İbrahimin imanına bənzər imana malik olun!
“İmana görə yaşayanlar İbrahimin oğullarıdır” (QALATİYALILARA 3:7, İ—93).
1. Əvram, Kən’anda qarşılaşdığı yeni sınağın öhdəsindən necə gəldi?
YEQOVANIN əmrinə tabe olaraq, Əvram abad Ur diyarını tərk etdi. Sonrakı illər ərzində həyatında baş verən narahatlıqlar, onun Misirdə qarşılaşdığı iman sınaqları ilə müqayisədə cüzi göründü. Müqəddəs Kitabda deyilir: “Bu torpaqda aclıq başladı”. Əvram bu vəziyyətdə asanlıqla ümidsizliyə qapıla bilərdi! Lakin o, böyük külfətinin qeydinə qalmaq üçün, lazımi tədbirlər gördü. “Əvram müvəqqəti qalmaq üçün Misirə getdi, çünki ölkədə böyük qıtlıq hökm sürürdü”. Əvramın böyük külfətinin Misirə gəlməsi, nəzərə çarpmaya bilməzdi. Yeqova öz və’dini yerinə yetirəcəkmi və Əvramı pislikdən qoruyacaqmı? (Yaradılış 12:10, MKŞ; Çıxış 16:2, 3).
2, 3. a) Əvram nəyə görə gizlətdi ki, Sarəy onun arvadıdır? b) Yaranan vəziyyətdə Əvram arvadı ilə necə davrandı?
2 Yaradılış 12:11—13 ayələrində oxuyuruq: “O, Misirə yaxınlaşanda arvadı Sarəyə dedi: “[“Xahiş edirəm”, YD] mən bilirəm ki, sən gözəl qadınsan. Misirlilər səni görüb deyəcəklər: “Bu, onun arvadıdır”. Onda məni öldürəcəklər, səni isə sağ buraxacaqlar. [“Xahiş edirəm”, YD] bəlkə sən deyəsən ki, mənim bacımsan, onda sənin xatirinə mənimlə yaxşı rəftar edərlər və mən də sağ qalaram”” (MKŞ). Sarəyin 65-dən artıq yaşı olmasına baxmayaraq, olduqca gözəl idi. Bu gözəllik Əvramın həyatı üçün təhlükə yaradırdıa (Yaradılış 12:4, 5; 17:17, MKŞ). Ən əsası isə o idi ki, bu təhlükə Yeqovanın niyyəti ilə əlaqədar olan işlərə toxunurdu, axı O demişdi ki, yer üzünün bütün xalqları Əvramın zürriyyətində xeyir-dua alacaqlar (Təkvin 12:2, 3, 7). Hələ övladsız olduğu üçün, Əvramın sağ qalması çox vacib idi.
3 Əvram və arvadı, qabaqcadan qərara aldıqları kimi davrandılar: bacı-qardaş olduqlarını söylədilər. Qeyd edək ki, tayfa başçısı səlahiyyəti olduğuna baxmayaraq, Əvram öz mövqeyindən sui-istifadə etməyib, kömək və əməkdaşlıq üçün arvadına müraciət etdi (Təkvin 12:11—13; 20:13). Bununla da Əvram, məhəbbətlə başçılıq etmək məsələsində ərlərə gözəl nümunə verdi; Sarəy isə ərinə tabe olmaqda müasir qadınlara nümunə oldu (Efeslilərə 5:23—28; Koloslulara 4:6).
