Allahın tə’yin etdiyi hakimiyyətə sədaqətlə tabe olun
“Hakimimiz Rəbdir, qanunumuzu qoyan Rəbdir, padşahımız Rəbdir” (İŞAYA 33:22).
1. İsrail xalqını başqa xalqlardan fərqləndirən hansı amillər vardı?
ERAMIZDAN əvvəl 1513-cü ildə İsrail xalqı mövcud olmağa başladı. O zaman bu dövlətin nə paytaxtı, nə ərazisi, nə də insan padşahı vardı. Bu dövlətin vətəndaşları keçmişdə kölə idilər. Lakin bu xalqı fərqləndirən daha bir amil vardı: onun gözəgörünməz Hakimi, Qanunvericisi və Padşahı Yehova Allah idi (Çıxış 19:5, 6; İşaya 33:22). Başqa heç bir xalq özü haqda bu sözləri deyə bilməzdi!
2. İsrail xalqının təşkil olunması ilə əlaqədar hansı sual yaranır və bu sualın cavabını bilmək bizim üçün nəyə görə vacibdir?
2 Yehova nizam-intizam, həmçinin sülh Allahı olduğundan, Onun idarə etdiyi hər-hansı bir xalqın yaxşı təşkil olunması təbiidir (1 Korinflilərə 14:33). İsrail xalqını da istisna etmək olmazdı. Lakin yer üzündə mövcud olan, gözlə görünən bir təşkilat, gözəgörünməz Allah tərəfindən necə idarə oluna bilər? Yehovanın bu qədim xalqı necə idarə etdiyinə nəzər salmağımıza dəyər. Həmçinin Yehovanın İsrail xalqı ilə davranışından, Onun tə’yin etdiyi hakimiyyətə sədaqətlə tabe olmağın vacibliyinə də xüsusi diqqət yetirməliyik.
Qədim İsraildə idarəetmə üsulu
3. Xalqına rəhbərlik etmək üçün Yehova hansı praktiki quruluşu tə’yin etmişdi?
3 Yehova İsrailin gözəgörünməz Padşahı olsa da, sadiq insanları özünün görünən nümayəndələri tə’yin edirdi. İsraildə xalqa məsləhətçilər və hakimlər timsalında xidmət edən rəislər, qəbilə başçıları və ağsaqqallar vardı (Çıxış 18:25, 26; Təsniyə 1:15). Lakin məs’uliyyət daşıyan bu adamların, Allahın rəhbərliyi olmadan, hər şeyi səhvə yol vermədən gözüaçıqlıqla və anlayışla mühakimə edə biləcəklərini düşünmək düzgün olmazdı. Onlar qeyri-kamil idilər və həmimanlılarının ürəklərində olanları görə bilmirdilər. Bununla belə, Allahdan qorxan hakimlər onlara faydalı məsləhətlər verə bilirdilər. Bu məsləhətlər, Yehovanın qanununa əsaslandığı üçün faydalı idi (Təsniyə 19:15; Məzmur 119:97-100).
4. İsrail xalqının sədaqətli hakimləri özlərindəki hansı meylləri rəf etməyə çalışırdılar və nəyə görə?
4 Lakin hakimlərdən, Qanunu bilməkdən daha artıq şey tələb olunurdu. Qeyri-kamil olan bu ağsaqqallar, onlara xas olan və ədalət məhkəməsini icra etməyə maneə törədən pis meylləri, məsələn, xudbinliyə, üzgörənliyə və tamahkarlığa olan meyllərini yüyənləməyi bacarmalı idilər. Musa onlara dedi: “Hökmdə şəxslərə e’tibar etməyəcəksiniz; kiçiyi də böyüyü kimi dinləyəcəksiniz; insan üzündən qorxmayacaqsınız; çünki hökm Allahındır”. Bəli, İsrailin hakimləri Allahın adından hökm verirdilər. Bu cür tapşırıq necə də ehtiram hissi doğurur! (Təsniyə 1:16, 17).
