Həyatı mənalı edən nədir?
«Allahdan qorx, Onun əmrlərini yerinə yetir». VAİZ 12:13
1, 2. «Vaiz» kitabını araşdırmağın bizə hansı faydası var?
HƏYATDA hər şeyi olan bir nəfəri təsəvvür edin. Görkəmli dövlət xadimi və dünyanın ən varlı adamlarından biri olan bu şəxs, üstəlik öz dövrünün ən ağıllı adamıdır. Əldə etdiyi bütün nailiyyətlərə baxmayaraq, o, mahiyyət etibarilə özündən soruşur: «Həyatı mənalı edən nədir?»
2 Belə bir adam doğrudan da mövcud olmuşdur; o, təxminən üç min il bundan əvvəl yaşamışdır. Bu adamın adı Süleyman olmuşdur. «Vaiz» kitabında onun həyatda məmnunluğu necə axtardığı təsvir edilir (Vaiz 1:13). Süleymanın həyat təcrübəsindən çox şey öyrənmək olar. «Vaiz» kitabındakı müdrik fikirlər qarşımıza həyatımızı həqiqətən mənalı edəcək məqsədlər qoymağa kömək edə bilər.
‘Külək dalınca qaçmaq’
3. İnsan həyatı ilə bağlı hansı amil üzərində dərindən düşünməliyik?
3 Süleyman izah edir ki, yer üzü Allahın saysız-hesabsız gözəl əl işləri ilə doludur; biz bu sonsuz sayda heyrətamiz şeylərdən həzz almaqdan heç vaxt doymayacağıq. Lakin Allahın yaratdıqlarını axıra kimi tədqiq edib qurtara bilmərik, çünki həyatımız çox qısadır (Vaiz 3:11; 8:17). Müqəddəs Kitabda deyildiyi kimi, insanın ömrü azdır, o, tez keçib-gedir (Əyy. 14:1, 2; Vaiz 6:12). Bu düşündürücü amil bizi müdrik yaşamağa təşviq etməlidir. Ancaq bunu etmək asan deyil, çünki Şeytan dünyası bizi yanlış yola çəkə bilər.
4. a) «Puç» sözü hansı mənanı daşıyır? b) Bu məqalədə insanların qarşılarına qoyduqları hansı məqsədləri nəzərdən keçirəcəyik?
4 Süleyman insanın öz həyatını boş yerə sərf etməsinin nə qədər təhlükəli olduğunu vurğulamaq üçün «Vaiz» kitabında 32 dəfə «puç» sözünü işlədir. «Puç» kimi tərcümə olunan ibrani sözü boş, mənasız, əhəmiyyətsiz, faydasız, tez dəyərdən düşən bir şeyə aiddir (Vaiz 1:2, 3). Hərdən Süleyman «puç» sözünün sinonimi kimi ‘külək dalınca qaçmaq’ ifadəsini işlədir (Vaiz 1:14; 2:11). Aydındır ki, küləyi tutmağa cəhd etmək əbəsdir. Bunu etməyə çalışan adam heç nə əldə etmir. Mənasız məqsədlərə can atmaq da insanı əliboş qoyur. Bu sistemdə insan həyatı o dərəcədə qısadır ki, onu boş şeylərə sərf etməyə dəyməz. Buna görə də, səhvlərə yol verməmək üçün, gəlin Süleymanın sözlərinə əsasən, insanların həyatda can atdıqları bəzi məqsədləri nəzərdən keçirək. Əvvəlcə zövq və var-dövlət dalınca qaçmağı müzakirə edəcəyik. Sonra isə hansı işin əsl mənada faydalı olduğunu araşdıracağıq.
Zövq dalınca qaçmaq xoşbəxtlik gətirəcəkmi?
