Yəhyanın yazdığı müjdə
11 O zaman Məryəmin və bacısı Martanın+ yaşadığı Beytaniyyə kəndində İlazər adında bir adam xəstə yatırdı. 2 Bu, Ağanın ayaqlarını ətirli yağla yağlayıb saçı ilə silən Məryəm idi.+ Xəstə yatan İlazər onun qardaşı idi. 3 Bacılar İsaya xəbər göndərdilər: «Ağa, əziz dostun xəstədir». 4 İsa bunu eşidəndə dedi: «Bu xəstəlik ölümə aparmır. Bu xəstəlik Allahı ucaldacaq,+ Allahın Oğlu da onun vasitəsilə ucalacaq».
5 İsa Marta ilə bacısını və İlazəri çox istəyirdi. 6 Ancaq İlazərin xəstələndiyini eşidəndə iki gün də olduğu yerdə qaldı. 7 Sonra şagirdlərinə dedi: «Gəlin yenə Yəhudiyyəyə gedək». 8 Şagirdləri dedilər: «Rabbi*,+ yəhudiyyəlilər təzəlikcə səni daşlamaq istəyirdilər,+ sənsə yenə ora gedirsən?» 9 İsa cavab verdi: «Məgər gündüz on iki saat davam eləmir?+ Gündüz gəzənin ayağı heç nəyə ilişmir, çünki o, bu dünyanın işığını görür. 10 Lakin gecə gəzənin ayağı mütləq nəyəsə ilişəcək, çünki o, zülmətdədir».
11 İsa bunları deyəndən sonra əlavə etdi: «Dostumuz İlazər yuxuya gedib,+ mən isə onu oyatmağa gedirəm». 12 Şagirdlər dedilər: «Ağa, yatırsa, deməli, sağalacaq». 13 İsa onun öldüyünü deyirdi, onlarsa elə bildilər ki, İsa adi yuxudan danışır. 14 Onda İsa açıq dedi: «İlazər ölüb.+ 15 Mənim orada olmamağım sizin xeyrinizədir, çünki indi sizin imanınız möhkəmlənəcək. Durun, onun yanına gedək». 16 Bu vaxt Əkiz ləqəbli Tomas o biri şagirdlərə dedi: «Gəlin gedək, biz də onunla ölək».+
17 İsa oraya gələndə öyrəndi ki, İlazər artıq dörd gündür sərdabəyə qoyulub. 18 Beytaniyyə Yerusəlimin yaxınlığında, oradan təxminən üç kilometr* aralıda yerləşirdi. 19 Marta ilə Məryəmə qardaşlarına görə başsağlığı verməyə xeyli yəhudi gəlmişdi. 20 Marta eşidəndə ki, İsa gəlir, onun qabağına çıxdı, Məryəm+ isə evdə qaldı. 21 Marta İsaya dedi: «Ağa, sən burada olsaydın, qardaşım ölməzdi. 22 Ancaq indi də əminəm ki, Allahdan nə istəsən, sənə verəcək». 23 İsa ona dedi: «Qardaşın diriləcək». 24 Marta dedi: «Bilirəm, o, axırıncı gündə, dirilmə+ zamanı diriləcək». 25 İsa ona dedi: «Dirilmə və həyat mənəm.+ Mənə iman edən ölsə də, həyata qayıdacaq 26 və mənə inamla yaşayan adam heç vaxt ölməyəcək.+ Buna inanırsan?» 27 O cavab verdi: «Bəli, Ağa, mən inanıram ki, sən Allahın Oğlusan, dünyaya gəlməli olan Məsihsən». 28 Marta bunu deyib getdi və bacısı Məryəmi çağırıb təklikdə ona dedi: «Ustad+ gəlib, səni görmək istəyir». 29 Məryəm bunu eşidəndə dərhal durub İsanın yanına getdi.
