Məttanın yazdığı müjdə
27 Səhər açılanda bütün böyük kahinlər və xalqın ağsaqqalları yığışıb İsanı öldürmək üçün məşvərət etdilər.+ 2 Sonra onun əl-qolunu bağladılar və aparıb vali Pilata təhvil verdilər.+
3 İsanı satmış Yəhuda onun ölümə məhkum edildiyini görəndə vicdan əzabı çəkməyə başladı. O, otuz gümüşü böyük kahinlərlə ağsaqqallara qaytarıb+ 4 dedi: «Günahsız adamı satmaqla günah iş tutmuşam». Onlar isə dedilər: «Bizə nə? Özün bilərsən!» 5 Yəhuda gümüş pulları məbəddə atıb oradan çıxdı və gedib özünü asdı.+ 6 Böyük kahinlərsə bu pulları yığıb dedilər: «Bunu müqəddəs xəzinəyə atmaq düzgün deyil, çünki bu pul qan puludur». 7 Onlar məsləhətləşib o pula yadelliləri dəfn etmək üçün dulusçunun tarlasını aldılar. 8 Buna görə də o tarla bu günədək «Qan tarlası»+ adlanır. 9 Onda Ərəmya peyğəmbər vasitəsilə deyilmiş bu sözlər yerinə yetdi: «Onlar otuz gümüşü götürdülər. O insan üçün qoyulmuş məbləğ bu idi; bəli, İsrail oğullarından bəziləri onun üçün bu məbləği qoymuşdu. 10 Yehova mənə əmr etdiyi kimi, onlar bu pula dulusçunun tarlasını aldılar».+
11 İsa valinin qabağında dayanmışdı. Vali ondan soruşdu: «Sən yəhudilərin padşahısan?» İsa cavab verdi: «Dediyin kimidir».+ 12 Amma böyük kahinlər və ağsaqqallar onu ittiham edəndə İsa cavab vermirdi.+ 13 Onda Pilat dedi: «Eşidirsən, sənə qarşı nələr deyirlər?» 14 Amma İsa susdu, bir kəlmə söz də demədi. Vali buna çox təəccübləndi.
15 Vali hər Pasxa bayramında camaatın istədiyi bir məhbusu azadlığa buraxırdı.+ 16 O günlərdə Barabba adında qatı bir cinayətkar həbsdə idi. 17 Camaat toplaşanda Pilat dedi: «Sizin üçün kimi azad edim: Barabbanı, yoxsa Məsih adlanan İsanı?» 18 Pilat bilirdi ki, İsanı paxıllıqdan ələ veriblər, 19 həm də, o, hakim kürsüsündə əyləşən zaman arvadı ona xəbər göndərib demişdi: «Bu saleh adamla işin olmasın, ona görə bu gecə yuxuda yaman əziyyət çəkmişəm». 20 Lakin böyük kahinlər və ağsaqqallar camaatı öyrətdilər ki, Barabbanın azad olmasını,+ İsanın isə edam edilməsini istəsinlər.+ 21 Vali onlardan soruşdu: «Bu iki nəfərdən hansını azad edim?» Camaat dedi: «Barabbanı». 22 Pilat soruşdu: «Bəs bu Məsih adlanan İsa ilə nə edim?» Onların hamısı bir ağızdan qışqırdı: «Onu dirəkdə edam et!»+ 23 Pilat dedi: «Axı niyə? O nə pis iş görüb ki?» Onlar daha da bərkdən qışqırdılar: «Onu dirəkdə edam et!»+
24 Pilat gördü ki, əlindən heç nə gəlmir, camaat get-gedə qızışır. Onda su götürüb hamının gözü qarşısında əllərini yudu və dedi: «Mən bu adamın qanından təmizəm. Özünüz bilərsiniz». 25 Camaat bir ağızdan dedi: «Qoy onun qanı bizim və övladlarımızın boynunda qalsın».+ 26 Vali Barabbanı azad etdi, İsanı isə qamçı ilə döydürdü+ və dirəkdə edam etmək üçün əsgərlərə təhvil verdi.+
27 Pilatın əsgərləri İsanı vali sarayına apardılar. Bütün alay onun başına toplaşdı.+ 28 Onlar İsanı soyundurub əyninə al-qırmızı xələt keçirtdilər,+ 29 tikandan çələng hörüb başına qoydular, sağ əlinə bir qamış çubuq verdilər. Sonra da qarşısında diz çöküb onu ələ salmağa başladılar: «Salam, ey yəhudilərin padşahı!» 30 Onun üzünə tüpürdülər,+ çubuğu götürüb başına-başına vurdular. 31 Onu lağa qoyub qurtarandan sonra əynindəki xələti çıxarıb öz paltarını əyninə geyindirdilər və dirəyə mıxlamağa apardılar.+