5. Süleyman məmnunluğu nədə axtarırdı?
5 Bugünkü insanların əksəriyyəti kimi, Süleyman da zövq dalınca qaçmaqla, həyatda məmnunluq tapmağa çalışırdı. O demişdi: «Ürəyimi heç bir həzzdən məhrum etmədim» (Vaiz 2:10). Süleyman nədən zövq almağa çalışırdı? «Vaiz» kitabının 2-ci fəslinə əsasən, o, həddini aşmadan ‘özünü şərabla şənləndirir’, bağlar salır, saraylar tikir, musiqiyə qulaq asır və ləziz yeməklərdən həzz alırdı.
6. a) Nəyə görə həyatda bəzi yaxşı şeylərdən zövq almaqda heç bir pis şey yoxdur? b) İstirahət məsələsində necə tarazlı olmalıyıq?
6 Müqəddəs Kitab dostlarla xoş vaxt keçirməyi mühakimə edirmi? Əlbəttə, yox. Süleyman qeyd edir ki, ağır iş günündən sonra rahat çörək yemək Allahın bəxşişidir. (Vaiz 2:24; 3:12, 13 ayələrini oxu.) Yehova Özü gəncləri şənlənməyə dəvət edərək deyir: «Qoy ürəyin səni... sevindirsin», ancaq bununla belə onlara hərəkətlərinə görə hesab verəcəklərini xatırladır (Vaiz 11:9). Bizim dincəlməyə və faydalı əyləncəyə ehtiyacımız var. (Mark 6:31 ayəsi ilə müqayisə et.) Ancaq istirahət həyatımızda əsas yeri tutmamalıdır. O, əsas xörək deyil, yeməkdən sonra süfrəyə verilən çərəz kimi olmalıdır. Yəqin razılaşacaqsınız ki, çərəzləri nə qədər çox xoşlasanız da, başqa heç nə yeməsəniz, tezliklə onlardan bezəcəksiniz, eyni zamanda çərəzlər bir o qədər də doyumlu olmur. Buna bənzər tərzdə Süleyman belə bir qənaətə gəlmişdi ki, zövq almağa yönəldilən həyat «külək dalınca qaçmağa bənzər» (Vaiz 2:10, 11).
7. Əyləncə seçərkən nə üçün diqqətli olmalıyıq?
7 Bundan başqa, əyləncə növlərinin hamısı faydalı deyil. Onların əksəriyyəti insanın həm ruhaniliyi, həm də əxlaqı üçün çox zərərlidir. Neçə-neçə insan sadəcə yaxşı vaxt keçirmək arzusu ilə narkotik qəbul etdiyi, spirtli içkilərdən sui-istifadə etdiyi və qumar oynadığı üçün axırda dərin məyusluğa qapılmışdır! Yehova qayğıkeşliklə xəbərdarlıq edir ki, ürəyimizin və ya gözlərimizin bizi zərərli işlərə çəkməsinə yol versək, acı nəticələrdən qurtula bilməyəcəyik (Qalat. 6:7).
8. Həyat yolumuzun üzərində düşünmək nə üçün müdriklikdir?
8 Bundan başqa, üstünlüyü istirahətə versək, diqqətimiz daha ciddi məsələlərdən yayınacaq. Unutmayın ki, həyat tez keçib-gedir. Zəmanət yoxdur ki, hər zaman sağlam və qayğısız olacağıq. Elə bu səbəbdən, Süleymanın qeyd etdiyi kimi, ‘şadlıq evinə’ getməkdənsə, yasa, xüsusilə də sadiq məsihçi bacı və ya qardaşın yasına getmək daha faydalı ola bilər. (Vaiz 7:2, 4 ayələrini oxu.) Nə üçün? Dəfn mərasimində söylənilən məruzəyə qulaq asanda və Yehovanın vəfat etmiş sadiq xidmətçisinin nümunəsi üzərində düşünəndə, öz həyat yolumuzu nəzərdən keçirməyə təşviq oluna bilərik. Ola bilsin, biz elə qənaətə gələcəyik ki, ömrümüzün qalan hissəsini müdrik yaşamaq üçün məqsədlərimizdə dəyişiklik etməliyik (Vaiz 12:1).
