Yehovanın Kəlamı canlıdır
«Süleymanın məsəlləri» kitabından diqqətəlayiq fikirlər
QƏDİM İsrailin padşahı Süleyman «üç min məsəl söyləmişdi» (1 Padşahlar 4:32). Bəs onun müdrik sözləri bizim zəmanəyədək çatıbmı? Bəli. Yazılışı eramızdan əvvəl 717-ci ildə bitmiş «Süleymanın məsəlləri» kitabında müdrik padşahın məsəllərinin böyük bir qismi toplanmışdır. Kitabın sonuncu iki fəsli Yaqe oğlu Aqura və Lemuel padşaha aid edilir. Bə’ziləri zənn edirlər ki, Lemuel Süleymanın başqa adıdır.
Allah tərəfindən ilhamlanmış «Süleymanın məsəlləri» kitabı iki məqsədə xidmət edir. Bu kitab oxucunu ‘hikmət və tərbiyə’ qazanmağa təşviq edir (Süleymanın məsəlləri 1:2). Oradakı müdrik sözlərin köməkliyi ilə biz hikmət qazanır, yə’ni baş verən hadisələrin məğzini dərk edib, problemlərin həllində bilikdən istifadə etməyi öyrənirik. Biz həm də əxlaqi cəhətdən tərbiyə alırıq. Bu məsəllərin üzərində dərindən düşünüb, oradakı tövsiyələrə əməl etmək ürəyimizə tə’sir göstərir, bizi daha sevincli və uğurlu edir (İbranilərə 4:12).
‘HİKMƏTİ QAZAN, TƏRBİYƏYƏ BAĞLAN’
(Süleymanın məsəlləri 1:1–9:18)
Süleyman deyir: «Hikmət bayırda ucadan çağırır» (Süleymanın məsəlləri 1:20). Nəyə görə biz onun uca və aydın səsinə qulaq asmalıyıq? İkinci fəsildə hikmətin dəyərindən danışılır. Üçüncü fəsildə Yehova ilə yaxın münasibət qurmaqdan bəhs edilir. Süleyman davam edir: «Hikmət hər şeydən üstündür, gərək onu qazanasan, idraka sahib olmaq üçün var-yoxunu verəsən. Aldığın tərbiyəyə bağlan, ayrılma» (Süleymanın məsəlləri 4:7, 13).
Bu gün adi hala çevrilmiş əxlaqsızlığın qurbanı olmamağa bizə nə kömək edə bilər? Süleymanın məsəllərinin beşinci fəsli dərrakəli olmağı, dünyanın aldadıcı olduğunu unutmamağı və əxlaqsızlığın acı nəticələri haqqında düşünməyi tövsiyə edir. Növbəti fəsildə Yehova ilə münasibətlərə təhlükə yaradan əməllərə və ürəyin pis niyyətlərinə qarşı xəbərdarlıq yazılıb. Yeddinci fəsildə əxlaqsız adamların hiylələri ifşa edilir. Səkkizinci fəsildə hikmətin dəyərindən və gözəlliyindən danışılır. Doqquzuncu fəsil, özündən əvvəlki fəsillərə yekun vuraraq oxucunu hikmətə yiyələnməyə təşviq edən maraqlı bir əyani misaldır.
Müqəddəs Kitab suallarına cavablar:
1:7; 9:10 — Yehova qarşısında qorxu hansı mə’nada ‘bilik mənbəyi’ və «hikmətin başlanğıcıdır»? Yehova qarşısında qorxu olmadan bilik qazanmaq mümkün deyil, çünki O, Yaradan və Müqəddəs Yazıların Müəllifidir (Romalılara 1:20; 2 Timoteyə 3:16, 17). Allah bütün doğru biliyin Mənbəyidir. Beləliklə bilik, Yehova Allah qarşısında ehtiram dolu qorxudan başlayır. Allah qorxusu həm də hikmətin başlanğıcıdır, çünki biliksiz hikmət olmur. Allahdan qorxmayan adam, nə qədər bilikli olsa da, öz biliyi ilə Yaradanını şərəfləndirməyəcək.