32 Onlar bayıra çıxanda Şimon adında bir kirenalı ilə rastlaşdılar. Onu tutub İsanın işgəncə dirəyini daşımağa məcbur etdilər.+ 33 Qolqota, yəni Kəllə deyilən yerə gələndə+ 34 İsaya içinə acı bir şey qatılmış şərab verdilər,+ amma İsa onun dadına baxıb içmədi. 35 Onu dirəyə mıxlayandan sonra püşk atıb paltarlarını aralarında böldülər.+ 36 Bundan sonra oturub onun keşiyini çəkməyə başladılar. 37 Həm də İsanın başı üstündə bir lövhə vurdular. Lövhədə ona qarşı irəli sürülmüş bu ittiham yazılmışdı: «Bu, yəhudilərin padşahı İsadır».+
38 İsa ilə bərabər iki qulduru da dirəyə mıxlamışdılar, biri onun sağında, o birisi də solunda idi.+ 39 Oradan keçənlər başlarını bulaya-bulaya+ onu söyür+ və 40 deyirdilər: «Məbədi dağıdıb üç günə tikənə bax!+ Özünü xilas elə! Əgər Allahın oğlusansa, dirəkdən düş!»+ 41 Böyük kahinlər, mirzələr və ağsaqqallar da onu ələ salırdılar:+ 42 «Başqalarını xilas edirdi, özünü isə xilas edə bilmir! Bu da İsrailin Padşahı!+ Qoy işgəncə dirəyindən düşsün, onda biz ona inanarıq! 43 Bəs nə oldu, Allaha güvənirdi?! “Mən Allahın Oğluyam”+ deyirdi. Əgər Allaha əzizdirsə,+ qoy Allah onu xilas eləsin də!» 44 Hətta yanında dirəyə mıxlanmış quldurlar da onu bu cür təhqir edirdilər.+
45 Günorta saat on iki radələrində* bütün o əraziyə qaranlıq çökdü və təxminən saat üçə kimi* davam etdi.+ 46 Təxminən saat üçdə İsa ucadan: «Eli, Eli, lama sabaxtani?» — dedi, bu da «Allahım, Allahım, niyə məni tərk etdin?» deməkdir.+ 47 Orada duranlardan bəziləri bu sözləri eşidəndə dedilər: «İlyası çağırır».+ 48 Onlardan biri qaçıb bir süngər götürdü, onu turş şəraba batırıb bir qamışın ucuna taxdı və ona uzatdı ki, içsin.+ 49 Başqaları isə dedilər: «Əl çək ondan! Görək İlyas gəlib onu xilas edir, ya yox». 50 İsa ucadan qışqırıb canını tapşırdı.+
51 Birdən məbədin pərdəsi*+ yuxarıdan aşağıya cırılıb+ iki yerə bölündü,+ zəlzələ oldu, qayalar yarıldı. 52 Sərdabələr açıldı və ölüm yuxusuna getmiş bir çox müqəddəs adamın cəsədi üzə çıxdı 53 və bir çoxları onları gördü. (İsanın dirilməsindən sonra sərdabələrin yanında olan adamlar müqəddəs şəhərə gəldilər*.) 54 Yüzbaşı və İsanın keşiyini çəkən əsgərlər zəlzələni və baş verən bütün hadisələri görəndə bərk qorxdular və dedilər: «Bu insan, doğrudan da, Allahın Oğlu imiş».+
55 Xeyli qadın da baş verənləri uzaqdan müşahidə edirdi. Onlar İsaya xidmət etmək üçün onunla birlikdə Cəlilədən gəlmişdilər.+ 56 Məcdəlli Məryəm, Yaqub ilə Yusifin anası Məryəm, həmçinin Zəbədinin oğullarının anası da orada onlarla idi.+
57 Axşamüstü arimataylı Yusif adında varlı bir adam ora gəldi. O da İsanın şagirdi idi.+ 58 Bu adam Pilatın yanına gedib ondan İsanın cəsədini istədi.+ Pilat əmr etdi ki, İsanın cəsədini ona versinlər.+ 59 Yusif İsanın cəsədini götürüb onu təmiz, zərif kətana bürüdü+ 60 və özü üçün qayada oyduğu təzə sərdabəyə qoydu.+ Sərdabənin ağzına yekə bir daş diyirlədi və çıxıb getdi. 61 Məcdəlli Məryəm və o biri Məryəm orada qaldılar. Onlar sərdabənin qarşısında oturmuşdular.+
62 Səhərisi gün Hazırlıq günündən sonrakı gün idi.+ Böyük kahinlər və fərisilər Pilatın yanına gəlib dedilər: 63 «Ağa, yadımıza bir şey düşüb. Bu fırıldaqçı hələ sağ ikən belə bir söz deyirdi: “Mən üç gündən sonra diriləcəyəm”.+ 64 Buna görə əmr et ki, sərdabəni üç gün yaxşı-yaxşı qorusunlar, yoxsa şagirdləri gəlib onu oğurlayacaq+ və sonra hamıya deyəcəklər ki, o dirilib. Bu yalan əvvəlkindən də betər olacaq». 65 Pilat onlara dedi: «Bir dəstə keşikçi götürün. Gedin, oranı bildiyiniz kimi qoruyun». 66 Onlar gedib sərdabənin ağzındakı daşı möhürlədilər və oraya keşikçi qoydular.