FƏSİL 22
«Allaha səcdə qıl»
MƏZMUN: «Hizqiyal» kitabındakı əsas mövzuların icmalı; onların indiki və gələcək dövrə aidiyyəti
1, 2. a) Hər birimiz hansı seçim qarşısındayıq? b) Həvari Yəhya mələyə səcdə etmək istəyəndə mələk nə etmişdi?
HƏR birimiz vacib bir suala cavab verməliyik: «Mən kimə ibadət edəcəyəm?» Çoxları deyə bilər ki, bu, qəliz məsələdir və insanı çaş-baş qoyur. Əslinə qalsa, məsələ aydın və sadədir. İnsan ya Yehova Allaha ibadət edir, ya Şeytana.
2 Şeytan hamının ona səcdə etməsini istəyir. O, İsanı sınağa çəkəndə içindəki bu xəbis niyyəti xüsusilə aydın görünmüşdü. Bu nəşrin 1-ci fəslindən gördüyümüz kimi, Şeytan İsaya yer üzünün bütün səltənətləri üzərində hakimiyyət təklif etmişdi. Bəs əvəzində nə istəmişdi? İsanın diz çöküb ona səcdə qılmasını (Mət. 4:9). Ancaq həvari Yəhyaya vəhy göstərən mələk Şeytandan fərqli davranmışdı. (Vəhy 22:8, 9 ayələrini oxuyun.) Həvari Yəhya ona səcdə etmək istəyəndə Allahın bu sadiq oğlu: «Bunu etmə!» — demişdi. «Mənə səcdə qıl», — deyən Şeytandan fərqli olaraq, mələk: «Allaha səcdə qıl», — demişdi.
3. a) Bu nəşr hansı məqsədlə yazılıb? b) Bu fəsildə nədən söhbət gedəcək?
3 Bu nəşrin məqsədi bizim həmin mələyin buyurduğu kimi, yalnız və yalnız Yehova Allaha ibadət etmək əzmimizi möhkəmləndirməkdir (Qan. 10:20; Mət. 4:10). Gəlin Hizqiyala nazil olan peyğəmbərliklərdən və görüntülərdən pak ibadət barədə öyrəndiklərimizi qısaca olaraq nəzərdən keçirək. Sonra isə Müqəddəs Yazıların köməyilə gələcəyə, yer üzündəki hər kəsə toxunacaq son sınaq dövrünə nəzər salacağıq. Bu sınaq kimin sağ qalıb pak ibadətin tam şəkildə və həmişəlik bərpa olunduğu dövranı görəcəyini müəyyən edəcək.
«Hizqiyal» kitabının üç əsas mövzusu
4. «Hizqiyal» kitabında hansı məqamlar vurğulanır?
4 «Hizqiyal» kitabından öyrənirik ki, pak ibadət müəyyən ayinləri icra etməkdən ibarət deyil. Pak ibadətdə 1) Yehovaya tam sadiq qalmaq, 2) təmiz ibadəti vəhdət içində icra etmək, 3) insanlara məhəbbət göstərmək tələb olunur. Gəlin görək bu nəşrdə araşdırdığımız peyğəmbərliklər və görüntülər bu üç məqamı necə vurğulayır.
Birinci mövzu: Yehovaya tam sadiq qalmaq
5—9. Hizqiyala nazil olan peyğəmbərliklərdən və görüntülərdən Yehovaya tam sadiq qalmaqla bağlı nə öyrəndik?
5 Fəsil 3:a Yehovanın ətrafında göy qurşağının olduğunu və Onun qüdrətli ruhani varlıqların üstündə getdiyini təsvir edən heyrətamiz görüntü bizə mühüm bir gerçəkliyi xatırladır: yalnız Qüdrət Sahibi ibadətə layiqdir (Hizq. 1:4, 15—28).
6 Fəsil 5: Yehovanın məbədinin murdarlanması ilə bağlı görüntü insanı sarsıdır. Bu görüntü göstərir ki, heç bir şey Yehovanın gözündən gizli qalmır. Allah xəyanəti görür. Məsələn, bəndələri hətta gizlində belə, bütlərə ibadət edəndə O, bunu görür. Bu cür əməllər Yaradanın qəlbinə yara vurur və O, belə əməl sahiblərini cəzasız qoymur (Hizq. 8:1—18).