5. Yehova, hakimlər tə’yin etməkdən başqa, xalqı üçün daha hansı tədbiri gördü?
5 Xalqının ruhani tələbatlarına qayğı göstərmək üçün Yehova yalnız hakimlər tə’yin etmədi. İsraillilər Və’d edilən diyara çatmazdan əvvəl, Yehova onlara, həqiqi ibadətin mərkəzi olan səyyar mə’bədi qurmağı tapşırdı. O, həmçinin kahinlər tə’yin etdi ki, onlar Qanunu xalqa öyrətsinlər, heyvanları qurban gətirsinlər və səhər-axşam buxur yandırsınlar. Allah, Musanın böyük qardaşı Harunu İsrailin birinci baş kahini tə’yin etdi, onun oğullarına isə öz vəzifəsini yerinə yetirməkdə atalarına kömək etməyi tapşırdı (Çıxış 28:1; Saylar 3:10; 2 Tarixlər 13:10, 11).
6, 7. a) Vəzifələr kahinlər və kahin olmayan levililər arasında necə bölüşdürülürdü? b) Biz, levililərin müxtəlif işlər görmələrindən hansı ibrət dərsini ala bilərik? (Koloslulara 3:23)
6 Sayı bir neçə milyon olan xalqın ruhani tələbatlarının qayğısına qalmaq böyük tapşırıq idi, kahinlər isə sayca azlıq təşkil edirdilər. Onlara kömək etmək üçün Levi qəbiləsinin başqa üzvləri tə’yin olunmuşdular. Yehova Musaya dedi: “Levililəri Haruna və oğullarına verəcəksən; onlar İsrail oğulları arasında ona tamamən verilmişdir” (Saylar 3:9, 39)
7 Levililər yaxşı təşkil olunmuşdular. Onlar üç ailəyə — Gerşon, Kohat və Merari oğulları ailəsinə bölünürdülər və hər birinə müəyyən iş həvalə olunmuşdu (Saylar 3:14-17, 23-37). Tapşırıqların bə’ziləri daha üstün görünsə də, onların hamısı vacib mə’na daşıyırdı. Levililərdən Kohat oğullarının işi müqəddəs əhd sandığı və çadırın ləvazimatları ilə sıx bağlı idi. Lakin, Kohat oğullarının sırasına daxil olub-olmamalarından asılı olmayaraq, hər bir levilinin işi çox şərəfli idi (Saylar 1:51, 53). Əfsuslar olsun ki, öz tə’yinatını qiymətləndirməyən kəslər də vardı. Allahın tə’yin etdiyi hakimiyyətə sədaqətlə tabe olmaq əvəzinə, onlar narazılıq ruhu inkişaf etdirdilər, lovğalıq, şöhrətpərəstlik və həsəd kimi hisslərin tə’siri altına düşdülər. Belə adamlardan biri, Korah adında levili idi.
“Kahinliyi də arayırsınız?”
8. a) Korah kim idi? b) Korah hansı səbəbdən kahinlərə insan nöqteyi-nəzərindən baxa bilərdi?
8 Korah nə Levi nəslinin, nə də Kohat qəbiləsinin başçısı idi (Saylar 3:30, 32). Buna baxmayaraq, İsrail xalqı arasında hörmət qazanmış rəis idi. Ehtimal ki, vəzifəsi ilə əlaqədar Harun və onun oğulları ilə sıx əlaqədə olurdu (Saylar 4:18, 19). Bu adamların qeyri-kamilliyini görərək, Korah belə düşünə bilərdi: “Məgər bu kahinlərin qeyri-kamil olduqları aydın deyilmi? Mən isə onlara tabe olmalıyam! Bir qədər əvvəl Harun qızıl buzov düzəltmişdi. Ona ibadət etdiyi üçün xalqımız bütpərəstliyə qapılmışdı. İndi isə, Musanın qardaşı olan elə bu Harun baş kahin vəzifəsini icra edir! Necə də ikiüzlülükdür! Bəs Harunun oğulları Nadab və Abihu? Onlar xidmətlərinə o dərəcədə hörmətsiz yanaşdılar ki, Yehova onları məhv etməli oldu!”a (Çıxış 32:1-5; Levililər 10:1, 2). Korah hər nə düşünsə də, ehtimal ki, kahinlərə insan nöqteyi-nəzərindən baxmağa başladı. Buna görə də nəticədə Musaya və Haruna, əslində isə Yehovaya qarşı qiyam qaldırdı (1 Samuel 15:23; Yaqub 1:14, 15).
