Nəyə görə oyaq qalmalıyıq?
«Ağanızın hansı gün gələcəyini bilmirsiniz» (MƏT. 24:42).
1. Vaxta və ətrafımızda baş verənlərə diqqət yetirməyin nəyə görə vacib olduğunu nümunə əsasında izah edin. (Məqalənin əvvəlindəki şəklə baxın.)
TOPLANTI başlamaq üzrədir. Aparıcı səhnəyə çıxıb hamını salamlayır. Bir azdan musiqi başlayacaq. Hamı başa düşür ki, yerlərinə əyləşmək vaxtıdır. Onlar əyləşib Gözətçi qülləsi orkestrinin ifasında səslənən gözəl musiqi parçasını dinləyir, ürəklərini toplantı boyu eşidəcəkləri məruzələrə kökləyirlər. Ancaq bəzilərinin proqramın başladığından xəbəri yoxdur: kimisi dostları ilə söhbət edir, kimisi gəzişir. Görünür, onlar proqramı aparan qardaşın səhnəyə necə çıxdığını, musiqinin nə vaxt başladığını, camaatın nə vaxt əyləşdiyini heç hiss etməyiblər. Bu səhnə əyani şəkildə göstərir ki, vaxta və ətrafımızda baş verənlərə diqqət yetirməyəndə nə olur. Bu, bizim üçün xəbərdarlıqdır, çünki tezliklə çox möhtəşəm bir hadisə baş verəcək və biz buna hazır olmalıyıq. Söhbət hansı hadisədən gedir?
2. Nəyə görə İsa peyğəmbər şagirdlərini oyaq qalmağa səsləyirdi?
2 İsa peyğəmbər dövrün yekunu barədə şagirdləri ilə danışanda demişdi: «Diqqətli olun, oyaq qalın, çünki təyin edilmiş vaxtı bilmirsiniz». Bu sözlərdən sonra peyğəmbər bir neçə dəfə: «Oyaq qalın!» — demişdi (Mət. 24:3; Mark 13:32—37 ayələrini oxuyun). Məttanın yazdığı Müjdədən də görmək olar ki, İsa şagirdlərini oyaq qalmağa çağırırdı: «Oyaq qalın, çünki Ağanızın hansı gün gələcəyini bilmirsiniz... Bunun üçün siz də hazır olun, çünki insan Oğlu gözləmədiyiniz saatda gələcək». Sonra onlara yenə tapşırmışdı: «Buna görə də oyaq qalın, çünki o günü və o saatı bilmirsiniz» (Mət. 24:42—44; 25:13).
3. Nəyə görə biz İsa Məsihin xəbərdarlığına ciddi yanaşırıq?
3 Yehovanın Şahidi kimi biz İsanın xəbərdarlığına ciddi yanaşırıq. Bilirik ki, axırzaman adlanan bu dövrün sonunda yaşayırıq və böyük müsibətin başlamasına çox az qalıb (Dən. 12:4; Mət. 24:21). Müharibələr, əxlaqsızlıq, qanunsuzluq, dini riyakarlıq, qida çatışmazlığı, xəstəliklər və zəlzələlər bütün dünyanı bürüyüb. Yehovanın xalqı misli görünməmiş bir işi həyata keçirir — bütün dünyada müjdəni bəyan edir (Mət. 24:7, 11, 12, 14; Luka 21:11). Biz Məsihin Allahın iradəsini yerinə yetirmək üçün gələcəyi günü səbirsizliklə gözləyirik (Mark 13:26, 27).
VAXT AZALIR
4. a) Nəyə görə demək olar ki, İsa Məsih Armageddonun vaxtını bilir? b) Böyük müsibətin vaxtını bilməsək də, nəyə əmin ola bilərik?
4 Adətən, toplantının gününü, saatını əvvəlcədən bilirik. Amma nə etsək də, böyük müsibətin nəinki gününü və saatını, heç ilini belə bilə bilmərik. İsa peyğəmbər yer üzündə yaşayanda demişdi: «O günü və saatı heç kəs bilmir: nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir» (Mət. 24:36). Ancaq qeyd edək ki, İsa Məsih göyə qalxandan sonra ona Şeytanın dünyasına qarşı döyüşmək səlahiyyəti verilib (Vəhy 19:11—16). Buna görə də belə nəticəyə gəlmək olar ki, İsa artıq Armageddonun vaxtını bilir. Biz vaxtı bilmədiyimiz üçün oyaq qalıb o günü gözləməliyik. Yehova üçün isə böyük müsibətin tarixi heç vaxt sirr olmayıb, çünki həmin günü O Özü təyin edib. Müsibət sürətlə yaxınlaşır, o gecikməyəcək! (Həbquq 2:1—3 ayələrini oxuyun.) Buna necə əmin ola bilərik?