Var-dövlət insana məmnunluq gətirirmi?
9. Süleyman var-dövlətə dair nəyi başa düşdü?
9 Süleyman «Vaiz» kitabını yazanda dünyanın ən varlı adamlarından biri idi (2 Saln. 9:22). O, ürəyi istədiyi hər şeyi əldə edə bilərdi. «Gözlərimin istədiyi hər şeyi özümdən əsirgəmədim», deyə Süleyman yazırdı (Vaiz 2:10). Bununla belə, o başa düşdü ki, var-dövlət öz-özlüyündə insana məmnunluq gətirmir. «Pul sevən puldan doymaz, var-dövlət sevən də qazancdan», deyə o nəticə çıxardı (Vaiz 5:10).
10. Həqiqi məmnunluğu və sərvəti necə əldə edə bilərik?
10 Ötəri olmasına baxmayaraq, var-dövlət çox cəlbedicidir. Bu yaxınlarda Birləşmiş Ştatlarda aparılmış sorğuda universitetin birinci kurs tələbələrinin 75 faizi həyatda əsas məqsədlərinin «var-dövlət içində yaşamaq» olduğunu demişdir. Onlar hətta öz məqsədlərinə çatsalar belə, həqiqi mənada xoşbəxt olacaqlarmı? Bunu birmənalı şəkildə iddia etmək olmaz. Tədqiqatçılar qeyd edirlər ki, əslində var-dövlət insanın həyatında vacib yeri tutanda, onun xoşbəxtlik və məmnunluq tapmasına mane olur. Çox illər bundan əvvəl Süleyman da, demək olar ki, eyni qənaətə gəlmişdi. O yazırdı: «Özümə qızıl-gümüş, padşahların və vilayətlərin xəzinələrini yığdım [...] Gördüm ki, hər şey puçdur, külək dalınca qaçmağa bənzər»a (Vaiz 2:8, 11). Bunun əksinə olaraq, həyatımızı Yehovaya ürəkdən xidmət etməyə sərf etsək və Ondan xeyir-dua alsaq, həqiqi sərvət əldə edəcəyik. (Süleymanın məsəlləri 10:22 ayəsini oxu.)
Hansı iş həqiqətən məmnunluq gətirir?
11. Müqəddəs Kitab əməyin faydası haqqında nə deyir?
11 İsa demişdir: «Atam indiyədək işləməkdədir, Mən də işləyirəm» (Yəh. 5:17). Şübhə yoxdur ki, Yehova və İsa öz işlərindən məmnunluq duyurlar. Müqəddəs Kitab Yehovanın Öz yaradıcı işlərindən məmnun olduğunu belə göstərir: «Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır» (Yar. 1:31). Mələklər Allahın yaratdıqlarını görəndə «sevincdən haray salırdı» (Əyy. 38:4-7). Süleyman da səmərəli işin faydasını başa düşürdü (Vaiz 3:13).
12, 13. a) İki nəfər işindən duyduğu məmnunluğu necə ifadə etmişdir? b) Dünyəvi iş hərdən insanın ümidlərini nə üçün boşa çıxara bilər?
12 Əməyin gətirdiyi məmnunluq hissi çoxlarına tanışdır. Hose istedadlı rəssamdır. O deyir: «Təsəvvüründə canlandırdığın surəti kətan üzərinə köçürməyə müvəffəq olanda, sənə elə gəlir ki, uca bir dağı fəth etmisən». İş adamı Migelb də qeyd edir: «İş insana məmnunluq gətirir, çünki onun sayəsində ailəni dolandıra bilirsən. Həm də iş adama əməyinin bəhrəsini görməyə kömək edir».