9, 10. Korah və onun tərəfdarları Musanı nədə günahlandırdılar və onlar hansı səbəbdən bilməli idilər ki, bunu etmək olmaz?
9 Korah kimi nüfuzlu adamın, özünə tərəfdarlar tapması çətin deyildi. O, Datan və Abiram ilə birlikdə ətraflarına cəmiyyətin rəisləri olan 250 nəfər həmfikirlər topladılar. Hamısı birlikdə Musaya və Haruna yaxınlaşıb dedilər: “Bütün cəmiyyət, onlardan hər biri müqəddəsdir və Rəbb onların arasındadır; və nə üçün Rəbbin yığıncağı üzərinə özünüzü yüksəldirsiniz?” (Saylar 16:1-3).
10 Qiyamçılar yaxşı bilirdilər ki, Musanın hakimiyyətinə qarşı çıxmaq olmaz. Bundan bir qədər əvvəl Miryam ilə Harun da belə davranmışdılar. Onlar, hətta təxmini Korah kimi mülahizə yürüdürdülər! Saylar 12:1, 2 ayələrinə əsasən, onlar soruşurdular: “Rəbb yalnız Musa vasitəsiləmi söylədi? bizim vasitəmizlə də söyləmədimi?” Yehova hər şeyi eşitdi. Musaya, Haruna və Miryama, rəis seçdiyi adamı göstərmək istədiyi yerə, toplanma çadırının ağzına yığılmağı tapşırdı. Yehova aydın dillə dedi: “Əgər aranızda bir peyğəmbər varsa, mən, Rəbb, xəyalda özümü ona bildirəcəyəm, rö’yada onunla söyləyəcəyəm. Qulum Musa elə deyildir; bütün evimdə sadiqdir”. Bunun ardınca Yehova Miryamı müvəqqəti olaraq cüzama qərq etdi (Saylar 12:4-7, 10).
11. Musa, Korahın törətdiyi vəziyyətin öhdəsindən necə gəldi?
11 Korah və onun tərəfini tutanlar bu hadisədən xəbərdar olmalı idilər. Onların qiyamına bəraət qazandırmaq olmazdı. Lakin yenə də Musa onları səbirlə yola gətirməyə çalışırdı. Musa onları, malik olduqları xidməti qiymətləndirməyə çağırırdı: “İsrail cəmiyyətindən sizi özünə yaxın qılmaq, Rəbbin məskəninin xidmətində durmaq və cəmiyyətə xidmət etmək üçün onların önündə durmaq üzrə İsrailin Allahı sizi ayırdı... bu sizə kiçik bir şeymi görünür?” Yox, bu “kiçik bir şey” deyildi! Levililərə olduqca çox şey e’tibar edilmişdi. Bəs onların nəyi çatışmırdı? Musanın sonradan dediyi onların ürəyində olanı üzə çıxartdı: “Kahinliyi də arayırsınız?”b (Saylar 12:3; 16:9, 10). Tə’yin etdiyi hakimiyyətə qarşı qaldırılan qiyama Yehova necə münasibət göstərdi?
İsrailin Hakimi müdaxilə edir
12. İsraillilərin Allahla yaxşı münasibətdə qalıb-qalmamaqları nədən asılı idi?
12 Yehova israillilərə Qanun verəndə onlara dedi ki, əgər itaətkar olsalar “müqəddəs millət” olacaq və Yehovanın yaratdığı qayda-qanuna tabe olsalar “müqəddəs millət” olaraq qalmaqda davam edəcəklər (Çıxış 19:5, 6). İndi isə, açıq-aşkar şəkildə baş verən qiyam zamanı, İsrailin Hakimi və Qanunvericisi üçün müdaxilə etmək vaxtı gəlmişdir! Musa Koraha dedi: “Sən və bütün yoldaşların, sən və onlar və Harun, sabah Rəbbin önündə olun; və sizdən hər biri öz buxurdanını alıb üzərlərinə buxur qoyun və sizdən hər biri öz buxurdanını alaraq Rəbbin önünə iki yüz əlli buxurdan gətirin; sən və Harun ikiniz də buxurdanınızı gətirin” (Saylar 16:16, 17).
13. a) Qiyamçıların Yehovanın önündə buxur yandırmaları nəyə görə hörmətsizlik idi? b) Yehova qiyamçılarla necə davrandı?
