Lukanın yazdığı müjdə
17 Sonra İsa şagirdlərinə dedi: «İman yolunda mütləq maneələr olacaq. Amma vay səbəbkarın halına! 2 Bu kiçiklərdən birini büdrətməkdənsə onun üçün daha yaxşı olardı ki, boynuna dəyirman daşı asıb onu dənizə atsınlar.+ 3 Ehtiyatlı olun. Kimsə* günah işləsə, onu məzəmmət et,+ tövbə etsə, bağışla.+ 4 Hətta bir gündə sənə qarşı yeddi dəfə günah işləsə və hər dəfə yanına gəlib: “Tövbə edirəm”, — desə, onu bağışlamalısan».+
5 Həvarilər Ağaya dedilər: «İmanımızı artır».+ 6 Ağa isə dedi: «Əgər sizdə bir xardal toxumu boyda iman olsaydı, bu xartut ağacına: “Kökündən qop, dənizdə bit”, — deyərdiniz, ağac da sizə itaət edərdi.+
7 Tutalım nökəriniz var. O, yer şumlamaqdan və ya sürünü otarmaqdan qayıdanda hansınız ona: “Tez süfrəyə keç, əyləş”, — deyər? 8 Məgər: “Şam yeməyimi hazırla, önlüyünü tax, mən yeyib qurtaranadək mənə qulluq et, özün sonra yeyərsən”, — deməz? 9 Tapşırığını yerinə yetirdiyinə görə məgər ağası nökərə minnətdar olacaq? 10 Siz də sizə tapşırılmış işləri görüb qurtaranda deyin: “Biz heç nəyə yaramayan nökərlərik. Biz sadəcə öhdəmizə düşən işi gördük”».+
11 Yerusəlimə gedərkən İsa Səməriyyə ilə Cəlilənin arasından keçirdi. 12 Bir kəndə girəndə onu on nəfər cüzamlı kişi gördü. Onlar uzaqda durub+ 13 qışqırdılar: «İsa, Müəllim, bizə rəhm et!» 14 İsa onları görəndə dedi: «Gedin özünüzü kahinlərə göstərin».+ Bu adamlar yolda ikən cüzamdan təmizləndilər.+ 15 Onlardan biri sağaldığını görüb Allahı ucadan mədh edə-edə geri qayıtdı. 16 O, üzüqoylu İsanın ayaqlarına yıxılıb ona təşəkkür etdi. Bu adam səməriyyəli+ idi. 17 O zaman İsa dedi: «Məgər on nəfər təmizlənmədi? Bəs qalan doqquz nəfər hanı? 18 Başqa xalqdan olan bu adamdan savayı Allahı mədh etmək üçün geri qayıdan olmadı?» 19 Sonra həmin adama dedi: «Dur get, imanın səni sağaltdı».+
20 Fərisilər ondan Allahın Padşahlığının nə vaxt gələcəyini soruşanda+ İsa belə cavab verdi: «Allahın Padşahlığı açıq-aşkar şəkildə gəlməyəcək. 21 Onun barəsində “baxın, buradadır” ya “oradadır” deməyəcəklər. Çünki Allahın Padşahlığı aranızdadır».+
22 Sonra şagirdlərinə dedi: «Elə bir vaxt gələcək ki, insan Oğlunun günlərindən birini görməyi çox arzulayacaqsınız, amma görməyəcəksiniz. 23 Sizə “bax, oradadır!”, yaxud “bax, buradadır!” deyəcəklər. Getməyin, onların dalınca düşməyin.+ 24 Çünki şimşək çaxanda göyün bir ucundan o biri ucuna qədər necə parlayırsa, insan Oğlu+ da zühur edəcəyi gün belə olacaq.+ 25 Ancaq əvvəlcə o, çoxlu əzablara qatlaşmalı, bu nəsil tərəfindən rədd olunmalıdır.+ 26 Nuhun vaxtında necə idisə,+ insan Oğlunun vaxtında da elə olacaq:+ 27 Nuh gəmiyə girən günə qədər+ insanlar yeyir-içir, evlənir, ərə gedirdilər. Sonra daşqın gəlib onların hamısını tələf etdi.+ 28 Lutun vaxtında da belə idi:+ insanlar yeyir-içir, alır-satır, əkir, tikirdilər. 29 Amma Lut Sədumdan çıxdığı gün göydən atəş və kükürd yağıb hamını məhv etdi.+ 30 İnsan Oğlunun zühur edəcəyi gündə də belə olacaq.+
31 O gün kim damda olarsa, əşyalarının dalınca evə düşməsin, tarlada olan da geri qayıtmasın. 32 Lutun arvadını heç vaxt yadınızdan çıxarmayın.+ 33 Kim həyatını qorumağa çalışırsa, onu itirəcək, amma həyatını itirən onu qoruyacaq.+ 34 Bunu bilin: həmin gecə iki nəfər bir yataqda olacaq. Biri götürüləcək, o birisi qalacaq.+ 35 Bir dəyirmanda iki qadın dən üyüdəcək. Biri götürüləcək, o birisi qalacaq». 36 *—— 37 Şagirdləri ondan soruşdu: «Ağa, hara?» O cavab verdi: «Cəsəd haradadırsa, qartallar da ora yığışacaq».+