5. Yehovanın peyğəmbərliklərinin həmişə düz vaxtında yerinə yetdiyinə dair nümunə gətirin.
5 Yehovanın peyğəmbərlikləri həmişə düz vaxtında yerinə yetib! Gəlin Onun israilliləri Misirdən nə vaxt çıxardığına baxaq. Eramızdan əvvəl 1513-cü il nisan ayının 14-ünü nəzərdə tutaraq Musa peyğəmbər yazmışdı: «Dörd yüz otuz ilin tamamında, məhz həmin gün Yehovanın orduları Misir torpağından çıxdı» (Çıx. 12:40—42). Bu 430 illik müddət b. e. ə. 1943-cü ildə, Yehova Allahın İbrahim peyğəmbərlə bağladığı əhd qüvvəyə minəndə başlamışdı (Qal. 3:17, 18). Üstündən bir müddət keçəndən sonra Yehova İbrahimə dedi: «Bunu bil ki, övladların qürbətdə yaşayacaq, oranın xalqı onları kölə edib dörd yüz il onlara zülm edəcək» (Yar. 15:13; Həv. 7:6). Görünür, bu 400 illik müddət e. ə. 1913-cü ildə, İsmayıl İshaqı ələ salanda başladı və israillilər e. ə. 1513-cü ildə Misirdən çıxanda qurtardı (Yar. 21:8—10; Qal. 4:22—29). Diqqət yetirin ki, Yehova xalqını xilas edəcəyi günü düz 400 il qabaq təyin etmişdi.
6. Nəyə görə əminik ki, Yehova xalqını müsibətdən xilas edəcək?
6 Misirdən qurtulanların arasında olan Yuşə israillilərə demişdi: «Sizə yaxşı məlumdur ki, Allahınız Yehovanın sizə verdiyi gözəl vədlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi. Yerinə yetməyən bir söz belə, qalmadı» (Yuş. 23:2, 14). Əminik ki, Yehova bizə də verdiyi sözü mütləq yerinə yetirəcək, bizi böyük müsibətdən xilas edəcək. Ancaq biz əlimizi əlimizin üstünə qoyub oturmamalıyıq, xilas olmaq istəyiriksə, oyaq qalmalıyıq.
XİLAS OLMAQ İSTƏYƏN OYAQ QALSIN
7, 8. a) Keçmişdə gözətçinin işi nədən ibarət idi və bundan nə öyrənirik? b) Gözətçi iş başında yuxuya gedəndə nə baş verə bilər? Nümunə çəkin.
7 Keçmişə nəzər salsaq, oyaq durmağın nə dərəcədə əhəmiyyətli olduğunu başa düşə bilərik. O vaxt Yerusəlim kimi böyük şəhərləri hündür divarlar əhatə edirdi. Bu divarlar şəhəri basqınçılardan qoruyurdu, divarda yerləşən gözətçi qüllələrindən isə ətraf ərazini müşahidə etmək mümkün idi. Divarın üstündə və darvazalarda gecə-gündüz gözətçilər keşik çəkirdi. Təhlükə yaranardısa, onlar şəhər əhlini dərhal xəbərdar etməli idilər (Əşy. 62:6). Gözətçi oyaq qalmalı və çox diqqətli olmalı idi, çünki bu, ölüm-dirim məsələsi idi (Hizq. 33:6).
8 Yəhudi tarixçisi İosif yazır ki, eramızın 70-ci ilində Roma qoşunları Yerusəlimin divarlarına bitişik olan Antoniya qalasını ələ keçirir. Buna səbəb darvaza keşikçilərinin yuxuya getməsi olur. Romalılar bu qaladan keçərək məbədə od vururlar. Bununla da Yerusəlimin və Yəhudi xalqının tarixində görünməmiş böyük müsibətin sonu gəlir.