13 Allahın Qanununa əsasən, buxuru yalnız kahinlər yandıra bilərdilər. Kahin olmayan levililərin Yehovanın qarşısında buxur yandırmaları haqqındakı fikir, qiyamçıları düşündürməli idi (Çıxış 30:7; Saylar 4:16). Amma bu fikir Korahı və tərəfdarlarını dayandırmadı. Ertəsi gün Korah “onlara [Musaya və Haruna] qarşı bütün cəmiyyəti toplanma çadırının qapısına topladı”. Müqəddəs Kitabda deyilir: “Və Rəbb Musaya və Haruna söyləyib dedi: Bu cəmiyyətdən ayrılın onları bir anda bitirim”. O zaman Musa və Harun Yehovaya yalvardılar ki, xalqı məhv etməsin. Yehova onların xahişlərini dinlədi. O ki, qaldı Koraha və onun tərəfdarlarına, “Rəbbin yanından atəş çıxdı və buxur təqdim edən iki yüz əlli kişini yiyib bitirdi” (Saylar 16:19-22, 35)c.
14. Yehova “İsrail oğullarının bütün cəmiyyətinə” qarşı nəyə görə sərt ölçülər tətbiq etdi?
14 Qəribədir: Yehovanın qiyamçılarla davranışını görən israillilər, bundan heç bir ibrət dərsi götürmədilər. “Ertəsi gün İsrail oğullarının bütün cəmiyyəti Musaya qarşı və Haruna qarşı söylənib dedilər: Rəbbin xalqını siz öldürdünüz”. İsraillilər qiyamçıların tərəfini saxladılar! Yehovanın səbri tükəndi. İndi artıq heç kim, hətta Musa və Harun da, xalqa rəhm etməsini Ondan xahiş edə bilmədi. Yehova itaətsizlərin üzərinə xəstəlik göndərdi və “Korah məsələsində ölənlərdən başqa vəbadan ölənlər on dörd min yeddi yüz adam idi” (Saylar 16:41-49).
15. a) İsraillilər hansı səbəbdən tərəddüd etmədən Musanın və Harunun rəhbərliyinə riayət etməli idilər? b) Baş verən bu hadisədən Yehova haqqında nə öyrənirsiniz?
15 Əgər bu adamların hamısı bir az düşünsəydilər, ölməzdilər. Onlar özlərinə belə suallar verə bilərdilər: Həyatını təhlükə altına ataraq fir’onun qarşısında duran kim olmuşdu? İsraillilərin azad olunmasını tələb edən kim idi? İsraillilər əsarətdən azad olunduqdan sonra, Allahın mələyi ilə üz-üzə söhbət etmək üçün Horeb dağına çıxmaq yalnız kimə tapşırılmışdı? Musanın və Harunun gördükləri işlər, şübhəsiz olaraq, onların Yehovaya sədaqətlərinə və xalqa məhəbbətlərinə şəhadət edirdi (Çıxış 10:28; 19:24; 24:12-15). Qiyamçıları həlak etmək Yehovanın xoşuna gəlmirdi. Amma mə’lum olanda ki, xalq öz qiyamında inad göstərir, Yehova həlledici ölçülər tətbiq etdi (Hezekiel 33:11). Bunların hamısı bizim üçün böyük mə’na kəsb edir. Nəyə görə?
Bu gün kanal timsalında kim xidmət edir?
16. a) Birinci əsrdə yaşayan yəhudilər nəyin əsasında əmin olmalı idilər ki, İsa Yehovanın nümayəndəsidir? b) Yehova levili kahinləri nəyə görə və kimlərlə əvəz etdi?
