və dövrün [“sistemin”, YD] sonuna əlamət nə olacaq?”a (Matta 24:3). İsa cavabında, Allahı tanımayan indiki sistemin sonunun gəldiyini açıq-aydın göstərən konkret hadisə və şəraitləri təsvir etdi.
3 Əvvəlki fəsildə göstərildiyi kimi, Müqəddəs Kitab xronologiyasına əsasən Allahın Padşahlığı artıq idarə etməyə başlayıb. Məgər bu mümkündür? Axı ətrafda vəziyyət yaxşılaşmaq əvəzinə pisləşir. Məhz bu, Allahın Padşahlığının artıq idarə etdiyinə şəhadət edir. Bu necə mümkündür? Məzmur 110:2 ayəsindən öyrənirik ki, İsa bir qədər vaxt “düşmənlərinin arasında” rəhbərlik edəcəkdir. Və həqiqətən də, səmavi Padşah kimi onun ilk gördüyü iş — Şeytanı və onun cin mələklərini yer üzünə atmaq oldu (Vəhy 12:9). Daha sonra nə baş verdi? Vəhy 12:12 ayəsində əvvəlcədən deyilən hadisə baş verdi: “Yerə və dənizə vay olsun! Çünki iblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi”. Biz sonuna lap az qalmış həmin dövrdə yaşayırıq.
4 Buna görə də, İsadan onun iştirakına və mövcud olan sistemin sonuna əlamətin nə olacağı barədə soruşduqda, cavabın kifayət qədər ayıldıcı olması təəccüblü deyil. Əlamətin tərkib hissəsini təşkil edən müxtəlif hadisələr 102-ci səhifədə verilən cədvəldə göstərilir. Gördüyünüz kimi, İsanın həvariləri Pavel, Peter və Yəhya axır günlərin daha bir neçə təfsilatını xatırladırlar. Bəli, axır günlərin əlaməti əsasən fəlakətli şəraitləri özünə daxil edir. Lakin bu peyğəmbərliklərin yerinə yetməsi insanları bu pis sistemin sonunun yaxınlaşdığına əmin etməlidir. Gəlin, axır günlərin bə’zi səciyyəvi xüsusiyyətləri ilə yaxından tanış olaq.
AXIR GÜNLƏRİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
5 “Xalq xalqa, dövlət dövlətə qarşı qalxacaq” (Matta 24:7; Vəhy 6:4). Yazıçı Ernest Heminquey Birinci Dünya müharibəsini “yer üzündə ən ağlasığmaz, ən məhvedici, ən idarəolunmaz qırğın” adlandırmışdır. Bir kitaba əsasən “bu, son dərəcədə böyük, bəşər tarixində ilk ümumi müharibə idi. Öz sürəkliyinə, gərginliyinə və miqyasına görə bu müharibə bizə tanış olan hər şeyi, ümumiyyətlə ağıla gələ bilən hər şeyi ötüb keçdi” (“The World in the Crucible — 1914-1919”). Ondan sonra daha da dağıdıcı olan İkinci Dünya müharibəsi başlandı. Tarix elmləri üzrə professor Hyu Tomas deyir: “İyirminci əsrdə avtomat, tank, bombardmançı təyyarə B-52, nüvə bombası və nəhayət reaktiv mərmilər hökm sürür. Bu əsr, başqa əsrlərdən müharibələrin daha qanlı və məhvedici olması ilə fərqlənir”. Bəli, tərksilah problemi barədə bir çox söhbətlər aparıldıqdan sonra, “Soyuq müharibə” dayandırıldı. Lakin bir hesabata əsasən, güman edilən ixtisarlardan sonra 10 000-dən 20 000-dək nüvə silahları qalır ki, bu da İkinci Dünya müharibəsində buraxılan atəş gücündən 900 dəfə çoxdur.