13 Digər tərəfdən, əksər hallarda iş maraqsız və cansıxıcı olur, insanın yaradıcılıq qabiliyyətini göstərmək imkanını məhdudlaşdırır. Bəzən iş yeri insan üçün qanqaraldıcı bir yerə çevrilir, o, orada hətta ədalətsizliklə də üzləşir. Süleymanın qeyd etdiyi kimi, tənbəl adam, güman ki, nüfuzlu şəxslərlə tanışlığından istifadə edib, çalışqan işçinin əməyinin bəhrəsini mənimsəyə bilər (Vaiz 2:21). Ancaq məyusluğa başqa amillər də səbəb ola bilər. Bəzən başlanğıcda gəlirli kimi görünən iş, sonradan iqtisadi böhran və ya təsadüf ucbatından uğursuzluqla nəticələnə bilər. «Dönüb günəş altında gördüm ki, yarışı həmişə bərk qaçanlar udmur, müharibədə həmişə igidlər qalib gəlmir, çörək həmişə müdriklərə, var-dövlət həmişə başa düşən adamlara nəsib olmur, iltifat biliklilərə göstərilmir, çünki vaxt və təsadüfdür ki, hər kəsin qabağına çıxır» (Vaiz 9:11, YD). Çox vaxt həyatda uğur qazanmaqdan ötrü səylə çalışan adam axırda ‘boş yerə zəhmət çəkdiyini’ başa düşdüyü üçün ümidləri alt-üst olur (Vaiz 5:16).
14. Əsl məmnunluğu hansı iş gətirir?
14 Bəs elə bir iş varmı ki, insanın ümidlərini heç vaxt boşa çıxarmasın? Yuxarıda adını çəkdiyimiz Hose deyir: «İllər keçdikcə rəsmlər korlana və ya itə bilər. Ancaq bunu ruhani işlər barədə demək olmaz. Yehovaya tabe olub təbliğ işində iştirak etməklə mən heç vaxt dağılmayan bina inşa edirəm — insanlara Allaha yaxınlaşmağa kömək edirəm. Bundan dəyərli nə ola bilər?» (1 Kor. 3:9-11). Migelin də fikrincə, Padşahlıq xəbərini təbliğ etmək dünyəvi işdən daha çox məmnunluq gətirir. O belə deyir: «Müqəddəs Kitab həqiqətini kiminləsə bölüşəndə və onun insanın ürəyinə yol tapdığını görəndə duyduğun sevinci heç nə əvəz edə bilməz».
«Çörəyini... burax»
15. İnsanın həyatını mənalı edən nədir?
15 Elə isə, insanın həyatını mənalı edən nədir? Bu sistemdəki qısa vaxtımızı xeyirxah işlərə və Yehovanı razı salmağa sərf edəndə həqiqi məmnunluğu duyuruq. Bizim Allahla yaxın dost olmaq, ruhani dəyərləri övladlarımıza aşılamaq, insanlara Yehovanı tanımağa kömək etmək, həmçinin bacı-qardaşlarımızla dostluq münasibətləri qurmaq imkanımız var (Qalat. 6:10). Bütün bu şeylərə can atanlar sonsuz xeyir-dualar əldə edirlər. Yaxşılıq etməyin hansı faydaları gətirdiyini göstərmək üçün Süleyman çox maraqlı müqayisədən istifadə etmişdir: «Çörəyini suların üzünə burax, çünki uzun müddət sonra yenə onu taparsan» (Vaiz 11:1). İsa da şagirdlərini yaxşılıq etməyə təşviq edirdi: «Verin, sizə də veriləcəkdir» (Luka 6:38). Üstəlik Yehova Özü başqalarına xeyirxahlıq edənləri mükafatlandıracağına söz verir. (Sül. məs. 19:17; İbranilərə 6:10 ayəsini oxu.)
16. Həyatımızı nəyə sərf edəcəyimizi düşünmək üçün ən yaxşı vaxt hansıdır?
16 Müqəddəs Kitab bizi hələ gənc ikən həyatımızı nəyə sərf edəcəyimizin üzərində düşünməyə təşviq edir. Belə etməklə biz sonrakı məyusluqdan qaça biləcəyik (Vaiz 12:1). Necə də kədərli olardı ki, həyatımızın ən yaxşı illərini dünyanın şirnikdirici şeylərinə sərf edək, axırda da başa düşək ki, sən demə bütün bunlar külək dalınca qaçmaq imiş!