9. Bu gün əksər insanların nədən xəbəri yoxdur?
9 Bu gün əksər dövlətlərin «gözətçiləri», yəni sərhəd qoşunları və mühafizə sistemi var. Onlar ölkəni dövlət təhlükəsizliyini pozmaq istəyən düşmənlərdən qoruyurlar. Amma bu «gözətçilər» yalnız hansısa dövlətdən və ya insanlardan gələn təhlükəni sezə bilərlər. Onlar Məsihin başçılıq etdiyi səmavi Padşahlığın varlığından və bu hökumətin tezliklə bütün millətlərə hökm kəsəcəyindən bixəbərdirlər (Əşy. 9:6, 7; 56:10; Dən. 2:44). Ancaq biz ayıq-sayıq olsaq, hökm günü nə vaxt gəlir gəlsin, hazır olacağıq (Zəb. 130:6).
EHTİYATLI OLUN Kİ, YUXUYA GETMƏYƏSİNİZ
10, 11. a) Biz nəyə yol verməməliyik və nə üçün? b) Nəyə əsasən deyə bilərik ki, Şeytan insanların zehnini kor edib?
10 Təsəvvür edin ki, bir gözətçi bütün gecəni keşik çəkir. Amma növbəsinin sonuna lap az qalmış mürgüləyib yuxuya gedir. Eynilə, bu dünyanın sonu yaxınlaşdıqca bizim üçün də oyaq qalmaq çətinləşir. Əgər biz də axıra yaxın yuxuya getsək, vay bizim halımıza! Gəlin bizə ayıq-sayıq qalmağa mane olan üç amili nəzərdən keçirək.
11 Şeytan insanları aldadır. Ölümündən bir az əvvəl İsa Məsih Şeytanın «bu dünyanın hökmdarı» olduğunu şagirdlərinin yanında üç dəfə qeyd etmişdi (Yəh. 12:31; 14:30; 16:11). İsa bilirdi ki, Şeytan insanların zehnini kor edəcək. Buna görə də onlar axırzamanda yaşadıqlarını sübut edən Müqəddəs Kitab peyğəmbərliklərinə əhəmiyyət verməyəcəklər (Səf. 1:14). Bu gün Şeytan saxta dinlər vasitəsilə insanların şüurunu kütləşdirir. Yəqin siz də insanlarla danışanda bunu müşahidə etmisiniz. Bəli, göründüyü kimi Şeytan «imansızların zehnini kor edib», onlar dünyanın sonuna az qaldığını, hal-hazırda Məsihin hakimiyyət sürdüyünü görmürlər (2 Kor. 4:3—6). Yəqin xidmətdə bu sözü tez-tez eşidirsiniz: «Məni maraqlandırmır». Biz insanlara dünyanın hara yuvarlandığını göstərmək istəyəndə laqeydliklə rastlaşırıq.
12. Nəyə görə Şeytanın bizi aldatmasına yol verməməliyik?
12 Yol verməyin ki, insanların laqeydliyi sizi ruhdan salsın, sayıqlığınıza təsir etsin. Onlar bilmirlər, siz ki bilirsiniz, sona az qalıb! Həvari Bulus məsihilərə yazmışdı: «Siz yaxşı bilirsiniz ki, Yehovanın günü gecə gələn oğru kimi gələcək». (1 Salonikililərə 5:1—6 ayələrini oxuyun.) İsa da davamçılarını xəbərdar etmişdi: «Hazır olun, çünki insan Oğlu gözləmədiyiniz saatda gələcək» (Luka 12:39, 40). Tezliklə Şeytan insanları dünyanın sülhdə və təhlükəsizlikdə olduğuna inandıracaq. Bəs bizi də aldada biləcək? Hökm gününün bizi «oğrunu yaxaladığı kimi» yaxalamasını istəmiriksə, oyaq qalıb ayıq olmalıyıq. Buna görə də Allahın Kəlamını hər gün oxumaq, Yehovanın sözləri üzərində düşünmək çox vacibdir.