6 “Yer-yer qıtlıqlar... olacaqdır” (Matta 24:7; Vəhy 6:5, 6, 8). 1914-cü ildən bəri ən azı 20 dəfə güclü aclıq baş vermişdir. Aclıq çəkmiş ərazilərin sırasına Çin, Efiopiya, Hindistan, Kamboca, Nigeriya, Ruanda, Rusiya, Sudan, Somali və Yunanıstan kimi ölkələr daxildir. Lakin aclıq həmişə ərzaq çatışmazlığından yaranmır. Bir qrup aqronom alim və iqtisadçılar növbəti qənaətə gəlmişlər: “Son onilliklər ərzində bütün dünyada ərzaq ehtiyatı əhalidən daha sür’ətlə artmışdır”. “Lakin bu cür bolluğa baxmayaraq, ən azı 800 milyon insan olduqca yoxsulluq içində yaşayır... bu insanlar onları xroniki aclıqdan xilas edəcək ən zəruri şeyləri belə ala bilmirlər”. Digər hallarda isə siyasət müdaxilə edir. Toronto Universitetinin doktoru Abdelqalil Elmekki iki ölkəni nümunə gətirir: bu ölkələr minlərlə sakini aclıq çəkdiyi halda böyük miqdarda ərzaq məhsullarını ixrac edir. Görünür, hakimiyyət dairələrini öz vətəndaşlarını dolandırmaq əvəzinə, apardıqları müharibələri maliyyələşdirmək üçün xarici valyuta almaq daha çox maraqlandırır. Doktor Elmekki hansı qənaətə gəlir? Aclıq çox vaxt “ərzaq məhsullarının paylanmasından və hökumətin siyasətindən asılıdır”.
7 “Qırğınlar” (Luka 21:11; Vəhy 6:8). 1918-1919-cu illərdə ispanka qripindən ən azı 21 milyon insan ölmüşdür. A. A. Houlinq “Böyük epidemiya” adlı kitabında yazır: “Bəşər tarixi ərzində hələ bu qədər insanı belə tez müddətdə məhv edən qatil olmamışdır” (“The Great Epidemic”). Epidemiyalar bu günə qədər də şiddətlənməkdədir. Hər il xərçəng xəstəliyindən beş milyon insan tələf olur, mə’də-bağırsaq xəstəlikləri üç milyondan artıq çağa və uşağın həyatına son qoyur, vərəmdən isə üç milyon insan ölür. Tənəffüs yolları infeksiyası, xüsusilə də sətəlcəm, hər il beş yaşa qədər 3,5 milyon uşağın ölümünə səbəb olur. Və dəhşətə gətirən odur ki, 2,5 milyard sayda insan, yə’ni yerin əhalisinin yarısı su çatışmazlığından və ya çirklənməsindən və pis sanitariya şəraitindən yaranan xəstəliklərdən əziyyət çəkir. Tibbin əhəmiyyətli dərəcədə nailiyyətlər əldə etməsinə baxmayaraq, QİÇS — insanın epidemiyalara son qoya bilmədiyini göstərən daha bir xatırlatmadır.
8 ‘İnsanlar pulpərəst olacaqlar’ (2 Timoteyə 3:2). Görünür, dünyanın müxtəlif ölkələrində insanlar tamahkarcasına var-dövlət yığmaq həvəsindədirlər. “Müvəffəqiyyət” çox vaxt əmək haqqının məbləğilə , “nailiyyət” isə var-dövlətlə ölçülür. Bir reklam agentliyinin vitse-prezidenti demişdir: “Maddi qayğılar, Amerika cəmiyyətini hərəkətə gətirən qüvvələrdən biri olaraq qalmaqda... və digər böyük satış bazarlarında daha çox həlledici qüvvəyə çevrilməkdədir”. Sizin yaşadığınız yerdə də vəziyyət belədirmi?
9 “Valideynlərinə itaət etməyən” (2 Timoteyə 3:2). Bu gün valideynlər, müəllimlər və başqa insanlar uşaqların çoxunun hörmətsiz və itaətsiz olduqlarına öz təcrübələrində əmin olurlar. Bu, çox vaxt uşaqların öz valideynlərinin səhv hərəkətlərinə göstərdikləri reaksiya və ya onları təqlid etmək cəhdidir. Get-gedə daha çox uşaqlar məktəb qayda-qanunlarına, dinə və valideynlərinə inamlarını itirir, onlara qarşı üsyan edirlər. Bir təcrübəli orta məktəb müəllimi deyir: “Onlar çox az şeyə hörmət qoyurlar”. Xoşbəxtlikdən Allah qorxusuna malik olan bir çox uşaqlar özlərini nümunəvi aparırlar.
10 “Azğın” (2 Timoteyə 3:3). “Azğın” kimi tərcümə olunan yunan sözü “əhliləşdirilməyən, vəhşi, insani şəfqətə və hissiyyata malik olmayan” mə’nalarını verir. Bu təsvir bu gün zorakılıqla məşğul olan bir çoxlarına necə də yaraşır! Bir baş məqalədə deyilirdi: “Həyatda o qədər fəlakətlər, o qədər qan və dəhşətlər var ki, gündəlik xəbərləri eşitmək üçün polad əsəblər lazımdır”. Bir sahə müvəkkili isə qeyd edir ki, bir çox yeniyetmələr atdıqları addımın nəticəsi barədə fikirləşmək istəmirlər. O deyir: “Elə hiss yaranır ki, onlar öz-özlərinə belə deyirlər: “Sabah necə olacağını bilmirəm, amma mən istədiyimi bu gün almalıyam”.