17. Həyatda ən yaxşı yolu seçməyə bizə nə kömək edəcək?
17 Övladını sevən hər bir ata kimi, Yehova da istəyir ki, biz həyatdan həzz alaq, yaxşı işlər görək və boş yerə ürək ağrısı çəkməyək (Vaiz 11:9, 10). Bunun üçün qarşımıza ruhani məqsədlər qoymalı və onlara nail olmağa çalışmalıyıq. Təxminən 20 il bundan əvvəl Xavyer gəlirli həkimlik karyerası ilə tammüddətli xidmət arasında seçim etməli olmuşdu. O deyir: «Həkimlik sənəti məmnunluq gətirsə də, kimlərinsə həqiqətə gəlməsinə kömək etməkdən duyduğum sevinclə heç nə müqayisə oluna bilməz. Tammüddətli xidmət həyatdan tam mənada həzz almağıma kömək edir. Bircə ona təəssüf edirəm ki, bu xidmətə daha tez başlamamışam».
18. Nəyə görə İsanın yer üzündəki həyatı mənalı idi?
18 Bəs bizim əldə etməli olduğumuz ən dəyərli şey nədir? «Vaiz» kitabında deyilir: «Yaxşı ad ətirli yağdan, ölüm günü isə doğum günündən yaxşıdır» (Vaiz 7:1). Bu sözlərin doğruluğuna ən yaxşı sübut İsanın həyatıdır. O, sözsüz ki, Yehovanın qarşısında çox gözəl ad qazanmışdı. Ölənədək sadiq qalmaqla İsa Atasının ali hakimiyyətinə bəraət qazandırdı və xilasa yol açan fidiyə qurbanlığını təqdim etdi (Mat. 20:28). Yer üzündə yaşadığı qısa müddət ərzində İsa, sözün əsl mənasında, mənalı həyat sürməklə, bizə mükəmməl nümunə qoydu (1 Kor. 11:1; 1 Pet. 2:21).
19. Süleyman hansı müdrik məsləhəti vermişdir?
19 Biz də Allahın yanında yaxşı ad qazana bilərik. Yehovanın önündə yaxşı ad qazanmaq bizim üçün dünyanın sərvətlərindən daha qiymətlidir. (Matta 6:19-21 ayələrini oxu.) Hər gün Yehovanın gözündə yaxşı olan işləri görməklə həyatımızı daha da zənginləşdirəcəyik. Xoş xəbəri bölüşmək, nikahımızı və ailəmizi möhkəmləndirmək, şəxsi öyrənmə və yığıncaq görüşləri vasitəsilə Yehova ilə münasibətlərimizi yaxşılaşdırmaq görə biləcəyimiz yaxşı işlərdən bəziləridir (Vaiz 11:6; İbr. 13:16). Həyatınızın həqiqətən də mənalı olmasını istəyirsinizmi? Belə isə Süleymanın məsləhətinə əməl edin: «Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur» (Vaiz 12:13).
[Haşiyələr]
a Süleymanın əsas illik gəliri 666 talant (22 000 kq-dan çox) qızıl idi (2 Saln. 9:13).
b Ad dəyişdirilib.
Necə cavab verərdiniz?
• Həyatdakı məqsədlərimiz barədə ciddi düşünməyə bizi nə vadar etməlidir?
• Zövq və var-dövlət dalınca qaçmağa necə yanaşmalıyıq?
• Hansı iş daimi məmnunluq gətirir?
• Hansı dəyərli şeyi əldə etməyə can atmalıyıq?
[23-cü səhifədəki şəkil]
İstirahət həyatımızda hansı yeri tutmalıdır?
[24-cü səhifədəki şəkil]
Nə üçün təbliğ işi insana dərin məmnunluq gətirir?