Gəlin heç vaxt «müvəqqəti sakin» olduğumuzu unutmayaq
«Qərib və müvəqqəti sakin olan sizlərdən rica edirəm... cismani istəklərdən uzaq durun» (1 PET. 2:11).
NECƏ CAVAB VERƏRDİN?
Nəyə görə demək olar ki, məsh olunmuş məsihçilər müvəqqəti sakindirlər?
Hansı mənada başqa qoyunlar müvəqqəti sakindirlər?
Sən nəyi səbirsizliklə gözləyirsən?
1, 2. Peter «seçilmişlər» deyərkən kimləri nəzərdə tuturdu və nəyə görə onlara «müvəqqəti sakin» deyə müraciət edirdi?
İSA MƏSİHİN göyə qalxmasından təxminən 30 il sonra, həvari Peter «Pont, Qalatiya, Kappadokiya, Asiya və Bitiniyaya səpələnmiş qəriblərə... seçilmişlərə məktub» ünvanlamışdı (1 Pet. 1:1, 2). Peter «seçilmişlər» sözü ilə müqəddəs ruhla məsh edilmiş, Məsihlə birgə göydə idarə etmək üçün «yeni həyat» alan və «canlı ümidə» qovuşan insanlara müraciət etmişdi. (1 Peter 1:3, 4 ayələrini oxu.) Bəs nəyə görə o, bu seçilmişləri sonradan «qərib və müvəqqəti sakin» adlandırır? (1 Pet. 2:11). Bütün dünyada məsh olunmuş, yəni seçilmiş olduqlarını iddia edənlərin sayı hər 650 fəal Şahidə 1-i düşdüyü halda, bu, bizim üçün hansı mənanı kəsb edir?
2 Birinci əsrdəki məsh olunmuşların «müvəqqəti sakin» adlanması münasib idi. Hal-hazırda həyatda olan bu qrupun qalıqları yer üzündə əbədi yaşamayacaqlar. Məsh olunmuş «kiçik sürü»nün üzvü olan həvari Pavel yazmışdı: «Bizim vətənimiz isə göylərdir. Biz oradan xilaskarımız və Ağamız İsa Məsihin gəlişini səbirsizliklə gözləyirik» (Luka 12:32; Filip. 3:20). Vətəni göylər olan məsh olunmuşlar öləndən sonra yer üzünü tərk edərək daha yaxşı bir həyata — göylərdə ölməz həyata qovuşurlar. (Filipililərə 1:21—23 ayələrini oxu.) Beləliklə, bu insanları, sözün əsil mənasında, Şeytan dünyasının «müvəqqəti sakin»ləri adlandırmaq olar.
3. Başqa qoyunlarla bağlı hansı sual yaranır?
3 Bəs başqa qoyunlar haqda nə demək olar? (Yəh. 10:16). Müqəddəs Kitab onların yer üzünün daimi sakinləri olacaqlarını öyrədir. Bəli, onlar yer üzündə onların əbədi yaşayacaqlar! Bəs nəyə görə demək olar ki, onlar da müvəqqəti sakindirlər?
XİLQƏT İNDİYƏ KİMİ İNİLDƏYİR
4. Dünya liderləri nəyin qarşısını almaqda acizdirlər?
4 Hələ ki, Yehova Şeytanın pis sisteminin mövcud olmasına yol verir, Şeytanın Allaha qarşı qaldırdığı üsyan nəticəsində, məsihçilər də daxil olmaqla, hər kəs əziyyət çəkməyə davam edəcək. Romalılara 8:22 ayəsində oxuyuruq: «Biz bilirik ki, bütün xilqət indiyə kimi inildəyib əzab çəkir». Dünya liderləri, alimlər və xeyriyyəçilər nə qədər çalışsalar da, bunun qarşısını almaqda acizdirlər.
5. Milyonlarla insanlar 1914-cü ildən etibarən hansı addımı atır və nəyə görə?
5 1914-cü ildən etibarən könüllü olaraq milyonlarla insanlar Allah tərəfindən taxta yüksəldilmiş Padşah İsa Məsihin təbəələri olmağı seçirlər. Onlar Şeytan dünyasının bir hissəsi olmaq və onu dəstəkləmək istəmirlər. Əksinə, həyatlarını və imkanlarını Allahın Padşahlığını, onun maraqlarını dəstəkləmək üçün sərf edirlər (Rom. 14:7, 8).