5:3, YD — Nəyə görə fahişə ‘yad qadın’ adlandırılır? Süleymanın məsəlləri 2:16, 17 ayələrində deyilir ki, yad arvad [«qadın», YD] «Allahın əhdini unudub». İsraildə yalan tanrılara ibadət edənləri və Musanın qanununu saymayanları, o cümlədən də fahişələri yad adlandırırdılar (Yeremya 2:25; 3:13).
7:1, 2 — ‘Sözlərim’ və ‘əmrlərim’ nəyi bildirir? Buraya Müqəddəs Kitab tə’limlərindən əlavə, valideynlərin ailənin xeyri üçün qoyduğu qaydalar da daxildir. Uşaqlar valideynlərindən öyrəndikləri Müqəddəs Kitab tə’limləri ilə bərabər, bu qaydalara da əməl etməlidirlər.
8:30 — «Me’mar» kimdir? Bu fəsildə hikmət özünü me’mar adlandırır. Hikmət kimi mücərrəd anlayışın özünə insana xas keyfiyyətlər verməsi ədəbi ifadə vasitəsi olmaqla yanaşı, Allahın ilkin Oğlu İsa Məsihin insan kimi doğulmazdan əvvəl yaşadığı həyat formasının təcəssümüdür. İsa yer üzünə gəlməzdən əvvəl ‘Rəbb Öz yolunun başlanğıcında ona malik olmuşdu’ (Süleymanın məsəlləri 8:22). Atası hər şeyi yaradarkən İsa «me’mar» kimi Onunla birlikdə çalışırdı (Koloslulara 1:15-17).
9:17 — «Oğurluq su şirin olar» ifadəsi nə deməkdir? Müqəddəs Kitab ərlə arvad arasındakı yaxınlığı quyudan çəkilmiş sərin suya bənzədir. Gizlində törədilən əxlaqsızlıq isə oğurluq suya bənzədilir (Süleymanın məsəlləri 5:15-17). Belə əlaqəni ört-bastır etməklə cəza almayacağını düşünən adama «oğurluq su» daha da şirin görünür.
Bizim üçün ibrət dərsləri:
1:10-14. Günahlı adamlar var-dövlət və’di ilə bizi yoldan çıxarmasınlar deyə özümüzü qorumalıyıq.
3:3. Biz xeyirxahlıqla sədaqəti yüksək qiymətləndirməliyik, qiymətli boyunbağını boynumuza taxdığımız kimi onları də daima təzahür etdirməliyik. Biz həm də bu keyfiyyətləri ürəyimizə yazıb, şəxsiyyətimizin ayrılmaz hissəsi etməliyik.
4:18. Allah haqqında bilik daima artır. Bu işıqlı yolda qalmaq üçün həlim və təvazökar olmalıyıq.
5:8. Musiqi, əyləncə, internet, kitab və jurnallar vasitəsilə təbliğ edilən hər növ əxlaqsızlıqdan uzaq durmalıyıq.
5:21. Yehovanı sevən insan bir neçə anlıq fiziki həzzə görə Allahla münasibətlərini heç bada verərmi? Sözsüz ki, yox! Yehova atdığımız hər addımı görür və biz əvvəl-axır Onun qarşısında cavab verəcəyik. Əgər bunu dərk ediriksə, əxlaqi təmizliyimizi qoruya biləcəyik.
6:1-5. Bu ayələrdən görünür ki, başqalarına ‘zamin durmaq’ və ya onların maliyyə öhdəliklərini öz üzərinə götürmək heç də ağıllı iş deyil. Dərindən fikirləşəndən sonra bu işə tələm-tələsik baş qoşduğumuzu anlayırıqsa, onda həmin adama «yalvar-yaxar» etməli, vəziyyəti düzəltmək üçün əlimizdən gələni etməliyik.
6:16-19. Sadalanan yeddi ‘şeyə’, demək olar ki, hər cür pis əməl daxildir. Biz gərək pisliyə nifrət edək.
6:20-24. Uşaq balaca yaşlarından Müqəddəs Kitaba əsasən tərbiyə edilirsə, o özünü cinsi əxlaqsızlıqdan qoruya biləcək. Valideynlər uşaqlarının tərbiyəsinin bu tərəfinə biganə yanaşmamalıdırlar.
7:4. Hikmət və idrakı ürəkdən sevməliyik.