4. Bu gün Allahın sadiq xidmətçiləri, həmimanlılarının həyatı təhlükədə olanda necə davranmalıdırlar?
4 Sarəy, Əvramın bacısı olduğunu söyləyə bilərdi, çünki həqiqətən də onun atabir bacısı idi (Yaradılış 20:12, MKŞ). Bundan başqa Əvram, hər hansı bir mə’lumatı bilməyə haqqı olmayan insanlara onu söyləməyə borclu deyildi (Matta 7:6). Bu gün Allahın sadiq xidmətçiləri, Müqəddəs Kitabın təmiz vicdanlı olmaq əmrini icra edirlər (İbranilərə 13:18). Onlar, məsələn, məhkəmədə and içərkən heç zaman yalan danışmazlar. Lakin tə’qiblər və ya iğtişaşlar vaxtı həmimanlıların həyatı fiziki, yaxud ruhani cəhətdən təhlükədə olanda, məsihçilər İsanın: “ilanlar kimi müdrik və göyərçinlər kimi mə’sum olun”, məsləhətinə riayət edirlər (Matta 10:16; “Gözətçi Qülləsi” nin 1996-cı il, 1 noyabr nömrəsində 18-ci səhifənin 19-cu abzasına baxın, rusca).
5. Sarəy, Əvramın xahişinə cavab verməyə nə üçün hazır idi?
5 Bəs Əvramın xahişinə Sarəy necə cavab verdi? Həvari Pavel Sarəyə bənzər qadınları “Allaha ümid bəsləyən” qadınlar kimi təsvir edir. Deməli Sarəy, bu vəziyyətlə əlaqədar olan ruhani məsələləri anlayırdı. Bundan əlavə, ərinə məhəbbət və hörmət bəsləyirdi. Buna görə də, Sarəy ərinə tabe olub, ərdə olduğunu gizlətməyi qərara aldı (1 Peter 3:5). Əlbəttə ki, bunu etmək təhlükəli idi. “Əvram Misirə gəlib çatanda Misirlilər onun arvadının çox gözəl olduğunu gördülər. Fir’onun ə’yanları da qadını gördülər və onu fir’ona tə’riflədilər. Qadın fir’onun sarayına aparıldı” (Yaradılış 12:14, 15, MKŞ).
Yeqovanın təqdim etdiyi qurtuluş
6, 7. Əvramla Sarəy hansı acınacaqlı vəziyyətə düşdülər və Yeqova Sarəyi necə xilas etdi?
6 Bu vəziyyət Əvram və Sarəy üçün nə qədər əzablı olmalıydı! Sanki, bir qədər sonra Sarəy zorlamaya mə’ruz qalacaqdır. Bu az imiş kimi, Sarəyin ərdə olduğunu bilməyən fir’on Əvrama hədiyyələr verirdi, belə ki, “Əvram qoyun-keçi, mal-qara, erkək və dişi eşşəklər, dəvələr, qullar və cariyələr sahibi oldu”b (Yaradılış 12:16, MKŞ). Bu hədiyyələr Əvram üçün necə də təhqiredici idi! Lakin vəziyyət ümidsiz görünsə də, Yeqova Əvramı tək qoymadı.
7 “Rəbb Əvramın arvadı Sarəydən ötrü fir’onun və onun ev adamlarının başına böyük fəlakətlər gətirdi” (Yaradılış 12:17, MKŞ). Fir’on hansı yol iləsə bu “fəlakətlərin” əsl səbəbini öyrəndi. O, yubanmadan tədbir görməyə başladı: “Fir’on Əvramı çağırıb dedi: “Mənə qarşı nə üçün bu işi etdin? Bu qadının sənin arvadın olduğunu niyə mənə bildirmədin? Nə üçün “bu mənim bacımdır” dedin ki, mən də onu arvad olaraq aldım? İndi isə arvadını da götür, get”. Fir’on adamlara onlar barədə göstəriş verdi və Əvramla arvadını sahib olduğu bütün şeylərlə birgə yola saldılar” (Yaradılış 12:18—20, MKŞ; Məzmur 105:14, 15).