6. Hansı mənada Yehovanın Şahidlərini qərib və ya müvəqqəti sakin adlandırmaq olar?
6 Bəli, dünyanın 200-dən çox ölkəsində yaşayan Yehovanın Şahidləri qanuna tabe olan vətəndaşlardır. Ancaq harada yaşamalarından asılı olmayaraq, onlar qərib və ya müvəqqəti sakin kimi həyat sürürlər. Siyasi və ictimai məsələlərdə bitərəflik mövqelərini qoruyub-saxlamaqda qəti qərarlı olan bu insanlar artıq indidən özlərini Allahın yaradacağı yeni dünyanın vətəndaşı hesab edirlər. Müvəqqəti sakin kimi yaşadıqları qeyri-kamil dünyanın sonuna az qaldığını görmək onları çox sevindirir.
7. Allahın xidmətçiləri necə və harada daimi sakin olacaqlar?
7 Tezliklə İsa Məsih hakimiyyətindən istifadə edərək Şeytanın pis sistemini məhv edəcək. Məsihin mükəmməl hakimiyyəti yer üzünü günahdan və əzab-əziyyətdən azad edəcək. Bu hakimiyyət Yehovanın ali hökmranlığının doğruluğuna dair qaldırılan üsyanın görünən və görünməyən bütün nəticələrini yox edəcək. Allahın sadiq xidmətçiləri yerüzü Cənnətin daimi sakinləri olacaqlar. (Vəhy 21:1—5 ayələrini oxu.) Həmin vaxt xilqət tam mənada «çürüklük əsarətindən qurtulub Allahın övladlarının şanlı azadlığına qovuşacaqdır» (Rom. 8:21).
HƏQİQİ MƏSİHÇİLƏRDƏN NƏ TƏLƏB OLUNUR?
8, 9. «Cismani istəklərdən uzaq durun» deməklə Peterin nəyi nəzərdə tutduğunu izah et.
8 Peter məsihçilərdən nə tələb olunduğunu izah edərək növbəti sözləri yazmışdı: «Əzizlərim, qərib və müvəqqəti sakin olan sizlərdən rica edirəm: canınızla savaşan cismani istəklərdən uzaq durun» (1 Pet. 2:11). Bu məsləhət, ilk növbədə, məsh olunmuş məsihçilərə ünvanlansa da, İsanın başqa qoyunlarına da aiddir.
9 Bəzi arzuların Yaradanın tələblərinə uyğun olaraq təmin olunmasında pis heç nə yoxdur. Əslində, onlar insanın həyatına həzz qatır. Məsələn, ləzzətli yeyib-içmək, təravət gətirən məşğuliyyət və ürəkaçan ünsiyyət kimi arzularımızın olması normaldır. Həmçinin insanın öz həyat yoldaşı ilə cinsi əlaqədə olmaq istəyi də təbiidir (1 Kor. 7:3—5). Amma Peter «cismani istəklər» altında konkret olaraq canımızla savaşan istəkləri nəzərdə tutur. Bəzi Müqəddəs Kitab tərcümələrində istifadə olunan «ehtiras» və ya «günahlı arzular» kimi ifadələr bunun nə demək olduğunu aydın göstərir. Sözsüz ki, Yehovanın niyyətinə zidd gedən və ya Allahla münasibətə mənfi təsir göstərən hər bir istək yolverilməzdir. Başqa sözlə, əgər istəklərimizi yanlış tərzdə həyata keçiririksə, bu, bizə həyatımız bahasına başa gələ bilər.
10. Məsihçiləri bu dünyanın bir hissəsi olmağa təhrik etmək üçün Şeytan hansı üsullara əl atır?
10 Şeytanın məqsədi həqiqi məsihçiləri bu sistemdə «müvəqqəti sakin» olduqları fikrindən daşındırmaqdır. O, bizim var-dövlət dalınca qaçmağımızı və əxlaqsızlığa qurşanmağımızı, özümüzü hamıdan üstün tutaraq hər şeydə birinci olmağa çalışmağımızı və millətçilik ruhuna qapılmağımızı istəyir. Bu cür pis cismani arzulardan uzaq durmağa qətiyyətli olmaqla Şeytanın natəmiz dünyasının bir hissəsi olmaq istəmədiyimizi göstəririk. Bununla sübut edirik ki, biz bu dünyada müvəqqətiyik. Bizim istəyimiz Allahın salehlik ömür sürən yeni dünyasının daimi sakini olmaqdır.
NÜMUNƏVİ DAVRANIŞ
11, 12. Bəzən insanlar əcnəbilərə necə yanaşırlar və Yehovanın Şahidləri barədə nə düşünürlər?