16 Bu gün yer üzündə yeni bir “xalq” var və onun gözəgörünməz Hakimi, Qanunvericisi və Padşahı Yehovadır (Matta 21:43). Bu “xalq” b. e. birinci əsrində yaranmışdır. Həmin vaxt üçün Musanın dövründə mövcud olan səyyar mə’bədi, Yerusəlimdəki gözəl mə’bəd əvəz etdi. Bu mə’bəddə əvvəlki kimi müqəddəs xidməti levililər icra edirdilər (Luka 1:5, 8, 9). Lakin eramızın 29-cu ilində yeni ruhani mə’bəd yarandı. Bu mə’bəddə isə baş kahin vəzifəsini İsa Məsih icra edirdi (İbranilərə 9:9, 11). Allahın tə’yin etdiyi hakimiyyət barəsində yenidən sual qalxdı. Yehova bu yeni “xalqı” kimin vasitəsilə idarə edəcək? İsa, Yehovaya hədsiz sədaqətli olduğunu göstərdi. O, insanları sevirdi. Bundan əlavə, çoxlu böyük əlamətlər göstərirdi. Lakin levililərin əksəriyyəti qəddar əcdadları kimi davranaraq, İsanı qəbul etməkdən boyun qaçırdılar (Matta 26:63-68; Həvarilərin işləri 4:5, 6, 18; 5:17). Nəticədə Yehova levili kahinləri tamamilə başqaları ilə — Padşahın kahin tayfası ilə əvəz etdi. Padşahın bu kahin tayfası bu günə qədər mövcuddur.
17. a) Bu gün Padşahın kahin tayfası kimlərdən ibarətdir? b) Yehova həmin kahin tayfasını necə istifadə edir?
17 Padşahın kahin tayfası bu gün kimlərdən ibarətdir? Həvari Peter, Allahdan ilham almış birinci məktubunda bu suala cavab verir. Məsihin bədəninin məsh edilmiş üzvlərinə bunları yazır: “Siz isə, seçilmiş nəsil, Padşahın kahin tayfası, müqəddəs millət, Allaha məxsus xalqsınız ki, sizi qaranlıqdan Öz valehedici nuruna Çağıranın fəzilətlərini e’lan edəsiniz” (1 Peter 2:9, İ–93). Bu sözlərdən aydın olur ki, Peterin həmçinin “müqəddəs millət” adlandırdığı “Padşahın kahin tayfası”, İsanın izləri ilə gedən məsh edilmiş məsihçilərdən ibarətdir. Bu qrup, Yehovanın öz xalqına tə’limat və ruhani rəhbərlik vermək üçün istifadə etdiyi kanal kimi xidmət edir (Matta 24:45-47).
18. Tə’yin olunmuş ağsaqqallarla Padşahın kahin tayfası arasında hansı əlaqə var?
18 Padşahın kahin tayfasının nümayəndələri, bütün yer üzündə Yehovanın xalqının yığıncaqlarına tə’yin olunmuş, cavabdehlik daşıyan ağsaqqallardır. Məsh edilmiş olub-olmamalarından asılı olmayaraq, bu qardaşların hamısı bizim hörmətimizə və səmimi yardımımıza layiqdirlər. Nəyə görə? Ona görə ki, heç kim yox, yalnız Yehovanın özü müqəddəs ruhu ilə onları ağsaqqallar tə’yin edir və onlara bu və ya digər vəzifələr e’tibar edir (İbranilərə 13:7, 17). Bu tə’yinat necə həyata keçirilir?
19. Nəyə görə demək olar ki, ağsaqqallar müqəddəs ruhla tə’yin olunurlar?
19 Bu ağsaqqallar, Allahın ruhunun tə’siri altında Allahın Kəlamında yazılan tələblərə müvafiqdirlər (1 Timoteyə 3:1-7; Titusa 1:5-9). Belə isə, demək olar ki, onlar müqəddəs ruhla tə’yin olunublar (Həvarilərin işləri 20:28). Ağsaqqallar Allahın Kəlamını çox yaxşı bilməlidirlər. Bundan əlavə, onları tə’yin edən Ali Hakimi təqlid edərək, onlar məhkəmədə cüz’i də olsa tərəfkeşliyi xatırladan hər şeyə nifrət etməlidirlər (Təsniyə 10:17, 18).