8. Bu gün Yeqova məsihçilərə hansı müdafiəni və’d edir?
8 Bu gün Yeqova bizi ölümdən, cinayətkarlıqdan, aclıq və təbii fəlakətdən qoruyacağını və’d etmir. Amma ruhaniliyimizə təhlükə yaradan şeylərdən həmişə mühafizə edəcəyinə söz verir (Məzmur 91:1—4). O bizi əsasən belə mühafizə edir ki, yaranan təhlükə barədə öz Kəlamı, həmçinin “sadiq və ağıllı qul” vasitəsilə vaxtında xəbərdarlıq verir (Matta 24:45). Bəs tə’qibçilər tərəfindən yaranan təhlükə barədə nə demək olar? Allah bə’zən ayrı-ayrı adamların ölümünə yol versə də, xalqının yer üzündən tamamilə yox edilməsinə qətiyyən izin verməz (Məzmur 116:15). Və əgər Allahın sadiq xidmətçilərindən bə’zilərini ölüm yaxalasa, onların diriləcəklərinə əmin ola bilərik (Yəhya 5:28, 29).
Əmin-amanlıq naminə fədakarlığa hazır olmaq
9. Biz haradan bilirik ki, Əvram Kən’an torpağında sakin olmadı?
9 Görünür, Kən’an diyarında aclıq qurtardıqdan sonra, “Əvram arvadı və sahib olduğu bütün şeylərlə birgə Misirdən çıxıb, Negev torpağına [Yəhudi dağlarının cənubundakı quraq əraziyə] getdi. Lut da onunla idi. Əvramın çoxlu mal-qarası və qızıl-gümüşü vardı” (Yaradılış 13:1, 2, MKŞ). Yerli sakinlərin nöqteyi-nəzərincə Əvram güclü və nüfuzlu adam, böyük ağa idi (Yaradılış 23:6, MKŞ). Əvram kən’anlılar arasında məskən salmaq və onların əməllərinə qoşulmaq niyyətində deyildi. “Negevdən çıxıb, bir yerdən o biri yerə keçərək Beyt-Elə tərəf, Beyt-Ellə Əy şəhəri arasında əvvəllər çadır qurduğu yerə getdi”. Həmişə olduğu kimi, Əvram hara getsə də, Yeqovaya etdiyi xidmətə üstünlük verirdi (Yaradılış 13:3, 4, MKŞ).
10. Əvramla Lutun çobanları arasında hansı çətinlik yarandı və nəyə görə bu problemi olduqca tez həll etmək lazım idi?
10 “Əvramla birlikdə olan Lutun da qoyun-keçisi, mal-qarası və çadırları vardı. Birlikdə yaşamaq üçün yer onlara darlıq edirdi, çünki onların malı çox idi və birgə qala bilməzdilər. Əvramın sürülərinin çobanları ilə Lutun sürülərinin çobanları arasında mübahisə oldu. O vaxt bu torpaqda Kən’anlılar və Pərizlilər yaşayırdılar” (Yaradılış 13:5—7, MKŞ). Əvramla Lutun sürülərinə su və otlaq yeri azlıq edirdi. Çobanlar arasında çəkişmə və narazılıq başlandı. Həqiqi Allaha ibadət edən kəslərə mübahisə etmək yaraşmırdı. Davam edən münaqişələr münasibətlərin tamamilə pozulmasına səbəb ola bilərdi. Bu cür vəziyyətdə Əvram necə davranacaqdır? Lutun atası öldükdən sonra Əvram onu öz ailəsinə qəbul etmiş, güman ki, doğma oğlu kimi böyütmüşdür. Əvram yaşca böyük olduğundan, məgər haqlı olaraq torpağın yaxşı hissəsini özünə götürə bilməzdimi?
11, 12. Əvram Luta hansı səxavətli təklifi etdi və Lutun seçimi nəyə görə hikmətli olmadı?