30 İsa hələ kəndə girməmişdi, Martanın onu qarşıladığı yerdə durmuşdu. 31 Bacılara başsağlığı verməyə gəlmiş yəhudilər Məryəmin cəld durub evdən çıxdığını görəndə qalxıb onun dalınca getdilər. Onlar elə düşündülər ki, o, sərdabənin+ yanına ağlamağa gedir. 32 Məryəm İsanın durduğu yerə gəldi və onu görəndə ayaqlarına yıxılıb dedi: «Ağa, sən burada olsaydın, qardaşım ölməzdi». 33 İsa Məryəmin və onunla gəlmiş yəhudilərin ağlaşdığını görəndə bərk qəhərləndi və dərindən ah çəkib 34 soruşdu: «Onu hara qoymusunuz?» Ona dedilər: «Ağa, gedək bax». 35 İsa ağladı.+ 36 Onda yəhudilər dedilər: «Gör onu necə çox istəyirdi!» 37 Bəziləri isə belə deyirdi: «Korun+ gözünü açan bir şey edə bilməzdi ki, bu yazıq ölməsin?»
38 İsa yenə də dərindən ah çəkib sərdabəyə yaxınlaşdı. Bu, mağara idi və ağzına daş qoyulmuşdu. 39 İsa dedi: «Daşı kənara çəkin». Mərhumun bacısı Marta ona dedi: «Ağa, o, dörd gündür ki, buradadır, indiyə yəqin iylənər». 40 İsa ona dedi: «Məgər sənə demədim ki, inansan, Allahın əzəmətini görəcəksən?»+ 41 Daşı götürdülər. İsa göyə baxıb+ dedi: «Şükürlər olsun sənə, Ata, məni eşitdin. 42 Bilirəm, Sən məni həmişə eşidirsən. Ancaq bunu burada durmuş camaatdan ötrü dedim ki, məni Sənin göndərdiyinə inansınlar».+ 43 İsa bunu deyib ucadan səslədi: «İlazər, çölə çıx!»+ 44 Ölmüş adam sərdabədən çıxdı. O, sarğılarla kəfənlənmişdi, üzünü isə dəsmalla örtmüşdülər. İsa dedi: «Kəfənini açın, azad olsun».
45 Məryəmin yanına gəlmiş yəhudilərin çoxu bunu görəndə İsaya iman etdi.+ 46 Bəziləri isə gedib İsanın nə etdiyini fərisilərə danışdılar. 47 Onda böyük kahinlər və fərisilər Sinedrionu toplayıb tədbir tökməyə başladılar: «Biz nə edək? Bu adam çoxlu möcüzə göstərir.+ 48 Onu özbaşına qoysaq, hamı ona inanacaq, onda romalılar gəlib həm məbədimizi, həm də xalqımızı ələ keçirəcəklər». 49 Onlardan biri, həmin il baş kahin olan Qayafa+ Sinedriona dedi: «Siz heç nə bilmirsiniz, 50 başa düşmürsünüz ki, bütün xalqın məhvindənsə, bir adamın xalq uğrunda ölməsi sizin üçün daha yaxşıdır». 51 Amma o, bu sözləri özündən demədi, həmin il baş kahin olduğundan İsanın xalq üçün öləcəyini peyğəmbərlik etdi. 52 Amma İsa yalnız xalq üçün yox, Allahın pərən-pərən düşmüş övladlarını bir yerə yığmaq üçün də öldü. 53 Onlar o gün İsanı öldürməyə qərar verdilər.
54 Buna görə də İsa artıq yəhudilərin arasında açıq-aşkar gəzmirdi. O, səhraya yaxın bir bölgəyə, Əfraim+ adlanan şəhərə getdi və şagirdləri ilə orada qaldı. 55 Yəhudilərin Pasxa bayramı+ yaxınlaşırdı. Ətraf yerlərdən xeyli adam bayram qabağı paklanmaq üçün Yerusəlimə gəlmişdi. 56 Onlar İsanı axtarırdılar və məbəddə durub bir-birinə deyirdilər: «Görəsən, o, bayrama gəlməyəcək?» 57 Böyük kahinlər və fərisilər isə əmr etmişdilər ki, onun yerini bilən adam gəlib onlara xəbər versin. Onlar İsanı tutmaq istəyirdilər.