MƏSƏLLƏR BİZİM BƏLƏDÇİMİZDİR
(Süleymanın məsəlləri 10:1–29:27)
Kitabın qalan hissəsi Süleymanın söylədiyi yığcam fikirli deyimlərdən ibarətdir. Əsasən müqayisə, tutuşdurma, təzadla ifadə olunan fikirlər vasitəsilə oxuculara davranış, nitq və ürəyin niyyətləri ilə bağlı mühüm dərslər aşılanır.
10-cudan 24-cü fəsillərədək Yehova Allaha qarşı ehtiram dolu qorxunun dəyəri vurğulanır. 25-dən 29-a qədər fəsillərdəki məsəllərin üzünü ‘Yəhuda padşahı Xizqiyanın adamları köçürmüşlər’ (Süleymanın məsəlləri 25:1). Bu məsəllər Yehovaya güvənməyi öyrədir və oxuculara başqa dəyərli məsləhətlər verir.
Müqəddəs Kitab suallarına cavablar:
10:6 — «Şər adamın dili zorakılığı gizli saxlar» ifadəsi nə deməkdir? Bu ayənin bir mə’nası odur ki, şər adam şirin dilinə salıb, kiməsə xətər yetirmək istədiyini başqalarından gizlədir. Digər mə’nası: şər adamı adətən heç kim sevmir, buna görə də qarşılaşdığı ədavət onu susmağa məcbur edir.
10:10 — «Göz vuran» hansı mə’nada başa bəla açır? «Yaramaz adam» həqiqi niyyətlərini gizlətmək üçün həm ‘əyri danışığa’ əl atır, həm də him-cimdən, qaş-gözdən istifadə edir (Süleymanın məsəlləri 6:12, 13). Belə adamların toruna düşənlərə bu cür yalan ürəkağrısı gətirir.
10:29 — ‘Rəbbin yolu’ nədir? Burada söhbət düzgün həyat tərzindən yox, Yehovanın bəşəriyyətlə rəftarından gedir. «Rəbbin yolu» qüsursuz adamlara təhlükəsizlik gətirir, zalımları isə məhvə düçar edir.
12:23 — ‘Bildiyimizi özümüz üçün’ necə ‘saxlamaq’ olar? Bu o demək deyil ki, biz öyrəndiyimiz şeyləri heç kəslə bölüşməməliyik. Bu ayədə biliyi lovğa-lovğa hamının gözünə çarpdırmamaq, əksinə, onu təvazökarlıqla büruzə vermək nəzərdə tutulur.
18:19 — Hansı mə’nada «incik qardaşın könlünü almaq qalalı şəhəri almaqdan daha çətindir»? Mühasirəyə alınmış güclü şəhər kimi, incik qardaş da, ola bilər heç cür barışmaq istəməsin. Təqsiri olan qardaşla incimiş qardaşın arasındakı anlaşılmazlıq ‘qapısı cəftəli qala kimi’ möhkəm ola bilər.
Bizim üçün ibrət dərsləri:
10:11-14. Sözlə başqalarını ruhlandırmaq istəyiriksə, beynimizi dəqiq biliklə doldurmalı, ürəyimizdə məhəbbət hökm sürməli, dilimizdən hikmət tökülməlidir.
10:19; 12:18; 13:3; 15:28; 17:28. Düşünülmədən deyilən sözlər və uzunçuluq yaxşı deyil.
11:1; 16:11; 20:10, 23. Yehova işimizdə düzgün olmağımızı istəyir.
11:4. Var-dövlət dalınca qaçaraq şəxsi Müqəddəs Kitab öyrənməsinə, görüşlərə, duaya və təbliğ xidmətinə laqeyd münasibət bəsləyənlər ağılsızlıq edirlər.
13:4. Yığıncaqda üzərinə məs’uliyyət götürməyi və ya yeni dünyada yaşamağı sadəcə ‘arzu’ etmək kifayət deyil. Biz həm də çalışqan olmalı və bunlara layiq görülmək üçün əlimizdən gələni etməliyik.
13:24; 29:15, 21. Övladını sevən valideyn, onu ərköyün böyütməyəcək, səhvlərinə barmaqarası baxmayacaq. Səhvlər uşağın ürəyində kök salmamış valideynlər ölçü götürüb onları kənar etməlidirlər.