13. Dünya insanlara necə təsir edir və özümüzü onun təsirindən necə qoruya bilərik?
13 Dünya insanları ruhani yuxuya qərq edir. İnsanların başı həyatın qayğılarına o qədər qarışıb ki, Allaha ehtiyac duyduqlarını dərk etmirlər (Mət. 5:3). Onlar, demək olar ki, bütün vaxtlarını və güclərini dünyanın təklif etdiyi şeyləri əldə etməyə, cismin və gözlərin istəyini təmin etməyə sərf edirlər (1 Yəh. 2:16). Üstəlik, əyləncə sənayesi insanlarda eyş-işrətə sevgini alovlandırır. Onun şirnikdirici təklifləri ildən-ilə çoxalır (2 Tim. 3:4). Məhz bu səbəbdən həvari Bulus məsihilərə məsləhət görürdü ki, insanı ruhani yuxuya qərq edən cismani istəkləri doyuzdurmağı düşünməsinlər (Rom. 13:11—14).
14. Luka 21:34, 35 ayələri bizi nədən xəbərdar edir?
14 Biz dünyanın yox, Allahın ruhunun bizə təsir etməsinə imkan verməliyik. Çünki Allahın ruhu bizə gələcəkdə baş verəcək hadisələrin mənasını başa düşməyə kömək edir[1] (1 Kor. 2:12). Biz çox ehtiyatlı olmalıyıq, çünki ən adi şeylər belə, bizi ruhani cəhətdən yuxuya verə bilər. (Luka 21:34, 35 ayələrini oxuyun.) Ola bilsin, axırzamanda yaşadığımıza inandığımız üçün insanlar bizi lağa qoyur (2 But. 3:3—7). Ancaq onların rişxəndinin bizi ruhdan salmasına yol verməməliyik, çünki sonun yaxın olduğu gün kimi aydındır. Biz bacı-qardaşlarla bir yerdə müntəzəm olaraq ibadət görüşlərində iştirak etməliyik ki, bizə Allahın ruhu təsir etsin.
15. Butrus, Yaqub və Yəhyayla nə baş verdi və eyni şey bizimlə də necə baş verə bilər?
15 Qeyri-kamilliyimiz bizə ayıq qalmağa mane olur. İsa Məsihə məlum idi ki, qeyri-kamil insan cismin qarşısında zəifdir. Gəlin İsanın edamından əvvəlki gecə baş verən hadisəni yadımıza salaq. İsa başa düşürdü ki, sadiq qalmaq üçün o, dua edib Atasından güc istəməlidir. O dua etməyə gedəndə Butrusa, Yaquba və Yəhyaya deyir ki, oyaq qalsınlar. Onlarsa məsələnin nə dərəcədə ciddi olduğunu anlamırdılar. Ağalarından nümunə götürüb dua etmək əvəzinə, onlar cismin istəyinə təslim olub yuxuya getdilər. İsa Məsih də yorğun idi, amma, buna baxmayaraq, o, Atasına hərarətlə dua etmişdi. Onun şagirdləri də eyni şeyi etməli idilər (Mark 14:32—41).
16. Luka 21:36 ayəsində İsa bizi nəyə təşviq edir?
16 Oyaq qalmağı arzulamaq azdır, bunun üçün nə isə etmək də lazımdır. İsa ölümündən bir neçə gün əvvəl həmin şagirdlərinə demişdi ki, Allaha yalvarıb kömək istəsinlər. (Luka 21:36 ayəsini oxuyun.) Deməli, oyaq qalmaq istəyiriksə, duaya həmişə önəm verməliyik (1 But. 4:7).
OYAQ QALIN
17. Yaxın gələcəkdə baş verəcək hadisələrə hazır olmaq üçün nə etməliyik?
17 İsa Məsih demişdi ki, son gözləmədiyimiz saatda gələcək. Buna görə də gəlin ruhani cəhətdən oyaq qalaq, Şeytanın və onun dünyasının boş-boş vədlərinə uymayaq, cismimizlə mübarizə aparaq (Mət. 24:44). Müqəddəs Kitab vasitəsilə Yehova Allah və İsa Məsih bizim üçün hazırladıqları gözəl gələcəyi əyan edirlər və oyaq qalmağa kömək edən məsləhətlər verirlər. Biz ruhani sayıqlığımızı və Yehova ilə münasibətimizi qorumalı, eləcə də Padşahlığın işini hər şeydən üstün tutmalıyıq. Vaxtı izləməli və hadisələri müşahidə etməliyik ki, gələcək hadisələrə hazır olaq (Vəhy 22:20). Bəli, bundan həyatımız asılıdır!
^ [1] (14-cü abzas) «Allahın Padşahlığı hökmranlıq edir!» kitabının 21-ci fəslinə baxın.