7 Fəsil 7: Yehovanın İsrailin pis gününə gülən ətraf xalqlara qarşı çıxardığı hökm göstərir ki, O, xalqı ilə pis rəftar edən kəslərdən haqq-hesab tələb edəcək (Hizq. 25:6). İsrailin həmin xalqlarla münasibətindən də özümüzə ibrət dərsi götürürük — Yehovaya sədaqət bizim üçün hər şeydən üstün olmalıdır. Yehovaya ibadət etməyən qohumlarımızı razı salmaq üçün Onun qayda-qanunlarını tapdalamamalıyıq. Var-dövlətə bel bağlamamalıyıq. Həmçinin yalnız Yehovanın layiq olduğu sədaqəti hökumətə göstərməməliyik, bitərəfliyimizi qorumalıyıq.
8 Fəsil 13 və 14: Hündür dağda yerləşən məbədlə bağlı görüntüdən öyrənirik ki, Yehovanın ali qanunlarına uyğun yaşamalıyıq, Onun bütün allahlardan uca olduğunu qəbul etməliyik (Hizq. 40:1—48:35).
9 Fəsil 15: İsraillə Yəhudanın fahişə obrazı ilə təsvir olunması ruhani xəyanətin Yehovanın gözündə nə dərəcədə iyrənc olduğunu göstərir (Hizq. fəs. 16, 23).
İkinci mövzu: təmiz ibadəti vəhdət içində icra etmək
10—14. «Hizqiyal» kitabında təmiz ibadəti vəhdət içində icra etməyin vacibliyi necə vurğulanır?
10 Fəsil 8: Yehovanın Öz xalqının qeydinə qalmaq üçün bir nəfəri çoban qoyması haqda peyğəmbərliklər vurğulayır ki, biz İsanın rəhbərliyi altında vəhdət və sülh içində çalışmalıyıq (Hizq. 34:23, 24; 37:24—28).
11 Fəsil 9: Allahın xalqının Babil əsarətindən azad ediləcəyi və vətənə qayıdacağı barədə peyğəmbərliklərdə Yehovanı razı salmaq istəyən insanlar üçün bir ismarıc var. İbadətin pak olması üçün insan yalan dinin təsirindən azad olmalı və bir də özünü bu dinlə ləkələməməlidir. Fərqli dinlərdən çıxsaq da, maddi durumumuz, etnik mənşəyimiz müxtəlif olsa da, aramızdakı birliyi qorumalıyıq. Bu bizi Allahın xalqı kimi tanıdan əlamətdir (Hizq. 11:17, 18; 12:24; Yəh. 17:20—23).
12 Fəsil 10: Birlik mövzusu quru sümüklərin canlanması ilə bağlı görüntüdə də vurğulanır. Allahın dirçəlib təmizlənmiş və bir qoşun kimi birgə çalışan xidmətçiləri arasında olmaq böyük şərəfdir! (Hizq. 37:1—14).
13 Fəsil 12: İki çubuğun bir çubuq olması ilə bağlı peyğəmbərlikdə birlik mövzusu xüsusilə vurğulanır. Bu peyğəmbərliyin məsh olunmuşların və başqa qoyunların üzərində yerinə yetdiyini görmək imanımızı möhkəmləndirir. Dini və siyasi zəmində parçalanmış bir dünyada yaşasaq da, biz birlik və sədaqət telləri ilə birləşmişik (Hizq. 37:15—23).
14 Fəsil 16: Qələm-davatlı kişi və əlində toppuz olan altı kişi ilə bağlı görüntüdə ciddi xəbərdarlıq yer alır — yalnız o kəslər xilas olmaq üçün işarələnəcək ki, onlar böyük müsibət başlamazdan əvvəl artıq Yehovaya pak şəkildə ibadət edir (Mət. 24:21; Hizq. 9:1—11).
Üçüncü mövzu: insanlara məhəbbət göstərmək
15—18. Nəyə görə insanlara həmişə məhəbbət göstərməliyik və bunu necə edə bilərik?
15 Fəsil 4: Dörd varlıqla bağlı görüntüdən Yehovanın keyfiyyətləri, ən əsası məhəbbəti barədə öyrənirik. Biz məhəbbətlə danışanda və davrananda Yehovanın bizim Allahımız olduğunu sübut edirik (Hizq. 1:5—14; 1 Yəh. 4:8).
16 Fəsil 6 və 11: Allah məhəbbətdən irəli gələrək Hizqiyal kimi gözətçilər təyin etmişdir. Allah məhəbbətdir, buna görə də Şeytanın yer üzündə ağalığına son qoyanda heç kimin məhv olmasını istəmir (2 But. 3:9). Bizim üzərimizə müasir gözətçinin işini dəstəkləmək məsuliyyəti düşür. Bu məsuliyyəti icra etməklə biz Allahın məhəbbətini əks etdiririk (Hizq. 33:1—9).