20. Zəhmətkeş ağsaqqallarda siz nəyi qiymətləndirirsiniz?
20 Onların hakimiyyətini sual altına qoymaq əvəzinə, biz zəhmətkeş ağsaqqallarımızı layiqincə qiymətləndiririk! Onilliklər boyu etdikləri sadiq xidmətləri, bizdə onlara qarşı e’tibar hissi oyadır. Onlar yığıncaq görüşlərinə vicdanla hazırlaşır və bu görüşləri keçirirlər, xoş xəbərin təbliğində bizimlə çiyin-çiyinə çalışırlar və ehtiyac duyduğumuz zaman bizə Müqəddəs Kitabdan məsləhətlər verirlər (Matta 24:14; İbranilərə 10:23, 25; 1 Peter 5:2). Xəstələnəndə bizə baş çəkir, kədərli olanda isə bizə təsəlli verirlər. Onlar sədaqətlə və təmənnasız olaraq Padşahlığın maraqlarını müdafiə edirlər. Yehovanın ruhu onların üzərindədir və Yehova onları bəyənir (Qalatiyalılara 5:22, 23).
21. Ağsaqqallar nəyi yadda saxlamalıdırlar və nəyə görə?
21 Bəli, ağsaqqallar kamil deyillər. İmkanlarının məhdud olduğunu yadda saxlayaraq, onlar sürünün — “Allahın mirasının” (YD) üzərində ağalıq etməyə çalışmırlar. Əksinə, qardaşlarının “sevinmələri üçün” çalışırlar (1 Peter 5:3; 2 Korinflilərə 1:24). Həlim olan zəhmətkeş ağsaqqallar Yehovanı sevir və bilirlər ki, Onu nə qədər dəqiq təqlid etməyə çalışarlarsa, yığıncağa daha çox fayda gətirərlər. Bunu yadda saxlayaraq, məhəbbət, mərhəmət və səbir kimi Allaha məqbul keyfiyyətləri həmişə inkişaf etdirməyə sə’y göstərirlər.
22. Korah haqqındakı mə’lumat Yehovanın görünən təşkilatına olan imanınızı necə möhkəmləndirdi?
22 Biz necə də şadıq ki, Yehova gözəgörünməz Hökmdarımız, İsa Məsih Baş Kahinimiz, Padşahın kahin tayfasının məsh edilmiş üzvləri müəllimlərimiz, sadiq məsihçi ağsaqqalları isə məsləhətçilərimizdir! İnsanlar tərəfindən idarə olunan heç bir təşkilat mükəmməl ola bilməsə də, biz, Allahın tə’yin etdiyi hakimiyyətə sevinclə tabe olan sadiq həmimanlılarımızla Allaha xidmət etməyə şadıq!
[Haşiyələr]
a Harunun başqa iki oğlu Eleazar və İtamar, Yehovaya xidmətlərində nümunəvi idilər (Levililər 10:6).
b Korahın əlaltıları olan Datan və Abiram Ruben qəbiləsindən idilər. Buna görə də, ehtimal ki, onlar kahinliyə can atmırdılar. Onlar Musanın rəhbərlik etməsindən və ümid etmələrinə baxmayaraq israillilərin hələ də Və’d edilən diyara daxil olmadıqları üçün narazı idilər (Saylar 16:12-14).
c Qəbilə başçılarının günlərində hər bir ailənin başçısı Allah qarşısında arvadını və uşaqlarını təmsil edir və hətta onlar üçün qurbanlar gətirirdi (Təkvin 8:20; 46:1; Eyub 1:5). Qanun qüvvəyə mindikdən sonra isə, Yehova buyurdu ki, xalq üçün qurbanları kahinlər — Harunun ailəsindən olan kişilər gətirsinlər. Göründüyü kimi, 250 qiyamçı bu dəyişikliyə müvafiq davranmağa hazır deyildilər.
Nə öyrəndiniz?
• Yehova israillilərin qayğısına məhəbbətlə necə qalırdı?
• Korahın Musaya və Haruna qarşı qiyamına nəyə görə bəraət qazandırmaq olmazdı?
• Yehovanın qiyamçılarla davranışından hansı ibrət dərsini alırıq?
• Yehovanın tə’yin etdiyi quruluşa hörmət etdiyimizi bu gün necə göstərə bilərik?
[23-cü səhifədəki şəkil]
Yehovaya xidmətdə hər bir tapşırığı şərəfli sayırsınızmı?
[24-cü səhifədəki şəkil]
“Nə üçün Rəbbin cəmiyyəti üzərinə özünüzü yüksəldirsiniz?”
[26-cı səhifədəki şəkil]
Tə’yin olunmuş ağsaqqallar, Padşahın kahin tayfasının nümayəndələri kimi xidmət edirlər.