11 “Şəfqətsiz” (2 Timoteyə 3:3). “Ürəksiz, insanlıqdan məhrum” mə’nasını verən yunan sözü belə tərcümə edilir və “təbii qohumluq hisslərinin çatışmazlığına” işarə edir (“The New International Dictionary of New Testament Theology”). Bəli, şəfqət əksərən ən çox tələb olunan yerdə, yə’ni ailədə belə çatışmır. Həyat yoldaşına, uşaqlara və hətta qoca valideynlərə qarşı amansız davranış barədəki söhbətlərin adi hala çevrilməsi adamı dəhşətə gətirir. Bir tədqiqat qrupunun rə’yinə görə, “insanlar arasındakı zorakılıq, istər sillə və ya təpik, istərsə də bıçaqlaşma və ya atışma, cəmiyyətimizin başqa yerlərindən daha çox ailə daxilində baş verir”.
12 “Allah yolunda imiş kimi görünəcək, amma o yolun qüdrətini inkar edəcəklər” (2 Timoteyə 3:5). Müqəddəs Kitab insanların həyatını yaxşılığa doğru dəyişmək qüvvəsinə malikdir (Efeslilərə 4:22-24). Lakin bu gün bir çoxları dindən bir pərdə kimi istifadə edir və haqsız, Allaha məqbul olmayan işlərlə məşğul olurlar. Yalana, oğurluğa və cinsi əxlaqsızlığa çox vaxt dini rəhbərlər tərəfindən haqq qazandırılır. Bir çox dinlər məhəbbəti təbliğ etməklə yanaşı müharibələri dəstəkləyirlər. Bir jurnalda dərc edilmiş məqalədə deyilir: “Ali Yaradanın adı naminə insanlar bir-birlərinin üzərində ən dəhşətli qəddarlıqları törədirlər” (“India Today”). Əslində bizim zəmanənin iki ən qanlı toqquşması, yə’ni Birinci və İkinci Dünya müharibələri Xristian dünyasının lap mərkəzində baş qaldırmışdı.
13 “Yeri tələf edənlər” (Vəhy 11:18). 104 Nobel mükafatı laureatını da daxil etməklə, bütün dünyadan olan 1 600-dən çox alim “Narahat alimlər ittifaqı” tərəfindən nəşr edilən xəbərdarlığı imzalamışlar. Orada deyilirdi: “İnsan və təbiət toqquşmaq üzrədir. [...] Bir neçə onillikdən sonra başımızın üstünü almış təhlükəni aradan qaldırmaq imkanını əldən verəcəyik”. Mə’lumatda deyilirdi ki, insanların yaşamaq üçün təhlükə yaradan əməlləri “dünyanı o qədər dəyişdirə bilər ki, həyatı bizə mə’lum olan üsulla qoruyub saxlamaq mümkün olmaz”. Ozon təbəqəsinin kiçilməsi, suyun çirklənməsi, meşələrin kəsilməsi, torpağın gücdən düşməsi, həmçinin bir çox heyvan və bitki növlərinin kökünün kəsilməsi — dərhal həllini tələb edən problemlər kimi sadalanmışdır. “Narahat alimlər ittifaqı”nın mə’lumatında belə deyilirdi: “Həyat tellərinin mürəkkəb toxumasına bizim müdaxilə etməyimiz, hər tərəfə tə’sir edəcək nəticələrə gətirib çıxara, o cümlədən dinamıkasını hələ tam anlamadığımız bioloji sistemlərin dağılmasına səbəb ola bilər”.
14 “Padşahlıq haqqında olan bu Müjdə... bütün dünyada təbliğ olunacaqdır” (Matta 24:14, İ–93). İsa əvvəlcədən demişdir ki, Padşahlıq haqqındakı xoş xəbər millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır. Allahın köməyi və xeyir-duası ilə Yehovanın milyonlarla Şahidi təbliğ və şagirdlər hazırlamaq işinə milyardlarla saat həsr edirlər (Matta 28:19, 20). Bəli, Yehovanın Şahidləri dərk edirlər ki, xoş xəbəri təbliğ etməzlərsə, qan tökülməsində təqsirkar olacaqlar (Hezekiel 3:18, 19). Və onlar hər il minlərlə insanların Padşahlıq haqqındakı xəbərə hay verib, məsihçilərin — Yehovanın Şahidlərinin tərəfini tutduqlarına görə xoşbəxtdirlər. Yehovaya xidmət etmək və beləliklə Allah haqqındakı biliyi yaymaq — çox qiymətli şərəfdir. Bu xoş xəbər yer kürəsinin insan yaşayan hər bir yerində təbliğ edildikdən sonra bu amansız sistemin sonu gələcəkdir.