11 Lakin “Əvram Luta dedi: “[“Xahiş edirəm”, YD] qoy mənimlə sənin və çobanlarımla çobanların arasında mübahisə olmasın, çünki biz qohumuq. Bütün torpaqlar gözünün önündə deyilmi? [“Xahiş edirəm”, YD] get, məndən ayrıl; əgər sən sola getsən, mən sağa gedəcəyəm, sən sağa getsən, mən sola gedəcəyəm””. Beyt-Elin yanında, “Fələstinin ən gözəl seyr yerlərindən biri” adlanan ərazi vardır. Ehtimal ki, məhz həmin yerdən “Lut başını qaldırıb, Yordan çayının bütün ətrafını gördü; o vaxt bu yer Misir torpağı kimi bütünlüklə Soara qədər suvarılırdı və Rəbbin bağı kimi idi. Rəbb hələ Sodom və Homorranı məhv etməmişdi” (Yaradılış 13:8—10, MKŞ).
12 Müqəddəs Kitabda Lut “saleh” adlansa da, nədənsə bu dəfə Əvrama güzəştə getmədi və görünür ki, bir böyük kimi Əvramdan məsləhət almadı (2 Peter 2:7). “Lut özünə Yordan çayının bütün ətraf yerlərini seçdi; o, şərqə tərəf hərəkət etdi. Beləcə, onlar bir-birindən ayrıldılar. Əvram Kən’an torpağında qaldı, Lut isə ətraf şəhərlərdə yaşamağa başladı və Sodoma qədər öz çadırlarını qurdu” (Yaradılış 13:11, 12, MKŞ). Sodom zəngin şəhər idi və maddi cəhətdən çox xeyir gətirirdi (Hezekiel 16:49, 50). Lutun seçimi maddi firavanlıq məsələsində hikmətli olsa da, ruhani məsələdə pis idi. Nə üçün? Çünki Yaradılış 13:13 ayəsində deyildiyi kimi, “Sodomun əhalisi çox pozğun idi və Rəbbə qarşı çoxlu günah edirdi” (MKŞ). Lutun orada sakin olmaq qərarı, nəticədə onun ailəsinə çox bəlalar gətirdi.
13. Əvramın nümunəsi, olsun ki, pul üstündə mübahisəsi düşən məsihçilərə nədə faydalıdır?
13 Əvram isə, nəhayətdə onun zürriyyətinin bütün yer üzünə sahib olacağı barədə Yeqovanın verdiyi və’də inanırdı və bir parça torpaq üçün mübahisə etmədi. O, sonralar 1 Korinflilərə 10:24-cü ayəsində yazılan “hər kəs özünün mənfəətini deyil, başqasınınkını axtarsın”, prinsipə müvafiq olaraq, comərdliklə davrandı. Bu, olsun ki, həmimanlıları ilə pul üstündə mübahisəsi düşən kəslər üçün gözəl xatırlatmadır. Bə’ziləri, Matta 18:15—17 ayələrindəki məsləhətə riayət etmək əvəzinə, həmimanlılarını məhkəməyə verirlər (1 Korinflilərə 6:1, 7). Əvramın nümunəsi göstərir ki, zərər çəkmək Yeqovanın adını rüsvay etməkdən və ya məsihçi yığıncağında əmin-amanlığı pozmaqdan yaxşıdır (Yaqub 3:18).
14. Comərdliyinə görə Əvramı hansı xeyir-dua gözləyirdi?
14 Əvramın comərdliyi mükafatsız qala bilməzdi. Allah ona dedi: “Nəslini yerin tozu qədər çoxaldacağam; əgər bir nəfər yerin tozunu saya bilərsə, sənin nəslini də saya bilər”. Bu vəhy, övladsız Əvramı necə də ruhlandırdı! Sonra Allah buyurdu: “Qalx, bu torpağı uzununa və eninə dolaş, çünki Mən onu sənə verirəm” (Yaradılış 13:16, 17, MKŞ). Xeyr, yaşayışın daha rahat olduğu bir şəhərdə Əvram çox qalmalı deyildi. O, kən’anlılardan uzaq olmalı idi. Bu gün məsihçilər də bu dünyadan uzaq durmalıdırlar. Məsihçilər özlərini başqalarından üstün sanmırlar, ancaq onları Müqəddəs Kitab prinsipinə zidd əməllərə cəlb edən kəslərlə çox yaxın münasibət yaratmırlar (1 Peter 4:3, 4).