11 Peter «müvəqqəti sakin» olan məsihçilərdən nə tələb olunduğunu izah edərək 12-ci ayədə sözlərinə belə davam edir: «Başqa millətlərin arasında bundan sonra da nümunəvi davranın ki, sizə qara yaxanlar yaxşı işlərinizi müşahidə edib yoxlama günündə Allahı mədh etsinlər». Öz ölkələrində yaşamayan əcnəbilər, yəni müvəqqəti sakinlər bəzən tənqid atəşinə məruz qalırlar. Sadəcə danışıq, davranış və geyim tərzlərinə, hətta, ola bilsin, görünüşlərinə görə ətrafdakı insanlardan fərqləndikləri üçün onlara pis insan kimi baxırlar. Ancaq onların yaxşı əməlləri, yəni nümunəvi davranışı ünvanlarına deyilən ittihamların əsassız olduğunu sübut edir.
12 Eynilə, həqiqi məsihçilər ətraflarındakı insanlardan bir çox sahələrdə — ünsiyyət etdikləri mövzulara və ya seçdikləri əyləncələrə görə fərqlənirlər. İnsanlar çox vaxt onları xarici görünüşlərindən tanıyırlar. Yanlış məlumatları olan bəziləri onları pis insanlar kimi qələmə verə bilər. Digərləri isə sürdükləri həyat tərzinə görə onları tərifləyə bilər.
13, 14. «Hikmətin doğruluğu əməllərindən bəlli olur» ifadəsi hansı mənanı daşıyır? Nümunə çəkin.
13 Bəli, bizim nümunəvi davranışımız yersiz tənqidin qarşısını ala bilər. Hətta İsa Məsih, Allaha tam sadiqliyini qoruyub saxlayan yeganə insan belə, haqsız yerə ittihamlara məruz qalmışdı. Bəziləri onu «qarınqulu və şərab düşkünü, vergiyığanların və günahlıların dostu» adlandırırdı. Lakin o, Allaha xidmət etməklə göstərdiyi müdriklik sayəsində onun haqqında irəli sürülən fikirlərin yanlış olduğunu sübut etdi. O belə sözlər dedi: «Hikmətin doğruluğu əməllərindən bəlli olur» (Mat. 11:19). Eyni şeylərin bu gün də şahidi oluruq. Məsələn, Zeltersdəki (Almaniya) Bet-El kompleksinin qonşuluğunda yaşayan bəziləri orada xidmət edən bacı-qardaşlara qəribə insanlar kimi yanaşırdılar. Lakin Zeltersin meri onları müdafiə edərək demişdi: «Burada xidmət edən Şahidlərin öz həyatları var və bu ərazidə yaşayan insanlara heç bir maneçilik törətmirlər».
14 Bu yaxınlarda Moskvada (Rusiya) yaşayan Yehovanın Şahidləri də eyni vəziyyətlə üzləşmişdilər. Onlar bir neçə yanlış hərəkətdə ittiham olunurdular. 2010-cu ilin iyun ayında Fransanın Strasburq şəhərində yerləşən Avropa İnsan Hüquqları Məhkəməsi belə bir qərar çıxardı: «Məhkəmə qənaətə gəlmişdir ki, [moskvalı] ərizəçilərin din və birləşmək azadlığı hüququna müdaxilə edilməsi əsassız olub. Milli məhkəmələr ərizəçi-icmanın [ailələri dağıtmaqda, insanları intihara və tibbi müalicədən imtina etməyə təhrik etməkdə günahlı olduqlarını sübut edən] “işlə bağlı və kifayət qədər” səbəblər gətirməyiblər». Beləliklə, «milli məhkəmələr tərəfindən təyin edilən sanksiya daxili qanunvericiliyin müxtəlif hallara uyğunlaşmamasını nəzərə alaraq həddən artıq sərt xarakter daşımış və güdülən hər hansı qanuni məqsədlərə müvafiq olmamışdır».
LAYİQLİ TƏRZDƏ İTAƏTKARLIQ GÖSTƏRMƏK
15. Bütün dünyada həqiqi məsihçilər hansı Müqəddəs Kitab prinsipinə riayət edirlər?
15 Moskvadakı, o cümlədən bütün dünyadakı Yehovanın Şahidləri Peterin məsihçilər üçün yazdığı növbəti tələbə riayət edirlər. O demişdi: «Ağamızın xatirinə insan hakimiyyətlərinə tabe olun. Ən yüksək vəzifə tutduğuna görə padşaha... tabe olun» (1 Pet. 2:13, 14). Biz bu pis dünyanın bir hissəsi deyilik. Buna baxmayaraq, hakimiyyət dairələrinin qanunları Allahın qanunlarına zidd getmədiyi təqdirdə biz könüllü olaraq onlara tabe oluruq. (Romalılara 13:1, 5—7 ayələrini oxu.)
16, 17. a) Bizim dövlətə qarşı çıxmadığımızı nə sübut edir? b) Bəzi siyasi xadimlər nəyi etiraf edirlər?