17 Fəsil 17 və 18: Yehova bilir ki, çox adam Onun mərhəmətini rədd edəcək. Hələ bu azmış kimi Onun sadiq xidmətçilərinin kökünü kəsməyə çalışacaq. «Məcuc ölkəsindən olan Yəcuc» Yehovanın sadiq xidmətçilərinə hücum edəndə, O, məhəbbətdən irəli gələrək xalqının müdafiəsinə qalxacaq. Yehova xalqına zülm edənləri məhv edəcək. İnsanlara məhəbbət bizi təşviq edir ki, mümkün qədər çox insanı bu barədə xəbərdar edək (Hizq. 38:1—39:20; 2 Salon. 1:6, 7).
18 Fəsil 19, 20 və 21: Həyat verən çayla və ölkənin bölünməsi ilə bağlı görüntülərdən Yehovanın insanlara olan məhəbbəti qabarıq surətdə özünü büruzə verir. Bu görüntülər Yehovanın məhəbbətdən doğan ən böyük xeyirxahlığını, Oğlunun həyatını qurban verməsi sayəsində əldə olunan nemətləri təsvir edir. Bu xeyirxahlıq sayəsində günahlarımızın bağışlanması və Allahın ailəsinin üzvü olub kamil həyatdan həzz almaq imkanımız var. Biz tərəfdən insanlara məhəbbət göstərməyin ən gözəl yollarından biri onlara Yehovanın Məsihə iman gətirənlər üçün hazırladığı möhtəşəm gələcək barədə danışmaqdır (Hizq. 45:1—7; 47:1—48:35; Vəhy 21:1—4; 22:17).
Təvazökarlıq nümunəsi
19. İsa Məsih minillik hakimiyyəti dövründə nələr edəcək? («Son sınaq» adlı çərçivəyə baxın.)
19 Minillik hakimiyyəti zamanı İsa milyonlarla insanı həyata qaytarıb «ölüm» adlı düşmənin vurduğu bütün yaraları sağaldacaq (1 Kor. 15:26; Mark 5:38—42; Həv. 24:15). Bəşər tarixi qanla yazılmış, kədər və faciə ilə dolu ürəkparçalayan bir əsərə bənzəyir. Cənnətdə isə İsa Məsih hər kəsi həyata qaytaranda, sanki faciəvi hekayəni pozacaq və dirilən insana özü üçün gözəl həyat hekayəsi yazmağa imkan verəcək. Məsih xəstəliyin, müharibələrin və aclığın vurduğu zərəri fidyə qurbanlığı əsasında bütünlüklə aradan qaldıracaq. Üstəlik, iztirablarımızın kökünü — Adəmdən miras aldığımız günahı yox edəcək (Rom. 5:18, 19). İsa İblisin işlərini darmadağın edəcək (1 Yəh. 3:8). Bəs sonra nə olacaq?
Dirilən insanların özlərinə gözəl həyat hekayəsi yazmaq imkanı olacaq
20. İsa və 144 000 həmvarisi necə təvazökarlıq göstərəcək? İzah edin. (Fəslin əvvəlindəki şəklə baxın.)
20 1 Korinflilərə 15:24—28 ayələrini oxuyun. İnsanların hamısı kamilliyə yetişəndə, yer üzü Yehovanın əzəldən niyyət etdiyi kimi Cənnətə çevriləndə İsa və onun 144 000 həmvarisi misli görünməmiş təvazökarlıq göstərəcək. Onlar Padşahlığı Yehovaya təhvil verəcək. Onlar min il sürən hakimiyyətdən könüllü surətdə imtina edəcək. Bu Padşahlığın əldə etdiyi nailiyyətlər əbədi sürəcək.
Son sınaqla üz-üzə
21, 22. a) Min il başa çatandan sonra dünya necə olacaq? b) Yehova Şeytanı və cinləri nə üçün azad edəcək?
21 O zaman Yehova yer üzündəki təbəələrindən arxayın olduğunu göstərən qeyri-adi bir şey edəcək. Onun izni ilə Şeytan və cinlər min il dustaq olduqları dibsiz quyudan azadlığa buraxılacaqlar. (Vəhy 20:1—3 ayələrini oxuyun.) Onlar azadlığa çıxanda tamamilə fərqli bir dünya görəcəklər. Armageddondan əvvəl insanların əksəriyyəti Şeytana uymuşdu. Nifrət və qərəz bəşər ailəsini parçalamışdı (Vəhy 12:9). Min il başa çatandan sonra isə bütün bəşəriyyət mehriban, yekdil bir ailə kimi Yehovaya ibadət edəcək. Bütün yer üzü Cənnət olacaq, orada sülh məskən salacaq.