15. a) Əvramın səyahəti hansı mə’nanı kəsb edə bilərdi? b) Əvram müasir məsihçi ailələrinə hansı nümunəni verdi?
15 Müqəddəs Kitab dövrlərində, bir adam müəyyən əraziyə sahib olmazdan qabaq həmin yerə baxmaq ixtiyarına malik idi. Buna görə də, Əvramın səyahəti, günlərin birində bu diyarın bütünlüklə onun nəslinə məxsus olacağını ona daima xatırlada bilərdi. Yeqovaya tabe olaraq “Əvram çadırını götürdü və gəlib Xevronda olan Məmre palıdının yanında məskən saldı; o burada Rəbbə bir qurbangah düzəltdi” (Yaradılış 13:18, MKŞ). Əvram, Yeqovaya ibadətin həyatında ən mühüm yer tutduğunu bir daha göstərdi. Ailəvi öyrənməyə, ailə ilə birgə dua etməyə və yığıncaqlara getməyə sizin ailədə də üstünlük verilirmi?
Düşmənlərin hücumu
16. a) Təkvin 14:1 ayəsindəki sözlər nəyə görə hədələyici səslənir? b) Dörd şərq padşahının hücumuna səbəb nə oldu?
16 “Şinar padşahı Amrafelin, Ellasar padşahı Aryokun, Elamc padşahı Kedorlaomerin və Goyim padşahı Tidalın günlərində elə oldu ki, bunlar... müharibə etdilər”. Buradakı (“günlərində elə oldu ki...”) ifadələri qədim İbrani dilində hədələyici tərzdə səslənir və “xeyir-dualarla qurtaran sınaqlar dövrünə” işarə edir (Təkvin 14:1, 2). Sınaq, bu dörd şərq padşahının öz orduları ilə Kən’ana viranedici hücumu zaman başladı. Onların məqsədləri nə idi? Məqsəd, beş şəhərin — Sodom, Homorra, Ədma, Səvoim və Bela şəhərlərinin üsyanını yatırmaq idi. Bu padşahlar, müqaviməti sarsıtdıqdan sonra, “Duzlu dəniz adlanan Siddim vadisində öz qoşunlarını birləşdirdilər”. Lut ailəsi ilə həmin ərazinin yaxınlığında yaşayırdı (Yaradılış 14:3—7, MKŞ).
17. Lutun əsir alınması nəyə görə Əvram üçün iman sınağı idi?
17 Kən’an padşahları işğalçılara sərt müqavimət göstərsələr də, alçaldıcı məğlubiyyətə uğradılar. “Qaliblər Sodom və Homorranın bütün malını və azuqəsini götürüb getdilər. Əvramın qardaşı oğlu Lutu və onun malını da özləri ilə apardılar, çünki o da Sodomda yaşayırdı”. Bu dəhşətli hadisələr haqqındakı xəbər tezliklə Əvrama çatdı: “Döyüşdən sağ qurtaran bir nəfər gəlib, İbrani Əvrama bunu xəbər verdi. O, Eşkolun və Anerin qardaşı Əmorlu Məmrenin palıdının yanında yaşayırdı; onlar Əvramın müttəfiqləri idi. Əvram qohumu Lutun əsir alındığını” eşitdi (Yaradılış 14:8—14, MKŞ). Bu, doğrudan da imanın sınağı idi! Əvram, qardaşı oğluna, onun ən yaxşı torpaqlarda məskən saldığını xatırladacaqmı? Həmçinin xatırlayaq ki, işğalçılar Əvramın vətəni Şinardan gəlmişdilər. Onlara qarşı vuruşmaq, nə vaxtsa vətənə qayıtmağın bütün imkanlarından özünü məhrum etmək demək idi. Bundan başqa, birləşmiş Kən’an ordularının bacara bilmədikləri orduya qarşı Əvram nə edə bilərdi?