ÖYRƏNDİYİNİZ FAKTLARA MÜVAFİQ DAVRANIN
15 Bəs bu sistem necə sona yetəcək? Müqəddəs Kitabda bu dünyanın siyasi qüvvələrinin, yalan dinlərin dünya imperiyası olan “Böyük Babil” üzərinə hücum etməsi ilə “böyük məşəqqətin” başlanması qabaqcadan deyilmişdir (Matta 24:21; Vəhy 17:5, 16). İsa demişdir ki, bu zaman “günəş qaralacaq, ay işığını verməyəcək, ulduzlar göydən düşəcək və göy cisimləri sarsılacaq” (Matta 24:29). Bu sözlər hərfi mə’nada da yerinə yetə bilər. Hər halda din aləminin şö’lə saçan işıqları ifşa olunub, məhv ediləcək. Sonra “Maqoq diyarından olan... Qoq” adlanan Şeytan Yehovanın xalqına ümumi hücum etmək üçün əxlaqsız insanlardan istifadə edəcəkdir. Lakin Şeytan müvəffəqiyyətə nail olmayacaq, çünki Allah xalqının köməyinə gələcək (Hezekiel 38:1, 2, 14-23). “Böyük məşəqqət”, “Küll-İxtiyar Allahın böyük günündə baş verəcək müharibə”də öz yüksək nöqtəsinə çatacaqdır. Bu müharibə Şeytanın yer üzündəki təşkilatının bütün izlərini siləcək və sağ qalan bəşəriyyətə sonsuz xeyir-dualardan həzz almağa imkan verəcəkdir (Vəhy 7:9, 14; 11:15; 16:14, 16; 21:3, 4).
16 Axır günləri təsvir edən peyğəmbərliklərin bə’zi səciyyəvi xüsusiyyətləri tarixin başqa dövrlərinə də tətbiq edilən kimi görünə bilər. Lakin qabaqcadan xəbər verilmiş əlamətlərin hamısı bizim günlərə işarə edir. Misal üçün, insanın barmaq izini təşkil edən cizgilər, başqa heç kimə məxsus ola bilməyən təsvir yaradır. Eləcə də axır günlərin səciyyəvi xüsusiyyətlərinin və ya hadisələrinin öz təsviri var. Onlar başqa heç bir vaxt müddətinə aid ola bilməyən bir növ “barmaq izlərini” təşkil edir. Allahın səmavi Padşahlığının artıq idarə etdiyinə dair Müqəddəs Kitabın dediklərini nəzərə alsaq, faktlar həqiqətən də axır günlərdə yaşadığımızı göstərəcək. Bundan əlavə, Müqəddəs Kitabın verdiyi aydın sübutlar bugünkü amansız sistemin tezliklə məhv olacağını göstərir.
17 Siz axır günlərdə yaşamağımıza necə yanaşırsınız? Təsəvvür edin: əgər məhvedici tufan yaxınlaşırsa, biz dərhal təhlükəsizlik tədbirləri görürük. Bunun kimi də, Müqəddəs Kitabda indiki sistemə aid qabaqcadan deyilənlər bizi hərəkətə təşviq etməlidir (Matta 16:1-3). Biz aydın şəkildə görürük ki, mövcud olan indiki sistemin axır günlərində yaşayırıq. Bu bizi Allahın iltifatını qazanmaq üçün lazım olan dəyişiklikləri etməyə təşviq etməlidir (2 Peter 3:3, 10-12). Özü haqqında xilas bəxş edən bir şəxs kimi danışaraq, İsa tə’kidlə çağırır: “Diqqətli olun ki, ürəkləriniz qarınqululuq və sərxoşluqla, bu həyatın qayğıları ilə ağırlaşmasın və o Gün sizi qəflətən yaxalamasın. Çünki o Gün bir tor kimi yer üzündə yaşayanların hamısına rast gələcəkdir; buna görə də bütün baş verəcək bu fəlakətlərdən qaçınmağa layiq olmaq və İnsan Oğlunun hüzuruna çıxa bilmək üçün, hər an dua edin və ayıq olun” (Luka 21:34-36).