22 Bəs nəyə görə Yehova bu zalım varlıqları — Şeytanı və cinləri bu cür gözəl mühitə buraxacaq? Çünki həmin dövrdə yaşayan insanların əksəriyyəti o vaxta qədər Yehovaya sədaqətlərini sınayan vəziyyətlə üzləşməyəcək. Çoxu Yehovanı tanımadan vəfat edən və Cənnətdə dirilən insanlar olacaq. Yehova onlara həm həyat bəxş edəcək, həm də bütün fiziki və ruhani tələbatlarını ödəyəcək. Onlar heç bir pis təsirə məruz qalmayacaq, yalnız yaxşı insanların əhatəsində yaşayacaqlar. Yehovanı sevən və Ona xidmət edən insanların içində olacaqlar. Ola bilsin, Şeytan dirilmiş bu insanlara Əyyuba atdığı şəri atacaq: guya Allah onları hifz edib başlarından nemət tökdüyü üçün onlar Allaha xidmət edirlər (Əyy. 1:9, 10). Beləliklə, adımızı həyat kitabına birdəfəlik yazmazdan əvvəl Yehova bizə şans verəcək ki, Ona Atamız və Hökmdarımız kimi sadiq olduğumuzu birdəfəlik sübut edək (Vəhy 20:12, 15).
23. Hər bir insan hansı seçim qarşısında duracaq?
23 Şeytana bəşəriyyəti sınayıb Allahdan döndərmək üçün qısa müddət möhlət veriləcək. Bəs bu nə cür sınaq olacaq? Şübhəsiz, hər bir insan bir vaxtlar Adəmlə Həvvanın üzləşdiyi bir məsələ ilə üz-üzə gələcək — ya Yehovanın qanunları ilə yaşayıb, Onun hakimiyyətinə tabe olub, Ona ibadət etsin, ya da Allaha asi çıxıb Şeytanı dəstəkləsin.
24. Nəyə görə üsyankarlar «Yəcuc və Məcuc» adlanır?
24 Vəhy 20:7—10 ayələrini oxuyun. Maraqlıdır ki, min ildən sonra üsyan edən insanlar «Yəcuc və Məcuc» adlanır. Onlar böyük müsibət vaxtı Allahın xalqına hücum edən üsyankarlardakı xüsusiyyətləri göstərəcəklər. Böyük müsibət vaxtı hücum edən insanlar, yəni «Məcuc ölkəsindən olan Yəcuc», Yehovanın hakimiyyətinə qarşı çıxan xalqlardan ibarət olacaq (Hizq. 38:2). Məsihin minillik hakimiyyətindən sonra üsyan edənlər də «xalqlar» adlanır. Bu, maraqlı məqamdır, çünki min il ərzində cəmiyyətin millətlərə parçalanması aradan qalxacaq, bütün insanlar bir hökumətin, Allahın Padşahlığının təbəəsi olacaq. Biz bir ruhani xalqa mənsub olacağıq. Peyğəmbərlikdə bu üsyankarların «Yəcuc və Məcuc» adlanması və onlar haqqında «xalqlar» kimi danışılması göstərir ki, Şeytan Allahın xalqının bəzi üzvləri arasında parçalanma yaratmağa nail olacaq. Heç kimi Şeytanın tərəfini tutmağa məcbur edən olmayacaq. Hər bir kamil insan özü seçim edəcək.
25, 26. Şeytana nə qədər insan qoşulacaq və onlarla nə baş verəcək?
25 Bəs nə qədər insan Şeytana qoşulacaq? Müqəddəs Kitabda deyilir ki, «onların sayı dəniz qumu qədər» olacaq. Amma bu o demək deyil ki, bəşəriyyətin böyük hissəsi üsyan edəcək. Bunu haradan bilirik? Gəlin Allahın İbrahim peyğəmbərə verdiyi vədi yadımıza salaq. Yehova demişdi ki, İbrahimin övladı «dəniz sahilindəki qum dənələri qədər» olacaq (Yar. 22:17, 18). Amma bildiyimiz kimi onun övladını təşkil edənlərin sayı 144 001 nəfərdir (Qal. 3:16, 29). Bu rəqəm böyük olsa da, bəşəriyyətin ümumi sayı ilə müqayisədə çox kiçikdir. Eynilə, Şeytana xeyli adam qoşulsa da, onların sayı həddindən artıq çox olmayacaq. Üsyankarlar Yehovanın sadiq bəndələri üçün ciddi təhlükə yaratmayacaq.