16 Yehovanın Şahidləri bu sistemdə «müvəqqəti sakin» kimi yaşayırlar, ancaq bu, onların hökumətə qarşı çıxmaq və başqalarını mühakimə etmək istədiklərini göstərmir. Onlar nə özləri hökumətə qarşı çıxırlar, nə də siyasi və ya ictimai məsələlərlə bağlı öz qərarlarını qəbul etməkdə başqalarına mane olurlar. Bəzi dini qruplardan fərqli olaraq, Yehovanın Şahidləri siyasətə qarışmırlar. Onlar heç vaxt hakimiyyət dairələrinə siyasi məsələlərlə bağlı öz fikirlərini diktə etməyə çalışmırlar. Onların ictimai asayişi pozmağa və hakimiyyəti nüfuzdan salmağa cəhd göstərə biləcəklərinə dair irəli sürülən iddialar tamamilə əsassızdır!
17 Peterin «padşaha hörmət bəsləyin» məsləhətinə əsasən, vəzifəli şəxslərə tabe olmaqla məsihçilər onların mövqeyinə hörmət və ehtiram bəslədiklərini göstərirlər (1 Pet. 2:17). Hərdən səlahiyyətli şəxslər etiraf edirlər ki, Yehovanın Şahidlərinə görə narahat olmaq üçün əsaslı səbəb yoxdur. Məsələn, Brandenburq vilayətinin nazirlər kabinetinin keçmiş üzvü, sonralar isə Almaniya parlamentinin üzvü olmuş siyasi xadim Stefan Rix demişdir: «Yehovanın Şahidlərinin düşərgələrdə və həbsxanalardakı davranışı, yəni SS qarşısında dözümlülük və digər dustaqlara insanpərvərlik göstərmələri keçmişdə olduğu kimi, bu gün də demokratik konstitusiyalı bir dövlətin ayaqda qalması üçün vacibdir. Əcnəbilərə, siyasi və ya ideoloji baxışları müxtəlif olan insanlara qarşı günbəgün artan qəddarlığı nəzərə alsaq, bu cür xeyirxahlıq ölkəmizin hər bir vətəndaşı üçün önəmlidir».
MƏHƏBBƏTİN TƏZAHÜRÜ
18. a) Ümumdünya qardaşlığı sevməyimiz nəyə görə təbiidir? b) Bəzi insanlar Yehovanın Şahidləri barədə hansı sözləri demişlər?
18 Həvari Peter yazmışdı: «Hər cür insana hörmət edin, bütün qardaşlığı sevin, Allahdan qorxun» (1 Pet. 2:17). Yehovanın Şahidlərində Allah qorxusu var, yəni onlar Onu narazı salmamaqdan qorxurlar. Allaha olan bu hörmət Onun iradəsini yerinə yetirməyə təşviq edir. Onlar eyni istəyə malik olan bacı-qardaşlardan ibarət ümumdünya qardaşlıqla birlikdə Yehovaya xidmət etməkdən sevinc duyurlar. Buna görə də, onlar üçün «bütün qardaşlığı» sevmək təbii haldır. Bugünkü xudbin dünyada bu qədər nadir olan qardaşlıq məhəbbəti Yehovanın Şahidi olmayan insanlar üçün təəccüblü gəlir. Məsələn, Amerika turizm agentliyi ilə əməkdaşlıq edən bələdçi 2009-cu ildə Almaniyada keçirilən beynəlxalq konqresdə Şahidlərin əcnəbi qonaqlara göstərdikləri məhəbbət və köməyə heyran qalmışdı. O deyir ki, bələdçi işlədiyi uzun illər ərzində heç vaxt belə bir şeyin şahidi olmayıb. Sonra Şahidlərdən biri belə demişdi: «O, bizim haqqımızda böyük şövq və heyranlıqla danışırdı». Konqres zamanı Yehovanın Şahidlərini müşahidə edən insanların belə sözlər dediyini eşitmisinizmi?
19. Biz nə etməyə qətiyyətli olmalıyıq və nə üçün?
19 Öyrəndiyimiz kimi Yehovanın Şahidləri bir çox üsullarla göstərirlər ki, onlar Şeytan dünyasında, həqiqətən də, «müvəqqəti sakin» kimi yaşayırlar. Onlar bu cür yaşamağa qətiyyətlidirlər. Onların tezliklə Allahın ədalətli yeni dünyasının daimi sakinləri olacaqlarına ümidləri möhkəm təmələ malikdir. Sən də yeni dünyanı səbirsizliklə gözləyirsənmi?
[20–ci səhifədəki şəkil]
Biz Şeytan dünyasını dəstəkləmirik
[20–ci səhifədəki şəkil]
Biz Allahın yeni dünyasını dəstəkləyirik
[22–ci səhifədəki şəkil]
Müqəddəs Kitab həqiqətləri bu rusiyalı ailənin birləşməsinə kömək etdi