[Haşiyə]
a Müqəddəs Kitabın bə’zi tərcümələrində “sistem” əvəzinə “dünya” sözü istifadə edilir. U. E. Vaynın “Əhdi Cədidin sözlərinə aid izahlı lüğəti”ndə deyilir ki, aion yunan sözü “qeyri-müəyyən vaxt müddətini və ya həmin dövrün hansısa hadisəsi ilə xarakterizə olunan vaxtı nəzərdə tutur” (“Expository Dictionary of New Testament Words”). Parkherstin “Əhdi Cədidə aid yunanca-ingiliscə lüğət”ində İbranilərə 1:2 ayəsində istifadə edilən aioʹnes (cəm halında) müzakirə edilərkən “sistem” sözü işlədilir (“Parkhurst’s Greek and English Lexicon to the New Testament”). Beləliklə, “sistem” sözü yunan orijinalına daha yaxındır.
BİLİYİNİZİ YOXLAYIN
• Müqəddəs Kitabda əvvəlcədən deyilənlərə əsasən, Məsih idarə etməyə başlayan zaman hansı dünya hadisələri baş verməlidir?
• Axır günlərin bə’zi səciyyəvi xüsusiyyətləri hansılardır?
• Axır günlərdə yaşadığımıza siz nəyin əsasında əmin olursunuz?
[Öyrənilmə üçün olan suallar]
1. Dünyanın bugünkü vəziyyətini görənlərin çoxu nəyə görə çaşqınlıq içindədir və dünya hadisələrinin düzgün izahatını haradan tapmaq olar?
2. İsanın şagirdləri ona hansı sualı verdilər və o, cavabında nə dedi?
3. İsanın idarə etməyə başladığı vaxtdan bəri yer üzündə vəziyyət nəyə görə pisləşib?
4. Axır günlərin bə’zi səciyyəvi xüsusiyyətləri hansılardır və bunlar nəyə işarə edir? (Cədvələ baxın.)
5, 6. Müharibələr və aclıq haqqındakı peyğəmbərliklər necə yerinə yetir?
7. Bugünkü faktlar epidemiyalar haqqında nə deyir?
8. İnsanların “pulpərəst” olduqları nədən görünür?
9. Uşaqların itaətsiz olacaqlarına dair peyğəmbərlik barədə nə demək olar?
10, 11. İnsanların azğın olduqlarına və bir-birlərinə təbii bağlılıq hissləri bəsləmədiklərinə hansı sübutlar var?
12. Nəyə görə demək olar ki, insanlar yalnız Allah yolunda imiş kimi görünürlər?
13. Yerin tələf olunduğuna dair hansı sübutlar var?
14. Matta 24:14 ayəsinin bizim günlərdə yerinə yetdiyini necə sübut edərdiniz?
15. Bugünkü amansız sistem necə sona yetəcək?
16. Biz haradan bilirik ki, axır günlərin əvvəlcədən deyilmiş əlamətləri bizim zəmanəyə aiddir?
17. Axır günlərdə yaşadığımızı bilməyimiz bizi nəyə təşviq etməlidir?
[102-ci səhifədəki çərçivə]
AXIR GÜNLƏRİN BƏ’Zİ SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
• Misli görünməmiş müharibələr (Matta 24:7; Vəhy 6:4).
• Aclıq (Matta 24:7; Vəhy 6:5, 6, 8).
• Yoluxucu xəstəliklər (Luka 21:11; Vəhy 6:8).
• Artan qanunsuzluqlar (Matta 24:12).
• Yerin tələf olunması (Vəhy 11:18).
• Zəlzələlər (Matta 24:7).
• Həlli mürəkkəb olan çətin anlar (2 Timoteyə 3:1).
• Pula qarşı son dərəcə güclü hərislik (2 Timoteyə 3:2).
• Valideynlərə itaətsizlik (2 Timoteyə 3:2).
• Təbii bağlılıq hisslərinin çatışmazlığı (2 Timoteyə 3:3).
• Zövqə olan məhəbbətin Allaha olan məhəbbətdən üstün olması (2 Timoteyə 3:4).
• Özünü idarə etməyi bacarmamaq (2 Timoteyə 3:3).
• Yaxşılığın düşməni (2 Timoteyə 3:3).
• Yaxınlaşmaqda olan təhlükəyə göstərilən e’tinasızlıq (Matta 24:39).
• Rişxəndçilər axır günlərin sübutlarını rədd edirlər (2 Peter 3:3, 4).
• Allahın Padşahlığının ümumdünya təbliği (Matta24:14).
[101-ci səhifədəki şəkil]