26 Üsyana qoşulanlar qısa zaman ərzində məhv ediləcək. Şeytan və cinlərlə bərabər onların da mövcudluğuna son qoyulacaq və bir daha həyata qayıtmaq şansları olmayacaq. Onlardan qalan verdikləri ağılsız qərarın və onun acı nəticəsinin xatirəsi olacaq (Vəhy 20:10).
27—29. Son sınaqdan alnıaçıq çıxanları nə gözləyir?
27 Son sınaqdan çıxanların isə adı əbədilik «həyat kitabı»na yazılacaq (Vəhy 20:15). O zaman Yehovanın sadiq oğul və qızlarının hamısı bir ailə kimi Ona ibadət edəcəklər.
28 O gözəl dövranı təsəvvür edin. Qarşıda sizi ürəyinizcə olan iş, gözəl dostluq münasibətləri gözləyir. Nə siz, nə də əzizləriniz dərd nədir bilməyəcəksiniz. Yehovanın hüzurunda tamamilə günahsız bir bəndə kimi duracaqsınız, daha vasitəçiyə ehtiyac olmayacaq. Hər bir insan tam mənada Allahla dost olacaq. Ən əsası isə həm göydə, həm də yerdə pak ibadət kamillik dərəcəsinə çatacaq. Bununla da pak ibadət tam şəkildə bərpa olacaq.
29 Bəs siz o möhtəşəm dövranı görəcəksiniz? Əgər «Hizqiyal» kitabındakı üç əsas tələbə əməl etsəniz — Yehovaya tam sadiq qalsanız, təmiz ibadəti vəhdət içində icra etsəniz və insanlara məhəbbət göstərsəniz, siz də o gözəl həyatı yaşayacaqsınız. Sonda gəlin Hizqiyala nazil olan peyğəmbərliklərdən öyrəndiyimiz bir əsas məqam haqda da danışaq.
«Biləcəklər ki, Mən Yehovayam»
30, 31. «Biləcəklər ki, Mən Yehovayam» ifadəsi a) Allahın düşmənləri üçün, b) Allahın xalqı üçün hansı mənanı kəsb edir?
30 «Hizqiyal» kitabı boyunca «biləcəklər ki, Mən Yehovayam» ifadəsi dönə-dönə təkrarlanır (Hizq. 6:10; 39:28). Allahın düşmənləri üçün bu sözlər müharibə və ölüm deməkdir. Onlar, sadəcə Yehovanın varlığını qəbul etməyə məcbur olmayacaq. Onlar öz acı təcrübələrində Onun böyük adının mənasını, «olmasına səbəb olur» sözlərinin məğzini dərk edəcəklər. «Ordular Allahı Yehova» «yenilməz cəngavər» olub onlarla döyüşəcək (1 İşm. 17:45; Çıx. 15:3). Düşmənlər bir vacib həqiqəti başa düşəcəklər: heç nə Yehovaya Öz niyyətini yerinə yetirməyə mane ola bilməz. Amma onda çox gec olacaq.
31 Allahın xalqına isə «biləcəklər ki, Mən Yehovayam» ifadəsi sülh və həyat gətirəcək. Biz Yehovanın keyfiyyətlərini mükəmməl şəkildə əks etdirərək Onun oğul və qızları olacağıq. Beləcə, Yehova əzəli niyyətinin yerinə yetməsinə səbəb olacaq (Yar. 1:26). Yehova artıq indidən bizim mehriban Atamız və qayğıkeş Çobanımızdır. Tezliklə O, müzəffər Padşahımız olacaq. Gəlin o günə qədər Hizqiyalın çatdırdığı xəbərə ciddi yanaşaq. Gəlin hər gün sözlərimizlə və əməllərimizlə sübut edək ki, Yehovanı tanıyırıq və Onun qayda-qanunlarından agahıq. Belə etsək, böyük müsibətin məhvedici küləkləri buraxılanda biz qorxmayacağıq, əksinə, başımızı dik tutacağıq, çünki biləcəyik ki, qurtuluşumuz yaxındır (Luka 21:28). Hələlik isə gəlin insanlara kömək edək ki, ibadətə layiq olan tək Allahı, ən üstün adın Sahibi Yehova Allahı tanısınlar və sevsinlər (Hizq. 28:26).
a Rəqəmlər bu nəşrin fəsillərinin nömrəsidir.