Lukanın yazdığı müjdə
20 Bir gün İsa məbəddə vəz edir və müjdəni təbliğ edirdi. Böyük kahinlər və mirzələr ağsaqqallarla birlikdə onun yanına gəlib 2 soruşdular: «De görək bunları nə haqla edirsən? Sənə kim ixtiyar verib?»+ 3 İsa dedi: «Mən də sizə bir sual verəcəyəm: deyin görüm 4 Yəhyaya vəftiz etmək ixtiyarını Allah vermişdi, yoxsa insanlar?» 5 Onlar öz aralarında götür-qoy edib belə qənaətə gəldilər: «Əgər desək ki, “Allah vermişdi”, o qayıdıb deyəcək: “Bəs niyə ona inanmadınız?” 6 Əgər desək ki, “insanlar vermişdi”, onda camaat bizi daşa basar, çünki hamı Yəhyanın peyğəmbər olduğuna inanır».+ 7 Onlar belə dedilər: «Bilmirik kim vermişdi». 8 İsa onlara dedi: «Mən də bunları nə ixtiyarla etdiyimi sizə deməyəcəyəm».
9 Sonra İsa camaata belə bir məsəl çəkdi: «Bir adam üzüm bağı saldı+ və bağı bağbanlara icarəyə verib uzun müddətə başqa ölkəyə yollandı.+ 10 Məhsul yığımı mövsümündə öz nökərini bağbanların yanına göndərdi ki, bağın barından ona versinlər. Bağbanlar isə nökəri döyüb əliboş geri qaytardılar.+ 11 Bağın sahibi yenidən bir nökər göndərdi. Bağbanlar onu da döyüb təhqir etdilər və əliboş qaytardılar. 12 O, üçüncü dəfə nökər göndərdi. Bağbanlar onu da şil-küt edib çölə atdılar. 13 Onda bağın sahibi belə dedi: “Nə edim? Gəlsənə sevimli oğlumu göndərim.+ Yəqin ona hörmətlə yanaşarlar”. 14 Lakin bağbanlar oğulu görəndə bir-birinə dedilər: “Bu, varisdir. Gəlin onu öldürək ki, miras bizim olsun”. 15 Bağbanlar oğulu bağdan çölə atıb öldürdülər.+ Görəsən, bağın sahibi onlara nə edəcək? 16 O gəlib bu bağbanları öldürəcək, üzüm bağını isə başqalarına verəcək».
Bunu eşidəndə onlar dedilər: «İraq olsun!» 17 İsa onlara baxıb dedi: «Bəs onda “bənnaların rədd etdikləri daş küncün əsas daşı oldu” sözlərinin mənası nədir?+ 18 Onun üstünə yıxılan hər kəs tikə-parça olacaq.+ Bu daş kimin üstünə düşsə, onu tələf edəcək».
19 Mirzələr və böyük kahinlər İsanın bu məsəli onlara aid etdiyini başa düşüb onu dərhal tutmaq istədilər, amma camaatdan qorxdular.+ 20 Onu yaxşıca müşahidə etdikdən sonra xəlvətcə muzdla bir neçə adam tutdular və onun yanına göndərdilər. Bu adamlar özlərini saleh göstərib onu sözdə tutmalı idilər.+ Mirzələr və böyük kahinlər İsanı hökumətə və valiyə təslim etmək istəyirdilər. 21 Həmin adamlar gəlib İsaya dedilər: «Ustad, biz bilirik ki, sən həmişə düz danışırsan, doğru təlim verirsən. Səndə tərəfkeşlik yoxdur, Allahın yolunu həqiqətə müvafiq öyrədirsən. 22 Necə bilirsən, Sezara vergiləri ödəmək düzgündür, ya yox?» 23 İsa onların kələyini dərhal anlayıb dedi: 24 «Mənə bir dinar* göstərin. Bu dinarın üzərində kimin surəti və titulu həkk olunub?» Onlar cavab verdilər: «Sezarın». 25 İsa onlara dedi: «Belə isə, Sezara məxsus şeyləri Sezara,+ Allaha məxsus şeyləri Allaha verin».+ 26 Onlar xalqın qarşısında İsanı sözdə tuta bilmədilər və onun cavabına mat qalıb susdular.
27 Dirilməyə inanmayan saddukilərdən bir neçəsi+ onun yanına gəlib soruşdu:+ 28 «Ustad, Musa bizə belə yazıb: “Bir kişi övladsız ölərsə, qardaşı onun dul qalmış arvadını almalı və onun nəslini davam etdirməlidir”.+ 29 Yeddi qardaş var idi: böyük qardaş evləndi, amma övladsız öldü. 30 İkincisi də o qadınla evləndi və sonra öldü, 31 üçüncüsü də elə. Beləliklə, qardaşların yeddisi də onunla evləndilər, amma özlərindən sonra övlad qoymayıb öldülər. 32 Axırda o qadın da öldü. 33 Görəsən, diriləndən sonra həmin qadın bu qardaşlardan hansının arvadı olacaq? Axı yeddisi də onu almışdı».
34 İsa onlara dedi: «Bu dövrün övladları evlənirlər, ərə gedirlər, 35 lakin gələcək dövrdə yaşamağa və ölülərdən dirilməyə layiq görülənlər nə evlənəcək, nə də ərə gedəcəklər.+ 36 Onlar artıq ölməyəcəklər, çünki mələk kimi olacaq və dirildikləri üçün Allahın övladları olacaqlar. 37 O ki qaldı ölülərin dirilməsinə, bunu hətta Musa kol haqqındakı əhvalatında Yehovanı “İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı” adlandırmaqla göstərib.+ 38 O, ölülərin yox, dirilərin Allahıdır, çünki Onun üçün onların hamısı sağdır».+ 39 Mirzələrdən bir neçəsi dedi: «Ustad, yaxşı dedin». 40 Onlar artıq bir söz belə soruşmağa cürət etmirdilər.
41 İsa onlardan soruşdu: «Necə olur ki, Məsihi Davudun oğlu adlandırırlar?+ 42 Axı Davud özü Zəbur kitabında belə deyir: “Yehova Ağama dedi: 43 “Düşmənlərini kətil kimi ayağının altına qoyanadək sağımda otur”.+ 44 Davud onu “Ağa” adlandırırsa, o, Davudun oğlu necə ola bilər?»
45 Camaat ona qulaq asarkən o, şagirdlərinə dedi: 46 «Özünüzü mirzələrdən gözləyin. Onlar uzun əbalarda gəzməyi, bazar meydanlarında camaatdan salam almağı, sinaqoqlarda qabaq cərgələrdə, ziyafətlərdə yuxarı başda oturmağı sevirlər.+ 47 Onlar dul qadınların evlərini talayır, özlərini mömin göstərmək üçün uzun-uzadı dua edirlər. Onlara daha ağır hökm kəsiləcək».