18, 19. a) Nəyə görə Əvram Lutu xilas edə bildi? b) Bu qələbə kimin sayəsində mümkün oldu?
18 Əvram yenə də tamamilə Yeqovaya bel bağladı. O, “evində doğulmuş üç yüz on səkkiz nökərini götürüb, düşmənləri Dana qədər tə’qib etdi. Özü və nökərləri gecə vaxtı dəstələrə bölünüb, onları qırdılar və sağ qalanları Dəməşqin sol tərəfində olan Xovaya qədər tə’qib etdilər. Əvram qarət olunmuş bütün malları, qardaşı oğlu Lutu və onun malını, həmçinin qadınları və camaatı geri qaytardı” (Yaradılış 14:14—16, MKŞ). Yeqovaya möhkəm iman təzahür etdirərək, Əvram özünün kiçik ordusu ilə qələbə qazandı və Lutu ailəsilə birlikdə xilas etdi. Əvram, Məlkisedeqlə elə həmin vaxt görüşdü. “Salem padşahı Məlkisedeq çörək və şərab gətirdi; o, Allah-Təalanın kahini idi. Məlkisedeq Əvrama xeyir-dua verib dedi: “Göyün və yerin sahibi Allah-Təala Əvrama xeyir-dua versin. Düşmənlərini sənə təslim edən Allah-Təalaya şükür olsun”. Əvram bütün qənimətin onda birini Məlkisedeqə verdi” (Yaradılış 14:18—20, MKŞ).
19 Bəli, qələbə Yeqovaya məxsus idi. Əvram imanına görə yenə Yeqova tərəfindən xilas olundu. Bu gün Allahın xalqı, insanların apardıqları müharibələrdə iştirak etməsə də, çoxlu çətinlik və sınaqlarla toqquşur. Bunların öhdəsindən gəlməkdə Əvramın nümunəsinin bizə necə kömək edə biləcəyini növbəti məqalədən öyrənəcəyik.
[Haşiyələr]
a Yeqovanın Şahidləri tərəfindən ingilis dilində nəşr olunan, “Müqəddəs Yazıların dərk edilməsi” əsərində deyilir ki, “qədim bir papirus üzərindəki yazıda, gözəl qadını ələ keçirməyi, onun ərini isə öldürməyi əmr edən fir’ondan bəhs olunur”. Deməli, Əvramın ehtiyat etməsi şişirtmə deyildi.
b Sonradan Əvramın kənizi olan Həcər, ehtimal ki, həmin vaxt ona bəxş edilən cariyələr arasında olmuşdu (Təkvin 16:1).
c Bir zamanlar tənqidçilər iddia edirdilər ki, Elam heç vaxt Şinarda belə nüfuza malik olmamışdı və Kedorlaomerin hücumu haqqındakı mə’lumat yalandır. Müqəddəs Kitab mə’lumatını təsdiq edən arxeoloji sübutların müzakirəsinə “Gözətçi Qülləsi”nin 1989-cu il, 1 dekabr nömrəsinin 4—7-ci səhifələrində baxın (rusca).
Diqqət yetirdinizmi?
• Kən’andakı aclıq Əvram üçün nəyə görə iman sınağına çevrildi?
• Əvramla Sarəy müasir ərlərə və arvadlara nədə gözəl nümunə verdilər?
• Əvramın öz qulluqçuları ilə Lutun qulluqçuları arasındakı mübahisəni həll etməsindən biz nə öyrənə bilərik?
[14-cü səhifədəki şəkil]
Əvram öz hüququnu müdafiə etmədi, amma Lutun mənfəətini özününkündən üstün tutdu.