14:10. Daxilimizdəki hissləri həmişə açıq-aydın ifadə etmək olmur, ətrafdakılar da çox zaman bizi axıra qədər başa düşmürlər. Buna görə də onlar bizə tam təsəlli verə bilməzlər. Elə çətinliklər var ki, onlara yalnız Yehova Allaha güvənməklə tab gətirməliyik.
15:7. Əkinçi torbadakı toxumu bir yerə atmadığı kimi, biz də bildiklərimizin hamısını bir dəfəyə adama danışmamalıyıq. Müdrik adam biliyini lazım olan yerdə xırda-xırda səpir.
15:15; 18:14. Nikbin əhval-ruhiyyə ən çətin anlarda belə sevinc tapmağımıza kömək edəcək.
17:24. Gözlərini mühüm şeylərdən çəkib ora-bura baxan ‘axmaqdan’ fərqli olaraq, biz anlayışı axtarmalıyıq. Anlayış hikmətlə hərəkət etməyimizə kömək edəcək.
23:6-8. Gəlin saxta qonaqpərvər olmayaq.
27:21. Tə’rif bizim daxilimizi üzə çıxarır. Əgər tə’rifdən sonra biz Yehovanın qarşısında borclu olduğumuzu daha dərindən dərk edib, xidmətimizi davam etdirməyə qətiyyətliyiksə, onda demək biz təvazökarıq. Yox əgər tə’rifdən sonra özümüzü hamıdan üstün hiss ediriksə, deməli, təvazökarlığın üzərində hələ işləmək lazımdır.
27:23-27. Çoban həyatını təsvir edən bu məsəllər, öz alın təri ilə qazandığı çörəyi yeyib sadə həyat sürməyin dəyərini vurğulayır. Bu məsəllər bizə Allaha e’tibar etməyi öyrədira.
28:5, KM. Əgər Müqəddəs Kitabı öyrənməklə və dua vasitəsilə Yehovanı axtarırıqsa, onda Ona məqbul şəkildə xidmət etmək üçün «hər şeyi» başa düşəcəyik.
‘KƏLAMLAR’
(Süleymanın məsəlləri 30:1–31:31)
«Süleymanın məsəlləri» kitabı iki ‘kəlamla’ sona yetir (Süleymanın məsəlləri 30:1; 31:1). Aqur, insanı düşündürən müqayisələr vasitəsilə tamahkar adamın gözünün heç vaxt doymadığından, təmiz qızları yoldan çıxaran şorgözün əməllərinin gizliliyindən söz açırb. Bu məsəllərdə, həmçinin qəzəbli danışıq və lovğalığa qarşı xəbərdarlıq edilir.
Lemuelin anasından aldığı kəlamda şərab və kefləndirici içkilərlə, o cümlədən, ədalətli hökmlə bağlı məsləhətlər tapmaq olar. Yaxşı arvad haqqındakı məsəllər bu sözlərlə sona çatır: «Ona əlinin bəhrəsini verin, qoy... əməlləri ona tə’rif gətirsin» (Süleymanın məsəlləri 31:31).
Hikmət qazan, öyüdləri qəbul et, Allahdan qorx, Yehovaya güvən. Allah tərəfindən ilhamlanmış bu məsəllər nə qədər dəyərlidir! Gəlin oradakı məsləhətlərə yubanmadan həyatımızda əməl edək. Yalnız o zaman biz ‘Rəbdən qorxan’ adamın nə qədər xoşbəxt olduğunu başa düşəcəyik (Məzmur 112:1).
[Haşiyələr]
a «Gözətçi Qülləsi»nin 1991-ci il, 1 avqust sayının, 31-ci səhifəsindəki məqaləyə baxın (rus.).
b «Gözətçi Qülləsi»nin 1992-ci il, 1 iyul sayının 31-ci səhifəsindəki məqaləyə baxın (rus.).
[8-ci səhifədəki şəkillər]
Yehova hər cür həqiqi biliyin Mənbəyidir.
[10-cu səhifədəki şəkil]
‘Biliyi səpmək’ nə deməkdir?